Zəhərli eşq...
Müəllif: Meyxoş Abdullah


11.02.2021


(hekayə)


- Əzizim, sənə deməmişəmmi gecə vaxtı mənə zəng vurma? Bilirsən ki, gecələr evdə, ailə, uşağımın yanında oluram. Evdəkiləri....
Telefondakı qadın onun sözünü ağzında qoydu:
- Neynim bəs? Ürəyim səni istəyir, dözə bilmirəm, axı. Dil-dilə gələndə deyirsən ki, səni hamıdan çox istəyirəm, nə bilim ölürəm sənin dərdindən, dəli-divanəyəm. İndi də deyirsən evdəyəm, ailəmin yanındayam. Mənə nə var e, ailənin yanındasan. Əslinə qalsa, səni o gözəlçənə, elə o, gizgəbaş arvadına qısqanıram da.
Kişi udquna-udquna:
- Əzizim, canım-gözüm, axı, bir az bundan qabaq səninlə danışmışıq, bir az səbrin olsun da. Bütün günü yanındayam, heç olmasa qoy, gecələr evimdə rahat olum.
Qadın:
- Məgər, özümdən aslıdır?! Darıxıram da. Bəs, sən darıxmırsan? Düzünü de, əzizim, bəlkə sən darıxmırsan? De də, ürəyim, bəlkə sən məni heç düşünmürsən, sevmirsən? Ölərəm sənin üçün, de də, nolar...
- Dəlisən e... Niyə darıxmıram, ay qız, canım çıxır e səndən ötrü.
- Onda bəs, niyə görə zəng vurmursan? Yarım saatdır gözləyirəm, niyə, niyə mənə zəng vurmursan? Niyə mənim telefonumu açmırsan? Yəqin arvadınla qucaqlaşıb yatmısınız, hə? Düzünü de, yatmışdınız?!
- Nə yatmaq, canım. Saat neçədi ki?! Bu vaxt yatmaq olar? Sənə dedim axı evdəyəm, zəng vura bilmirəm. Qoy, bu zəhrimara qalmış səhər açılsın, nə qədər istəyirsən danışarıq da. Evdə mümkün deyil, başa düşürsən? Nə qədər yalan danışmaq olar. Gah, deyirəm zəng vuran iş yoldaşımdır, gah deyirəm qırılmış qohumlarımdandır, gah da deyirəm ki, səhv düşüblər. İnan, daha elə yalan qalmayıb ki, uydurmayım.
Telefondakı səs yumuşaldı:
- Daha niyə hirslənirsən? Birdə ki, yalan niyə danışırsan? De ki, zəng vuran aşkımdır, canımdır, ürəyimdir. De də, kişi deyilsən, nədən qorxursan? Nə vaxta qədər cik-cik oynayacağıq. Mən ərimə hamısını demişəm. Demişəm ki, bir də mənə böhtan desən, səni atıb gedəcəm. Sən də de də, niyə çəkinirsən, nədən qorxursan?
- Dəli olmusan, adam da belə söz deyər? Dəlinin biri dəli.
- Düz deyirsən, mən dəliyəm, özü də sənin dəlin. Bax, sənə deyirəm, məni dəlilikdən ayıltma, ayıltdın, səni atacağam.
Kişi əsnəyərək:
- Aazz, sən mənim canım, daha bəsdir, soyuq kəsdi məni. Alt paltarda, girib oturmuşam burda.
- Harda?
-Ayaqyolunda...
- Harada?!
- Aazz, dedim ki, tualetdə. Bayaqdan girib oturmuşam burada. Evdəkilər səsimi eşitməsinlər deyə, suyu da açıq qoymuşam. Bilirsən nə qədər su pulu yazıb, bu kasıb vaxtımda.
- Caan. Ürəyim qurban olsun, sənin o soyuqdan dönan canına. Axı, yanımda olsanydın bu çat-çat olmuş dodaqlarımla, içimi yandıran bu od nəfəsimlə səni necədə isidərdim. Vallah, qəlbinə dəyməsin, sən lap axmaqın birisisən. Nə görmüsən e, o qıçı-qıçına dolaşan ələngə arvadında. Nə vidi var, nə də füqurası, saçları oxlu kirpinin tikanlarına oxşayır. Kirpibaş arvadı var kişinin, deyə qadın qəh-qəhə çəkib güldü..
-Səfehləmə, sənə neçə dəfə demişəm ki, onun barəsində belə danışma. O mənim uşaqlarımın anasııdır, bizim kimi avaragör deyil.
- Pahh... Yaxşı-yaxşı, kefinə dəyməsin, bir də demərəm. Amma bir gözmuncuğundan-zaddan al, as onun yaxasından ki, o qıyıq, əyri burnuna göz dəyməsin, - deyə qadın yenə də uğunub getdi.
- Yenə başladın? - deyə kişi acıqlandı.
- Qurtardım, əzizim, qurtardım. Sən mənim canım, de görüm, doğurdan, tualetdəsən?

Gözlə, yenə də telefonunu salmayasan unutazın içinə, - deyə qadın bərkdən güldü.
- Sən zarafat et, - deyə kişi əsəbləşən kimi oldu. Üç ədəd telefon salmışam e, unitazın içinə.
- Ha...ha... Qadın bərkdən güldü. Demək, o gün səninlə danışanda birdən səsin kəsildi, mən də öz-özümə çığırıb-bağırıram ki, sən niyə mənə cavab vermirsən. Sən demə, telefonun kanalizasiyaya düşübmüş. Ha...ha..ha... - Caaan. Qurban olaram e sənə. Allah məni öldürsün, gör sənin başına nə oyunlar açıram. Neynək, bu dəfə görüşəndə əvəzini çıxaram. Başa düşdüm, sənə qurban, daha bundan sonra gecələr sənə zəng vurmayacağam.
- Aaaz, ürəyim qurban, zəng vur e, amma bu vaxtlar zəng vurma.
Qadın nazlandı:
- Onda, ismarıc yaz, heç olmasa, darıxmayım.
- Oldu, sənə qurban, yazaram, gecən xeyirə qalsın.
- Gözləyəcəyəm ha... yazmasan, bax, yenə zəng vuracam.
- Hə, hə... oldu, yazaram. Öpürəm səni, ağıllım, istirahət elə mən də çıxım buradan, uşaqlar dağıtdılar evi.
- Yaz ha, gözləyəcəyəm, pişiyim.
- Yazaram...
- Onda bir dəfə öpürəm səni, de... - deyə qadın nazlandı.
- Hə, öpdüm...
- Bir dəfə də de... – deyə, qadın əl çəkmədi.
- Hə, öpürəm... öpürəm... öpürəmmmm... – deyə kişi hirsindən xırıldadı.
Telefon susdu.
- Vay, sənin zatuva lənət, qız olanda, bəsdir də ürəyim sıxıldı ki, burada – deyə Zeyqəm dodağının altında mızıldana-mızıldana ayaqyolundan çıxdı.
Ayaqyolunun qapısı az qaldı ki, Zeyqəmin arvadınn burnunu əzsin.
Arvadı soruşdu:
- A kişi, de görüm nə məsələdi?
- Nə olub ki?
- Səndən soruşuram, nə məsələdi işdən gələndən sonra dördüncü dəfədir ki, ayaqyoluna girib, qaxılıb qalmısan orada? Nə olub sənə?
- Soyuqlamışam.
- Ürəyindən?!- deyə, arvadı gülümsədi.
- Hə... Yox, az... gicsən, nədi, adam ürəyindən də soyuqlayar? Qarnımdan, qarnım ağrıyır.
- Qarnın ağrımır e, Zeyqəm, denən qarnımın qurdu var.
- Qurd nədir az, mən boyda adamda qurd olar, başın xarab olub, nədi?
- Olar, olar, niyə olmaz, özü də boyüyündən, iki ayaqlı, miniyubkalı, dodağı qırmızı qurdlar var ha, ondan. Oturub içində arada göz-qaş edib, dingildədir səni. Ona görə ayaqyolundan çıxmırsan, ay bədbəxt.
Zeyqəm tumanını batırmış uşaq kimi boynunun kökünə kimi qızardı. Handan-hana özünə gəlib:
- Səmayə, atamın göruna and olsun...
Arvadı onun sözünü ağzındaca qoydu:
- Ə, yekə kişisən, bir ləçərdən sarı o boyda kişinin göruna and içmə, zəhməti gözündən gələr sənin. Hamısından xəbərim var, elə bilirsən heç nə bilmirəm. İki-üç aydır sən özündə deyilsən, ay bədbəxt. Gecəni səhərə qədər o böyürü-bu böyürün üstə çevrilməkdən qotur itə dönmüsən. “Aşkım”, “mələyim”, “ürəyim qurban” sözlərini gecələr yuxuda sən deyirsən, ya mən? Vaxt vardı səhərlər üz-gözünü zorla yuduzdurardım sənə. Indi saat altıda durub soyuq duş qəbul edirsən, idmanla məşğul olursan. Üzünü hər gün lezvayla qaşımaqdan, padoşa döndərmisən. Həftədə iki dəfə alt tuman-göynəyini dəyişirsən. Görünüb gecə yatanda diş fırçalayarlar, sən isə işə gedəndə dişini şotkalayırsan. Vaxt vardı evə bir şüşə ətir aldıra bilmirdim sənə, deyirdin ətirin iyinə allergiyam var. İndi səhərlər işə gedəndə bir şüşə ətir boşaldırsan üstünə. Nədi, qurddamısan, çürümüsən?! Zeyqəm, adamın vicdanı olar, kişi xeylağısan, neynək, deyək ki, sən yolunu azmısan, buna görə allah gec-tez cəzanı verəcəkdir. Amma, bu qələti bacarmırsan eləmə də. Bunu mən niyə bilməliyəm? Pişik pişikliyi ilə öz zir-zibilinin üstünü elə ört-basdır edir ki, onu heç kəs görmür. Sənin pişik qədər də, fərasətin yoxdur. Iki-üç aydır sizin miyoltunuz aləmi başına götürübdü. Dişi pişik kimi, o oradan miyoldayır, sən də buradan. Gah, tualetə girirsən, gah hamama, gah da paltar şkafına başını soxub miyoldayırsan. Məni saymırsan, ər-arvadlığımıza hörmət qoymursan cəhənnəmə qoy, barı, balalarına yazığın gəlsin. O gün görürürəm yeddi yaşlı Murad, o balaca uşaq mətbəxdə qaşığı qoyub qulağına “aşkım”, “aşkım” - deyə-deyə o başa gedir, bubaşa gedir. Deyirəm, Murad, bala, ana qurban, nə edirsən, kiminlə danışırsan? Deyir, ana, atam dünən gecə balkonda telefonla danışanda kiməsə “aşkım, aşkım” deyirdi.
- Zeyqəm, biz sevgili olmuşuq, bilirsən? Yoxsa, bunu da danacaqsan? Hətta, mənim valideynlərim niyə görəsə məni sənə verməkdən boyun qaçırırdılar. Bunu da bilirsən. Amma bunlra baxmayaraq mən səni özümə həyat yoldaşı seçdim. Seçdim ona görə ki, səni sevirdim, səndən xoşum gəlirdi. Sən də mənim dərdimdən dəli-divanə idin, kaş olmayaydın, kaş, o günə qara daş düşəydi. Bəs, indi nə oldu? Məndə nə gördün, kimdən pisəm, haramda xora-yara var? Mən sənə nur topu kimi üç bala böyüdürəm, üstəlik ev işləri, dükan-bazar. Özüvə bir stəkan çay süzməyi də bacarmırsan, hələ üst-başını demirəm. Tüpürərəm sənə, bu ev-eşiyə balalarımı da götürüb gedərəm bu evdən. Amma bunu etmirəm, ona görə ki, bayaq sənə dedim valideynlərim razı deyildilər. Bu halımda onlar məni qəbul etməzlər, qalaram küçələrdə. Bilirsən də küçədə qalmaq nə deməkdir? Küçədə qalmaq, küçə qadını olmaq deməkdir, hər gecə bir kişinin qoynunda yatmaq deməkdir...
- Bəsdir! – deyə bayaqdan, qulaqlarını sallayaraq arvadına qulaq asan Zeyqəm bağırdı.
- Bəsdiri mənə demə, özünə de, ayıbdır. Eşitmişəm, o gözəlçənin də əri var. Bəs, onun əri nə deyir bu işlərə? Demir ki, ay arvad bu gecə vaxtı hara, kimə zəng vurursan? Neyləsin, o yazıq? Yalansa, yazıq ilan vursun onun ərini, yəqin o qədər ətiacı, deyingəndir ki, arvadı da canının dərdindən onun başına elə torba tikib ki, hayana fırlanırsa çıxara bilmir.
O gün qonşu arvad deyir ki, ərimin telefonuna “Azərsel”dən mesaj gəlib. Kişi hamamda olduğu üçün telefondakı mesajı oxuyub görürəm ki, yazılıb: - “Ürəyim qurban, gəlmirsən, darıxıram, axı?”
Qonşu deyir ki, götürüb mesaj gələn nömrəyə zəng vururam ki, görüm bu nədi belə, bu necə idarədi ki, vətəndaşlarla belə şirin danışırlar.
Zəng gedən kimi telefonun o biri başından: - Ay caaan, ölərəm səninçün! - deyən bir qadın səsi gəldi.
Qonşu deyir ki, cin vurdu başıma dişimin dibindən nə çıxdı dedim o arvada. Sonra da ərim hamamdan çıxan kimi götürüb telefonu çırpdım təpəsinə. Köpəyoğlu, – dedim, dolamısan məni, götürüb ləçərinin adını telefonuna “Azərsel” yazırsan?
- Sən nə yazmısan onun adını, “Baksel”, “Azərsel”, yoxsa “Nar”. Bəsdir, Zeyqəm, qurtar bu oyunu. Neçə müddətdir ki, mən bunu bilirdim, amma səbr edib gözləyirdim, gözləyirdim ki, özün bu yoldan çəkinəsən. Yadında saxla, istər qadın olsun, istərsə də kişi, onun “yan getdiyini” ailəsi hamıdan qabaq bilir. Dözəni dözür, dözməyəni də, allah bilir özü nə edir. Gəl, bu isti yuvamızı dağıtmayaq. Bu yuva dağılsa biz heç, balalarımızın taleyi necə olacaq, düşünürsənmi? Onların nə günahı var? Mən səni bu əməlinə görə nə vaxtsa bağışlaya da bilərəm. Düşünərəm ki, heç belə bir iş olmayıb, keçərəm günahından, unudaram hər şeyi. Amma bir şərtlə, elə bu dəqiqə götür telefonunu mənim yanımda o gözəlçənə zəng et, de ki, bu gündən hər şeyə son qoyuldu. – Götür, Zeyqəm, götür zəng et...
- Axı... bilirsən nə var?
- Heç axısı, maxısı yoxdur... heç nə bilmirəm, heç nə də məni maraqlandırmır. Götür, götür zəng vur, sözümü ona çatdır.
- Sabah deyərəm... mütləq deyərəm. Söz verirəm ki, sabah hər şeyə son qoyacam.
- Yox, Zeyqəm, bu gün, elə bu dəqiqə deməlisən.
Zeyqəm telefonu götürüb barmaqlarını rəqəmlərin üzərində gəzdirdi. Sonra arvadının üzünə baxıb yavaşca:
- Nə deyim?
- Denən ki, həyat yoldaşım səninlə danışmaq istəyir.
- Necə yəni həyat yoldaşım səninlə danışmaq istəyir? Nə deyəcəksən ona, nə barədə danışacaqsan Xalxın arvadıyla? - deyə Zeyqəm kəkələdi.
- Xalqın arvadıyla? Xalq nədir, ə? Bu “obutavoy arvaddır”.
- Gicdəmə, az. Dedim ki, yəni camaatın arvadıyla sənin nə işin var? – deyə Zeyqəm, çaşbaş qaldığından bilmirdi ki, nə danışsın.
- Hə, indi düzəltdin, camaatın arvadıyla. Düz deyirsən, belələrinə “camaatın arvadı” deyirlər.
- Mən də ona deyəcəyəm ki, bu “xalqın”, bu “camaatın”, bivec, axmaq kişisiylə az eşqbazlıq elə. Bu yaxşı kişi, yaxşı ər olsaydı, “xalq”, “camaaat” bunun təpəsinə dəysin, heç olmasa öz evinin, öz ailəsinin kişisi olardı. Day, gedib, sümsük itlər kimi orda-burda sümsünməzdi. – Hə, bir də ona deyəcəm ki, bu kişidən indiyə kimi mən bal tutmuşam, sən də gəl doşab tut. Onunla nə zəhərli eşqimiz barədə danışacağam. Deyəcəyəm ki, bu eşq mənim iyirmi beş illik həyatımı zəhərləyibdir. Hər gün bu zəhərdən dadıram, amma ölmürəm. Ölmürəm ona görə ki, balalarım var, onları sənin kimi bivec atanın ümidinə qoyub gedə bilmərəm.

- Bilirsən nə var, hiss edirəm ki, sən düzələn adama oxşamırsan. Niyə səninlə ömrümü çürütməliyəm e. Həmişə fikirləşmişəm ki, bir gün balalarımı götürüb bu evdən gedəcəyəm. Niyə mən getməliyəm? Niyə balalarım, özüm küçədə qalmalıyıq? Ən yaxşısı sən dur, cəhənnəm ol, bu evdən. Yığışdır zir-zibillərini tərk et bu evi. Biz sənə lazım olmadığımız kimi, sən də heç bizə lazım deyilsən. Get, hara istəyirsən, kiminlə istəyirsən yaşa. Mən səninlə xoşbəxt olmadım, get kimi istəyirsənsə, bundan sonra xoşbəxt et.
Səmayə paltar dolabının üstündəki iri çamadanı götürüb hirslə çarpayının üstə atdı və ərinin paltarlarını bir-bir çamadanın içinə yığmağa başladı...



5 dəfə oxundu
user profile image
Ceyhun Fikrət şərh etdi.
3 weeks ago

Sizə uğurlar. gözəl yazı idi.


Axtarış