Zəhmin hökmü
Müəllif: Mükafat Yaqub


2017-11-18 15:01:15


Mükafat Yaqub

ZƏHMİN HÖKMÜ

(Hekayə)


Təzə şoferi Səməd həyət darvazasını açdıqdan sonra yenidən maşına oturdu və həyətə sürüb, düz pılləkənin “ətəyində” saxladı.
Adəti idi, elə maşındaca ayağını birinci pilləyə qoyub dala baxmadan ağır bədənini çətinliklə çəkərək fısıldaya-fısıldaya eyvana qalxardı. Qapını açdıqdan sonra bir anlığa çönüb, ya “gedə bilərsən”, ya da ki, “hələ gözlə”, deyərdi. Səməd də “yüz ilin” intizarından sonra öz işini bilərdi.Bilirdi ki, pilləkanın başında onun bu günkü əməyinə qiymət veriləcək. Ona görə də tamarzı ilə öz hökmünü gözləyirdi. “Gedə bilərsən” deyəndə tez maşını dala verərək, darvazadan çıxarar və sevinə-sevinə evlərinə tələsərdi ki, şükür bu gün yaxşı qurtardı. Allah sabahdan gözləsin. İşdi-şayət, “hələ gözlə” deyilərdisə, vayını qılardı. Deməli, bu gün hansı hərəkətisə müdirin xoşuna gəlməyib, haradasa “səhvi” olub. Ürəyində onu lənətləyə-lənətləyə, söyə-söyə maşında oturub saatlarla mürgü vurar, nə vaxt çıxıb ona tapşırıq veriləcəyini gözlərdi. Müdiri haçandan-haçana çıxıb ona yüz cür tapşırıq verər, istədiyi yerə göndərərdi. Sonra isə “Maşını həyətdə qoyub gedərsən” deyərdi. Səməd də tapşırıqları yerinə yetirəndən sonra yenidən maşını onun həyətinə sürər, ordaca saxlayıb payi-piyada qəsəbənin o başına, - evlərinə gedərdi. Yolda nə qədər fikirləşərdisə bu günkü günahını, səhvini anlaya bilməzdi.Elə vaxt da olardı ki, səhər tezdən müdirin həyətinə girəndə maşını görməzdi. Arvadı çıxıb deyərdi ki, sən gec gəldin, o da sürüb getdi işə.Yenə də üç kilometr yolu piyada idarəyə lökküyərdi. Səməd bir ilə yaxın idi ki, Əlişovun şoferi idi. İşə girəndən sonra öyrənmişdi ki, Əlişov çox pis adamdır. Əvvəlki şoferini də şərləyib, böhtan ataraq tutdurub.
Əlbəttə ki, başına açılan oyunlardan Səməd təngə gəlmişdi. Ancaq hər dəfə söhbət açıb bu barədə müdirə öz narazılığını bildirəndə, mütləq həmin gün gecə yarıdan xeyli keçmiş evinə piyada gələrdi. İşdən çıxmaq Səməd üçün çətin deyildi. Çətini o idi ki, günlərlə kabinetlərin qəbul otağında gözləməli, çoxlu idarələrə dəxil düşməli, kimlərinsə qarşısında boyun buraraq, xeyli xərc tökdükdən sonra işə düzəlməli idi. Bunun üçünsə Səmədin nə o qədər xərci var idi, nə də vaxtı. On baş ailə ağzını açaraq onun əlinə baxırdı.Ailəsini dolandırmaq lazım idi. İndi də Əlişov yekə qarnını zorla çəkərək ağır yük götürən adamlar kimi hıqqıldaya-hıqqıldaya pilləkənləri qalxdıqca Səməd onun yoğun boynuna, yekədən-yekə budlarına baxaraq, böyük intizarla bu günkü hökmünü gözləyirdi.
Əlişov qapını açıb, bir ayağını astanadan içəri qoyaraq, geri boylandı.Ətli sifətinin zəhmi Səmədi bürüdü. Üzündən, boynundan axan təri siləndə zəhmi “gül kimi açdı,” – hələ gözlə, - dedi və porsuq yuvasına soxulub gözdən itən kimi, əjdaha bədəni qapının arxasında yox oldu.
“Fiso, qanım getdi, səhərə yaxın evə çıxsam, min şükür”, - deyə Səməd yumruğunu dizinə çırpdı, - “əclaf, elə bil ki, ilandı, kimi sancsa, zəhərindən o saat partdar...”
Bir saata qədər gözlədi. Nəhayət, qapı açılanda müdirin arvadı əlində zənbil astanada göründü.
-Axşam yeməyin qaz üstədi, kofeni də özün hazırlarsan,- deyib özünü maşının yumşaq oturacağına yıxdı və başını pəncərədən çıxararaq, - sabah axşam səni orada gözləyirik, - deyə əlavə etdi.
Əlişov zolaqlı pijamada eyvana çıxaraq qızına öz adından salam göndərdi. Sonra həlim səslə dedi ki, qıza deyərsən bu gün çox yorğun idi, gələ bilmədi.Sabah mütləq gələcək – və qapını örtdü.
Səməd müdirin arvadı oturan tərəfin qapısını çırpıb, sükanın arxasına keçmək istəyirdi ki, Əlişov yenidən ikinci mərtəbənin pəncərəsindən boylandı:
-Arvadı qızımgilə apar...Bax, nə lazımdı onlara kömək edərsən... Sonra maşını bura, - həyətə gətir,- deyə zəhmini Səmədin ürəyinə yeritdi. Kifir sifətini iyrənc təbəssümü ilə bulayaraq Səmədin üz-gözünə çilədi.
O, sifətini ovuşduraraq, sanki vurulan zərbələrdən üzünü qoruyurdu. Başı ilə “oldu” işarəsini verib maşını dal-dalı darvazadan çıxardı. Tələsik düşüb darvazanı bağladı və arxa oturacağa ani bir nəzər salıb sükanın arxasında oturdu. “Əclaf!”- deyə ürəyindən keçirdi, - indi bildim nəydi günahım, - hiddətlə maşını ət kombinatının qabağından keçən şose yoluna çıxarıb, sürəti artırdı. Kəndə tərəf sürdü: “Səhər ona dedim ki, maşını özün sürüb işə gedəndə bir şey olsa, məsuliyyət mənim boynuma düşür. Onda heç nə demədi, kinli dəvə, demək, indi əvəzini çıxır. Axx... ilan, zəhərli ilan...”

***

Ayaqlarını haçalayaraq yarıuzanmış halda ağır bədəni ilə yumşaq kresloya yayxanmışdı. Ləzzətli kofe yorğunluğunu çıxararaq ona şirin yuxu gətirirdi. Ancaq susuz idi, hələ bir, ya da iki fincan da qəhvə içəcəkdi, yekə qarnı əlini çaydana uzadaraq özü üçün qəhvə süzməyinə mane olurdu. Halını pozub dikəlməyə isə tənbəllik edirdi.
Otaq xarici mebellərlə dəbdəbəli surətdə bəzənmişdi. Hər tərəfdə səliqə-səhman gözə dəyirdi. Arvadı yadına düşdü. İndi onun qədrini bilməyə başladı. O, burada olsaydı qəhvə süzmək üçün dikəlmək lazım olmayacaqdı. Yeri indi hazır olardı. Soyunmağına da kömək edib, çarpayıya uzadacaq, min-bir nəvazişlə onu yuxuya verəcəkdi.
Otağın yuxarı başında, küncdə böyük ekranlı rəngli televizor qoyulmuşdu. Ekranı onun çarpayısına tərəf baxırdı. Xatırladı ki, muğamat konserti olacaq. Fikirləşdi ki, kofeni süzüb sonra televizoru yandırsın, yoxsa, televizoru cərəyana qoşandan sonra kofeni süzsün? Beləcə, bu düşüncələr arasında bir-neçə dəqiqə “çırpındı”. Qəti qərara gəldikdə ayaqlarını qoşalaşdırıb geri çəkdi. əllərini kreslonun yan tutacaqlarına qoyub oturdu. Qarnı şar kimi pırtlayıb şişdi. Düzbucaqlı vəziyyətdə oturmasına mane olduğundan əli çaydana çatmadı.Əllərini yenə yanlara dayaq verib, dodaqlarını bir-birinə möhkəm sıxdı. Ağır çəki qaldıran ştanqçılar kimi böyük çətinliklə ayağa durdu. Rəngi qaralmışdı, zəhmini oxşayırdı. Əyilib çaydan və fincanla yanaşı qoyduğu cib dəsmalını jurnal mizinin üstündən götürdü və tərini sildi. Dəsmalı yenə də mizin üstünə ataraq kofe süzdü, sonra isə gedib televizoru cərəyana qoşdu. Bir müddət televizorun qarşısında qalıb işıqlanmağını gözlədi. Televizor işıqlanıb, xanəndənın yanıqlı zənguləsi otağı bürüyəndə, ağır-ağır çəkələklərini sürüyərək eyvana çıxdı. Çöl qapısının cəftəsini vurduqdan sonra evə qayıtdı. Yerini açıb rahatladı, sonra gəlib kofeni birnəfəsə içdi. Təzəsini süzüb yenidən kresloya yayxandı. “Bayatı-Şiraz” muğamının həzin melodiyası onu məst eləyib, xumarlandırdı. Elə kresloda da yuxuya getdi.

***

Səməd darvazanı aşıb, maşını həyətə sürdü. Yenə də düz pilləkənin “ətəyində” saxladı. Yarım saata qədər eləcə maşında düşündü. Sonra qətiyyətlə çıxıb qapını çırpdı. Deyinə-deyinə pillələri iki-bir, üç-bir qalxaraq axıra qədər çıxdı və hiddətlə eyvanın qapısını döyməyə başladı. Hay verən olmadığını görüb müdirini öz adı ilə bərkdən çağırmağa başladı:
-Səfərəli, hay Səfərəli!..
O, gözlərini açıb yerindən tərpənmədən qulaq verdi. İlk dəfə idi ki, onun qapısı beləcə hiddətlə döyülürdü. İlk dəfə idi ki, onu hörmət və nəzakətlə “yoldaş Əlişov”, “Yoldaş müdir”, “Səfərəli müəllim” deyil, sadəcə olaraq atasının verdiyi “Səfərəli” adıyla çağırırdılar. Özü də gecənin bu vaxtı. Tamamilə ayıldıqdan sonra şoferini səsindən tanıdı. Yerindən tərpənməyə heyi yox idi. Ürəyi də möhkəm çırpınırdı. Elə bil ki, quş idi, pırıldayıb uşmaq istəyirdi. Boynu əyri qaldığından ağrıyırdı. Bədəni də soyumuşdu. Səhərəcən belə yatsaydı, mütləq xəstələnəcəkdi. Səmədin onu oyatması lap yerinə düşmüşdü. Durub rahatca öz çarpayısında yatacaqdı. İstədi ki, onu oyatdığına görə Səmədin atasına bir rəhmət oxusun. Ancaq birdən, Səmədin cürətinə, bu gecə vaxtı onu kobudcasına öz adı ilə çağırmasına acığı tutdu.
-Səfərəli, hay Səfərəli...
-Nədi, Ə...ə...ə... nə anqırırsan bu gecə vaxtı?! Nə olub? – artıq qapının arxasında dayanmışdı.
-Bir dəqiqəliyə qapını aç, sözüm var.
-Gecə vaxtı narahat elədiyin bəs döyül, hələ bir söz də demək istəyirsən, - deyə Səfərəli aclqlandı,- get, sabah deyərsən...
-Yox e, yox, aç, vacib sözüm var, - Səməd əl çəkmədi. Səfərəli elə bildi ki, qızıgildə nə isə bir hadisə baş verib. Qızı sarıdan yaman narahat oldu. Ona görə də qapını açmağı lazım bildi. Amma sürücüsünün yanında özünü şax tutaraq zəhmi ilə onu üstələdi:
-Nədi ə...ə...ə... nə deyirsən, - toppuş barmaqlarının beşini də haçalayıb Səmədin gözlərinə uzatdı.
-Bilirsən nə var, Səfərəli müəllim, buyur, bu sənin maşının, bu da açarın, - deyə Səməd “Volqa”nın açarını ona verdi, - kimə istəyirsən ver, daha mən sənə hamballıq eləməyəcəyəm...
Səfərəlinin üstündən elə bil ağır yük götürüldü. Dərindən arxayın nəfəs aldı. Demək, narahatçılığa dəyməz, qızı sağsalamatdır.
-Nə oldu, ə... qudurdun, - yenə də qızışdı. Sən döyüldün, bu qapıda boynunu buran?.. İndi ağzın çörəyə çatıb?.. Pah atonnan. Ə, bu adamlar niyə belə qudurğan, harın olurlar, - əlini yanına çırpdı.
-Yox, yoldaş Əlişov, lazım deyil mənə minnətli çörək, tüpürüm belə qudurğanlığa, yoldaş müdir. Səməd bu dəfə “müdir” sözünü xüsusi vurğu ilə dedi. Mən idarənin şoferiyəm, day, bütöv qohum-əqrabovun nökəri döyüləm.
-Get bala, get, məndədi axı günah, sənin kimi adamı işə götürdüm. Get indi özüvə iş tap görüm, necə taparsan. Harada işə götürsələr, səni qovduracağam.
-Deyir, yoldaş Əlişov, belə bir atalar misalı var: “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni...” Nə çox fəhləlik, nə çox, yaxşı adam, hökumətimiz kasıbların hökumətidi, yaxşı hökumətdi... məni, ailəmi dolandırar... İntəhası sənin kimi quldurlardır onu gəmirən. Sənin kimilərdir cəmiyyəti korlayan. Darıxma, heç, darıxma, hələ bizim hökumətdə haram yeyənə “sağ ol” deməyiblər. Sənin də axırına çıxarlar. Qəmin kəm. Dəvədən böyük fil var. Böyüklərimizin səndən xəbəri yoxdur. Vay haluva ki, xəbər tutalar... Xudahafis...
Səməd birnəfəsə ürəyini boşaltdı. Sanki özünü coşub-daşan selin ağzina atdı. “Allaha pənah” deyib, mərd, yaxşı adamların gümanıyla gecənin qaranlığına qovuşdu.
Səfərəli qapını hiddətlə çırpıb evə qayıtdı. Bədəni əsir, ürəyi qaytağı vururdu. Maşının açarını jurnal mizinin üstünə qoyub, əlləri əsə-əsə bir siqaret yandırdı. Yuxusu qaçdı. Özünə gəlmək, həm də bədənini qızdırmaq üçün qəhvə içmək istədi. Ancaq soyumuşdu. Yenidən hazırlamağa həvəsi gəlmədi. Soyuq qəhvədən bir qurtum alıb kreslonu çəkərək Səmədin dalınca ölçdü.İşdən çıxmasına yox, onun cəsarətinə acığı tuturdu. Birdən ürəyi sıxılmağa başladı. Elə bil onu məngənəyə salıb sıxırdılar. Yenə arvadı yadına düşdü. Qızı, şəhərdə yaşayan iki oğlu gözlərinin qabağına gəldi. Əgər oğlanları burda olsaydılar Səmədin payını yaxşı verərdilər. Onda heç Səməd ağzını açıb danışa da bilməzdi. Özünə yzığı gəldi.Ömründə ilk dəfə olaraq uduzmuşdu. Bir ağzıyavanın qabağında geri çəkilərək söz deyə bilməmişdi. (O, belə düşünürdü.) Özündən də yekə zəhmi ərimişdi. Rəqibinin gözlərinə şax baxa bilməmişdi. Siqareti külqabıya basıb söndürdü. Ürəyi sancırdı, təngənəfəs olmuşdu. Elə bil ki, onu ağzıbağlı bir çəlləyə basaraq dərin quyuya sallamışdılar. Nəfəsini çətinliklə çəkirdi. “Axx... Səməd, mən sənə göstərərəm.” Pəncərəni açaraq dərindən nəfəs aldı.Ürəyində Səmədi sancdı, o qıvrıldıqca ürəyi fayıx olmağa başladı. Aramla döyünərək normal halına qayıtdı.
Ancaq yenə də narahat idi. Ona elə gəlirdi ki, kimsə onu izləyir. Ona göz qoyur, hətta... gülür də ona... Pəncərəni bağlayıb, hər şeyi unudaraq, yatmaq istədi. Lakin heç cürə yata bilmədi. Yuxusu tamam qaçmışdı. Yenə bir siqaret yandırdı. Acgözlüklə bir-neçə dəfə sümürərək içərisinə çəkdi. Siqaret çəkmək azca da olsa kökəlməyinin qarşısını alırdı. Tüstünü ağzından, burun pərələrindən fısıltıqarışıq bayıra üflədi. Sanki hirsi-hikkəsi idi canından cıxırdı.
Bu dəfə kresloya yanpörtü əyləşdi. Siqaretin külünü çırpıb diqqətlə külqabının içinə baxdı. Elə bil ki, külqabıda siqaret külü yox, onun yekədən yekə zəhmi idi, yanıb külə dönmüşdü.İndi bir piləyə bənddi, sovrulub yoxa çıxsın... Yox, doğrudan da kiminsə ağır baxışları, iti nəzərləri onun kürəyini deşirdi. Özündən asılı olmayaraq çevik bir hərəkətlə yana boylandı. Öz zəhmi idi.Bəli, itmiş, əriyib yox olmuş, yanıb külə dönmüş zəhmi idi... televizordan ona baxırdı: öz gözləri, öz kifir sifəti ilə istədiyi rəngə boyadığı bulanıq sifəti ilə. Öz itirilmiş zəhmi idi, öz gözlərini, ürəyini deşirdi. Qanına qarışıb bütün əndamını gəzir, bədənini dondururdu. Başını çevirmək istədi, tərpədə bilmədi. Gözlərdən gözlərə sancılmış iti nəzərlər hər ikisini yerində mixlamışdı, tərpənməyə qoymurdu. Elə bil ki, kimsə boğazını möhkəm bir kəndirlə sarıyıb gücü gəldikcə özünə tərəf dartırdı. O isə var qüvvəsi ilə başını arxaya sıxaraq yerindən tərpənmək istəmirdi. Kəndir onu boğmasa da başını qabağa, dala, yana çevirməyə mane olur,tərpənməyə qoymurdu. Birdən zəhmi yox oldu. Sanki kəndir qırılıbmış kimi başı arxaya, kreslonun söykənəcəyinə düşdü.
Televizorda hansısa verilişin son titrləri axışırdı. Bir neçə saniyədən sonra ekranda böyük hərflərlə “Bədii film” yazıldı.Maraqlı bir filmə baxacağını güman edib yerini rahatladı. Siqaret sönmüşdü, külqabıya atdı.Gözlərini ekrana dikdi:
...Ekran boyu geniş bir küçə. Küçə boyu maşınlar şütüyür. Səkidə adi bir günün gəl-gedi. Adamlar müxtəlif istiqamətlərdə hərəkət edirlər. Kimi tələsir, kimi dayanıb söhbət edir, kimi də aramla, arxayın-arxayın ətrafı seyr edərəkyeriyir. Qucağında uşaq tutmuş bir qadın harasa tələsir. Uşaq isə arxaya boylanaraq tez-tez əlini nəyə isə uzadır, nə isə deyərək ağlayır. Anası onu sakitləşdirmək istəyir, uşaq kirimir. Qara kostyum geymiş, ağ köynəyinin üstündən qara qalstuk bağlamış panamalı, yekəpər bir kişi arxadan qadına yaxınlaşaraq əlindəki qırmızı almanı uşağa verir. Uşaq sakit olur, gülür, sevinir. Qadın dönərək kişiyə təşəkkür edir. Panamalı kişi isə əlini döşünə qoyaraq, başı ilə ona “dəyməz” deyir. (Kişinin üzü ekranda hələ tam verilmir.) Panamalı kişi addımlarını yavaşıdaraq yenə arxayınca yeriyir.Hərdən geri boylanır, hiss olunur ki, kimi isə gözlədiyi üçün belə astaca yeriyir.Küçədən keçən bir çox adamlar ona salam verir. O da mehribanlıqla hamınin salamını alır, baş əyir.Birdən kişinin gözü yerdə bir üzüyə sataşır, götürür. Enli nişan üzüyüdür. Operator yaxına gətirərək kişinin əlində nişan üzüyünü geniş planda göstərir. Kişi ətrafa baxır, yaxında heç kim yoxdur. O gözləyir. Yaxınlaşanlardan bir-bir soruşur. Əlindəki üzüyü göstərir. Heç kimin üzüyü itməyib. O, bir az dayanır. Bu vaxt gənc, qəşəng bir qız əks tərəfdən qaça-qaça gəlir, həyəcanla soruşur ki, nişan üzüyünü itirmişəm, siz tapmamısınız ki?.. Kişi əlindəki üzüyü qıza uzadır. Qız sevinclə bir-neçə dəfə təşəkkür edir. Kişi deyir ki, dəyməz, vətəndaşlıq borcumdur. Onun yanında bir maşın dayanır.O qızdan ayrılıb maşına oturur, sürücü ilə salamlaşaraq, əl verib görüşür. Pəncərədən boylanıb qızla xudahafizləşir. Bu vaxt kişinin üzü ekranda geniş planda görünür. Onun sifəti ekranda donub qalır.
Səfərəli yerindəcə quruyub qalmışdı. Ekranda onun şəkli idi. Şəkil uzaqlaşaraq arxa plana keçir. Onun bayaqkı zəhmi, yəni o özü, addımlayaraq ön tərəfdə, şəklin böyründə dayandı:
-Sən məni itirdin, yandırdın, kül elədin, Səfərəli!!! Özünü isə gözlə, qəzəbindən, nəfsindən. Özünü özündən gözlə. Sənin düşmənin sənin qəzəbindir, sənin nifrətindir, - o gur və aydın səslə danışaraq əlini Səfərəliyə uzatdı – tanış səhnələrə baxırdın, eləmi?.. Amma əksini göstərirdilər.Sən belə etmədin, Səfərəli! Əksinə, sən körpənin təmiz və kövrək qəlbini sındırdın. Almanı ona vermədin. Qızın isə yalvarış və göz yaşları sənin daş qəlbini yumşaltmadı. Üzüyü tapdığını danaraq ad günü münasibəti ilə arvadına bağışladın. Şoferi isə tanımamış olmazsan... Bəli, o idi... keçmiş sürücün Mətləb! Sənin öz əllərinlə güdaza verdiyin günahsız insan. Onu danlayaraq üzünə tüpürürdün. İşdən sonra, ac-susuz həyətində gecə yariya qədər işlədirdin. Söyürdün, alçaldırdın. O isə dözürdü. Ailəsinin ac qalmaması üçün. Dözdüyü üçün də məhv oldu. Sənin qurbanın oldu.
Səfərəli heyrətindən qurumuşdu. Nitqi tutulmuşdu. Köksündə şirin bir ağrı baş qaldırmışdı. Yerindən tərpənə-qımıldana bilmirdi. Elə bil yenə də onu sıxaraq kəndirlə kresloya möhkəm-möhkəm bağlamışdılar. Kim isə əlləri ilə onun çiyinlərindən sıxaraq filmə baxmağa məcbur eirdi:
İndi də, filmdə o, öz kabinetində oturmuşdu. Ucaboy, enlikürək, yaraşıqlı bir kişi içəri girərək əlindəki arayışa qol çəkib, möhür vurmağını xahiş etdi. Soruşanda ki, nə arayışdır, yaraşıqlı kişi nəzakətlə cavab verdi ki, siz təsdiq etməlisiniz ki, mən həqiqətən sizin idarədə işləmirəm. Öz ərizəmlə işdən çıxmışam. Xahiş edirəm imzalayasınız. Başqa yerdə işə girmək istəyirəm, orada tələb edirlər. Səfərəli onun ərizəsinə möhür vuraraq, imzalayıb, yeni işində uğurlar arzuladı. Başqa bir adam kabinetə girib ona rüşvət təklif edərək işə götürülməsini xahiş etdi. Səfərəli rüşvət təklif etdiyi üçün onu kabinetindən qovdu və başqa bir nəcib adamı işə götürdü.
Ekranda yenə də həmin obraz, - onun zəhmi peyda oldu.Məhkumun üzünə cinayətini sadalayan prokuror kimi hiddətlə sözünü davam etdirdi:
-Hə,nə donmusan, yəqin ki, yadındadır bunların əksi; həmin kişini düz bir il süründürərək arayış vermədin. O nəcib adamı isə, rədd edərək başqa birisindən rüşvət alıb işə götürdün.İndi isə möhkəm dur, filmimizin əsas, son hissəsini göstəririk. Ancaq çalış əslində necə olduğunu yadına sal. Onsuz da əlimdən qurtara bilməyəcəksən:
Ekranda onun maşını göründü. Geniş bir küçə ilə şütüyürdü. Döngədə qəflətən qarşısına çıxan gənc bir oğlanı vurub yıxır. Sürücü geniş planda göstərilir,
-Səfərəlidir. Tez düşüb yaralını maşına qoyur və xəstəxanaya çatdırır. Sonra isə milisə zəng edərək mərdi-mərdanə günahını boynuna alır. Həkimlərin müalicəsindən sonra gənc oğlan sağalır.
Zəhmi ekranda görünüb ikiqat zəhm ilə Səfərəlinin üstünə hücuma keçdi. Zəhminin zəhmi onu basmışdı:
-Bəs sən nə elədin, hə! – Qorxursan! Məhkəmədə də belə qorxurdun. Ancaq hiyləgərliyin köməyinə çatdı. Gənci oradaca, ağır yaralı vəziyyətdə qoyub, maşını düz şoferin Mətləbin həyətinə sürdün. (Mətləbin həyətində hüzr vardı.Anası ölmüşdü. Həmin gün səndən icazə istəyəndə, maşını alıb onu evinə buraxmışdın.) Maşını həyətdə saxlayıb hiyləgərliklə ona baş sağlığı verdin. Sonra isə guya ona canıyananlıq edib səxavət göstərdin, cibindən bir yüzlük çıxaraq ona verdin və dedin ki, eşitmişəm ətiniz azdır, get ət kombinatına, mənim adımdan xahiş elə, ət al gətir, anana yaxşı ehsan ver. Mətləb sənin xəsisliyini bilirdi. Ancaq sənin hüzr yerində yumşaldığını hesab elədi. Beləliklə, sənin toruna düşdü. O gedəndən sonra sən evə qaçdın. Hadisəni görənlər maşının nömrəsini götürdüyü üçün Mətləb əti alıb qayıdanda yolda yaxalandı. İndi isə, rejissordan xahiş edək həmin məhkəmə səhnəsini göstərsin:
Ekranda məhkəmə salonu. Müttəhimlər kürsüsündə Mətləb əyləşmiş, Səfərəli şahid kimi çıxış edir:
-Mətləbin anası öldüyü üçün məndən icazə istədi. Ona yüz manat verib dedim ki, ət alıb anana yaxşı ehsan verərsən. Mənə “sağ ol” deyib maşına minib getdi. Başqa şeydən mənim xəbərim yoxdur. Mənə evə zəng edib dedilər ki, şoferin adam vurub.
Zəhm geniş planda görünür, fonda isə məhkəmə gedir:
-Görürsənmi, sən nə qədər alçaq, rəzil, və böhtançı adamsan... Sənin günahından maşınla vurduğun gənc öldü. Mətləbi isə azadlıqdan məhrum etdilər. İndi bütün bunlara özün cavab verməlisən, Səfərəli!
Birdən Səfərəli dəlicəsinə qışqıraraq yerindən qalxdı. Özünə məxsus olmayan bir çevikliklə cumub televizoru cərəyandan ayırmaq istədi. Ancaq ürəyindəki ağrı şiddətlənərək onu yerə çökməyə məcbur etdi. Çılğın, ehtiraslı bir qəhqəhə otağı bürüdü. Sanki qana susamış adam, doyunca içdikdən sonra, məst olaraq qəhqəhə çəkirdi. Səfərəli üzünü ekrana tutub vəhşi bir səslə bağırdı:
-Rədd ol, əl çək məndən! Sən yalan deyirsən!..
Qəhqəhə daha da çılğınlaşdı:
-Yox, sən hamını aldatsan da, məni aldada bilməzsən. Çünki mən sənin özünəm. Sirkə nə qədər tünd olsa...
Səfərəlini soyuq tər basmışdı.Beynində ağır zərbələr hiss edirdi. Köksündəki aldadıcı, şirin ağrılar isə bütün bədəninə yayılmişdi.
Uzandığı yer ona çox rahat gəldi.
Həyətdə isə maşın siqnalının qulaqbatırıcı qəzəbi gecə qaranlığının zil pərdəsini yırtıb Səfərəlinin sinəsinə dirənmişdi...
1987


Mükafat Yaqubov.

“Məşəl” jurnalı. 2004. № 5-6.





5 dəfə oxundu

Axtarış