Zillətli gecə...
Müəllif: Meyxoş Abdullah


2017-12-13 11:22:57


Zillətli gecə…
(hekayə)
Zakir Sadatlının əziz xatirəsinə…

Min doqquz yüz həşdat ikinci ilin yazı... Əfqanistanın Qəndahar şəhri yaxınlığındakı sovet hərbi bazası. Neftlə dolu yanacaq çənlərini əfqan mücahidlərindən qorumaq əmri almışdıq. Əslində, zəif və başıpozuq əfqan ordusunun özündən qat-qat güclü və hərtərəfli silahlanmış çevik mücahid dəstələri ilə döyüşməyin çətin olduğunu, elə ilk gündən dərk etmişdik. Amma neynəmək olardı, biz əmrə tabe idik.
Gecə saat 2-30 radələrində əsgər yoldaşım, milliyətcə özbək olan Şaxidlə mücahidlərə əsir düşdük.
Əfqan mücahid dəstələri bizi birgözqırpımında tərkisilah edb, əl-qolumuzu bağlayaraq, üzüqoylu yerə yıxdılar. Onların rəhimsiz olduqlarını bildiyimizə görə, elə indicə hər şeyin bitdiyini gözləyirdik. Can şirin şeydir, qorxumuzdan gözlərimiz kəlləmizə çıxmışdı. Onlar həmişə bir sual verirdilər; - bizim torpaqlarımızda nə gəzirsiniz? İki ilə yaxın, bu xaraba torpaqlarda can cürütsəm də bircə yol özümə sual verməmişdim ki, doğurdan da mənim özgə torpağımda nə itim azıbdır? Sanki, bu sualın cavabını indi-indi anlamağa başlamışdım. İndisə çox gec idi, artıq ölüm deyilən kabus biraddımlıqdaydı.
Bizi bir dərənin qırağına gətirdilər. Yer qazıb boğazacan torpağa basdırdılar, Sonra da tüfənglərinin qundağıyla torpağı möhkəmcə döyəcələdilər ki, çıxa bilməyək. İşlərini qurtardıqdan sonra çıxıb getdilər.
Halımız yaman ağırlaşmışdı. Qarnımızı torpaq sıxdığına görə çətinliklə nəfəs alırdıq. Ağzımızdan qara su gəlirdi. Ətrafımız yolğunluqla dolu idi. Gözlərimiz torpaq bərabərində olduğundan, yolğunluq bizə meşə kimi görünürdü. Arxa tərəfimizdə isə çay axdığından gecənin qaranlığında suyun şırhaşır səsi adamı vahimələndirirdi.
Özbək Şaxidlə mənim armada bir-iki metr məsafə vardı. Bizi torpağa elə quylamışdılar ki. başımızı döndərib o yan-bu yana baxa bilmirdik. Torpaq boynumuzun damarlarını sıxdığına görə gözlərimiz iriləşib hədəqəsindən çıxmaq dərəcəsindəydi.
Mart ayı olduğuna görə gecənin soyuğu sümüyümüzü belə sızladırdı. Həm də, torpaq çox nəmişkənliydi. Bütün bədənimiz keyləşmişdi. Hava rütubətli olduğu üçün göydən üzümüzə toz şəklində, elə bil yağış yağırdı. Xəfifcə əsən yaz mehi gözlərimizi yaşardırdı.
Ölümlə burun-buruna qalmışdıq. Artıq get-gedə zəifləyib əldən düşürdük. Əsgər yoldaşımın da vəziyyəti yaxşı deyildi, ara-sıra eşidilən xırıltılı səsi get-gedə kəsilmək üzrəydi.
Elə bu vaxt bizdən bir az aralı, yolğun kollarının arasında böyük bir qaraltı göründü. O, görünən nə idisə it kimi quyruğu üstə şöngümüşdü. İtə oxşasa da, bədəncə çox böyük idi. Heyvan gözlərini bizə zilləmişdi. Bir azdan yerindən qalxıb bizə tərəf gəlməyə başladı. Rəngi ağappaq idı. Bu heyvanın ön tərəfi arxa tərəfindən xeyli hündür idi. Azca ağ ayıya oxşarlığı vardı. Uzun. tüklü quyruğu və pələqulaqları onu bir az da qorxunc göstərirdi. Başı yastı və sivriydi. Ürəyimdən keçirtdim ki, bu qulyabanidir. Deyilənə görə, qulyabanilər həmişə qəbristanlıq ətrafında dolaşırlar və təzə basdırılmış insan meyitlərini qəbirdən çıxarıb yeyirlər.
Bu bədheybət heyvan əvvəlcə mənə yaxınlaşıb, torpaqdan bayırda qalan başımı iysilədi. Onun yoğun, tüklü qıçları və enli sinəsi mənim gözlərim önündə dağ kimi görünürdü. Heyvan uzun dili ilə mənim üz-gözümü yalamağa başlayanda, ondan dəhşətli dərəcədə pis qoxu gəldiyini hiss etdim. Adamın az qalırdı ki, olan-qalan bağrı da çatlasın. Bir neçə dəfə öyüdüm. O, səsə duruxdu və bir qədər kənara çəkilib quyruğuüstə şöngüdü. Sonra qabaq ayağının birini mənə tərəf uzadıb iri caynaqlı pəncəsini başıma çırpdı. Sifətim al-qana büründü. Gözlərimə qaranlıq çökdü, mənə elə gəldi ki, kor olmuşam. Özümə gələndə gördüm ki, həmin heyvan bu dəfə əsgər yoldaşımın ətrafında hərlənir. Mənimlə etdiyi hərəkəti onunla da edir, Şaxidin üz-gözünü, boyun-boğazını yalayırdı. Birdən bu bədheybət heyvan dişlərini dostumun boğazına ilişdirdi və bir müddət beləcə dayanıb qaldı. Mən əsgər dostumun xırıltılı səsini güclə eşidirdim. O, canı ağzından çıxan adamlar kimi xırıldayırdı. Bir azdan eşitdiyim sümük xırçıltısı ətimi ürpərtdi. Heyvan kənara çəkiləndə Şaxidin başı da onun ağzında idi. Ürəyimə elə bil xəncər soxdular. Gördüyüm dəhşətli mənzərə ağlımı başımdan çıxartdı. Qorxumdan sanki lal olmuşdum. Qışqırırdım, amma səsim çıxmırdı, eləcə ağzımı açıb-yumurdum.
Heyvan gedib bir qədər aralıda dayandı və əsgər yoldaşımın başını yerə qoyub, diliylə ağız-burnunun qanını yalamağa başladı. Ağlım başımdan çıxmaq dərəcəsindəydi.
Artıq səhərə az qalırdı. Hardansa eşidilən xoruz səsləri gecənin bu müdhiş və qorxunc sakitliyini pozaraq bir az da olsa ürəyimə təpərti gətirirdi. Bu əcaib heyvanın dişlərində can verməkdənsə, əsgərlərin gülləsinə tuş gəlmək mənimçün necə də xoşbəxtlik olardı, - düşündüm. Çox arzulayırdım ki, hardansa basmaçı əfqan əsgərləri peyda olsun və bu heyvanı, elə mənim özümü də gülləyə tutsunlar.
Xəyalım harda dolaşsa da, gözlərim o bədheybət heyvana dikilib qalmışdı və allaha yalvarırdım ki, o buralardan itib getsin. Amma heyvanın getmək fikri yox idi, o da gözlərini mənə zilləyib qalmışdı. Deyəsən, o məndən əl çəkən deyildi, gec-tez məni də əsgər yoldaşımın gününə salacaqdı. Fikirləşdim ki, nə edir etsin, amma tez etsin, daha səbrim qalmayıbdır.
Heyvan oturduğu yerdən qalxıb mənə tərəf yaxınlaşdı və gəlib düz gözlərimin önündə çömbəldi. Sonra uzun dilini çıxarıb üz-gözümü yalamağa başladı. Ürəyimdən keçdi ki, o, elə bu dəqiqə mənim də başımı bədənimdən üzəcəkdir.
Heyvan isə tələsmirdi, gah uzun quyruğunu boynuma dolayıb, açır, gah da üz-gözümü yalayırdı. Birdən o, dişlərini boynumun ardına keçirib sıxdı. Boynumun damarlrı sıxıldığına görə gözlərim qaraldı. İndilərdə iti dişləriylə başımı bədənimdən üzəcəyini düşünürdüm. Amma ölüm yubanırdı. Heyvan dişlərini boşaldıb kənara çəkildi və bu dəfə dişlərini xılxıma yerləşdirdi. Fikirləşdim ki, artıq mənim sonumdur, daha yüz canım da olsa, birisi bu bədheybətin əlindən qurtulan deyil. Birdən ağlımdan bir fikir keçdi. Bu elə gözlənilməz fikir idi ki. bu fikri çox götür-qoy etməyə vaxt da yox idi, həyatım tükdən aslıydı. Ona görə də, olan-qalan gücümü toplayıb ağzımı geniş açdım və heyvanın qulağının birini saldım ağzıma və başladım bərk-bərk sıxmağa.
Heyvandan tükürpədici səslər çıxmağa başladı. O, dartınaraq elə ulayırdı ki. səsi dərələrdə əks-səds verirdi. Qorxumdan var gücümü toplayıb dişlərimi bir-birinə bərk-bərk sıxmışdım. Əngim yerindən çıxmaq dərəcəsinə çatsa da heyvanın qulağını dişlərimdən buraxmırdım.
O, canının ağrısından sağa-sola dartınaraq qurtulmağa çalışırdı. Elə bu vaxt onun qulağının yarısı qopub dişlərimin arasında qaldı, özü isə baş götürüb ulaya-ulaya yolğunluğun arasında gözdən itdi.
Ağzımın içi qanla dolmuşdu. Həm də, heyvanın tükləri çəngəylə ilişib dişlərimin arasında qaldığından, ürəyim bulanırdı. Gözlərimə inanmırdım. Inanmırdım ki, mən sağ, salamatam.
Hava artıq işıqlaşmışdı. Canımdakı ağrılar da yavaş-yavaş çəkilib gedirdi, rahat nəfəs alırdım. Elə zənn edirdim ki, heyvanın əlindən salamat qurtulduğum üçün belədir. Amma başımı aşağı əyib baxanda gördüm ki, boğazımdan aşağı tərəfin torpağı boşalıb və ətrafımda enli yarıq açılıb. Qolumu yavaşca tərpədib torpaqdan bayıra çıxartdım. Sonra o birini də… Rahatlaşmışdım. Bir azdan özümü tamamilə torpaq altından çıxardıb rahat nəfəs almağa başladım.
Ayağa qalxıb əsgər yoldaşımın torpağa basdırılmış cansız bədəninin yanına gəldim. Başsız bədən çox qorxunc görünürdü. Onun başını götürüb bədəninin yanında torpağa basdırdım. Sonra çaya enib əl-üzümə bir az su vurdum, ürəyim sakitləşdi.
Ağır və zillətli gecədən sonra yenicə doğmaqda olan günəşin gözqamaşdırıcı şüaları mənə hər şeydən əziz görünürdü… Bir də, uzaqdan eşidilən kəşfiyyat təyyarəmizin səsi, hələ həyatın bitmədiyindən xəbər verirdi. Mən sakit bir yer tapıb doyunca yatmaq istəyirdim...

6 dəfə oxundu

Axtarış