• Cəza alqoritmi
  • Adil ZAMAN
  • Adil ZAMAN
    Cəza alqoritmi
    (Hekayə)

    Prokurorun məhkəmədə çıxışından

    Möhtərəm hakim, müttəhim Fariz Kamil oğlu Cəfərlinin cinayətləri istintaqla tam sübuta yetirilmişdir. Özü də təqsirini etiraf etmişdir. Buna görə də ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il həbs cəzası verilməsini tələb edirəm.

    Müttəhim Fariz Cəfərlinin məhkəmədə dediklərindən

    Mən təqsirimi yox, sadəcə etdiklərimi boynuma almışam. İstintaq səthi və başdansovdu aparılıb... Bəli, möhtərəm hakim, burada zərərçəkən adlandırılan Həmid Məmmədovu mən bu hadisədən əvvəl də tanıyırdım. Bilirdim ki prokurordur. “Milyonerlər məhəlləsi”ndəki villasında da olmuşdum... Təxminən 8-9 ay əvvəl... Semestr imtahanları ərəfəsində tələbə oğlunun noutbukuna virus düşmüşdü. Qonşuluğunda yaşayan nazir də yaxşı mütəxəssis axtardığını eşidib, məni məsləhət görmüşdü. Yarım gün əlləşdim, noutbuku tamam təmizlədim, bütün materialları, o cümlədən kurs işlərini də qoruyub saxladım. Gedəndə mənə 10 manat verdi, halbuki kompüter firmasında ondan bu iş üçün azı 100 manat alacaqdılar. Mən narazılığımı hiss etdirəndə 10 manat da verib dedi ki, yarım günə 20 manat pis deyil, qul bazarlarında heç gün ərzində o qədər qazanmırlar... Yox, yox, heç bir münaqişəmiz olmadı, əksinə, oğlunun sevindiyini görüb, ev və mobil nömrələrini verdi ki, işim düşsə müraciət edim. Telefonlarını yazsam da, əslində ondan nəsə xahiş etmək fikrim yox idi. Amma məcbur oldum. Bəlkə eşitmisiz, mənim böyük qardaşım Ariz Cəfərli jurnalistdir, təcrübəli redaktordur. Həm mətbuat sahəsində, həm də dövlət qarşısında danılmaz xidmətləri var. Amma hədsiz təvazökar olduğundan özü barəsində heç kimdən heç nə xahiş etmir. Onun tabeliyində işləyənlərin, rəhbərlik etdiyi qəzetlərdə çap olunanların bəzilərinə Əməkdar jurnalist adı, “Tərəqqi” medalı, Prezident təqaüdü, mənzil veriblər. Qardaşımı isə tamam unudublar. Yubileyi ərəfəsində həmkarları qəzetlərdən birində Prezidentə açıq məktub yazmışdılar ki, onun da xidmətlərini qiymətləndirsin. Heç bir reaksiya verilmədi. Bundan sonra iki il ərzində həm Prezidentin saytındakı xüsusi forma vasitəsilə, həm də ictimai-siyasi şöbəyə eyni məzmunlu bir neçə məktub göndərilib. Amma yenə daşdan səs çıxıb, Prezident aparatından yox. Halbuki o şöbənin rəhbəri dəfələrlə deyib ki, jurnalistlərə bütün mükafatlar, o cümlədən mənzillər təkcə ehtiyaclarına görə yox, birinci növbədə real xidmətlərinə görə veriləcək. İndi, möhtərəm hakim, siz o mükafat, ev alanların siyahısına baxın görək, heç 10-15 nəfəri jurnalist kimi tanıyırsınızmı. Hətta onların arasında bir neçə nəfər var ki, işləri-peşələri Prezidenti və hökuməti söymək, təhqir etmək olub... Bilirəm, bu sizin səlahiyyətlərinizə aid məsələ deyil, mən sözgəlişi dedim. Tatsit əbəs yerə demirdi ki, dövlət iki halda dağılır – günahsız cəzalandırılanda və cinayətkar cəzasız qalanda. Siz insan psixologiyasına dərindən bələdsiz və yaxşı bilirsiz ki, xidmətlərinə görə lazımi qiymət almayanlar, dövlət və cəmiyyət tərəfindən daima laqeydlik görənlər əksər hallarda cinayətə daha çox meylli olurlar... Xeyr, nə danışırsız, qardaşım kifayət qədər səbatlı insandır, o nəinki dövlətə və cəmiyyətə, heç adicə bir şəxsə qarşı da qanunsuz əmələ yol verməz. Sadəcə keçəl və güzgü məsələsi yada düşür. Avropanın ikili standartlarından gecə-gündüz şikayətlənənlər öz vətəndaşlarına qarşı daha çox ayrı-seçkilik edirlər... Yox, möhtərəm hakim, mən siyasi çıxış etmirəm, amma fakt faktlığında qalır - Aparatda kiminsə qohumu, dostu, yerlisi deyilsənsə, layiq olduğun imtiyazları da ala bilməzsən. Buna görə də qardaşımın bir neçə dostu dedi ki, əsla ruhdan düşməsin, belə bir iqtidardan pay alıb, cəmiyyət tərəfindən qəbul edilməyən saray yazarı olmaqdansa, heç nə ummayıb əvvəlki kimi tam müstəqil fəaliyyət göstərsin, maraqlı yazılarla daha tez-tez çıxış etsin. O da çoxdan üzərində işlədiyi felyetonu tamamlayıb, göndərdi saytlardan birinə. Ola bilsin ki, adamın gözünün içinə baxa-baxa utanıb-qızarmadan yalan danışmağı, yaltaqlıq etməyi, əqidəsini papaq kimi dəyişməyi bacarmayanların potensialından lazımınca yararlanmamağın iqtidar üçün hansı fəsadlara səbəb olacağını göstərmək üçün daha sərt və dəqiq ifadələr işlətmişdi, yaxud da felyetonda adı çəkilən simasız məmurları janrın tələbləri daxilində ustalıqla lağa qoymuşdu, deyə bilmərəm, amma yazı dərc olunanın səhəri günü ömründə siqaret çəkməyən qardaşımın cibinə nəsə qoyub, narkotik istifadəçisi kimi həbs etdilər.

    Jurnalist Ariz Cəfərlinin məhkəmədə dediklərindən

    Şəhər prokurorluğunda mənə açıqca dedilər ki, narkotik-zad bəhanədir. Onlar elə düşünürdülər ki, felyetonu mənə iqtidarın nüfuzlu nümayəndələrindən kimsə sifariş verib. Həmin şəxsin adı və mənim yazı üçün aldığım pulun məbləği ilə maraqlanırdılar... Bəli, möhtərəm hakim, prokuror Həmid Məmmədov da bir neçə ad çəkib, seçim etməyimi istədi və centlmen sazişi təklif etdi – mən ad çəkirəm, o da telefonumu və planşetimi qaytarıb, məni buraxır. Təbii ki, mən onların istədiklərini edə bilmədim, çünki heç vaxt sifarişli və qərəzli yazılar yazmamışam və bundan sonra da yazmayacağam. Bir neçə gün məni saatlarla fasiləsiz sorğu-suala tutaraq, psixoloji təzyiq göstərməyə çalışdılar. Əgər qardaşımın köməyi ilə azad olunmasaydım, yəqin ki, fiziki təzyiqlər də olacaqdı.

    Müttəhim Fariz Cəfərlinin məhkəmədə dediklərindən

    Biləndə ki, qardaşımın taleyi Həmid Məmmədovdan asılıdır, könülsüz onun qəbuluna getdim. İnsafən, məni pis qarşılamadı. Hətta çay, kofe istəyib-istəmədiyimi də soruşdu. Mən təşəkkür edib, dərhal mətləbə keçdim. O bir qədər fikirləşib, qaşqabaqlı halda: “Qardaşın yaman ilişib” deyərək, bunun yuxarıların sifarişi olduğunu mənə təlqin etməyə çalışdı. Arizin cibindən narkotik tapılmasına dair aktı da göstərib əlavə etdi ki, əllərində daşdan keçən dəlil-sübut var. Hətta hansısa həkimdən qardaşımın qanında guya narkotik maddənin olmasına dair rəy də almışdılar. Əhvalım tamam pozuldu. Bunu hiss edən prokuror cibindən yüz dollarlıq əskinas çıxarıb: “İndiki şəraitdə qardaşına yalnız bu kömək edə bilər” dedi və qarşısındakı kağıza 150 rəqəmini yazdı. Mən xeyli ümidlənib: “150 dollar?” deyə soruşanda o gülüb: “150 ədəd!” dedi. Təsəvvür edirsizmi, möhtərəm hakim, yarım günlük iş üçün 20 manatı başına fırlayıb verən prokuror şərlədib tutdurduğu jurnalistin azad edilməsi üçün elə kabinetindəcə məndən on beş min dollar tələb edirdi. Buna görə də villada yaşayır, Mərdəkanda bağı, şəhərdə şadlıq sarayı, supermarketi, iki bahalı maşını var. Mən isə piyada gəzirəm, şəhərdən kənarda təmirsiz evdə yaşayıram, yağış yağanda otaqda daldalanmağa yer axtarıram... Yox, mən mətləbdən uzaqlaşmıram, heç kimin də pulunu saymaq fikrim yoxdur. Sadəcə bilmək istəyirəm, niyə Moskva və Berkli universitetlərində oxumuş, proqramları Amerika şirkətləri tərəfindən alınan bir mütəxəssis Azərbaycan dövlətinə lazım deyil? Mənim indi məşğul olduğum işi görmək üçün heç litsey qurtarmağa da ehtiyac yoxdur. Səhərdən axşamadək işləyib, iki şəxsi firmadan aldığım əmək haqqı isə, yeri gəlmişkən, prokurorun maaşından çoxdur. Bəs niyə o, var-dövlət içərisində üzür, mən isə it günündəyəm? Müstəntiq bütün bunları araşdırmadan işi tələm-tələsik məhkəməyə göndərib... Bəli, mən elədiklərimi danmıram, ancaq bunları hansı məqsədlə, hansı şəraitdə etmişəm, motiv nə olub – bax, budur əsas məsələ. Həmid Məmmədov o qədər günahsız adamı tutdurub, alçaldıb-təhqir edib, işgəncə verdirib, var-yoxunu əlindən alıb ki saymaqla qurtarmaz. Heç kim də ona “gözün üstə qaşın var demir ”. Buna görə də mən bir proqramçı kimi onun cəza alqoritmini tərtib etdim və niyyətimi uğurla həyata keçirdim.

    Zərərçəkən Həmid Məmmədovun məhkəmədə dediklərindən

    Hadisə günü nahara gedəndə müttəhim mənə yaxınlaşıb dedi ki, Bilgə yolunda yaxşı bir bağ evləri var, onu mənə hədiyyə vermək istəyir... Narkoman qardaşı içəridə idi, buraxdırmaq üçün məndən kömək istəyirdi... Yox, mən ondan rüşvət-zad istəməmişəm, amma, görünür, panyatkalı oğlandır, başa düşürdü ki, “əl əli yuyar, əl də üzü”... Əşşi, nə cinayətkar, cibindən bir büküm narkotik tapmışdılar, deyəcəkdi ki, şəxsi istifadə üçün alıb, biz də buraxacaqdıq. Can onun, cəhənnəm tanrının. Əvəzində yaxşı bir bağ evi qazanacaqdım... Əlbəttə, razılaşdım. Şoferi buraxıb, onun göstərdiyi maşına əyləşdim və bağa baxmağa getdik.

    Müttəhim Fariz Cəfərlinin məhkəmədə dediklərindən

    Həmin bağ bir dostumun əmisininkidir. Əsas yoldan 180-200 metr aralıda yerləşir. Açarı gizlətdikləri yeri bilirdim. Fevralda oralara gələn olmur, üç gün dalbadal gedib yoxlamışdım. Həyət-baca, meyvə ağacları, hündür daş hasarlar prokurorun xoşuna gəldi. Gözləri işıldaya-işıldaya sənədləri soruşdu. Dedim ki, ikinci mərtəbədədir. Otağa girən kimi içiboş tapançanı çıxarıb ona tuşladım... Heç kimdən almamışdım, özümünkü idi. Mən dörd il Qarabağda vuruşmuşam. Atəşkəsdən sonra gətirib evdə seyfdə saxlayırdım... Bəli, boş idi. Ekspertiza da rəy verib ki, sonuncu dəfə həmin tapançaya 1994-cü ildə güllə qoyulub. Prokurorun qorxudan rəngi ağarmışdı. Mən tez fürsətdən istifadə edib, əvvəlcədən hazırladığım kəndirlə onu radiatora bağladım. Özünə gələr-gəlməz yalvarmağa başladı ki, onu öldürməyim, pul, maşın, nə istəsəm verəcək. Mən onun cibindən telefonunu çıxardıb, qardaşımı təcili buraxdırmasnı, əşyalarının qaytarılmasını və bayıra çıxan kimi mənə zəng etməsini istədim. Nömrəni soruşub yığdım. O da quzu balası kimi dediklərimə əməl etdi. 20-25 dəqiqədən sonra öyrəndim ki, qardaşım azadlıqdadır.

    Zərərçəkən Səlimə Məmmədovanın məhkəmədə dediklərindən

    Hadisə günü, adətim üzrə, evə nahara gəlmişdim, ərimi gözləyirdim. Amma o, nədənsə, gecikirdi. Birdən ev telefonuna zəng gəldi. Xəbər verdilər ki, Həmid Bilgə yolundakı bağların birində huşsuz vəziyyətdədir. Təxmini yerini öyrənib, maşınımla ora getdim. Məni yolun kənarında Fariz qarşıladı... Bəli, tanıyırdım. Kompüter ustasıdır. Keçən yay evimizdə görmüşdüm. Maşından düşüb, aralıq yollarla onun ardınca getdim. Otağa girəndə gördüm ki, ərim radiatora bağlanıb; şalvarının qabağı, ayaqlarının altı da yaş idi... Niyə gülürsüz, özünüz qol çəkdirmisiz ki, düzünü danışmalıyam, mən də gördüklərimi deyirəm də. Təəccüblə Farizə baxdım. O heç nə demədən yun gödəkçəmi çıxardıb stulun üstünə qoydu, qolumdan tutub, məni bir qədər aralıdakı üstünə təmiz mələfə salınmış taxtda əyləşdirdi. Sağ əli ilə çiynimi qucaqlayıb, sol əlini ərimə tuşladı: “Bax, bu əclaf mənim qardaşımın cibinə narkotik atdıraraq tutdurmuşdu” dedi. “Buraxdırdım da” deyə Həmid mızıldandı... Bəli, möhtərəm hakim, bilirdim. Təxminən bir ay əvvəl gözəllik salonuma bitişik otağı almaq üçün ərimdən on min dollar istəmişdim. Onda öyrəndim ki, bir jurnalisti həbs edib. Guya ki yuxarıların sifarişi ilə. Deyirdi ki, onun qardaşından həmin pulu alıb verəcək mənə... Yaxşı, davam edirəm. Fariz ərimə fikir verməyərək məni özünə tərəf sıxıb üzümə baxdı: “İndi de görək ona nə cəza verək?” Mənim cavabımı gözləmədən qucaqlayıb dodaqlarımdan öpdü. Həmid nəsə qışqırdı. Fariz qalxıb onun ağzını yapışqnlı lentlə bağladı və gəlib, koftamın düymələrini açmağa başladı... Yox, nə zorlama, hər şey ürəyimcə idi. Bir baxın, canı yanmış görün nə qəşəng kişidir!.. Mən günü-güzəranı barlarda keçən bu yekəqarın ərimdən başqa heç kimlə olmamışdım. O gün ilk dəfə bildim ki əsl kişi necə olmalıdır. O qədər tanış olmayan hisslər keçirdim ki!.. Nə üstümə qışqırırsan, təqsir özündədir. Sənə demişdim ki gəl bu məsələni açıb-ağartmayaq... Bağışlayın, siz allah, amma mən ərimə qulaq asıb, günahsız adamı şərləyə bilmərəm. Mənim o qəfəsə saldığınız kişiyə qarşı heç bir iradım və tələbim yoxdur. O mənimlə, elə ərimlə də çox yaxşı rəftar edib. Xüsusilə də o cür – affektdir-nədir deyirsiz, elə vəziyyətdə. İstəsəydi, ikimizi də öldürərdi. Lakin o mənimlə işini qurtarandan sonra ərimin ağzını açıb, hətta məsləhət də istədi ki, bizimlə necə davransın. Mən də dedim ki, iki kişi eyni vaxtda bir qadını çılpaq görübsə, o ölməlidir... Düzdür, hər şey könüllü olub, ilk dəfə başa düşmüşəm ki, seksual əlaqədən həzz almaq üçün hər bir qadın belə güclü ehtiraslanma mərhələsini keçməlidir, lakin hansı tərəfə fırlatsan, bunun adı xəyanətdir. Elə ərim də Farizi hər cür şirnikləndirirdi ki birləşib, məni aradan götürsünlər. Axı mal-mülkümüzün çoxu mənim adımadır! Ancaq bu qəşəng kişi məni oxşaya-oxşaya dedi ki, öləsi bir adam varsa, o da Həmiddir. İlahi, siz onda prokuror ərimin necə ağappaq ağardığını görəydiniz... Fəqət bu “müttəhim” dediyiniz şəxs bir az əvvəl mənim ölümümü istəyən prokurorun halına acıyaraq bildirdi ki, əvvəla, otaqda baş verənlərin hamısı lap əvvəldən kameraya çəkilib - ərim bütün həyatı boyu həmin videonun yayıla bilmə qorxusu ilə yaşayacaq ki, bu da ölümdən betərdir. İkincisi də, Farizin fikrincə, ölüm Həmid üçün çox yüngül cəza olardı, çünki onun şərləyib tutdurduğu, ləyaqətini alçatdığı, işgəncə verdirdiyi, mal-pulunu əlindən aldığı adamlar bu gün də yaşayır və həm mənəvi, həm də fiziki əzab çəkirlər. Həmidə də veriləcək ən ağır cəza onun yaşaması və gözünün qabağında arvadının soyundurulub, başqa kişi ilə intim münasibətdə olmasına həm bir prokuror, həm də bir kişi kimi mane ola bilmədiyinə görə hər gün, hər saat, hər dəqiqə, hər saniyə, hər an vicdan əzabı çəkməsidir. “Əgər cüzi də olsa vicdanı varsa” deyərək, bufetdən balaca kameranı götürüb cibinə qoydu və otaqdan çıxdı...
    ***
    Fasilədən sonra hakim demokratik və hüquqi dövlət olan Azərbaycan Respublikası adından məhkəmənin qərarını elan etdi: Fariz Kamil oğlu Cəfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilsin...

    Bakı,
    15-16 fevral, 2014-cü il
  • oktyabr 2017, Adil Z.

  • 397
Ənvər Paşa və yaxud Savaş fəsli

Firuz Mustafa

Ənvər Ppaşa və yaxud Savaş Fəsli (iki hissəli tarixi dram) Ə n v ə r P a ş a (İsmayıl Ənvər Paşa) U s m......

Bu gün Sərraf Şiruyənin anadan olduğu gündür.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Şair doğum günündə məzarı başında doğmaları və yaxınları tərəfindən anılıb. Sərraf Şiruyə 1942-ci il......

Sahib Ağagül Oğlu Sailov 90 Illik Yubileyin Mübarək

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Sahib Ağagül oğlu Sailov 1933-cü il may ayının 15-də Salyan rayonunun Çuxanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta təhsilini Salyan şəhərindəki......

Murad Məmmədov. Özümün özümə hesabatımdır.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Gecikmiş Etiraf Bu ömür azalmış, keçilmiş yoldu, Gəncliyə bənd oldum, aldandım əbəs. Dünyaya gəlişim xəbərsiz oldu, Qəfil gedişimi kim biləcək bəs?!......

Bütün titulları adından sonra gəlir.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARALR Bütün titulları adından sonra gəlir Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost.... Rəşad Məcid... Təqdimata ehtiyacı olmayan adam. Tanıyan......

Bütün titulları adından sonra gəlir.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARALR Bütün titulları adından sonra gəlir Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost.... Rəşad Məcid... Təqdimata ehtiyacı olmayan adam. Tanıyan......

Rəşad Məcid, yaxud ürəyi dünya qədər genişliyin metafizikası

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Əgər akademik İsa Həbibbəyli bütün tərəflərilə, həqiqətən, dəyərli olan «Bütün yönləri ilə yaradıcı»......

Təvəkkül Goruslu. Qəlbimin başını qisas yalayır.

زائـــور اوستاج

Yaz YazI YazAR YazRLAR Eşq Kanıyam Mən Məcnunam, səhrada eşqə bəzəyəm, Təşnələr yatıran dolu kuzəyəm, Ondan ətirliyəm, ondan təzəyəm, Sevdiyim çiçəyin məkanıyam mən. * *......

Çağdaş Poeziyamızım Sayılıb-Seçilən Nümayəndəsi

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Çağdaş Poeziyamızım Sayılıb-Seçilən Nümayəndəsi Söhbət filologiya elmləri doktoru, professor Mahirə Nağıqızından gedir. Mahirə xanım Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə......

Kirman Rüstəmli. Şeirlər.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Gəncliyim qayıt Səpildin yollara məndən xəbərsiz, İtirdim mən səni səndən xəbərsiz. Saçlarım ağardı dəndən xəbərsiz, Sən qayıt ömrümə, gəncliyim qayıt, Qol......