• Ənvər Paşa və yaxud Savaş fəsli
  • Firuz Mustafa

  • ƏNVƏR PPAŞA və yaxud SAVAŞ FƏSLİ


    (iki hissəli tarixi dram)


    Ə n v ə r P a ş a (İsmayıl Ənvər Paşa)
    U s m a n Xoca (Usman Xoca Pulatxocayev)
    F a y z u l l a Xocayev (Fayzulla Qubaydullayeviç Xocayev)
    Y u s i f Ziya (Axund Yusif Ziya Talıbzadə)
    İ b a r a h i m bəy (Mühammad İbrahim bəy Lokay)
    L e v T r o t s k i (Leyba Davidoviç Bronşteyn- Trotski)
    D a v l a t m a n d bəy
    N a c i y ə Sultan
    T ö v f i y a
    F a r u q bəy
    Q ı r m ı z ı K o m a n d i r



    Proloq

    Kreml. Lev Trotskinin kabineti. Divardan böyük xəritə asılıb. Arada Kreml saatının zəng səsi eşidilir, daha sonra “Beynəlmiləl” (“İnterasional” himni) səslənir. Lev Trotski və Ənvər Paşa ayaq üstə, diqqətlə musiqini dinləyirlər. Ənvər Paşa hərbi, Trotski isə mülki geyimdədir.

    L e v T r o t s k i (saat və musiqi səsini dinləyərək). Artıq dörd ildir ki, Kreml saatında zəng səsləri ilə yanaşı “Beynəlmiləl” də səslənir. Bu, əslində L e n i n yoldaşın təşəbbüsüdür.
    Ə n v ə r P a ş a. Ümid edirəm ki, Allahın izni ilə Qərbdə yaranan bu musiqi tezliklə Şərqdə də səslənər.
    L e v T r o t s k i. Bəli, Ənvər Paşa. Sizinlə razıyam. Biz sosializmi, beynəlmiləlçiliyi bütün dünyada bərqərar etməliyik. (Müsahibinə yaxınlaşır). Biz qiyabi olaraq çoxdan tanışıq. Belə yaxından tanış olduğuma görə şadam. İşləriniz necədir?
    Ə n v ə r P a ş a. Təşəkkür edirəm, yoldaş Trotski. “İşlərim necədir” deyəndə ki... Mən hazırda burada, Moskvada “İnqilab ilə İslamın vəhdəti cəmiyyəti”ndə fəaliyyət göstərirəm. (Gülür). Amma mən sakit, dinc dəftərxana işlərinə alışmamışam...
    L e v T r o t s k i. Döyüşçü üşün sakit həyatın nə olduğunu mən yaxşı anlayıram... (Mənalı tərzdə). Yaxşı, Moskva sizi necə qarşıladı, Ənvər Paşa?
    Ə n v ə r P a ş a. Hər şey qaydasındadır, yoldaş Trotski. Mən ötən ilin əvvəlindən buradayam. Biz Moskvaya gələndə qış idi.
    L e v T r o t s k i. Bilirəm, məlumatım var... Bəs Moskvanın soyuq havaları sizi qorxutmur ki?
    Ə n v ə r P a ş a. Xeyr, heç qorxmadım. (Gülür). Əksinə, mən soyuğu-şaxtanı şox sevirəm. Axı bizim də öz Sibiriyamız var.
    L e v T r o t s k i. Yəqin ki, siz Qarsı, Ərzurumu nəzərdə tutursuz. Bilirəm, oraların da qışı sərt keçir.
    Ə n v ə r P a ş a. Elədir... Bir də ki, biz hərbçilər üçün illər cəmi bir fəsildən ibarət olur.
    L e v T r o t s k i. O, nə fəsildir elə?
    Ə n v ə r P a ş a. Döyüş fəsli.
    L e v T r o t s k i. Hə, bunu doğru deyirsiz. (Gülür). Gərək ki, Rusiyaya tək gəlməmisiz.
    Ə n v ə r P a ş a. Elədir... Mənimlə birgə buraya bir neçə zabitimiz də gəlib. O cümlədən, Daxili işlər nazirimiz Tələt Paşa və Dənizçilik nazirimiz Camal Paşa... (Gülümsəyir). Bildiyiniz kimi, mən vaxtiə Osmanlı ordusunun yüksək çinli zabiti olmuşam...
    L e v T r o t s k i. Təvazökarlıq edirsiz, Ənvər Paşa. Siz adi zabit deyilsiz axı. Bilirəm ki, beş il Osmanlı İmperiyasının hərbi naziri olmusuz. İkinci Əbdül Həmidlə qohum olduğunuzu da bilirəm. Mənə orası da məlumdur ki, sizi çox zaman bütün dünya müsəlmanlarının xəlifəsinin kürəkəni adlandırırlar.
    Ə n v ə r P a ş a. Məlumatlı adamsız, yoldaş Trotski.
    L e v T r o t s k i. Hələ qırx yaşınız olmasa da hərbi rütbənizin generalissimusdur. Bu, sadə göstərci deyildir. (Gülür). Amma mənim heç bir hərbi çinim yoxdur. Baxmayaraq ki, Sovet ordusunun komandanıyam.
    Ə n v ə r P a ş a. Siz bütün dünyanın tanıdığı siyasi xadimsiz, yoldaş Trotski.
    L e v T r o t s k i. Hə, elə deyirlər... Ümumiyyətlə, mən nədənsə Türkiyəni və türkləri çox sevirəm. Əgər bir vaxt seçim qarçısında qalsam və məndən soruşsalar ki, sən Rusiyadan başqa harada yaşamaq istəyərrdin, heç tərəddüd etmədən Türkiyənin adını çəkərəm... (Pauza). Yaxşı, Ənvər Paşa, bəs siz yoldaş R a d e k l ə harada tanış olmusuz?
    Ə n v ə r P a ş a. Mən Karl Radeklə iki il əvvəl Könsberqdə tanış olmuşam... Söhbətimiz onunla elə ilk tanışlıqdan alındı. Karl da ingilis burjuaziyasının düşmənidir, mən də. Bilirəm ki, ingilislər Orta Asiyadakı xalqları, bizim dindaşlarımızı hansı yolla olursa-olsun ələ almağa, onları yeni yaranan bolşevik Rusiyasına qarşı müharibəyə təhrik etməyə çalışırlar.
    L e v T r o t s k i (Ənvər Paşaya yaxınlaşıb əlini onun çiyninə qoyur). Hmmm... “Çalışırlar” nədir? Artıq bu müharibə çoxdan başlayıb.
    Ə n v ə r P a ş a. Bilirəm. Biz bu barədə Radeklə hələ min doqquz yüz on doqquzda söhbət edirdik... Mən onda düşündüm ki, deməli, Rusiya da bizim kimi ingilisləri qəbul etmir. Bundan başqa, mənim bildiyimə görə, bolşeviklər inqilabla islamın vəhdətini qəbul edirlər. Belə olan halda mən nə üçün bolşeviklərin tərəfində olmayım?
    L e v T r o t s k i (pəncərəyə yaxınlaşıb uzaqlara baxır) . Doğru qənaətdir... (Pauza). Amma bəri başdan deyim ki, Türküstanda vəziyyət olduqca gərgindir.
    Ə n v ə r P a ş a. Bilirəm...
    L e v T r o t s k i. Məndə olan məlumata görə Əmir Seyid Alim xan bu il mart ayının beşində Əfqanıstana keçib. O, indi orada silah-sursat və əsgər toplamaqla məşğuldur. Hal-hazırda hakimiyyət formal da olsa bizimkilərə, Buxara Xalq Sovet Respublikasına tabedir. Fayzulla Xocayev Buxara İnqilab komitəsinə və Nazirlər sovetinə başçılıq edir. Usman Xoca Pulatxocayev isə Mərkəzi İcraiyyə Komitəsinin sədridir. Hər ikisi Buxarada Qızıl ordunun yaradıcılarıdır. Əminəm ki, Siz təcrübəli adam kimi, həmin yoldaşlara yaxından kömək edə bilərsiniz.
    Ə n v ə r P a ş a (divardan asılmış xəritəyə baxaraq). Türküstandakı döyüş teatrosu mənə qismən tanışdır. Bildiyimə görə, indi orada faktiki hakimiyyət İbrahim xanın əlindədir. Buxaraya onun tabeliyində olan əsgər və qurbaşlar nəzarət edir...

    Telefon zəngi. Trotski dəstəyi qaldırır.

    L e v T r o t s k i (dəstəkdə). Salam. Bəli, Vladimir İliç... (Pauza). İndi Ənvər Paşa yanımdadır, onunla söhbət edirəm. (Pauza). Bəli, doğru buyurursuz, Ənvər Paşa təcrübəli adamdır. Güman edirəm ki, basmaçılar tezliklə tərk-silah olunacaqlar. (Dəstəyi qoyur). Lenn yoldaşdır.
    Ə n v ə r P a ş a. Bəli, hiss etdim. Mən sizin hamınızın narahatlığınızın səbəbini yaxşı anlayıram, yoldaş Trotski.
    L e v T r o t s k i. Gərək ki, Siz Lenin yoldaşın qəbulunda olmusuz...
    Ə n v ə r P a ş a. Bəli, fevral ayının onikisində Karaxanın təklifi ilə onun qəbulunda oldum...
    L e v T r o t s k i. Hmmm... Çox yaxşı. Lenin yoldaş Çiçerinin və Nərimanovun Sizin barənizdə yaxşı rəydə olduğunu qeyd etdi.
    Ə n v ə r P a ş a. Çox məmnunam...
    L e v T r o t s k i. Yoldaş Ənvər, Orta Asiyada mövqeləri möhkəmlətmək, Sovet Rusiyasının ən mühüm vəzifələrindən biridir. Nə üçün belə düşünürük? Biz həmin əraziləri ələ keçirməklə dünya inqilabının yeni bir mərhələsinə qədəm qoyacağıq. Türküstanda güclü hərbi baza yaratmalıyıq. Qızıl ordunun Londona və Parisə yolu Əfqanıstandan, Pəncabdan və Benqaliyadan keçir. Biz bu yürüş vasitəsi ilə Hindistanı ingilislərin əsarətindən birdəfəlik azad edə bilərik. Elə deyilmi?
    Ə n v ə r P a ş a. Bəli, bu, yaxşı plandır. Amma bunu həyata keçirmək asan məsələ deyil. Mən belə düşünürəm ki...
    L e v T r o t s k i (diqqətlə onu süzür). Bura baxın, Ənvər Paşa, yoldaş Ənvər, siz buraya, mənim yanıma, təsadüfən Stalinin kabinetindən çıxıb gəlməmisiz ki?
    Ə n v ə r P a ş a. Xeyr. Mənim bu son günlərdə İosif Vissarianoviçlə heç bir görüşüm olmayıb. Bunu nəyə görə soruşursuz, yoldaş Trotski?
    L e v T r o t s k i. Nəyə görə? Ona görə ki, Stalin də eynən sizin kimi düşünür. O da deyir ki, indiki vəziyyətdə Trotskinin dediklərini həyata keçirmək asan məsələ deyil...
    Ə n v ə r P a ş a. Yoldaş Stalin mənim kimi düşünə bilər... Amma mən onun kimi düşünə bilmərəm...

    Gülüşürlər.

    L e v T r o t s k i. Yoldaş Ənvər, burada, qulağımızın dibində, lap dəqiq desəm Kremldə, inqilabın düşmənləri az deyildir. Onlar həm də məni özlərinə düşmən hesab edirlər. Axı bizdəki inqilabın ideya müəllifi və icraçısı mən olmuşam. Çarizmi mən yıxmışam. İnsanlarımıza azadlığı mən vermişəm... Yəni bütün bunları Qızıl ordu həyada keçirib, həmin orduya isə mən başçılıq etmişəm. Necə ki, siz vaxtilə Osmanlı ordusuna başçılıq etmisiniz... Amma etiraf edək ki, Türkiyə o qanlı savaşda məğlubiyyətə uğradı. Mənim rəhbərlik etdiyim ordu isə qalib çıxdı.
    Ə n v ə r P a ş a (Trotski ilə üz-üzə dayanır). Yoldaş Trotski, bizim Antanta ilə savaşımızın səbəb və nəticələrini təhlil etmək üçün qısa bir görüş kifayət deyildir. Bunun üçün bizə çox uzun bir vaxt lazımdır. Amma təəssüf ki, indi vaxt çox azdır.
    L e v T r o t s k i. Bəli, zamanımız məhduddur. Siz təcrübəli bir sərkərdəsiz. İmperiya ordusuna başçılıq etmisiz. Sizi Avropada çox vaxt Napoleonla müqayisə edirlər. Mən də Qızıl ordunun komandanı olmuşam... Amma indi nə Osmanlı imperiyası var, nə də rus imperiyası.
    Ə n v ə r P a ş a. Bəli. Amma İngilis imperiyası hələ qalmaqdadır.
    L e v T r o t s k i. Bax söhbət elə ondan gedir... Düşünürəm ki, Qızıl ordunun qırmızı bayrağı tezliklə bütün planetin başı üzərində dalğalanacaq. Bəli, dünya yeni bir inqilaba hamilədir. Biz buna azadlıq və inqilab imperiyası da deyə bilərik. Heç kəs bu yolda bizə mane ola bilməyəcək, Ənvər Paşa, yoldaş Ənvər... (Ənvər Paşaya yaxınlaşıb sağ əlini onun çiyninə qoyur). Siz mənə inanırsız?
    Ə n v ə r P a ş a. Bəli, inanıram, yoldaş Trotski. (O da sağ əlini Trotskinin çiyninə qoyur). Mən islam ilə inqilabın birliyinə də çox inanıram.
    L e v T r o t s k i. Mən də sizə inanıram. Dünya inqilabı qaçılmazdır, zəruridir, labüddür. Var olsun dünya inqilabı...
    Musiqi. Onların səsi tədricən eçidilməz olur. Trotski və Ənvər Paşa bir-birlərinin əlini sıxır. Coğqun musiqi səsi get-gedə yüksəlir. Və həmin səs tədricən hərbi döyüş marşına çevrilir. Trotski və Ənvər Paşa əl-ələ tutub səhnənin önünə gəlirlər. Daha sonra onlar bir-birlərindən xeyli aralanıb parad qəbul edirmişlər kimi əllərini gicgahlarına qaldırıb uzaqlara baxırlar. Sanki bu anlarda iki keçmiş sərkərdə tribunadadır. Əvvəlcə rus ordusunun həmin dövrdəki hərbi marşı, sonra isə Osmanlı imperiya ordusunun marşı səslənir.











    Birinci pərdə

    İşıqlar yanıb-sönür. Trotskinin kabineti tədricən gözdən itir.
    Buxara. Bolşeviklərin qərargahı. Divardan Leninin və Trotskinin portreti asılıb. Səslənən marş sədası tədricən azalır.
    Qərargahda iki nəfər- Fayzulla Xocayev və Usman Xoca.

    U s m a n X o c a (əlindəki telaqramı nəzərdən keçirərək). O gün aldığımız teleqramdır. (Oxuyur). “Yüksək çinli zabiti qarşılayarsınız”... Görəsən, bu yüksək çinli zabit kimdir belə? (Gülür). Özü də gəlib çıxmaq bilmir...
    F a y z u l l a X o c ayev. Çox maraqlıdır, teleqramda göndərdikləri adamın adını niyə yazmayıblar?
    U s m a n X o c a. Hə, adı-soyadı yoxdur. (Teleqrama baxır). Amma imza var. Teleqram yoldaş Trotskinin adından göndərilib. Görünür, Kreml məxfiliyi gözləmək istəyir.
    F a y z u l l a X o c ayev. Ola bilər.

    Bayırdan at kişnərtisi və səs-küy eşidilir. Hər ikisi pəncərədən eşiyə boylanır.

    U s m a n X o c a. Fayzulla əkə, eşidirsiz səs-küyü?
    F a y z u l l a X o c ayev. Bəli, Usman əkə, eşidirəm.
    U s m a n X o c a. Deyəsən, bizim gözətçi gələnləri içəri buraxmaq istəmir.
    F a y z u l l a X o c ayev. Onlar nəsə buralar adamına oxşamırlar.
    U s m a n X o c a. Hə, elədir... Oxşamırlar. Amma...
    F a y z u l l a X o c ayev. Nə “amma”?..
    U s m a n X o c a. Amma birinin sifəti yaman tanış gəlir. O irəlidə duran burmabığı deyirəm.
    F a y z u l l a X o c ayev. Bəlkə elə mərkəzin dediyi adam odur...
    U s m a n X o c a. Ola bilər... Qoy köməkçiyə deyim. (Qapıya yaxınlaşıb kiməsə səslənir). Qulam əkə, gözətçiyə de ki, o qapıdakı adamları buraxsın. Sən də get onları gətir bizim yanımıza.

    Bayırdan çırpılan qapı və ayaq səsləri eşidilir.

    F a y z u l l a X o c ayev. (Pəncərədən baxır). Hə, iki nəfər dəstədən ayrılıb içəri keçdi.
    U s m a n X o c a. (Düşüncəli halda). Çox maraqlıdır, çox...
    F a y z u l l a X o c ayev. Maraqlı olan nədir, Fayzulla əkə?
    U s m a n X o c a. (Sanki xəyaldan ayrılır). Elə hər şey, Usman əkə... Hər şey öz-özlüyündə maraq və təəccüb doğurur.

    Qapı taqqıltısı. Tədricən yüksələn və sonra azalan musiqi. İki nəfər mülki geyimli adam daxil olur. Bunlardan biri Ənvər Paşa, digəri Faruq bəydir.

    Ə n v ə r P a ş a. Salam. Xoş gördük, yoldaşlar.
    F a r u q bəy. Gününüz xeyir.

    Onlar əl tutub görüçürlər.

    U s m a n X o c a. Salam. Xoş gəlmisiz. Günaydın...
    F a y z u l l a X o c ayev. Buyurun, əyləşin.
    Ə n v ə r P a ş a. Əyləşməyə zamanımız yox... Zənnimcə tanış olmaq lazım. Yəqin ki, mərkəzdən sizə məlumat gəlib.
    U s m a n X o c a. Bəli. Məlumat almışıq. Sizinlə tanış olmağa şadıq...
    Ə n v ə r P a ş a. Hələ tanış olmamışıq axı. (Gülür). Mənim adım Ali bəydir. Bu yanımdakı isə mənim köməkçim Faruq bəydir.

    Usman Xoca bütün söhbət boyu Ənvər Paşanı diqqətlə süzür.

    U s m a n X o c a. Ali bəy... Hmmm... Mən Usman Xoca Pulatxocayevəm. Bu isə mənim dostum və həmkarım Fayzulla Qubaydullayeviç Xocayevdir. O, Buxara İnqilab komitəsinin və Nazirlər Sovetinin başçısıdır.
    F a y z u l l a X o c ayev. Usman Xoca Pulatxocayev isə Mərkəzi İcraiyyə Komitəsinin sədridir. Özü də Buxarada Qızıl ordunun yaradıcısıdır.
    U s m a n X o c a (gülür). Yox, ordunu birgə yaratmışıq...
    F a y z u l l a X o c ayev. Ali bəy, belə çıxır ki, Siz əslən türksüz...
    Ə n v ə r P a ş a. Bəli, mən əslən türkəm. Türk zabitiyəm. Əslində biz hamımız türkük. Sadəcə, biri uyğur türküdür, biri cığatay türkü, biri tatar türkü, biri qaqauz türkü, biri krım türkü, bir başqası Azərbaycan türkü... Mən də Osmanlı türküyəm. Bizim zabit heyətinin yeni qurulmuş Sovet hökuməti ilə saziş var. Burada təzə ordu qurmalıyıq.
    U s m a n X o c a. Burada, yəni harada?
    Ə n v ə r P a ş a. Təbii ki, Türküstanda, Buxarada, Səmərqənddə...
    F a y z u l l a X o c ayev. Belə çıxır ki, Siz Türkiyədən gəlmisiz...
    Ə n v ə r P a ş a. Bəli, düz anlamısız...
    F a y z u l l a X o c ayev. Ötən il yüksək çinli bir türkiyəli zabit də gəlmişdi...
    U s m a n X o c a. Camal Paşa...
    Ə n v ə r P a ş a. Bəli, bəli... Doğrudur.
    U s m a n X o c a. O da ordu yaratmaq istəyirdi. Amma buradakı qırmızı bolşevik zabitlər onu az qala süngü ilə qarşıladılar.
    Ə n v ə r P a ş a. Bu fakt da mənə məlumdur.
    F a y z u l l a X o c ayev. Bəs Siz inanırsız ki, burada basmaçılara qarşı vuruşa biləcək bir ordunu qura biləcəksiz?
    Ə n v ə r P a ş a. Yəni basmaçılar bizim təsəvvür etdiyimizdən daha güclüdür? Əgər belədirsə Buxaranı bu qırmızılardan niyə azad edə bilmirlər?
    U s m a n X o c a. Bu gün Türküstanın əsas strateji hissəsi qırmızıların nəzarəti altındadır...
    F a y z u l l a X o c ayev. Yaxşı, Ali bəy, Siz buraya hansı yolla gəlib çıxdınız?
    Ə n v ə r P a ş a. Biz əvvəlcə Moskvadan Bakıya getdik. Azərbaycanda mənim tanışlarım çoxdur. Sonra oradan İrana keçdik. İranda da dostlarımız az deyil. Daha sonra Əfqanıstan ərazisinə daxil olduq... Bir sözlə, uzun bir məsafə qət etmişik. (Faruq bəyə). Faruq bəy, lütfən bayırdakı dostlara de ki, atların cilovunu boşaltsınlar... Mən də bir azdan gəlirəm.
    F a r u q bəy. Baş üstə.

    Faruq bəy əlini gicgahına aparıb əsgəri addımlarla çıxır.

    F a y z u l l a X o c ayev. Ali bəy, yəqin ki, Mərkəzdə bizim barəmizdə Sizə məlumat veriblər...
    Ə n v ə r P a ş a. Bəli, müəyyən məlumata malikəm.
    F a y z u l l a X o c ayev. Usman Xoca da Türkiyədə təhsil alıb...
    Ə n v ə r P a ş a. Eləmi? Nə gözəl? Çox məmnun oldum.

    Pauza. Usman Xoca ilə Ənvər Paşa sanki sınayıcı baxışlarla bir müddət bir-birilərini süzürlər.

    U s m a n X o c a. Mən də çox şadam.
    Ə n v ə r P a ş a. Siz Türkiyədə hansı illərdə və harada təhsil almısız?
    U s m a n X o c a. Beş il İstanbulda oxumuşam... Səkkizinci ildən ta on üçüncü ilədək...
    Ə n v ə r P a ş a. Anladım... Gözəl illər idi... (Ani fikrə gedir). Onda biz hamımız gənc idik.
    U s m a n X o c a. Mən Sizi görən kimi tanıdım. Siz Ənvər Paşasız.
    F a y z u l l a X o c ayev. Ənvər Paşa? (Heyrətlə). Bəs bunu niyə bayaqdan demirsiz?
    Ə n v ə r P a ş a. Onsuz da gec ya tez bir-birimizi yaxından tanımalı idik.
    U s m a n X o c a. Mən İstanbulda olan illərdə Siz Osmanlının ən tanınmış bir adamı idiniz. Gənc türkçülər hərəkatına başçılıq edirdiniz. Əslində həmin vaxt mən özüm də türkçü idim...
    Ə n v ə r P a ş a. Bəs indi necə? (Gülür). Yoxsa gənclik ideallarınızdan əl çəkmisiz?
    U s m a n X o c a. Biz indi xalqımızın yolunda çalışır, onu azad görmək istəyirik.
    Ə n v ə r P a ş a. Azad?
    U s m a n X o c a. Bəli, biz azad və müstəqil Türküstanda yaşamaq istəyirik.
    Ə n v ə r P a ş a. Bu azadlığın qarantı kim olacaq, Xocam?
    F a y z u l l a X o c ayev. Lenin yoldaş və bolşeviklər.
    Ə n v ə r P a ş a. Hmmm... Xoş arzulardır.

    Bayırdan at kişnərtisi eşidilir, az sonra qapı şiddətlə döyülür.

    F a y z u l l a X o c ayev. Buyurun. (Qapıya yaxınlaşır). Buyurun, yoldaş komandir.

    Qırmızı Komandir daxil olur. Bu, hərbi geyimli Qırmızı ordu zabitidir. Zabitin belində güllə qatarı, çiynində silah var. Onlar görüşürlər.

    Q ı r m ı z ı K o m a n d i r. Hamınızı salamlayıram.
    F a y z u l l a X o c ayev (Ənvər Paşaya). Bu, bizim cəsur, qəhrəman Qızıl ordu komandirlərindən biridir.
    Q ı r m ı z ı K o m a n d i r. Xoş sözlərə görə təşəkkür edirəm. Amma mənim vaxtım çox məhduddur. Əsgərlərimizi ərzaqla təcili surətdə təmin etmək lazımdır.
    U s m a n X o c a. Bura baxın, yoldaş komandir. Axı sizin özünüzün kifayət qədər ərzaq ehtiyatınız olmalıdır...
    Q ı r m ı z ı K o m a n d i r. Sizin dediyiniz o “ehtiyat” yalnız kağız üzərindədir. Əsl həqiqət isə bir az başqa cürdür.
    F a y z u l l a X o c ayev. Oldu, yoldaş komandir. Sabah gələrsiz, ətraflı danışarıq.
    Q ı r m ı z ı K o m a n d i r. Bura baxın, boş-boş danışmaqla əsgərin qarnı doymaz. Biz real işlərlə məşğul olmalıyıq.
    U s m a n X o c a. Sizə deyildi ki, sabah... İndi qonağımız var. Mərkəzdən gəlib.
    Q ı r m ı z ı K o m a n d i r (tərs-tərs Ənvər Paşanı süzür). Qonağın haradan gəlməsinin bizim üçün elə bir əhəmiyyəti yoxdur. Biz yalnız İnqilabi Hərbi Şuranın sədri və Hərbi komissarımız Trotski yoldaşa tabeyik. Trotski yoldaş deyir ki, ordu xalqın, xalq isə ordunun qulluğunda durmalıdır. Amma bizim bildiyimizə görə, burada xalq bizim ordunun yox, basmaçıların tərəfində durur...
    F a y z u l l a X o c ayev. Yoldaş komandir, indi bu söhbətin yeri deyil. Sabah gələrsiniz, biz də ümumi bir qərara gələrik...
    Q ı r m ı z ı K o m a n d i r. Sabah, sabah... Siz bizə yox, bəlkə də basmaçılara işləyirsiz...
    U s m a n X o c a. Xahiş edirəm buranı tərk edin. Bizimlə bu cür danışmağa Sizə heç kəs ixtiyar verməyib. (Zabitin qolundan tutub qapıya sarı çəkir). Gedə bilərsiz...
    Q ı r m ı z ı K o m a n d i r. Bu nə zorakılıqdır Qızıl Orduya qarşı? Mən indi sizinlə necə lazımdırsa... Basmaçı töküntüləri...

    Zabit əlini tüfəngə sarı atır. Ənvər Paşa cəld irəli yeriyib zabitin qolunu burur, silahı onun əlindən alır. Güllə səsləri eşidilir. Ənvər Paşa silahı Usman Xocayevə verir.

    Ə n v ə r P a ş a (zabitə sakit tonda). Sakit olun. Görünür Sizə silahla necə davranmağın qaydasını öyrətməyiblər.
    Q ı r m ı z ı K o m a n d i r. Yaxşı, bizimki qalsın sonraya. (Tələsik qapıya yaxınlaşır). Görüşərik.

    Qırmızı Komandir çıxır.

    U s m a n X o c a. Bu axmaq silahını da qoyub getdi.
    F a y z u l l a X o c ayev. O silahı verin mənə.
    U s m a n X o c a. Buyurun.

    Fayzulla Xoca silahı alıb cəld qapıya yaxınlaşır, silahı kiməsə uzadır.

    F a y z u l l a X o c ayev. Qulam əkə, cəld bu silahı indi qapıdan çıxan o qırmızı zabitə çatdır. (Silahı verib geri dönür, Ənvər Paşaya). Görürsüz də biz kimlərlə işləməyə məcburuq?
    Ə n v ə r P a ş a (başını yellədir). Bəli, görürəm. Həm təəssüf, həm də təəccüb edirəm.

    Eşikdən güllə səsi və at ayağının tappıltısı eşidilir.

    U s m a n X o c a. Bunların çoxu belədir... Halbuki bu ordunun əsasını Usman Xoca ilə biz qoymuşuq.
    F a y z u l l a X o c ayev. İndi öz yaratdığımız ordunun zabiti bizə hədə-qorxu gəlir.
    U s m a n X o c a. Deyir ki, xalq niyə kömək etmir? Bu bədbəxt xalq kimə kömək etsin? Basmaçılara, sovet ordusuna, yoxsa quldurlara? Hamı xalqdan umur. Xalq isə boğaza yığılıb. O, indi ayaq üstə zorla durur.
    F a y z u l l a X o c ayev. Ənvər Paşa, biz sizin kimi məşhur sərkərdənin gəlişindən məmnunuq. Usman əkə, yaxşı olar ki, qonaq mənimlə getsin.
    U s m a n X o c a. Fayzulla əkə, mən sizdən bir xeyli böyüyəm. Əslində elə Ənvər Paşadan da böyüyəm. (Gülür). Əlbəttə, mən yaşca böyük olduğumu nəzərdə tuturam. Əgər icazə versəniz Paşam mənim qonağım olar.
    Ə n v ə r P a ş a. Doğrusu, mən öz zabitlərimizlə bir yerdə qalmaq istəyirəm.
    U s m a n X o c a. Paşam, problem yoxdur. Elə zabitlər də bizimlə gedər. Yerimiz genişdir. (Gülür). Siz burada qonaqsız. Amma orduda sizin sözünüz daha keçəridir. Döyüşdə biz sizə tabeyik, amma sülh vaxtı siz bizə...
    Ə n v ə r P a ş a. Nə deyirəm. Qoy siz deyən olsun.

    Gülüşürlər.

    U s m a n X o c a. Elə isə, haydı getdik. (Qapıya sarı). Qulam əkə, atları hazırla. Bizə gedəcəyik.

    Musiqi. İşıqlar yanıb-sönür. At kişnərtisi, külək vıyıltısı eşidilir. Sonra tədricən səhnə, işıq və musiqi dəyişir. Usman Xocanın yaşadığı ev. İri otaq. Həzin melodiyanın sədaları altında ağ geyimli bir qadın zühur edir. O, real adamdan daha çox, bir xəyal və ya bəyaz bir kölgə kimi kimi süzərək otaqda dövrə vurur. Bu xəyal- qadın T ö v f i y adır.
    Sonra həmin həzin musiqini sufi rəqsi əvəzləyir. Qadın sanki havada “uçur”, otağın dörd bir küncündə fırlanır.
    Az sonra Musiqi Ənvər Paşa və Fayzulla Xocayev. Qadın titrək, hürkək bir kölgə kimi sonsuzluğa çəkilir. Sufi melodiyası bir müddət davam edir.

    U s m a n X o c a. Mən İstanbulda təhsil alarkən çox şeyi yenidən dərk etdim. Mən orada təkcə şərq və qərb dillərini öyrənməklə kifayətlənmədim. Gözümün açılmağında Sizin başçılıq etdiyiniz İttihad və Tərəqqi Cəmiyyətinin, gənc türkçülərin də rolu az olmadı... Aydın insanlarla, məsələn Yusif Ziya, Zəki Validi Toqan, Əhməd bəy Ağaoğlu ilə tanış oldum. Krıma gedib İsmayıl Qaspirinskini tapdım, onunla olan söhbətlər də hədər getmədi...
    Ə n v ə r P a ş a. Onların hamısı qiymətli insanlardır. Mən də həmin adamların çoxu ilə görüşmüşəm. Dostumuz Yusif Ziya bəy isə mənə mütəmadi məktub göndərir. Mən onun məktublarını həm İstanbulda, həm Berlində, həm də Moskvada almışam. Yəqin ki, tezliklə Buxaraya da yazacaq...
    U s m a n X o c a. Çox məmnun oldum... (Pauza). Yaxşı, Paşam, keçək əsas məsələyə... Siz burada necə ordu qurmaq istəyirsiniz?
    Ə n v ə r P a ş a. Mən bu barədə artıq sizə müəyyən şeyləri dedim. Bəli, Kreml rəhbərləri məni buraya şərtlərlə göndərmişdi. Mən burada almanlarda olduğu kimi mobil, döyüşkən bir ordu yaratmağa söz vermişdim. Bu ordu bolşeviklərə xidmət etməli idi... (Gülür). Amma mən bolşevizmin mahiyyətinə bələd olandan sora... Qalanı artıq sizə məlumdur.
    U s m a n X o c a. Ruslar çağdaş ordu barədə fikirləşmirlər də. Əslində onlara belə bir ordu heç lazım da deyil.
    Ə n v ə r P a ş a. Niyə belə düşünürsüz?
    U s m a n X o c a. Ruslar tarix boyu bir çox dövlətlərin ordusuna qalib gəlib. Amma bu qələbə keyfiyyətli orduya və texniki imkanlara görə yox, çox vaxt əsgərlərin kəmiyyətinə görə əldə olunub. Onlar üçün əsgər məhz ölmək və öldürmək üçün doğulub. Yəni əsgər həyatının qiyməti bir qara quruşa dəyməz.
    Ə n v ə r P a ş a. Əslində elə əsgərin qarşısında duran başlıca vəzifə bu olmalıdır: ölmək və öldürmək. Amma baxır nə uğrunda ölmək və kimi öldürmək? Düzdür, bu suallara adətən əsgərlər yox, komandirlər cavab verməli olurlar... Dediyim kimi, mən artıq o fikirdən tam daşındım...
    U s m a n X o c a. Səbəb nə oldu, Paşam?
    Ə n v ə r P a ş a. Səbəb? Səbəb odur ki, bolşeviklər Türküstan cəbhəsində mənə tələ qurmaq istəyirlər. Amma indi bu tələni mən onlara quracağam. Bu, bir. İkincisi, mən dərk etdim ki, bolşeviklərə müstəqil düşüncə sahibi olan adamlar gərək deyil. Ücüncüsü, onlar təkcə zənginlərin yox, elə kasıbların da qənimidir. Məsələn, basmaçıların çoxu...
    U s m a n X o c a. Bu qırmızı alçaqlar olmasaydı xalq öz ev-eşiyindən didərgin düşüb silaha sarılmazdı... Basmaçı hərəkatı elə bolşeviklərə görə yarandı. Bolşeviklər bizim xalqa yalnız fəlakət gətirdilər. Verdikləri vədin heç birinin üstə durmadılar. Etiraz edən xalqa divan tutdular. Hələ bunlar azmış kimi, onsəkkizinci ilin yanvarında Türküstana onbir eşalon silahlı adam gətirdilər. Onların çoxu daşnaklar idi.
    Ə n v ə r P a ş a. Yəni erməni silahlıları...
    U s m a n X o c a. Bəli... Onlar təkcə Kokand şəhərində üç gün ərzində onmindən çox günahsız adamı qətlə yetirdilər. Onlar Fərqanə vadisində, Əndicanda, Oşda, Namanqanda minlərlə vətəndaşımıza divan tutdular. Əlbəttə biz daşnakların öhdəsindən özümüz gələ bilərdik. Amma onların arxasında bolşeviklər dururdu. Ermənilər deyirdilər ki, biz türk xalqlarından osmanlıların hayıfını alırıq... Genosid-filan söhbəti edirlər...
    Ə n v ə r P a ş a. Əlbəttə, bunların hamısı uydurmadır. Onlar hələ nağıllar aləmindən ayrılmayıblar. Hansısa bir genosiddən söhbət belə gedə bilməz.
    Ə n v ə r P a ş a. Bilirəm, Paşam. Təəssüf ki, kimin kimlə qoşalaşdığını hələ çoxları yaxşı dərk etmir.
    Ə n v ə r P a ş a. Biz basmaçıları öz tərəfimizə çəkməliyik... Xocam, sizə açıq demək istəyirəm. Mən müstəqil bir ordu yaratmaq istəyirəm. O ordu bütün əzilən xalqların yolunda canından keçməyə hazır olacaq.
    U s m a n X o c a. Bəlkə fikrinizi bir az aydın, konkret deyəsiz...
    Ə n v ə r P a ş a. Bolseviklər uçun insan heç nədir. Onlar insanla birgə insanlığın üz tutduğu bütün dinləri, o cümlədən islam dinini ayaq altına atırlar. Özləri deyirlər ki, əstəffürullah, “biz yer üzündəki bütün dinlərə tüpürürük”. Onlar insanlara sürü kimi, heyvan kimi, ən yaxşı halda sözə baxan canlı bir alət kimi baxırlar. Mən bolşevizmə bələd olduqca onların nə qədər təhlükəli bir ünsür olduqlarını daha yaxşı anlayıram.
    U s m a n X o c a. Mən sizin dediklərinizlə şərikəm. Bu savadsiz kütlə hələ küyə gedir, qırmızıların qırmızı yalanlarına inanır. Onların çoxu azadlığın nə olduğunu bilmirlər. Belə hesab edirlər ki, azadlıq bir tikə çörək və ya qarın doldurmaqdan ibarətdir...
    Ə n v ə r P a ş a. Azadlığı heç bir xalqa qızıl nimçədə gətirmirlər. Onun uğrunda vuruşmaq, yeri gələrsə qan tökmək lazımdır. Biz bunu insanlara başa salmalıyıq.
    U s m a n X o c a. Paşam, insan da torpaq kimidir. Torpaqdan palçıq da əmələ gələ bilər, qranit də...
    Ə n v ə r P a ş a. Xocam, biz qranit yaratmalıyıq... Daha doğrusu, qranit kimi sarsılmaz bir ordu... O ordunun bayrağı altında azadlıqsevər türklər toplaşacaq. Əlbəttə, o bayrağın altında digər xalqların və dinlərin nümayəndələrinə də yer tapılacaq.
    U s m a n X o c a. Siz belə bir ittifaqın mümkünlüyünə inanırsız?
    Ə n v ə r P a ş a. Mən buna öz varlığım kimi inanıram.
    U s m a n X o c a. Paşam, elə isə nədən başlamalı?
    Ə n v ə r P a ş a. İlk növbədə özümüzdən... Usman Xocam, bir az da açıq danışmaq istəyirəm. (Pauza). Mənim niyyətim basmaçılarla, daha doğrusu onların başçısı İbrahim bəylə görüşməkdir.
    U s m a n X o c a. Bəs sonra?
    Ə n v ə r P a ş a. Sonra İbrahim bəy vasitəsi ilə Buxara Əmiri Seyid Alim xanlə əlaqə yaratmaq.
    U s m a n X o c a. Seyid Alim xan artıq Əfqanıstandadır. O, orada şahın himayəsindədir.
    Ə n v ə r P a ş a. Bilirəm...
    U s m a n X o c a. Paşam, mən Sizə xəbərdarlıq etmək istəyirəm: Mərkəz bu addıma görə heç vaxt bağışlamayacaq.
    Ə n v ə r P a ş a. Kimi?
    U s m a n X o c a. Nə sizi, nə də bizi.
    Ə n v ə r P a ş a. Elədir. Amma biz müdafiə mövqeyində yox, daim hücumda olmalıyıq. Biz Kremldən rəhm və ədalət gözləyə bilmərik... Bu gün Sizin köməyinizə ehtiyacımız çoxdur, Usman Xoca. Mən buradakı insanların demək olar ki, heç birini tanımıram. Mən Buxaranın nüfuzlu insanları, o cümlədən basmaçıların rəhbərləri ilə görüşmək istəyirəm.
    U s m a n X o c a. Mənim bir çox komandirlərlə tanışlığım var. Çalışıb onlarla əlaqə yaradaram. Hazırda əksər basmaçı qüvvələr İbrahim bəy Lokaya tabedir. Bizimkilərdənsə Buxara Respublikasının hərbi naziri Abdulxay Arifov mənə daha yaxındır. Hesab edirəm ki, o da bizim səsimizə səs verər. İgid ordu komandanları Daniyar bəylə və Tələtzadə ilə də əlaqə yaratmaq imkanımız var.
    Ə n v ə r P a ş a. Bəs Fayzulla Xoca necə?
    U s m a n X o c a. Paşam, lütfən onun adını bizim sırada çəkməyin. Fayzulla Qubaydullayeviç Xocayev təpədən-dırnağa qədər bolşevikdir. Mən ona yaxşı bələdəm. Mən onunla çox söhbət etmişəm. O, bu quruluşa çox inanır. Təbii ki, səhv edir...
    Ə n v ə r P a ş a. Səhv edən təkcə Fayzulla bəy deyil ki... Milyonlar səhv edir.

    Onlar divardakı şəkilləri nəzərdən keçirirlər.

    U s m a n X o c a. Paşam, bir şey soruşum. Bilirəm ki, Siz imperatorun kürəkənisiz. Bəs övladlarınız varmı?
    Ə n v ə r P a ş a. Bəli... Naciyə Sultan mənim üç övladımın anasıdır. Mahipeykərin beş, Türkanın dörd, Əlininsə artıq iki yaşı var. İndi onlar Almaniyada, qardaşım Kamilin himayəsindədir.
    U s m a n X o c a. Hamısını Allah saxlasın. Mənim arvadım Fatimə də mənə üç övlad bəxş edib. İki oğlum var-Əkrəm və Tolib. Qızımın adı isə Rabiyədir.
    Ə n v ə r P a ş a. Cəmi övladları Allah saxlasın... Biz həm də onların gələcəyi üçün vuruşuruq.
    U s m a n X o c a. Bəli. Elədir. (Pauza). Ənvər bəy, icazənizlə mən gedim... Bəzi adamlarla görüşməliyəm. İ
    Ə n v ə r P a ş a. Oldu, xocam. Sizə yaxşı yol. Tezliklə görüşərik.
    U s m a n X o c a. Hələlik...

    Usman Xoca gedir. Hüznlü musiqi. Ənvər Paşa stulda əyləşib başını əllərinin arasına alır. Az sonra Faruq bəy gəlir.

    F a r u q bəy. Paşam, sizə məktub var.
    Ə n v ə r P a ş a. Məktub?
    F a r u q bəy. Bəli. Bu məktubları bayaq çapar gətirdi.
    Ə n v ə r P a ş a. Oldu. Bura ver. Təşəkkür edirəm.

    Ənvər Paşa məktubları alıb ötəri baxır.

    Gedə bilərsən, Faruq bəy..
    F a r u q bəy. Sağ olun.

    Faruq bəy əsgəri addımlarla otağı tərk edir. Ənvər Paşa əlindəki məktubları diqqətlə nəzərdən keçirir.

    Ə n v ə r P a ş a (məktublardan birinə diqqətlə baxıb gülümsəyir). Canım Naciyə... Mənim ruhum. (Məktubu açıb burnuna yaxınlaşdırır). Ay güllər şahzadəsi, sənin məktubundan da gül-çiçək ətri gəlir. Görüm nə yazmısan? Yaxşısanmı?.. Məktubumu aldınmı? (Məktubu oxuyur). “Salam, mənim Ənvərciyim. Necəsən, həyatım?

    Musiqi sədası tədricən artır. Ənvər Paşanın səsi eşidilmir. Sanki dumanın içindən bir titrək xəyal kimi bəyaz geyimli bir qadın zühur edir: bu, Naciyə Sultandır. Qadın qollarını qanad kimi yana açaraq dövrə vurur, sonra ayaq saxlayıb uzaqlara baxır; o, sanki Ənvər Paşanı görmür.

    N a c i y ə S u l t a n. “Salam, mənim Ənvərciyim. Necəsən, həyatım? Mən sənim Moskvadan və Buxaradan yazdığın məktubu aldım. Berlində havalar soyuqdur hələ. Buradakı qəzetlər arada səndən yazır. Bilirəm, sən savaş adamısan. Amma onu da bilirəm ki, bu dünyada savaşsız barış da ola bilməz. Ona görə deyirəm ki, sən həm də barış adamısan...”

    Musiqi tədricən yüksəlir. Ənvər Paşa məktubu oxusa da onun səsi eşidilmir. Musiqi qismən azalır. Naciyə Sultan əl edərək uzaqlaşır. Ənvər xəyal kimi gözdən itməkdə olan qadının arxasınca addımlayır.

    Ə n v ə r P a ş a. “Naciyəciğim, sevgili sultanım, cici efendiciğim... Ah… Naciye, beni seviyor musun? Bana sadık mısın? Seni buselerimle boğar, sonra canını yakarım. Beni sev ve öp Naciyeciğim. Ruhum efendiciğim...” (Dayanıb ətrafa baxır). Haraya qeyb oldun? Niyə belə tez getdin?
    N a c i y ə S u l t a n. “Mən səni öpürəm, Ənvərcigim...”
    Ə n v ə r P a ş a (məktubdan oxuyur). “Mən səni öpürəm, Ənvərcigim...” (Başını qaldırır). Mən də... Mən səni bağrıma basıram, ruhum, canım, Naciyəciğim...

    Naciyə Sultan qeyb olur. Ənvər geri qayıdıb stolun üstündəki digər məktubu götürərək diqqətlə baxır.

    Ə n v ə r P a ş a. Bəs bu məktub kimdəndir? Hmmm... Tövfiya. Tovfiya... Mən haraya gedirəmsə sən məni izləyirsən, Tovfiya. Nədir axı sənin istəyin?.. Mən savaş adamıyam. Başa düşürsən? Mən ailəli bir insanam. Anlayırsan məni?

    Bayaqkı musiqi yenidən səslənir. Bəyaz geyimli Tövfiya sanki uça-uça gəlir. O, ilk baxışda bu geyimdə Naciyə Sultana bənzəyir. Ənvər Paşa çaşqın halda bu xəyal-qadına baxır. Sonra asta addımlarla ona yaxınlaşır. Onlar üz-üzə dayanırlar. Qadın qarşısında dayanmış Ənvər Paşanın çiyinləri üstündən məchul bir nöqtəyə baxır, sanki onun baxışları aradığı adamın yerini uzaqlarda müəyyənləşdirib. Ənvər Paşa başını aşağı salıb məkyubu oxuyur.

    Ə n v ə r P a ş a (məktubu oxuyur). “Mən Tövfiyayam, Paşam...” (Başını yuxarı qaldırıb düşüncəli halda). Tövfiyə...
    T ö v f i y a. “Mən Tövfiyayam, Paşam. Gözlərim daim səni arayır. Sən mənim bu Yer üzündəki yeganə ümidim və pənahımsan. Sən mənim xilaskarımsan. Bəlkə də sən olmasaydın indi bu dünyada mən də yox idim... Mən bu məktubu yaxınlıqdan yazıram. Sən bu tərəflərə gələndə payız idi... İndi qışdur. Artıq baharın ətri duyulur. Mən özümü sənin ömrünün bir güllü yazı hesab edirəm... Yanında olmağın üçün sənin kiçicik bir işarən kifayətdir. Bilirəm, sən savaş adamısan. Amma mən sənin yanında daim bir sülh mərəyi olmaq istəyirəm...”

    Ə n v ə r P a ş a (məktubu oxuyur). “...mən sənin yanında daim bir sülh mərəyi olmaq istəyirəm...” (Başını qaldırır). Mən heç bir barış mələyini istəmirəm. Mən öz Naciyəmdən başqa heç kəsi sevmirəm...

    Tövfiya səhnə boyu dövrə vurub gözdən itir. Ənvər Paşanın əlindəki məktub yerə düşür. O, stola yaxınlaşıb digər bir məkyubu götürür. Diqqətlə zərfə baxır.

    Ə n v ə r P a ş a. Mənim köhnə dostum Axund Yusif Ziya Talıbzadə... Çox gözəl bir insan. Biz onunla həmişə məktublaşırıq. (Məktubu oxuyur). “Salam, qardaşım Ənvər bəy, mən sənin məktubunu aldım. Öyrəndim ki, sən Türküstandasan... Sonra bu barədə qəzetlərdə oxudum...”

    Musiqi dəyişir. Azərbaycan melodiyası səslənir. Yusif Ziya bir xəyal kimi zühur edir. O, başdan-ayağa bəyaz geyimdədir.

    Y u s i f Ziya. “Salam, qardaşım Ənvər bəy, mən sənin məktubunu aldım. Öyrəndim ki, sən Türküstandasan... Sonra bu barədə qəzetlərdə oxudum...” Əgər mənim əhvalımı öyrənmək istəsən bildirim ki, 1918-ci ilin sentyabrında sənin xeyir-duan və Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun tərkibində Bakıya gəldim. Mən Yardım alayının rəisi kimi Bakının işğalçılardan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə iştirak etdim. Bildiyin kimi, iki illik cümhuriyyət dönəmində mən Azərbaycanla Türkiyə arasında əlaqələrin möhkəmlənməsi üçün çox çalışdım. Nə yazıqlar ki, biz müstəqilliyimizi qoruyub saxlaya bilmədik. 1920–ci ildə Vətənimiz bolşeviklər tərəfindən istila olundu. Mən bizdə qurulan yeni hökumətin başçısı Nəriman Nərimanovla köhnədən yaxın dost idim. Ədalət naninə deməliyəm ki, Nəriman bəy xalqını sevən adamdır. O, dünyaya səpələnmiş ziyalılara müraciət edib onları vətənə dəvət etdi. Həmin dəvəti qəbul edənlərdən biri də mən oldum. Doktor Mostva ilə danışıb məni Naxçıvana hərbi komissar təyin etdi. Mən hətta bir müddət Naxçıvanın xarici işlər naziri işlədim. General rütbəsi aldım. Amma başım böyük müsibətlər çəkdi. Hər addımda bolşeviklərin haqsızlığı ilə üzləşirdim. Dözə bilməyib Nərimanovun yanına getdim. Xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsin. Doktor mənə dedi ki, bir az səbr et, gözlə... İndi mən bir neçə gündür ki, Bakıdayam, səbrsizliklə Nəriman bəyin cavabını gözləyirəm... Çox güman ki, buradan birbaşa sənin yanına gələcəm. Axı mən özüm də əsgərəm, döyüşçüyəm...”

    Ə n v ə r P a ş a (məktubu oxuyur). “Axı mən özüm də əsgərəm, döyüşçüyəm...” (Başını qaldırır). Mən sənin yolunu səbrsizliklə gözləyirəm, Axund.

    Yusif Ziya qısa bir müddətə görünməz olur. Ənvər Paşa ağır addımlarla gəzişir, var-gəl edir. Az sonra iki qadın və bir kişi sufi melodiyasının təsiri altında rəqs edir. Hiss olunur ki, bu adamlar bayaqdan xəyal kimi zühur edən məktub sahibləridir. Onlar, artıq məlum olduğu kimi, tamam ağ geyimdədirlər.
    Bir qədər sonra rəqs edənlər kölgə kimi çəkilib gedir.
    Musiqi və məkan dəyişir. Basmaçıların iqamətgahı. At kişnərtisi və səs-küy eşidilir. Ənvər Paşa, İbrahim bəy və Davlatmand bəy. Onların hamısının belində qılınc, çiynində silah var. İbrahim bəy və Davlatmand bəy basmaç geyimində, Ənvər Paşa türk əsgəri geyimində.

    İ b a r a h i m bəy. Ənvər bəy, bizim üçün çox maraqlıdır, buraya gəlməkdə sənin məqsədin nədir?
    Ə n v ə r P a ş a. Mənim məqsədim bir-biri ilə vuruşan-didişən bu dəstələrin hamısını bir yerə toplamaqdır.
    İ b a r a h i m bəy. Bəs sonra?
    Ə n v ə r P a ş a. Sonra? Ta sonrası məlumdur... Bəyəm bir yumruq kimi birləşib bir bayraq altında vuruşan ordu, daha qüdrətli olmazmı?..
    D a v l a t m a n d bəy. Yaxşı, bəs həmin ordu kimə tabe olmalıdır, Ənvər Paşa?
    Ə n v ə r P a ş a. Necə yəni kimə? Əlbəttə, vahid komandanlığa...
    D a v l a t m a n d bəy. Bəs həmin vahid komandan kim olacaq?
    Ə n v ə r P a ş a. Əcaba, bunun bir fərqi var ki?..
    İ b a r a h i m bəy. Əlbəttə, var... Mən belə görürəm ki, o komandan postunda sən yalnız özünü görürsən, Paşa.
    Ə n v ə r P a ş a. Siz niyə belə düşünürsüz?
    İ b a r a h i m bəy (Davlatmand bəyə istehza ilə). Davlatmand bəy, doğrudan da, axı biz niyə belə düşünürük?
    D a v l a t m a n d bəy (gülür). İbrahim bəy, biz niyə bu cür düşünürük?
    İ b a r a h i m bəy. Bunu bilməyə nə var ki? Axı Ənvər bəy vaxtilə belə bir böyük, hətta bundan daha böyük mənsəbin sahibi olub. O, böyük bir imperiyanın əsgəriyyə nazirliyinə başçılıq edib. O, yenə də...
    Ə n v ə r P a ş a. Xeyr, indi zaman başqadır, İbrahim bəy.
    İ b a r a h i m bəy. Bəli, Ənvər bəy, bu gün məhz ayrı bir zəmanə gəlib yetişib. Düzdür, biz bolşeviklərə qarşı, sənin dediyin kimi, hamımız bir bayraq altında vuruşmuruq. Əslində, bu cür “birliyə” heç ehtiyac da yoxdur. Biz müxtəlif cinahlarda savaş açmışıq. Çünki bu, elə belə də olmalıdır. Hər kəs öz torpağı, öz ailəsi, öz arvad-uşağı uğrunda mübarizə aparır. Burada nə vahid komandanlıq, nə birlik? Bu bir nağıldır...
    Ə n v ə r P a ş a. Siz nə üçün belə düşünürsünüz?
    İ b a r a h i m bəy. Bunun üçün bizim əsasımız var. Burada dağ döyüşləri, səhra döyüşləri, meşə döyüşləri, dərə-təpə, küçə-dalan döyüşləri gedir, Ənvər Paşa. Döyüşlər dağınıq ərazilərdə getdiyinə görə bu yerlərdə vuruşan dəstələr də dağınıq olmalıdır.
    Ə n v ə r P a ş a. Mən yenə sözümün üstdə dururam. Biz bu dağınıq dəstələri bir yerı yığmalıyıq. Əgər buna nail olmasaq sonumuz ölümdür...
    D a v l a t m a n d bəy. Mən anlamadım: sən bu sözləri kimin adından kimin ünvanına deyirsən?
    Ə n v ə r P a ş a. Mən bunu öz adımdan deyirəm, Davlatmand bəy. Sözümün yetəcəyi ünvan isə bütün türk və müsəlman dünyasıdır. Bizi məhv edən şey bilirsiz nədir?
    D a v l a t m a n d bəy. Nədir? Deyin biz də bilək...
    Ə n v ə r P a ş a. Birinin dediyini o birinin eşitməməsi... Bu cür zehniyyətlə yaşamaq, burnunun ucundan qabağı görməmək, aza qane olmaq, öz ailə və arvad-uşağı uğrunda cəbhə açmaq bizi yalnız məğlubiyyətə apara bilər... Niyə anlamaq istəmirsiz ki, biz türk-islam dünyası uğrunda vuruşmalıyıq? Niyə?..
    D a v l a t m a n d bəy. Ənvər Paşa, deyəsən sən buraya nə üçün gəldiyinin fərqində deyilsən?
    Ə n v ə r P a ş a. Mən? Mən öz millətimin xilası üçün gəlmişəm bura.
    İ b a r a h i m bəy. Mən açıq deyərəm, bizim sıramızda sənə yer yoxdur, Paşa.
    Ə n v ə r P a ş a. İbrahim bəy, Siz niyə belə düşünürsüz?
    İ b a r a h i m bəy. Mən öz düşüncəm üçün heç kəsə, o cümlədən sənə hesabat verəsi deyiləm...
    Ə n v ə r P a ş a. Yəni heç kəsə tabe deyilsiz?
    İ b a r a h i m bəy. Bəli... Düz anlamısan.
    Ə n v ə r P a ş a. Hətta, Seyid Alim xana da?..
    D a v l a t m a n d bəy. Bizim onunla əlaqəmiz zəifdir... Yox kimidir.
    Ə n v ə r P a ş a. Mənim buraya, sizin yanınıza gəlməyim artıq Seyid Alim xana məlumdur.
    İ b a r a h i m bəy (ciddi görkəm alır).. Bunu kim çatdırıb ona?
    D a v l a t m a n d bəy (təəccüblə). Çox maraqlıdır.
    Ə n v ə r P a ş a. Dəqiq deyə bilmərəm kim çatdırıb... Hər halda dünyamız kiçikdir. (Mənalı tərzdə). Olsun ki, qəzetlərdən oxuyub...
    İ b a r a h i m bəy. Hə, Əmir qəzet-kitab oxuyandır, özü oxumasa da başqaları oxuyur onunçün... (İstehza ilə). Amma mən hərfləri zorla tanıyıram.
    D a v l a t m a n d bəy. Axı sən mollaxanada oxumusan...
    İ b a r a h i m bəy. Orada cəmi ilyarım təhsili almışam. (Gülərək onlara). Ta sizin kimi böyük məktəblərdə oxumamışam. Dəftər-kitab görəndə mənim dalağım sancır, başım fırlanır. (Əlini qılıncının dəstəyinə aparır). Mənim işim adam öldürməkdir...
    Ə n v ə r P a ş a. Savaş təkcə ölüm təlim etmək deyil...
    İ b a r a h i m bəy. Deyil?.. (Pauza). Zənnimcə bizim söhbətimiz burada bitdi, Ənvər Paşa.
    Ə n v ə r P a ş a. Xeyr, bizim söhbətimiz hələ təzə başlayır, bəylər.
    D a v l a t m a n d bəy. Sən belə düşünürsən, Paşa?
    Ə n v ə r P a ş a. Bəli.
    İ b a r a h i m bəy (ucadan). Ənvər Paşa, yaxşısı budur ki, sən gəldiyin yerə də qayıdasan.
    Ə n v ə r P a ş a. Mənimçün geriyə yol yoxdur.
    D a v l a t m a n d bəy. Səni buraya Kreml göndərib, elə deyilmi?
    Ə n v ə r P a ş a. Bəli. Amma mən Kremlin göndərdiyi ünvana başqa bir məqsədlə və başqa bir yolla gəlmişəm.
    İ b a r a h i m bəy. Biz sənin buraya gəlişinin məqsədini öyrənib Usman Xoca ilə bir xəbər göndərərik...
    D a v l a t m a n d bəy. Əslində indi bizim heç o Usman Xocaya da bir ehtiyac və etibarımız yoxdur...
    İ b a r a h i m bəy. Nəinki Usman Xoca... Elə Valid Toğan, Abdulxay Arifov da onun kimi...
    Ə n v ə r P a ş a. Bəs onda siz kimə inanırsız?
    D a v l a t m a n d bəy. Yalnız özümüzə...
    İ b a r a h i m bəy. ...və qılıncımıza. Aydın oldu, Ənvər bəy? (Əlini irəli uzadır). Zənnimcə biz indi görüşüb ayrıla bilərik.
    Ə n v ə r P a ş a (əlini kənara çəkir). Bəylər, nəzərə alın ki, mən buradan heç yerə getməyəcəm. Lülədən çıxan güllə geri qayıda bilməz, o, hədəfə dəyməlidir.
    D a v l a t m a n d bəy. Bizə yad tüfəngin nə lüləsi lazımdır, nə də gülləsi.
    Ə n v ə r P a ş a. Mənim hədəfim buradır.
    İ b a r a h i m bəy. Burada sən harada qərar tutacaqsan, Paşa?
    Ə n v ə r P a ş a. Türküstanın hər qarışı mənə əzizdir.
    İ b a r a h i m bəy. Hətta, qazamadı da? (Əlini qılınca atır). Sən həbs olunursan. Ənvər Paşa.
    Ə n v ə r P a ş a. S
    Əslində sevdiyim yerin məhbəsi belə mənə qəbuldur. (Əsəbi halda səsini yüksəldir). Amma deyəsən siz mənə hədəqorxu gəlirsiz?
    D a v l a t m a n d bəy (qılıncını siyirərək). Paşa, bura səninçün Avropa deyil... Biz lazım gələndə öz sözümüzü qılıncla deyirik.
    Ə n v ə r P a ş a. Siz hələ heç qılıncı öz qaydasında tuta bilmirsiz...
    İ b a r a h i m bəy. Bəlkə bizə qılınc tutmaq da öyrədəsən?
    Ə n v ə r P a ş a. Bəli, istəsəniz onu da öyrədə bilərəm.

    Musiqi. Ənvər Paşa cəld əlini atıb qılıncını qından çıxarır. İbrahim bəy və Davlatmand bəy diksinib geri-geri addımlayırlar. Onların üçü də öz qılınclarını eyni vaxtda başlarının üstündə qovzayıb tədricən bir-birlərinə yaxınlaşırlar. Toqquşan qılıncların cingiltisi eşidilir. Hiss olunur ki, Ənvər Paşa hər şeydən əvvəl öz məharətini göstərmək istəyir.
    İbrahim bəy və Davlatmand bəy daha məharətlə qılınc oynadan Ənvər bəyin həmlələrindən bir qədər geri çəkilsələr də öz “pozisiyalarını” hər vəchlə qorumağa çalışırlar. Güc və texnika nümayiş olunan bu “oyun” sonda sanki “iştirakçıların” bərabər “vuruşu” ilə başa çatır. Hər üçünün əlindəki qılınc son dəfə bir-birinə toxunub havada “dimdik-dimdiyə” dayanır. Sanki qılınclar “öpüşür”. Yüksələn musiqi sədası tədricən azalır. Ənvər Paşa bir qədər geri çəkilib cəld bir hərəkətlə öz qılıncını başının üstündə fırladır və sonra onu zərblə yerə sancır.

    Ə n v ə r P a ş a. Hə, indi bu qılıncı götürə bilərsiz. Bax mən indi təslim oluram. Həbs edə bilərsiz... Amma bu şərtlə: əvvəla, mənimlə gələn dəstəni yer-yurdla təmin etməli, ikincisi isə buraya gəlişimi Əmirə xəbər çatdırmalısız.
    İ b a r a h i m bəy. Səninlə gələn dəstə üzvləri də həbs ediləcək. Amma, əmin ola bilərsən, gəlişin barədə Seyid Alim xana məlumat verəcəyik.
    Ə n v ə r P a ş a. Oldu.

    Musiqi. Davlatmand bəy yerə sancılmış qılıncı və Ənvər Paşanın üstündəki silah-sursatı götürür. Uzaqdan at kişnərtisi, atəş səsləri, səs-küy eşidilir. Gedirlər.

    Pərdə





    İkinci pərdə

    Hərbi iqamətgah. Üzərində qızıl hilal olan yaşıl bayraq görünür.
    Arada top gurultusu, güllə səsləri eşidilir. Fonda harasa qaçan, vurnuxan silahlı adamların siluetləri görünür.
    Musiqi. İşıq Ənvər Paşa və Usman Xocanın üstünə düşür. Əvvəlcə onların danışıqları eşidilmir. Sonra musiqi tədricən azalır.

    U s m a n X o c a. Paşam, görünür dünya şöhrətli bir general üçün məhbəs həyatı da lazım imiş...
    Ə n v ə r P a ş a. Güllə qarşısına çıxan əsgər öz ölümünü əvvəlcədən gözünün önünə gətirməlidir. Mənim belə bir qorxum yox...
    U s m a n X o c a. Mən elə bu cür də düşünürəm. Yəqin ki, Düşənbədə başımıza gələnlər barədə məlumatınız var.
    Ə n v ə r P a ş a. Xocam, təfsilatı bilməsəm də baş verənlər haqda eşitmişəm.
    U s m a n X o c a. Demək, mən yeddi yüz nəfərlik dəstə ilə Düşənbəyə gəldim. Axşam Qızıl ordu komissarı Morozenko ilə bir neçə vəzifə sahibini görüşə dəvət etdim. Stol arxasında əyləşdik. Mən onlara təklif etdim ki, Düşənbədəki bütün silah-sursatı bizə təhvil versinlər. Razı olmadılar. Hətta, əvvəlcə elə bildilər ki, mən zarafat edirəm. Göstəriş verdim, onların hamısını həbs etdilər. Onlar məcbur olub razılaşdılar. Tərk-silah üçün qarnizona özümüzünkülərdən iki nəfəri göndərdim. Amma onlar bizi satdılar. Satqınlar həmişə yaxın adamlardan olur. Nəticədə, qarnizondakı qırmızı zabitlər təzə güc toplayıb hücuma keçdilər...
    Ə n v ə r P a ş a. Bu, biabırçılıqdır. Belələrini hərbin ən ağır qanunları ilə cəzalandırmaq lazımdır.
    U s m a n X o c a. Əslində elə də olmalıdır. Nə yazıqlar ki, hərə bir yana dartır.
    Ə n v ə r P a ş a. Birləşə bilmirik...
    U s m a n X o c a. Bəi, elədir, Paşam. Əgər biz əl-ələ verib birləşə bilməsək, düşmən çəkmələri altında qanqal kimi əziləcəyik.
    Ə n v ə r P a ş a. Bunu dərk edənlər çox azdır...
    U s m a n X o c a. Nəinki dərk edənlər... Üstəlik mane olanlar da çoxdur... Elə ilk növbədə İbrahim bəyin adını çəkə bilərəm.
    Ə n v ə r P a ş a. Onun iddiası böyük, döyüş taktikası isə çox bəsitdir. Amma qoçaq, qorxmaz adam olduğunu da demək lazım...
    U s m a n X o c a. Mən ona yaxşı bələdəm. Bu günə görüş təyin etmişik. Davlatmand bəylə buraya gələcəklər.
    Ə n v ə r P a ş a. Mən burada məhbəsdə olarkən Davlatmand bəylə çox söhbətlərimiz oldu. O, bizimlə birlikdə döyüşməyə hazırdır.
    U s m a n X o c a. Seyid Alim Xan Kabuldan ismarış göndərib, İbrahim bəyin sizin rəhbərliyinizə tabe olması barədə göstəriş verib.
    Ə n v ə r P a ş a. Bilirəm, Xocam... Maləsəf, İbrahim bəy Əmirin tapşırığına tabe olmayacağını mənə bəyan etdi.
    U s m a n X o c a. Bu, həm onun özünü, həm də bizim hamımızı fəlakətə apara bilər. (Pauza. Saatına baxıb təəccüblə). Deyəsən, kimsə gəlir.
    Ə n v ə r P a ş a. Hə, Faruq bəydir. (Uzağa baxır). Amma tək deyil...
    U s m a n X o c a. Bəli, yanında kimsə var...

    Faruq bəy və Yusif Ziya gəlirlər.

    Ə n v ə r P a ş a (diqqətlə Yusif Ziyanı süzür, qəfildən onu qucaqlayıb bağrına basır). Yusif bəy? Bu nə xoş bir təsadüf.
    Y u s i f Z i y a. Canım Ənvər Paşa... Heç gözlərimə inanmıram.
    Ə n v ə r P a ş a. (Usman Xocaya). Siz bir-birinizlə tanış deyilsiz ki?
    U s m a n X o c a. Necə yəni tanış deyilik? Yusif Ziyanı tanımamaq olarmı?
    Y u s i f Z i y a. Oooo... Usman Xoca. (Onu qucaqlayır). Nə gözəl... Nə yaxşı. Səni görüb gözəl İstanbulu xatırladım.
    U s m a n X o c a. Yadındamı tanış olmağımız?
    Y u s i f Z i y a. Hər şey yadımdadır. Mən o vaxt Quranı-Kərimin Azərbaycan türkcəsində çixan üçcildlik nəşrini Hacı Zeynələbdinin tapşırığı ilə Sultan Əbdül Həmidə hədiyyə aparmışdım.
    Ə n v ə r P a ş a. Axund, necə gəlib çıxdın bu yerlərə?
    Y u s i f Z i y a. Bu, uzun bir hekayətdir. İndiki halda gəldiyim marşurut haqda qısaca onu deyə bilərəm ki, İrandan Əfqanıstana, oradan da Türküstana keçdim. Bir də ki, Paşam, mən Azərbaycanda xəritə tərtib etmiş ilk adamam. (Gülür). Türk dünyasının bütün gizli-aşkar yolları mənə ovcumun içi kimi bəllidir.
    U s m a n X o c a. Maşallah, Yusif Ziyanın ağlının ziyası bir məmləkətə bəs eləyər.

    Gülüşürlər.

    Ə n v ə r P a ş a. Sizi görməkdən çox məmnun oldum. Vətəndə nə var, nə yox, Axund?
    Y u s i f Z i y a. Vətəndə? (Köks ötürür). Vətəndə bizi sevindirəcək heç nə yox... Mənim buraya gələcəyimi yalnız qardaşım Abdulla Şaiq bildi. O, dedi ki, mənim sözümü Ənvər Paşaya çatdır.
    Ə n v ə r P a ş a. O, nə sözdür elə?
    Y u s i f Z i y a. Şaiq əfəndi dedi ki, Nuru Paşa bizi qara taundan xilas etmişdi. Qoy bizi qırmızı taundan da Ənvər Paşa xilas etsin...
    Ə n v ə r P a ş a. Biz elə buna çalışırıq...
    U s m a n X o c a. Şaiq əfəndi çox doğru demiş...

    At kişnərtisi və səs-küy eşidilir.

    Ə n v ə r P a ş a. Faruq bəy, gör kimdir gələn?..
    U s m a n X o c a. Yəqin ki, İbrahim bəylə Davlatmand bəydir. Burada biz onlarla məsələni birdəfəlik həll etməliyik. Yaxşı ki, Axund da buradadır.

    Faruq bəy çıxır və tez də Davlatmand bəylə qayıdır. Davlatmand bəy hamı ilə bir-bir əl tutub görüşür.

    D a v l a t m a n d bəy. Salam. Xoş gördük, bəylər.
    U s m a n X o c a. Davlatmand bəy, bəs İbrahim bəy, haradadır? Axı siz birlikdə gəlməli idiniz.
    D a v l a t m a n d bəy. Söz veribsə indilərdə gələr. (Mənalı tərzdə). Amma başqa bir yolla.
    U s m a n X o c a. Necə yəni “başqa bir yolla”?
    D a v l a t m a n d bəy. Bəli, elədir. Artıq bizim yollarımız ayrılıb.
    U s m a n X o c a. Mən heç nə anlamadım...
    Ə n v ə r P a ş a. İbrahim bəy nə Əmirin əminə tabe olur, nə də bizim təklifimizə... Sözün qısası, mən belə bir qərara gəldim ki, bütün Balcuvan ordusu Ənvər Paşaya tabe olacaq. Bu barədə Paşama məlumat vermişəm.
    Ə n v ə r P a ş a. Dostlar, arxadaşlar, məsələ belədir: İbrahim bəy bizimlə birləşməkdən tamamilə imtina edir. Mən hələ onun tərəfindən həbs olunarkən dəfələrlə görüşdük. Əmirdən məhbəsə tələb məktubu gəldi. Əmir də bizim birləşməyimizi istəyirdi... Sonra Davlatmand bəy onu dilə tutdu. Amma İbrahim bəy dediyini dedi. Biz onunla ümumi dil tapa bilmədik.
    Y u s i f Z i y a. Tənha yalquzağı meşədə çaqqalar da parçalayar. Birləşmək lazımdır, qardaşlar, birləşmək...

    At kişnərtisi. Faruq bəy cəld çıxır və İbrahim bəylə qayıdır. İbrahim bəy bir qədər kənarda dayanıb adamlarla yalnız təzim etməklə, başının işarəsi ilə görüıür.

    İ b a r a h i m bəy. Əssəlamun-əleyküm. Hamınızı xoş gördük.
    U s m a n X o c a. Salam, İbrahim bəy. Buradakıların hamısı, Yusif bəy istisna olunmaqla, sənin tanıdığın insanlardır. Axund Yusif Ziya bizim köhnə dostumuzdur. Azərbaycandan gəlib. Döyüş və bilim adamıdır.
    İ b a r a h i m bəy. Xoş gəlib, səfa gətirib.
    Y u s i f Z i y a. Təşəkkür edirəm.
    İ b a r a h i m bəy. Usman Xoca, mən gəlməyimə söz vermişdim, ona görə sözümə əməl edib gəldim.
    U s m a n X o c a. Təşəkkür edirəm. İbrahim bəy, bizim istəyimiz sənə bəllidir. Birləşmək lazımdır.
    İ b a r a h i m bəy. Axı birləşmək üçün ümumi bir istək olmalıdır.
    Ə n v ə r P a ş a. Zənnimcə bizim hamımızın istəyi eynidir.
    İ b a r a h i m bəy. Xeyr, elə deyil, Ənvər Paşa...
    Ə n v ə r P a ş a. Bunu kim deyir?
    İ b a r a h i m bəy. Bunu mən deyirəm. Ənvər Paşa, sən bu topaqlarda imperiya qurmaq istəyirsən. Amma mənim niyyətim, məqsədim ayrıdır.
    U s m a n X o c a. Bəs sənin məramın, istəyin nədir, İbrahim bəy?
    İ b a r a h i m bəy. Mən öz torpağını qorumaq üçün pənah gətirmiş sıravi insanların başçısıyam.
    Ə n v ə r P a ş a. Həmin adamlar elə mənim də ən yaxın məsləkdaşlarımdır.
    İ b a r a h i m bəy. Xeyr, Ənvər Paşa, sən əsgərlərə bir alət kimi baxırsan. Məsələn, bel kimi, kürək kimi, ən yaxşı halda bir tüfəng kimi.
    Y u s i f Z i y a. Ənvər Paşa döyüş təcrübəsi olan bir sərkərdədir. O, ağır imtahanlardan çıxıb. İnsan hər yerdə insandır, istər döyüş meydanında, istərsə də iş başında.
    İ b a r a h i m bəy. Hörmətli Axund, məsələ burasındadır ki, Ənvər Paşa bu savaşa Türküstanda yaşayan insanların xilaskarı kimi deyil, yeni bir dövlət qurmaq istəyi ilə alışıb-yanan siyasət adamı kimi girişib.
    Y u s i f Z i y a. Döyüşçünün siyasətçi olmasının bu işə nə zərəri?
    İ b a r a h i m bəy. Bu “zərərin” hamısını bir-bir saymağa mənim vaxtım yoxdur. Təkcə onu deyə bilərəm ki, Ənvər Paşa gələncən biz bu tərəflərdə qırmızı Ordunu diz üstə çökdürmüşdük. O və onun dəstəsi bura gələndən sonra vəziyyət bizim ziyanımıza dəyişdi. Tutduğumuz ərazilər əldən çıxmağa başladı? Nə üçün? Niyə belə oldu? Çünki orduda parçalanma, ikitirəlik yarandı. Bir dəstə o yana keçdi, bir dəstə bu yana. Budur, indi də Davlatmand bəy öz qoşunu ilə o tərəfə keçir. Ləzgi balası Daniyar bəy də onun kimi...
    D a v l a t m a n d bəy. İbrahim bəy. Bu gün bizim üçün “o yan-bu yan” yoxdur və ola da bilməz. Bütün dünya Ənvər Paşanı tanıyır. Nəhəng güclərin çoxu onunla hesablaşır. Biz burada təkcə öz ailəmiz, öz aulumuz, öz qışlağımız üçün vuruşmalı deyilik ki...
    Y u s i f Z i y a. Bizim amalımız bütün güc sahiblərini bir bayraq altında birləşdirməkdir.
    Ə n v ə r P a ş a. Bəli, mən gizlətmirəm, biz həm də yeni, azad, güclü bir türk dövləti qurmaq niyyətindəyik...
    İ b a r a h i m bəy. Mən burada yaxın gələcəkdə belə bir dövlətin qurulacağına inanmıram.
    U s m a n X o c a. Nə üçün, İbrahim bəy? Niyə inanmırsan?
    İ b a r a h i m bəy. Mən savadsız olsam da dünyanın axar-baxarına bələd olan adamam. Görün bir bolşeviklər adi adamlara nə vəd edir, siz nə vəd edirsiz?
    U s m a n X o c a. Sən nəyi nəzərdə tutursan?
    İ b a r a h i m bəy. Onlar adamlara çörək vəd edirlər. Onlar deyirlər ki, biz bütün adamlara millətindən asılı olmayaraq qardaş kimi yanaşırıq. Amma siz...
    Ə n v ə r P a ş a. Bəyəm türklərin dövləti olmamalıdır, İbrahim bəy? İngilislərin, fransızların, almanların, lap elə rusların öz dövlətinin olması qəbul edilir, amma türklərin öz dövlətini yaratmaq istəyi süngü ilə qarşılanır. Niyə? Nədən?
    İ b a r a h i m bəy. Millət varsa dövlət də olacaq...
    Y u s i f Z i y a. Elə biz də bunu deyirik.
    İ b a r a h i m bəy. Mənim elə dərin savadım yoxdur. Usman Xoca bilir ki, əslən Qisardanam, ailədə olan oniki uşağın ən kiçiyi mənəm. Vuruşumun məqsədini sizə dedim. Elə mənimlə birgə vuruşan mücahidlərin də hər biri öz bacı-qardaşları, öz qohum-əqrəbaları, öz yaxınları uğrunda vuruşurlar. Amma Ənvər Paşa və onun tərəfdarları türk islam xəlifəti yaratmaq istəyir. Bir məşhur məsəl var, deyir ki, keçi can hayında, qəssab piy axtarır...
    U s m a n X o c a. İbrahim bəy, bilirsənmi ki, sənin apardığın mübarizə kor-koranədir?..
    D a v l a t m a n d bəy. İbrahim bəy, bizi yalnız birləşmək xilas edə bilər.
    İ b a r a h i m bəy. Biz xilas haqqında yox, qırmızıları öz torpağımızdan qovmaq haqqında düşünürük.
    Y u s i f Z i y a. Biz şəxsi iddialarımızdan əl çəkib millət yolunda birləşməliyik.
    İ b a r a h i m bəy. Oldu, bəylər... Zaman hər şeyi yerbəyer edəcək. İndi isə mən getməliyəm.
    U s m a n X o c a. Sənə yaxşı yol, İbrahim bəy. Bir daha yaxşı-yaxşı fikirləş.

    İbrahim bəy yüngül təzim edib gedir.
    Musiqi. Davlantmand bəy və Usman Xoca Ənvər Paşaya yaxınlaşıb onunla nə barədəsə söhbət edirlər. Lakin bu danışıq eşidilmir. Az sonra onların hər ikisi (Davlantmand bəy və Usman Xoca) vidalaşıb gedirlər.

    Ə n v ə r P a ş a. Aprel ayında Baysunda bizim müdafiə mövqeyimiz çox güclü idi. Hətta, mən ayın ondoqduzunda dostumuz Nəriman Nərimanova məktub da yazdım.
    Y u s i f Z i y a. Məktub? Doktora?
    Ə n v ə r P a ş a. Bəli... Yazmışdım ki, Kremlin yüksək çinli məmurları sizinlə hesablaşırlar. “Xahiş edirəm məmim bu tələbimi Mərkəzə, dostunuz Leninə çatdırasız. Tələb edirəm ki, tezliklə Qızıl ordunun dəstələri Buxaranı tərk etsin, sovet dövlətinin rəhbərləri bizimlə danıışıqlar masası arxasında əyləşsinlər. Biz ikitərəfli, bərabərhüquqlu danışıqlara hazırıq”. Həmin məktubu özümdə saxlayıram...
    Y u s i f Z i y a. Bəs məktubu niyə göndərməmisən?
    Ə n v ə r P a ş a. Hə, sonra bir az tərəddüd etdim... Çünki mövqelərimiz zəiflədi. Adam güclü olanda şərtləri də diqtə edə bilir. Hələ də içimdə belə bir dəli ümid var ki, mən nə vaxtsa Kremlə bir məktub göndərəcəm. Və orada bizim tələbimizin qəbul edilməsinə nail olacağam... (Pauza). Axund, özün görürsən ki, baş qaşımağa belə vaxtımız yoxdur. Amma tez-tez Azərbaycanı, oradakı dostları xatırlayıram...
    Y u s i f Z i y a. Sanki hər şey dünən olub... Bakıda Şərq xalqlarının qurultayı... Xalqımızın səni necə coşqu ilə qarşılaması... Zinovyevin pafoslu nitqi zamanı qəflətən sənin iclas zalına daxil olmağın, bütün nümayəndələrin səni alqışlarla qarşılamağı... Sonra isə sənə qarşı təşkil edilən, amma xoş bir təsadüfdən baş tutmayan sui-qəsd...
    Ə n v ə r P a ş a. Bəli, bütün bunların hamısı yadımdadır...
    Y u s i f Z i y a. Paşam, bizim xalqımız sənə və sənin kiçik qardaşın Nuru Paşaya çox borcludur.
    Ə n v ə r P a ş a. Əksinə, mən özümü bütün türk xalqlarına borclu sayıram. Nə yazıqlar ki, bir düz-əməlli dövlət qura bilmədik. Bunun da səbəbləri çox...
    Y u s i f Z i y a. Bəli, səbəblər çoxdur...
    Ə n v ə r P a ş a. Bir yandan da Kamalın apardığı bu məchul siyasət... Mən onun nə istədiyini anlamıram. Biz bu gedişlə haraya, hansı səmtə üz tutmuşuq?
    Y u s i f Z i y a. Paşam, mən sənə həqiqəti deyəcəyəm. Əslində, həm Avropa, həm də Rusiya indiyəcən Mustafa Kamalla sənin simanda ikibaşlı oyun oynamaq istəyiblər. Hər iki tərəf düşünüb ki, hansı tərəf güclü və qalib çıxsa o tərəfə meyl edək.
    Ə n v ə r P a ş a. Bu gün Türkiyə okeanın ortasında qalan gəmiyə bənzəyir...
    Y u s i f Z i y a. Bəli... Həm də döyüşlərdə dəlmə-deşik olmuş, fırtınalı dənizdə batmaq təhlükəsinə məruz qalmış bir gəmiyə... İndi Kamal o gəmini xilas etmək istəyir. O, ağıllı adamdır...
    Ə n v ə r P a ş a. Mən onun ağıllı olduğuna şübhə etmirəm. Amma...
    Y u s i f Z i y a. Paşam, unutmayaq ki, ta qüdrətli Osmanlı imperiyası yoxdur. Bu gün Avropanın əksər ölkələri Türkiyəni keçmiş tarixə gömmək istəyirlər. Belə bir vaxtda Mustafa Kamalın Rusiyaya əməkdaşlıq üçün əl uzatması labüddür. B
    Əgər siyasətimizi düzgün qura bilsək bu əməkdaşlıqdan biz də qazana bilərik...
    Ə n v ə r P a ş a. Sizin qazancınız nə ola bilər, Axund Yusif bəy? Rusiyanın tərkibində olan bir vilayət gələcəkdə nə edə bilər?
    Y u s i f Z i y a. Bu sualın cavabını gələcək tarix özü verəcək.
    Ə n v ə r P a ş a. Bəs bu günkü tarix barədə nə demək olar?
    Y u s i f Z i y a. Paşam, mən hər bir zaman türk xalqlarının azad, müstəqil olmasının tərəfdarı olmuşam. Mən turançıyam. Turançılıq təkcə torpaq və ərazi birliyindən ibarət deyil ki... Bu, həm də bir mənəvi birlikdir. Məhz buna görə də sənin birlik ideyanı ürəkdən dəstəkləyirəm. Mən bu amal uğrunda son damla qanımacan vuraşacağam.
    Ə n v ə r P a ş a. Mən də xalqlar arasında nifaqın əleyhinəyəm. Bu dünyada hər xalqın bir yaşam haqqı olmalıdır. Bildiyin kimi, mən ata tərəfdən qaqauz, ana tərəfdənsə albanam. Amma özümü türk hesab edirəm. Və bir savaş adamı kimi öz xalqımın yolunda hər an canımdan keçməyə hazıram...
    Y u s i f Z i y a. Paşam, savaş demişkən, burada sizin döyüş mövqeləriniz necədir?
    Ə n v ə r P a ş a. Yusif bəy, gedib ətrafla yaxından tanış ola bilərik... (Gülür). Bu yerlər sənə həm də bir xəritəçəkən adam kimi maraqlı ola bilər...
    Y u s i f Z i y a. Pis təklif deyil... Gedək.

    Onlar çıxırlar. Səs-küy. At kişnərtisi eşidilir.
    Birinci pərdədəki məkan. Buxara. Bolşeviklərin qərargahı.
    Divardan Leninin portreti və silahlar asılıb. Lev Trotski və Fayzulla Xocayev.

    L e v T r o t s k i. Yoldaş Xocayev, bütün bu baş verənləri təhlil edəndən sonra belə bir qərara gəldim ki, səni əhatə edən insanların əksəriyyəti xalq düşmənləridir.
    F a y z u l l a X o c ayev. Lev Davidoviç, Siz nəyə əsasən belə deyirsiz? Bu vaxtacan mənim Ənvər Paşa ilə heç bir tanışılığım olmayıb...
    L e v T r o t s k i. Mən bunu bilirəm. Ənvər Paşanın səninlə yox, Usman Xoca Pulatxocayev ilə tanışlığı olub.
    F a y z u l l a X o c ayev. Bəli, Usman Xoca vaxtilə Türkiyədə təhsil alıb.
    L e v T r o t s k i. Fayzulla Qubaydullayeviç, indi söhbət təkcə Ənvər Paşa və Usman Xocadan getmir. Fərqanə Respublikasının Hərbi naziri Abdulxay Arifov da basmaçılar tərəfə keçiblər. Bundan başqa, Ənvər Paşa Kurşirmat, Cunaid xan və digər basmaçı komandirləri ilə müqavilə bağlayıb. Onlar hamısı birlikdə Qızıl Orduya qarşı mübarizə aparırlar. Paşa Buxaranın şərqini mühasirədə saxlayır. Bir müddət əvvəl Düşənbəni də ələ keçirmişdi.
    F a y z u l l a X o c ayev. Bu məsələdə mən yalnız siyasi məsuliyyət daşıya bilərəm... O ki qaldı Ənvər Paşaya... Onu burada əvvəlcə heç bir tərəf qəbul etmirdi. Hətta, onu Əmir Seyid Alim xanın baş komandanı İbrahim bəy Lokay tutub həbs etmişdi. Paşanı zindandan Əmir özü azad etdirib. Mənim eşidib-bildiyimə görə indi İbrahim bəy ilə türk generalının arasında aşkar və gizli dava gedir.
    L e v T r o t s k i. Bilirəm... İndi bir çoxları İbrahim bəyi Robin Qud, Ənvər Paşanı isə Napoleon adlandırırlar.
    F a y z u l l a X o c ayev. Onlar yola getmirlər... Paşa orduda bütün rəhbərliyi bir əldə, yəni öz əlində cəmləmək istəyir.
    L e v T r o t s k i. Qoy onlar bir-birilərini qırsınlar... Paşa çətin ki, onlarla yola getsin. Vaxtilə, hələ onüçüncü ildə Osmanlı ordusunun komandanlığını bu davakar general iki qiyamçı dostunun- Tələt Paşa ilə Cemal Paşanın dəstəyi ilə ələ keçirmişdi. Əslində Türkiyə imperiyasının süqutu və üzləşdiyi məğlubiyyət bu üç adamın adı ilə bağlıdır. Tələt Paşa ilə Cemal Paşa yoxdur. İnanıram ki, tezliklə Ənvər Paşa da öz dostlarının arxasınca “gedəcək”... (Pauza). Bəzən xalqlar özlərinə qəhrəman hesab etdiklərii adamların girovuna çevrilirlər.
    F a y z u l l a X o c ayev. Mən də həmin fikirdəyəm, Lev Davidoviç. Həqiqətən, Ənvər Paşa ordunu Antanta ilə müharibəyə cəlb etməklə Türkiyəni sarsıtdı. Yüz minlərlə türk əsgərini qırğına verdi...
    L e v T r o t s k i. Mustafa Kamal Paşa haqlı olaraq onu “macəraçı avantürist” adlandırıb. Bu macəraçı, avantürist və üstəlik cəsur general Rusiyanın... daha doğrusu, yeni yaranan fəhlə-kəndli dövlətinin torpaqları hesabına imperiya yaratmaq istəyir. Bu, yolverilməzdir. Biz onun özünü və onun zərərli ideyasını qundaqdaca boğmalıyıq. O, dörd il əvvəl qardaşı Nuru Paşanın rəhbərliyi ilə yaradılmış Qafqaz İslam ordusunu Bakıya yeritməklə bizim bir çox planlarımızı alt-üst etmişdi. İndi həmin dövr deyil... (Pauza). Xatırlayıram, ötən ilin payızında biz Kremldə görüşərkən Ənvər Paşa dedi ki, indi əsl savaş mövsümüdür. Amma hesab edirəm ki, əsl savaş mövsümü məhz indidir. Biz bu qaynar yay gününü Ənvər Paşanın özü və onun ordusu üçün qaynar bir cəhənnəmə çevirməliyik.
    F a y z u l l a X o c ayev. Ənvər Paşa bu iliin fevral ayında Düşənbə hərbi qarnizonunun bütün heyətini əsir götürəndə elə hesab etmişdi ki, ta onun ordusunun qələbəsi tam təmin olunub.
    L e v T r o t s k i. Hə, xatırlayıram. O, bizimkilərdən tələb edirdi ki, Buxara və Xorasandan geri çəkilək.
    F a y z u l l a X o c ayev. Bəli Paşanın ordusu Kafirandan Gicuvana sarı çəkildi...
    L e v T r o t s k i. Biz bu yay döyüşlərində ona elə zərbə vurmalıyıq ki, Kafiran da, Gicuvan da toya getməli olsun. Yoldaş Xocayev, biləsən ki, Ənvər Paşa ilə bu döyüşə bizim bütün hərbi arsenal səfərbər olunub. Frunze, Kuybışev, Orconikidze, Kamenev, Peters, Eliva- onların hamısı burada, Səmərqənd və Buxaradadır... (Pauza). Əslində bu işlərə görə Orconikidze məsuliyyət daşıyır. Çünki Ənvər Paşanı Kremlə məhz Serqo Konstantinoviç sırımışdı.
    F a y z u l l a X o c ayev. Bu cür döyüşlərdə siyasi xadimlər nəyisə həll edə bilməz.
    L e v T r o t s k i. Düzdür... Biz təkcə siyasilərə arxayın deyilik. Bu gün ön cəbhədə bizim Axunov, Volkov, Petrov, Kakurin, Savko, Melkumyan, Barinov kimi cəsur döyüş komandirlərimiz var. Biz həm də onlara güvənirik... Bu gün Buxara qoşun qrupunun minlərlə süngü və qılıncdan başqa, iyirmi topu vardır.
    F a y z u l l a X o c ayev. Bunu da nəzərinizə çatdırım ki, son günlərdə yüz qıx nəfər kurbaşı, yəni komandir bizim tərəfimizə keçib. Üstəlik, iki min beşyüz sıravi basmaçı silahı yerə qoyub Sovet dövlətinə xidmət edəcəklərinə söz verib.
    L e v T r o t s k i. Bütün bunlar əla... Bizim məqsədimiz həm də Ənvər Paşanı diri tutmaqdır.
    F a y z u l l a X o c ayev. Dogrusu, mən buna inanmıram.
    L e v T r o t s k i. Nə üçün?
    F a y z u l l a X o c ayev. Paşa hədsiz dərəcədə iddialı və məğrur adamdır. O, heç vaxt əsir düşməyə razı olmaz. Belə bir hal yaranarsa, çox güman ki, intihar yolunu seçər.
    L e v T r o t s k i. Mən onun iddiasından xəbərdaram. Türkiyəni təzyiqlə Antanta ilə savaşa məhz o cəlb edib. Revolveri çıxarıb nazirlərin qafasına dirəyib, onlara hədə-qorxu gəlib... Müharibədən türklər nə qazandı? Neç nə. Əksinə, Mudros təslim aktına imza atdı. İngilis-fransız hərbi birləşmələri bütün strateji məntəqələri tudu. Ənvər Paşa sualtı qayıqla o vaxt almanların işğal etdiyi Odessaya, oradan da Almaniyaya qaçdı. İngilislər onun ölüsünü ya dirisini tələb etsələr də almanlar Ənvəri vermədilər. Sonrası da ki, məlum... Əvvəlcə onu bizə Radek, sonralarsa Serqo sırıdı... O, indi burada “İslam Kominterni” qurmaq istəyir.
    F a y z u l l a X o c ayev. Bəli, o, çox mürəkkəb adamdır.
    L e v T r o t s k i. Yoldaş Fayzulla, eşitdiyimə görə Ənvər Paşanın ordusunda xarici vətəndaşlar da vuruşur.
    F a y z u l l a X o c ayev. Bəli... Orada Türküstan əhlindən başqa almanlar, ingilislər, əfqanlar, ərəblər, farslar, hətta ruslar da var.
    L e v T r o t s k i. Deyirlər indi Paşanın ordusuna keçmiş ideya dostlarından biri də qoşulub.
    F a y z u l l a X o c ayev. Yəqin ki, Siz Yusif Ziyanı nəzərdə tutursuz.
    L e v T r o t s k i. Bəli...
    F a y z u l l a X o c ayev. Mən də onun barəsində eşitmişəm.
    L e v T r o t s k i. O, türk ordusunun polkovniki, rus ordusunun isə generalı olub... Nəriman Nərimanovun yaxın dostu və müttəfiqidir. Üstəlik də millətçi...
    F a y z u l l a X o c ayev. Mən onu tanımıram. Yalnız barəsində eşitmişəm..
    L e v T r o t s k i. Mən isə həmin Yusif Ziyanı Balkan müharibəsindən şəxsən tanıyıram. Hələ cahan savaşından əvvəl...
    F a y z u l l a X o c ayev. Maraqlıdır...
    L e v T r o t s k i. Mən o vaxt əvvəlcə Bolqarıstana, sonra isə Rumıniyaya “Kiyevskiy mısl” qəzetinin müxbiri, yəni jurnalist kimi ezam olunmuşdum. Yadımdadır, Yusif Ziya Talıbzadə Balkanlara türk ordusunun tərkibində gəlmişdi. Onunla ünsiyyətimiz tez tutdu. Bir neçə dili, o cümlədən ruscanı yaxşı bilirdi. Ətrafındakılar ona sadəcə olaraq “Axund” deyə müraciət edirdilər... Yeri gəlmişkən onu da deyim ki, türk mövzusu məni həmişə maraqlandırıb. Hələ onuncu illərin əvvəlində “gənc türkçülər” haqda məqalələr yazmışam...

    Uzaqdan atəş səsləri gəlir. Toplar guruldayır.

    F a y z u l l a X o c ayev. Cənub tərəfdən atırlar. Çox güman ki, Ənvər Paşanın adamlarıdır.
    L e v T r o t s k i. Biz burada otudub müşahidəçi kimi gözləyək, yoxsa...
    F a y z u l l a X o c ayev. Xeyr, yoldaş Trotski, gedək. Uluqbəy Rəsədxanası yaxınlıqda, özü də ən təhlükəsiz yerdədir.
    L e v T r o t s k i. Mənim bildiyimə görə Serqo və Eliava da orada-rəsədxanadadır. Mən onların yanına getmək istəmirəm...
    F a y z u l l a X o c ayev. Atışma səsləri yaxınlaşır. (Divardan asılmış silahlardan birini götürüb pəncərəyə yaxınlaşır). Biz nəsə etməliyik...

    Fayzulla Xocayev pəncərəyə yaxınlaşıb atəş açır. Atışma bir xeyli davam edir.

    L e v T r o t s k i (səs-küyü dinləyərək). Mənim mühafizə dəstəm atəş altındadır. Basmaçılar da o yandan atır... Sığınacaq yeriniz yoxdurmu?
    F a y z u l l a X o c ayev. Zirzəmidə gizlənmək olar...
    L e v T r o t s k i. Elə isə enək zirzəmiyə.

    Lev Trotski və Fayzulla Xocayev çıxırlar. Həyəcan dolu musiqi.
    Səs-küy. Atışma səsi. İşıqlar yanıb-sönür.
    Yaxınlıqdan keçən çovutma güllələrin işıqları parıldayır. Sınan pəncərə şüşələrinin cingiltisi. Qaçışan əsgər siluetləri.
    Uzaqdan atılan topların nəriltisi eşidilir.

    Səhnə dəyişir. Ənvər Paşanın qərargahı. Yaxınlıqda qala divarları. At kişnərtisi eşidilir. Ənvər Paşa və Yusif Ziya.

    Ə n v ə r P a ş a. Bu gün Qurban bayramıdır. Mən adamları istirahətə buraxmaq istəyirəm. Qoy onlar bu gözəl günü öz ailələri, öz doğmaları ilə birgə qeyd etsinlər.
    Y u s i f Z i y a. Paşam, birdən qırmızılar hücum etsələr, onda necə?
    Ə n v ə r P a ş a. Biz Faruq bəylə qırmızıların komutanına məktub göndərmişik. Yazmışıq ki, bu gün bütün dünya müsəlmanlarının müqəddəs bayramıdır. Buna görə də hər iki tərəfin bir-iki günlüyə atəşkəs elan etməsi təklifini irəli sürmüşük.
    Y u s i f Z i y a. Qırmızılar bu təkliflə çətin ki, razılaşsın...
    Ə n v ə r P a ş a (uzaqlara baxır). Niyə ki? Bunu bilmək olmaz... Hə, odur, Faruq bəydir.... Görək nə xəbərlə gəlir?
    Y u s i f Z i y a. İbrahim bəydən bir xəbər çıxmadı.
    Ə n v ə r P a ş a. İbrahim bəyin çaparı gəlmişdi. Yeddi min əsgər göndərəcəyinə söz verib.... İndi bizim on altı min döyüşçüdən ibarət ordumuz var.

    Faruq bəy gəlir. Əsgəri qaydada təzim edir.

    Ə n v ə r P a ş a. Hə, nə xəbərlə gəlmisən, Faruq bəy?
    F a r u q bəy. Paşam, qırmızıların komutanları ilə görüşüb danışdıq. Onlar bizim təklifimizi qəbul etdilər. Dedilər ki, “bu gün bütün dünya müsəlmanlarının bayramıdır, bizim orduda da müsəlmanlar var”. Savaşı üç sutka ərzində dayandırmağa söz verdilər.
    Ə n v ə r P a ş a (Yusif Ziyaya). Gördün, Axund?
    Y u s i f Z i y a. Paşam, düzünü deyim ki, mənim bu qırmızılara o qədər də etibarım yoxdur.
    Ə n v ə r P a ş a. Heç elə şey olar? Bəs zabit şərəfi?
    Y u s i f Z i y a. Əgər biz söhbəti çar ordusunun zabitləri ilə aparsaydıq, bəlkə də şərəfdən danışmaq olardı. Amma bu ordunun əsgər və zabitlərinin böyük əksəriyyəti ac-yalavaclardan təşkil edilib. Onlar çətin ki, bu durumda zabit şərəfinin nə olduğunu dərk etsinlər...
    Ə n v ə r P a ş a. Axund, ən ağır döyüşlərdə belə, inam və etibar bizi tərk etməməlidir.
    Y u s i f Z i y a. Paşam, təki sən deyən olsun.
    Ə n v ə r P a ş a. Faruq bəy, tabor və bölük komutanlarına mənim adımdan de ki, üç sutka ərzində atəşkəs elan olunur. Kim istəsə bayramı öz evində, öz ailəsi ilə birgə keçirə bilər.
    F a r u q bəy. Oldu, Paşam. (Nəsə fikirləşib əlini cibinə atır. Çıxartdığı zərfləri Ənvər Paşaya uzadır). Bu məktublar Sizə çatacaq, Paşam...
    Ə n v ə r P a ş a (məktublara baxıb kədərli halda gülümsəyir). Axund qardaşım, get sən də dincəl... Bizi qarşıda yeni döyüşlər gözləyir. (Gülümsəyir). Bu qaynar avqust ayı əsl savaş fəslidir.

    Faruq bəy və Yusif Ziya çıxırlar. Musiqi.

    Ə n v ə r P a ş a (məktubu oxuyur). “Mən Tövfiyayam, Paşam...” (Başını yuxarı qaldırıb düşüncəli halda). Tövfiyə...
    T ö v f i y a. “Mən Tövfiyayam, Paşam.Mən daim sənin yanındayam. Mən səni görür, səni duyur, səni sevir, sənə sarılıram. Amma sən məni görmürsən... Ya bəlkə görmək istəmirsən məni?”

    Qadın danışsa da səsi tədricən azalır. İndi onun səsini həzin musiqi əvəz edir. Ənvər Paşa qadına yaxınlaşır. Tövfiya sanki uça-uça kənara çəkilir. Musiqi artır. Həzin türk musiqisi.
    Qadın tədricən gözdən itir.

    Ə n v ə r P a ş a (ikinci məktubu açıb oxuyur). “Salam, mənim Ənvərciyim...”

    Naciyə Sultan görünür. O, ağ libasdadır.

    N a c i y ə S u l t a n. “Salam, mənim Ənvərciyim. Sənə uzaq Qrünvalddan salamlar göndəririk. Biz yaxşıyıq. Bəs sənin işlərin necədir, canım mənim? Burada qəzetlər yenə səndən yazır. Daim gözlərimin önündəsən. Şəklinə baxıb qürur duyuram. Nə yaxşı ki, bu dünyada varsan, Ənvərciyim...”

    Naciyə Sultan səhnədə olsa da səsi bir müddətdən sonra tədricən eşidilməz olur və onun səsini həzin musiqi əvəz edir. Ənvər Paşa ayağa durub Naciyə Sultana, daha doğrusu onun xəyalına yaxınlaşır.

    Ə n v ə r P a ş a “Naciyeciğim, sevgili sultanım, cici efendiciğim…
    ... Ah… Naciye, beni unutma, sev ve sadık kal. Düşün ki, yalnız seni düşünen ve dünyayı yalnız seninle güzel görecek birisi uzaklarda senden sadakat ve muhabbet dileniyor. Seni kucaklar, öper, yavrularımla birlikte Hakk’a emanet ederim...”

    Qadın sanki havada uçaraq ondan uzaqlaşır və yavaş-yavaş qeybə çəkilir.

    Səs-küy. Ənvər Paşa pəncərədən eşiyə baxır. Atışma səsləri. Yusif Ziya, Davlatmand bəy və Faruq bəy gəlirlər. Onlar həyəcanlıdır.

    Ə n v ə r P a ş a. Bu güllə səsləri haradan gəlir?
    Y u s i f Z i y a. Paşam, axı mən dedim...
    D a v l a t m a n d bəy. Xəyanət... Qırmızılar hücuma keçiblər. Biz isə bütün döyüşçüləri evlərinə buraxdıq...
    F a r u q bəy. Paşam, biz nə etməliyik?
    Ə n v ə r P a ş a. Nə etməliyik? (Düşüncəli halda). Vuruşmaqdan başqa çıxış yolumuz varmı?..
    Y u s i f Z i y a. Otuz döyüşçü ilə bir ordunun qarşısına çıxmaq...
    Ə n v ə r P a ş a. Axund, hər halda əl-qolumuzu yanımıza salıb təslim ola bilmərik. Görünür, bu da Allahın bir sınağıdır...
    D a v l a t m a n d bəy. Elədir. Döyüşçünün borcu döyüşməkdir. Qalan işləri tanrı özü bilən məsləhətdir...
    Ə n v ə r P a ş a. Bəylər, gedək silahları götürək. Sonra hamı at belinə. Faruq bəy, gözətçiləri ayağa qaldır.
    F a r u q bəy. Oldu, Paşam...

    Onlar iti addımlarla gedirlər. Əvvəlcə döyüş cəngisi, sonra at kişnərtisi eşidilir.
    Qırmızı Komandir tövşüyərək qaça-qaça gəlir.

    Q ı r m ı z ı K o m a n d i r (əlini kimə doğrusa uzadaraq ucadan). Eheyyy... Atəş! Niyə durmusuz? Atəş deyirəm... Bizə əmr gəlib ki, Paşanı diri-diri ələ keçirək. Bilirsiz də, Paşa kimdir? O, özünü İslam silahlı qüvvələrinin Ali baş komandanı, Xəifənin yeznəsi və Məhəmmədin canişini adlandırır... Deyilənə görə o, qiyafəsini tez-tez dəyişir. Biz haradan bilək ki, bu vuruşduğumuz adamlardan məhz hansı Paşadır? Ona görə basmaçılardan hansı rastınıza çıxsa atəş açın. Hər halda, bu ölənlərdən biri Paşa olacaq... Atəş...

    Qırmızı Komandir atəş aça-aça səhnəni tərk edir. Ənvər Paşa və Davlatmand bəy iti addımlarla gəlirlər. Ənvər Paşanın pencəyinin qolu cırılıb. O, bir əlində qılınc, o biri əlində isə Quran tutub. Davlatmand bəyin əlində silah var.

    Ə n v ə r P a ş a. Mənim atımı vurdular. Güllə qolumu siyirib keçdi...
    D a v l a t m a n d bəy. Mənim atım da ayağından yaralandı.
    Ə n v ə r P a ş a. Bəs Faruq bəy hanı?
    D a v l a t m a n d bəy. O da yaralanmışdı... Amma döyüş meydanındadır.
    Ə n v ə r P a ş a. Bəs Axund Yusif Ziya?
    D a v l a t m a n d bəy. Axund vuruşa-vuruşa irəli gedirdi. Amma üstümüzə sel kimi axıb gələn bu qoşunun qarşısında duruş gətirmək mümkün deyil...
    Ə n v ə r P a ş a. Bəs Usman Xoca harada qaldı?
    D a v l a t m a n d bəy. İbrahim bəylə danışmağa getdi.
    Ə n v ə r P a ş a. Biz bu qırmızılara inandıq... Amma buradan sağ çıxmağa ümidim var hələ... Düşənbəyə sarı üz tutmalıyıq...
    D a v l a t m a n d b ə y. Biz artıq Şirabad və Baysin cəbhələrində mövqeləri itirmişik. (Pauza). Bu alçaq qırmızılar bütün yolları bağlayıblar... Bura Çaqandır... Mənim kiçik vətənimdir. (Əlini irəli uzadır). Buradakı hər daş, hər ağac mənə tanışdır. O tərəf isə Balcuvandır...
    Ə n v ə r P a ş a. Biz bu qırmızı seli yarıb keçməliyik, Davlatmand bəy...
    D a v l a t m a n d b ə y. Bu selin ucu-bucağı görünmür, Paşam... Odur, düz üstümüzə gəlirlər...
    Ə n v ə r P a ş a. Bəs o yandan gələn kimdir?
    D a v l a t m a n d b ə y. Faruq bəydir.

    Faruq bəy qaça-qaça gəlir.

    F a r u q bəy. Biz mühasirədəyik, Paşam. Qırmızı komutan təslim olmağımızı tələb edir.
    Ə n v ə r P a ş a. Təslim olmaq? (Acı-acı gülür). Ha-ha-ha... Təkcə onu görməyəcəklər.
    D a v l a t m a n d b ə y. Biz son gülləyə qədər vuruşacağıq.
    Ə n v ə r P a ş a. Onlar Ənvər Paşanı dəmir qəfəsdə görmək istəyirlər. Amma bu, onlara qismət olmayacaq... Pələng qəfəsdə ola bilməz...
    F a r u q bəy. Paşam, kənara çəkilmək lazım...
    Ə n v ə r P a ş a. Bu yandan İbrahim bəy bizi aldatdı... O yandan “qırmızılar” xəyanət etdi... Seyid Alim xan də vədinə əməl etmədi... Eşitdiyimə görə, bu döyüşə Trotski ilə Orconikidze Səmərqənddən rəhbərlik edirlər. Amma onların arzuları gözündə qalacaq.

    Uzaqdan bərq vuran alov dillərinin şəfəqləri titrəşir.

    F a r u q bəy. Davlatmand bəy, Ənvər Paşa, qırmızılar qərargaha od vurdular. Geri çəkilməliyik.
    Ə n v ə r P a ş a. Qışlağa girə bilmərik. Bu alçaqlar bütün evlərə od vurar, adamları gülləboran edər, qurşuna tutarlar.
    D a v l a t m a n d b ə y. Qala divarının arxasına çəkilməliyik...

    Onlar kənara çəkilirlər. Qırmızı Komandir qaçaraq gəlir.

    Q ı r m ı z ı K o m a n d i r (əlini irəliyə doğru uzadaraq ucadan). Ehey, atəş! Atəş əmri verildi! Atəş deyirəm sizə... Heç kəsə rəhm etməyin... Bütün cinahlardan hücum... Arxamca gəlin!..

    Ənvər Paşa, Davlatmand bəy və Faruq bəy görünürlər. Sonra Ənvər Paşa qala divarının arxasına çəkilir. Qılınc cingiltisi eşidilir. İnilti, ah-uf, fəryad nidaları eşidilir. Sürəkli atəş səsləri. Bir qədər sonra Ənvər Paşa qılıncını başı üstündə hərləyərək görünür və yenidən yox olur. Onun qala divarları arxasında kimlərləsə vuruşduğu hiss olunur. Ənvər Paşa yenə görünür, onun qoltuğunda Quran var. Qırmızı Komandir uzaqdan görünür.

    Ə n v ə r P a ş a. And olsun bu müqəddəs Qurana ki, mən son nəfəsimədək bu savaş meydanını tərk etməyəcəm...
    D a v l a t m a n d b ə y. Mən də...
    F a r u q bəy. Paşam, mən də...
    Q ı r m ı z ı K o m a n d i r. Atəş!.. Atəş açın...
    Ə n v ə r P a ş a. Haydı, arxamca gəlin... Qana-qan, ölümə-ölüm. Mənim başım ya bədənimin üstə dayanmalıdır, ya da nizə üstündə... Məh həyatımda çox qanlar, çox ölümlər görmüşəm... Amma əcəl məndən həmişə uzaq gəzib. Görünür, bu gün özüm öz ölümümün şahidi olacağam...

    Ətrafı tədricən tüstü-duman bürüyür. Qırmızı Komandir Ənvər Paşanı nişan alıb atır. Ənvər Paşa səntirləsə də yıxılmır, qala divarına söykənir.

    D a v l a t m a n d b ə y. Alçaq. İndi səni it kimi gəbərdəcəyəm...

    Davlatmand bəy nişan alıb Qırmızı Komandirə atəş açır.

    Q ı r m ı z ı K o m a n d i r. Əclaflar... Basmaçı köpək uşağı... Sizin gülləniz qırmızı komandirin zirehli sinəsini deşə bilməz.
    D a v l a t m a n d b ə y. Elə isə al yenə gəldi...

    Davlatmand bəy arəş açır. Qırmızı Komandir qışqıraraq yerə sərilir.

    Q ı r m ı z ı K o m a n d i r (sürünərək irəliyə doğru can atır, sanki iməkləyir). Ehey... Ənvər Paşa buradadır. Onu diri tutmalıyıq... İrəli... İrəli...
    Ə n v ə r P a ş a. Sən Ənvər Paşanın heç meyitinə də yaxın düşə bilməyəcəksən...
    D a v l a t m a n d b ə y (Qırmızı Komandiri nişan alaraq). Bu qırmızı köpək ölmək istəmir. Al gəldi...

    Atəş səsləri. Atışma. Ənvər Paşa irəiyə doğru addım atır. Qara-boz əsgər siluettləri onları əhatə edir, mühasirəyə alır. Qırmızı Komandir sürünə-sürünə kənara çəkilir. Hər tərəfdən atəş açılır.
    Ənvər Paşa qılıncını havada oynadaraq qala divarının arxasına keçir. Dəmir cingiltisi, güllə səsləri eşidilir. Az sonra Ənvər Paşa ləngərli-asta hərəkətlə səhnəyə gəlir.

    Q ı r m ı z ı K o m a n d i r. Atəş!..

    Tüstü. Duman. Səs-küy. İnilti. Atəş səsləri.
    İndi səhnədə döyüşçü-basmaçı geyimində yalnız üç adam var: Ənvər Paşa, Davlatmand bəy və Faruq bəy. Onlar hər tərəfdən gülləbarana məruz qalıblar. Əvvəlcə Ənvər Paşaya beşaçılandan ard-arda beş güllə açılır.

    D a v l a t m a n d b ə y (Qırmızı Komandirə atəş açır). Bu köpək hələ gəbərməyib...
    Q ı r m ı z ı K o m a n d i r. Beşaçılanın bütün güllələri Ənvər Paşanın bədəbibə sancıldı... Ta mənə ölüm yoxdur. Ölsəm belə, qəhrəman kimi dəfn ediləcəm... Amma çox istərdim ki, son nəfəsdə də olsa belə Qırmızı Bayraq ordeninə layıq görülüm... Və o ordeni mənim mundirimin yaxasına yoldaş Trotski sancsın...
    D a v l a t m a n d b ə y. Bir bu axmağın son arzusuna bax... Yaxası ordenli ölmək istəyir.

    Ə n v ə r P a ş a. Faruq bəy...
    F a r u q bəy. Paşam...

    Ənvər Paşa qala divarına söykənib bir müddət ayaq üstə “donub” qalır. Sonra hər tərəfdən qurşuna tutulan Davlatmand bəy və Faruq bəy bir qədər irəli yeriyib Ənvər Paşaya yaxınlaşırlar. Davlatmand bəy başını onun çiyninə dayayır.

    F a r u q bəy. Paşam... Ölmə Paşam... Komutanım Davlatmand bəy... Ölmə... Amandır, ölməyin... Ölməyin...

    Bu əsnada Qırmızı Komandir sürünərək yenidən ayaga qalxıb silahını onlara sarı tuşlayır. Həmin an Yusif Ziya və Usman Xoca görünür. Onlar eyni vaxtda Qırmızı Komandirə atəş açırlar. Qırmızı Komandir haray çəkib yerə sərilir.

    Y u s i f Ziya (Ənvər Paşa ya yaxınlaşır). Ənvər bəy... Paşam....
    Ə n v ə r P a ş a. Axund, mən artıq bu nahaq dünyanı tərk edirəm...
    U s m a n Xoca. Paşam, sən hələ yaşamalısan...
    Ə n v ə r P a ş a. Biz aldandıq... Amma döyüş davam edir. Deyəsən, bu qırmızı qasırğa rədd olub getdi...
    U s m a n Xoca. Biz bu qırmızı taundan canımızı qurtara bilsəydik...
    D a v l a t m a n d b ə y. Basmaçılar toparlaşırlar.

    Uzaqdan şüarlar eşidilir: “Yaşa, yaşa, Ənvər Paşa!”. “Davlatmand bəy, işin olsun avand bəy!..”

    Ə n v ə r P a ş a. Bizim mücahidlərdir...

    Davlatmand bəy yavaş-yavaş dizi üstə çökür.

    U s m a n Xoca. Aman Allah... Davlatmand bəy!..
    F a r u q bəy. Davlatmand bəy!.. Komutanım...
    Y u s i f Ziya. İlahi, bizim millətimiz nədən bu zülmə düçar olmalıdı? Paşam...
    Ə n v ə r P a ş a (divara söykənmiş halda). Axund, hər başlanğıcın bir sonu olur. Bu Quranı və bu qılıncı götür. Məni özün dəfn edərsən... Yasin surəsini özün oxuyarsan... Axund... Bir xahişim də var. Əgər qərargaha gedə bilsən oradan mənim döyüş çantamı götürərsən... O çantada Naciyə Sultana yazdığım son mətkub var... O məktubu öz ünvanına çatdırarsan... (Pauza). Deyəsən, Davlatmand bəy keçindi... Usman Xoca, Davlatmand bəylə hər ikimizi bir yerdə dəfn edin... Məzarı dərin qazın. Qoy yağılar bizim cəsədimizi tapa bilməsinlər. Ölümümüz mübarək...

    Yusif Ziya qılıncı və Quranı alır, öpüb gözünün üstünə tutur.
    Ənvər Paşa yavaş-yavaş yerə çökür.

















    Epiloq

    Yusif Ziya və Usman Xoca səhnənin önünə gəlirlər. Uzaqdam minarədən yüksələn əzan səsi eşidilir.
    Əlində Quran tutmuş Yusif Ziyanın səsi həmin əzançının sısinə qoşulur.

    Əzan səsini kədər dolu musiqi əvəz edir. Və həmin anlarda Naciyə Sultan və Tövfiya bir xəyal kimi zühur edirlər. Onlar yerə uzanmış Ənvər Paşanın və Davlatmand bəyin başı üzərində əvvəlcə dövrə vurur, sonra isə bəyaz heykəl və ya başdaşı kimi donub qalırlar.
    Uzaqdan atəş səsləri eşidilir.

    Harayasa tələsən silahlı əsgər siluetləri və onlara qoşulub gedən bütün iştirakçılar qeybə çəkilir.
    İşıqlar yanıb-sönür. Səhnədə yalnız havada oynayan, işıqda parıldayan bir qılınc görünür.

    Musiqi sədası get-gedə yüksəlir.
    Tamaşanın bütün iştirakçıları səhnəyə gəlir.


    Pərdə
    Son







    Qeyd:
    Əsərin bütün iştirakçıları real tarixi şəxsiyyətlərdir.


  • sentyabr 2023, Firuz M.

  • 2
Ənvər Paşa və yaxud Savaş fəsli

Firuz Mustafa

Ənvər Ppaşa və yaxud Savaş Fəsli (iki hissəli tarixi dram) Ə n v ə r P a ş a (İsmayıl Ənvər Paşa) U s m......

Bu gün Sərraf Şiruyənin anadan olduğu gündür.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Şair doğum günündə məzarı başında doğmaları və yaxınları tərəfindən anılıb. Sərraf Şiruyə 1942-ci il......

Sahib Ağagül Oğlu Sailov 90 Illik Yubileyin Mübarək

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Sahib Ağagül oğlu Sailov 1933-cü il may ayının 15-də Salyan rayonunun Çuxanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta təhsilini Salyan şəhərindəki......

Murad Məmmədov. Özümün özümə hesabatımdır.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Gecikmiş Etiraf Bu ömür azalmış, keçilmiş yoldu, Gəncliyə bənd oldum, aldandım əbəs. Dünyaya gəlişim xəbərsiz oldu, Qəfil gedişimi kim biləcək bəs?!......

Bütün titulları adından sonra gəlir.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARALR Bütün titulları adından sonra gəlir Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost.... Rəşad Məcid... Təqdimata ehtiyacı olmayan adam. Tanıyan......

Bütün titulları adından sonra gəlir.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARALR Bütün titulları adından sonra gəlir Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost.... Rəşad Məcid... Təqdimata ehtiyacı olmayan adam. Tanıyan......

Rəşad Məcid, yaxud ürəyi dünya qədər genişliyin metafizikası

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Əgər akademik İsa Həbibbəyli bütün tərəflərilə, həqiqətən, dəyərli olan «Bütün yönləri ilə yaradıcı»......

Təvəkkül Goruslu. Qəlbimin başını qisas yalayır.

زائـــور اوستاج

Yaz YazI YazAR YazRLAR Eşq Kanıyam Mən Məcnunam, səhrada eşqə bəzəyəm, Təşnələr yatıran dolu kuzəyəm, Ondan ətirliyəm, ondan təzəyəm, Sevdiyim çiçəyin məkanıyam mən. * *......

Çağdaş Poeziyamızım Sayılıb-Seçilən Nümayəndəsi

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Çağdaş Poeziyamızım Sayılıb-Seçilən Nümayəndəsi Söhbət filologiya elmləri doktoru, professor Mahirə Nağıqızından gedir. Mahirə xanım Azərbaycan Dövlət Pedaqoji Universitetin beynəlxalq əlaqələr üzrə......

Kirman Rüstəmli. Şeirlər.

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Gəncliyim qayıt Səpildin yollara məndən xəbərsiz, İtirdim mən səni səndən xəbərsiz. Saçlarım ağardı dəndən xəbərsiz, Sən qayıt ömrümə, gəncliyim qayıt, Qol......