...
  • Ifritə (birpərdəli monodram)
  • Firuz Mustafa

  • İFRİTƏ

    (birpərdəli monodram)


    İştirak edir:

    RƏVANƏ


    Səhnədə RƏVANƏ. O, ciddi üslubda tikilmiş kişi kostyumundadır. Saçı qısa vurulub. Onun qənşərində - səhnənin nisbətən kənarında çiyninə mantiya atılmış statik fiqur görünür: yalnız peysəri, çiyni, bir sözlə, arxası görünən fiqur sanki kresloda əyləşib; bu, yəqin ki, məhkəmə prosesini aparan şəxsdir. O, sonacan tərpənmir, susur. Rəvanə danışdıqca gah var-gəl edir, gah üzünü prosesi aparan şəxsə, gah da zala tutur. Zal, bir növ bu prosesin dinləyicisi - iştirakçısıdır. Əvvəlcə təntənəli musiqi, sonrasa səs-küy, fit səsləri eşidilir. Rəvanə əlini yuxarı qaldırır.

    RƏVANƏ: - Sakit olun! Xahiş edirəm sakit olun! Cənab hakim, nə üçün sakitliyi bərpa etmirsiniz?.. Möhtərəm proses iştirakçıları, niyə mənə qulaq asmaq istəmirsiniz?.. Axı, mən sözümün əvvəlində sizə söz verdim, hətta, and içdim ki, həqiqəti olduğu kimi deyəcəyəm. Yalnız həqiqəti!.. (Səs-küy, fit səsləri). Burada məni cinayətkar kimi ittiham edirlər, sizsə ayağınızı yerə döyəcləyir, fit çalır, səs-küy qoparır, bir sözlə, özünüzü tərbiyəsiz aparırsınız. Mən bilmirəm siz buraya nə üçün toplaşıbsınız?.. Bəlkə hansısa maraqlı bir tamaşaya baxmaq arzusundasınız?.. Bəlkə gülmək, əylənmək keçir ürəyinizdən?.. Bəlkə başqasının faciəsi sizə məzhəkə kimi görünür?.. (Sakitlik çökür).
    Indi isə, qulaq asın. Mən sizə hər şeyi olduğu kimi danışmaq istəyirəm. Özü də lap başlanğıcdan. Bəzən insanın başına elə işlər gəlir ki, bunu, hətta, təsəvvürə belə gətirmək mümkün olmur. Həyat bizim gözlədiyimizdən daha mürəkkəb və... və... (Pauza) sadə imiş. Mən bunu indi dərk edirəm. Gərək hər şey öz axarı ilə inkişaf etsin; yəni, nə sadəni mürəkkəbləşdirməyə, nə də mürəkkəbi sadələşdirməyə ehtiyac yoxmuş... Deyəsən, mövzudan bir az kənara çıxdım. Elə isə, bağışlayın.
    Bu gün məni sui-qəsdə cəhd göstərməkdə ittiham edirlər. Bu, tamamilə cəfəng bir ittihamdır... Deməli, məsələ belə olmuşdur.

    Musiqi. Rəvanə musiqinin ritminə uyğun olaraq səhnədə var-gəl edir, sonra ayaq saxlayır, fikrə gedir, əlini alnına dirəyir, uzaqlara, lap uzaqlara baxır. Musiqi səsi aşağı enir, tədricən uzaqlaşır, eşidilməz olur.

    Mən adi, lap adi bir ailədə dünyaya göz açmışam. Atamı tez itirmişəm... Anam məni çətinliklər içində böyüdüb. Mən uşaqlıqdan çox dəcəl olmuşam... Əlbəttə, indi öz tərcümeyi-halımı əslində olduğu kimi danışmağı heç kəs məndən tələb etmir. Amma mən bunu danışmalıyam. Çünki hər kəsin uşaqlığı onun sonrakı həyatının bünövrəsidir. Hər bir normal ailədə yeni bir uşağın dünyaya gəlməsi toy-bayram kimi qeyd olunur. Mənim gəlişim də bizim evdə bu cür əhval-ruhiyyə yaradıb. Atam bütün dostlarını başına yığıb qonaqlıq verib. Maraqlı detallardan biri budur ki, mənimlə eyni gündə bizim qonşuluğumuzdakı evdə yaşayan ailədə də yeni uşaq doğulub. Həmin ailədəki kişi atamın dostu, qadın isə anamın rəfiqəsi olub. Amma qonşumuzun oğlu olub... Bəs mən?.. (Səs-küy). Yox, mən qız doğulmuşam. Mənim geyimimə fikir verməyin.
    Qulaq asın! (Sakitlik). Mən hər şeyi sizə izah edəcəyəm. Qonşuluqda dünyaya göz açan oğlanın adını Rəvan, mənim adımı isə Rəvanə qoyurlar. Valideynlərimiz dost olsalar da biz bir-birimizdən xəbərsiz, ayrı-ayrı evlərdə böyüməyə başlayırıq. Və biz böyüdükcə valideynlərimiz - daha doğrusu, mənim anamla qonşuluqdakı ailə arasında qəribə bir anlaşılmazlıq yaranmağa başlayır. Məsələ burasındadır ki, zaman keçdikcə Rəvanla Rəvanə arasında bir oxşarlıq üzə çıxmağa başlayır; yəni mən qonşunun oğluna bənzəməyə başlayıram; təbii ki, o uşaq da mənə bənzəyirdi. Hətta, qonşular arasında belə bir söz-söhbət gəzirmiş ki, guya biz - yəni mənimlə Rəvan əslində ekiz olmuşuq; doüum evində qoşa çarpayılarda yatan qadınlardan hansınınsa birinin övladı ölü doğulub və uşaqların dünyaya gəlməsində əlindən gələni əsirgəməyən həkim böyük alicənablıq göstərərək əkizlərdən hərəsini bir çarpayıya qoyub; yəni hər iki qadın doğum evindən körpə ilə birlikdə çıxıb. Yaxşı bəs görəsən, qonşuların dediyi düzsə bu əkizlərin anası kimi olub? - Mənim anam, yoxsa Rəvanın anası?.. Ən çox pərt olan mənim anam idi. O, and-aman edirdi ki, cəmi bir övladı olub. Hətta, doğum ərəfəsində hansı həkimin müayinəsindən keçdiyini, mənim dünyaya gəlişimdən bir neçə ay öncə qız doğacağını dəlil-sübutla açıqlamağa çalışsa da bu zəhrimara qalmış “oxşarlıq” məsələsi anamın dediklərinin doğru olduğunu təsdiq etmirdi. Əslində elə Rəvanın anası da mənim anam kimi and-aman eləyir, sübut etməyə çalışırdı ki, övlad - onun özününküdür. Hətta, yazıq qadın fikrinin doğru-dürüstlüyünü isbat etmək üçün deyirdi ki, axı, uşaqların oxşarlığında qəribə heç nə yoxdur; bir məhəllənin uşaqları bir-birinə oxşamayıb kimə oxşayasıdır ki?.. Bizsə ilk vaxtlar bu cür söz-söhbətlərdən xəbərsiz böyüməyimizdə idik.
    Məndən sonra evimizdə daha iki nəfər - bacımla qardaşım da dünyaya gəldi. Rəvansa öz evlərində tək böyüyürdü; onun nə qardaşı vardı, nə də bacısı. Günlərin bir günü eşitdik ki, Rəvanın atası arvadı ilə dalaşaraq evi tərk edib... harasa çıxıb gedib. Sən demə, yazıq kişi qonum-qonşuların dedi-qodusuna son qoymaq üçün xəstəxanaya müraciət edib və həkim uzun analizdən sonra ona deyib ki, sənin uşağın olmayacaq. Rəvanın atası həkimdən soruşub ki, bəs elə isə onun övladı necə dünyaya gəlib? Həkim soruşub ki, bəyəm sənin övladın var?.. Rəvanın atası nəsə fikirləşib və handan-hana deyib ki, yox, övladım-zad yoxdur. Həkim deyib ki, bəs bayaq deyirdin ki, guya uşağın var; yoxsa zarafat edirdin? Kişi gülüb deyib ki, bəli, zarafat edirdim... Rəvanın atası elə də maymaq, sadlövh adam deyilmiş; oradan birbaşa gedib ayrı bir həkimin yanına; həkim onu əməlli-başlı müayinə edəndən sonra bildirib ki, qardaş, sənin uşağın olmayıb, yoxdur və olmayacaq. Kişi tez cumub evə, arvadını möhkəmcə kötəkləyib və çıxıb hansısa yad şəhərə gedib. Mənim eşitdiyimə görə o, evdən çıxıb gedərkən arvadına deyib ki, ilk gündən ürəyimə dammışdı ki, o uşaq mənim deyil. Arvadı soruşub ki, bunu nədən, haradan bilirdin, ay sarsaq kişi?.. O da qayıdıb ki, bizim nəslimizdəki kişilərin hamısı sonsuzdur, ürəyimə dammışdı ki, mən də sonsuzam. Rəvanın anası soruşub ki, bəs sən özün sonsuz atadan necə dünyaya gəlmisən?.. Rəvanın atası, - bilmirəm indi ona ata demək olarmı, - cavab verib ki, bəs mən doğma atamın yox, ögey atamın oğluyam. Arvad ərinin bu cür söhbətindən heç nə qanmayıb, sadəcə olaraq ağlaya-ağlaya onu qapıyacan ötürərək deyib: “Get, Allah sənə ağıl versin”.
    Sonralar, deyilənə görə, qonşular arabir atamı Rəvangilin evinə gedəndə görüblərmiş. Yəqin ki, atam Rəvanın mənə oxşarlığına görə onun anasına da can yandırırmış. Bu hadisə faş olandan sonra atamla anamın onsuz da əvvəldən örtülü qaynayan qazanlarının qapağı götürüldü. Evimizdə hər gün dava-mərəkə idi. Atam bəzən həftələrlə evə gəlmirdi. Deyəsən, Rəvanın anası ona, yəni mənim atama mənim anamdan daha çox hörmət göstərirdi. Anamı isə ən çox hiddətləndirən və heyrətləndirən mənimlə Rəvanın eyni vaxtda - eyni gündə doğulmağımız idi. O, sanki elə məhz bu fakta görə atamı ömrü boyu bağışlamaq istəmirdi. Çox keçmədi ki, atam dünyasını dəyişdi. Biz - üç uşaq, anamla bir damın altında qaldıq. Anam bizi çətinliklə böyüdürdü.
    Qəribə idi, Rəvanın anası məni öz anamdan artıq sevirdi. Mən böyüdükcə, yaşa dolduqca bunu daha çox hiss edirdim. Qadın hər dəfə məni görəndə qucaqlayıb bağrına basır, üz-gözümdən marçamarçla öpürdü. Nədənsə belə anlarda mənə elə gəlirdi ki, o, məndən kiminsə qoxusunu alır. Amma mənim anam... (Pauza). Mənim anamsa Rəvanı həyət-bacada görəndə özünə yer tapa bilmirdi; elə bil arvad qutuda ilan görürdü. Biz böyüdükcə bir-birimizə daha çox oxşayırdıq - hə də, Rəvanla özümü nəzərdə tuturam. Maraqlı burasıdır ki, elə ikimiz də mənim atama oxşayırdıq.
    Mən uşaqlıqda çox dəcəl idim. Bəlkə elə buna görə də qızların çoxu məndən qaçırdı. Dostlarımın çoxu oğlanlar arasında idi. Bir şeyi də deyim ki, oğlan paltarı geyməyi yaman xoşlayırdım. Çox vaxt küçəyə, məktəbə, lap qonaqlıqlara belə oğlansayağı geyimdə gedirdim. Məni neçə dəfə Rəvanla səhv salmışdılar! Əvvəllər belə hallarda özümdən çıxıb hirslənsəm də sonralar, necə deyərlər, reallıqla barışmalı olmuşdum. Sən demə, elə Rəvanı da mənimlə qarışdırırlarmış; bunu mənə onun anası demişdi. Özü də qadın bunu söyləyəndə uğunub az qala özündən gedirdi. (Kimisə təqlid edir). “Ay qızım, elə bil Rəvanla bir almasınız, sizi ikiyə bölüblər. Vallah, bəzən özüm də çaş-baş qalıram. Belə də oxşarlıq olar?.. Yəqin ki, kökdə qohumluq əlaqələriniz olub. Bir də ki, bala, bir həyətin adamlarıyıq, görünür sudan, havadandır...”. Bütün bunları Rəvanın anası deyirdi. Mənim anamsa... (Kimisə yamsılayır). “O Rəvandı - nədi, heç adama da oxşamır. Onu görüm atanın yolu yollansın. O küçüyə deginən bu tərəflərə hərlənməsin; onu görəndə dalağım sancır, az qalır beynimə qan sıçrasın!” Anamın sözündən belə çıxırdı ki, Rəvan “adamaoxşamazın” biridir. Deməli, mən də Rəvana oxşadığım üçün “adamaoxşamaz” idim. Halbuki Rəvanın anasının dediyinə görə, mən dünyanın ən qəşəng qızı, onun oğlu isə dünyanın ən yaraşıqlı oğlanı idi. Mən istər-istəməz anamdan küsür, inciyirdim.
    Cənab hakim!.. Deyəsən, siz mənə qulaq asmaq istəmirsiz. Elə bil yuxuya getmisiz. (Səs-küy). Xahiş edirəm, zalda sakitliyi bərpa edin! Yəqin ki, sizi mənim dediklərim qətiyyən maraqlandırmır. Sizi baş verən hadisə - yəni sizin terminlə desək “cinayət” maraqlandırır, elə deyilmi? Amma siz unudursunuz ki, hər bir hadisənin baş verməsində obyektiv və ya subyektiv səbəblər dayanır. Elə mən də bu səbəbləri sizinlə birlikdə araşdırmaq istəyirəm. (Pauza).
    Biz Rəvanla birlikdə eyni bağzaya, eyni məktəbə, eyni instituta getdik. Hər yerdə bizi doğma bacı-qardaş hesab edirdilər. Hətta, bizi əkiz qardaş kimi qəbul edənlər də vardı: axı, dediyim kimi, mən çox vaxt oğlan geyimində olurdum, dostlarımın da ki, çoxu oğlan idi.
    Beləliklə, biz böyüdük, institutu qurtardıq. Mən kiçik reklam idarələrindən birində işə düzəldim, Rəvansa zabit kimi hərbi xidmətə çağırıldı. Mən bir il Rəvanı görmədim. Amma arabir onun anasına baş çəkməyi unutmurdum. Axı, o qadın məni çox sevirdi. Rəvan hərbi xidməti başa vuran kimi artıq çoxdan ev-eşikdən didərgin düşüb yad şəhərdə məskunlaşmış atasının yanına getdi. Hər necə olsa da onun qanuni atası vardı, axı. Anası Rəvanın getməsinə o qədər də razı deyildi. Amma nə edəsən ki, bu - həyatdır. Rəvan atasının yanına köçüb gedəndən sonra tez-tez anasına məktub yazır, pul göndərirdi. Rəvanın anası haradansa öyrənmişdi ki, onun əri yad şəhərdə təzədən arvad alıb, ailə qurub və ən təəccüblüsü də bu idi ki, əkiz uşağı olub! “Kül sənin kişi başına!” Bu sözləri qadın ərinin ünvanına söyləyir, onun qarasınca deyinirdi. (Səsini dəyişir). “Əvvəl deyirdi ki, biz nəsillikcə sonsuzuq, indi isə birdən-birə iki uşağı olub. Bəs elə isə məni el içində niyə biabır edirdin, ay sonsuz oğlu sonsuz!”.. Rəvanın anası ürəyiaçıq qadın olduğu üçün bütün qonum-qonşuların xətir-hörmətini qazanmışdı. Indi köhnə uşaq əhvalatı da unudulub yaddan çıxmışdı. Biz bir-birimizi görməyəndə çox darıxırdıq. Gizlətmirəm, indi bu qadın mənə anamdan da yaxın idi.

    Səs-küy.

    Bax, elə hər şey, sizin öyrənmək istədiyiniz “cinayət hadisəsi” də elə o zaman baş verdi; əlbəttə, əgər bunu “cinayət” adlandırmaq olarsa.

    Musiqi. Rəvan səhnənin arxasına keçib tez qayıdır. O, gödəkcə geyinib. Şalvarının balağını çəkmənin içinə qoyub. Boyunluğunu qaldırıb. Başında isti qış papağı var. O, indi geyim-kecimindən, əda və davranışından qadından daha çox kişiyə bənzəyir. Hiss olunur ki, qar yağır, şaxtadır.

    Qarlı-şaxtalı bir gün idi. Mən yenə Rəvangilə getmişdim. Rəvanın anası məni yenə əvvəlki mehribanlıqla qarşıladı. Xeyli söhbətləşdik. Axşam üstü hava yaman bulandı. Bayırda bir qar-çovğun var idi ki, gəl görəsən. Rəvanın anası çox israr elədi ki, yıxıl yat, hara gedirsən belə havada. Mən razı olmadım. Qadın dedi ki, onda əynini qalın elə, soyuqlaya bilərsən, görmürsən havadan zəhər yağır. Doğrudan da mən yüngül paltarda idim. Rəvanın anası məni dilə tutub öz oğlunun xəz dərili hərbi gödəkcəsini çiynimə atdı. Mən gödəkcəni geyib qapıdan çıxmaq istəyəndə qadın isti qış papağını da başıma basdı. Mən gülüb qeyri-ixtiyari iri güzgüdə özümə tamaşa elədim; güzgüdən mənə Rəvanə yox, sanki Rəvan baxırdı. Rəvanın anası da heyrətini gizlədə bilmirdi. Qadın özünü saxlaya bilməyib qolunu boynuma doladı, məni bağrına basdı: “Mənim balam... Mənim Rəvanə balam...” Rəvanın anası nədənsə - sevincdənmi, kədərdənmi doluxsunub hıçqırırdı. Mən qadınla xudahafizləşib küçəyə çıxdım. Hərbi gödəkcə doğrudan da çox isti imiş. Papağı gözümün üstünə basıb ədabaz oğlanlarsayaq fit çala-çala öz evimizə sarı üz tutdum. Bir qədər sonra hiss etdim ki, kimsə məni arxadan qarabaqara izləyir. Bir-iki dəfə addımlarımı yavaşıdıb geri qanrıldım. Qarlı havada boz siluet kimi arxamca gələn adam da addımlarını mənim ritmimə uyğunlaşdırmağa çalışdı: o da ayaq saxlayıb ətrafa boylanmağa başladı. Mən dar, qaranlıq küçəni burulub geniş xiyabana çıxdım. Buralar nisbətən işıqlı idi. Yenə ayaq saxladım. Bu dəfə qaraltı mənə yaxınlaşdı. Deyəsən, bayaqdan məni addımbaaddım izləyən, məni xofa salan bu adamın mənə deyiləcək sözü vardı. O, düz mənim qarşımda dayandı. Mən yalnız indi baxıb gördüm ki, bu, sarışın, zərif bir qızdır. Qız üzümə gülümsəyərək oynaq, şən və azacıq utancaq bir əda ilə dedi: “Rəvan, sənə nə olub, üzümə niyə elə baxırsan?” Mən məsələnin nə yerdə olduğunu yalnız indi dərk etdim. Sən demə, qız məni Rəvana bənzədibmiş. Mən əvvəlcə istədim ki, “Mən Rəvan yox, Rəvanəyəm”- deyib, onu başımdan eləyim. Amma tez də bu fikirdən vaz keçdim. Axı, onun xətrinə niyə dəyim?.. Qoy elə bilsin ki, Rəvanə yox, Rəvanam. Elə Rəvanın anası da məni öz oğlu kimi sevir. Qoy bu da məni Rəvan kimi sevsin. Rəvanın anası öz oğlunun iyisini məndən alır... Qoy bu da... Birdən məni qorxu hissi bürüdü: yox, bu ki, Rəvanın anası deyil... Sonra bu qorxu hissi də ötüb keçdi. Beləliklə, bizim yeni tanışlığımız başladı; “yeni” deyirəm, ona görə ki, qızla Rəvanın tanışlığının ömrü bir qədər əvvələ gedib çıxırdı. Bizim atüstü söhbətimizdən belə məlum oldu ki, bu xanım qızla gənc zabit Rəvanın tanışlığının əslində çox qısa tarixçəsi olub. Qızın ailəsi Rəvanın qulluq etdiyi hərbi hissənin qonşuluğunda yaşayırmış. Onlar - yəni bu xanım qızla Rəvan bir-iki dəfə görüşüb dərdləşiblər. Indi hansısa xəstəxanada şəfqət bacısı işləyən bu qız sən demə məni, yəni Rəvanı, çoxdan axtarırmış. O, mənim, yəni Rəvanın etibarsızlığından xeyli giley-güzar elədi. Hətta, arada canyananlıq edib, səsimin dəyişdiyini, cırlaşdığını və bunun soyuqdəymə əlaməti olduğunu da vurğuladı. Sonra qız mənim anamın, yəni Rəvanın, anasının kef-əhvalı ilə maraqlandı. O, mənim, yəni Rəvanın indi harada işlədiyimi soruşdu. Qız məni, - yəni Rəvanı, etibarsızlığa görə qınadı. Qız mənim, yəni Rəvanın, mobil telefonunun nömrəsini götürüb, öz telefonunun nömrəsini verdi. Mən, yəni Rəvan, qızla görüşüb ayrılanda, o, mənalı-mənalı məni, yəni Rəvanı, süzüb gülümsədi. Mən, yəni Rəvan da, ona eyni təbəssümlə cavab verməli oldum.
    Cənab hakim, indi siz özünüz deyin, mən nə etməli idim? Gənc bir qız cavan bir oğlanı sevir, onunla ünsiyyət yaratmaq istəyir, məncə burada təəccüblü bir iş yoxdur. Mən həmin anlarda o qızın könlünü qətiyyən qıra bilməzdim. Beləliklə, elə ilk görüşdən sonra bizim çox maraqlı görüşlərimiz başladı. Əslində bu görüşlər qəribə sərgüzəşt və macəralarla dolu idi.
    Mən Rəvanı sevən qızla adətən axşamlar, şər qarışanda görüşürdüm. Biz hər ikimiz utancaq, cəsarətsiz gənclər idik. Qəribə burası idi ki, mən get-gedə bu qıza ürəkdən bağlanır, onu görməyəndə darıxırdım. Yox, ürəyinizə başqa şey gəlməsin, mən onu doğma bir bacı kimi sevirdim; amma buna baxmayaraq öz rolumu da oynamaqda davam edirdim. Qız utancaq olduğu üçün başını qaldırıb üz-gözümə düz-əməlli baxa bilmirdi. Yəqin o, xüsusi diqqət göstərsəydi görərdi ki, mənim üzüm tüksüzdür; axı, mən Rəvan deyildim, Rəvanə idim. Biz onunla uzun-uzadı mırt vururduq. Ən çox da danışan o olurdu. Mənim səsim cır olduğu üçün az danışmağa, susmağa üstünlük verirdim. Özü də boyun-boğazım çox vaxt şərflə bağlı olurdu. Bir dəfə qız məni şəhərin yeraltı barlarından birinə dəvət etdi. Etiraz etməyə bəhanəm olmadı. Yaxşı ki, bar alaqaranlıq idi. Biz bir-iki stəkan kofe içəndən sonra qız məni rəqsə dəvət etdi. Mən elə gödəkcədə, papaqda, boyun-boğazıma şərf dolanmış halda onunla rəqs etməyə başladım. Bardakıların çoxu təəccüblə bizə, qıza və mənə, yəni zabit gödəkcəsi geymiş ədabaza istehza ilə baxırdılar.

    Musiqi. Yüngül rəqs havası səslənir. Rəvanə sanki kiminləsə əl-ələ tutub rəqs edir; o, oynayıb qurtaradan sonra başını əyib təzim edir.

    Rəqs qurtarandan sonra mən qıza təzim etdim; hətta, əlimi qaldırıb papağımı çıxarmaq istədim, birdən xatırladım ki, indiki halda mən oğlan yox, qızam, tez fikrimdən daşındım, elə mən də əllərimi havadaca yelləyib qızın qoluna girdim. Onunla ordan qol-qola çıxdıq.
    Artıq qız mənə, mən də qıza alışmışdım. Amma qış başa çatmaq üzrə idi, qar əriyirdi. Mənim qış libasımı dəyişib yaz geyiminə keçməyim istər-istəməz kimliyimi büruzə verəcəkdi. (Əli ilə üst-başını, sinəsini göstərir). Qız bilsəydi ki, elə onun bir tayıyam, Rəvan deyiləm Rəvanəyəm, bəlkə də dəli olardı. Mən bir növ əyləncə xatirinə başladığım bu oyuna son qoymaq qərarına gəldim. Artıq qızın mobil telefonuma vurduğu zənglərə ya cavab vermir, ya da qısaca olaraq “uzaqdayam, görüşə gələ bilmərəm” - deyirdim. Xanım qız görünür, mənim onunla əlaqəmi üzməyə çalışdığımı hiss etdiyi üçün telefonda hirsli-hikkəli danışırdı. Mən nə edə bilərdim?.. Hər dəfə bir bəhanə uydururdum.

    Musiqi. Qadın “qış geyimini” dəyişib “yaz paltarını” geyir. O, musiqiyə uyğun əllərini oynadır, səhnədə var-gəl edir, fırlanır.

    Axır ki, yaz gəlib çıxdı. Görünür ilıq, isti havalar qızın da donunu əritmişdi; o, mənə demək olar ki, hər gün zəng vururdu. Artıq yüz faiz əmin idi ki, mən onu başdan eləmək istəyirəm. Amma o yazıq qızcığaz Rəvana, yəni Rəvanın timsalında mənə, elə vurulmuşdu ki, onsuz yaşamağı təsəvvürünə belə gətirmirdi. Hətta, günlərin bir günü Rəvanın anasıgilə gedərkən onu döngənin ağzında dayanıb var-gəl etdiyini gördüm. Yaxşı ki, libasımı dəyişmişdim, məni tanısaydı qiyamət qopacaqdı yəqin. Tez geri dönüb xiyabana buruldum.
    Yox, iş bununla başa çatmadı. Tərs kimi həmin günlərdə Rəvan öz atasının yanından öz anasının yanına gəldi. Anası zəng çalıb məni muştuluqladı, evə dəvət etdi. Mən gedib ana-bala ilə görüşüb-öpüşdüm. Rəvan bir az dəyişmişdi, ən başlıcası isə qalın bığ buraxmışdı. Mən ona göz qoyub ürəyimdə nədənsə xısın-xısın gülməyə başladım: elədir, bir müddət “Rəvan” rolunu oynadığımı xatırlayıb qəşş etməkdən özümü zorla saxlayırdım. Indi “rol“un” əsl ifaçısı, obrazın “orijinal variantı” öz ayağı ilə “hadisə” yerinə” gəlib çıxmışdı. Rəvan mənə də, anasına da hədiyyələr alıb gətirmişdi.
    Iki-üz gündən sonra Rəvan mənim mobil telefonuma zəng edib dedi ki, təcili səni görmək istəyirəm, başını orada islat - burada qırxdır.
    Mən Rəvangilə getdim. Anası evdə yox idi. Rəvanın qanı qara idi. O, diqqətlə məni süzüb dedi ki, başıma iş gəlib, bilmirəm neyləyim? Elə bil ürəyimə nəsə damdı, özümü ələ alıb çəkinə-çəkinə soruşdum ki, o, nə işdir elə? (Səsinin tonunu, üzünün mimikasını dəyişir). “Bilirsən, mən hərbi xidmətdə olanda bir qızla iki-üç dəfə görüşmüşdüm. Aramızda hez bir ciddi söhbət-filan da olmamışdı. O günləri evdən çıxanda görürəm bir boz kölgə düşüb arxamca, qarabaqara məni izləyir. Sonra o kölgə mənə yaxınlaşdı. Ağzına gələni döşədi cəmdəyimə o ki var. Əvvəlcə, heç nə anlamadım. Sonra diqqətlə baxıb gördüm ki, bu, vaxtilə mənimlə iki-üç dəfə kəlmə kəsmiş, indi haradansa qarşımda peyda olmuş həmin xanımçadır; yəni hərbi xidmətdə tanış olduğum qız. Səfeh qız gözünü yumub ağzını açdı nə açdı. Atan belə, anan belə. Dedim, ay bacı, bir məni başa sal görüm nə hadisə baş verib, axı? Səninlə qələt eləyib iki-üç kəlmə söhbət kəsmişəm deyə, məni öldürəsi deyilsən ki! Dedi ki, sən məni dolamısan, ələ salmısan, az qala ismətimə toxunmusan . “Az qala” ha!.. Bir bunun iftirasına bax!.. Düzü, biz tanış olanda utancaq, həyalı bir qızdı. Amma indi... Aman Allah, qızda necə kin-küdurət olarmış. Nə qədər etdimsə yaxamdan əl çəkmədi ki, çəkmədi. Dedi, səni biabır edəcəcəm, nə bilim polisə verəcəyəm. Sən fırıldaqçısan, vampirsən, killersən, nə bilim nəsən, nəsən... Indi qalmışam iki od arasında, bəlkə bu sarsaq qızı verim polisə? Birdən, o, məni qabaqlayar. Dedi ki, məni tutduracaq. Nə üçün? Bəlkə dəlixanaya müraciət edim? Nə isə... Yaxamı zorla qopardım onun əlindən. Arabir çıxıb eyvandan qorxa-qorxa baxıram, o, yenə binanın həndəvərində sülənir… Lap başımı itirmişəm… Məsləhətin nədir, indi mən nə edim? Anama demək istəmirəm, eşidib-bilsə qanı qaralacaq...”
    Mən heç nə demədim. Durub eyvana çıxdım. Axmaq qız düz binanın qənşərində dayanıb ciddi-cəhdlə sanki kiminsə gəlişini gözləyirdi. Mən Rəvana dedim ki, fikir eləmə, əynini gey, həyətə düşək. Yazıq Rəvanın gözü qorxmuşdu, evdən çıxmaq istəmirdi. Mən bir daha israr etdim, o, sözümü yerə salmadı. Biz birbaşa həyətə endik.
    Qız əvvəlcə Rəvanı görüb ley kimi onun üstünə şığıdı; amma onun yanındakı adamı, yəni məni, Rəvanəni, görəndə yerindəcə donub qaldı. Elə bil onu ildırım vurdu. Qəzəbli baxışlarla gah oğlanı, gah da məni süzüb handan-hana çiyni atlana-atlana qəşş etməyə başladı. Mən başa düşmədim ki, o, hıçqırır, yoxsa gülür. Sonra qız addımını irəli atıb mənimlə üz-üzə, göz-gözə dayandı. Qəfildən sağ əlini yuxarı qaldırıb var gücü ilə üzümə bir şillə vurdu. Mən səntirlədim, amma Rəvan qolumdan tutub yıxılmağa qoymadı. Oğlan onun üstünə yeriyəndə qolundan tutub saxladım: “onunla işin olmasın”, - dedim. Qızın dodağından qopan bir-iki kəlmə sözü zorla eşitdim: “Yaxşı, baxarıq, ifritə!”..Yəqin ki, o, “ifritə“” deyəndə məni nəzərdə tuturdu; adətən, bu söyüşü qadınların ğnvanına söyləyirlər. Qız hiddətlə bizdən ayrılıb gözdən itdi. Rəvan özünü tamamilə itirmişdi. Deyəsən, o, bu cür sonluğu qətiyyən gözləmirdi. Qız gedəndən sonra, yazıq Rəvan siqaret alışdırb çəkinə-çəkinə soruşdu ki, sən haradan tanıyırsan bu ifritəni?.. Mən qısaca: “Heç, elə-belə... köhnə tanışımdır” – deyə, cavab verdim. Ta durub tarixi-nadiri danışası deyildim ki. Həmin günün səhəri Rəvan atasının yanına çıxıb getdi... Hörmətli hakim, bax həmin əhvalat bu cür qəribə - həm gülməli, həm də ağlamalı bir sonluqla başa çatdı. (Səs-küy). Bilirəm, bilirəm, burada oturanları maraqlandıran əsas məsələ qondarma “cinayət” işidir. Mən baş verən insidentin yaranma səbəblərini geniş şəkildə açıqladım ki, mənzərə bu zalda əyləşənlərə tamamilə aydın olsun. Əlbəttə, həmin hadisənin qalmaqallı sonluğu çoxlarına məlum olsa da, onun əsl mahiyyətini məndən yaxşı heç kəs açıqlaya bilməz. Xahiş edirəm, dinləmək istəyirsinizsə, səbrinizi basıb diqqətlə mənə qulaq asın. Mən, nəyə desəniz and içə bilərəm ki, nə möhtərəm hakimdən, nə də bu zalda əyləşən soydaşlarımdan heç nəyi gizlətməyəcəyəm. Ümumiyyətlə, mənim təbiətimdə yalançılıq, riyakarlıq yoxdur.

    Səs-küy.

    Heç bayaq danışdığım hadisənin də yalançılığa bir dəxli yoxdur! Nə, mən yazıq bir qızı aldatmışam? Yox, bunu kimisə aldatmaq və yaxud kiməsə zərər gətirən bir yalan adlandırmaq olmaz. Mən istəmişəm ki, sevən, alışıb-yanan, iztirab çəkən bir insanın ürəyinin yarasına məlhəm qoyum. Bəlkə də həmin günlərdə Rəvanı, yəni məni, görməsəydi o qızın bağrı çatlar, məhv olardı. Mən onu yaşatmışam, həyata qaytarmışam. Bu, olsa-olsa müqəddəs bir yalan hesab oluna bilər. O isə... o isə bunu dərk etmir. Bəlkə də heç dərk etmək istəmir. Bu, insan təbiəti ilə bağlı bir haldır. Xüsusən, mənim mənsub olduğum cinsin nümayəndələri, - yəni qadınlar, hadisələri çox vaxt ağıllarının yox, ürəklərinin gözü ilə qiymətləndirirlər. Mən bu baxımdan qınamıram o qızı!
    Yaxşı, onda icazə verin sizi bu hadisənin sonrakı gedişatı ilə tanış edim. Şərtləşdik, eləmi?..

    Musiqi. Rəvanə səhnə arxasına keçib tez də geri dönür. O, indi zərif qadın geyimindədir: uzun ətəkli don, son dəbdə tufli geyib; saç düzümü də dəyişib. Gülümsəyir.

    Hə, bax belə...
    Aradan xeyli vaxt keçdi. Qış da ötüb keçdi, yaz da, yay da. Artıq Rəvan öz həyatını tamamilə yad şəhərə bağlamışdı; deyəsən, bir daha bu tərəflərə qayıtmaq fikri yox idi. Məncə onu ən çox o “ifritə” ilə arada baş verən müəmmalı insident qorxuzmuşdu. Amma o, öz anasını yenə unutmamışdı. Tez-tez zəng vurur, pul göndərirdi. Anamla Rəvanın anası yenə küsülü idi. Anam mənim o qadına baş çəkdiyimi bilsəydi qırğın-qiyamət qoparardı. Ona görə də mən Rəvanın anasıgilə çox vaxt şər qarışanda, alatoranda gedirdim. Qadın mənim xətrimi çox istəyirdi. O, istəyirdi ki, mən düz-əməlli bir adamla ailə qurum, oğul-uşaq sahibi olum. Hətta, öz rəfiqələrindən birinin oğlu ilə tanış eləmək istəmişdi məni; oğlan isə ilk tanışlıqdan mənim xoşuma gəlmədi: çoxdanışanın, naqqalın biri idi. Özünü də yaman tərifləyirdi; guya gələcəkdə müasir dövrün ən böyük həkimlərindən biri olacaqdı. Nə isə, elə üz göstərdim ki, arxasına baxa-baxa getdi. Həkim demiş, bir dəfə avtobusdan düşəndə ayağım burxulmuşdu, tez özümü yaxınlıqdakı xəstəxanaya çatdırdım. Həkimin kabinetinə girəndə nə görsəm yaxşıdır?!. İfritəni! Ağ xalatda əyləşmişdi həkimin yanında. Onu görən kimi tez dabanımın üstündəcə fırlanıb geri qayıtdım. Elə oradaca ayağımın ağrısı keçib getdi.
    Söz yox ki, aylar-illər keçdikcə mən gəncliyimin tədricən arxada qalmasını dərk edir, yeni bir həyata can atırdım. Bu “həyat” subay qız üçün nə ola bilərdi?.. Əlbəttə, ailə həyatı. Mən də öz yaşıdlarım kimi sevmək-sevilmək, kişi nəvazişi görmək istəyirdim. Hər bir qadının özünün gizli, sirli sevgisi olur - bunu yalnız qadınlar özləri bilir. Amma qadınlar heç vaxt öz hisslərini açıq biruzə vermirlər - bu addımı atmağa onların vüqarı, qüruru, bəlkə də eqoizmi imkan vermir. Axı, qadınlar çox eqoist və dikbaş olurlar. Elə onların başına gələn müsibətlərin çoxu da bununla bağlıdır. Təbii ki, mənim də qəlbən sevdiyim insanlar var idi. Bəyəm gedib öz istədiyim adama deyəcəkdim ki, buyur bu, mənəm - gəlmişəm?!.
    Son zamanlar yolda-izdə, xüsusən avtobusda tez-tez rastlaşdığım gülərüz, enlikürək, yaraşıqlı bir kişi nədənsə diqqətimi cəlb etmişdi. O, çox vaxt başını aşağı salıb ya kitab oxuyar, ya da baxışlarını uzaqlara zilləyib nə barədəsə düşünürdü. Həmin kişinin qəşəng, zərif, sarışın saqqalı vardı, özü də tünd eynək taxırdı. Avtobusdan düşəndə fikir vermişdim, iti yerişi vardı. Mən onu vaxtilə baxdığım hansısa filmin qəhrəmanına bənzədirdim. Amma bu, hansı film idi? Heç cürə xatırlaya bilmirdim. Biz bəzən onunla avtobusda eyni oturacaqda əyləşirdik. O, adətən sakitcə portfelindən kitabını çıxarıb oxuyurdu. Hətta, bir dəfə eyni dayanacaqda düşəsi olduq. Mənim əlimdə ağır bağlama vardı; kişi cəld əlini uzadıb bağlamanı yerə düşürməyə kömək etdi; qəribə, bariton, bir az da boğuq səslə dedi ki, icazə verin sizə kömək edim. Mən özümü qürurlu qız hesab etsəm də bir növ güzəştə gedəsi oldum. Kişi məni mənziləcən yola saldı. Yolboyu nə o, nə də mən bir kəlmə də olsun dınşmadıq. Xoşum gəlir azdanışan kişilərdən! Zəhləm gedir yava-yava danışan naqqallardan!.. Deyəsən, bu, elə əsl mən deyən kişilərdən idi.
    Sonralar biz yenə rastlaşır və artıq köhnə tanışlar kimi salamlaşırdıq. Mən onu həftədə ən azı iki-üç dəfə görürdüm. Və həmişə də ürəyimdə qəribə hisslər baş qaldırırdı. Amma belə hallarda özüm-özümü mühakimə edir, danlayırdım; mənim yad kişi ilə nə işim vardı ki? Bəlkə o, evli idi, arvad-uşağı var? Bəlkə mənimlə qətiyyən maraqlanmır?.. Yox, deyəsən, düşüncələrim də yanılırmışam. Nəhayət, günlərin bir günü o, zarafatyana mənə söz atdı: “Deyəsən, ailənin bütün ağırlığı sənin çiyinlərindədir”. Nə ailə?.. Mən əvvəlcə heç nə başa düşmədim. Sonra anladım ki, o, çox güman ki, mənim ailəli olub-olmamağımla maraqlanır. Mən də işarə ilə ona anlatdım ki, öz çiyinlərimdə ailənin yox, elə öz qayğılarımı daşıyıram; yəni hələ subayam. O, bığaltı gülümsədi. İlahi, təbəssüm ona necə də yaraşırdı! Mən, ümumiyyətlə, bığlı-saqqallı kişiləri o qədər bəyənməsəm də yeni tanışıma bığ-saqqalın çox əla yaraşdığının fərqinə varırdım. Üstəgəl tutqun, iri sağanaqlı eynək onun zərif sifətinə bir gözəllik, məlahət verirdi. O, dedi ki, mən də öz qayğılarımı təkbaşına çəkməyə məhkumam; hətta, qanmazlar da yaxşı anlayır ki, o da bununla evli olmadığına işarə vururdu.
    Hörmətli hakim, gənc bir qızın cavan bir kişiyə rəğbət bəsləməsində qəbahətli bir iş varmı? Məncə, yox! Yəqin ki, bu məsələdə siz də mənimlə şəriksiniz. Bizim atmacalı danışıqlarımız get-gedə yaxın dostluğa çevrilməyə başladı. Mənim tanışım ixtisasca biologiya müəllimi imiş. O, təbiəti, quşları, heyvanları çox sevirdi. Onun xoş rəftarı, ədəb-ərkanı, səliqə-sahmanı məni məftun etmişdi. Bildiyiniz kimi, yəni artıq bu barədə danışmışam, mən uşaqlıqdan dəcəl, sözgötürməz, köntöy bir qız olmuşam. Arabir ona sataşıb cinlətmək istəyirdim. Amma təzə dostum çox təmkinli, hövsələli adam olduğu üçün mənim hər cür şıltaqlığıma səbrlə dözür, beş sözümdən birinə cavab verirdi. Əsl mən deyən kişilərdən idi! Doşab almışdım bal çıxmışdı!
    Indi bizim dostluğumuzdan çoxları xəbərdar idi. Bunu işdəkilər də bilirdilər. Hətta, anam və Rəvanın anası da mənim özümə gələcək adaxlı tapmağımdan xəbərdar idilər. Rəvanın anası telefonla bu xəbəri oğluna da çatdırıbmış. Rəvan da telefonda deyib ki, toya mütləq onu da dəvət etməliyik, yoxsa inciyər, mənimlə haqq-salamı ömürlük kəsər. Təbii ki, hələ evlənməkdən söhbət gedə bilməzdi. Bundan əvvəl “həri” var, nişan məsələsi, get-gəl var. Hələ nə evlənmək, nə kəbin?!.
    Mən öz təzə dostumla küçədə özümü çox sərbəst və azad hiss edirdim. Hətta, xatırımdadır, bir dəfə axşamüstü bizə ilişən bir dəstə sərxoş cavanın üstünə elə hücum çəkdi ki, özümü irəli atıb harayçılıq etməsəydim yəqin ki, ortaya qan düşəcəkdi. O, əsl xilaskar, əsl igid idi. Ən xoşuma gələn cəhəti də bu idi ki, bəzi-bəzi kişilər kimi diliuzunluq və əliuzunluq edib, şit hərəkətlərə yol vermirdi. Mən xoşlayıram ciddi kişiləri. O da məhz bu cür kişilərin, necə deyərlər, tipik nümayəndəsi idi.
    Günlərin bir günü yenə vədələşib görüşdük. Elə gözəl, səliqəli geyinib-kecinmişdi ki, gəl görəsən. O, tanışlığımız ərəfəsində ilk dəfə icazə alıb qoluma girmək istədiyini bildirdi. Mən susdum. Susmaqsa, yaxşı bilirsiniz ki, nə əlamətidir: əlbəttə, razılıq! Ətrafımızdan keçən qız-qadınların çoxu bizə qibtə hissə ilə baxırdılar, xüsusən də mənə. Axı, mən bir qadın kimi öz təcrübə və psixologiyamdan çıxış edərək yaxşı bilirəm ki, qadınların əksəriyyəti öz həmcinslərinin xoşbəxtliyinə necə darınır, bundan necə kədərlənirlər. Yox, bunu kişilər çətin dərk edərlər! O, məni yaxınlıqdakı barların birinə dəvət etmək istədiyini bildirdi. Bir qədər tərəddüd etsəm də, heç nə demədim: nə “hə”, nə “yox”. Bu da razılıq işarəsi idi. Biz elə qol-qola, deyə-gülə bara endik. Elə bil başıma bir qazan su endirdilər. Sən demə, bu həmin bar imiş - bir vaxt mənim o “ifritə“ni” dəvət etdiyim bar. Amma üstünü vurmadım. Biz bir-iki fincan kofe içəndən sonra o, mədəni tərzdə əlini uzadıb çəkin-çəkinə məni rəqsə dəvət etdi. Yenə etiraz etmədim. O, əlini belimə dolayıb çox məharətlə rəqs etməyə başladı.

    Musiqi. Rəqs havası ifa olunur. Rəvanə sanki kiminləsə rəqs edir; qadın başını guya “kişinin” çiyninə qoyub nazlanır, gülümsəyir, şıltaq hərəkətlər edir. Sonra “kişi” onun əlindən tutub əyləşməyə dəvət edir. Qadın ona yüngülcə təzim edir.

    Rəqs başa çatdıqdan sonra qonşu stolda əyləşən cavanlar əl çalıb coşqunluqla bizi alqışladılar. O alqış səsləri hələ də qulaqlarımdan getmir. (Alqış səsləri eşidilir) . Və o anlarda mənə elə gəldi ki, vaxtilə mənim bu bara dəvət etdiyim həmin “ifritə” də bizi alqışlayanların arasındadır. Mən nədənsə buna min faiz əmin idim. Elə buna görə də başımı qaldırıb ətrafa diqqətlə baxmağa cürət etmirdim. Mən yalnız sonralar.... aradan xeyli bir vaxt keçəndən sonra intuisiyamın məni aldatmadığının şahidi olacağam. Doğrudan da təkcə qadınlara məxsus ürəyədamma heç bir kişidə ola bilməz! Amma məni tələsdirməyin. Hələlik, hər şeyi, sizin “cinayət” adlandırdığınız o hadisəyə gələn marşrutu olduğu kimi təsvir etmək üçün mənə şərait və imkan yaradın. Oldumu, cənab hakim? Biz, mənim təhrikimlə, tezliklə barı tərk etdik. Mən evə tələsirdim. Dostuma başımın ağrıdığını bildirdim. O, mənə hansısa həbi qəbul etməyi məsləhət gördü... Biz səhərisi, o birisi, ondan sonrakı gün də görüşdük. Artıq bir-birimizə elə bağlanmışdıq ki, bizi heç bir qüvvə ayıra bilməzdi. O, bir dəfə utana-uatana, çəkinə-çəkinə bildirdi ki, bu yaxınlarda ağsaqqallarını bizim evə elçiliyə göndərmək niyyətindədir. Mən hələ bir az gözləməyi, səbr etməyi məsləhət gördüm. O, gülümsəyib dedi ki, ta nə qədər səbr etmək olar? Doğrudan da nə qədər səbr etməli idik?.. Amma mən elə bil nəyisə gözləyən bir adam kimi, bir daha öz dediklərimi təkrar etdim.
    O, artıq dediyim kimi, səbrli, təmkinli adam idi. “Nə olar, yenə gözləyərik” - deyə, mənim dediklərimə ciddi etirazını bildirmədi. Və mənim gözümdə daha da böyüdü!.. Biz küçələri dolaşıb yorulandan sonra o, mənə təklif etdi ki, bılkə gedib sakit bir yerdə əyləşək. Sonra gedəcəyimiz yeri də müəyyənləşdirdi. (Səsinin tonunu dəyişir). “Boş-boşuna gəzməkdən nə çıxar? Əgər bir söz desəm xətrinə dəyməz ki? Qulaq as, deyim, ya deməyim? Hə, deyəsən susursan? Deyirəm bəlkə gedək bizə. Yenə susursan. Demək, razısan. Bilirsən ki, mən tək yaşayıram. Nədir, qorxursan? Çəkinmə, mən adamyeyən-zad deyiləm.Niyə duruxursan? Hər halda sənə artıq əziz olan bir adamın həyat tərzi ilə yaxından taniş olsan, məncə heç nə itirməzsən. Sadə, ikiotaqlı mənzilim var. Bəlkə evin yır-yığış işində də mənə köməkliyin dəydi. Hə, nə deyirsən, gedək?”
    Nə deyə bilərdim ki? Gec-tez mən o mənzili görməli idim, ya yox?
    O, taksi saxlayıb ünvanı dedi. Şəhərin ucqarında yerləşən kiçik həyət evlərindən birinin yanında maşından düşdük. Artıq şər qadışmışdış nədənsə ürəyim həyəcanla döyünürdü. Amma özümü ələ almağa calışırdım. Axı, qeyri-adi nə baş verə bilərdi ki? O, sakit,təmkinli bir adam idi. Yəqin ki, artıq-əskik hərəkətəyol verməzdi. Axı biz ailə qurmağa, birıikdə mənalı bir ömür yaşamağa hazırlaşırıq.
    O, qapını açıb içəri keçdi, sonra məni arxasınca içəri dəvət etdi.:”Buyur, xoş gəlmisən”.
    Nə isə, keçdim içəri. O, qapını örtğb işığı yandırdı, mənim yağmurluğumu tutdu, sonra öz gödəkcəsini soyundu. Mənə sarı əyilib sirli bir əda və təbəssümlə alnımdan öpdü.Doğrusu, bu onun ilk və son öpüşü oldu. Eynəyini çıxarıb küncdəki dolabın üstünə qoydu. Mən onun çox iri, qəzəbli və ən qəribəsi də budur ki, tanış gözlərini eynəksiz halda ilk dəfə idi ki, görürdüm. Bəlkə bi iti baxışlar mənə hansısa filmdən tanışdır? Elə əvvəllər də mən onu hansısa aktyora bənzədirdim. Bəlkə bu... bu zalım oğlu dolayırmış məni, heç biologiya mğəllimi-zad deyil, aktyor imiş?.. Birdən-birə elə bil gözlərim alacalandı,ürəyim sıxıldı. Bəlkə tez geri qayıdım, çıxıb gedim bu xarabadan?.. Yox, bu, yaxşı düşməzdi. Birdən inciyər, ağlına min fikir gələr. Bəyəm indi bu cür ziyalı, mədəni, sakit kişi tapmaq asan işdir?
    Özünün dediyi kimi, onun “iş otağı”na keçdik. Divardakı şəkilləri görəndə elə bil dünya başıma fırlandı. Aman Allah, hər yerdən o “ifritə”nin şəkilləri asılmışdı. Hə, də onun... O, Rəvanı sevən, məni hədələyən, şillələyən ifritənin.
    Otağın ortasında donub qalmışdım. Özümü ələ almağa çalışdım. Bəlkə bu, onun bacısının şəklidir? Ya bəlkə vaxtilə sevib onu... o “ifritə”nı? Yox... Yox... Bu, ola bilməz. Sanki birdən-birə, olduğu kimi xatırladım o ifritənən baxışlarını! Bunun gözləri eyzən o qızın gözləri idi ki, vardi; indi hirsli-hirsli üzümə dikilmişdi. Yəqin ki, qardaş-bacı idi onlar. Bəlkə məndən bacısının intiqamını almaq istəyir? Axı, həmin “ifritə” o vaxt Rəvanla söyüşəndə mənə demişdi ki, “yaxşı, baxarıq, ifritə!” Deməli, belə... Yəqin ki, indi mənimləhaqq-hesab çəkmək istəyir. İstədim hay-küy qoparıb aradan çıxım. Amma özümü ələ alıb yenə yenə də şəkillərdən mənə baxan gözəlçəyə tamaşa edirdim. O, bütün şəkillərdə gülümsəyirdi. Elə bil məni ələ salıb cinlətmək istəyirdi...
    Əsl möcüzə isə bundan sonra baş verdi. “Dostum” pencəyini çıxarıb asılqandan asarkən mən onun ensiz, hamar çiyinlərini görüb qorxuya düşdüm. O, necə də zərif, zəif və arıq imiş. Yəqi zalım oğlu pencəyinin icindən çiyinlik qoyurmuş ki, enlikürək görünsün. O, dönüb üzümə baxarkən mən onun qabarıq sinəsini, köynəyinin altından qar kimi ağaran zərif boyun-boğazını görəndə lap özümü itirdim. Sən demə, hələ əsl həngamə irəlidə imiş. Sonra o, əlini üzünə atıb bığını-saqqalını qopartdı. Qorxu öz yerində, lap ətim ürpəşdi. Mənim qarşımda indi adi bir qız dayanmışdı; bu, həmin ifritənin özü idi. İndi onun bayaqkı hiddətli, qəzəbli baxışından əsər-əlamət qalmamışdı.
    O, qalibanə tərzdə, tox-tox gülümsəyirdi. “Hə, bax belə, indi tanıdın məni? Əvəz-əvəz oldu, yoxsa... yoxsa ayrı bir proqram da göstərim sənə?” İndi “ifritə”nin sifəti kimi səsi də dəyişmişdi.
    Məni hönkürək tutsa da, dişimi-dişimə sıxıb özümü toxtadım. Əlimi atıb onun zərif, kağız kimi dümağ boğazından yapışdım. O biri əlimi düyünləyib yumruğumu var gücümlə “ifritə”nin sifətinə çırpdım. O, qışqırıb yerə sərildi... Ağız-burnundan qan açıldı. İndi mən qismən də olsa sakitləşmişdim.
    Cənab hakim, siz məni bu gün burada cinayət törətmiş adam kimi mühakimə edirsiniz. Amma, yaxşı olar ki, düzgün qərar qəbul edəsiniz. Odur o “ifritə” indi bu zaldadır. Ağız-burnu sarıqlı olsa da . dili-ağzı yerindədir. Qoy o özü desin: mənim zərrə qədər günahım varmı? Bəlkə də var. Amma o da günah sahibidir axı. Bir dəfə o məni vurmuşdu, bir dəfə də mən onu yumruqlayası oldum. Hesab oldu heç-heçə. Bəlkə səhv edirəm? Xahiş edirəm ədalət məhkəməsi düzgün, obyektiv qərar çıxarsın. Yoxsa mən yuxarı instansiyalara şikayət edəcəyəm.
    Cənab hakim, səsiniz gəlmir, deyəsən siz yuxulamısız, cənab hakim, bəlkə siz o “ifritə”ni haqlı sayırsınız? Elə isə qoy o da öz sözünü desin. Bəzən ifritələrə də qulaq asmaq lazım gəlir.
    Sağ olun, cənab hakim. Göstərdiyiniz səbr və təmkinə görə sizə təşəkkür edirəm.
    Musiqi.

    Pərdə
    SON

  • oktyabr 2023, Firuz M.

  • 44
Xoşbəxt olmağın ən gözəl yolu, sahib olduğun ailənin dəyərini bilmək, onu hər şe...

Vüsalə Qələndərli (Sadıqova)

“Müasir dövrdə ailə institutumuzu necə qorumalıyıq?” Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Bir binanın təməli necə möhkəm olmalıdırsa, ailənin təməli də elə möhkəm və......

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir

Vüsalə Qələndərli (Sadıqova)

Hər bir xalqın xilaskarlıq tarixinə iz qoymuş tarixi şəxsiyyətləri olur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş......

Qaranquş Yuvası

Firuz Mustafa

(qısametrajlı film üçün ssenari) 1. Elman Qasımzadənin yaşadığı ev. Evin qapı və pəncərələri həyətdəki bağçaya açılır. Sadə qaydada döşənmiş otaqlardan biri.......

Həyatı. Əsərləri. F.m.

Firuz Mustafa

Azərbaycan dilində (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Həyatı Firuz Mustаfа (Mustafayev Firuz Qədimalı oğlu) 18 fеvrаl......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bu gün hava çox sərin idi. Amma havanın sərin olmasına baxmayaraq, küçələrdə adamlar gözə dəymirdi. Adətən belə günlərdə məhəllədə yaşayan uşaqların səsindən evdə oturmaq olmurdu.......

Nağıl № 33

Cəmilə Allahverdiyeva

Mən bu gün Sabahı sevəcəyəm... Və sevgi istəyəcəyəm! O məni sevməzsə, Sevgimi verməzsə, O gün, O gün, - sabahı sevəcəyəm! Və gözləyəcəyəm!.. Mən bir sevgi......

.Bioqrafiyası və əsərləri

Firuz Mustafa

Qısa bioqrafiyası, habelə nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahıs (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi......

Yeddisi ayın yeddisi-

Habil Yaşar

Annotasiya Oxuduqca intizarda qalacağınız bu kitabda gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaqsınız. Əsərdə Aytəkin......

Cəvahir Tanrıverdi - Sən Bu Xalqın Dayağı

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Sən Bu Xalqın Dayağı (Ulu Öndər Heydər Əliyevə) Sən bu xalqın dayağı, Sən tarix yazan insan. Qəmi taleyimizdən Əbədi pozan insan.......

Tamella Pərvin. Allah, bu zəngulə Xanın səsidir,

زائـــور اوستاج

Yaz YazI YazAR YazARLAR Müstəqilliyimizə Salam, xoş gəlmisən, müstəqilliyim. Səni elə-belə gətirmədik biz... Aldıq yağılardan, bu şanlı Yurdu, Səni yaşadacaq, bizim sevgimiz. Amalın günəşdi, od......