...
  • Özbək poeziyasından örnəklər
  • Firuz Mustafa
  • ÖZBƏK POEZİYASINDAN ÖRNƏKLƏR

    Abdulhəmid Süleyman Çolpan
    (1897-1938)

    Güz*

    Gömgöy ikən saralıbdır yarpaqlar
    Arğın, yorğun qoca Şərqin üzü tək.
    Qasırğanın gözlərisə oynaqlar
    Qalib Qərbin qanla dolu gözü tək.

    Qara bulud topaları göyləri
    Şərqi tutqun pərdə kimi qapamış.
    Güz qoşunu zəhər dolu oxları
    Yaz bağrına dayanmadan atmışdır.

    Bəla kimi qatar-qatar düzülüb,
    Göy üzündə qarğalar da süzərlər.
    Şərq tək içdən için-için əzilib
    Çox canlılar son nəfəsi gözləyər.

    Bütün varlıq, yoxluq çökmək üzrədir,
    Soyuq... qara qışa köçmək üzrədir.

    *Güz-bir çox türk dillərində, o cümlədən özbək dilində “payız” deməkdir.

    Abdurrauf Fitrət
    (1886-1937)

    Parça
    Vur, vur...! Sənin barmaqların həzin-həzin vurduqca
    Ürəyimin bitib qalan yaraları açılsın!
    Çalğı teli sənin nazlı barmağınla titrərkən
    Ümidimi qapayan qara bulud yırtılsın.
    11 aprel 192
    Elbek
    (1898-1938)
    (Maşrık Yunusoğlu Elbek)

    Dil
    Qəmli quşum ötə-ötə gəl anlat,
    De kimlərdir türk dilini satanlar?
    Bülbül kimi öpüb duran bu dili
    Utanmadan bu ölkədən atanlar?

    Baldan dadlı, sudan duru türkcəyə
    Xor baxırlar boş qafalar, beyinlər.
    Bu sərvətin qiymətini bilməyib,
    Gör kimlərdir “nəyə lazım” deyənlər?

    Qəmli quşum, öz nəğməni oxu sən,
    Türk dilində zümzümə et qış, bahar.
    Yollarını azanlara baş qoşma,
    El içində çərənləsin qoy onlar.



    Aybek
    (1905-1968)
    Musa Taşmuhammedoğlu Aybek

    Azad quş
    Mələk kimi gözəl bir quş
    Bir budağa gəlib qondu.
    Dedim: “Ay quş, yanıma düş,
    Gənc könlümə qüssə doldu.

    Bir az dillən, şeir söylə,
    Üzgün ruhum qanad açsın.
    Sirli, gözəl nəğmələrin
    Əməlimi şamtək yaxsın”.

    “Yandım azadlıq eşqilə,
    Qəfəslərdə tamam bezdim.
    Bağçaların həsrətilə
    Ürəyi qan dustaq idim”.

    “Gəl çağırma, göyə uçaq,
    Azadlığa çıxaq birgə.
    Bahar gəlib hər yan gülür,
    Çiçəkləri qucaq birgə”.

    Deyərək quş yana baxdı,
    Sakit göyə qanad acidı.



    Erkin Vahidov
    (1936-2016)

    Bulaq
    Bulaq ana yer köksündən
    Şeir tək çağlayıb axar.
    Suyun gümüş aynasından
    Aşiq kimi Günəş batar.

    Suyla birgə ürəyimə
    Axdı vətən məhəbbəti.
    Susuzluğum bitdi, ancaq
    Bitmədi qəlb hərarətim.



    Abdulla Aripov
    (1941-2016)

    Qızıl balıq

    Toxumdan çıxan tək gətirib onu
    Bu çirkli hovuza atdılar artıq.
    Qır-qırıntı yeyib keçirdi günü,
    Çör-çöp, yarpaq altda qalmışdı balıq.


    Dünyada gördüyü bu dar hovuzdu,
    Bir də söyüdlərin solğun ləçəyi.
    Mənə elə gəlir, bu qızıl balıq
    Dünyanı dar hovuz hesab eləyir.


    Cemal Kemal

    Danışır

    Sazım sirdaş könlüm ilə birləşib
    Bu aləmdə yaxşı-yaman danışır.
    Səyyarələr yanar göydə alışıb,
    Dənizlər dibində mərcan danışır.

    Rüzgar oynayar, saç yolar sünbül,
    Odda yana-yana ağac olar kül,
    Bağçanın məhrəmi gül ilə bulbul,
    Çəməndə can ilə canan danışır.

    Sirlərlə doludur bu sirli aləm,
    Bəzən bu sirlərə baş vurur qələm,
    Dost ilə düşmənin, bu necə aləm-
    Sözləşib doğruyla yalan danışır.

    Camal, açma sirri, sözü de tamam,
    Dodaqda əks etsin əllərdəki cam,
    Sirlərlə gömülən bu gözəl axşam
    Sənin ruhun ilə asman danışır.


    Siracəddin Səyyid

    Gecə biçinindən sonra

    Yeddi qız dayanib sahildə çılpaq,
    Çimməyə gəliblər gecə həvəslə.
    Yeddi aypara tək parıldayaraq
    Yeddi oraq düşdü samanın üstə.

    Bu gecə yetişib azadlıq anı,
    Yeddi dəst paltarı qoruyur qaya.
    Səmadan süzülür Ayın işığı,
    Yeddi Yer hilalı atılır çaya.

    Ətrafa incitək damlalar düşür,
    Sərin suda üçür yeddi ağ bədən.
    Kişilər lay üstə yuxu bişirir,-
    Onlar məst olublar çəmən ətrindən.

    Kişilər yuxuya gedib əlbəəl,
    Səmada parlayır Saman yolu, bax.
    Mən də saman üstə yatardım, di gəl…
    O ayı, o çayı olmur unutmaq.


    Atlılar

    Xatirladım o gunu- bir payiz gecesini.
    Uşaqdım. Yaşıdlarim çoxdan yatmışdı ancaq.
    Evimizdə qonaqlar həmin gecə sübhəcən
    Yalnız atlar barədə danışdılar coşaraq.

    Onlar ehtiras ilə, həvəslə, coşqu ilə
    Atların ünvanına min tərif deyirdilər.
    Danışdıqca gözləri alışırdı sevinclə,
    Onlarçün hər şey olan atları öyürdülər.

    Mən uşaq marağıyla onları dinlədikcə
    Çöllərin küləkləri elə bil atlanırdı.
    Gözlərimin önündən keçirdi həmin gecə
    Ram olmayan ilxının şahə qalxan atları.

    Bütün qışı beləcə söhbət edən qonaqlar
    Bir səhər köçlərini yığıb çıxdılar yola.
    Həyətə qərib sükut çökmüşdü həmin anlar,
    Daha eşidilmirdi atların kişnərtisi.

    Damların arasından sökülürdü üfüqlər,
    Oyanırdı təbiət yatmış bir uşaq təki.
    Uzaq təpələr üstə nərə çəkən traktor
    Baharın gəlişindən xəbər verirdi sanki.


    Nəvainin ad gunu

    Açılacaq taybatay bu gün göyün qübbəsi,
    Ürəklərdə sevgidən bir saray ucalacaq.
    Dünyanı nurladacaq onun adı, nəfəsi,
    Xalq da çevrilib bu gün böyük millət olacaq.


    Sovqat

    Dünyanın yarısı nur və ziyadır,
    Yarısı düşüncə, yarısı qovğa.
    Qələm gətirmisiz Yapon elindən,
    Dediniz: bu, sizə məndən bir sovqat.

    Gələn müsafirlər, gedən qonaqlar
    Sizi özlərinə sayırlar doğma.
    Dünyada ən gözəl varlıq dostlardır,
    Dostluğun qut olsun, Abdulla ağa.

    Yapon oğulları. Yapon qızları
    Qonaq gələcəklər bizim ellərə.
    Siz qucaq açarsız onlara bu vaxt
    Yapon yağışları yağar güllərə.

    Cibimizə qoyub biz o qələmi,
    Sanki zirvələrə yüksəldik o dəm.
    Qərib ellər haqda söhbətlər edib
    Sonra çıxıb getdik. Qələmsə həmdəm.

    Bəs şairlik nədir? Qüssədi-qəmdi,
    Qələm bizlə qalır daim təkbətək.
    Biz gecə yatanda hamıdan pünhan
    O qələm yaponca ağlasın gərək.

    Uşaqlıq
    Dostlar, bir şəhərim var idi mənim
    Vardı o şəhərin ayı, ulduzu.
    Duru səmasında qaldı gözlərim,
    Gözlərimdə qaldı nə qədər arzu.

    Dostlar, bir şəhərim var idi mənim,
    Tozlu küçələri sorğu-sualdı.
    O uzaq şəhərin küçələrində
    Qayıtmaz bir fəslin qoxusu qaldı.

    Dostlar, bir şəhərim var idi mənim,
    Onun kiçik, yaşıl çölü-çəməni...
    O yaşıl çəməndə ömrün illəri,
    Cavanlıq illərim qalıbdır mənim.

    Bir vaxt boğulurdam onun çayında,
    Kim dartıb çıxardı məni o çaydan?
    İndi mənim çayım görən hardadır,
    Nişanə qalıbmı yəni o çaydan?

    Mənim bir ağacım var idi, dostlar,
    Payız yarpaqları ona əl edir.
    Bəlkə göz yaşıyla yetişmiş sözlər
    Həmin o ağacın meyvələridir?


    Uşaqlıq qayıtmadı

    Geri axdı, çaylar bir də qayıtdı,
    Dağda itən o səs-səda qayıtdı,
    Məni gəzən qəfil nida qayıtdı,
    Uşaqlışım qayıtmadı. Qayıtmadı.

    Hələ biçilməmiş zəmilər söndü,
    Yamaclar saralıb samana döndü.
    Gedən sürülər qə geriyə döndü,
    Uşaqlışım qayıtmadı. Qayıtmadı.

    Bu küçə, bu həyət, bu ev, bu ocaq
    Bir gün titrəyəcək və ağlayacaq:
    On il əvvəl itmiş itimiz gəldi,
    Uşaqlığım qayıtmadı. Qayıtmadı.

    Onu səhradamı qoyub getmişəm?
    Yoxsa küləklərə təslim etmişəm?
    Hıçqırıb məktubla çağırdımsa da,
    Uşaqlığım qayıtmadı. Qayıtmadı.

    Qaranquşlar qayıtdı. Dayça at oldu.
    Vətənimin dağı- daşı yad oldu,
    "Ah" çəkdim, qayıtdı xatirələrim,
    Uşaqlğım qayıtmadı. Qayıtmadı...
    Dil və millət məqamı
    Bu dünyada millət varsa — dövlət yaşar,
    Dövlət varsa — bu dünyada millət yaşar.
    Dövlətin var — millətin var, bilsən əgər,
    Millətin var — dövlətin var, qoru onu.
    Babalardan bizə qalmış əmanətsən,
    Ana dilim, millətimsən, dövlətimsən.
    Daş kitablar təzim etdi Ana Soylara,
    Analar öz saçlarını sərdi çaylara,
    Ürəyimdə üç minillik dağların var,
    Üç minillik dalğaların, bağların var.
    Üç minillik qayalartək qüdrətimsən,
    Millətimsən, ana dilim, dövlətimsən.
    Ağ duayla endim yerə, qalxdım göyə,
    Ağ dağlarım bənzəyirdi Kaşgariyə.
    Kim dünyaya gəlib ona naxış vurub,
    Babalarım sözlə necə dünya qurub.
    Dünyalara sənədimsən, sənətimsən,
    Ana dilim, tacım, taxtım, dövlətimsən.
    Heç bir nəsil özü-özündən bina olmaz,
    Öz-özündən Biruni ya Səna olmaz.
    Yer üzünə hikmət əkdin- irfan tapdın,
    Sən Fərabi qüdrətiylə elm yapdın,
    Cəhalətə üsyan edən dəvətimsən,
    Millətimsən, ana dilim, dövlətimsən.

    Söz mülkündə sultan olan Əlişirdir,
    Əliaçıq Lütfi isə hələ sirdir.
    Səmərqəndsən — uluların beşiyisən,
    Mənəviyyat dünyasının keşiyi sən.
    Bu dünyanı mat eləyən heyrətimsən,
    Ana dilim, millətimsən, dövlətimsən.


    Babur Mirzə möhtəşəmdir ümman kimi,
    Coşub-daşır ümman kimi, tufan kimi,
    “Baburnamə”n cəfərnamən oldu sənin,
    Hər addımda səbrnamən oldu sənin.
    Nəsillərə miras qalmış sətvətimsən,
    Millətimsən, ana dilim, dövlətimsən.

    Yaddan çıxmaz Qədirilər, ya Çolpanlar,
    Haqq yolunda borc verdi neçə canlar.
    Ədəbiyyat yaşayırsa, millət yaşar,
    Millət varsa, bir əbədi sənət yaşar.
    Avlanimsən, Fitrətimsən, qüdrətimsən
    Dövlətimsən, ana dilim, millətimsən.

    Yeni dövrün ümidisən, haqqındır bu,
    Yüz otuz dörd millət üçün taxtındır bu.
    Damarımda vuran nəbzim, qanım dilim,
    Dünyaya səs salan dilim, canım dilim.
    Millətləri birləşdirən millətimsən,
    Dövlətimsən, ana dilim, dövlətimsən.

    Hər qızına, hər oğluna balam dedim,
    Balam dedim, bağrımdakı laləm dedim.
    Qurban olum şirin-şəkər dilimə mən,
    Doymaq olmaz bir sözündən, bir kəlməndən.
    Bu dünyada mərhəmətim, şəfqətimsən,
    Dövlətimsən, ana dilim, millətimsən.

    Zaman çətin, dövran bir də geri dönməz,
    İnsanın ömrü möhnətlidir, gəzər doymaz.
    Vətən üçün can qoymasaq vətən olmaz,
    Vətən üçün candan keçmək çətin olmaz.
    Yeni əzmim, cəsarətim, sürətimsən,
    Millətimsən, ana dilim, millətimsən.

    Mədh elədim, təriflədim, anıb yazdım,
    Gecə-gündüz alovlanıb yanıb yazdım:
    Şövkətli el bu dünyada dövlətlidir,
    Dövlətli el aləm içrə şövkətlidir.
    Sən aləmdə uca şanım, şövkətimsən,
    Dövlətimsən, ana dilim, dövlətimsən.


    Novruz mahnısı

    Fələk bizi bəlalardan qorudu?
    Ulduzların şəfəqləri durudu?
    Bir tumurcuq dəyişdirər ruhumu,
    Aləm köhnə, sağım-solum yenidir.

    Tutqun səma yorğun bağrım olubdu,
    Toy başladı aləm səslə dolubdur.
    İndi yaşıl yarpaqlarım solubdur,
    Qələm tutan köhnə əlim yenidir.

    Heç Aya da dəyişmərəm üzünü
    Vəsf edərəm Qoqan, Surxan qızını.
    Gözəllərin zülflərinin nazını
    Çəkən yelim, gözəl elim yenidir.

    Ey köhnə bağ, çox çəkmisən əziyyət,
    Yadımdadır elədiyin vəsiyyət,
    Sarı yarpaq, sən də verdin nəsihət,
    Güllü bağım, incə gülüm yenidir.

    Hər könüldə yeni nəğmə oyansın,
    İman, insaf yaxşılıqla boyansın.
    Hər beşikdə körpə yatsın-oyansın,
    Uzaq olsun bizdən- ölüm yenidir.


    Üz tutsanız Hindistana, Çinə siz,
    Tanrımıza ümid edin yenə siz,
    Qoy bol olsun taxılınız, ruziniz,
    Bərəkətli düzüm, çölüm yenidir.

    Könlüm sizə lalələrdən söz açsın,
    Qalanını yerlər, göylər danışsın.
    Nazlı güllər bir-birinə sarışsın,
    Düzünü bil, qəlbim, halım yenidir.

    Ustad

    Həmişə rəng versin şeirlə qəzəl,
    Məni zamanımdan ayırma, Tanrı.
    Qoy hamı yaşasın, amma ən əvvəl
    Məni ustadımdan ayırma, Tanrı.
    Möhkəmlət yaxşılıq sərhədlərini,
    Qəm-qüssə sarmasın çox da dərini.
    Gültək saxla onun nəvələrini,
    Məni ustadımdan ayırma, Tanrı.
    Ürəklərdə yaşar, özü ürəkdir,
    Həm dağ kimi uca, həm də kövrəkdir.
    Mənim hayqırışım sadə diləkdir:
    Məni ustadımdan ayırma, Tanrı.

    Böyük şairlər var kiçilir hərdən,
    Onlar bir-birini didirlər bəzən,
    Heç kimi onlara möhtac etmə sən,
    Məni ustadımdan ayırma, Tanrı.

    Şeirsiz ötüşdü bəzən günlərim,
    Çaya axıb getdi neçə dərd- sərim.
    Getdi həm mərdlərim, həm namərdlərim,
    Məni ustadımdan ayırma, Tanrı.

    Həsrət ilə dolu bir piyalədir,
    Bağrı qırmızımtıl, üzü lalədir,
    Yetmiş yaşa çatan körpə baladır,
    Məni ustadımdan ayırma, Tanrı.

    Mənim ən saf-təmiz çağlarım getdi,
    Yaşıl yamaclarım, bağlarım getdi.
    Bir arxa bildiyim dağlarım getdi,
    Məni ustadımdan ayırma, Tanrı.

    Duz-çörək qədrini hamı bildimi?
    İmtahansız keçən bir gün oldumu?
    Qoru millətimi, qoru yurdumu,
    Məni ustadımdan ayırma, Tanrı.

    İnsanın əhvalı məlumdur, məlum,
    Bir ömür yaşayıb öyrənməz təlim.
    Atadan sonradır axı müəllim,
    Məni ustadımdan ayırma, Tanrı.



    Abdulla Şir

    Şair sezməsə də, qəfil ölür şeir,
    Həmin gün şair də ölür şeirlə.
    İyirmibeş ildir ki, gözüm şahiddir,
    Bəs bunun sirri nə, nə olmuş belə?

    Şeir ölər- ruzigar vurar qıfılı,
    Şeir ölər-şairi nişan alarlar.
    Lalələr baharda saralar-solar,
    Günəşə boylanmaz günəbaxanlar.

    Bir an davam edər bu cür hal, yenə
    Şair qələmini əlinə alar..
    Sonra... yalan alqış, saxta təntənə
    Nüfuzlu ölünü bir tora salar.


    Xasiyat Rüsrəmova

    Mən öz ürəyimə sual edirəm,
    Cavab gözləyirəm həm də ki, ondan-
    Ay mənim ürəyim, sən olmayanda
    Harada olmuşam bir vaxt, bir zaman?.


    Ürəkdə ağrılar cövlan eləyir,
    Hər damla qanımdan axır ayrılıq.
    Mənim məhəbbətim, bəs sən hardasan?
    Bəlkə unudubdur Yaradan artıq?


    **

    Daha ayrılıqdan yazan deyiləm,
    Mən yazmasam belə dünya dağılmaz.
    Dağ yeli, gəl apar məni özünlə,
    Dağ çayı, qumlara qərq elə bir az.

    Qələmim, sən mənə sevinc bəxş elə,
    Mənim misralarım, çağla həyat tək.
    Hərdən eşidilən vida səsləri
    Ötüb-keçənləri oxşasın gərək.

    Yalnız yaşamaqdan yazacağam mən,
    Gərək şeir qoşum, mən deyib-gülüm.
    Örtəcəm qapını, Gəlib tapmasın
    Məni axtaranda o qəddar ölüm.


    Torpağın altında, göyün üzündə,
    Ulduzlu damlarda gəzəcəm ki mən
    Məni dinləyəsən torpaq altında,
    Məni eşidəsən göyün üzündə sən.


    Qeyrət Məcid
    Dilbərim
    Saf eşq mənim qışlarımı yay eylər
    Eşq əyyamı qalanadək, dilbərim.

    Dünyanındır bu dünyanın dərdləri
    Dərdin camı dolanadək, dilbərim.

    Aləm bilməz arzuların rəngini,
    Güllər tikan olanacan, dilbərim.

    Daşqəlblilər gülə dəyər verəmməz,
    O çiçəklər ölənəcən, dilbərim.

    Sonda ölür daim ruhun sevgisi,
    Məqsəd hasil olanacan, dilbərim.

    Niyə sevim mən dünyanın gülünü,
    Təravəti solanadək, dilbərim.

    Saf eşq mənim qışlarımı yay eylər,
    Eşq əyyamı qalanadək, dilbərim...

    Dua
    Aşiq ürəyimdə bir nurlu dalğa –
    Yaradan Tanrımı mən bir sirr bildim.
    Sonsuz səmaların qoynunda alov –
    Parlayan Günəşi bir möhür bildim.

    Sayrışan ulduzlar gəzər axşamlar
    Sirli kainatın çöl-çəmənində.
    Nura qərq olanda hilalın üzü
    Sanki işıq parlar təbəssümündə.

    Mən təmiz qəlb ilə baxdım, ərənlər,
    Üzündə, gözündə mübarək işıq.
    Atalar çox olsun, böyüsün ərlər,
    Həzrət babalardan miras almışıq.
    Aşiq ürəyimdə bir nurlu dalğa...

    Salamat qal

    Ey qaşı kamanım dilbər, salamat qal,
    Ey mənim gümanım dildar, salamat qal.

    Bil mənimdir dərdi-qəmi dünyanın,
    Sənə yetməsin zərər, salamat qal.

    Anladım eşqin sirrini, heyrət etdim bir daha
    Mənə lazım deyil bazar, salamat qal.

    Mənim könlüm eşq dolu asimandır biləsən,
    Özüməm özümdən bezar, salamat qal.

    Neçen çiçəkli bir bağça arayıb axtarım axı
    Qəlbimdən getməyən bahar, salamat qal.

    Yalnız Haqqa layiqdir, canım, həmd və səna,
    Eşq varsa, Haqq olar yar, salamat qal.

    Mən nə deyim öz-özümə, doğrusunu bilmirəm,
    Biz birlikdə salamatıq, nazlı nigar, salamat qal.


    Şahlo Axropova

    Qeybətcillərə

    Mənim pıç-pıçlarla əsla aram yox,
    Əgər daş atsanız, çörək ataram.
    Sən çirkin xəyaldan atan zaman ox
    Mən məhəbbət haqda dastan ötürəm.

    Səhər açılanda, dan söküləndə
    Təmiz ürəyimi qucub gedirəm.
    Siz qeybətlə dolu vaxt keçirəndə
    Mən məhəbbət ilə uçub gedirəm.

    Mənə yamanlardan danışma heç vaxt,
    Yaman könüllərə mən yaman yadam.
    Qara fikirlərdən uzağam, uzaq,
    Bununçün mən belə ucayam müdam.

    Heç vaxt qəlbinizi doldurammazsız
    Səmimiyyət ilə, saf niyyət ilə.
    Bilin ki, qeybətlə öldürəmməzsiz,
    Mən ki yaşayıram məhəbbət ilə.


    Mohigül Nəzərova
    Bir dəfə ağlasam...

    Bir dəfə doyunca ağlaya bilsəm,
    Könlümün qübarı çəkilib getsə,
    Kədəri, qüssəni dağlaya bilsəm,
    Ələm buludları məni tərk etsə...

    Könlümdə od saçan parlaq bir günəş,
    Yaysa ziyasını qaranıqlara.
    Kirpiyimdə ölən göz yaşı-atəş
    Bəlkə də dərdimə eləyər çara.

    Gəl götür çiynimdən qürur oxunu,
    Mənə ağlamaqçan bir imkan yarat.
    Əgər razı olsam mənə toxunub
    Həsrəti qəlbimdən ovub yana at.


    Mən inanmiram ...

    Sənə inanmıram, bəsdir, ta yetər,
    Küləklər səndən də doğmadır mənə.
    Qəlbimə dağ çəkdin sən ki bu qədər,
    Amma yalanlatın bitmədi yenə.


    Daha “gəl” demərəm sənə bir daha,
    Səninçün bir heçdir mənim varlığım.
    Gözlərim dikilib gələn sabaha,
    Sənin hər bəhanən mənə göz dağı.


    Payızdan qoparaq uçan durnalar
    Yollarda ölərsə bu, dərdə dönər.
    Ürəyim qürurla vurar-atlanar,
    Onun izlərindən atəşim sönər.


    Hələ “erkən” demə, yox, deyii erkən,
    Günlərin xətrinə dəymə nahaqdan.
    Yaxın gəl, xəstənin öp gözlərindən,
    İntizar tamını barı duy bir an.


    Bir gün mən də geri dönməyəcəyəm,
    Nisgildən sapalıb-solacaq rəngin.
    Mən sənə heç “qayıt” deməyəcəyəm,
    Qəlbimdə gedəcək eşq-qürur cəngi.


    Niyə şeir yazıram?

    Ruhumdan asılıb daş tək bir sual:
    Niyə şeir yazıram, bu kimə gərək?
    Yazdığım kiməsə verdi dərd, məlal,
    Kiminsə qəlbinə yağdı yağış tək.

    Çoxları arxamca qınadı məni:
    “Bu yaşda eşqdən, sevgidən yazır...”
    Onlara üz tutub deyirəm: yəni
    Mənim yazdıqıarım sizi çox əzir?

    İlhamım atamdan qalan bir miras,
    Canımda, qanımda gəzir bu nəfəs.
    Kimdənsə geridə qalsam mən bir az
    Deyərəm, ötəri hissdir bu həvəs.

    Bu bir könül mülkü, ömür düzgüsü
    Hər kəsə sirr olan dərdimdir şeir.
    Mənim hisslərimin parlaq güzgüsü,
    Duyğumu dünyaya misralar deyir.

    Min şükürlər olsun sənə, Allaham,
    Mənə bəxş etdiyin bu ilham üçün.
    Heç kəsin yanında yoxdur günahim,
    Şeir bir dayaqdır bu inam üçün.



    Şahlo Qasumova

    Durna harayı

    Göy qübbəsi altında
    Uçur durna qatarı.
    Birdən bir haray səsi
    Yarır zülmət qatını.

    Kimsə puç edir quşun
    Kükrəyən inadını.
    Açılan güllə onun
    Sındırır qanadını.

    Doğma, əngin səmada
    Durna qoparır fəryad.
    Onun nalə səsini
    Heç kəs eşitmir, heyhat.

    Durna torpağa düşür,
    Durna heykələ dönür.
    Sanki durna dilində
    Hər gün danışıb-dinir:

    “Dünyanı, təbəssümü,
    Durnaları qoruyun.
    Siz sülhün keşiyində
    Duranlrı qoruyun”.




    Nurxon Elmirzoyeva

    Etiraf

    Yaman yaralıydım-çarığım dözdü,
    Ürəyim oxudu bir “Çöli-İraq”.
    Günahkarçün iki dünya bir üzdü,
    Tanrım, sən bu anda odlanma ancaq.

    Getsən....

    Getsən ağlamaram, ağ olsun yolun...
    Şirin təbəssümlə susaram yalnız.
    Gedəndə əlimə uzansın əlin,
    Nə bir tərif söylə, nə bir kəlmə söz.



    Tərcümə edəni: Firuz Mustafa
  • aprel 2025, Firuz M.

  • 40
Yoxa Çıxdı ( qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Getdi əqlim, səni gördükdə şüurum yoxa çıxdı. Əsər qalmadı dinclikdən, hüzurum yoxa çıxdı. Bu məhəbbət nə yamanmış, dedilər inanmadım , Könlüm mum kimi yumşaldı, qürurum......

Etməgil ( Qəzəl ) Nəzirə

Dəhnəli Məmməd Hacızadə

Qocaldım deyib yaşa dolmaq dilərsən, etməgil! Mən bülbülün gülünə solmaq dilərsən, etməgil! Bir an dözmərəm hətta gözlərimdən qeyb olasan, Yoxluğunla canımı almaq dilərsən, etməgil! Barış......

Fizuli Babaya Nəzirə

Dəhnəli Məmməd Hacızadə

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir. Az qalır küfrə düşəm Allah nə,Ənbiya nədir. Şərabım eşq,abım eşq,məhtabım eşq,tabım eşqdir. Hamı eşqi gizlədir,eşqsiz olan guya nədir.......

Neyləyə bildim ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Ey gül səni sevməklə sənə neyləyə bildim? Sənsiz ötüşən ömrə-günə neyləyə bildim? Boylandım həyata yeni dünyaya baxarkən. Dedilər toyundu mənə, neyləyə bildim? Könlüm qan ağladı......

Bədahətən

Dəhnəli Məmməd Hacızadə

Gəldim şeirə mən Cəlilin Poçt Qutusundan, Qaraca Qızın saçları qıvrım Tutusundan. Bir Qalanın Sirrini bildim lap uşaqkən. Mən dərsimi aldım Hadısından,Bıdısından. Arxamca gəlibmiş yüyürüb mən......

Getdim ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Sənə bildirmədən öz sevgimi mən əsgərə getdim, Qayıdanda söylədin hüsnü pərişan ərə getdim. Qopdu sandım tüstü-duman yıxıldı dünyam başıma, Götürdü caynağına bir qara quş məhşərə......

Sonra

Elnarə

Sonda sadəcə “Özünü mən əvəzimdən də sev” – deyə bildim… Və Allaha əmanət etdim. Bütün sevənlər kimi... Sən mənim canımdan bir parçasan. Sən mənim uşaqlığımsan.......

Gəlmişəm Ey Gül ( Qəzəl )

Dəhnəli Məmməd Hacızadə

Ötsə də dövrü-zaman bax qayıdıb gəlmişəm ey gül. Səni fikrimdə xəyalımda tutub gəlmişəm ey gül. O qədər ki sənə eşqım demək olmur dil-ağızla, Eşqinlə könlümü......

Gəl qəbrim üstünə

Dəhnəli Məmməd Hacızadə

şəkil çəkdirək, Mən gülərüz durum, sən məyus dayan. Elə et gözlərin nəmli düşməsin, Kəs bu hıçqırtını biraz sus, dayan. Qoyaraq başını qəbir......

Yanımda sən olmayınca

Dəhnəli Məmməd Hacızadə

Etirafım var daha,dur, Yaxdı məni bu boş qürur. Vaxt keçməyir,zaman durur, . Xəyalım sən,istəyim sən, Ürəyimdə göynəyim sən. Bir-bir düşdü saçıma dən, Yanımda......