...
  • Qaranlığı Qovanlar (iki pərdəli dram)
  • Firuz Mustafa
  • Firuz MUSTAFA

    QARANLIĞI QOVANLAR
    (iki pərdəli dram)

    İştirak edirlər:

    Gülçin müəllimə
    Rüstəm baba
    İldırım
    Nurel
    Əzizə
    Zamin
    Nüşabə



    Proloq

    Uzaqdan tank gurultusu, mərmi və güllə səsləri eşidilir.
    Yanıb-sonən işıqların çarpazlaşdığı nöqtədə qardaş-bacı, yəni GÜLÇİN MÜƏLLİMƏ və İLDIRIM, daha doğrusu, onların silueti görünür. Onlar əl-ələ tutub əvvəlcə səhnənin önünə gəlir, sonra üz-üzə dayanırlar. İndi işıq onların sifərinə düşür.

    Gülçin müəllimə. İldırım, qardaşım, axı sən vaxtilə vuruşmusan... Hətta, yara da almısan... Bəlkə indi...
    İldırım. “Bəlkə”si-filanı yoxdur. Mən döyüşə getməliyəm. O ki qaldı vaxtilə döyüşməyimə... Mən onda uşaq idim. Əsgərlərə sursat, güllə daşıyırdım o vaxt. Mənə zarafatla “alay oğlu” deyrdilər. Amma indi... İndi o illər uzaqda qalıb. Mən artıq əsl müharibədə əsl əsgər kimi vuruşacam...
    Gülçin müəllimə. Ta sənə nə deyim? Onsuz da xasiyyətinə bələdəm. Bilirəm ki, sözündən dönən deyilsən. Mənə təkcə o qalır ki, sənə uğur arzulayım. Get, amma özünü qoru.
    İldırım. Gülçin, bacım... Məndən nigaran qalma. Torpaq namus deməkdir. Biz öz namusumuzu qorumalıyıq və qoruyacağıq da. Ən böyük bədbəxtlik bu dünyada ar-namusunu itirmiş insan kimi yaşamaqdır. Yəni vətənsiz, torpaqsız, onun-bunun qotuğuna. Mən buna heç “yaşamaq” da deyə bilmərəm...
    Gülçin müəllimə. Mən səni anlayıram, qardaş... Yəqin ki, sən haqlısan.
    İldırım. Sən öz işlərinlə məşğul ol, Gülçin. Dərslərini de. Onsuz da biz cəbhə bölgəsinə yaxınıq. Uşaqlarımız artıq top səsinə, tank nəriltisinə alışıb. Biz həm də o uşaqlaın gələcəyi üçün vuruşuruq. İstəmirik ki, biz çəkən zilləti onlar da çəksinlər. Qoy onlar dinc, Sakit bir vətəndə yaşasınlar. Biz barıt qoxulu illərdə yaşadıq, bacı...

    Onlar üzlərini səhnəyə sarı çevirib əl-ələ tuturlar. Səhnənin önünə doğru addımlayırlar
    Uzaqdan tappıltı səsləri eşidilir. Sanki əsgər çəkmələrinin səsi get-gedə yaxınlaşır. Əvvəlcə təbil, sonra orkestr marşının sədaları eşidilir.
    Musiqi get-gedə güclənir.


    Birinci pərdə

    Məktəb yaxınlığında adi kənd evlərindən birinin geniş həyəti.
    Əvvəlcə kənd məktəbinin köhnə zənginin səsi eşidilir. Az sonra uşaqlar görünür, onlar – Nurel, Zamin və Nüşabə həyət boyu qaçışır, oynayır, bir sözlə, deyib-gülür, şənlənirlər. Onların əllərində oyuncaq silahlar var.

    Nurel. Ehey, əllər yuxarı...
    Nüşabə. Sən hara atəş açırsan? (Gülür). Ay tapdın ha... Mən buradayam.
    Zamin. Nüşabə, sən ağ xalat geyməlisən.
    Nüşabə. Ağ xalat niyə?
    Zamin. Axı sən həkimsən... Əsgərlərin yarasını sarıyırsan.
    Nüşabə. Yox, mən əsgər geyimində olmalıyam. Çünki mən vuruşan əsgərlərin yanındayam.
    Nurel. Əllər yuxarı!.. Mən düşmən tərəfi atəşə tututram.... Taq-taq-taraq...
    Zamin. Yox, Günel, sən özün indi düşmən tərəfdəsən. Mənsə özümüzünkülər tərəfdə vuruşuram.
    Nüşabə. Yaxşı, onda mən hansı tərəfdəyəm?
    Zamin. Sən Əzizə ilə birlikdə yaralıları xilas edirsən, onları təcili yardım maşınına daşıyırsan.
    Nurel. Yox, Zamin, bu düzgün bölgü olmadı.
    Zamin. Niyə ki?
    Nurel. Yaralıları maşına daşımağa qızların gücü çatmaz.
    Zamin. Mən özüm filmlərdə görmüşəm ki, yaralı əsgərləri qızlar güllə yağışının altından çıxarırlar.
    Nüşabə. Hə, mən də görmüşəm belə kinoları...
    Nurel. Kinoda olanların hamısı doğru deyil ki...
    Nüşabə. Bilirəm... Yaxşı, bəs onda nə edək?
    Nurel. Biz iki yerə bölünürük; mənimlə Əzizə o tərəfdən hücuma keçir...
    Zamin. Buna sağ cinah deyirlər...
    Nüşabə. Bıy, Zamin, sən bunu haradan bilirsən?
    Zamin. Bunu bilməyə nə var ki? (Ciddi). Mən böyüyəndə general olacağam.
    Nüşabə. General? Mən də həkim olacağam...
    Nurel. Bir qulaq asın. “General”, sən o tərəfdən hücuma keçəcəksən.
    Nüşabə. Yəni sol cinahdan...
    Zamin. (Nüşabəyə). Sən “cinah” sözünü məndən öyrəndin.
    Nurel. Yaxşı, bəs bu qız harada qaldı? Əzizə, sən haradasan? (Ətrafa boylanır). Onun yerini bilən varmı?
    Nüşabə. Əzizə elə yerdə gizlənib ki, onu heç kəs tapa bilməz.
    Zamin. Doğru deyirsən, Nüşabə?
    Nüşabə. Əlbəttə, doğru sözümdür.
    Nurel. Bəs sən özün onun yerini bilirsən?
    Nüşabə. Mən? (Duruxur). Yox... Mən haradan bilim ki?
    Zamin. Bəs onda sən haradan bilirsən ki, Əzizəni heç kəs tapa bilməyəcək?
    Nüşabə. Bayaq Əzizə özü dedi...
    Nurel. Nə dedi?
    Nüşabə. Dedi elə yerdə gizlənəçəyəm ki, məni nə qədər axtarsanız da tapa bilməyəcəksiniz.
    Nurel. Əzizə heyyy...
    Zamin. Ay gizləndi ha... Mən indi onu taparam... (Fikrə gedir). Gərək bizim həyətə gedəydik...
    Nurel. Zamin, sizin həyət kiçikdir. Orada oynamaq olmur. Amma bura- Rüstəm babanın həyəti böyükdür. Bir də ki, burada heç kəsə mane olmuruq.
    Nüşabə. Yaxşı, mübahisə etməyin. Bəs biz indi nə edək?
    Zamin. Məncə o, bu yaxınlıqda gizlənib.
    Nüşabə. Gəlin hamımız birlikdə səsləyək...
    Nurel, Nüşabə, Zamin. (Xorla). Əzizə, heyyyy... Haradasan, Əzizə?
    Zamin. Bu qız harada qaldı? Belə zarafat olmaz axı.
    Nurel. Uşaqlar, elə bil ki, uzaqdan səs gəlir. (Ətrafı dinləyir). Eşidirsiz?
    Zamin. Nurel, mən heç nə eşitmirəm.
    Nüşabə. Yox, Zamin, Nurel düz deyir. Elə bil ki, kimsə uzaqdan, lap uzaqdan qışqırır.
    Nurel. Zamin, Nüşabə, bir diqqətlə qulaq asın, bu, Əzizənin səsidir. Eşidirsiniz?

    Həyəcanlı musiqi sədası get-gedə artır. Uşaqlar qışqıra-qışqıra, çaşqın halda müxtəlif istiqamətlərə qaçışırlar.

    Nurel. Əzizə, cavab versənə... Haradasan? Eşidirsən, Əzizə?
    Nüşabə. Əzizə, bu boyda zarafat olmaz axı... Harada gizlənmisən?
    Zamin. Əzizə, səsin gəlir, amma özün yoxsan...
    Əzizə. (Uzaqdan onun boğuq səsi gəlir). Mən buradayam...
    Nurel. “Burada”-yəni harada?
    Əzizə. Yaxınlıqda bir yer var... Qaranlıq bir yer. Düzü, bilmirəm bura haradır...
    Nüşabə. Əzizə, sən yenə zarafat edirsən?
    Zamin. Yox, nə zarafat? Görmürsüz o necə həyəcanlı danışır?
    Nurel. Mən heç nə anlamıram.
    Nüşabə. Bəlkə orada səni həbs ediblər, Əzizə? (Gülür). Doğrudan ey...
    Zamin. Məncə hələlik gülməli bir iş yoxdur.
    Nüşabə. Vallah, məncə o bizimlə zarafat edir.
    Əzizə. (Uzaqdan boğuq səslə). Uşaqlar, mən bayaq bu evin alt qatında gizləndim. Birdən-birə sanki zülmətə düşdüm. İndi yolu tapa bilmirəm ki, çıxım.
    Nurel. O, Rüstəm babanın evinin zirzəmisindədir.
    Zamin. Rüstəm babanın evinin zirzəmisidir ax...
    Əzizə. Hə, deyəsən elədir. Amma zirzəmiyə oxşamır... Əlimlə toxunuram, divatlar hamardır...
    Nüşabə. Gəlin gedək... (İrəli yeriyir). Əzizə orada boğula bilər.
    Nurel. Nüşabə, dayan. Hara belə?
    Nüşabə. Bəs bayaqdan biz döyüşdən, davadan danışırıq. (Ucadan). İndi elə hesab edin ki, döyüş dostumuz əsir düşüb. Biz onu xilas etməliyik. Arxamca gəlin.

    Nüşabə oyuncaq avtomatın tətiyini çəkib irəıi çıxır.
    “Avtomatlardan” sürəkli “atəş” açılır.
    Musiqi. Nurel və Zamin əsgəri addımlarla evə sarı gedirlər.
    Bu əsnada RÜSTƏM BABA görünür. Kişi əvvəlcə təəccüblə, sonra isə təbəssümlə uşaqları süzür.
    Musiqi dəyişir, həzin melodiya eşidilir.

    Rüstəm baba. Ay bala, yenə bu nə oyundur belə çıxarırsız?
    Nüşabə. (Sevincək). Ura, Rüstəm baba gəldi.

    Rüstəm baba yaxınlaşıb uşaqların başını sığallayır.

    Rüstəm baba. Yenə “dava-dava” oynayırsız?
    Zamin. Bəli, Rüstəm baba.
    Əzizə. (Uzaqdan yenə boğuq səslə). Mənə kömək edin...
    Rüstəm baba. O nə səsdir elə?
    Nurel. Biz bayaqdan bəri Əzizəni tapa bilmirik. Onun səsi gəlir, amma özü yoxdur.
    Rüstəm baba. Necə yəni, “səsi gəlir, özü yoxdur”? Heç belə şey olar?
    Nüşabə. O, bayaq mənə dedi ki, xəlvəti bir yer tanıyıram, gedib orada gizlənəcəyəm-heç kəs məni tapmayacaq. İndi biz onu doğrudan da tapa bilmirik.
    Rüstəm baba. (Həyəcanla). Bıy, yoxsa o bizim “yaşıl sarayda” gizlənib?
    Nüşabə. “Yaşıl saray”?... O, nədir elə, Rüstəm baba?
    Rüstəm baba. Dedim də, saray... Şah sarayı kimi bir yer...
    Zamin. Bəyəm evlərin altında saray olur?
    Rüstəm baba. Qoy əvvəlcə görüm bu uşağın səsi haradan gəlir? Əzizə bala, sən haradasan?
    Əzizə. (Boğuq səslə). Buradayam, baba...
    Rüstəm baba. Hə, mən deyən yerdədir... Sonra sizə danışaram bu nə “saraydır” elə. Məni burada gözləyin. İndi gəlirəm.
    Nurel. Baba, biz də gələk?
    Rüstəm baba. Yox, bu sizin işiniz deyil. Burada dayanın...

    Rüstəm baba cəld, iti addımlarla irəli cumur. Uşaqlar təəccüblə onu süzürlər. Rüstəm baba gözdən itir.
    Həyəcanlı musiqi sədası.
    Gülçin müəllimə və İldırım gəlirlər. Gülçin müəllimənin əlində çanta, başında ağ yayıq var. İldırım hərbi geyimdədir.
    Musiqi sədası azalır.

    Gülçin müəllimə. Uşaqlar, nəsə həyəcanlısınız. Nə olub belə?
    İldırım. Salam, uşaqlar. Nəsə bir hadisə baş verməyib ki?
    Nüşabə. Əzizə oradadır. (Əlini irəli-evə sarı uzadır). Orada...
    Gülçin müəllimə. Orada? Evdə? Heç nə anlamıram...
    Nurel. Elə biz də heç nə anlamırıq...

    Rüstəm baba geri qayıdır. O, qan-tər içindədir, boğula-boğula danışır.

    Rüstəm baba. Uşaqlar, darıxmayın, səbrli olun... (İldırımı indi görürmüş kimi qucaqlayıb bağrına basır). İldırım, bıy, bu sənsən, oğlum? Nə tez qayıtdın?
    İldırım. Salam, baba... Mən vuruşan ordudayam. Döyüş postumuz yaxınlıqda yerləşir. Burada müvəqqəti dayanmışıq. Yəqin bilirsiz ki, bizimkilər sürətlə irəliləyir...
    Rüstəm baba. Yəni ildırım kimi, eləmi?
    İldırım. (Gülür). Hələ ildırımdan da iti... İnşallah, hər şeyi bu yaxınlarda öz gözlərinizlə görəcəksiz... Hə, mən komandirə dedim ki, bəlkə icazə verəsən özümüzünkülərə baş çəkim. O da sağ olsun, dedi ki, ağsaqqal, problem yoxdur, gedə bilərsən... (Gülür). Sən Allah, bir bu dünyanın işinə bax ey, neçə il bundan əvvəl əsgərlərə sursat daşıyan İldırımı “alay oğlu”, “balaca” adlandıran döyüşçülər, bu gün ona “ağsaqqal” deyir... (Gülür və birdən nəsə duyubmuş kimi ciddiləşir) ... Nə baş verib? (Qısa pauza). Nə olub belə?
    Rüstəm baba. Tez ol, arxamca gəl. Nə olduğunu sonra izah edərəm sənə.
    Gülçin müəllimə. Baba, mən də gəlim?
    Rüstəm baba. Yox, qızım, sənlik bir iş yoxdur... Uşaqlar, siz də darxmayın, qorxmayın, bu dəqiqə Əzizəni gətirəcəyik. Ora- bizim “saray” qaranlıqdır... Qoy fanarı da götürüm.

    Gərgin musiqi.
    Rüstəm baba ilə İldırım gözdən itirlər.
    “Silahları” bir kənara atan uşaqlar Gülçin müəlliməyə nəyisə əl-qol hərəkətləri ilə izah edirlər. Onların nə dediyi eşidilmir. Gülçin müəllimə diqqətlə uşaqlara qulaq asır. Onun sifətində gah təəccüb, gah heyrət, gah da təəssüf ifadələri aydın sezilir.
    Az sonra Rüstəm baba və İldırım görünür. İldırımın qucağındakı qızcığaz başını hərbçinin sinəsinə qısaraq onun boynundan bərk-bərk yapışıb. Bu qız Əzizədir.
    İndi bütün iştirakçılar səhnədədir. Onların hamısının sifətində sevinc ifadələri duyulur. Musiqi sədası və iştirakçıların nidaları eşidilir: “Ura!”. “Əzizə gəldi”. “Sağ ol, Rüstəm baba”. “İldırım əmi, yaşa, var ol”.

    Rüstəm baba. Hə, uşaqlar, indi sakit ola bilərsiz. Bu da sizə Əzizə...

    Rüstəm baba əlindəki fanarı kənara qoyaraq Əzizəni İldırımın qucağından alıb öpür. Qız onun qucağından düşür, dostları ilə görüşüb-öpüşür. O, həyəcanlı olsa da, çox sevincəkdir.

    Əzizə. Çox sağ olun, Rüstəm baba, İldırım əmi... Əgər siz olmasaydınız... (Kövrəlir). Mən özüm günahkaram bu işdə.
    Rüstəm baba. Yox, mənim balam, sənin heç bir günahın yoxdur. (Əzizənin başına sığal çəkir). Təqsir mənim özümdədir. Vallah, əslində heç məndə də günah yoxdur. Günah bu lənətə gəlmiş araqarışdıranlardadır. Günah bu davada, bu müharibədədir.
    İldırım. Yaxşı, Rüstəm baba, əgər sirr deyilsə, bizə bir izah edin görək, o nə “saraydır” elə evinizin altında? (Gülür). Birdən gələcəkdə bizə də lazım ola bilər.
    Rüstəm baba. Ay bala, sirr deyəndə ki... (Bir qədər susub dərindən nəfəs alır). Buna bəlkə də əvvəllər sirr demək olardı. Amma ta sirlik bir şey qalmayıb. İstəsəniz danışa bilərəm o nə saraydır elə... Lap sizi oraya səyahətə də aparacam.
    Hamı: Hə, danış, Rüstəm baba... Deyin, biz də bilək... Oraya işıq düşmür?
    Rüstəm baba. Məslə belədir... Bizim bu ev əslində elə o sarayın üstündə tikilib. Bura bizim dədə-baba evimizdir. Bu mülkə biz öz aramızda “köhnə ev” deyirik. Bizim yaşadığımız evi yəqin ki, hamınız yaxşı tanıyırsiz. Odur ey, çayın o biri sahilindəki ikimərtəbəli, aynabəndli evdir. Bu evi isə mənim babam tikdirib. Bəs nə üçün sarayın üstündə? Məsələ burasındadır ki, babam bu evi inşa etməyə başlayanda əvvəlcə özülü qazdırıb. Ustalar görüblər ki, torpağın altında anbara bənzər bir səliqə-sahmanlı yer üzə çıxmağa başlayıb. Yaşıl divarlı, hamar döşəməli, sərin bir yer... Təbiətin bir möcüzəsi... Bildiyiniz kimi, o zamanlar soyuducu-filan yox idi... Əsl təbii soyuducudur. Biz elə o vaxtdan həmin yaşıl divarlı yerə “yaşıl saray” deyirik...
    İldırım. Hiss etdim ki, o sarayın içi çox genişdir, Rüstəm baba.
    Rüstəm baba. Bəli, düz deyirsən, genişdir. Əvvəllər isti havalarda qonum-qonşular öz ərzaqlarını buraya gətirərdilər... Sonra soyuducular icad olundu, saraya ehtiyac azaldı.
    Əzizə. Ura, birinci mən görmüşəm o sarayı...
    Rüstəm baba. (Gülür). Əzizə bala düz deyir. Buradakılar arasında o sarayı məndən sonra görən birinci adam adam odur. Yaxşı, mənim balam, indi de görüm oraya girmək haradan ağlına gəldi sənin?
    Əzizə. Mən əvvəlcə onun qapısını tapdım.
    Rüstəm baba. Bəs o qapıdan necə girdin içəri?
    Əzizə. Qapı açıq idi. Mən də girdim içəri...
    Rüstəm baba. Qapı açıq idi bəyəm? Qəribədir... (Düşünür). Hə, yadıma düşdü, dünən qapını özüm açmışdım ki, saray bir az “nəfəs alsın”. Axı ora nəm ola bilərdi... Eh, qocalıq... Yəqin ki, sonra qapını bağlamaq yadımdan çıxıb. Özü də qapı nə qapı, sal daşdır. O qapının çəkisi çox ağırdır. Amma barmaqla itələsən öz-özünə açılır. Onu mənim babam bu cür düzəldib. Rəhmətlik ona “sirli qapı” deyərdi. Deməli, Əzizə içəri keçəndə o daş qapıya toxunub, qapı da öz-özünə örtülüb. Eləmi olub, mənim balam?
    Əzizə. Bəli, baba. (Pauza). Qapı birdən atxamca örtüldü. Mən içəridə, qaranlıqda qaldım. Başladım qışqırmağa...
    Nüşabə. Biz buradan onun səsini güclə eşidirdik.
    İldırım. (Gülümsəyərək, Əzizəyə). Yəqin ki, çox qorxmusan, qızım...
    Rüstəm baba. Bir görün o heç qorxaq qıza oxşayır? (Gülür). Əlbəttə, yox.
    Gülçin müəllimə. O, çox çalışqan qızdır. Dərs əlaçısıdır. Amma arada bu cür dəcəlliyi də olur.

    (Hamı gülür).

    İldırım. Bacı, uşaq elə bir az dəcəl olsa yaxşıdır.
    Gülçin müəllimə. Dəcəlliyin də sonu bax bu cür olur.
    Rüstəm baba. Şükür, buna da min şükür, bala. Hər şey yaxşı qurtardı. Amma yadınızda saxlayın: tanımadığınız yerə ayaq basmayın, tanımadığınız şeyə əl vurmayın. Bunun ağır nəticəsi ola bilər.
    Nurel. Rüstəm baba, bəs biz haçan görəcəyik o sarayı?
    Rüstəm baba. Hələ tələsməyin. Əslində indi oranı heç görməsəniz yaxşıdır. Təki başımızın üstündən bu qara buludlar çəkilib getsin... Vaxt gələr, biz oraya şadyanalıq üçün yığışarıq.
    İldırım. Baba, elə bil ki, nədənsə yayı atıb oxu gizlədirsiniz...
    Gülçin müəllimə. Mənə də elə gəlir ki, Rüstəm baba bu gizli yer barədə bildiklərinin çoxunu danışmadı bizə...
    Rüstəm baba. Düz deyirsiniz... Məsələ burasındadır ki, soyuducu kimi nəzərdə tutulan bu yer sonra sığınacaq yerinə çevrildi.
    Nüşabə. Sığınacaq nədir, baba?
    Zamin. Nüşabə, bilmirsən sığınacaq nədir?
    Nüşabə. Guya sən özün bilirsən, Zamin?
    Zamin. Niyə bilmirəm ki?
    Nüşabə. Yaxşı, bilirsən de.
    İldırım. Uşaqlar, sakit olun. Lazım olsa Gülçin müəllimə hər sözün mənasını sizə izah edər. Rüstəm baba çox maraqlı söhbət edir...
    Gülçin müəllimə. Rüstəm baba deyir ki, bu yerdən sonralar daldalanacaq kimi istifadə olundu.
    Rüstəm baba. Ay sağ ol, qızım. Düz izah edirsən. (Əlini uzaqlara uzadır). Yağılar o vaxt yenə ağıl-kamallarını itirib dava-dalaş salmışdılar. Onlar üstümüzə hücum çəkəndə çox müsibətlər gördük. Əslində elə onların özü də çox şey itirdilər... Görüm lənətə gəlsin onları... Bax bizim ailəni o vaxt bu yaşıl saray xilas edib. Bunu mən babamla atamdan da eşitmişəm.
    İldırım. Baba, düşmən indi daha təhlükəli oyun oynayır.
    Rüstəm baba. Doğrudur, oğlum.
    Gülçin müəllimə. İldırım deyir ki, bu xına o xınadan deyil. Bizim hərbçilər onların xirtdəyindən möhkəm yapışıb...
    Rüstəm baba. İldırım düz deyir. (Əlini irəli uzadır). Əminəm ki, tezliklə bizim bayrağımız bax o gördüyünüz Dumanlı dağın zirvəsində dalğalanacaq.
    İldırım. Artıq bizimkilər həmin ərazinin yaxınlığında vuruşur... Sabah mən onlarla birlikdə olacağam... Az qalıb, lap az... Tezliklə qələbə müjdəsi eşidərsiniz...
    Gülçin müəllimə. (Kövrələrək İldırıma sığınır). Can qardaşım... Sən Allah, özünü düşmən gülləsindən qoru...
    İldırım. (Onun saçlarını sığallayır). Qorxma, bacım... Televizora baxmırsan? Görmürsən onlar necə qorxaq tülkü kimi qaçırlar... Bircə ona təəssüf edirəm ki, döyüşə ilk gündən qatıla bilmədim... Bir az gecikdim... Onun da günahı məndə olmadı... Dedilər ki, vaxtilə vuruşmusan, bir az da yaşlısan... Axırı ki, dilə tutub razı sala bildim.
    Rüstəm baba. İnşallah, arzun çin olar, bala... (Bir az düşünüb qayğılı halda). Deyirəm, bəlkə rəhbərliklə danışıb uşaqları buradan çıxaraq... Aparaq qonşu kəndə...
    Gülçin müəllimə. Bəs dərslər? Bəs məktəb? Biz haraya gedə biərik? Bizə nə deyərlər?
    Rüstəm baba. Halal olsun sənə, qızım. İldırım, vallah, mənə gülən olmasaydı deyərdim ki, Gülçin müəllimə sənin bacın yox, qardaşındır. Belə mərd, qorxmaz övlad böyüdən ata-anaya mənim bu qoca canım qurban...
    Gülçin müəllimə. Baba, elə söz deməyin. Xoş sözlər üçün də sağ olun. Mən sadəcə öz peşə borcumu yerinə yetirirəm.
    İldırım. Heç nədən qorxmaq lazım deyil... Bizimkilər bu dəfə onlara elə toy tutacaqlar ki, gəldikləri yolu tapıb geri qayıda bilməyəcəklər....
    Rüstəm baba. Allah ağzından eşitsin... İldırım, sən həmişə bu el-obanın təəssübünü çəkmisən. Var olasan... Bu uşaqlar səndən nümunə götürəcəklər...

    Təyyarə uğultusu eşidilir. Hamı diqqətlə səmaya baxır.

    İldırım. Qorxmayın... Bizimkilərdir... Düşmənin başına od ələyirlər...
    Zamin. İldırım əmi, mən gələcəkdə əsgər olmaq istəyirəm...
    İldırım. O-o-o... Nə gözəl arzudur. Zamin çox yaxşı arzu ilə yaşayır. Sərkərdələrdən biri deyib ki, general olmaq istəməyən əsgərdən əsgər olmaz...
    Zamin. İldırım əmi, bəlkə məni də özünüzlə döyüşə aparasız. Mən istəyirəm ki...
    Rüstəm baba. Zamin bala, sənin atan ordudadır, hələlik sənə orada bir ehtiyac yoxdur. (Gülür). O, sənin əvəzinə vuruşur.
    Gülçin müəllimə. Uşaqlar, indiki halda sizin ən böyük borcunuz, vəzifəniz oxumaqdır.
    İldırım. Bacı, xətrinə dəyməsin, düzü məni indiki kitablarda yazılanlar o qədər də açmır.
    Gülçin müəllimə. (Gülür). Niyə, qardaş? Nədir səni narazı salan?
    İldırım. Axı nə qədər düşmənlə dostluqdan yazmaq olar? (Ucadan). Düşmən həmişə düşməndir... Bəlkə də səhv fikirləşirəm, amma məndən olsa biz öz uşaqlarımıza lap körpəlikdən silahla davranmağı, vurub-tutmağı, atışmağı öyrətməliyik. Həmişə geri çəkilənin üstünə gələrlər...
    Rüstəm baba. İldırım, oğlum, mən sənin cürətinə bələdəm. Amma bir söz deyim, xətrinə dəyməsin...
    İldırım. Deyin, baba, sizin hər sözünüz mənə bal kimi şirindir.
    Rüstəm baba. Demək istəyirəm ki, adam hər dövrdə özü öz həyatını yaşamalıdır... Körpələr əlinə silah götürməməlidir. Uşaqlar öz uşaq həyatlarını yaşamalıdırlar. Bəyəm Rüstəm baba ölüb ki, öz nəvələrini qızıl güllənin qabağına versin? (Səsinin tonunu qaldırır). Bu uşaqların çoxunun atası indi düşmən qabağında sipər kimi dayanıb. Lazım gəlsə mən özüm də düşmənlə üz-üzə dayana bilərəm. Amma bunlar... Bunlar indidən barıt qoxusu udmamalıdır. Bunlar Gülçin müəllimədən dərs almalıdır. Gələcəkdə lazım gəlsə, onların arasından İldırımlar da çıxacaq, şimşəklər də çaxacaq... Mən müharibənin nə olduğunu bilirəm. Davada uşaqlar öz yaşlarından tez böyüyürlər. Amma bizə öz vaxtında böyüyən uşaqlar lazımdır; nə tez, nə də gec böyüyən uşaqlar yox...
    Gülçin müəllimə. İldırım, Rüstəm baba doğru deyir. Həyat lazım gələndə hər sahədə öz qəhrəmanlarını yetişdirir.
    Zamin. Mən general olacağam...
    Nüşabə. Ol də... Kimdir sənə mane olan?

    Hamı gülür. Zamin pərt olur. İldırım əlini onun çiyninə qoyur.

    İldırım. Mən də əminəm ki, sən öz arzuna çatacaqsan..
    Rüstəm baba. Yaxşı, uşaqlar, siz oynaşın, mən də öz işlərimi görüm. Düzü, çoxdan bəri ürəyimdən keçirdi ki, bu köhnə evdə bir yır-yığış aparım. Aparmışam da... Amma bir-iki yarımçıq işim qalıb. İldırım, sən də qalx yuxarı, bir az dincəl. Onsuz da yorğunsan.
    İldırım. Yox, baba, dincəlmək vaxtı deyil. Mən getməliyəm.
    Gülçin müəllimə. İldırım, gedək evə. Sən istirahət edərsən, mən də sənin pal-paltarını yuyub təmizləyərəm.
    İldırım. Bacı, mən nə etmişəm ki, yorulam da?.. Yaxşı oldu ki, həm səni, həm Rüstəm babanı, həm də bu uşaqları gördüm.
    Zamin. İldırım əmi, biz də döyüşçülərin gələ bilərikmi?
    İldırım. Əlbəttə, gələ bilərsiz. Lap elə alayın cəsur döyüşçüləri ilə sizin görüşünüzü də təşkil etmək olar. Gülçin müəllimə bu işdə həm bizə, həm də sizə köməklik göstərə bilər... (Pauza). Amma qələbədən sonra.
    Rüstəm baba. Ürəyimə damıb ki, qələbəyə az qalıb. (İldırıma). Onda mən də gələrəm bu uşaqlarla...
    İldırım. Bu, çox yaxşı iş olar, baba. Həm bizim əsgərlər, həm də məktəblilər sizin keçdiyiniz həyat yolu ilə də tanış olarlar.
    Rüstəm baba. Həyat yolu deyəndə ki... Həyatla həmişə cəngi-cidalda olmuşam. Bir rahat günüm olmayıb... Gah həyat məni üstələyib, gah da mən onu...
    İldırım. (Gülür). Demək, hesab hələ heç-heçədir...

    Uzaqdan səs-küy eşidilir.
    Fişənglər atılır.
    Top səsləri.

    Rüstəm baba. Bu nə səs-küydür belə? (Əlini qulağına yaxınlaşdırır). Qulağım məni aldatmır ki?
    İldırım. Top səsləridir. (Diqqətlə dinləyir).
    Rüstəm baba. Onların dərsi verilməyincə sakit oturmayacaqlar...
    Əzizə. Rüstəm baba, bəyəm onlar da dərs oxuyurlar?
    Rüstəm baba. Elə dərs oxumurlar deyə, belə vəhşilik edirlər...
    İldırım. Yaxşı, mən qaçdım. Rüstəm baba, Gülçin, uşaqlar, siz tez evə gedin.
    Gülçin müəllimə. İldırım, bəyəm sən sabah getmirsən?
    İldırım. Elədir... Amma indidən gedib hazırlaşmalıyam...
    Rüstəm baba. Mən də səninlə gedim, İldırım.
    İldırım. Yox, baba, siz qalın. Uşaqlar qorxa bilər.
    Zamin. Yox, biz qorxmarıq.
    İldırım. Əgər bir hadisə baş versə, uşaqları dağ yolu ilə şəhər istiqamətinə, rayon mərkəzinə doğru apararsız. Amma əminəm ki, tezliklə hər şey həll olunacaq...
    Rüstəm baba. Sən bizdən arxayın ol...
    İldırım. Onda salamat qalın. Mən qaçdım... Di hələlik uşaqlar.

    İldırım cəld hamı ilə görüşüb ayrılmaq istəyir.
    Gülçin müəllimə başını qardaşının çiyninə qoyub hıçqırır.
    Rüstəm baba əlini onların çiyninə qoyur.

    Rüstəm baba. Tanrıya dua edirəm, oğlum, sağ gedib salamat gələsən.
    İldırım. Bacı, sən indi bu uşaqların təkcə müəllimi yox, həm də anasısan... Özünü tox tut...
    Gülçin müəllimə. İldırım... (Hıçqırır). Qardaşım mənim...
    İldırım. Sən niyə ağlayırsan axı? Bu nədir? Mən sarıdan qətiyyən nigaran olma... Döyüşçünü döyüşə aglaya-ağlaya yox, gülə-gülə yola salarlar... Görünür, bu da mənim alın yazımdır.

    Rüstəm baba onların- Gülçin müəllimə ilə İldırımın əllərini öz əlinə alıb irəli yeriyir.
    Sonra uşaqlar da əl-ələ verir.
    Fişənglər atılır.
    Güllə səsləri get-gedə yaxınlaşır.

    Rüstəm baba. Gecikmək olmaz. Biz təcili şəkildə bu işə bir çarə qılmalıyıq. Eşidirsizmi, top səsləri yaxınlaşır. O alçaqlar arxa cinahdan hücuma keçmək istəyirlər.

    İldırım cəld irəli çıxır. Əvvəlcə səhnənin önünə gəlir. Sonra iri addımlarla arxaya, fişənglərin atıldığı, top-tüfəng səslərinin gurladığı istıqamətə doğru qaçır, gözdən itir.
    Həyəcanlı musiqi sədası. Rüstəm baba ilə Gülçin müəllimə əl-qolları ilə nəyisə izah edirlər.
    Musiqi tədricən həzin lada keçir.

    Gülçin müəllimə. Uşaqlar, deyilənlərə diqqətlə qulaq asın.
    Rüstəm baba. Balalar, əslində ta siz uşaq deyilsiz.
    Gülçin müəllimə. İndi mən sizin təkcə sinif müəlliminiz deyiləm...
    Əzizə. Axı siz bizim müəllimimizsiz...
    Rüstəm baba. Mənim gözəl nəvələrim, əlbəttə, Gülçin müəllimə sizin sevimli müəllimənizdir. Amma indi elə bir vəziyyət yaranıb ki, siz onun həm də dostlarısız... Əslində indi biz hamımız dostlarıq. Bayaq dedim də, bu lənətə gəlmiş müharibədə uşaqlar da məcburən böyüklər kimi hərəkət etməli olur.
    Gülçin müəllimə. Rüstəm baba, indi nə edək? Bəlkə gedib məktəbə sığınaq?
    Rüstəm baba. Məktəb gözə ilk dəyən yerdədir...
    Gülçin müəllimə. Məncə məktəbə top atmazlar.
    Rüstəm baba. Hardadır məlunlarda o vicdan, o tərbiyə?
    Nurel. Onlara dərs keçməyiblər...
    Əzizə. Onlar uşaqları da öldürə bilərlərlərmi?
    Nüşabə. O günü radioda deyirdilər ki, atılan güllə uşağı böyükdən ayırmır.
    Zamin. Qorxmaq lazım deyil. Qorxan gözə çöp düşər.
    Rüstəm baba. Sağ olun, uşaqlar. Görürəm, hamınız ürəklisiniz. Elə əsas da budur. Amma ehtiyatı da əldən vermək olmaz.
    Gülçin müəllimə. Bəs indi biz nə edək, Rüstəm baba? Nədir məsləhətiniz?
    Rüstəm baba. Mən indi nə etmək lazım olduğunu sizə başa salaram. Yaxşı, mənim lampam harada qaldı?
    Zamin. Budur, buradadır, Rüstəm baba. (Lampanı götürüb Rüstəm babaya uzadır).
    Rüstəm baba. Ay sağ ol. Qulaq asın... Bir müddət bizim “yaşıl saray”da gizlənəcəyik.
    Gülçin müəllimə. Bəyəm orada bu qədər adam yerləşər?
    Rüstəm baba. Əlbəttə, tutar... Ora çox genişdir.
    Nurel. Onda əvvəlcə mən gedirəm ora.
    Əzizə. Yox, mən gedəcəyəm. Axı mən artıq orada olmuşam, bələdəm hər yerinə.
    Nüşabə. Onun qapısı taxtadandır?
    Əzizə. Yox, daş qapıdır. Bayaq Rüstəm baba dedi də...
    Zamin. Arxamca gəlin. İrəli...
    Gülçin müəllimə. Uşaqlar, sakit olun. Deyilənlərə əməl edin.
    Rüstəm baba. Gəlin belə edək. Mən irəlidə, siz də arxamca, hamımız sıra ilə saraya gedirik.

    Musiqi.
    Uşaqlar bayaqdan bir kənara atdıqları oyuncaq silahları qapıb sürətlə Rüstəm babanın arxasınca gedirlər.
    Lap sonda Gülçin müəllimə ehtiyatlı addımlarla gedənlərin arxasınca irəliləyir.
    Güllə, tank və top səsləri yaxınlaşır.
    Get-gedə səhnə qaralır.
    Rüstəm baba görünür. Qocanın əlində tüfəng var.
    Qaranlığı ox kimi yaran projektorların çarpaz işıqları Rüstəm babanın başı üstündə oynaşır.
    Musiqi səsi get-gedə daha da yüksəlir.

    Pərdə


    İkinci pərdə

    Geniş məkan- bura “yaşıl saray”dır.
    Daş divarlar.
    Yaşıl divar boyu düzülmüş taxta parçaları, daş və ağac kətillər.
    Nurel, Nüşabə, Zamin, Əzizə ayaq üstə sakitcə dayanıblar.
    Gülçin müəllimə asta addımlarla gəzişir.
    Hamının üzündə həyəcan hiss olunur.
    Həzin musiqi.
    Sayrışan soyuq, zəif işıqlar get-gedə gurlaşır.

    Gülçin müəllimə. Uşaqlar, üşümürsüz ki?
    Nurel. Müəllinə, soyuq nə gəzir? Biz üşümürük.
    Gülçin müəllimə. Qorxmursuz ki?
    Zamin. Yox, müəllimə. Qorxmuruq.
    Əzizə. Biz kimdən qorxasıyıq ki?
    Nüşabə. Kimdən? Düşməndən..
    Əzizə. Burada düşmən bizi tapa bilməz. Elə deyil, Gülçin müəllimə?
    Gülçin müəllimə. İndi bu barədə danışmaq tezdir. Əlbəttə, düşmən bizə heç nə edə bilməz... Amma biz də özümüzü necə lazımdırsa o cür aparmalıyıq.
    Nüşabə. Müəllimə, biz nə etməliyik?
    Gülçin müəllimə. Rüstəm babanın və mənim dediyim sözlərə qulaq asmalısız. Artıq-əskik hərəkətə yol vermək olmaz.
    Nurel. Gülçin müəllimə, bəs Rüstəm baba özü hanı?
    Gülçin müəllimə. İndi gələr. Darıxmayın..

    Rüstəm baba gəlir. Onun çiynində durbin, əlində tüfəng var. Qoca susub bir müddət diqqətlə uşaqları süzür.

    Rüstəm baba. Niyə danışmırsız?
    Əzizə. Müəllimə deyir ki, artıq-əskik hərəkət etməyin.
    Rüstəm baba. Müəllimə düz deyir. (Hiss olunur ki, zorla gülümsəyir). Siz onun dediklərinə diqqətlə qulaq asın.
    Nüşabə. Həm də sizin sözlərinizə... Müəllimə belə deyir...
    Rüstəm baba. Əgər birdən mən olmasam... (Qəhərlənir). O vaxt qorxmayın...
    Zamin. Siz niyə olmaya bilərsiz ki, baba?
    Rüstəm baba. Bunu elə-belə deyirəm... (Çiynindəki tüfəngi və durbini götürüb bir müddət matdım-matdım baxır, sonra onları bir küncə qoyur). Yaşlı adamam. Hər şey ola bilər. Heç kəs bu dünyanı tutub qurdla qiyamətə qalmır ki. Hər əvvəlin bir sonu da olur.
    Gülçin müəllimə. Rüstəm baba, bayırda sakitlikdir?
    Rüstəm baba. Sakitlik deyəndə ki... Möhkəm atışma gedir. Amma qorxmayın... Biz çox etibarlı yerdəyik.
    Gülçin müəllimə. Görəsən, İldırımgil indi harada vuruşur?
    Nüşabə. Rüstəm baba, bəs biz burada nə vaxtacan qalacağıq?
    Rüstəm baba. Döyüş səngiyənə qədər...
    Əzizə. Bəs döyüş nə vaxt qurtaracaq, baba?
    Gülçin müəllimə. Tezliklə başa çatacaq... Lap tezliklə...
    Əzizə. Müəllimə, bəs bizə sabah dərs olmayacaq?
    Gülçin müəllimə. Baxarıq...
    Nurel. Biz burada da dərs keçə bilərik.
    Zamin. Harada?
    Nurel. Bax budur, burada... Bu taxtadan stol düzəltmək olar. Bu kətillərsə skamyanı əvəz edə bilər.
    Zamin. Hə, bu qara taxtadan lövhə kimi istifadə etmək olar... Əgər tabaşir olsa...
    Gülçin müəllimə. Mənim çantamda tabaşir olmalıdır. (Çantasını qurdalayır). Nəsə gözümə dəymir...
    Rüstəm baba. Tabaşir olmasa da bir ziyanı yoxdur. Bir əncam qılarıq.
    Əzizə. Tabaşirsiz necə yazmaq olar, baba?
    Rüstəm baba. Bax odur, güncdə ağ faner taxta var. İşə yarayar?
    Əzizə. Ağ tabaşirlə ağ taxtaya yazı yazmaq olar?
    Rüstəm baba. Ağ tabaşir olmasın, olsun qara tabaşir... (Gülümsəyir). Olmaz bəyəm?
    Nüşabə. Tabaşirin qarası da olur?
    Rüstəm baba. Belə yerdə qara kömür ağ tabaşiri əvəz edə bilər. Elə deyilmi, Gülçin müəllimə?
    Gülçin müəllimə. Bəli. Əlbəttə...
    Rüstəm baba. Elə isə dərsə başlaya bilərsiz. (Pauza). İstəyirsiz sizə ilk sualı mən verim. Olar, müəllimə?
    Gülçin müəllimə. Yaxşı olar, Rüstəm baba. Maraqlıdır...
    Rüstəm baba. Hə, elə isə bir tapmaca deyim. Özü də indi ağlıma gəldi: “Ağ şuma qara toxum səpərlər”. Bunun açması nədir? (Pauza). Özünüzü çətinliyə salmayın. Açması yazıdır, yazı. Yəni yazmaq, oxumaq toxum kimidir. Yaxşı toxumunsa həmişə yaxşı meyvəsi olur.
    Gülçin müəllimə. Doğrudur.
    Rüstəm baba. Madam ki, xoşunuza gəldi qoy onda bir yanııltmac da deyim. Amma bu dəfə onu şeirnən söyləyəcəm:
    - Gəl gedək bağa.
    - Mən də, mən də.
    - Çıxaq budağa.
    - Mən də, mən də.
    - Şaftalı yığaq.
    - Mən də, mən də.
    - Bağban gəlsin.
    - Mən də, mən də.
    - İti çağırsın.
    - Mən də, mən də.
    - İt mənə hürsün.
    - Mən də, mən də...
    Hə, necədir? Bəyəndiniz?
    Hamı (xorla): “Mən də... Mən də...” Əladır, baba.
    Rüstəm baba. Hə, ta bunnan sonra siz danışın, mənsə dinləyim. (Kətildə əyləşərək). İnsan ömür boyu, yəni beşikdən qəbrəcən öyrənməlidir. Elə Quranda da belə deyilir.
    Gülçin müəllimə. Rüstəm baba, bunların hamısı çox ağıllı, çalışqan balalardır.
    Rüstəm baba. Allah saxlasın bunları... Amma heç özüm özümdə deyiləm. Fikrim əsgərlərimizin yanındadır. Düşmən qəfildən hücüm etdi. Camaat çaxnaşmaya düşdü yəqin ki...
    Zamin. Rüstəm baba, bizimkilər də atırmı?
    Rüstəm baba. Əlbəttə. Bizimkilərin bir gülləsi də boşuna getmir... Mən bunu dəqiq bilirəm.
    Əzizə. Baba, adamlar nə üçün vuruşurlar?
    Rüstəm baba. Bu suala müəllimləriniz daha dürüst cavab verə bilər. Mən belə hesab edirəm ki, ağlını itirən tərəf həmişə bir xəta çıxarır. Elə dava da bir xətadır. Amma böyük xətadır. Axı insanların qanı axıdılır, ev-eşiyi dağıdılır, malı-mülkü talan edilir.
    Nüşabə. Deyirlər, müharibələr daha çox torpaq uğrunda olur.
    Nurel. Kitablarda yazırlar ki, müharibəni şər qüvvələr başlayır, amma axırda xeyir qələbə çalır.

    Uzaqdan boğuq səs-küy, tank uğulyusu, top atəşi eşidilir.
    Hamı bir-birinin sinəsinə sığınır.
    Kiminsə hıçqırtısı eşidilir.

    Gülçin müəllimə. Uşaqlar, qorxmayın. (Pauza). Kimdir ağlayan?
    Nüşabə. Mənəm, müəllimə. Görəsən, mənim burada olduğumu anam bilirmi?
    Əzizə. Mən gələndə anama demişdim. Özü də sinifdənkənar tapşırıqları həll etmişəm.
    Nurel. Görəsən elə uğuldayan nədir?
    Zamin. Tank səsidir. Mən tankın içində olmuşam. Orada yekə-yekə güllələr olur. (Qollarını geniş açır). Bax bu boyda. Mənim dayım da tankçı olub.

    Bayırda şiddətli atışma gedir.
    Zirzəmidə uğultu get-gedə artır.

    Nüşabə. Rüstəm baba, mən qorxuram.
    Rüstəm baba. Nədən qorxursan, qızım?
    Nüşabə. Elə bil başımızın üstündən tank keçir.
    Əzizə. Hə, mənə də elə gəldi...
    Rüstəm baba. (Əli ilə yuxarını göstərir). Oradan bir yox, min tank da keçsə belə, bizə heç nə olan deyil... Lənətə gəlsin onları...

    Hamı susur.
    Uzaqdan uğultu eşidilir.

    Rüstəm baba. Eh, gidi dünya... Gör kimin ağlına gələrdi ki, dünyanın düz vaxtı sənin etibar edib birlikdə çörək kəsdiyin qonşun, günlərin bir günü kürəyinin ortasına qəfildən bıçaq vura bilər. Fikirləşdikcə sinəmi od alır, yanıb qovruluram. Axı bizim bölünməz nəyimiz vardı ki?
    Əzizə. Baba, bəs görəsən bizimkilər haçan gələcək?
    Rüstəm baba. Onlar mütləq köməyə gələcəklər. Bir az səbrli olun, balalar. Elə dədə-babalardan da çox eşitmişik ki, səbr çətinlikləri asan eylər.
    Nüşabə. Baba, bəs fanarın işığı qurtarsa biz nə edəcəyik?
    Rüstəm baba. Mənim orda ehtiyat çırağım var. (Əlini divara sarı uzadır). Elə bil dünəndən ürəyimə nəsə dammışdı...
    Nurel. Mən bir misal çəkmək istəyirəm.
    Zamin. Dərsə aiddir?
    Nurel. Elə dərsə aid də hesab etmək olar.
    Rüstəm baba. Müəllimə icazə verirsə, de.
    Gülçin müəllimə. Olar. Buyur, Nurel. Görək o nə misaldır elə.
    Nurel. Bu misal indi yadıma düşdü... Rüstəm baba “ehtiyat çırağım var” deyəndə.
    Rüstəm baba. Maraqlıdır.
    Nurel. Bax, təsəvvür edin ki, cibinizdəki kibrit qutusinda yalnız bir tək kibrit çöpünüz var, siz içində bir lampa, bir soba və bir də şam olan qaranlıq və soyuq bir otağa, lap elə bu cür bir saraya girirsiz... Əvvəlcə nəyi yandirarsiniz?
    Nüşabə. Əvvəlcə lampanı... Axı içərini işıqlandırmaq lazımdır. (Sual dolu nəzərlərlə Gülçin müəlliməyə baxır). Düz demirəm, müəllimə?
    Gülçin müəllimə. (Gülümsəyir). Məndən niyə soruşurasan? Sualı Nurel verib. Amma belə hesab edirəm ki, cavab düz deyil.
    Əzizə. Məncə şamı əvvəl yandırmaq lazımdır.
    Nüşabə. Niyə ki?
    Əzizə. Lampadakı ağ neftə qənaət üçün.
    Nüşabə. Məncə sən düz demirsən.
    Əzizə. Niyə ki?
    Nüşabə. Çünki mən də düz deməmişdim...

    Hamı gülüşür.

    Zamin. Onda sobanı... Yox... Burada nəsə bir başqa cavab var...
    Rüstəm baba. Hə, hamı öz cavabını dedi. İndi meydanda Gülçin müəllimə ilə mən qalmışam. Elə deyilmi?
    Hamı: Bəli.. Elədir...
    Rüstəm baba. Onda qoy əvvəlcə Gülçin müəllimə cavab versin. (Gülür). Axı görürəm, burada bütün sual-cavablar aşağıdan üzü yuxarı gedir. Etiraz yoxdur ki?
    Hamı: Yox. Yoxdur...
    Gülçin müəllimə. Yaxşı, madam ki, belədir, mən də öz variantımı deyə bilərəm. Hesab edirəm ki, əvvəl kibriti yandırmaq lazımdır.
    Hamı: Bıy, bu heç ağlımıza gəlməyib... Kibrit... Mən bunu demək istəyirdim... Deyəydin də...
    Rüstəm baba. Bu çox maraqlı misal oldu. Gərək mən təzədən sizinlə birgə oxumağa başlayam. (Gülür). Rəhmətlik babam həmişə deyərdi ki, ay bala, oxu, özünə gələcəkdə bir çul toxu. Xoşum gəldi söhbətinizdən. Gülçin müəllimə, bəlkə siz də bir məsəl çəkəsiz?
    Gülçin müəllimə. Mümkündür, Rüstəm baba. Zamin, lövhəyə yaxınlaş.
    Zamin. Müəllim, bəyəm, burada lövhə var? Gülçin müəllimə. Əlbəttə, var. Bəs o ağ lövhə nədir? Odur, orda da qara tabaşir-kömür..

    Hamı gülür.
    Zamin küncdəki ağ “lövhəyə” yaxınlaşır. Yaxınlıqdakı kisədən kömür parçası götürür.

    Rüstəm baba. Heç ağlıma gəlməzdi ki, bu yaşıl saray nə vaxtsa sinif otağına çevrilə bilərmiş. Eybi yox, yaman günün ömrü az olar.
    Gülçin müəllimə. Əlbəttə, baba... (Pauza). Zamin, indi lövhədə yüz rəqəmini yaza bilərsən.

    Zamin “lövhəyə” iri “100” rəqəmini yazır.

    Rüstəm baba. O yüzlüyə baxanda adamın lap keyfi açılır. (Eyhamla). Çox elə yüzlüklər görmüşəm.

    Rüstəm baba əlinin şəhadət və baş barmaqlarını bir-birinə sürtür, bununla bir zamanlar xərclədiyi pullara işarə edir.
    Uşaqlar gülüşür.

    Gülçin müəllimə. Lap yaxşı. Bu, əslində əyləncəli misallardan biridir. İndi gəlin bir az diqqətli olaq. Zamin lövhəyə yuz rəqəmini yazıb. Elə deyilmi?
    Hamı: Bəli, Elədir, müəllimə.
    Gülçin müəllimə. Orada, yəni yüzdə cəmi neçə rəqəm var?
    Hamı: Üç... Üç rəqəm...
    Gülçin müəllimə. Doğrudur. Orada üç rəqəm var. İndi gəlin yüzdən, o üç rəqəmdən lap elə Rüstəm baba demişkən o yüzlükdən, bir rəqəmini götürək, yerdə neçə qalır.
    Hamı: Doxsan doqquz...
    Gülçin müəllimə. Xeyr... Sizə dedim axı, bir az diqqətli olmaq lazımdır.
    Rüstəm baba. Balam, vallah, bu yüzlükdə nəsə gizli bir hikmət var... Deyəsən, mənim ağlıma yavaş-yavaş düzgün cavab gəlir... Müəllimə, mən də cavab verə bilərəmmi?
    Gülçin müəllimə. Əlbəttə, Rüstəm baba. Buyurun. Bizə sizin cavabınız çox maraqlı olar.
    Rüstəm baba. Zamin bala, ona o əlindəki kömürü ver mənə, qoy bildiyimi elə burada, bu taxtanın üstündə göstərim. Birdən elə hesab edərsiniz ki, Rüstəm baba yazıb-oxumağı bacarmır.

    Rüstəm baba kömürü götürüb “lövhəyə” yaxınlaşır, “100” rəqəmindəki “1” rəqəminin üstündən əvvəlcə xətt çəkir, sonra cibindən çıxartdığı kağız parçası ilə həmin rəqəmi pozur. Nəticədə “lövhədə” iki sıfır (“00”) qalır.

    Gülçin müəllimə. Bax bu sualın cavabı elə bu cürdür. Axı mən sizə dedim ki, o üç rəqəmdən bir rəqəmini götürək, görək yerdə neçə qalır... Məlum oldu ki, iki sıfır qalır. Bu cavaba görə Rüstəm babaya yüksək qiymət yazmaq olar.
    Rüstəm baba. Sağ olun, müəllimə. Məni çox sevindirdiniz. Özünü tərifləmək kimi çıxmasın, mən orta məktəbdə yaxşı oxumuşam. Xüsusən, riyaziyyatı çox sevirdim. Amma ata-anamı tez itirdiyimə görə ailənin bütün çətinliyini çəkməli oldum. Qardaş-bacılarımı böyütdüm. Təhsilimi davam etdirə bilmədim. Uzun illər meşədə gözətçi işlədim. Uşaqlarımın hamısına təhsil verdim. İndi hərəsi bir sahədə çalışır...
    Gülçin müəllimə. Maraqlı ömür yolunuz var, Rüstəm baba.
    Rüstəm baba. Maraqlı deyəndə ki... Adi bir ömür yaşamışam. Amma həyatımdan narazı deyiləm. Təbiətə bağlı olmuşam həmişə. Məni yuxudan hər səhər quşların cəh-cəki, cüyürlərin mələrtisi oyadıb. Dağlarda-bağlarda bitən hər otun, hər çiçəyin qoxusunu uzaqdan hiss edirəm. Meşəbəyi olmuşam. Allah şəri-şeytana lənət eləsin, araya bu dava-dalaş düşəndən sonra mənim həyatımda da çox şey dəyişdi. Öz işimdən əl çəkib evdə oturmalı oldum. Çünki meşə indi hərbçilərin nəzarətindədir. Tək adamam. Uşaqlar şəhərdədir. Amma mən şəhərdə yaşaya bimərəm. Bildiyiniz kimi, bura mənim köhnə evimdir. Amma bayaqkı mərmi gurultusundan belə hiss etdim ki, evi dağıtdılar... Qoy ara bir az sakitləşsin, çıxıb baxacağam... Hə, sizi yordum deyəsən.
    Hamı: Yox, yormadınız... Maraqlıdır...
    Gülçin müəllimə. Sizi dinləmək hər birimizə xoşdur, Rüstəm baba. Çox zəngin həyat yolunuz var.
    Rüstəm baba. Doğrusu, mən nəsihər verməyi çox da xoşlamıram. Amma indi sizə vəsiyyət kimi deyirəm, bir-birinizi sevin. Nədənsə, mən son vaxtlar adamların bir-birinə qarşı soyuqluğunu hiss edirəm. Biz bir-birimizə hörmətlə yanaşsaq, bir-birimizi sevsək, bir yumruq kimi birləşsək hər çətin işi asanlıqla başa gətirə bilərik... Sizdən nə gizlədim, uzun illər bizi bir-birimizə qarşı qoyanlar olub. Hələ uşaq olsanız da indidən bilməlisiz: əgər bir olsaq heç bir qüvvə bizim qarşımızda tab gətirə bilməz. Yox, əgər bir-birimizə nifrətlə yanaşsaq parçalanıb pərən-pərən düşəcəyik. Bir daha deyirəm ki, sevin bir-birinizi. Xalqınızı, millətinizi sevin. Bu sevgi bizi hər bəladan xilas edə bilər...

    Güllə səsləri eşidilir.
    Hamı bir küncə çəkilib diqqətlə bayırdan gələn səsləri dinləyir.
    Rüstəm baba əvvəlcə asta-asta gəzişir. Sonra küncə qoyduğu tüfəngə yaxınlaşıb fikrə gedir.

    Əzizə. Görəsən, əsgərlərimiz bizim burda olduğumuzu bilirmi?
    Nüşabə. Bilsəydilər indiyəcən gəlib bizi xilas edirdilər.
    Nurel. Bizimkilər bu saat vuruşurlar.
    Rüstəm baba. Əsgərlərimiz düşməni qovurlar... Mən hiss edirəm, çox ağır döyüş gedir. Mən öz əsgərlərimizə inanıram.
    Gülçin müəllimə. Əsgərlərə həsr olunmuş mahnının sözlərini kim əzbərdən deyə bilər?
    Zamin. Mən bilirəm. Mən çoxlu hərbi marşar da oxuyuram...
    Əzizə. Birdən səsimizi eşidib bu yaşıl saraya gəlməzlər ki?
    Nüşabə. Kim?
    Əzizə. Düşmən əsgərləri...
    Nurel. Rüstəm baba o daş qapını içəridən elə bağlayıb ki, onu heç kəs aça bilməz. Elə deyil, baba?
    Rüstəm baba. Elədir. O qapını yalnız Əzizə balamız aça bilər. (Yorğun-yorğun gülümsəyir). Mən o qapını yalnız öz əsgərlərimizin üzünə aça bilərəm. (Pauza). Yaxşı, Gülçin müəllimənin dediyi o mahnı nə oldu bəs?
    Gülçin müəllimə. Onda Zamin sözləri desin, biz də xorla oxuyarıq.
    Rüstəm baba. Hə, elə mən də sizə qoşulub oxuyaram. Cavanlıqda səsim pis deyildi.

    Musiqi sədası eşidilir.

    Zamin:
    Ağır döyüşlər gedir,
    Yola çıxır dəstəmiz.
    Qalib gəlməkdir bizim
    İstəyimiz, qəsdimiz.
    Hamı xorla oxuyur.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz

    Ley kimi uça-uça
    Qonuruq göy yamaca;
    Bu dağlar necə uca,
    Bu düzlər necə təmiz.

    Hamı xorla oxuyur.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz.

    Göydən yağan güllələr
    Nələr eləyir, nələr.
    Düşmən bağrını dələr
    Bizim dəli nərəmiz.

    Hamı xorla oxuyur.
    Vətən əsgəriyik biz,
    Vətən əsgəriyik biz.

    Mahnı başa çatır. Hamı əl çalır.

    Rüstəm baba. Hə, bax bu bağqa məsələ. Bu mahnı məni çox ruhlandırdı. İnanın ki, buradan birbaşa döyüşə gedə bilərəm.
    Nurel. Gülçin müəllimə, icazə versəniz mən də bir şeir deyərdim.
    Gülçin müəllimə. Buyur, Nurel.
    Nurel. (Bir qədər irəli çıxıb səhnədə çıxış edirmiş kimi).
    Kül altından boy verən
    Atəşi qoruyarıq.
    Əsrlərdən boylanan
    Hər daşı qoruyarıq.

    Hər otu, hər tənəyi,
    Hər gülü, hər çiçəyi,
    Bu günü, gələcəyi,
    Keçmişi qoruyarıq.

    Bizi qorxutmaz tufan,
    Keşikdəyik hər zaman.
    Zülmətlərdən doğulan
    Günəşi qoruyarıq.

    Rüstəm baba. Allah, Allah, necə gözəl sözlərdir: “Gələcəyi, keçmişi qoruyaq”... Çox kövrəltdi bu sözlər məni... Gülçin müəllimə, məncə bu şeirə əla vermək olar.
    Gülçin müəllimə. Elə mən də bu cür düşünürəm. Nurel, mənim balam, çox sağ ol.
    Nurel. Siz də sağ olun...

    Uğultu, qışqırıq, top-tüfəng səsləri eşidilir.
    Hamı əl-ələ verib divar boyu hərəkət edir.

    Rüstəm baba. Yox, mən daha dözə bilmirəm. (Səhnənin önünə çıxır). Dözə bilmirəm... Məni bağışlayın...
    Gülçin müəllimə. Nə olub, niyə hirslənirsiniz, Rüstəm baba?
    Rüstəm baba. Mənə çox ağır gəlir. Yəni mən o qədər gücsüzəm ki, öz torpağımda bu cür rəzalətə dözəm? (Pauza). Məni bağışlayın... Mən ta tab gətirə bilmirəm... Ürəyim yanır, ürəyim. Qovruluram.
    Əzizə. Rüstəm baba, bəlkə sizə bir az su verək?
    Nüşabə. Burada su var ki?
    Zamin. Rüstəm baba, mən gedim evin qabağındakı arxdan su gətirim...
    Nurel. Zaminlə birlikdə gedərik...
    Rüstəm baba. Mənim ürəyim susuzluqdan yox, haqsızlıqdan yanır. Bu boyda müsiəbti görən yoxdur? Bəlkə bəndələrin gözü tutulub, ay Tanrı? Bəs sən özün hara baxırsan?
    Gülçin müəllimə. Rüstəm baba, hər qaranlığın bir işıqlı sonu var.
    Rüstəm baba. Bilirəm, haqq nəzilsə də üzülməz deyiblər. Amma mən bu haqqı nazilib üzülməmiş görmək istəyirəm.

    Bayırdan gurultu eşidilir.
    Mağarada titrəyiş hiss olunur.
    Hamı həyəcanla bir-birinə baxır.
    Rüstəm baba var-gəl edərək qapıya yaxınlaşır.

    Zamin. Deyəsən mərmi başımızın üstündə partladı.
    Əzizə. Görəsən, hansı tərəf atır?
    Nüşabə. Allah bilir...
    Rüstəm baba. Uşaqlar, siz sakit olun.... Mən bir çıxıb baxım görüm bizimkilər hansı tərəfdədir?
    Gülçin müəllimə. Rüstəm baba, atışma yaxındadır. Hiss olunur ki, döyüş lap qulağımızın dibində gedir. İndi çıxmaq qorxuludur.
    Rüstəm baba. Yox, mən çıxacağam... Mən eşiyə çıxan kimi qapını arxadan bağlayın.
    Nurel. Rüstəm baba, onda mən də sizinlə çıxıram.
    Zamin. Mən də.. Mən də...
    Hamı: (Xorla) . Mən də, mən də...
    Rüstəm baba. (Gülümsəyir): Sizin bu “mən də-mən də”niz lap o nəğmədəki kimi oldu. “Mən də-mən də”... (Ciddiləşir). Mən çıxıb vəziyyətlə tanış olmalıyam. Axı biz burada nə qədər qalmalıyıq? Bura müvəqqəti sığıncaq yeridir. Biz gec-tez buradan çıxmalıyıq. Mən sadəcə kiçik bir kəşfiyyat aparmaq istəyirəm.
    Nurel. Rüstəm baba, onda ikimiz birlikdə çıxaq. Mən də ağ bayraq götürərəm.
    Rüstəm baba. O, nə üçündür elə?
    Nurel. Ağ bayraq sülh, barış rəmzidir. Ən qəddar düşmən də ağ bayrağı görəndə əl saxlayır, güllə atmır.
    Rüstəm baba. Yəni onlar belə şeyləri qanarlar ki? (Əlini eşiyə sarı uzadır). Onlar... Mən onlara inanmıram.
    Zamin. Nurel doğdu deyir. Mən də oxumuşam ki, ağ bayraq dalqalananda silahlar endirilir.
    Rüstəm baba. Tutalım ki, lap elə o cürdür, mən bu vurhavurda o ağ bayrağı haradan tapım? (Əlindəki silahı yuxarı qaldırır). Onların sülhü indi budur.
    Gülçin müəllimə. Ağ bayrağı tapmaq olar. Bu, çətin iş deyil. Amma...
    Rüstəm baba. Düzü, elə mən də o “əmma”ya görə bayraqsız-filansız çıxmaq istəyirəm.
    Nurel. Mən sizə dəqiq bildiyim şeyi deyirəm, Rüstəm baba. Bütün dünya bilir bu qaydanı.
    Zamin. Mən də gedim də...
    Rüstəm baba. Yox, onda belə edək... Dünyanın işini bilmək olmaz. Bu qızların yanında bir kişi xeylağı qalmalıdır ya yox? Müharibə olanda nə olar ki? Bizim də minillərdən bəri öz adətimiz, öz qanun-qaydamız var. Köhnədən deyərdilər ki, hər evin öz başıpapaqlısı olur... Zamin, bala, sən qalmalısan burada...

    Musiqi.
    Hamı bir-birinin üzünə baxır.
    Gülçin müəllimə başından ağ kəlağayı açıb Nurelə sarı uzadır.
    Nurel yaylığı götürüb uzun ağac parçasının ucuna bağlayır.
    Rüstəm baba durbin və tüfəngini götürüb qapıya yaxınlaşır. Nurel də onun arxasınca irəliləyir. Qoca sarayın daş qapısını açandan sonra dönüb diqqətlə uşaqlara baxır. İçəridəkilər nizami əsgər dəstəsi kimi ayaq üstə dayanıb “kəşfiyyata” gedənləri yola salırlar.
    Rüstəm baba ilə Nurel asta addımlarla çıxırlar.
    Musiqi səsi daha da yüksəlir.
    Bayırdan eşidilən atəş səsləri həyəcanlı melodiyaya qarışır. Sanki səslər çarpazlaşır, üz-üzə gəlir və bir-birinə qovuşur.
    Bir qədər sonra səslər səngiyir.
    Sükut. Bu sükutu bir güllə səsi və bayirdan eşidilən haray pozur. Haray çəkən Rüstəm babadır.
    İçəridəkilər cəld qapıya sarı qaçışırlar.
    Rüstəm baba kandarda görünür.O, axsayır. Sinəsinin üstünə qanlı kəlağay atılmış Nurel qocanın qucağındadır.
    Həyəcanlı nıdalar eşidilir.

    Namı. Vurdular? Nureli vurublar? Bəs bayraq? Nə üçün, nə üçün? Aman Allah...
    Rüstəm baba. Vurdular mənim balamı. Vurdular...
    Zamin. Bəs ağ bayraq?
    Rüstəm baba. Vurdular balamı... Uzaqdan vurdular. Özləri də siçovul kimi qaçırdılar... Mənim də ayağıma qəlpə dəydi. Mən heç, ömrünü-günü yaşamış adamam... Bəlkə də tanrı məni bu yaşa elə-belə gətirib çıxarmayıb, məni bu sınağa təsadüfən çəkməyib. Bəlkə də mənim ömür boyu qoruduğum bu torpaın uğrunda ölməyim bir ilahi məsləhətdir? Bəs bu uşağın nəydi günahı, tanrım? O, hələ nə görüb bu dünyada? O, indi-indi görürdü bu həyatı...

    Hıçqırtı.
    Bayırdan arabir güllə səsləri gəlir.
    Rüstəm baba Nureli qucağından yerə qoyub diz çökür.

    Nurel. (Dikəlir). Ağlamayın. Mən sağam. Amma yaram ağrıyır...
    Rüstəm baba. Sənin səsinə qurban olum...

    Gülçin müəllimə yaxınlaşıb Nurelin başını dizinin üstünə alır.
    Rüstəm baba tüfəngi və durbini küncə qoyur, ağ “bayrağı”- kəlağayı əlində tutur. Gülçin müəllimə çantasından çıxartdığı tənziflə Nurelin yarasını təmizləyib sarıyır.

    Gülçin müəllimə. Nurel, aç gözlərini. Mənəm. Gülçin müəlliməyəm...
    Rüstəm baba. Nurel, mənim balam, sən yaşayacaqsan. Sən yaşamalısan, oğlum. Bayaq oxuduğun o şeirdə nə gözəl sözlər vardı, mənim balam. Hər otu, hər çiçəyi, hər tənəyi qorumaq üçün yaşamalısan. (Üzünü uşaqlara tutur). Siz hamınız yaşamalısız...

    Atışma səsləri eşidilir.

    Gülçin müəllimə. Görəsən mənim qardaşım indi haradadır? Ona bir şey olmayıb ki? Ürəyim yaman vurur, Rüstəm baba.
    Rüstəm baba. İldırıma heç nə olmaz, mənim balam. O, nə qədər ki, bu döyüşlər bitməyib, düşmənin başının üstünə ildırım kimi çaxacaq.

    Gərgin musiqi. İldırım qapıda görünür.Onun çiynində avtomat silah, əlində bayraq var.
    Hamı dönüb ona baxır.
    İldırım silahı divara söykəyib əli ilə uşaqların başına sığal çəkir, əyilib bacısı Gülçin müəllimənın saçlarından öpür. Musiqi azalır.

    İldırım. Mən buradayam. Hamı sağ-salamatdırmı?
    Rüstəm baba. Nurel bir balaca yaralanıb.
    İldırım. Mən sizin sığınacaq yerinizi uzaqdan müşahidə edirdim. Durbinlə baxırdım. Ağ bayrağı da görürdüm. Düşmən snayperi Nureli və Rüstəm babanı nişan alıb atanda mən dözə bilmədim... Əmr verdim. Bizim rotanın əsgərləri irəli atıldılar. Həmin yeri mərmi atəşinə tutduq. Onların çoxu gəbərdi, sağ qalanlarsa qorxaq dovşan kimi qaçırlar. Mən bir azdan yenə gedirəm. Gəldim ki, sizinlə görüşüb xudahafizləşəm. Arxayın olun, biz qələbə çalacağıq. Bax bu əlimdəki bu bayrağı tezliklə o qarşıdakı yüksəklikdə, yəni Dumanlı dağın zirvəsində görəcəksiniz.
    Rüstəm baba. Var ol, İldırım, oğlum. Hamınız var olun. (Əyilib Nurelin əlindən tutur). Necəsən mənim balam?.. Şükür, deyəsən yaxşısan.

    İldırım əyilib Nureli qucağına alır. Gülçin müəllimə ayağa durur.

    Rüstəm baba. Bayaq Nurel çox gözəl bir şeir dedi. Necə idi o şeirin axırı?

    Hamı. (Xorla).
    Bizi qorxutmaz tufan,
    Keşikdəyik hər zaman.
    Zülmətlərdən doğulan
    Günəşi qoruyarıq.

    Rüstəm baba. Sizin qadanız alım. Sizi var olasız. Nə gözəl ürəyiniz, nə təmiz arzunuz var... Siz qaranlığı boğan, zülmətləri bogan balalarsız... O zülməti, o qaranlığı elə qovmaq lazımdır ki, bu işıqlı dünyadan ilim-ilm itsin. Mən də sizin kimi əminəm ki, tezliklə başımızın üstündə qələbə bayrağı dalğalanacaq. Yaşasın ordumuz. Var olsun əsgərlərimiz.
    Hamı: Yaşasın! Var olsun.

    Təntənəli musiqi sədası eşidilir. Hamı “yaşıl sarayın” qarşısında dayanıb uzaqlara baxır. Fasiləsiz atəş səsləri gəlir, təyyarə uğultusu eşidilir.



    Epiloq

    Musiqi dəyişir. Amma sürəkli atəş səsləri davam etməkdədir. Hiss olunur ki, alatoranlıqdır, hava tədricən. Yanıb-sönən projektorun şüaları Dumanlı dağın zirvəsinə tuşlanıb. Əsgər siluetləri görsənir. Bir azdan İldırım görünür. Onun çiynində silah, əlində bayraq var. İldırım sürətli addımlarla gəlir. O, dağın zirvəsindədir. Zirvədə kiçik bir qalaça. İldırım bir ildırım cəldliyi ilə əlindəki bayrağı zirvədəki qalaçaya sancır...
    Projektorların işığı uşaqların toplaşdığı məkanı göstərir. Artıq hava açılmaqdadır. Uşaqlar səs-küylə həyətə gəlirlər. Uzaqda, zirvədə bayraq əzəmətlə dalğalanır.
    İldırım görünür. O, səliqəli hərbi geyimdədir. Hamı onu alqışlayır. Gülçin müəllimə və Rüstəm baba ona yaxınlaşıb alnından öpürlər.

    Hamı. Vətənimiz sağ olsun! Əsgərlərimizə eşq olsun.

    İldırım əlini zirvədəki bayrağa sarı uzadır.

    İldırım. Qoy bizim müqəddəs bayrağımız daim dalğalansın.
    Hamı: Vətən sağ olsun.

    Həzin bir melodiya səslənir.
    İştirakçıların hamısı bir-birini təbrik edir.
    Musiqi sədası get-gedə daha da gurlaşır.
    Uzaqda fişənglər atılır, qələbə atəşfəşanlığı duyulur.
    Projektorun işığı dalğalanan bayrağın üstündə bərq vurur.

    PƏRDƏ

    SON




    Müəllif haqqında
    Firuz Mustafa
    (Firuz Qədimаlı оğlu Mustаfаyеv)
    (1952)
    Azərbaycan Respublikasının
    Əməkdar incəsənət xadimi
    (dramaturq)

    Həyatı
    Firuz Mustаfа Gədəbəy rаyоnunun İsаlı кəndində ziyаlı аiləsində аnаdаn оlmuşdur. 1969-cu ildə оrtа məкtəbi bitirmişdir, əmək fəaliyyətinə fəhlə kimi başlamışdır. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirmiş, 1975-1977-ci illərdə təyinаt üzrə Sааtlı rаyоnundа müəllim işləmişdir. Firuz Mustаfа 1977-1978-ci illərdə hərbi хidmətdə оlmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərmişdir.
    Firuz Mustаfа 1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almış, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt və professor vəzifələrində çalışmışdır. Fəlsəfə üzrə fəlsəfə doktorudur.
    Firuz Mustаfаnın ilk bədii kitabı (“Göyəm kolları”) 1985-ci ildə “Gənclik” nəşriyyatında, ilk elmi monoqrafiyası 1989-cu ildə “Elm” nəşriyyatında işıq üzü görmüşdür.
    Firuz Mustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilmiş, ssеnаriləri əsаsındа bir çox filmlər çəкilmişdir. Əsərləri хаrici dillərə tərcümə еdilmişdir. О, bir sira xarici filоsоf, şair və yаzıçılаrın əsərlərini (N.Bеrdyаyеv, F.Nitsşе, S.Yesenin, A. Blok, V.Şuкşin və s), hаbеlə “Putin. Birinci şəхsdən” кitаbını Аzərbаycаn dilinə tərcümə еtmişdir.
    Firuz Mustаfа uzun illər Az.Tv-də “İlğım” və “İdrak” verilişlərinin müəllifi və aparıcısı olmuş, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifəsində çаlışmışdır.
    Firuz Mustаfаnın onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа, habelə Türkiyə Reapublikasında, Rusiya Federasiyasında, Ukrayna Respublikasında tаmаşаyа qоyulmuşdur.
    Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və başqaları musiqi bəstələmişlər. Əsərləri bir çox xarici dillərə tərcümə edilmiş, ssenariləri əsasında filmlər çəkilmişdir.
    Firuz Mustаfа Azərbaycan Kinematoqrafçılar İttifаqının üzvü, Fəlsəfə Cəmiyyətinin üzvü, Qafqaz Yazıçılar Klubunun üzvü, AYB Dramaturgiya bölümünün rəhbəri və “Teatr” jurnalının redaktorudur. İki övladı var.

    Təltif olunduğu mükafatlar:
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
    2 dəfə Cəfər Cаbbаrlı mükafatı laureatı
    “Humay” mükafatı laureatı


  • aprel 2024, Firuz M.

  • 397
Düşüncələrin Qapıları

Şümşəd Hüseynova

Mən kiməm? Bu sualı çox zaman özümə verirəm və aldığım cavab bir "heç" olur. Dünyamızın qarışıqlığı və insanların səsləri arasında insan özünü necə tapa bilər?......

Ailə yükü 2-ci hissə (yaşadıqlarım)

Ceyhun Fikrət

O, ilin payızında mən orta məktəbə yollandım. Çünki artıq 7 yaşım var idi. Müəlliməmiz çox sadə bir müəllim idi. Hər gün sübh oyanıb dərsə getməyim......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki,......

Zəfər Günü

Şümşəd Hüseynova

Qarabağım... Vətənimin hər yanı gözəldir, fəqət Qarabağım gülüstandır. Məmləkətimin döyünən qəlbi - Qarabağım. Səni bizdən illər əvvəl aldılar, gözlərini bir an belə olsun, səndən çəkmədilər.......

Görəsən, mən ş*?

Sabir Etibarlı

Metrodan çıxıb avtobus dayanacağına qədər yeridi. İşdən sonra çox yorğun idi, amma yenə də yerində dayana bilmirdi. Saatına baxdı, saat 21:32 idi. Dayanacaqda səbirsizlənib irəli-geri......

Gedək

Şümşəd Hüseynova

Götür dərd sərini bu axşam, , biz olmayan yerə. Götür sözləri bu axşam, , söz olmayan yerə. Kim deyər həyatın dərdin? Kim bilər ürəyin fikrin?......

Bioqrafiya. Biblioqrafiya

Firuz Mustafa

(Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahısı) (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bioqrafiyası......

Avqust

Sima Ənnağı

dodaqlarda Qaymaqlı dondurma kimi Xəfifcə əriyir, Havanın istisini Çiyimlərimdə daşıyıram Yapıncı kimi. Nə qədər görülməmiş yuxular, Nə qədər oyanmamış ürəklər var da. Nə qədər......

Üç fədakar

Sabir Etibarlı

Dünyanın üç müxtəlif yerindən, üç fərqli zamandan üç insan bir araya gətirilmişdi. Antik Çindən sərkərdə Konqzi, orta əsr Avropasından gənc qadın İzabella və müasir dövrdən......

Sevimli bir eşq hekayəsindən

Aqşin Mustafa

Ətrafı mühafizəçilərlə dolu olan Amerika Birləşmiş Ştatlarının prezidenti maşınına mindi və alxa qoltuqda oturdu. Qaranlıq bir səhər idi. Heç kim bir kəlimə də danışmamışdı. Bir......