...
  • Sədə
  • Sima Ənnağı
  • Sima Ənnağı
    Sədə´
    (hekayə)

    Mən uşaq olanda, hər yay anam məni kəndə, nənəmin yanına göndərərdi. Kəndi sevirdim, çünki orada sərbəst idim, uşaqlarla oynayırdım, ağaclara çıxırdım, nə vaxt acsaydım, o vaxt da yemək yeyirdim, əksər halda da bir dilim isti təndir çörəyi və yetişmiş, dişlərimi qabığına batıran kimi, ətrafa şirəsini sıçradan pomidor ilə kifayətlənirdim.
    Nənəmin məhəlləsində bir xala yaşayırdı. Yaşı vardı, amma ağlı uşaq ağlı kimiydi. Görürdüm ki, boyca, bədəncə bizlərdən, balaca qızlardan, fərqlənir, elə davranışı da fərqliydi. Daim bizimlə oynamaq istəyirdi, amma qızlar onu qovurdular.
    - Sədə oynamaq istəyir, - xala deyirdi. - Sədə oynamaq istəyir. – Dayanmadan bu cümləni təkrar edirdi.
    - Yox, olmaz! – qızlar qışqırır, Sədəyə acıqlanırdılar. Sədə incik halda kənarda bir daşın üstündə əyləşib oynayan uşaqlara baxırdı, burnunun altında nəsə donquldanır, hərdən başını arxaya atıb gülürdü.
    İlk dəfə Sədəni görəndə mat qalmışdım. Əynində qara-qırmızı güllü, rəngi solmuş çit xalat, ayaqlarında üstü muncuqlu məxmər başmaqlar, başında qırmızı lentli həsir çimərlik şlyapası vardı. Baş tərəfdən kübar fransız qadınına, orta hissəsi – kənd qadınına, aşağı hissəsi şərq nağıllarındakı şahzadələrə oxşayırdı. Sədə küçədə peyda olanda, böyüklər mülayimcə gülümsəyib keçər, uşaqlar isə ona gülərdilər.
    - Başı çatmır, - deyərdilər. – Sən də ona fikir vermə, Leyla.
    Amma Sədə mənə maraqlı idi. Bəlkə ona görə ki, mən onun kimi adamı hələ görməmişdim. Şəhərdə qapalı həyat yaşayırdım, ev – məktəb. Anam mühafizəkar qadın idi, və hesab edirdi ki, qız uşağının çöldə işi olmaz, qaxılsın evdə otursun. Amma kəndə həvəslə göndərirdi məni, elə bilirdi ki, daim nənəmin nəzarəti altında olacam. Nənəmin isə öz işi-gücü qurtarmırdı, mənə diqqət ayırmağa vaxtı yox idi, qarnım toxdu, salamatam, - deməli, hər şey yaxşıdı, düşünərdi.
    Sonradan bildim ki, Sədənin əsil adı Səidədir, yaxşı danışa bilmədiyini görə Sədə deyir, elə hamı da onu Sədə çağırır. Sədə qırx günlük olanda, anası, zahı qadın, onu əlindən yerə salmışdı. Payız idi. Gur yağışlar yağır, şimşək çaxırdı. Bir dəfə şimşək qəfildən elə guruldadı ki, sanki göy üzü parçalandı, şaqqalandı. Gözqamaşdıran işıq zülmətli gecədə ani parlayaraq söndü. Sədənin anası diksindi, qolları sustaldı və qucağındakı çağa taxta döşəməyə çırpıldı.
    Qorxudan ana süddən kəsildi. Sədə gecə-gündüz acından ağlayırdı. Qonşular, kimdə vardısa, inək ya keçi südündən gətirib verirdilər. Sədə beləcə yarıac, yarıtox böyüdü. Boyu uzandı, yaşı artdı, amma ağlı uşaq ağlı kimi qaldı.
    Sədə bizimlə oynamaq istəyirdi. Biz hara gedirdik, arxamızca gəlirdi, kənarda dayanıb gülümsəyərək baxırdı, gözləyirdi ki, onu çağıraq. Biz dənizdə çiməndə, Sədə sahildə oturub gözünü suda çığıran, atılıb-düşən uşaqlardan çəkmirdi. Əlləri ilə narın isti qumu ovuclarına yığıb tökürdü.
    Sudan çıxan qızlar dəsmallara bürünüb, isti qumun üzərində otururdular. Kimsə özünü günə verir, kimsə balaca termosdan çay töküb içirdi. Sədə konfet sevirdi, həmişə onun ovcuna bir neçə şüşə konfet, ya meyvəli karamel basardıq, o da sıxıla-sıxıla gülümsəyərək, konfetli ovcunu güllü xalatının cibinə soxurdu və əlini çıxartmırdı, sanki qorxurdu ki, konfetləri geri alacayıq.
    Bir dəfə yenə bir dəstə qızla dənizə getmişdim. Üzə bilənlər bir az dərinə gedir, üzə bilməyənlər sahilə yaxın yerdə çimirdilər. Sədə sahildə oturub bizi müşahidə edirdi.
    - Ay, batıram! Kömək edin! – Qızlardan birinin səsi məni qorxutdu, gözlərimlə kimin qışqırdığını görmək istədim, ora-bura baxdim, suyun səthindəki qara başlardan bilmədim, batan kimdi. Bir də gördüm xalatlı-şlyapalı Sədə suya cumdu, özünü suya atdı, çapalayaraq irəli üzdü. Şlyapası başından qopub dalğaların üzərində yellənirdi. Güllü xalatının ətəyi pambıq xaralı kimi şişib boşalırdı. Sədə batan qızın qolundan tutub sahilə tərəf dartdı, sudan çıxartdı. O biri qızlar ciyilti ilə qaçıb sahilə çıxdılar.
    Batan qız qumun üstündə gözüyumulu uzanmışdı. Əynindəki çit donu bədəninə yapışmışdı.
    - Öldü? Suğra öldü? – qızlar həyəcanla bir-birindən soruşurdular. Sədə Suğranın yanında əyləşib gözünü ona zilləmişdi. Yaş saçlarından su axırdı, xalatı quma batmışdı, islanmışdı.
    - Nə dayanmısız? Onu xilas etmək lazımdır! – qızlardan biri dedi. – Çəkilin kənara! – Qız Suğranı böyrü üstə çevirib kürəyini şappıldatdı.
    - Suğra! Suğra! Nəfəs al! Eşidirsən? Suğra!
    Suğra gözünü açıb öskürdü, nəfəs almağa başladı. Qızlar sevincək hay-küy saldılar:
    - Sağdı, ölməyib! Sədə Suğranı xilas etdi!
    Qızlar Sədəni dövrəyə alıb qucaqladılar, sevincək halda didişdirdilər:
    - Suğranı xilas etmisən, başa düşürsən? Yoxsa, qız batacaqdı...
    Sədə çəkingən təbəssümlə qızlara baxırdı, bilmirdi, bunlar nə istəyirlər? Yenə məni qovurlar?
    Hamı yığışıb evə qayıtdı. Həmin gün məhəllədə hər kəs bildi ki, Sədə qızlardan birini xilas edib. Həmin qızın anası Sədəyə təzə, mavi zolaqlı don və ağ naxışlı ləçək bağışladı, nənəm Sədəgilə mürəbbə göndərdi, başqaları da xeyli pay-puş verdilər. Sədə məhəllənin qəhrəmanı oldu.
    İllər keçdi. Mən böyüdüm. Kəndə az-az getdim. Hər dəfə orada gözüm Sədəni axtarırdı. O məni görən kimi tanıyaraq, - Lela, Lela! – həmişəki kimi çəkingən təbəssümü ilə çağırırdı.
    Sədənin anasından başqa heç kimi yox idi. Ana-bala xırda həyətli evdə kasıbyana yaşayırdılar. Həyətin ortasına hündür tut ağacı kölgə salırdı, ağacın dibində iki toyuq daim eşələnir, ora-bura qaçırdı.
    Ana qocalmışdı, zəifləmişdi. Səidədən yaman nigaran idi, “öləcəm, qız tək qalacaq...” – düşünürdü, amma nə edə bilərdi? Zamanı saxlamaq olmur, hamı bu dünyada qonaqdı...
    Anası öləndən sonra Sədə, demək olar ki, həyətdən küçəyə çıxmırdı. Yaxın qonşular ona yemək, çörək gətirəndə, “anam ordadır”, - Sədə barmağını göyə tuşlayar və gülümsəyərdi. “Anam ordadır... Mən də ora istəyirəm..”. Qonşuların gətirdiyi yeməklər, çörək elə orada, eyvanın döşəməsində qalıb quruyar, ya da həyasız toyuqların yeminə çevrilərdi. Sədə günlərlə gözlərini buludlara dikib oturardı.
    O, gündən günə zəifləyirdi, heydən düşürdü. Hamı ona deyirdi ki, Sədə, ac qalmaq olmaz, ölərsən, yemək ye. Sədə isə:
    - Anamı istəyirəm, - deyərdi. Və dönə-dönə təkrar edərdi: - Anamı istəyirəm.
    Tezliklə Sədə anasına qovuşdu.
    Növbəti dəfə kəndə gələndə, gözüm yenə də Sədəni axtardı. Elə bilirdim ki, indi başı şlyapalı, muncuqlu başmaqlı və çəkingən təbəssümlü Sədə hardansa peyda olub, - Lela! – çağıracaq.
    Tozlu küçələr üfüqə qədər uzanırdı...
  • iyul 2022, Sima Ə.

  • 596
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......