ADİLƏ NƏZƏR - BAYRAM ALQIŞI
Müəllif: YAZARLAR.AZ


20.03.2021


BAYRAM ALQIŞI
Mən alqış deyirəm, gəlin qol qoyaq,
Vəsfi Vətən olsun sözlərimizin.
Tanrı müjdələsin, xoş xəbər duyaq,
Qüvvəsi qayıtsın dizlərimizin.
* * *
Oğullar dağlarda ovuna yatsın..
Başını ad-sana, şöhrətə qatsın.
Könlündən keçənə əlləri çatsın,
Oynasın telləri sazlarımızın.
* * *
Hamı desin-gülsün, hamı şənlənsin,
Açılsın çiçəklər, güllər dillənsin.
Ana-ataların gözü nəmlənsin,
Qoy bəxti açılsın qızlarımızın.
* * *
Arzular göyərsin bu yaz qabağı,
Yansın Novruz şamı, bayram çırağı.
Geriyə qaytardıq can Qarabağı,
Süzülsün sevinci gözlərimizin.
Müəllif: Adilə Nəzər

2 dəfə oxundu

Axtarış