Ağrılar içində üzülən dünya... (Hekayə)
Müəllif: Əzizağa Elsevər


01.06.2021


Əzizağa Elsevər
Ağrılar içində üzülən dünya... Hekayə

Şəhidlərimizin ölməz ruhuna və qazilərimizin hünərinə ithaf

Haqqın, ədalətin pozulduğu yerdə özü öz içindən dağılır dünya.

Fəxri cəbhədən geri qayıdanda gördüklərinə inanmadı. Bu bir yuxu, ya xoşbəxt sonluqlu kino idimi, bilmirdi. Qolunu bərk-bərk çimdiklədi, gözlərini ovuşdurdu, yox , heç nə dəyişmədi. Nə yuxu idi, nə də kino. “ Görəsən, necə olacaq?!” – deyə iki ay bundan qabaq qorxu, təlaş içində çırpnan kənd, elə bil, həmin kənd deyildi. Adamlar tamam dəyişmişdilər. Sanki bir az böyümüş, bir az da ürəkli olmuşdular. Uşaqlı-böyüklü hamının gözü onda idi. Asfaltı orda-burda uçulub- dağılmış, yağış sularından yığılıb kiçik-kiçik gölməçələnmiş yol boyu düzülənlər onu gözləyirdilər. Bu adi bir iş deyildi, cəbhədən qalib ordunun qazisi gəlirdi. Hər dəqiqəsi, hətta hər saniyəsi belə ölüm olan, qaşla-göz arasındakı məsafə yaxınlığındakı ölümü min kərə görmüş qazi. Qürurlu, vüqarlı adi əsgər. Fərəhindən yerə-göyə sığmırdı. Az qala uçmaq, uçmaq istəyirdi...
Bələdiyyə sədri Şişman Məlik özü kimi köhnəlmiş qara “ Mersedes”indən düşüb dayananları ruhlandırır, Murtuz müəllimə uşaqların bayraqları tez-tez oynatmalarını, “Ən böyük əsgər-bizim əsgər !” lövhələrini götürənlərin daha ucadan çığırmalarını tapşırırdı. Fotoqraflar şıqqıltıyla müxtəlif profillərdən şəkillər çəkir, yerli televiziya və qəzetlərin müxbirləri müsahibələr götürür, unudulmaz anları orda-burda dilə gətirirdilər.
Günortadan sonra rayonun başbiləni də kəndə gəlmişdi. Rayona gəldiyi beş il ərzində ilk dəfəydi ki, ayağı bu kəndə dəyirdi. Onu da qazinin yastı-yapalaq daxmasının önündəki tut ağacının altında düz on dəqiqə durmaqla, “ Tələsirəm, gərək bağışlayasınız!..” – deyib getmişdi. Yox, tələsmirdi, bəlkə də görünüşündən kasıb, köhnəlmiş daxmaya girməkdən utanıb-çəkinirdi. Həyətdən çıxanda bələdiyyə sədrinin qulağına nəsə pıçıldayıb çıxmışdı. Həmin gün bələdiyyə sədri nədənsə, ürəklənib:” Gəlib- gedəniniz var!..” –söyləyib iri bir cöngə kəsdirmişdi. Kənd, həqiqətən aşağı-yuxarı, uşaqlı-böyüklü göz aydınlığına gəlmişdi. Hər gələn də əlində bir bağlamayla, dolu səbətlə. Kimi qənd, çay, noğul-nabat, kimi yumurta, yağ, pendir, kimi... bir sözlə, imkanı, əli catan qədər hər kəs bu qapıdan ürəklə girirdi. Bəlkə də, bugünkü kimi, bu kasıb, sadə daxmanın heç belə sevinci olmamışdı.
Fəxri universitetin jurnalistika fakültəsini bitirmişdi. Hara əl atmışdısa, ixtisasına, istəyinə uyğun iş tapa bilmirdi. Qəzetlər güclə özünü dolandırırdı. Qəzetçilik gözdən düşmüşdü. Təzə işçi götürmək istəyəndə şərt kəsirdilər: “ Vəsiqə veririk, gör neynirsən, yaxşı bacarığın varsa, zirəng tərpən, bizi də, özünü də dolandır!..” Bəli, o qədər “ zirəng tərpənən”lər var idi ki, idarələrə qənim kəsilmişdilər, qaşınmayan yerdən qan çıxarırdılar. Əlləri bala batanların gözləri doymur, qan görmüş qurd kimi hər gün artan hərisliklərinin ağırlığı altında əzilirdilər. Bu iyrənc hərislik çoxlarını bədbəxtliyə sürükləmiş, nə qədər jurnalisti “ quş damına”, barmaqlıqlar arasına saldırmışdı. Söz urvatdan düşmüş, yazan da, yazmayan da çırmalanıb meydana atılmışdı. Meydanda çox adam olsa da, meydan boş idi, qələminin gücü ilə tanınası, barmaqla sananılası qədər az idi, çox az. Fəxri bu meydana girmədi, daha doğrusu, girməyi özünə sığışdırmadı.
Uzaq bir qohumu var idi rayonda. Müstəntiq idi. Necə olsa, sözü keçirdi. Çox yerə baş vurandan sonra əli hər yerdən üzülən Fəxri axırı qohumuna üz tutdu. Bircə telefon zənginə yanğınsöndürmə idarəsində işə düzəldi. İş deyəndə, nə iş idi ki, şlanq tutan. Yoxa min lənət, yenə bilirdi ki, daimi iş yeridir, hər ay alası məvacib yeri var idi. Daha bu az idi, çox idi, fərq etməzdi. Allah kərimdir, az olsa da, işlərəm, sonra yavaş-yavaş artar. Ancaq Fəxrinin sevinci çox çəkmədi. Qohumunu başqa rayona dəyişdirdilər. İdarədə müdir gələn qonaqları, yoxlamanı qarşılayırıq adıyla pulun üstünə əlini qoydu. Hər ay öz payını götüzdürdü. Fəxri dillənsə də, xeyiri olmadı. Kim idi onu eşidən, dinləyən. İki-üç ay keçəndən sonra bəhanə də tapıldı, ştatı ixtisara düşdü. Sonra bəlli oldu ki, sən demə, öz qohumu üçün o yeri boşaldırmış.
Fəxri çox idarələrə baş vurdu. Hamısından eşitdiyi bircə kəlmə söz oldu: “ İş yoxdur...olanda gələrsən!..” Ümidini də tam qırmadılar, yalandan da olsa, vəd verib yola saldılar.
Günortadan xeyli keçmişdi, acından mədəsi sıyrılırdı. Cibində elə də pulu yox idi ki, gedib yeməkxanada oturub, allah verəndən bir tikə yesin. Qonşudan borc aldığı o beş manatın üstündəydi, onu da üç gün idi ki, xərcləyirdi.İş dalıyca rayon mərkəzinə gedib-gəlirdi. Hər yerdən əli üzülmüşdü. İşıq ucu görünəsi bir yer yox idi. Ona ağır gələn o idi ki, Allahın verdiyi sap-sağlam canı, əli-ayağı, ağlı-düşüncəsi yerindəydi, ancaq ailəyə çörək gətirəsi bir iş tapa bilmirdi. İçəridən min kərə sınır, oturub zülüm-zülüm ağlamaq, ürəyi boşalıncaya qədər göz yaşlarını tğkmək istəyirdi. Düşünürdü, axı niyə, niyə belə ədalətsizlik olsun?! Biri bir tikə quru çörəyə möhtacdır, o birisi sayı-hesabını itirdiyi pulunu, sərvətini yığmağa yer tapmır. Biri yaşamaqdan bezib, intəhar ipini boğazına keçirib, cavan ömrünə qəsd edir, o birisi xüsusu yeməyini də xaricdən gətirdiyi itinə, pişiyinə xidmətçi axtarır. Dünya nə qədər etibarsız imiş, Allah?! Yaşarmış gözlərini silmək üçün cib dəsmalını çıxarmaq istərkən, əli kağıza bükülü çörəyə toxundu. Quru, yavan çörəyə! Özündə deyildi, tamam yadından çıxmışdı. İndi yadına düşdü ki, səhər evdən çıxarkən arvadı Gülsabah bir tikə təndir çörəyini kağıza büküb:” Yavan da olsa, ürəyinə güc verər!..”- demişdi.
Fəxri parkın dalda bir yerində stol kimi düzəldilmiş iri bir ağac kötüyünün üstündə oturub Gülsabahın bükdüyü çörəyi çox iştahla yedi. Saata baxdı.İş vaxtının qurtarmasına hələ bir-iki saat qalırdı. Qonşuları Məlik müəllimin məsləhət gördüyü kommunal təsərrüfatı idarəsinə də baş vuracağını unutmamışdı. “ Ümidsiz olma, necə olsa, orada, bəlkə bir iş tapılar. Allah kərimdir, bəndəsini damanda qoymaz... yaradıbsa, ruzusunu da əsirgəməz!..”-demişdi Məlik müəllim.
İdarədə müdiri soruşdu Fəxri. Katibə iş üçün gəldiyini biləndə:” Müdirin vaxtı yoxdur, yuxarıdan qonaqları gəlib... yaxşı ola ki, Güləhməd müəllimə dəyəsiniz...kadrlar şöbəsinə baxan Güləhmədə... Məmiş müəllim bu işi, onsuz da ona tapşırıb...”-dedi.
Fəxri qapını döyüb, otağa girdi. Çox da böyük olmayan, işıqlı otağın baş tərəfində, jalüzlü pəncərənin böyründə oturmuşdu Güləhməd. Pərdələri yarıya qədər çəkildiyindən pəncərənin ağzındakı qovaq ağacı aydın görünürdü. Havadan payızın qoxusu gəldiyindən qollu-budaqlı qovağın yarpaqlarına sarı-sarı zər düşmüşdü. Budağından qopan yarpaqlar ara-sıra xəfif küləyin ağzında uçuşur, bəzən pəncərəyə dəyib, yaralı quş kimi yerə tökülürdü. Bir az o yanda Mişarçay sakit-sakit axıb gedir, uzaqda qəlbilənib, bir-birinə dirsəklənə-dirsəklənə uzanıb gedən bənövşəyi rəngli Burovar dağları payız günəşinin solğun şəfəqləri altında həzin, kövrək bir ovqat yaradırdı. Otaqda divar boyu şkaflar düzülmüş, göy, sarı cildli qalın tikiş qovluqları əlifba sırası ilə cərgələnmişdi. Sağ küncdə iri bir dibçəkdə əkilmiş kaktus ağacı qoyulmuşdu. Sol küncdəki limon ağacından sapsarı limonlar sallanırdı. Rəngbərəng açılmış güllər arasında təkcə çatışmayan bülbül idi. Sinəsi, boyun-boğazı bəzəkli, dil-dil ötən bülbül. İlk görünüş, düzü, adamda nikbinlik yaradır, ümid doğururdu. Güləhmədin yaşı o qədər də çox görünmürdü. Ouz beş-qırx yaş arası həmin olardı. O yazdığı vərəqi kənara qoyub, qapı ağzında dayanan Fəxriyə mənalı-mənalı baxdı. Handan-hana: - Buyurun, eşidirəm sizi! –dedi.
- İş üçün gəlmişəm!..İşləmək istəyirəm... İstəyirəm halal-haqqannə bir iş yerim olsun, hər ayın sonunda ailəmə bir tikə çörək, ruzu aparım!..
- Sən də iki universitet bitirmisən?
- Başa düşmədim. O, nə deməkdir?! Niyə elə soruşursunuz?! Məgər burada işləmək üçün iki universitet bitirmək lazımdır?!
-Əstəxfürullah! Mən elə demədim, bir hövsələniz olsun də, sözümü tamamlamağa da imkan vermirsiniz. Bu gün siz iş dalıyca qapını döyənlərin beşincisisiniz. Hamısı da universitet təhsilli olduğunu, hələ üstəlik iki diplomlu olduğunu gözə soxur. Mən neyləməliyəm, onlara nazir, prokuror, ya polis rəisi yerinimi vermə- liyəm?! Oxumuş adamlarsınız, idarəmizin qapısını açanda divardakı lövhəyə baxmaq günahmı olar? Orda nə yazılıb, yazılıbmı ki, rayon kommunal idarəsi?! Yazılıb... Yazılıbsa, daha burda düşünməli nə var ki?!.. Bu dəqiqə qırx boş iş yerimiz var. Süpürgəçi, zibil daşıyan... Heç kəs bəyənmir, gələn də iki ay duruş tutmamış qaçır. Məgər burda ancaq qızlar, gəlinlər işləməlidir?! Bəs hardadır o kişilər ki, avara-avara veyllənib, çayxanaların yolunu yağır da edirlər, bir o qalır ki, çərçivəsini də yerindən çıxardalar. Hamısı da danışanda ağzı köpüklənə-köpüklənə qeyrətdən, ləyaqətdən, qürurdan danışır. Hələ bir üstəlik başqalarını borclu da çıxarmaq istəyirlər. İş axtarırsansa, qardaşım, istənilən işin qulpundan yapış, qorxma! Lazım gələr, yaxşı iş rastına çıxar, çıxıb da gedərsən. Nə diplom bazlıqdır, guya diplomu alanlar hansı təpəni daşıyıb dağa çeviriblər, ya hansı uçuq-sökük damın dirəyinə dönüblər. Əsas odur ki, işi yarıt, rəhbərliyin ağzını açmamış nə deyəcəyini gözlərindən oxu! Mənim heç ali təhsilim, sizlər demişkən, heç universitet təhsilim də yoxdur. Göytəpə peşə məktəbini bitirmişəm. Bir müəllimim vardı. Vardı, deyəndə, elə indi də sağdır. Məndən zara gəlmişdi.Tez-tez sual verərdim. Heç məni görməyə gözü də yox idi. Oturub-durub elə hey kəlməbaşı: “ Ədiş, səndən adam olmayacaq!” –deyərdi. Düzəliş verib, ay müəllim, adım Ədiş deyil, Güəhməddir...Güləhməd!- desəm də, fərqinə varmaz, bir az da acığa düşüb, “ Yoox, sənin adın Ədişdir!.. Ədişdir, vəssalam!..” –deyib hirsini boğmağa, sakitləşməyə çalışardı. Düzü, niyə mənə Ədiş deyirdi, bu söz onun ağlına hardan girmişdi, onu da bilmirdim. Heç sonra da maraqlanıb soruşmadım. Hər şey qaldı arxada, xoş xatirə, şirin bir nağıl kimi. Bax, görürsən, adam da oldum, müdir də az qalır başıma and içə. Bu böyüklükdə şöbəni, düz on ildən çoxdur ki, idarə edirəm. Bir qüsurum da olmayıb. Hələ kimsə məndən narazı qalmayıb. Həə, yeri gəlmişkən deyim, o gün həmin müəllimim gəlmişdi. Nəvəsi texniki universiteti bitirib. Mühəndisdir. Ona bir iş istəyirdi.
- Verdinizmi? –deyə, Fəxri soruşdu.
-Verdim, niyə də axı verməyim! – Güləhməd gülə-gülə, özü də hərəkətindən çox məmnun bir formada dedi: -Bax, hələ üstəlik o limonumdan dərib, yaxşı bir limonlu, mixəkli çay da verdim!.. Sağ olsun ki, o məni tez-tez tənqid edib. Tənqid etməsəydi, heç bəlkə də belə ciddi- cəhdli ola bilməyəcəkdim. Müəllim əməyi danılmazdır. Hər sözü, bəlkə də, bir hikmətdir. Gözümüz onda bağlı olur, hər şeyin yaxşısını vaxtında görə bilmirik. Sonra anlayanda da başa düşürsən ki, nə deyirmişlər. Gərək hər sözün vaxtını biləsən, ömrünün vaxt saatını da ona uyğun qura biləsən.
-Bəlkə, müəllimin nəvəsi kimi, mənə də bir abırlı, ürəyimə yatan bir iş verəsən, həə?! – Fəxri Güləhmədin əhvalının xoş vaxtından istifadə etmək istədi.
-Xoşuma gəlirsən, iş bacarana oxşayırsan. Bu gün ovqatımın xoş vaxtıdır. Oğlumun ad günüdür.– Güləhməd dedi: - Bu işi sənə verməmiş, bəs kimə verəcəm. Özümə ki, saxlamayacam. Sənin vəzifən nəzarətçi-tabelçi olacaq. Əllidən çox işçiyə gündəlik nəzarət edəcəksən. İşə çıxıb- çıxmayıb, çıxmayıbsa, bəs hardadır, niyə çıxmayıb suallarını dəqiq bilməlisən. Rayonun ərazisi böyükdür, görüləsi işlər də hər gün dəyişir. Amma iş üçün əsas şərtlər var, onu da bilməyin vacibdir.Əvvəla, maaş kartın düz bir il bizdə qalacaq. İlin tamamında gəlib götürərsən. Elə bilmə ki, bu pul bizim cibimizə axacaq. “ Yuxarıdan” bir tük belə əskik olmaz, nə gəlir, nə gedir hamısını yaxşı bilirlər. Bizi burda elə belə, xala xətrin xatirinə otuzdurmurlar. Hər şeyin haqq-hesabı var. Hər şey aşağıdan yığıla-yığıla yuxarıya gedir. Allah atalara min rəhmət eləsin, “ balıq başdan iylənir”-deyiblər. Kənardan baxan da deyir ki, aşağılar cib kəsir, yumurtadan yun qırxır. Vallah, nə gizlədim, bu sökə-sök, ötür-ötür oyununda qəpik-quruş da bizə qalmır.
-Deyirsiniz, məni işə götürsəniz, düz bir il maaş kartım sizdə qalacaq? Bəs bu bir ildə mən nə yeyib, nə içəçəm, ailəmə nə aparacam? Boş ümidlə, quru vədlə ailəni nə qədər aldatmaq olar axı?! Yazıq deyillərmi?..
-Yazıq niyə olurlar. Əlinin altında o qədər işçilərin olacaq, elə hərəsi bir görüm-baxım eləsə, gör qazancın nə qədər olar. Hələ bir az zirəng tərpənsən bizi də sevindirmiş olarsan...
-O yazıqlar nə alırlar ki, hələ üstəlik ona gözümüzü də dikək. Qiymətlər od tutub yanır, dükan-bazara üzünü də çevirib baxa bilmirsən. Xeyir-şərdə görünmür, elə bil bu üçgünlük müvəqqəti dünyada bağ-böstan uyuğu, müqəvvası kimi yaşayırsan. İrinə-qana bulaşmış o çörəyi mən necə yeyə bilərəm, haram tikəni halal süfrəmə necə daşıya bilərəm?! Elə bilirsən, allahın cəzası yoxdur?! Gec gələr, ancaq güc gələr... Vallah, elə yandırar ki, dərdinə əlac da tapa bilməzsən... Siz mənə iş təklif etdiniz, buna görə sağ olun. Ancaq mən o təklifə qoşula, o günahla yaşaya bilmərəm...
-Özün bil!.. Quru bəyliklə qarnın doyacaqsa, kefin istədiyin qədər də gəzə bilərsən. Amma unutma ki, fürsət də quş kimidir, uçdumu, bir də geri qayıtmaz...
Fəxri yenə suyu süzülə-süzülə küçəyə çıxdı. Yenə sıxıntılar, yenə ağrı-acılarla üz-üzə qaldı. İçində aranı dağa, dağ arana daşıdı. Dünya fikir-fikir, biçim-biçim içindən keçdi. İndi neyləməli idi? Özünə də çatmadı. Daha üz tutası, ağız açası bir yer də ağlına gəlmirdi. Ürəyində anasını qınadı.Dönə-dönə qınadı. Subay olsaydı, nə vardı ki, dostu Sənana qoşulub, Urusiyətə gedəcəkdi. O gün zəng çalmışdı Sənan, kefi yerindəydi.Əlinin yaxşı gətirdiyini, deyirdi. Bax, anam elə addımbaşı tələsdirirdi ki, “evlən, evlən!” Bir az möhlət qoparmaq, fikrindən yayındırmaq istədim: “ Ay ana, bu qayğıların içində evlənmək mənim harama yaraşır! Qoy təhsilimi tamamlayım, əlim çörəyə çatsın sonra düşünərəm. Bir də, bacı-qardaşlarım var, onlara da yiyə durmaq, oxutmaq lazımdır axı?!”- deyirdim. Dediyim, sanki ona çatmır, inadından dönmürdü ki, dönmürdü. Həə, ana, evlən deyirdin, evləndim, indi əlim bala batıb. – Fəxri anasıyla xəyalən danışırmış kimi dedi: - Özümü dolandıra bilmirəm. Evdə üç uşaq var, məndən çörək gözləyirlər. Onların üzünə çıxmağa da utanıram.Ehtiyac, sıxıntı nə qədər olar?! İl-ildən də pis gəlir. Zalımın qızı təhsilimi bitirməyə, gözümü açıb dünyanı nə rəngdə olduğunu görməyə də macal vermədi. Elə bil ürəyinə dammışmış, “ İlkim sənsən, sənin toyunu görüm, daha dünyadan istəyim yoxdur...gözüm də arxada qalmaz. Köçəndə də rahat köçüb gedərəm. Bilərəm ki, evimizin işığını yandıran, balalarımı süfrə başına, ocaq istisinə yığan var!..”-demişdi. Elə bil durna köçüydü, həsrət yükünə bürünüb beləcə, sakitcə də köçüb getdi. “ Evin böyüyü sənsən, biz olmasaq da, bacı -qardaşlarına yiyə durub, ev-eşik sahibi edərsən!..” Bu son sözü, köç qabağı son vəsiyyəti idi anasının. Bu sözləri qırıla-qırıla deyərkən gözlərində yaş gilələnmişdi. Görünür, yaşamaq, yaşamaq istəyirdi. Kim yaşamaqdan bezib ki?! Həyat həmişə gözəldir, əzabları olsa da, olmasa da...
Gülsabah ömür-gün yoldaşı Fəxrinin xasiyyətinə yaxşı bələd idi. Bir işi yerində olanda sevincini gizlətməz, uşaqlarını bir-bir qucağına götürüb marçıltıyla üz-gözlərindən öpər, atıb tuta-tuta: “ Həə, deyin görüm, kimin belə gül balası, Ay parçası var?! “-deyirdi. İndi heç nə demədi. Sifəti turşumuş ayran kimi büzüşmüş, alt dodağı yer süpürəcəkmiş təki sallanmışdı. Tez-tez gözləri məchulluqda ilişib qalır, sanki bu dünyadan ayrılıb öz aləmində xəyalları, xatirələri ilə oyalanırdı. Bir stəkan çay gətirdi Gülsabah. Öləziməkdə olan ocağın o biri üzündə, əri ilə üz-üzə oturub, maşayla külləşmiş közləri qurdalaya-qurdalaya: “ Bilirəm...-dedi. İşin yenə alınmayıb. Neyləmək olar. İşsizlik bir bəladır. Burada sənin günahın yoxdur. Kim istəməz ki, ailəsinin bir tikə halal ruzusu olsun?! Belə getsə, kənd də boşalacaq, bir başıpapaqlı da qalmayacaq. Kişilər şələ-şüləsini qoltuğuna vurub çörək dalıyca Urusiyətə qaçır. Burda yurdunu, isti oşağını dağıdıb, orda Tanyaların, Manyaların işığını yandırır. Yox, yox, iş məsələsində mən heç vaxt səninlə üz-üzə gəlmərəm. Görürəm, çırpınırsan, səhər evdən çıxıb axşam gəlirsən. Axtarırsan, kim bilir, neçə-neçə yaramazla, şərəfsizlə üz-üzə gəlib xahiş-minnət edirsən. Qəhətə çıxan bir tikə çörək üçün kimlərin, kimlərin qapısını döyürsən. Günahı olanlara, allah, lənət eləsin! Çörəklə də insanları sınağa çəkmək olar?! –Gülsabah nəfəsini dərib, ocağın gözünü qurdalaya-qurdalaya bir qədər susdu. Gözlədi ki, Fəxri çayını içib, neyləmək lazım olduğu barədə bəlkə bir-iki kəlmə danışa. Onun qımıldanmadığını görüb, handan-hana dilləndi: -Nə olar, man deyil! Qoy Tavad xalayla qonşu rayonun bazarına göy-göyərti aparım. Deyirlər, yaxşı gedir, camaat ət, yağ tapa bilməsə də, göy-göyərti ilə birtəhər keçinirlər. Görürəm, gün-günorta əyləmi təzəcə eləmiş qayıdıb gəlir. Dost-doğma xalandır, yalan ha deməyəcək. Ona nə düşüb ki, yalan danışa, dünya malına görə dinini-imanını, axirətini yandıra. Satılır, göyərti, deyir, yaxşı satılır. Hər gün on-on beş manat təmiz qazancı da olur. Buna da min şükür, indi kim bu pulu havayı verir insana.
-Heç bilirsən, bazarda yer tutmaq üçün saat neçədən gedir? Saat dörddən!.. Səhərin o ayazında, şaxtasında. Kiminsə, şirin yuxusuna haram qatmadığı vaxtda. Yazığın heç əllərinə fikir vermisənmi, qaralıb, şaxtadan-sazaqdan da çat-çat olub...
-Neyləsin, evin bütün ağırlığı çiyninə düşüb. – Gülsabah sual dolu baxışları ilə Fəxrini süzüb dilləndi: - Əri yoxdur, ölüb, kişi kimi qadındır. Dişiylə, dırnağıyla çörək qazanır, kirpiyilə od götürür. Bəs o işləməmiş kim işləyəcək, çörək nurdanmı tökülür?
-O əzab, o ağrı vaxtsız çiyinlərini əzir, ömrünü çürüdür axı?..
-Kiməsə boyun əymir, kiminsə tənəsini yemir... Pisdirmi məgər?!.
O gün Gülsabahla Fəxri bu barədə çox danışdılar. Hətta sözləri də çəp gəldi. Bir az gileyli, incik də düşdülər. Sonra yenə anlaşıb, Tavad xalayla yol yoldaşlığına razılaşdılar.
İlk gün təmiz on manat qazanc qalmışdı. İlahi, uşaqlar bir sevinirdilər ki ?! Hərəsinə bir sorma, manpası almışdı. Ev elə bil böyümüş, işıqlanmışdı... Grəsən, ürəkdən gələn uşaq sevincini görməkdən böyük xoşbəxtlik varmı dünyada?!
Müharibənin başlaması xəbəri ildırım sürəti ilə yayılmışdı. Ermənilərdən hər şey gözləmək olardı. Ağalarının sədaqətli köpəkləri idilər. Boyunlarına xaltanı salıb siyasət meydanında hara gəldi sürüyürdülər. Fəxri bərk sarsılmışdı, eşitdiyinə inana bilmirdi. 27 il həyasızcasına qara-qışqırıq salıb “ müharibə ola bilməz” deyənlər, Qarabağdakı erməni işğalına “ ədalət” donu biçir, onların nazı ilə də böyük təşkilatları oynamağa məcbur edirdilər. Dünya boz siyasəti ilə gözdən düşür, göz görə-görə ədalətsizlik, başıpozuqluq ayaq açıb yeriyirdi. Müharibə başlayıbsa, demək, böyük oyunun zənciri hardasa qırılmışdı. Fəxri süfrə başında oturmuşdu. Arvadı Gülsabah Tavad xala ilə bazardan bir-iki saat olardı ki, qayıtmışdı. Şor balıq almışdı Gülsabah, içini doldurub sac altına qoymuşdu. Allahım, balıq da nə balıq, iyi bütün evi bürümüşdü. Yemək istəməyəni də iştaha gətirirdi. Əli üzündə qaldı Fəxrinin. Yerindən dik qalxıb, “ Uşaqlar sənə əmanət, Gülsabah, anam gəlini!..” –dedi. Pencəyi çiyninə atıb həyətdən çıxdı. Maşına minmək üçün kəndin o başına da getmədi. Korun-korun, sısqa-sısqa axan Qarayar çayın üstündəki körpünü keçib kəsə yolla, Minay təpəsi tərəfdən rayon mərkəzinə tərəf addımladı.Böyük şose yolu boyunca elə bil maşın axını da güclənmişdi. Polis maşınının səsgücləndirici ilə yolu aça-aça hərbi karvanı da çəkib gətirməsi apaydın görünürdü. Zirehli maşınlar günün- günorta çağı işıqlarını da yandırıb irəliləməsiylə hamıya başa salırdılar ki, tələsirik, yolumuzu açın, ləngitmək olmaz. Axın cəbhəyə gedirdi.
Fəxri rayonun hərbi komissarlığına çatanda gözlərinə inanmadı. Adam əlindən tərpənmək olmurdu, iynə atsan, yalan olmasın, bəlkə də yerə düşməzdi. Hamısı könüllülər idi, qeyrət məqamı idi, cəbhəyə yazılmaq, getmək üçün gəlmişdilər. Məqsəd bir idi: “ Ölərik, Qarabağı vermərik! Hər qarış torpağımız düşmənə məzar olmalıdır!..” 44 günlük Vətən müharibəsi bu həyacan, bu ağrı-acıyla başlayıb, bütün dünyanı sikələyən qələbə ilə qurtardı. Sanki ilahi bir möcüzə idi. Düşmənin ayaqları altından torpaq qaçmışdı. Qarabağın tacı, gözəllik beşiyi Şuşa alınmış, rayonlar həsrətdən, işğaldan qurtarmışdı. Küçələr, evlər sanki bayraq olub dalğalanırdı.Ekranlardan, efirlərdən boy-boy boylanan “ dəmir yumruq” ermənilərə, paşinyanlara, havadarlarına tuşlanmışdı.” Bəs nə oldu, Paşinyan?! “ kəlamı uşaqlı-böyüklü hamının dilində bitmişdi. Bu ovqatın boy verdiyi bir vaxtda Fəxri qalib ordunun əsgəri kimi geri qayıtmışdı.
Fəxrigilin kəndi üç şəhid də vermişdi. Bunu kəndə qayıdanda bilmişdi Fəxri. Elə həmin gün də onların ata ocağına getmiş, öz ürək ağrısını bildirmişdi. Qəribəydi, elə bil hansısa ilahi bir güc kəndi qüvvətli əlləriylə tutub bərk-bərk silkələmişdi. Fəxrinin qoyub getdiyi kənd 44 gün əvvəlin kəndi deyildi. Kənd, sanki qeyrət, qürur qoxusu verirdi. Adam arzularına baş qoyub, ümidlərinə sığınıb yaşamaq, yaşamaq istəyirdi...
Müharibə bitsə də, onun acı fəsadları hələ indi-indi üzə çıxırdı. Fəxri axşamlar tez-tez diksinir, sayıqlayıb öz-özünə danışır, qan-tər içində boğula-boğula: “ Mərmi!.. Mərmi!!. Tez olun... tez olun, səngərə yatın! Düşməni yaxına buraxmayın! Vurun, vurun!..” –deyə qışqırıb yerindən dik atılırdı. Gülsabah təlaş, həyacan içində onu sakitləşdirir, yaş əskiylə onun üz-gözünün soyuq tərini silirdi. Rayonun həkimbaşı Rəsul ümid verib: “ Tezliklə keçib gedəcək!..”-deyir, kəndin ara həkimi, xəbər poçtalyonu Mirnisə arvad cəddini çağırır, baş sındırıb gicitikana cincilim qatır, suda yaxşı-yaxşı qaynadıb üfürə-üfürə, dodağının altında nəyi isə mızıldana-mızıldana suyu süpürgə ilə həyət-bacaya çiləyirdi. Guya cinlər-şəyatinlər ağırlıq gətirib, indi ovsunlanıb, tilsimlənib çəkilib gedəcək.
Hamı səfərbər olunmuşdu. Hamı yumruq kimi birləşmişdi. Fəxrinin içində bir ümid işığı yanırdı. Daha insanlar soyuqqanlı, biganə olmayacaq, yaxşılara əl uzadacaq, yaxşılığa üz tutacaqdılar. O da, daha çörək dərdi, iş dərdi çəkməyəcəkdi. Bu, uydurma, şirin bir yalan deyildi. Özünün də inandığı inam, doğan günəş idi. Zarafat deyildi, o böyüklükdə odun-alovun içindən çıxmışdılar. Gecəsi gündüzündən seçilməyən odun-alovun. İlahi, sanki torpaq da yanırdı, cızzığı çıxa-çıxa. Bəs bu gündə birləşməyib hansı gündə birləşəcəkdilər?!..
İki ay da beləcə ötüb keçdi. Bu evə gələnlərin də ayağı yavaş-yavaş kəsildi. Çörək təknəsi boşaldı. Ehtiyacı,sıxıntını qapıdan qovsalar da, pəncərədən girdi. Yenə iş dalıyca qapıları döydü. Yenə ümidsizlik, yenə inamsızlıq. Yaddaşına yazılmış bir misranı dodağının altında təkrarladı: “ Dünya düzəlmir ki, düzəlmir, baba.” Sevdiyi şairin adını xatırlaya bilməsə də, ürəyində min kərə rəhmət oxudu. Sözlə dünyanın şəklini çəkmişdi. Sanki dinlədikcə, səs də rənglərə boyanıb tökülürdü. Dünya sirli bir dünyaydı, vaxt körpüsündən keçib getdikcə, onun altından axan sular kimi, heç nəyi vecinə almadan axıb gedirdi...
Bu kənddə bir blaca imkanı olanlar istixanalar düzəltmişdilər. Qaz olanda qazla, olmayanda odun peçiylə isidirdilər. Göy-göyərti əkirdilər. Müştərisi də başının üstündəydi. Axşamdan dəstələyib qonşu rayona satmaq üçün gedənlərə verər, gedənlər də, sağ olsunlar, halallığı itirməyib qəpiyinə qədər hesablayıb, qaytarardılar. Beləcə, hamı bir-birini yola verib dolanırdı. Bazara gedənlər çox deyildi, cəmi beş-altı nəfər. Yuxusuz qalmaq, günün yarısını ayaq üstə keçirmək zarafat deyildi. Bazarda yer tutmaq üçün səhərin gözü açılmamış yola çıxar, sürücü Rəfi kişinin üstü çadırlı maşınına göy-göyərti kisələrini yükləyib gedərdilər. “ Optavoy” deyənlər- yeməkxanalara, toylara, Allah iraq eləsin, yas məclislərinə bir yerdən götürənlər lap tezdən, saat altıdan gələrdilər. Məclislərini yola verməliydilər axı?! Dan yerinə xal düşüb, həyalı qız kimi günəş üfüqdən boylananda adi adamlar tək-tək axıb gələr, istədikləri qədər alıb gedərdilər.
Hərdən düşünürdülər, axı bu rayonun adamları niyə bu qədər göy-göyərti sevən, göy qutab, kükü dəlisidirlər?! Torpaqları şoran idi, yəqin əkə bilmirdilər? Bəlkə kasıb idilər, göy-göyərti də ucuz olduğu üçün birtəhər başlarını girələyirdilər? Yox, sən deyən də kasıb deyildilər, çoxlu mal-qara bəsləyir, toyuq-cücə saxlayırdılar. İnsafən, Allah verəndən də çox şeyləri yerindəydi.
Hava birdən-birə çox soyumuşdu. İki gün idi ki, aramsız yağan yağış dünən axşamdan sulu qara, sonra da qara çevrilmişdi. Narın-narın qar yağırdı. Düzü-dünya ağ örtüyə bürünürdü. Çox vaxt dili-topuğu quruyan Qarayarçayın gözünə işıq düşmüşdü. Burovar sanki arzuları, ümidləri ilə köpüklənib çay aşağı Çala qoruğuna sarı axıb gedirdi. Bayırda xırdaca qar danəcikləri pəncərəni naxışlayır, soyuq külək tüstünü buxarının ağzından alıb, oynada-oynada dər-divara çırpırdı. Belə soyuqda it də başını çölə çıxarmaz, deyirdilər.
Fəxri pəncərə ağzında dayanıb, taxtapuşdan asılmış küləyin oynatdığı elektrik lampasının zəif işığında həyətə baxdı. Göz-gözü görmürdü.
-Yox, sən getməyəcəksən! –zabitəli səslə dilləndi Fəxri. – Mən gedəcəm. Axşam çağından da göy-göyərtini kisələrə yığıb gətirmişik. Çox saxlamaq da olmaz... bir az da keçsə, saralıb-solacaq. Allah eləməsin, getsən xəstələnərsən. Onda gərək gətirəcəyinin də üstünə bir o qədər qoyub həkimə verəsən ki, səni sağaltsın...
Qar aramsız-aramsız yağırdı. Külək piştaxtaların açıq dər-divarından içəri soxulur, arabir hirsini-hikkəsini toplayıb qarı sovruqlayırdı. İstilənmək üçün ayaqlarını yerə döyməkdən yorulmuş Fəxri Sənanla qulpsuz, yanmaqdan hisə-pasa bürünmüş vedrədə taxta, karton qırıntılarından oçaq qalamışdılar. Tüstüdə boğulmaqdan qorxan qızılı alov dilimləri havanı cırmaqlaya-cırmaqlaya yuxarı qalxır, yanıb çırtladıqca çınqı-çınqı ətrafa səpələnirdi.
Sənan qonşu kənddən idi. Fəxriylə bir məktəbə getmiş, düz on il bir partada oturmuşdular.Gəncədə oxumuş, baytarlıq diplomu almışdı. Hara baş vursa da, iş deyib ümid verən olmamışdı. Hələ subay idi , ailəli deyildi ki, nəyinsə qayğısını çəkə. Bir gün hər şeydən bezib, tələbəçilikdən qalma göy çamadanını qoltuğuna vurub Urusiyətə getmişdi. İşi pis gətirməmişdi. Göy-göyərti, mer-meyvə sata-sata özünü yaxşı tutmuşdu. İkinci il özü daha bazara çıxmırdı. Bazarda altı yer götürüb, satıcı tutmaqla öz işini yola verirdi. Bir zaman pul üzünə həsrət qalan göy çamadan, göy əskinaslarla dolurdu. O pulla Sənan Bakıda bir ev almaq və dədə yurdundakı köhnə evi sökdürüb təzələmək istəyirdi. Hələ nə qədər də pul artıq qalırdı. Üç ay bundan qabaq telefonda danışanda Fəxrini də özüylə gəlib aparacağına söz vermişdi.Ancaq...
Təyyarəyə bilet almaq üçün aeroporta gəlmişdi Sənan. İstanbuldan qayıdan sərnişinlər axınla içəridən çıxırdılar. Düzü, onların ovqatı o qədər gözəl idi ki, hələ Sənan dayanıb həsədlə baxa-baxa dərindən bir köks də ötürmüşdü. Nə gizlədək, İstanbul onun üçün şirin bir nağıl, möcüzəylə dolu əfsanə, əlçatmaz bir uzaqlıq idi.
Taksi gözləyən sərnişinlərdən biri elə bil onu ovsunlamışdı. Sənan gözlərini ondan çəkə, yerindən tərpənə bilmirdi. Mavi gözlü, sarışın qız da, deyəsən bu baxışları tutmuşdu. O, bu baxışların işığında əriyir, içində bir xəyal dünyası qururdu. Birdən-birə cəsarətlənib irəli yeridi. Taksi tutub, qızı əyləşdirdi. Məmnunluq içində tanış da oldular, qızın telefonunu götürdü Sənan. Həkim idi qız. Şəhərin mərkəzindəki o yeddi mərtəbəli xəstəxanada göz həkimi işləyirdi. Həmin gün bilet almaq, heç Sənanın yadına da düşmədi. Kirayə qaldığı evə qayıdıb Anna ilə görüşəcəyi günün vaxtını ürəyində əriş-arğac elədi. Düşünürdü, Annanı şəhərin ən bahalı, köpüklənə-köpüklənə axıb gedən çayın üstündəki o, “ Qağayı” restoranına aparacaqdı. Həmişə çal-çağırlı, qonaq-qaralı “ Qağayı”ya. Orada Sənan iki kərə oturmuşdu. Tez-tez yanıb-sönən əlvan rəngli işıqlar adamı elə bil sirli-sehirli nağıllar dünyasına çəkib aparırdı. İndi evdə dörd divar arasında sıxılan Sənan o nağıl gecənin sehri ilə yaşayırdı. Bu evə çox sarışınlar gətirmişdi, elələri lap elə özləri gəlmişdi.Ancaq heç biri yadında qalmamışdı. Bir-iki saatlıq nəşə, dağın döşündə, uçurumlu dərədə sürünən duman kimi ələnib, keçib getmişdi. Amma Anna keçib gedən dumana bənzəmirdi. O, bu evdə olmasa da, xəyalı hər gün bu evdə böyüyür, böyüyürdü. Restoranda oturduqları gündən bəri telefonları susmur, gecə yarısına qədər danışırdılar. Hədiyyə, gül buketi bağlatdırıb göndərir, içində hələ indiyə kimi duymadığı qəribə bir hiss əl-qolunu bağlayırdı. Daha kəndə də qayıda bilmirdi. Hələ hisslərin içində çırpınır, nə etmək lazım olduğunu kəsdirə bilmirdi. Anna ilə görüşünün gərək ki, onuncu günü olardı. Onu evlərinə ötürüb geri qayıdırdı. Yarıqaranlıq blokda otağının qapısını açıb içəri girmək istəyərkən üç gənc hardansa ortaya çıxıb Sənanı otağa itələdilər. Biri Annanın qardaşı idi. Üç gün əvvəl küçədə qabağını kəsib: “ Yolunu azma... öz yolunla get!..” xəbərdarlığını edən qardaşı. İndi heç nə demədən Sənanı özündən gedənə qədər doyunca döydülər. İki gündən sonra özünə gələndə canının ağrısından tərpənə bilmirdi. Qolları, ayaqları bağlanmış, ağzına yapışqan lenti vurulmuşdu. Ən ağrılısı o idi ki, göy çamadan getmişdi. Yanına “ Əl-qolunu açana qədər yaşamaq haqqı veririk. Çəkin, polisə də getmə, polis də bizim adamdır. Dərdini kiməsə anlatsan canından olarsan! Torpağında ölüm-qalım savaşı gedərkən, qeyrətli oğul bazarlarda veyllənmək, onun-bunun namusu, qeyrəti ilə oynamaqdansa, Qarabağda ölməsi daha yaxşıdır!.. Dazbaş Vova.” sözləri yazılmış kağız parçası, bilet pulu və yol xərci qoyulmuşdu. “Dazbaş Vova” deyəndə, kimə ilişdiyini anladı. Onu bu şəhərdə, lap elə bu vilayətdə tanımayan yox idi. Cızığından çıxanların qənimiydi.Onlardan qopardığını ehtiyacı olanlara paylardı. İşi müşkülə düşənlər də üstünə qaçardı. Ondan çəkinənlər çox olsa da, sevənləri də az deyildi.Necə gəlmişdisə, eləcə də qayıtmalıydı Sənan.İki gün ərzində üst-başını batırması xəcalətindən özünə gələ bilmir, dərdini kiməsə açmağı özünə sığışdırmırdı. Şalvarından gələn pis qoxu, sanki onu qarabaqara izləyir və içində nə çəkdiyini bir özü, bir də Allahı yaxşı bilirdi.İçəridən onu yeyən bu ağrı –acıyla da qayıtdı Sənan. Müharibə də bitmişdi.Ötən günləri xatırlaya-xatırlaya bazarda göy-göyərti alveri edir, Fəxrinin döyüşlə bağlı söhbətlərini eşitdikcə, ürəyindən keçirdiyi “ köpəy oğlu Dazbaş Vovanın qızıla tutulası sözləri”ni içində sinirə bilmirdi. Rus olanda, nə olar, yalan ha deməmişdi?!..
-Mirab gəlir!.. Mirab gəlir!.. –Sənan gileyli-gileyli dilləndi: - Bu zalım uşaqlarının insafları yoxdu məgər?! Barı imkan verəydilər, heç olmasa bir siftə edəydik...Qardı... çovğundu... qiyamətdi... Yer-göy qarışıb, gələn yox, gedən yox! Bunlar da bir tərəfdən yekirdir ki, yerpulumu ver!..
Soyuqdan köhnə, nimdaş paltosunun yaxalığını qaldırıb sanki içində gizlənməyə çalışan Mirabdulla kişi büzüşə-büzüşə, nədənsə gileylənə-gileylənə gəlirdi. Deyəsən, bu gün heç kim yerpulu vermək istəmirdi...
Birdən nə baş verdi, nə oldu, Fəxri heç özü də bilmədi. Yerindən dik atıldı. Qəzəbindən rəngi boğuldu, bədənini əsməcə bürüdü. Az qala hədəqəsindən çıxacaq gözləri bərəldi. Beyni dumanlandı. Sanki piştaxtalar gözünə səngər kimi göründü. Orada yağış da, qar da beləcə yağırdı. Heç nə eyninə deyildi. Çünki qarşıda düşmən var idi. Fürsəti əldən verməyən düşmən.
-Vurun!.. Vurun!.. Fəxri dəlicəsinə bağırdı. Soyuq səngərə qısılırmış kimi, piştaxtaya sıxılıb, göy-göyərti dəstələrini – kişniş, vəzəri, şüyüd, soğan, turp dəstələrini mərmi atırmış kimi qabağa tullayıb: - Aman verməyin qarı düşmənə!.. Qoymayın!.. Qoymayın yaxına gəlsinlər! –deyə qışqırır, piştaxtanın üstünə qalxıb, yaxasını aça-aça təpiklərini piştaxtaya döyəcləyirdi. Qorxusundan yerində donub qalmış Mirabdulla kişi cınqırını çıxara bilmir, ürəyində bu xata –bəladan uzaq olmaq üçün Allaha yalvarırdı.
Sənan böyük təlaş, həyacan, sarsıntı içində Fəxrinin yaxasından tutub özünə sarı çəkir, qucaqlayıb üz-gözündən öpürdü. Fəxri sakitləşmir, dartınıb yaxasını qoparmağa çalışır, yerində atılıb-düşür, dəlicəsinə bağırır, bağırırdı...
Sənan Fəxrinin sakitləşmədiyini görüb, qəfildən ona möhkəmcə bir sillə ilişdirdi. Şappıltıyla açılan sillənin səsi, üzündə hələ də barmaqlarının izi qalan zərbəsi onu elə bil ki, qəflət yuxusundan ayıltdı, dərin sarsıntıdan çıxartdı. Özünə gəldi. Harda olduğunu yavaş-yavaş anlamağa başladı. Hər şeyi məhv etmişdi, göyləri qom-qom palçığa, ayaqlar altına səpələmiş, yararsız, əzik-üzük vəziyyətə salmışdı. İndi pulunu necə qaytaracaqdı? Uzunboğaz ayaqqabısının altı cırılıb, su verdiyindən məktəbə gedə bilməyən, üzündən öpüb, ürəkli-ürəkli: “ Darıxma, ceyran balam, lap təzəsini alacam!..” -söylədiyi qızının üzünə necə baxacaqdı?! Utandı. “ Allahım, mən neylədim...mən neylədim!..” -deyib əlləriylə üz-gözünü qapayıb zülüm-zülüm ağladı. Ürəyi boşalıncaya qədər ağladı. Bəlkə...bəlkə də ömründə birinci dəfə idi ki, belə ağlayırdı...

Bakı , 08. 02. – 09. 05. 2021.







14 dəfə oxundu

Axtarış