Allah göndərən pay...
Müəllif: Meyxoş Abdullah


04.03.2021


(hekayə)

Danışacağım bu əhvalat, bəlkə də ağlıma gəlsəydi məni bu qədər təəccübləndirməzdi. Amma başıma gəldiyi üçün bunu sizə nəql edirəm. İndi özünüz bilin, inanırsınız inanın, inanmayırsınızsa inanmayın.
... Novruz bayramına bircə gün qalırdı, işlədiyim idarədən hələ məvacibimi ala bilməmişdim. Balalarıma, nəinki, pal-paltar, diş qurdalamağa heç bir çöp də belə almamışdım. Çöx çətin bir vəziyyətə düşmüşdüm. Hara gedəcəyimi, kimdən borc alacağımı qərarlaşdıra bilmirdim. Evdən çıxanda da, söz vermişdim ki, bu gün evə bayram bazarlığıyla dönəcəyəm.
Kasıbçılığın üzü qara olsun, adam kasıb olanda ağlı da çaş-baş vurur. Fikirləşirdim ki, indi sabah olacaq, xalxın uşaqları bayramçün alınan təzə paltarlarını geyinəcək, ciblərinə qozdan-fındıqdan töküb düşəcəklər həyət-bacaya. Mənimkilər isə təzə paltararları olmadığına görə, utandıqlarından pəncərədən boylana-boylana baxacaqlar.
Bina evində yaşayanlar bilirlər ki, orada oğul-uşaq böyütmək, qonum-qonşuyla yola getmək nə deməkdir? İllah ki, bayram vaxtları ola. Bir də görürsən ki, anlamazın biri uşağının qoyun-qoltuğunu qoz, ləlgirlə doldurub salıb həyətə. İndi gəl, sən də ağlıkəsməz uşağına de ki, bala gözlərini yum o tərəfə baxma.
Bunları fikirləşəndə gözlərim doldu. Kasıb valideyn olduğuma görə özümü qınadım. Dedim ə, belə də bayram olar? Ayda, ildə müsəlmanın bir bayram olur, o da belə gəlir. Ona görə də, bu Novruz bayramından heç xoşum gəlmir. Əlində nə var verirsən qoza-fındığa tökürsən qarnına. Səhəri günü də ölü qoyun kimi başlayırsan gözlərini döyməyə. Hələ, bayram ertəsi, səhərin gözü açılmamış əlinə keçən pay-püşdən torbaya, kağıza dürgələyib, o qohum sənin, bu qohum mənim deyibən, düşürsən məmləkətin canına.
Əhvalım yaman pərişan idi, evə getməyə ürəyim gəlmirdi. Bilirdim ki, qapını açan kimi uşaqlarım töküləcə üstümə. Maşallah, uşaqlar da yeyimcil uşaqlardılar, turbanı makaron kimi gəmirirdilər. Deyir, kasıbın uşağı yeyimcil olar, varlının uşağı da geyimcil. Bir də kasıbın dünyadan çəkdiyi ləzzət elə dişinin başında olur.
Fikirləşdim ki, nə edim, hara gedim? Qohum-əqaraba, dost-tanışlar da elə mənim günümdə idilər. Kimi dindirirdin, qan ağlayıb, göz yaşı tökürdü. Hə edim bəs, bir xeyli fikirləşdim. Birdən ağlıma gəldi ki, allahdan istəyim. Deyir, oniki imama yalvarınca, bircə allaha yalvarsan yaxşıdır. Axı, o kasıb-küsubun allahıdır. Çarəsizlərə, imkansızlara kömək edəndir. Mənim də, ləzgi demişkən, bundan da ağır günüm olmayacaqdı ki... Odur ki, üzümü Allaha tutub dedim: - İlahi, daha çarəm kəsilib, üzümü sənə tutmuşam, mənim əlimi ətəyindən üzmə. Sən kasıb-küsuba, imkansızlara ruzi verənsən. İmkansızam, ağlım-başım yerində ola-ola, balalarımın yanında üzüqarayam. Bəndədən gizlin deyil, səndən nə gizlin olacaq, mənim imkanım yoxdur ki, balalarıma bir şey alım. Səni and verirəm öz allahlığına məni balalarımın yanında xəcəlatlı qoyma.
Bu sözləri elə yana-yana deyirdim ki, daş da olsaydı dözməzdi. Sonra fikirləşdim ki, birdən aciz olduğumu zənn edib, Allahımın mənə acığı tutar. Odur ki, özümü bir az tox tutub dedim: – Allahım, mən aciz bəndən deyiləm. Amma yoxdur, gedim yol kəsimmi, ev çapımmı, ya da kimisə vurub öldürümmü?! Mən səndən istəyirəm, allahlığını göstər mənə. Göstər, görüm ki, doğurdan da, sən yox yerdən ruzi yetirən allahsan. – Yoxsa, təkcə öldürməyi bacarırsan? Buna nə var ki, onsuz da gündə yüzünü, minini öldürürsən. Səndən soruşuruqmu, niyə canımızı alırsan? İndi yoxumdu, çarəsizəm, yetir mənə görüm necə yetirirsən? Yetir ki, mən də inanım sənə, inanım allahlığına.
Bu sözləri elə bərkdən, elə qışqıra-qışqıra deyirdim ki, elə bil allah iş-gücünü buraxıb mənim bir addımlığımda dayanmışdı.
Sözlərimi deyib qurtarandan sonra içimdə qəribə bir hiss oyanışı oldu. Mənə elə gəldi ki, sözlərim Allaha çatdı. Çünki bu sözlərdən sonra elə rahatlandım ki, elə bil bu dəqiqə göydən başıma nə isə əndəriləcəkdi.


İdarənin qapısını bağlayıb eşiyə çıxdım. Axşamüstü idi. Mart ayının soyuq küləyi adamın boyun-boğazına dolub canını üşüdürdü. Yavaş-yavaş irəliləyirdim. Aradabir küləyin haradansa qovub, səkinin künc-bucağına bərçimlədiyi boş selofan torbalarını, kağız-küğuzu ayaqqabımın ucuyla kənara itələyib altına baxırdım. Düşünürdüm ki, birdən Allah mənə göndərdiyi pulu-paranı bunların altında gizlədib, elər. Bilmirəm, nəyə görəsə belə düşünürdüm. Gözlərim dörd olmuşdu, hər tərəfə boylanırdım. Ürəyimə dammışdı ki, nəsə allahım mənə yetirəcəkdir.
Həmişə işdən çıxan kimi evə gəlirdim. Bu dəfə yolumu dəyişib banklar yerləşdiyi küçəyə döndüm. Bu hiss hardan yarandı bilmirəm? Bayramqabağı olduğuna görə küçə adamla dolu idi. Hamının əlində dükan-bazardan aldığı bayram əşyalarıydı, evlərinə tələsirdilər. Mən isə əllərimi plaşımın cibinə salıb, gözüm orda-burda nə isə axtarırdım. Arada da allahla etdiyim söhbəti yadıma salıb dodaqaltı gülümsəyirdim. Düşünürdüm ki, kişini yaman yerdən yaxalamışam. Bəlkə də, indiyə qədər o belə çətin vəziyyətə düşməmişdir.
Amma çox ümidliydim, bilirdim ki, bu boyda söhbətdən sonra allah mənə nə isə yetirməliydi.
Elə bunları düşünürdüm ki, bir də baxıb gördüm ayağımın altında bir yığın pul səpələnib qalıbdır. Əvvəlcə, gözlərimə inanmadım, elə zənn etdim ki, pul barədə düşündüyümə görə gözlərimə görünür. Əllərimin arxasıyla soyuqdan sulanmış gözlərimi silib diqqətlə ayağımın altına baxdım. Pul idi, həqiqətən pul idi. Ömründə bir şey tapanlar yəqin məni təsdiq edərlər ki, əvvəlcə həmin tapdıqları nədirsə adamın gözlərinə boz-bulanıq şəkidə görünür. Sonra yavaş-yavaş həmin əşya durulaşaraq aydınlaşır.
Əyilib pulu yerdən qamarladım. Elə qamarladım ki, torpaqdan da bir qat götürüb cibimə basdım. Başqa vaxt olsaydı mən utandığımdan belə etməzdim, ən azından bir oyan-bu yana baxıb, kənarda bir kimsənin olub-olmadığını yəqinləşdirərdim. Amma bu dəfə bildim ki, bu pul mənimdir. Allahım bu pulu mənim üçün göndəribdir, bu allah göndərən paydır.
Özümü xəlvət yerə verib, cibimdəki pulları çıxardıb saydım, üç yüz həşdat manat idi. Pulları qatlayıb cibimə qoyanda, kövrəlib ağladım...
Evə dönmək istədim. Amma fikrimdən keçdi ki, bəlkə bu pullar hansısa bir biçarənindir, yazıq bir adamındır, salıb itiribdir. Gözləyim, bəlkə itirdiyi pulunu axtarmağa gəldi. Düşündüm ki, əgər gəlsə pulu qaytararam ona. Yəqin, onda da insaf olar ki, mənə tikə-para bir şey verər. Mən də həmin pulla bazarlıq edib evimə gedərəm. Amma nə qədər gözlədimsə itiyi itən bir kimsə gözümə dəymədi. Ondan sonra tam yəqin etdim ki, doğrdan da, bu pulu mənə Allahım göndəribdir.
Qaranlıq düşmüşdü, evə dönürdüm... Əllərimin hər ikisində iç-içə keçirilmiş neçə bağlama vardı. Bu boyda yüklə dördüncü mərtəbəyə elə qalxırdım ki, elə bil uçurdum...
Qapını döydüm... Dörd balam o anda qapıda göründülər. Onlar əlimdəki bağlamalara baxıb, boyunlarını çiyinlərinə qoyaraq, qaranquş balaları kimi ağzlarını açıb elə civildəşirdilər ki...

2004- cü il

5 dəfə oxundu

Axtarış