ANA ƏLLƏRİ VƏ “İKİNCİ BOŞQAB” - SADIQ QARAYEV
Müəllif: Yazarlar.AZ


03.06.2020


ALLAH, MƏHƏMMƏD YA ƏLİ:



Pəncərənin taqqıltısına yuxudan oyandım. O idi, həmişəki kimi məni sahura oyatmışdı. Müəllim işləmək üçün təyinat üzrə gəldiyim rayonda kirayə mənzil tapmaq üçün çox gəzmişdim. Ya qiymətinə gücüm çatmamış, ya da şəraiti, ev yiyələri xoşuma gəlməmişdi. Bu mənzili tapanda sevinmişdim. Mənzil deyəndə ki, ev yiyəsinin kirayə vermək üçün həyətində tikdiyi bir-birinə yanaşı olan üç otaqdan biri idi. Məktəbə yaxınlığı, ev yiyəsi Mahalın və yoldaşı Almaz xalanın sadə, təvazökar və səmimi münasibətləri bu evi seçməyimə səbəb olmuşdur. Iki il olardı bu evdə qalırdım. Elə iki il idi ki, Alımaz xala məni Ramazan ayı boyunca yuxudan oyadar, öz evlərində hazırladığı sahur süfrəsinə dəvət edərdi. Qətiyyən razı olmazdı ki, öz otağımda tək sahur edim. Axşamlar isə eyni həvəslə, coşqu ilə iftar süfrəsi hazırlayar, məni çağırardı.
Əl-üzümü yuyub, onlara keçdim. Mahal da həmişəki kimi oyanmış və gəlib, divanda əyləşmişdi. Onların yaşları əlli-əlli beş arasında olsa da uşaqları hələ məktəbli idilər. Aynur ikinci, Səadət beşinci, Rəşad isə doqquzuncu sinifdə oxuyurdular.
Aynur çox dilli-dilavər, ərkəsöyün və hikkəli qız idi. Səadət isə əksinə, az danışan, sadə və mehriban təbiətli, işgüzar qız idi. Evdəki işlərin çoxunda anasına kömək edirdi. Sonralar o mənim yadımda gülərüz, işgüzar, mələk kimi qalmışdı. Rəşad qarayanız, arıq və ucaboylu yeniyetmə idi. Dərslərini yaxşı oxuyurdu. Bütün mövzularda, o cümlədən də dini mövzularda söhbətləri xoşlayırdı. Onun xoşuma gəlməyən bir xüsusiyyəti var idi ki, əksər vaxtlar bir boşqab yeməklə kifayətlənmirdi, ikincini də istəyirdi. Bunu bir dəfə ona irad tutmuşdum. O, mənə müəllim, ustad kimi baxırdı deyə heç bir fikrim xətrinə dəymirdi. Ancaq həmin vaxt dediklərimin doğru olduğunu o ağlı ilə təsdiqləsə də, yemək görəndə beyni ilə mədəsinin yeri dəyişirdi.
Insanlar əksər hallarda dili ilə mədəsinin bəlasına düşürlər. Dil insanı ruhi, mədə isə biokütlə mahiyyətlərini ətrafdakılara izah edir. Başqa sözlə, insan şəxsiyyət və biokütlədən ibarət mahiyyəti dilində və mədəsində kodlaşdırmışdır. Nəfsin və sözün səni ifadə edir. Hərbi xidmətdə olanda ön postlardan birinə göndərilən rabitəçi əsgərimiz komandirimizdən israrla onun yerini dəyişməyi xahiş edirdi. Komandir ali təhsil aldıqdan sonra xidmətə gəlmiş, nisbətən digər əsgərlərdən yaşlı və hamının hörmətlə “müəllim” dediyi, təxris olunmasına sayılı günləər qalmış bu əsgərin xahişini yerə salmadı. O, qayıdıb, briqadaya gəldi. Qanı qara, lal-dinməz olmuşdu. Səbəbini kim soruşdusa, demədi. Komandir bir az düşündükdən sonra məni həmin posta göndərdi. Hörmətlə qarşıladılar. Axşam düşdü. Hava bərk soyuq idi, yağış yağırdı. May ayı olsa da kazarmada peç yanırdı. Soba peçi üstə çörək qoxusu, təmiz dağ havası və uzun yol gəlməkdən xərclənmiş enerji sayəsində məndə güclü aclıq hissi yaranmışdır. Mədə üsyankarcasına tələb edirdi. Postu dəyişməyə gedən əsgərlər masaya əyləşdilər. Masa kiçik olduğundan birinci onlar yeyib getməliydilər, sonra növbə ilə digərləri. Komandir və çavuşlar mənə də onlar ilə əyləşib, yeməyi təklif etdilər. Dedim, əsas posta çıxanlardır, biz sonra yeyərik. Posta çıxan uşaqlardan biri puşlatımı istədi ki, soyuqdur, onu da çiynimə ataram. Onu səliqəli və təmiz saxlamışdım. Amma, düşündüm ki, əsgər üşüyər, verdim. Bütün əsgərlər yedikdən sonra komandir, çavuşlar əyləşdilər. Məni də dəvət etdilər, boşqabım boşalan kimi, komandir tez aşbaza – “müəllimə bir boşqab da çək! ” – dedi. Mən qətiyyətlə etiraz etdim. Əslində mədə daha iki boşqab da tələb edirdi. Uşaqlar güldülər, mən pərt oldum. Komandir əlini açıb – vur bura! Bizim adamsan! – dedi. Sonra çavuşlardan biri gülərək dedi:
– Səndən əvvəlki tez masaya əyləşirdi. Buşlatı verməyi “sındırılma” kimi anladı
və ikinci boşqabdan imtina etmədi. Hər üç sınaqdan çıxa bilmədi. Heyif, indi aşbazımız boşqabları tək yuyur. – Onun bu sözlərinə hamı güldü, mən hər şeyi indi anladım. Gözümün önünə həmin əsgərin boşqaba tərəf “qaçan” dodaqları, uzanan boynu, mədəsindəki üsyan alovlarının gözlərinə uzanan dillərinin işartısı gəldi. Uşaqların doğru danışıqlarına əmin idim. Çünki mən əvvəllərdə onu yemək vaxtı elə görmüşdüm. Həm də onun nəcib barmaqları bu postdan qayıdandan sonra yoğunlamış, dırnaqlarının ətlə birləşən sərhədləri qaralmışdır…
Bu hadisəni də Rəşada danışmışdım, maraqla qulaq asmışdı. Ancaq yemək görəndə mədəsi yaddaşını qabaqlayırdı…
Bütün bunlara rəğmən söz vermişdi ki, bu il oruc tutacaq və hələki sözünün üstündə dururdu. Indi də yuxudan oyanıb, əl-üzünü yuyub, süfrə başında əyləşmişdi. Onun axşama qədər ac qala bilməsinə evdəkilər məəttəl qalırdı. Həm də oruc tutmağından xoşları gəlirdi. Xüsusilə anası zövq alırdı. Sahur, iftar süfrələrini həvəslə hazırlayıqdı. Rəşad tək oğul olduğundan ailədə hamı onun nazı ilə oynayır və hər uğurundan, müsbət əməlindən fərəhlənirdilər.
Mahal bacarıqlı elektrik idi. Amma həddən artıq tənbəl idi. Bu səbəbdən çox kasıb yaşayırdılar. Kirayənişin saxlamaqla bir təhər dolanırdılar. Mən kirayə pulundan başqa, maaş alanda da bazarlıq edirdim. Buna etiraz etsələr də, düşünürdüm ki, elə verdiyim pulu hər dəfə məni yeməyə çağıranda özümə xərcləyirlər…
Bayırda al-toran idi və sakit qar yağırdı. Mən yuxuda anamı gördüyümü dedim. Almaz xala gülümsəyib dedi:
– Analar pakdılar. Uşaqlarını o qədər çox istəyirlər ki, onlar bir az çətinə
düşəndə, başlarına bir iş gələndə o saat yuxularına girirlər. Indi oruc tutursan, ac-susuz qalırsan, odur ki, anan yuxuna girib, sənə kömək olmaq üçün.
Mahal başını yırğalayıb dedi:
– Oruc tutmaq çətin deyil, əksinə zövqlü bir əməldir. Allahın süfrəsinin
qonaqları olmaq şərəflidir.
– Elədirsə özün niyə tutmursan? – Almaz sual etdi.
Mahal acıqlı halda dedi:
– Sən işinlə məşğul ol! Lazım gələndə tutacam.
– O lazım nə vaxt gələcək? İşə getmirsən, yeyib-yatırsan. Barı oruc tut, faydalı
bir iş olsun. – Almaz xala gileyləndi. Mahal əsəbləşib, uca səslə dedi:
– Imkan ver çörəklərini yesinlər!
Rəşad üzünü mənə tutub dedi:
– Bilirsən, anan niyə yuxuna girib?
Soruşdum:
– Niyə?
Rəşad anasına baxıb dedi:
– Analar o qədər müqəddəsdilər ki, hər aləmdə insanın yanında olurlar. Orucluq
ayı da başqa, yeni aləmdir. Oruc tutan insanın beyni də təmizlənir, daha təmiz aləmlərə xəyalən səyahət edir və bu zaman istər-istəməz yollar insanı ananın yanına aparır. Ana üç hərifdən ibarətdir. Hər biri bir aləmdir. Ana bətni, yaşadığımız və əbədi axirət aləmləri. Hər birində bizimlədir. Insanın cənnətdə də anaya ehtiyacı var. Ana cənnətdəki övladından da tam arxayın deyil. – Rəşadın bu sözləri xoşuma gəldi və həmişəlik yadımda qaldı.
Almaz xala sinidə dörd stəkan çay gətirib, masaya qoydu. Sonra nəlbəkilərin içərisinə qoyaraq birini mənə tərəf uzatdı. Hər dəfə onun arıq, dərisi sümüyünə yapışmış, daraq sümükləri və onların üzərindən keçən göyümtül, aşırmalı, damarları görsənən əllərini, nazik, uzun, bərkimiş barmaqlarını, heç vaxt lak, xına görmədiyi təsiri bağışlayan dırnaqlarını və ovcunun içindəki qabarları görəndə elə bilirdim ki, Çin səddi, Misir ehramları bu əllərlə tikilmişdir. Hərdən də düşünürdüm ki, Allah insanı palçıqdan yaradanda əllərini görə bilsəydik, Anaların qabarlı əllərinə bənzədərdik… Qabarlı əllər müqəddəsdir, xüsusilə analarda ecazkar aləmin göstəriciləridir.
Mahal da gəlib masanın arxasında əyləşdi. Çaydan bir qurtum içib, Almaz xalaya dedi:
– Sabah yeni kirayənişinlər gələcəklər. Onları xoş, mehriban qarşılayarsan. Nə
köməklik lazımdırsa edərsən.
Almaz xala təəccüblə soruşdu:
– Hansı kirayənişinlər? O əri fəhlə, özü barbi kuklasına bənzəri deyirsən? Dünən
azıb bura gələnlər?
Mahal əlindəki dolu stəkanı göyə qaldırıb, hirslə dedi:
– Vuraram təpənə! Sən nə bilirsən insanlıq nədir? Ayı kimi bir şeysən! Üst-
başına bax, adam bəyənməməyinə bax!
Rəşadla mən onu güclə sakitləşdirdik. Almaz xala, – Onlardan gözüm su içmir! Qapıya qoyulası adamlar deyil! – deyib, otaqdan çıxdı. Mən də çayımı yarımçıq qoyub, çıxdım. Həmin gün Mahalın dediyi kirayənişinlər gəldi. Mahal onları çox səmimi, mehriban və qayğıkeş qarşıladı. Mənim qaldığım otaqla yanaşı sağ tərəfdəki otaqda yerləşdirdi. Onların sağındakı üçüncü otaqda isə bir gənc ailə qalırdı. Ailənin başçısı Zaman bazarda araba sürürdü. Kasıb yaşasalar da Zaman çox mədəni, mərd və mehriban oğlan idi. Yoldaşı Lətafət başıaşağı, təmizkar və sakit bir qadın idi. Nə vaxt baxsaydın həyətdə köhnə, qırmızı rəngli vannada paltar yuyurdu. Ərinin və iki azyaşlı övladlarının əyinlərində həmişə köhnə olsa da, təmiz və ütülü paltarlar olardı. Kasıblıq yelləri Lətafətin simasındakı gözəllik ocağını söndürməyə çalışsa da, külün altından közlər görsənirdi. Xüsusilə Zaman axşam işdən gələndə uşaqlar sevinclə onun üzərinə qaçıb, əlindəki dolu zənbilləri dartışdıranda, o közlər yenidən alışıb yanır, əsrarəngiz rəng çalarları alırdı. Bu rənglər içərisində gah həyat yoldaşına olan sevgisini ehtiva edən qırmızı, gah da analıq məhəbbətindən yaranan günəşəbənzər qızılı çalarlar üstünlük təşkil edirdi. Bu ailəynən dost idik. Zaman hərdən məni çağırar, çay süfrəsində söhbət edərdik.
Lətafətin də deyəsən yeni gələn qonşularından xoşu gəlməmişdi. Qaş-qabaqlı idi. O tərəf, bu tərəfə gedib gəldikdən sonra həyətdəki paltar yuduğu köhnə vannanı tut ağacının altından götürüb, qapılarının ağzına apardı. Bəlkə də şüuraltı olaraq yoldaşının çirklənə biləcəyini ehtimal etmiş, qəribə də olsa, vannanın gözünün qabağında olmasını istəmişdi. Ya da həyətdəki vannanın timsalında təmizliyə təhlükə yarandığını hiss etmişdi. Onun vannanı aparıb qapının ağzına qoymasını yeni qonşu, yoldaşı Şəfinin dili ilə hamının sonradan müraciət edəcəyi Simuşun diqqətindən yayınmamış, əlinə keçəni sürtdüyü xumarlı gözləriylə naməlum ifadələrlə, süzgün formada seyr etmişdir. Həmin gün yadda qalan hadisələrdən biri də iftar vaxtı oldu. Şəfi və Simuş da Mahalgilə gəlmişdi. Mahal onlarla deyib, gülürdü. Elə bil uşaqlıqdan bir yerdə böyümüş, gizlənpaç, qaçdı-tutdu oynamışlar. Şəfinin yorğunluqdan gözləri qapansa da, getmək istəmirdi. Ya ev yiyəsinin, ya da Simuşun buna acığı tutacağından ehtiyat edirdi. Sanki ona iş kəsmişdilər. Aynur anasının yanında oturub, qaş-qabaqlı tamaşa edirdi. Səadətin mehriban, gülərüzü üşümüş bənövşəyə bənzər hal almışdı. Qızlar elə bil hələ də ana bətnindən ayrılmamış, nə isə gözə görünməz bağlantı ilə onun keçirdiyi hisslərin təsirində qalmışdılar. Bəlkə də qız uşaqları dünyaya gəldikdən, ana ilə göbək əlaqəsi kəsildikdən sonra yeni, daha mükəmməl və görünməz vasitələr ilə əlaqəli olur, qidalanır, təsirdə qalırlar. Bu təsirdən inkişaf və ya tənəzzül edirlər. Qida və ya zəhər alırlar. Övladları, bəlkə də nəvələri olana qədər bu davam edir.
Rəşadın isə kefi kök idi. Ikinci boşqabı da istəmiş, Almaz xala gülərüzlə, ona bildirmədən öz payını gətirib vermişdir. Onun ac qalması mənə çox pis təsir etmişdir. Elə zənn etmişdim ki, Rəşadın payı elə iki boşqab olmalıydı. Almaz xalanın payı isə mənim qarnımdadır. Aclığına səbəb mən, acığına səbəb isə Simuşdur. Bu qənaətdən özümdən iyrənmişdim. O iftardan yadımda qalan bu iyrənmək olmuşdur. Həmin gündən isə mənim üçün yadda qalanı Lətafətin qırmızı vannası, qarnım və Rəşadın ikinci boşqabı olmuşdur.
Yuxum gəldiyini deyib, Mahalgildən çıxdım. Mənə elə gəldi ki, Simuş günorta Lətafətin vannasına necə baxırdısa, mənim də qarnıma elə baxırmış. Almaz xalanın payını orada görürdü. Bəlkə də əxlaqı, ləyaqəti çirkləndirib, sonra da o qırmızı vannada yuya biləcəyi qənaətində olduğu üçün Lətafətə baxmışdı. Hər halda onun gözləri ac qalanın payının ikinci boşqabda görmək mahiyyətində deyildi. Simuşun gözləri ikinci boşqabı təbii hesab edən gözlərdən idi. Rəşadın mədəsi kimi… Gəlib öz otağımda, çarpayıda uzanıb, nədənsə belə düşündüm. Özümə acığım tutmuşdu. Almaz xalanın ac qalmasında mənim, acıqlı olmasında Simuşun payı var idi. Ayrı müstəvilərdə olsa da, şər xətləri Almaz xalada kəsişirdi. Qəti qərara gəldim ki, sabahdan sahur və iftarı öz otağımda edim.
Sabah hamını yola gətirdim, Almaz xaladan başqa. O, bir şərtlə razı oldu ki, tezdən və axşam mənə öz qaldığım otaqda yemək hazırlayacaq. Yəni mən orucluyam, heç bir iş görməməliyəm. Onun üzündəki ifadə, ağ, dolaşıq saçları, birazdan ağlayacaq gözləri məni razılaşmağa məcbur etdi. Sonralar Simuşdan eşitdim ki, Mahal mənim orada yeməkdən imtina eləməyimi guya “tək olaramsa, bazarlığa az pul xərcləyərəm” qənaətinə gəldiyimlə əlaqəlandirib. Mahaldan ikinci dəfə iyrəndim. Bu hal birinci dəfə Almaz xalaya “ayı” deyəndə baş vermişdi. Hiss etmişdim ki, o, Almaz xalanın zəhmətkeş əllərini, ağ saçlarını, yarıac qalmaqdan arıq vücudunu, batmış gözlərini, qonşularını itirmiş dişlərini nəinki sevmir, hətta ona ikrahla baxır. Hərdən qonşudakı ər-arvad onlara gəlirdi. Qonşu Rusiyada mövsümlü işlərə gedir, qayıdanda xeyli pul gətirirdi. Zalım uşağı o saat bəzənib-düzənib gəlirdilər Mahalgilə. Birinin yanına beş, üstünə on beş qoyub, yükləyirdilər Mahala. O da dişlərini ağardıb, yorğa, cütayaq baxırdı onlara. Dönüb Almaza baxanda isə gözləri dingildəyirdi. Onun baxışları qonşu arvad və Almaz arasında at gedişləri edir. Elə ilk dəfə onların yanında Almaz xala ayı demişdi. Gözlədiyi kimi qonşu arvadın o dəqiqə qızıldan olan köpək dişləri görsənmişdir.
Insan anadan olandan dünyadan köçənədək hər gün müxtəlif fiziki, mənəvi parametrlər üzrə dəyişən özünəməxsus çoxluqlardan ibarətdir. Bu çoxluqların ortaq məxrəci onun mahiyyətidir. Yəni, həqiqi Mahal uşaqlıqdakı, gənclikdəki, qonşu arvadla, Simuşla dişini ağardaraq danışdığı, Almaz xalaya ayı deyən vaxtı, ya qocalığındakı versiyaların hasıdır sualına, bunların hamısının ortaq məxrəci cavabı düz olar. Lakin bu ortaq məxrəci dəqiq tapmaq insanın təxmini məntiqindən kənar olub, Allahın real və dürüst məntiqi daxilindədir. Odur ki, biz çox vaxt almas gördüyümüz, bildiyimiz insanları kömürə döndüyünü müşahidə edəndə təsirlənir, xəyal qırıqlığına uğrayırıq. Halbuki bu təbiidir. Xarici şəraitdən asılı olaraq karbon atomlarının düzülüş forması dəyişir, almas, qrafit və kömür formalarında, müxtəlif mahiyyətlərdə mövcud olur. Insan da belədir. Lakin karbon atomları düzülüşünü nə cür dəyişsə də, buza, duza oxşamaz. Iti nə qədər ac saxlasan da, qoyun kimi mələmir. Toyuğa dən verməyəndə eşşək kimi anqırmır. Almaya nə qədər yaxşı baxsan, qulluq etsən çox bar gətirir, meyvəsi iri, dadlı olur, ancaq ərik olmur. Yəni cansız və canlı aləmlərdə xarici təsirlərdən baş verən dəyişiklərin müəyyən sərhəddi var, mövcudluq müddətində bir xətt üzrə mahiyyət dəyişmələri mümkündür.
Insanların da bəziləri belədir. Sıravi işçi, nazir olanda da təxminən eyni mahiyyət göstərir. Kasıb müstəvidən imkanlı şəxsə yer dəyişəndə, mahiyyət, davranış fərqi az hiss olunur. Bu cür insanlar təbiətin bir parçasıdırlar və dayanıqlı, etibarlılıq əmsalı yüksək olanlardır. Onların ömrü boyu dəyişmə çoxluqlarının ortaq məxrəcini təxminən hamı görür. Məsələn, rəhmətə gedəndə ətrafdakı insanların böyük əksəriyyəti “yaxşı insan idi, Allah rəhmət eyləsin” deyir. Bu bir kəlmə “Yaxşı insan ” qiymətini almağa bir ömür lazımdır. Çünki ömrün orta qiymətidir və təbiətin bir parçası olmağının sübutudur…
Insanların digər qrupu isə proqnozlaşdırıla bilməyən, müxtəlif təsirlərdən geniş diapozonlu dəyişənlərdir. Bunlar qeyri-təbii varlıqlardır. Mövcudluq zamanı bitkiləri, heyvanları, təqlid edən, genetik qabiliyyəti olanlardır. Bu qrup insanlar mələkdən şeytana, əmöbdən filə, yosundan palıda qədər olan mahiyyətlərə düşə bilirlər. Məsələn, yüksək vəzifəyə keçəndə katibəsinə anasından çox vaxt ayırırlar. Yaxud dünən bir soğanı iki gün işlədən, bugünkü imkanlı şəxs toy süfrəsində əlini heç nəyə vurmur. Guya ki, bunlar onun zövqünə uyğun deyil, balina südündən kokteyl, ilan yağında qızardılmış canavar ürəyi yeyib-içirmiş kimi özünü göstərir…
Ikinci qrup insanların ən böyük dəyişilmələri yaxın ətraflarına münasibətlərində ortaya çıxır. Baxırsan çöldə düşük, yaltaq, axırdan birinci olan, evdə ciddi, məğrur, əvvəldən birinci olmaq istəyir. Yəni evdəki xoruzla çöldəki fərə arasında bir fərqlə dəyişirlər. Bu cür insanların mahiyyətinin ortaq məxrəcini tapmaq çətin olur. Daha dəqiq qiyməti Allah bilir. Mahal məhz ikinci qrup insanlardan idi. Onu eyni gündə həm mələk, həm də şeytan təbiətli, Simuşla qonşu arvadın qarşısında meymun, Almaz xalanın önündə eşşək və ya it kimi görmək olardı. Bu cür insanlar ikrah bulaqlarıdır ki, iyrənmədən baxa bilmirsən. Insan bəzən özündən də iyrənir, qıraqdan ikrahla baxırsan. Bu an onun üçün ən çətin, daxili fırtınalı hal olur. Əgər mahiyyətində təbiilik varsa, bu təlatüm onu yeni, daha mükəmməl sahillərə atır, yox qeyri-təbiidirsə öz iyrəncliyinə sınır, tabe olur və uyğunlaşır. Belələri cəmiyyət üçün çox təhlükəli olurlar. Təbii ki, bu dediklərimiz insan qrupları arasında sonsuz sayda başqa variantlar da vardır. Ağla qara, birlə iki, mələklə şeytan arasında olan çoxlu varlıqlar kimi. Daha doğrusunu uca Allah bilir…
***
Soyuq və yağışlı bir bazar günü idi. Evdə demək olar ki, heç bir ərzaq məhsulu yox idi. Almaz xala dünən uşaqlarına xəşil bişirib vermişdi, un da qurtarmışdı. Uşaqlar lap tezdən oyanmışdılar. Ac qarına sağa, sola gedib, gəlirdilər. Mahal adəti üzrə divanda oturub, televizordakı xəbərlərə baxa-baxa dünya sıyasətindən danışır, Amerikanın gücünün səbəblərini, Rusiyanın səhvlərini incələyir, Avstraliyanın ayrı materik, Afrikada isə zəncilərin yaşadığını deyirdi. Gah da yerli müxalifətlə iqtidarın niyyətlərini, gedişlərini təhlil edir, heç birini bəyənmirdi. Rəşad bir stəkan çayla bir qənddan qəndi boşaltmış, yerdə qalan ovuqları ovcunun içinə töküb, sonra udmuşdu. Almaz xala ayağa qalxdı, üç il əvvəl alınmış, söküklərindən pambıqları çıxan balonka kurtkasını geyindi. Bunu görən Mahal dedi:
– Hara gedirsən?
– Cibimdə qəpiklər var. Bazara gedirəm, göyərti alıb gətirəcəyəm, qovurum
uşaqlar yesin! – Almaz xala bunları deyib getdi.
Mən də maaş almamışdım. Demək olar ki, onların günündə idim. Almaz xala günortaya yaxın gəldi. Çoxlu göy-göyərti, kartof, soğan, kələm almışdı. Içəri girəndə üst-başı suyun içində idi. Soyuqdan yanaqları qızarmış, dodaqları göyərmişdi. Mahalı Simuşgil qonaq çağırmışdı. Bu gün Simuşun ad günü idi. Şəfi də işə getməmişdi. Mahal Rəşadı da aparmışdı. Mənə nə qədər desələr də, Simuş öz əlləri ilə plov süzdüyünü, yarpaq dolması bükdüyünü və mənim xoşladığımı vurğulasa da, getmədim. Başqa vaxt olsa gedərdim. Indi pulumun, evdə heç bir ərzağın olmadığını düşündüm, ora getməyi sırf yemək məqsədi daşıdığı qənaətinə gəldim və dəvəti qəbul edə bilmədim. Ayrı vaxtlar Şəfi axşamlar məni tez-tez çağırar, çay içib, söhbət edərdik. Hərdən “Simuş yaxşı yemək bişirib, bir araq al, gəl” deyirdi. Arağı gizli aparırdım ki, Almaz xala görməsin. Mahalnan da yeyib-içəndə ərkyana acıqlanırdı. – “Sən oruc tutursan, Ramazan ayı qurtarandan sonra içirsən? Bunu başa düşmürəm” – deyirdi. Onun kasıblıqdan kiçilib, çuxura batdıqdan sonra müqəddəs mövcudluq təsiri bağışlayan, nur mənalı gözlərindən düşəcəyimdən bərk qorxurdum. Bunu ağlıma gətirə bilmirdim. Odur ki, Şəfi ilə qorxa-qorxa araq içərdim. Simuş isə əldən-ayaqdan gedər, əlinə keçəni süfrəyə qoyardı. Onun yaxşı çay dəmləməyi var idi. Elə bil nə zamansa çayçı işləmişdi. Mən demişdim ki, süzülən çayın birinci və ikinci stəkanlarındakı fərqi bilirəm. Bunu elə-belə, Şəfi ilə söhbət əsnasında desəm də, Simuş yadda saxlamışdı. Həmişə təzə dəmlənmiş çayın birinci süzülən stəkanını mənim qabağıma qoyardı, stəkanları heç vaxt səhv salmazdı.
Əslində dostluğa özləri başlamışdı. Lap əvvəl isə bir müddət Şəfi mənə kolxozun çoxillik erkək danaları başını aşağı salıb, gözlərini yuxarı bərəldib, öz naxırını yad erkəklərdən qoruyan kimi baxırdı. Hətta bir dəfə Mahal məni çağırıb, gizlincə dedi ki, “Şəfi deyir, narahatam ki, birdən mən evdə olmayanda o, gedib bizim qapını döyər.” Onun bu sözünə gülüb – Sən nə dedin? – sual vermişdim. Mahal – “dedim, narahat olma, o elə insan deyil. Iki ildir burada qalır. Evin adamıdır. Heç vaxt başını qaldırıb zənnən, qız-gəlinə baxdığını görməmişəm.” – Mahal bilmədim bunları özündən deyirdi, ya Şəfidən eşitmişdi. Sonralar Şəfi özü çağırırdı məni. Nadir hallarda yemək süfrəsinə oturardım. Əsasən çay içib, söhbət edərdik. Ancaq bu gün ac olduğum üçün Şəfi də, Simuş da incisə də getmədim. Mahalgildə divanda oturub, televizora baxırdım. Qızlar yenidən gedib yatmışdılar.
Mən üzümü Almaz xalaya tutub, dedim:
– Qəpik-quruşla bu qədər şeyi necə aldız? Axı pulunuz yox idi.

Almaz xala saçlarını bərk-bərk sıxıb, suyunu yerə tökə-tökə gülümsədi. Gözləri doldu və dedi:
– Adam çox idi. Gördüm satıcının başı qarışıb, oğurladım!
Mən çox pis oldum. Həmin vaxt gördüyüm Almaz xalanın su tökülən saçları,
dolmuş gözləri, günahkar siması heç vaxt yadımdan çıxmadı.
Özümü o yerdə qoymadım, gülümsəyib dedim:
– Hərdən məcburiyyət qarşısında olar. O satıcılar özləri gündə neçəsini
aldadırlar. Həm də çox qazanırlar, bununla elə də zərərə düşməzlər.
Almaz xalanın gözlərindən yaş gəldi. Acı-acı gülüb, dedi:
– O dünyada Allah bağışlayacaq məni?
Mən nə edəcəyimi bilmədim. Indi O, oğurluq tərəvəzlərdən bişirdiyini yeməyimi
istəyəcəkdi. Bilirdi ki, acam, evdə heç nə yoxdur. Imtina etsəydim oğurluq olduğundan yemədiyimi bilib, lap pis olacaqdı. Yesəydim, özümə bağışlamayacaqdım. Bir az düşündükdən sonra dedim:
– İnşaAllah bağışlayar. Allah ən gizli niyyətləri bilən, günahkarı bağışlayan və
kömək edəndir. O, Rəhman və Rəhimlidir. Sizə yol açmış, əvvəl bazara getmək fikrini ağlınızaa salmış, sonra satıcının başını qarışdırmışdır.
Almaz xalanın siması nisbətən açıldı. Tez soruşdu:
– Yeyəcəksən?
– Əlbəttə. Bayaqdan oturub, sizi gözləmirəm? – deyib, güldüm. O da gülümsədi.
Tez qızları səslədi və mənə dedi:
– Səni and verirəm Allaha, Mahal və uşaqlar bilməsin…
* * * * * * * * * *
Bu gün dərsim çox olmuşdu. Günortadan sonra məktəbdən gəlmişdim. Yorulmuşdum. Yemək yedikdən sonra yatmaq istəyirdim. Çarpayıya yenicə uzanmışdım ki, qapı döyüldü. Qapını açdım. Simuş əlində bir fen içəri girdi və dedi:
– Bunu ad günümün səhəri Mahal dayı mənə hədiyyə edib. Ancaq işlədə
bilmirəm. Bəlkə də xarabdır, düzəldə bilərsən?
Bir fenə, bir də onun üzünə baxdım. Sarışın buruq saçlı, iri, oxunmağı çətin olan süzgün gözləri, düz biçimli burnu, nazik dodaqları var idi. O, gözəl idi. Elə bil birinci dəfə idi görürdüm. Bəzənmişdi, sanki toya gedəcəkdi.
– Müəllim, nə çox fikirləşdin? – sualı məni fikirdən ayırdı. Gülümsəyib dedim:
– Mənim belə şeylərdən başım çıxmır axı…
Bic-bic gülüb dedi:
– Necə müəllimsiniz ki, bir feni də düzəldə bilmirsiz… baxın, bəlkə düzəldə\
bilərsiniz…
Mən qaş-qabağımı töküb, dedim:
– Dərsdə mən uşaqlara fen düzəltmək öyrətmirəm. Aparın Almaz xalaya, Lətafət
xanıma göstərin!
Simuşun üzü qızarmışdı. Elə bil təndirin kənarında durmuşdu. Könülsüz qapıya yaxınlaşdı, acıqla:
– Onlarlıq deyil… Mahal dayıya göstərərəm, o düzəldər. – deyib, getdi.
Səs-küyə yuxudan oyandım. Havanın qas qaralan, şər düşən vaxtı idi. Simuşla
Almaz xala dalaşırdı. Lətafətlə Zaman onları ayıra bilmirdi. Daha doğrusu Almaz xala öz qapılarının ağzında durmuşdu, Simuş hücum çəkirdi. Mənlə Rəşad Almaz xalanı evə saldıq. Bu dəfə Mahal ona hücum çəkdi. Biz onun qabağını kəsdik. Pişik kimi masanın üstünə çıxdı. Oradan Almaz xalaya tərəf hoppanıb, getmək istəyəndə yenə qabağını kəsdim. – Ayıbdir, iki qadın dalaşır, sən niyə qarışırsan? – dedim. O isə, – sən qarışma! Bu ayını öldürəcəm! – dedi.
O yenə ayı dedi. Cin vurdu beynimə, özümü güclə saxladım. Almaz xala yenə qapıdan çölə çıxdı. Simuşun səsi daha da yüksəldi: – Sən oğrusan! Oğru! Kələm oğrusu! Həm də ayısan, Mahal dayı düz deyir! – Almaz xala ağlayırdı. Daha cavab verə bilmirdi. Mən çox pərt oldum. Həm Almaz xalaya görə, həm də “kələm oğrusu” söhbətinə görə. Axı mən bu barədə kimsəyə söhbət etməmişdim. Bu necə olurdu? Simuş haradan bilirdi? Almaz xala başını qaldırıb, Simuşa tərəf qışqırdı:
– Allah belini əysin, başını qaldırıb, özgə payına göz dikməyəsən!
Simuş yenidən ona tərəf hücum çəkdi. Zaman elə bil dalaşan kişini ayırırmış kimi
onu arxa tərəfdən, ortasından qucaqladı. Simuşun ortası çox nazik idi. Zamanın biləkləri isə araba sürməkdən olduqca qüvvətli… Ancaq Simuş təslim olmaq, dayanmaq bilmirdi. Ağzı köpüklənir, gözləri qudurmuş it gözü kimi qızarırdı. Onun ortası Zamanın qolları arasında olsa da əlləri və ayaqları Almaz xalaya tərəf elə uzanırdı ki, sanki yerindən qopub gedəcəkdilər. Zamanın qeyri-ixtiyari etdiyi bu hərəkət Lətafəti çaşdırdı. Mən onun simasına baxdım, orada elə bil qiyamət görmüş insan cizgiləri var idi. Darvaza zərblə açıldı. Şəfi hökmlə döyüş meydanına atılmış kimi həyətə girdi. Gördüyü mənzərədən bir anda yerində donub, qaldı. Zaman Simuşu buraxdı. Ortası Zamanın qollarında çıxan Simuş ley kimi Almaz xalaya tərəf atıldı və bu dəfə onun saçından tuta bildi. Qızları qıraqda ağlayıb, qışqırır, Zamanla mən Simuşun əllərindən Almaz xalanın saçlarını çıxara bilmirdik. Bu dəfə Rəşad Simuşun ortasından tutub, arxaya dartmağa başladı, ancaq Zaman kimi onun qıçlarını yerdən üzə bilmədi… Şəfinin buzlamış qeyrəti əridi, Rəşada hücum çəkəndə, qabağını kəsdim. Məni itələyib keçmək istəyəndə, lap əsəbiləşdim. Iki dabanını da tutacaq möhkəm bir təpik fırlatdım. Eşşək çulu kimi arxası üstə yerə düşdü. Elə bu zaman Lətafət qırmızı vannasını Simuşun başına keçirtdi.
O, Almaz xalanın saçlarını buraxıb Lətafətə – “bitli, acından ölən” deyib, hücum çəksə də bir azdan sakitləşdi.
Qırmızı vannanın zərbəsi tədricən hamını sakitləşdirdi. Bütün bu hadisələr zamanı divanda oturub Almazın evə gəlməsini, sonra onu döyməyi bu saat ən böyük arzusu hesab edən Mahal istəyinə çatmadı.
Aynur qaçıb həmişə onlara gələn varlı ər-arvad qonşuları da çağırmışdı. Qonşu kişinin bir “həyati nəsihəti”, arvadının isə gülümsəyərək etdiyi zarafatı Mahalın bir az əvvəlki ehtiraslı döymək arzusunu yoxa çıxarmışdı. O kinli dəvədən qonşu hasarında banlamağa gedən xoruz formasına keçid etmişdi.
Lətafətin qırmızı vannası ümumi odun üstünə sabunlu su səpmişdisə, qonşu arvadın qızıl dişləri qırağa düşən bir közü sıxıb, şirin dili üstündə söndürmüşdü…
Bu qəribə müharibəyə səbəb isə Simuşun israrla fenini düzəltdirmək arzusu səbəb olmuşdur. Mahalın o yan, bu yanına keçməsi, ikisinin də pörtüb qızarmasından Almaz xala onların başqa aləmlərdə olduqlarını başa düşmüşdü, onu evdən qovmaq istəmişdi. Simuşun ehtirası kinini alovlandırmış, ona “kələm oğrusu” demişdi. Bu söhbəti isə Mahaldan, Mahal isə həmin gün təkrar yerlərinə uzanan, ac olduqlarından yata bilməyən, analarının mənimlə bütün söhbətlərini dinləyən qızlarından eşitmişdi…
* * * * * * * * * *
Fevral ayının sonları idi. Hava soyuq küləkli idi. Leysan yağış yağırdı. Evə çatana qədər tamam islanmışdım. Paltarımı dəyişib, yemək yedim və çarpayıda uzandım. Gur yanan qaz sobasının özünəməxsus səsi, üstündəki çaydanın laylaya, gah da düşüncələri nostalji hisslərin qanadlarında həzin aləmlərə aparan, mənşəyi su ilə istiliyə bağlı olan, fitə, hərdən də sızıltıya oxşayan ecazkar səsi bir-birinə qarışır, yarımqaranlıq otaqda insanı yuxu aləminə çəkib aparırdı…
Qapının döyülməyinə yuxudan oyandım, Mahal idi.
– Nə yaman çox yatırsan? – deyə soruşdu. Pəncərədən baxdım, hava qaralmışdı.
– Məktəbdən yorğun gəlmişdim, həm də islanmışdım , özüm də bilmədən
yuxuya getmişəm. Bütün yorğuluğum çıxdı, beynim dincəldi. – dedim.
O, otaqda var-gəl eləməyə başladı. Sözlü adama və ya yumurtası tərs gələn toyuğa oxşayırdı. Sobanın yanında dayanıb, mismarla tünükə vannanın dibini cızanda çıxan cızıltıya bənzər qırmızı rəngli səslə dedi:
– Sabah evi boşalt!
Ən gözləmədiyim, həm də istəmədiyim söz oldu. Elə bildim bəlkə yuxudayam,
yenidən pəncərəyə baxdım. Heç nə görünmürdü, qaranlıq idi. Sobanın üstündəki çaydana baxdım, daha səs gəlmirdi, yəqin qaynayıb qurtarmışdı. Möhkəm pərt olmuşdum. Tələbə vaxtından çox evlərdə kirayə qalmışdım. Mənə belə doğma ev, səmimi münasibət olmamışdı. Amma Mahal kimi qovan da olmamışdı. Bayırda qonşunun iti hürməyə başladı. Mənə elə gəldi ki, onu da həyətdən bu soyuqda qovurlar…
“Evi boşalt!” – bu sözlər elektrik cərəyanı naqildə sağa-sola hərəkət edib, lampaya çatanda işıq yaratdığı kimi beynimdə rəqs edib, qürurumda ildırımlar çaxdırdı…
– Yaxşı, səhər gedəcəm burdan. Ancaq səbəbini bilmək istəyirəm. – dedim.
– Bayaq darvazadan girəndə, mən həyətdə idim, yanımdan keçdin, salam
vermədin.
– Düz demirsən, salam verdim. Ola bilsin ki, külək imkan verməyib eşidəsən. –
dedim. Və bir də xatırladım, yox dəqiq yadımdaydı, salam vermişdim. O, dişlərini ağartdı və dedi:
– Eşitmədim. Eybi yox, salam vermisənsə, qal! – Bu dəfə elə bil məni söydü.
Mahaldan üçüncü dəfə iyrəndim
Mən o evdən bir sürü xatirələr, Lətafətin kədərli, Simuşun tamarzı, Aynurun soyuq, Rəşadın ikinci boşqab axtarışı, Mahalın məsum tülkü, Səadət və Almaz xalanın ağlayan gözlərinin baxışlarını qoyub, çıxdım.
***
Illər keçdi. Simuşu Bakıda kafelərdən birindən çıxıb gedəndə gördüm. Nazik ortası yoğunlamış, çiyinləri ilə eyni səviyyədə olmuşdur. Beli indidən əyilmiş, uzun boynu elə bil bədəninə batmışdır. Mənə baxdı, gözləri əvvəlki kimi naməlum deyil, axtardığı, həsrətində olduğu, təbii hesab etdiyi ikinci boşqabdan qidalanan və arzusuna çatan ifadəni almışdır. Mənə salam vermədən, yanındakı rəfiqəsi ilə deyə-gülə yanımdan keçib, getmişdir….
Rəşadla qarşılaşdım. Qayınatası ona əməlli-başlı kömək etmişdir. Iş adamı olmuşdur. Xeyli kökəlmiş, ağ, ətli buxağı, şişman qarnı vardı. Düşündüm ki, indi bu ikinci boşqabla da doymaz. Arıq, qarayanız Rəşad keçmişdə qalmışdı. O, ikinci və daha dolu boşqabı qayınatasının arxa və döş ciblərində tapmışdır. Mənimlə üstdən-aşağı, Almaz xalanı, uşaqları soruşanda isə yandan- yörəyə danışdı. Yeməyə dəvət etdi. Qorxdum ki, yanında çox qalsam ikinci boşqaba meyilli olacam. Sağollaşıb ayrıldım.
Rəşadla görüşəndən təxminən beş-altı gün sonra avtobusda gedirdim, iki qolunu ön oturacağın söykənən yerinə çarpaz qoyub, alnını qollarına dayayaraq yatan, ağsaçlı qadın gördüm. Onu saçlarından tanımışdım. Ağ saçlar bir-birinə oxşasalar da, hər birinin özünəməxsusluğu vardır. Yaxınlaşdım, damarlı əllərini gördüm. Dəqiq o idi. Barmaqlarımı əlinin üstünə toxundurdum. Əlini cəld çəkib, başını qaldırdı. Ilk olaraq simasında və gözlərində qəzəb ifadəsi yarandı. Məni tanıyan kimi gözləri doldu. Onu avtobusdan düşürtdüm. Aynur qoşulub qaçdıqdan sonra Mahalın onu günahkar çıxarıb, evdən qovduğunu və indi gecələr Aynurgildə qaldığını, bir müddət bazarda göy-göyərti satdığını dedi. Indi isə əlindəki mayasını da xərcləyib qurtardığını, süpürgəçi işlədiyini, işdən sonra avtobuslarda sağa-sola gedib, yalnız, gecələr yatmaq üçün kürəkən evinə getdiyini əlavə etdi.
Cibimdəki az miqdar pulun qəpiklərini götürüb, qalanını ona verdim. Ağladı. Götürmək istəmirdi. Növbəti avtobus gələn kimi tez minib getdi. Daha bir də onu heç vaxt görmədim. Yalnız, orucluq günlərində yuxularıma gəlib, pəncərəmi tıqqıldadır, sahura oyadırdı. Damarlı, arıq əlləri ilə mənə yemək verirdi.

18-20.04.2020 BAKI.

Müəllif: Sadıq Qarayev

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

9 dəfə oxundu

Axtarış