"Analar Günəşdən, Aydan qəlbidir" esse
Müəllif: Əzizağa Elsevər


12.02.2019


Ana! İlkinliyimiz, ananımız. İsti qucağı ilk beşiyimiz, laylası, oxşaması, bayatısı evimiz-eşiyimiz, göz-könül toxluğumuz. Dar gündə həyanımız, xoş gündə çiçəyi çırtlayan sevincimiz, fərəhimiz. Ürəyini məşəl edib, çıraq edib ömür boyu yolumuzda yananımız. Yuxusuz gecəmiz, xoş səhərimiz. “Göydən üç alma düşdü...” nağıl sonluğuna baş qoyan əlvan rəngli yuxularımız. Başımızda yeri göynəyən əl sığalı, yolumuza boylanan həsrətli baxışların işığı. Çiçək zərifliyi, ürək kövrəkliyi, bir bulaq pıçıltısı, ümman təşnəli bir çay şərqisi. Vətəndə iman işığı, Vətən sevgisi. Qürbətdə qəribin yuxu sevinci. Gözlərində “çiçəkləyən” həsrət naxışı. Yolları, cığırları ayağına dolayıb, payi-piyada qədəminə, dərgahına gəlmək arzusu.
Ana! Hanı elə bir rəng ki, əzəmətini çəkə bilim. Hanı elə bir səs ki, bəstəni yaradım, hanı elə bir söz ki, tilsimləyib tərifini qoşum. Rəng də, səs də, söz də kəsərsizdir əzəmətin önündə. Sən elə qüdrətli, elə böyük bir varlıqsan ki, dünyanın ən uca zirvəsi də sənin yanında yalandır. Şair demişkən: “Everest zirvəsi qoy inciməsin, dünyada ən uca zirvə anadır” (Z.Vəfa).
Sən elə varlıqsan ki, görüşün başdan-başa müqəddəslik işığıdır. Elə müqəddəslik ki, ünvanından pay götürüb, ruhlarımızın dolaşdığı Vətənə - Ana Vətən, zaman-zaman şəhdləşib-şirinləşən dilimizə - Ana dili, əbədiyyət ünvanımıza dönən torpağımıza – Ana torpaq deyirik. Sən yenə başda dayanırsan, başda alışıb, başda yanırsan. Varlığımıza dönüb, ruhumuza hopub əbədi yaşayırsan. Sənin yaşamağınla dünyamız da boy atıb yaşayır. Analı dünyamız, sonalı dünyamız!
Sən yadıma düşəndə, anam mənim, bilmirəm, bir zaman kimdənsə oxuduğum sözlər yaddaşımda göyərir. Hafizəmdən boylanıb, dodaqlarımda titrək pıçıltıya dönür: “Əgər məndən soruşsaydılar ki, dünyada ən gözəl nəğmə nədir? Mən tərəddüd etmədən deyərdim: Ana laylası. əgər məndən soruşsaydılar ki, dünyada ən təhlükəsiz, ən gözəl sığınacaq haradadır? Mən deyərdim: Ana qucağı, ana qucağı! Bütün gücümüzü, qüdrətimizi, ilhamımızı oradan götürürük. Ana qucağı Vətəndir, doğma torpaqdır!”
Bəli, ana - məhəbbətin, əzəmətin canlı heykəlidir. Bizə ilk sevinci bəxş edən, dilimizə dil verən də odur. Vətən məhəbbəti ana südü ilə qanımıza hopur. Dünyada ən böyük müqəddəslik, ən böyük paklıq da anadır. “Hələ bu dünyaya övlad gəlməmiş, ana məhəbbəti gəlir dünyaya” (N.Xəzri).
Bu incə nəğməni, həzin nəğməni,
Ana nəfəsinə hopdurub Vətən.
Dünyanın ən gözəl musiqisini
Ana laylasına dəyişmərəm mən.
Anaların zəhməti, böyüklüyü, qüdrəti hikmət boxçasında söz düzümünə dönüb yaşayır. Yaddaşlara köçür, yaddaş naxışlı olub, ürəklərin oduna, qəlblərin közünə bələnib, nəsil-nəsil zamanın axarında durulub gedir: “Ana evin dirəyidir”, “Ana qəzəbi qar kimidir: çox yağar, tez əriyər”, “Bir ana duası yeddi keşiş qarğışını heç edər”, “Ananın dili danlayır, ürəyi yanır”, “Ana haqqı, Tanrı haqqıdır” (“Kitabi Dədə Qorqud”), “Azad və güclü analar olmayan yerdə azad Vətən də yoxdur. O ölkə azad və xoşbəxtdir ki, orada ana azad və xoşbəxtdir” (S.Vurğun), “Millətin gələcəyi anaların əlindədir” (O.Balzak), “Analardır adam edən adamı” (N.Hikmət)...
“Behişt anaların ayaqları altındadır” (Məhəmməd Peyğəmbər (s)). Bu hikmətin böyüklüyünə sığınmaq, ondan işıq payı götürmək istəyirəm. O işığı rentgen şüası kimi içimdən keçirmək, nur zərrələrinə döndərib, əzalarımdan varlığıma, ruhuma hopdurmaq istəyirəm. İlahi, sözün sehrinə bax, qüdrətinə bax! Nə qədər böyüklük, nə qədər alilik! Səmimiyyətdən yoğrulmuş nəciblik, nəcabət! Ana böyüklüyünə, ana əzəmətinə sözdən qoyulmuş əbədi bir heykəl! Sığınmaq istəyirəm o heykəlin kölgəsinə, düşmək istəyirəm o behiştin qədəmlərinə. Anaların ağ çiçəklərə dönən ağ saçlarının işığına dünyanı bürümək, qan-qada salanları o işıqda utandırmaq, utandırmaq istəyirəm. Bir anlığa qışqırıb: “Dönün, ay insanlar, o işığa sarı dönün. O işıqdan uzaqlığınızdır bütün fəlakətlərinizin səbəbi. Dönün, Tanrı eşqinə, dönün, sonra gec olar!..” – demək istəyirəm. Və bir də, bir şair oğlunun misralarının axarına düşüb, ana böyüklüyünün qüdrətinə tapınmaq istəyirəm:
Analar günəşdən, aydan qəlbidir,
Silərlər cahandan kədəri, yası.
Dünyanın paytaxtı – ana qəlbidir,
Dünyanın ilk himni – ana laylası.

47 dəfə oxundu

Axtarış