At qurdu...
Müəllif: Meyxoş Abdullah


07.06.2019




At qurdu…
(hekayə)

… Qarnında ağrılar başlamışdı. Səhərdən axşamacan doğram-doğram doğranırdı qarnının içi. Kəskin ağrıların təsirindən ilan kimi yerindəcə qıvrılırdı. Ağrılar tutanda canını qoymağa yer tapa bilmirdi, bədəninə qotur düşmüş it kimi özünü ora-bura dürtərək, sürtünməyə yer axtarırdı.
Qarnında, elə bil dağ çayı axırdı, hətta suyun şırıltısını belə eşidirdi. Bu, şorhaşor şoruldayan səsi adamlar eşitməsin deyə, bəzən əlləriylə qarnını bərk-bərk sıxırdı. Xeyiri yox idi, dartılmış qarın bir az da bərk ağrıyırdı. Elə bil qarnında bir polk arkestir çalırdı. Bu azara o, bir müddət bundan qabaq tutulmuşdu. Nə dər-sər idi özü də baş açammırdı.
Qarınağrı dərmanı içməkdən dilinin üstü sap-sarı girəc bağlamışdı. Arada dilini, istidən ləhləyən it kimi bayıra çıxararaq ora-burasına baxardı. Üst-üstə qalaqlanmış və kərməni xatırladan saralmış dili onu yaman dilxor edirdi. Nəallaclıqdan, çay qaşığının sapıyla dilinin üstündəki ərpi təmizləməyə çalışsa da bir xeyiri olmurdu, qaşıq dilinin qabığını soyaraq onu incidirdi.
Bu müsibətləri çəksə də, həkimə getməyə qorxurdu. Qorxurdu ki, həkim onun xəstəliyini bilsin və üzünə deyib onu utandırsın. Ona görə də, arvad, uşağına yalvar-yaxar edirdi ki, dükan bazara yolu düşən olsa, ona qarınağrı dətrmanı alıb gətirsinlər.
Gecələr vəziyyəti lap ağır olurdu. Evdəkilərin hamısı yatsa da, o, ilan vuran adam kimi yerinin içində ora-bura sürünərək, səhəri dirigözlü açardı. Bəzən də, ağrının təsirindən, qapı ağzında şöngüyən it kimi o da yatağın içində göngüyüb oturardı. Səhər açılanadək dağı arana, aranı da dağa sürükləyərdi. Evdə hamıdan çox arvadı onun zülmünü çəkirdi. Ərinin çoz topu kimi yerinin içində ora-bura diyirlənməsi onun lap zəhləsini tökmüşdü. Kişinin gözünə bir çimir yuxu gedəndə də başlayırdı dişlərini xırçıldatmağa. Dişlərini elə xırçıldadırdı ki. elə bil dəryaz itildirdi. Arvadının lap əti tökülürdü. Hirsindən dirsəyi ilə ərinin ləvərə qarnına bir dürmə vurub: - evin yıxılmasın, bu çürük dişlərini yeyib qurtardın ki, bəsdir də, ürəyimizin şirəsini çəkdin...
Əri isə qəfil zərbədən diksinib yuxudan ayılar və: - Nə olub, nə xəbərdi? Hara yandı, kim gəldi? – deyə, yuxulu gözlərini ova-ova təəccüblə arvadının üzünə baxardı.
Arvadı isə, hirsindən ağzı köpüklənə-köpüklənə: - İnsafın olsun da, qoy yataq, səhərdən axşamacan ayaq üstə oluram. Gecə yerimə uzananda deyirəm ki, bir az gözümün acısını alıb dincələrəm. Onda da sənin ora-bura çoyumağınla, dişlərini xırçıltatmağın mənim gözümə yuxu getməyə qoymur.
Kişi yazıq-yazıq arvadının üzünə baxraq:
- Neynim e, qarnım ağrıyır da… Zəhrimara qalsın bu qarınağrısını, az qalır nəfəsimi kəssin.
Arvadı ağıllı qadın idi , ərinin qarınağrısının səbəbini təxminən də olsa bilirdi. Çünki onunla iyirmi il olardı bir damın altında yaşayırdı. Amma necə olsa, əriydi, uşaqlarının atasıydı, onun bu pis xasiyyətini üzünə vurmurdu. Gözləyirdi ki, bəlkə öz-özünə keçib gedər.
Gecələr yuxusu ərşə çəkildiyindən səhərlər, bulanıq, domba gözləri, adama elə bil irinlənmiş kimi görsənərdi. Burnunun ucu həmişə qırmızı turp rəngində olardı. Sir-sifəti isə kül rənginə çalardı.
Səhər yuxudan oyananda da yastığının üstü lata-lata nəm olardı. Ağzının acı duzlu suyu yastığının üstünə axıb tökülərdi. Yorğan-döşəkdən qalxmış naxoş adamlara bənzəyirdi o bu halıyla.
Həmişə fikirli olardı . Özüylə bacara bilmirdi. Kələf kimi pırtlaşıq düşmüş fikirlər ağlını elə başından almışdı ki, bəzən özünü də unudurdu. Yemək yeyəndə, televizora baxanda, hətta arvadıyla yatanda da dişlərini bir-birinə sıxıb, elə xırçıldadardı ki, yazıq arvadın həvəsi, hıçqırıqı içində qalırdı. Elə bil, onun qoynuna girən əri deyil, bir göl qurbağasıydı. Ərinin bu hərəkətindən əti çimçəşirdi.
Bacara bilmirdi özüylə, ağlından çıxara bilmirdi bu səfeh xasiyyətini. Bu xasiyyəti onun qanına, canına hopmuşdu. Dərdini heç kəsə açıb söyləyə bilmirdi. Yaxın dost-sirdaşı, ürək qızdırdığı bir adam da yox idi ki, arada dərdini ona danışsın. Hirsindən çox vaxt ağlayırdı da…
Yaşadığı məhəllədə Urfan adlı qoca bir kişi yaşayırdı. Deyilənə görə, bu qoca türkəçarə ilə məşğul olurdu. Həm də, çox ağıllı bir adam idi.
Əlacı kəsilib bir gün həmin kişinin yanına gəldi və dərdini açıb ona söylədi.
Urfan kişi dünyagörmüş, ixtiyar bir qoca idi. Onu dinlədikdən sonar dedi:
- Dediklərin əlamət, ağır bir xəstəliyin əlamətləridir. Səni qorxutmuram, amma deməyə də borcluyam ki, bu xəstəlik çətin sağalan xəstəliklərdəndir. Əgər, bir azca da olsa, sağalmaq istəyirsənsə mənim suallarıma doğri-düzün cavab verməlisən.
Kişi şübhəli, amma bir balaca sevincək halda:
- Vallah, düz deyəcəm, nə soruşsan belə olanını deyəcəm. Təki canım bu xəstəlikdən qurtarsın, day mən öldüm. Amma xahiş edirəm, bu xəstəliyin səbəbi aramızda qalsın, nolar, heç kəsə, hətta mənim yaxınlarıma da bu barədə bir söz deməyin, - deyə sanki o yalvardı.
Qoca gülümsəyərək, başının işarəsiylə onunla razılaşdı və sözünə davam etdi:
- Sən insanlardan çox kənar qaçırsan, xoflusan, hamıdan şübhələnirsən? – eləmi, deyə qoca diqqətlə onun gözlərinin içinə baxdı.
Adam diksinən kimi oldu. Gözlərini qocanın gözlərindən yayındırıb yerə dikdi və mızıldanaraq nə isə demək istədi.
Qoca sərt şəkildə:
- Biz söz danışdıq, axı. Sağalmaq istəyirsənmi?
Adam başını qaldırıb nəzərlərini qocanın sifətinə dikdi və zəif səslə:
- Düz deyirsiniz, bir az eləyəm, - dedi. Amma qocanın hələ də ona zillənən gözlərindən qorxub: - Hə, elədir, elədir, xofluyam heç kəsdən xoşum gəlmir, elə istəyirəm hər şey mənim olsun, evim, eşiyim, maşınım hamıda olduğundan yaxşı olsun.
Qoca gülümsədi…
- Qorxaqsan, yaltaqsan, həm də əzazilsən. Özündən yuxarı mənsəb sahiblərini görəndə ürəyin uçunur, icazə versələr ayaqqablarını belə təmizləməyə razı olarsan. Amma özündən zəiflərin qənimisən, hətta qapına gələn dilənçini də belə qovub həyətdən çıxaran birisisən, düzdür?
- Hə elədir, deyə adam zarıdı.
- Özgələrə zərər vurmağı, özgənin ar-namusuna, qız, gəlininə söz qoşmağın xəstəsisən, doğrumu?
- Neynim özümlə bacara bilmirəm, deyə o, içinin paxırı açıldıqca, guya utanırmış kimi ağlamsındı.
- Şan-şöhrət xəstəsisən, özündən bir boy yuxarı adam görəndə, ölüb, dirilirsən.
- Hə, elədir, deyə kişi boynunu bükdü.
- Qohumlarının, ailənin, uşaqlarının da səndən zəhləsi gedir, ürəklərində ölməyini arzulayırlar, bunları özün hiss edirsənmi?
- Hiss edirəm. Hətta, böyük qızım, anasına deyəndə eşitmişəm. Deyirdi ki, papaya denəm mən oxuduğum məktəbə gəlməsin, uşaqlardan utanıram. Kiçik oğlum da, hər gün onunla deyindiyim üçün anasına: - Ana, niyə yaxşı bir ata tapmadın ki, mənim də yaxşı bir atam olsun. Arvadım da yarızarafat, yarıgerçək şəkildə: - Bala, onda gərək gözləyəm ki, bu bivec atanız ölsün, sonar sizə yaxşı bir ata tapım da, - deyə, uşağa demişdi.
Qoca başını bulayaraq, acı-acı gülümsədi. Sonra o, sözünə davam edərək:
- Kişinin yan getdiyini, arvadın da ayağısürüşkən olduğunu hamıdan qabaq, ər-arvadın özləri bilirlər, bunu eşitmişdinmi?
- Yox! – deyə, adam gözlərini döyərək cavab verdi.
- Hə onda bil… Arvadın ərinə, ərin də arvadına xəyanət etdiyini özləri yaxşı bilirlər. Amma namusagir olub, onlar bu məsələni açıb, ağartmırlar. Axı, hər ikisi, eyni zibilin içindədirlər.
- Mənim yoldaşım namuslu qadındır, o mənim tayım deyil, - deyə kişi pörtdü.
- Sənin qadınının pis olması barədə bir söz demədim, söhbət səndən gedir, - deyə qoca onu başa salmağa çalışaraq əlavə etdi:
- De görüm, həyat yoldaşınla bir yataqda olarkən o, deyinərək, həvəssiz halda səndən üz çevirib, gözlərini yumurmu?!
Kişi elə bil dərdinin dərmanını tapıbmış kimi sevincək:
- Hə, həmişə belə edir?
- Həmişəmi?!
- Hə, həmişə!
- Sən bədbəxtsən! – deyə, qoca dilləndi
-Niyə?
Qoca sakit və mızıltılı səslə:
- Get onu arvadından soruş, bu deməli söz deyil!
Bəs, bunları siz hardan bilirsiniz, bizim evdə, yaxud da mənim ürəyimdə deyilsiniz ki? - deyə kişi təəccüblə soruşdu.
Qoca təmkinini pozmadan gülümsəyərək:
- Bəs, sən qarnındakı ağrını görürsənmi?!
- Yox! – deyə kişi cavab verdi.
- Onda məndən də soruşma ürəyindəkiləri. Sən qarnının nə səbəbdən ağrısını görmürsən, amma hiss edirsən, mən də ürəyindəkiləri görmürəm, amma fəsadlarını hiss edirəm.
- Bəs mənim xəstəliyimin səbəbi, onu da deməyəcəksiniz?!
- Onu deyəcəyəm! Sənin xəstəliyinin səbəbi paxıllıqdır. Bu sağalmayan xəstəlikdir. Paxıl adamlarda qurd olur. O qurd adi qurdlardan yüz dəfə böyük olur. O qurdun adı, el dilində “At qurdu” adlanır. O qurd ki, adamın qarnına düşdü, başlayır adamı içəridən xımır-xımır yeməyə. Sənin At qurdun var, adam. O qurdlar ancaq sənin özünü yeyib məhv edəcək, baqalarına isə heç bir ziyanı yoxdur…














5 dəfə oxundu

Axtarış