AY ALLAH - ADİL CƏFAKEŞ
Müəllif: YAZARLAR.AZ


19.10.2021



AY ALLAH
Qaxaca dönmüşəm, çiyim qalmayıb,
Zülmün tavasında bişib çıxmışam.
Zəmanə qalayan ocağım altdan,
Közü əllərimlə eşib çıxmışam.
* * *
Vədəsində duyub dövrün kələyin,
Sinəmlə dəf etdim oxun fələyin.
Məni diri udan acı taleyin,
Qarnın qələmimlə deşib çıxmışam.
* * *
Adiləm, getmişəm hansı tərəfə,
Dönmüşəm atılan daşa hədəfə.
Ölüb dirilmişəm azı min dəfə,
Mən hər gün bir qəbrə düşüb çıxmışam.

<<<<>>>>>

YÜZ QARA FİKİR
Beynimdə yüz qara fikir,
Ürəyimdə sıxıntı var.
İşğal edib kədər məni,
İçimdə min dağıntı var.
* * *
Qəmli-qəmli boylanıbdı,
Nəm çəkibdi, sulanıbdı,
Buludları bulanıbdı,
Gözlərimdə yağıntı var.
* * *
Zaman durubdu qəstimə,
Qara yaxır dürüstümə.
Bəndin aşıb düz üstümə
Sellənən gur axıntı var.
* * *
Ömür yetir tamama ta,
Şans gəlmədi bu damada.
Bu kasıbca komama da,
Yüz bədnəzər baxıntı var.

<<<<>>>>


ÇIXMIŞAM
Məni bişirməyə yoxdur ehtiyac,
Eşqin tavasına düşüb çıxmışam.
On lada köklənib təbim bir anda,
Yüz saz havasına düşüb çıxmışam.
* * *
Durdum öz sıramda, əymədim sətri,
Hamının yanında xoş etdim xətri.
Yüz yol bir halalca qismətdən ötrü,
İlan yuvasına düşüb çıxmışam.
* * *
Gəzməyin Adili, onun özüyəm,
Zaman məni sıxıb, əzik-üzüyəm.
Bir əlim kəsilib dibdən, qaziyəm,
Şərin davasına düşüb çıxmışam.


<<<<>>>>

SÖZ
Mehribanlıq, xoş ünsiyyət yaradan,
Görüş vaxtı ilk deyilən salam söz.
Dava salan, barışdıran, küsdürən,
Hikmət sözdü, nəsihət söz, kəlam söz.
* * *
Sözdü mənim gerçəyim də, gopum da,
Sözdü mənim pəncərəm də, qapım da,
Sözdü mənim tüfəngim də, topum da,
Bürcüm sözdü, səngərim söz, qalam söz.
* * *
Ah-naləmdi, imdadımdı söz mənim,
Şagirdimdi, ustadımdı söz mənim,
Ulusumdu, əcdadımdı söz mənim,
Babam sözdü, atam sözdü, balam söz.
* * *
Söz ləlimdi, söz gövhərim, söz incim,
Yoxdur mənim sözdən qeyri sevincim.
Sözdü mənim ön gedənim, birincim,
Yaxşım sözdü, bəh-bəhim söz, əlam söz.
* * *
İki nəfər oturanda üz-üzə,
Danışdıqca giriş verir söz sözə.
Ay Cəfakeş, aqillərdən bir bizə,
Qalan sözdü, qalan sözdü, qalan söz.

<<<<>>>>

İLAHİ KƏSMƏZ
Ayaqdan çəkən yox, qoldan tutan ol,
Yardım edən əldən İlahi kəsməz.
Sevinci, gülüşü bolüb bərabər,
Nə gülüşü kəsməz, nə ahı kəsməz.
* * *
Gah düzə, gah dağa çəkər bəndəni,
Danladar, qınağa çəkər bəndəni.
Azaldar, sınağa çəkər bəndəni,
Amma birdəfəlik mətahı kəsməz.
* * *
Bizə düz göstərir yolu Tanrımız,
Ürəyi rəhm ilə dolu Tanrımız.
Cəfakeş, dar gündə ulu Tanrımız,
Heç vaxt üstümüzdən pənahı kəsməz.

7 dəfə oxundu

Axtarış