AYSEL XANLARQIZI SƏFƏRLİDƏN BİR ŞEİR
Müəllif: Yazarlar.AZ


22.08.2019



MƏNİM KİMİ…

Nə qədər ağrısan da
Ağrıya bilməzsən
Mənim kimi..
Zərif çiyinlərimdə
Daşıdığım qayğı yükü
Yalnızlığınla damğaladı gecələrimizi.
Qızım telefondakı mesajlarda “darıxıram” sözünü yazmağı öyrəndi ilk…
Oğlum kağızdan təyyarə düzəldib uçururdu
Otaqboyu…
Hava limanına döndərmişdi evimizi.

Hə, bir də
Mən ata olmağı da öyrənmişəm
Sən uzaqdaykən..
Öz atasızlığımı da
Uşaqlarımın sənin qürbət qoxulu sevginə büküb…

Axşamlar
Yorğun
Addımlarım evin kandarında
Əlimdəki torbaların ağırlığına acıyıb
Qapı döyür
yerinə,
Sabahlar isə həsrətinə
Bir fincan çay süzüb,
Ana oluram,
Məktəblilərimin saçlarına sığal çəkib….

Sən qazanc dalıyca gedərkən,
İçimdəki ağrıları
Kirayə evimizin
Darısqal künclərinə
Boşalda bilməmişdim…
Hər özəl günümüz yoxluğunla təqvimlənmişdi…
Eh,unutdum,
Gələcəyin hansısa bir gününə
Ümid işarələmişdim….

İndisə
Ömür düyünlənib
Boğazımda…
Bilirsən?
Yerlər intihar edir
Ayağım altda…
Bir boş yer qalıb
Dar ağacında…
Yerimə bir az da sən “ana”
Olmağı öyrən…
Çıxıb getməyim gəlir bu həyatdan..
Sənsiz ölərəm dediklərimiz
Gedəndə
ölə bilmədik,
Uzaqdan uzağa
xoşbəxt ola bilmədik…

Müəllif: Aysel Xanlarqizi Safarli

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

3 dəfə oxundu

Axtarış