Bizim Camal müəllim
Müəllif: Firuz Mustafa


04.12.2021


Bizim Camal müəllim
(Professor Camal Mustafayev haqda düşünərkən)

Tərcümeyi halından çıxarış:
Camal Vəli oğlu Mustafayev (1928 – 2017) — fəlsəfə elmlər doktoru, professor, əməkdar elm xadimi. 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olmuşdur. Orta təhsilini 1935-1944-cü illərdə Kosalı kənd orta məktəbində almışdır. Sonra Tbilisi də ikiillik Müəllimlər İnstitutunda oxumuşur.
1946-1948-ci illərdə Kosalı kəndində müəllim işləyib.
1948-ci ildə Azərbaycan Dövlət Universite-tinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib.
1954-cü ildə SSRİ EA Fəlsəfə İnstitutunun əyani aspirantı olub. Aspirantura illərində onun elmi araşdırmaları "Nizaminin fəlsəfi və etik görüşləri" mövzusu ətrafında olmuşdur. O, bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir.
1957-1968-ci illərdə C. Mustafayev Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir.
1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alımlik dərəcəsinə layiq görülmüşdür.
1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləmişdir.
1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru olmuşdur. 1985-1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Professor Camal Mustafayev 1999-cu ildən Xəzər Universiteti Xəzər Tərcümə Araşdırmaları Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
Camal müəllim tez-tez yada düşən, xatırlanan ziyalılardandır.
Mənim Camal Mustafayevlə bağlı müxtəlif illərdə qələmə alınmış iki yazım var. Onlardan biri Camal müəllimin sağlığında-1992-ci ildə, digəri isə onub vəfatından sonra yazılıb.
Hər iki qeydi oxuculara təqdim edirəm.


Ziyalının vəzifə yükü

Bu gün cəmiyyətdə ziyalıların rolu barədə çox müxtəlif, ziddiyyətli mülahizələr eşitmək mümkündür. Bəziləri ziyalını bitərəf mövqeli sosial qrupa, başqaları isə radikal təbəqəyə aid edirlər. Onları sosial müstəvinin “passiv” və “fəal”, “zəif” və “güclü” hesab olunan əks qütblərinə ayıran baxışlar da mövcuddur. İrili-xırdalı məclislərdə tez-tez kəskin mübahisələr səslənir: Kimdir ziyalı? Kimə ziyalı deyirlər? Onu başqalarından hansı keyfiyyətləri fərqləndirir və ya fərqləndirməlidir?
Doğrudan da, axı sən kimsən, ziyalı?
Təəssüflər olsun ki, həmin suala birbaşa, yığcam şəkildə cavab vermək mümkün deyil. Elmi ədəbiyyatda da “ziyalı” fenomeni haqqında bir mənalı, yekdil rəy mövcud deyil.
Hesab edirəm ki, ziyalı deyərkən yada düşən isimlərdən biri məhz filosof, pedaqoq, professor Camal Mustafayevdir. Camal Mustafayev M.Ə.Rəsulzadə adına BDU-nun etika və estetika kafedrasının müdiridir. Onun ziyalılığı dərin elmi savadında, mühakimə və baxışındadır. İşıqlı zəkası və qəlbi ziyalılığa gözəl nümunədir.
Bəlkə də bəziləri üçün o, zahirən çox şeyə laqeyd, sözün müəyyən mənasında liberal adam təsiri bağışlayır. Sanki “hamının” dediyi ilə razılaşan, hər kəslə “dil tapan” adamdır. Amma onu uzun illər tanıyanlar yaxşı bilirlər ki, xırdaçılığa varmayan, kiçik intriqa və qeybçilikdən uzaq olan bu adam, prinsipial məsələlərdə həmişə çox aydın və dəqiq mövqedə dayanmış, öz sözünü “qırmızıcasına”, şax deməkdən çəkinməmişdir.
Camal müəllim həmişə hakimiyyətlə müxalifətdə olan ziyalılardandır: “durğunluq” dövründə də, “yenidənqurma” əyyamında da. Elə indi – 90-ların əvvəlində, adını xüsusi terminlə formulə etməyə çətinlik çəkdiyimiz bir vaxtda da o, müxalifətdədir. Həm də bu, süni yalançı “müxalifətçilik” deyil. Yalanla, irtica ilə, despotiya ilə, anarxiya ilə barışmamaq onun alim-filosof təbiətindən irəli gəlir. Mən həmişə müşahidə edib görmüşəm ki, arı şana daraşan kimi, hakimiyyət stolunun ətrafındakı boş stollara can atan ziyalılara (adam az qalır “ziyanlı” desin) Camal müəllim necə acayıb, onların əvəzinə necə xəcalət çəkib.
Camal Mustafayev bizim bəzi filosoflarımız kimi “partiya qərarlarından ruhlanaraq” gündə bir məzhəbə qulluq etməyib. Onun öz ədəbi tədqiqat sahəsi, öz mövzusu olub. Orta yüzilliklər fəlsəfəsi, xüsusən Nizami haqqında fundamental tədqiqat görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib, indi nüsxələrə çevrilib.
Onun elmi fəaliyyətinin mühüm bir qismi müəllimliklə bağlıdır. On illərdir ki, ötkəm və həlim səsi respublikanın müxtəlif ali məktəblərinin auditoriyalarından gəlir. Aristotel, Nizami, Kant, Hegel, Kamyu haqqında saatlarla söhbətinə qulaq asanlar yorulmur. Fəlsəfə tarixinin gözəl mütəxəssisi kimi öz şəxsi mülahizə və aləminin formalaşması sayəsində irəli getmək mümkündür. Şəxsiyyətin daxili azadlığı barədə danışmaq əsassız şeydir.
Ətrafımızda baş verən hadisələrə öz münasibəti var Camal müəllimin. O, hər cür yüksəlişin, inkişafın əsasında: istərsə də siyasi sahədə - mənəviyyatı başlıca amal hesab edir:
Camal Mustafayev “ümumi”, mücərrəd qaydada danışmağı sevmir, konkret misallara müraciət etməyi üstün tutur. Onun üçün mücərrəd xoşbəxtlik, mücərrəd xeyirxahlıq yoxdur: elə onun özünün də xeyirxahlığı və tənqidi da ünvanlıdır.
Son zamanlara qədər öz ictimai mənliyini gizlədən, yaxud özünün “muzdur”, “nökər” ailəsindən olduğunu fəxrlə bəyan edən, hətta bundan istifadə edərək, vəzifə pillələri ilə üzüyuxarı dırmananların bir çoxu indi özünü “kapitalist”, “burjua” nəslinin nümayəndəsi kimi qələmə verir. Camal Mustafayevin valideynləri, ailə üzvlərinin çoxu repressiyanın qurbanı olub. Amma necə deyərlər, o kəshakəs, tuthatut illərindən belə, alim öz nəsli, şəcərəsi barədə fəxrlə danışır, heç nəyi gizlətmirdi. Professor belə hesab edir ki, hər bir kəsə onun əməyinə, xalq qarşısındakı, xidmətlərinə görə qiymət verilməlidir. İnsanda daxili qürur, əyilməzlik, vüqar olmalıdır. Ələbaxımlıq təkcə ayrı-ayrı adamları yox, elə bütöv milləti də fəlakətə düçar edə bilər. Görünür, bu səbəbdəndir ki, Camal müəllim keçmiş SSRİ xalqlarının xaricdən göndərilən ərzaq yüklü təyyarələrə - “Humanitar yardıma” hərisliklə əl açmasına çox yumorlu istehsalı münasibət bəsləyir. Doğrudan da, onun-bunun əlinə baxan millətin hansı xoş gələcəyi, hansı nikbin vəziyyəti haqda danışmaq olar?
Camal Mustafayev tribuna, “meydan” ziyalılarından deyil. Hərçənd ki, milli dirçəlişdə, ictimai-siyasi şüurun təşəkkülündə heç bir müsbət, mütərəqqi yolu istisna hesab etmir. O, yeri düşəndə qədim yunan demokratiyasından, Şərq intibahından maraqlı detallar söyləyir, xalqımızın öz istiqlaliyyəti uğrunda apardığı mübarizədən vəcdlə danışır. Və belə hesab edir ki, təkamül, tərəqqi inkişaf təbii-tarixi bir proses kimi qiymətləndirilməlidir. Bu prosesdə hər bir ziyalının taleyinə, qismətinə, çiyninə müəyyən vəzifə düşür.
Alimi çox vaxt cavanların əhatəsində görmək olar. O, hər kəsin uğurunda özününkü qədər sevinir. Bəyəndiyi əsər, məqalə haqqında fəxrlə danışır, ürəyinə yatmayan fikri bəzən yumşaq tərzdə, bəzən də qətiyyətlə rədd edir. Öyrətməklə işini bitmiş hesab etmir, özü də öyrənir. Və bunu etiraf etməkdən çəkinmir. Görünür, elə bu səbəbdəndir ki, onun vaxtının, ömrünün çox hissəsi kitabxanaların qiraət zallarında keçir...
Qoca Sokratın tez-tez təkrar etdiyi bir ifadə vardı: “Özünü dərk et!” Sonralar alman mütəfəkkiri Höte sual edirdi: “Özünü necə dərk etməli?” Və elə özü də cavab verirdi – fəaliyyətlə, öhdənə düşən vəzifəni yerinə yetirməklə.
Camal Mustafayev öz öhdəsinə düşən vəzifəni həmişə namusla yerinə yetirir: bir vətəndaş kimi, ziyalı kimi...

P.S. Professor Camal Mustafayev famildaşım-soydaşım olsa da, qohumum deyil.
13 may 1992-ci il



Bu dünyanın işığı bir qədər azaldı...

Camal Mustafayev dünyasını dəyişdi.
Məlumatı bu səhər eşitdim. Onu da eşitdim ki, öz vəsiyyətinə görə Qarayazının (Qardabaninin) Kosalı kəndində dəfn ediləcək.
Xalqımız özünün çox ləyaqətli, istedadlı, dəyanətli övladlarından birini də itirdi.
Camal müəllim sözün əsl mənasında Şəxsiyyət, Alim, Filosof, Vətəndaş idi.
Aramızdakı böyük yaş fərqinə baxmayaraq, bizi uzun illərin dostluq telləri bağlayırdı. Əslində o dövrün, ötən əsrin uzaq və yaxın 70-80-si illərinin gəncliyinin bir neçə yaxın dostu vardı ki, onlardan biri də Camal müəllim idi. Bizi Axundov kitabxanası dostlaşdırmışdı. Az qala, bütün günümüz o işıqlı məbəddə keçirdi.
Camal müəllim kitabxanaya gələnlər arasında az qala “öz statusu” olan nadir bir adamdı. Əslində kitablar Camal Mustafayevin ən yaxın dostu, Camal Mustafayevsə kitab oxuyanların ən yaxın dostu idi. Bax, onun “statusu” bu idi.
O vaxtlar filosof Asif Ata (Əfəndiyev) də həmin kitabxanaya tez-tez gələn adamlardan biri idi. Adəti üzrə hər adamı saymayan, bir qədər acıdil, bir xeyli iddialı Asif müəllim, həmkarı Camal Mustafayev haqda söhbət düşəndə ehtiramla: “O, filosofdur”-deyərdi.
Bəli, o, filosof idi. Dostlardan bəziləri familiyamız eyni olduğuna görə, hətta, bizi qohum hesab edirdi. O da, mən də adətən bu barədə söhbət düşəndə təxminən eyni fikri deyərdik: “Biz qohumuq, amma mənəvi cəhətdən...”
Bəzən məndən soruşardılar: “Görəsən, Camal müəllim niyə belə az yazır?”. Mənim Cavabım adətən belə olardı: “Əksinə, Camal müəllim ən məhsuldar alimlərimizdəndir. Bir tarixə baxın, Sokratdan bizə bir yazılı cümlə belə gəlib çatmayıb. Çünki o öz ideya və fikirlərini şifahi şəkildə yayıb. Amma Camal müəllimin həm yazılı fikirləri çoxdur, həm də şifahi”.
O, dünyanın ən zəngin adamlarından biri idi. Əlbəttə, mənəviyyatca.
Cüzi qazancını, maaş və qonorarını gənclərə xərcləməkdən xüsusi zövq alardı.

...Bir neçə il əvvəl dostlardan biri ilə (Vahid Ömərlə) vədələşib onun mikrorayondakı mənzilinə getdik. Yataq xəstəsi idi. Düzü, inanmırdım ki, bizi tanıyacaq. Amma... dünən xudahifizləşib ayrılmış adam kimi qarşıladı bizi. Səsi gümrah idi. Xeyli söhbət etdik. Dedi ki, hələ iyirmibeş-otuz il bundan əvvəl mənim haqqımda yazmısan, yaxşı xatırlayıram... Sonra dahi Nizamidən söhbət açdı, vaxtilə onun haqqında doktorluq müdafiə etmişdi. Sonra çox sevdiyi Səməd Vurğunla bağlı xatirələrini danışdı. Dedi ki, bilirəm son vaxtlar Səmədə qarşı hücumlar var. Qoy olsun. Bu, ötəri bir şeydir. Mən Vurğunun şairliyini qoyuram bir kənara, onun “məmurluğunu” yada salmaq istəyirəm. Bunun üçün təkcə öz həyatımdan misal çəkməyim kifayətdir: o zaman atası repressiya qurbanı, “xalq düşməni” olan bir gənci aspiranturaya göndərmək hər oğulun işi deyildi. Bunu o vaxt yalnız Səməd Vurğun edə bilərdi və etdi də... Onda Səməd Elmlər Akademiyasının vitse-prezidenti idi... Bir özünüz fikirləşin, indiki “akademiklərdən” hansı belə cürətə malik ola bilər?.. İndiki “alimlərimiz”, “şairlərimiz” adi bir icra başçısının, polis rəisinin qorxusundan cınqırını çıxara bilmir, o ki ola hansısa “vurulmuş” bir adamın övladına əl tutmaq... İndi az qala yoxdur elə adamlar...
Bilirdi ki, elmi fəaliiyətlə yanaşı bədii yaradıcılıqla da məşğul oluram. Məni sorğu-suala tudu. Dedim ki, yenə yazıb-pozuram. Dedi ki, yoxsa kitabsız gəlmisən bizə?.. Düzü, onu yormaq istəmirdim. İsrar edib kitab istədi. Çantamdan çıxartdığım “Qapı” romanını stolun üstünə qoydum. Dedi ki, mütaliəm köhnə qaydada davam edir. Məni kitablardır yaşadan... Aradan bir gün keçmiş ev telefonum zəng çaldı. Dəstəyi götürdüm. Camal Mustafayev idi. Hal-əhval tutandan sonra dedi ki, əsərini oxudum, sən demə sizin nəsildən də repressiyaya məruz qalanlar olub. Dedim ki, bəli, olub. Babamı isə 34-cü ildə güllələyiblər. Dedi ki, indi bildim bizi həm də elə bu dərd “qohum” edibmiş; axı mənim atam da repressiya qurbanı olub. Sonra əsər haqda (“Qapı” romanı ilə bağlı) geniş təəssüratını danışmağa başladı. Düzü, ona kitab verdiyimə, narahat etdiyimə görə bir az peşimançılıq hissi də keçirdim. O, bunu hiss edib dedi:
-Yaxşı ki, belə bir mövzuya müraciət etmisən. Yaxşı ki, belə bir kitabı mənə də təqdim etmisən. Mən indiyəcən bizdə bu mövzuya belə geniş spektrdən yanaşan yazıçı görməmişəm. Elə bilirdim ki, təkcə ruslar yazıb bu mövzuda. Tam səmimi deyirəm ki, bu roman bizim babalarımıza-atalarımıza qoyulan ən yaxşı abidədir...
O, əsərdəki obrazları, xarakterləri, hadisələri geniş təhlil süzgəcindən keçirir, xahiş edirdi ki, onun dediklərini qələmə alım. Amma mən onun dediklərini yazmağa bir ehtiyac duymurdum. Axı Sokrat üçün yazıdan daha önəmli bir şifahi dil də var. Bəlkə də bu dil, yazılı dildən daha uzunömürlüdür.
... Mən hərdən özüm-özümə bir sual verirəm: “Görəsən, əsl azərbaycanlı, lap elə bu dünyanın əsl adamı necə olmalıdır?” Və istər –istəməz gözlərim önündə bir neçə insanın obrazı canlanır. Həmin obrazlardan biri Camal Mustafayevin, bu nurlu, kübar, ziyalı, ağayana insanın obrazıdır.

Hər bir işıqlı insanın bu dünyanı tərk etməsi ilə sanki dünyamız bir az kiçilir, bir az daralır, hətta bir az qaranlıqlaşır.
Bizi bir işıqlı insan tərk etdi bu gün... O, bizim Camal müəllim idi.
Çoxları ona “Dədə Camal” deyərdi.
Əlvida, Dədə Camal.

04 dekabr 2017-ci il
"Moderator"
Firuz Mustafa

3 dəfə oxundu

Axtarış