Böyük ürəkli ANA… - Xəyalə ZƏRRABQIZI
Müəllif: YAZARLAR.AZ


04.03.2021




Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ…

– deyə fəryad edirdi Ağabəyim ağa…

Uzun illər bu məmləkətin gəlin köçən qızlarının ürəyində, şəhid balasının tabutunu qaldıran Ataların kürəyində, özünü doğma ocağından kənarda qərib bir quş sanan yurd həsrətlilərin dünyadan köç eyləyən zaman yumulmayan gözlərində nisgilə çevrilmişdi Qarabağ…

Qarabağ ağrı idi…

Qarabağ həsrət idi… Qarabağ düyün idi… Qara bəxt idi… Qapısı bağlı qalmış yurd yeri idi…

Bu ədalətsizliyə dünya birliyi hələ də susurdu… körpəsi qanına qəltan edilən, qocaları tövləyə yığılıb yandırılan, tüstüsü ərşə dayanan, qadınlarının namusu tapdanan bir məmləkətdə haqqı – tarixi ədaləti bərqərar etmək yerinə dünyanın hansısa bir köşəsində xəritədə heç adı da olmayan kəndin girəcəyindəki kilsənin dam örtüyünün çatlamasını daha bəşəri bir məsələ, hadisə kimi gündəmə gətirib müzakirə edir, işıqlandırırdılar…

Kor deyildik ki… hamısını görürdük. Onu da anlayırdıq ki, özünə gün ağlamayana el də yığılsa, gün ağlayası deyil.

Hər anı bir ömrə bədəl 44 günlük qutsal savaşımızda Vətən Oğulları bizə anlatdı ki, dərdimizin dərmanı hansısa beynəlxalq qurum, təşkilat deyil.

Qapısı bağlı Qarabağın açarı Azərbaycan Ordusunun – zabitinin, əsgərinin cibində imiş… Tarix yazan Sərkərdənin – Ali Baş Komandanımızın bircə “İrəli!” kəlməsinə bənd imişlər ki, Dünya birliyinə Birliyin nə olduğunu göstərsinlər. Bircə himə bənd imişlər ki, bu torpağın nə cəngavərlər yetirdiyini bütün bəşəriyyətə isbat etsinlər.

Milli davamız – Vətən savaşımız Ali baş komandanımızın dəmir yumruğu, məğrur xalqımızın yumruq kimi birləşməyi, müzəffər Ordumuzun dünyaya səs salan şanlı zəfəri, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi. Uca məmləkətimizi Zəfərə aparan 44 günlük qutsal yol təkcə Vətənin bütövləşməsi, Qarabağın azadlığı kimi yox, həm də dünya hərb tarixində Tarix yazan müzəffər Sərkərdənin rəşadətini və Azərbaycan Ordusunun misli görünməmiş döyüş taktikasını isbatlamış oldu.

Heç 30 yaşı olmayan, bu torpağın üstündə 30 il yaşamağın səfasını görməyən igidlər elə cəfalara qatlaşdılar ki, son nəfəsimizədək onların borcunu ödəyə bilməyəcəyik. Millətin çiynindəki 30 sənəlik əsarət yükünü qaldıran, alnımızda şırım salmış qeyrət ləkəsini təmizləyən, qanıyla Tarix yazan oğulların hər birinin döyüş yolunu qələmə almaq, canını fəda edib yaddaşlarda canlı əfsanəyə çevrilən igidlərin vətənə can vermək, vətəni cana gətirmək üçün etdikləri fədakarlığı cansız kağızın yaddaşında ölümsüzləşdirmək istəyirəm. Bu niyyətlə hər birinin ailə üzvləri ilə, döyüş yoldaşları ilə, komandirləri ilə həmsöhbət oluram. İgidlərin döyüş yoluna şahidlik edə-edə, bu söhbətləri dinləyə-dinləyə, o Anaların çoxundan bu sözləri eşidirəm: “Xəyalə, qızım, bizim oğullarımıza yanan təkcə biz – onları öz bətnində böyüdüb dünyaya gətirən analar yox, Vətənimizin qeyrətli, böyük ürəkli, fədakar bir qızı da Ana oldu – Mahirə xanım. Həm dərdimizə şərik, göz yaşımıza həmdəm, hər an yanımızda hiss elədik Mahirə xanımı. Balalarımıza ürəyinin yanğısıyla, qələminin yazısıyla ana oldu Mahirə xanım…

Mahirə xanım Nağıqızı… Təqdimata və izaha ehtiyacı olmayan Adam… Mənə elə gəlir ki, Mahirə xanımın işıqlı insan, alim, müəllim, pedaqoq adlarından, alın təriylə qazandığı bütün titullarından daha ucada dayanır bu ad: bütün şəhid balaların Anası… Şəhid analarının isə ömrünə həmdəm, yaralarına məlhəm ola bilməsi Mahirə xanımın böyük ürəyindən və elə ürəyi böyüklükdə fədakarlığından xəbər verir… Mahirə xanım hər kəlməsindən vətən sevdalı qələm adamı, vətəndaş ziyalıdır. Balası Vətən yolunda şəhid olan analardan Onun ünvanına deyilən alqış nidalarını sözə çevirib yazmağa isə sözlərimin gücü yetmir. Sadəcə ürəkdən “Var olun! O ülvi hisslərlə döyünən ümman boyda ürəyiniz var olsun, Mahirə xanım! -deyə bilirəm. Sizin Ana Vətən üçün ömrünü fəda edən igidlərimizə fədakar bir Ana ola bilməyiniz bütün şəhid analarımıza sözlə izaholunmaz bir təskinlikdir.

Ana olmağı bacarmaq – ən böyük şəxsiyyət, ən böyük şair, ən böyük müəllim ola bilməkdi…

Ana olmağı bacarmaq – bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…

Ana olmağı bacarmaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə ala bilməkdi… Mən Sizin bu ucalığınız, Ana adınız – Ana müqəddəsliyiniz qarşısında baş əyirəm, dəyərlim Mahirə xanım!

Bu vətən deyilən torpaq deyil ki,

İnsanın ürəyi, canı Vətəndir.

Başını qoymağa bir sinə varsa,

Ruhuna beşiksə, tanı, Vətəndir.

-yazan adamın sinəsi bu gün saysız şəhid analarının ovunduğu Vətən qədər müqəddəs bir yerdir… Nə yaxşı ki, bu dünyada dərdə dərman, ömrə həmdəm, acılara məlhəm olmağı bacaran, köksü Vətən böyüklükdə sizin kimi İnsan var…

Millətin taleyüklü məsələlərində Mahirə xanımın susmaması, sözünün yetdiyi, gücünün çatdığı bütün məqamlarda milli təəssübkeşlik hissi təkcə yazılarında deyil, hətta müsahibələrində də özünü açıq-aydın göstərmiş olur:

Müsahibələrinin birində jurnalistin: “Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?” – sualına şairə belə cavab verir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının − özü elə böyük olmayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə − türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca, o qan laxtalanmayacaq”.

Bəli, bu ləyaqətli bir Azərbaycan qadının “Xocalıya ədalət” hayqıran narahat ruhunun, vicdanının səsidir.

Elə bir həssas qəlb, elə bir kövrək ürək, elə bir yanımcıl Ana ki, bu torpağın üstündə yavaş-yavaş addımlayın deyir hər kəlməsinin başında. Sanki hər sözünün əvvəlində-axırında bu torpağa qanı qarışanlara layiq yaşamalı olduğumuzu xatırladır bizə…

Burdan yavaş gedin, astadan keçin,

Qəbirlər titrəyər, daş dinə bilər,

Bir güllə gücünə sükut olanlar,

Bir addım səsinə diksinə bilər.

Mahirə xanım alnımızın ləkəsini silən, ilahi ədaləti bərqərar edən, milli qürur hissimizi özümüzə qaytaran, dünyaya gücümüzü, bütövlüyü, birliyimizi sübut edən, Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün öz talelərini yarıyolda qoyan gənclərə həssas ana qəlbiylə yanmaqla bərabər həm də onların cəsarəti ilə qürur duyur:

Yerə qan tökdülər, ruh göyərtdilər

Tarixi yazdılar vətən daşında.

Minillik xalqlara dərs öyrətdılər

Bu ərən oğullar cavan yaşında.

“Şəhid nəğməsi” adlı şeirdən nümunə gətirdiyimiz bu misralarda isə müəllif şəhidlərimizin Ana torpağa əmanət olunduğu yeri sadəcə bir ziyarətgah hesab etmir, həm də millətin ən müqəddəs məbədgahı, qutsal ünvanı kimi uca dəyərləndirir:

Şəhidlər! Şəhidlər! Öz canınızla,

Bizə yol açdınız, dövran verdiniz.

Millətə diz çöküb baş əymək üçün,

Şərəfli, müqəddəs ünvan verdiniz.

Adını zəfər tariximizə, səsini isə bütün xalqımızın ürəyinə, ruhuna yazan şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr etdiyi şeir isə Mahirə xanımın yaradıcılığında xüsusi yer tutur.

Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova ilə həmsöhbət olduğum zaman bütün qəlbimlə duyuram ki, ailəsi üçün, əzizləri üçün Xudayarın ölümündən sonra cənab prezidentimiz tərəfindən təltif olunduğu “Azərbaycan bayrağı” ordeni qədər qürur yeridir Mahirə xanımın Xudayara həsr etdiyi şeir… Radə ana söyləyir ki, Mahirə xanımın şeirinə qulaq asdıqca, elə bilirəm ki, Xudayarın qoxusunu duyuram… Sənətin böyüklüyünü bundan daha təsirli ifadə edə biləcək cümlə düşünə bilmirəm.

Vətən sevdalı böyümüşdü Xudayar.. Vətən sevgisi ürəyinə ana şəfqəti ilə bərabər hopmuşdu sanki… Elə ona görə də dar gündə hamıdan qabaq Vətənin harayına yetişmişdi… Mahirə xanımın yazdığı kimi:

Göydən Allah baxır, haqq divanı var
Soraq məqamı var, sorğu anı var
Hərənin qəlbində qəhrəmanı var
Minlərin gözündə mizana döndün.

Özün manşırladın qismət oyununu
Yuva tək seçib də Vətən qoynunu
Anan el içində bükməz boynunu
Dərdindən əriyib dərmana döndün.

Bilirdin bu Vətən nədən yaxşıdır?
Qoynunda göyərən bitən yaxşıdır
Övladda havara yetən yaxşıdır
Havara yetişib aslana döndün.

Nahaq yerə demirlər ki, “Oğul düşmən çəpəridir.” O müqəddəs savaşda bütün varlığıyla bunu sübuta yetirdi Xudayar… Vətənin hər qarışını qorumaq üçün kürəyini çəpər, sinəsini sipər elədi düşmən həmlələrinin qarşısında… Son nəfəsinə, sonuncu gülləsinə qədər çəpər kimi dayandı düşmənin qabağında… Bu cavan ömrünü ər kimi yaşadı… Anasının arzularını gözündə, gözünü yollarda qoydusa da, milyonların ürəyindəki Vətən yarasına yaralı canıyla, qanıyla məlhəm oldu…

İndi Xudayar milyonların ürəyində müqəddəs bir ünvana – könüllərdə dastana dönüb… İndi ona Radə Anamızla bərabər Mahirə Anamız və Vətən böyüklükdə Anamız – Ana Vətənimiz “Oğul!” deyir…

Nə qədər istəyə yerbəyer yaza
Ürəyi üçuna nə deyir yaza
Mahirə şəninə yüz şeir yazar
Bəs etməz, yazdığın dastana döndü.

Mən bu dünyaya müəyyən bir missiya üçün gələn insanların ilahi tərəfindən Seçilmişlər olduğuna ürəkdən inanıram. “İstiqamət Şuşa… Xankəndi” deyib baş qoyduğu müqəddəs yolda ucaldığı şəhadəti ilə 30 il əsarət yükünü çiynində, qeyrət ləkəsini damğa kimi alnında daşıyan bir millətin dirilişinə, ayağa qalxmağına, yumruq kimi birləşməyinə səbəbkar olan Toğrullar, Azərlər, Tofiqlər, Daşqınlar, Xudayarlar – qan qardaşlarımız məhz o seçkin insanlardan, seçilmişlərdən idi…

Bugün Zəfər yürüşünə çıxan millətin mübarizə yolu, bütövlük ideologiyası məhz ordan – Sultanlar, Toğrulların, Aşurların, Yüksəllərin, Azərlərin, Babəklərin şəhadətindən başladı…Xudayarlar o müqəddəs yolun başında Haqq savaşçısı kimi dayanıb bütöv bir məmləkəti bir bayraq altında cəm elədi, “Dünya birliyi”nə bütövlüyün, milli birliyin nə olduğunu göstərdilər…

Vətən boyda ürəklərindəki müqəddəs amal Cəbrayıldan, Füzulidən başlayıb Şuşaya yol almaqdı ki, o Haqq yolunda şəhadətə yüksəldilər, döyüş yoldaşlarından qabaq Şuşaya çatdılar. Zəfər günü Şuşaya girən təkcə o bizim gördüyümüz müzəffər ordunun əsgərləri deyildi, onların başı üstündə Şuşanın dağlarının başındakı dumanı dağıdan, Şuşanın azad, aydın səmasında pərvazlanan məğrur, qalib ruhlar var idi – yuxarıdan qoruyurdular döyüş yoldaşlarını, Xudaya yar, Tanrıya yoldaş olub Haqqın – Xeyirin şər üzərində qələbəsinə sevinirdilər…

İlahi ədalət bərqərar olmuşdu…

Haqq savaşında Xeyir – İşıq zəfər çalmışdı…

Ocağı sönmüş yurd yerlərimizdə işıq yanırdı…

Xarıbülbül əsirlikdən azad olmuşdu, üzü Günəşə doğru gülümsəyirdi…

Azad Qarabağın aydın səmasında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı…

Bütün dünya Tarix yazan Sərkərdənin dəmir yumruğundan danışırdı…

Mahirə Ana bütün şəhid balalarına layla deyirdi, başının dumanı dağılmış Şuşa dağlarında Mahira xanımın ana laylası ucalırdı…


Təbəssümü üzündə Xudayar…
Xudayar Tanrı qatında “Vətən yaxşıdır” zümzümə edirdi…

Vətən Cənnətə dönmüşdü…

*****

… Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Mahirə xanım şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Mahirə xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir və insanların və insanlığın xidmətində son dərəcə vicdanla, ləyaqətlə dayanır.

Yaxşı ki varsınız, Mahirə xanım! Nə yaxşı ki Varsan! – deyə bildiyimiz adamlar bizə Allahın ən böyük ərməğanıdı…

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Hamının sevimlisi, sidq ürəklə sevdiyi, ürəklərdə sevgi, rəğbət, doğmalıq qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Mahirə xanım!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Sizin kimi öz təmiz dünyasını, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan, düşüncələri, əməlləri ilə cəmiyyətimizə işıq salan bir İnsanın (sözün həqiqi mənasında – böyük hərflərlə İnsanın…) varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu xalq Mahirə xanım Nağıqızı ləyaqətdə qutsal və uca İnsan yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…

Həqiqətləri deyən diliniz, yazan qələminiz, yaxşılıqlara ünvan olan ürəyiniz, işıqlı əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, Mahirə xanım! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı ailənizə, yavrularınıza, bizlərə – bütün Sizi sevənlərə doyunca versin!

Böyük Adam… Böyük hərflərlə Adam… Böyük ürəkli Anam…

Sonsuz sayğı və sevgilərimlə: Xəyalə ZƏRRABQIZI



YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış