CAN CANA BAĞLIDI
Müəllif: Şirinxanım Kərimbəyli Şadiman


03.09.2020


Can cana bağlıdı, ürək ürəyə,
Arada ehtiram sozalmaya kaş.
Hər kəsin bənzəri vardır mələyə,
Vicdani hisləri azalmaya kaş.

Keçirdək süzgəcdən düşüncəmizi,
Tale batırmasın vaxt gəmimizi,
Yaradan xəlq etmib pislikçin bizi,
Hər addım xətaya yozulmaya kaş.

İlahi bir ömür bəxş edib fərdə,
Çalışıb salmayaq bir-birin dərdə,
Doğulan hər kəsə yuva var yerdə,
Ayaqların altı qazılmaya kaş.

Açılan sabahlar günlə məşq edir,
Xeyri ayaqlayan şərə eşq edir,
Yaşantılar üçün saniyələr gedir,
Yetər ki, haqq yoldan azılmaya kaş.

Şadiman ömrünü xərclədin sözə,
Bununçun borclusan ürəkdə közə,
Haqqa qələm çalan söz deyə üzə,
Yazılan boşuna yazılmaya kaş.

02.09.2020
Şirinxanım Kərimbəyli Şadiman



7 dəfə oxundu

Axtarış