Cangüdənin uşaqlığı
Müəllif: Meyxoş Abdullah


25.08.2019


(hekayə)

... Qəribəligilin evi bizim evdən bir az aşağıda, şəhərin qurtaracagındakı körpünün yanında idi. Körpü deyiləndə elə də iri deyildi, beş-altı metr uzunluğu, bir metr də eni olan dar-darısqal dəmir bir körpüydü. Bu körpü ensiz çayın üzərində salınmışdı. Körpünün altından yay-qış çirkaba bulaşmış lil sular axardı. Su ona görə çirkli idi ki, körpüdən azca yuxarıdakı evlərin adamları əllərinə keçən zir-zibilləri, lazımsız əşiyaları çaya axıdardılar. Qışda və yazın ilk aylarında suyun bol olması üzündən ora atılan zir-zibil çayın axarına qarışıb harasa uzaqlara axıb gedərdi. Yayın ortalarında isə, su azaldığından çayın qıraqlarında köhnə qab-qacaq altı qopmuş ləyən, lüləyi düşmüş aftafa və daha nə bilim nələr görünməyə başlardı.
Yay aylarında körpüdən bir az aralıda uşaqlar çimmək üçün özlərinə yer düzəltmişdilər. Oranın suyu qurşaqdan yuxarı qalxmazdı. Dayaz olduğuna görə bir-iki dəfə suya baş vurduqdan sonra baxıb görərdin ki, su göyümtül rəngə çalır.
Çayda çimən uşaqların çənələrində isə həmişə “qurbağakəzi” deyilən göm-göy rəngə çalan yapışqanlı çamur ilişib qalardı. Həm də, su həddən artıq çirkli olduğuna körə uşaqların yanaqları lat-lat qara ləklər tökərdi.
Hə, Qəribəlidən danışırdım axı. O, bizdən həm yaşca, həm də bədəncə iri idi. Dədəsi varlı-karlı olduğuna görə yeməkdən korluq çəkməzdi. O vaxtlar uşaqlar ona ayı Qəribəli deyərdilər. Doğurdan da, o, ayı kimi pəzəvəng idi, hirsi tutanda uşaqların hansının başını tutub qoltuğunun altına salsaydı nəfəsini qaraltmamış buraxmazdı. Bu hozuluğuna görə hamımız ondan çəkinərdik.
Qəribəlini harda itirsəydin dəmir körpünün həndəvərində tapardın. Yaz-yay aylarında ördək kimi çirkli suda çimməkdən, payız-qış aylarında isə körpünün üstündə o baş- bu başa getməkdən özgə işi yox idi. Məqsədi də körpünün üstündən keçən uşaqları təkləyib döymək və ciblərində olan qəpik-qruşu çırpışdırmaqdı.
Bir də görərdin ki, Qəribəli körpünün üstündə ordan keçən uşaqlardan birini qısnayıb küncə əvvəlcə ciblərini axtarır. Əgər pul tapsaydı uşağın canı asanlıqla onun əlindən qurtulardı. Yox, bir şey əlinə keçməsəydi onda da uşağın başına bir-iki qapaz vurub yola salardı. Onun əlindən canını salamat qurtaran uşaqlar arxaya baxmadan oradan uzaqlaşar və bacardıqca bir daha onun gözünə görünməzdilər.
Qəribəli yaşa dolduqca həm gücü, həm də tamahı artırdı. Bir də görərdin ki, bazar günləri gediş-gəliş çox olduğundan, üç-dörd uşağı sıraya düzüb, növbəylə hərəsinin başına bir qapaz salar, sonra da ciblərini axtarardı. Onu da deyim ki, Qəribəlinin dostu-zadı yox idi, heç kəslə yaxınlıq etməzdi, yalquzaq kimi eləcə tək-təhna gəzib dolaşardı.
Günlərin bir günü dədəm mənə bir az xırda pul verib dedi ki, körpüdən o tərəfdəki dükanda yaxşı quru tütünü olan “Avrora” papirosu satırlar, ondan bir-iki qutu al gətir.
Körpüdən o tərəfdəki dükanın adını eşidəndə ürəyim qırıldı, ilk ağlımdan keçən o oldu ki, mən Qəribəlinin əlindən canımı necə salamat qurtaracağam. Getməsəydim də olmazdı çünki dədəm də sözü birkərən deyəndi.
Əlacsız qalıb dədəmin verdiyi dəmir pulları çirkli dəcmalımın arasına büküb şalvarımın cibinə qoydum və yola düzəldim.
Dəmir körpüyə az qalmış gördüm ki, Qəribəli ərəbzəngi kimi körpünün üstünü kəsdirib. Tez geri dönüb qayanın arxasına keçdim və gözlədim ki, o nə vaxt itib oradan gedəcəkdir. Bir xeyli qayanın arxasında oturub onu güddüm. Tərslikdən Qəribəli də ələm ağacı kimi qacıyıb qalmışdı körpünün üstündə, elə bil, zalım balasını ayağından körpüyə qırramışdılar. Bir az da oturub gözlədim. Gördüm ki, Qəribəli körpüdən düşdü aşağı, əynindəki zolaqlı köynəyini çıxarıb tulladı bir yana, sonra enli şalvarını çıxarıb özünü tolazladı çaya. Mən fürsəti fota verməyib yerimdən götürüldüm və qaça-qaça körpünü keçib tozlu yola çıxdım.
Ayaq səsindən, ya məni gördüyündənmi gördüm Qəribəli arxamca qışqırır:
- Əyə, Balakişi hara qaçırsan, dayan bir görüm?
Nə dayan, tüpürdüm e, dabanıma. O, arxamca bir az qaçdı, lüt olduğuna görə dayandı və yerdən bir çay daşı götürüb mənə tərəf tolazladı. Bununla da ürəyi soyumayıb yumuruğunu havada yelləyərək məni hədələdi:
- Yaxşı, nə qədər istəyirsən qaç, qayıdanbaş səni kəlləsiüstə bu körpüdən çaya atmasam heç dədmin oğlu döyüləm. Onun bu sözləri canıma vəlvələ saldı. Amma nə etməliydim, mənim işim allaha qalmışdı.
Dükana girib papirosları aldım. Dükançı pulun qalığına mənə iki ədəd konfet də verdi, onları da atdım cibimə, bilirdim ki, dədəm verdiyi pulun haqq-hesabını edəcəkdir.
Geri dönəndə canımı qaraqayda almışdı, Qəribəli körpünün tən ortasında dayanıb mənim yolumu gözləyirdi. Başqa çarəm yox idi, boynumu qısıb yavaş-yavaş ona tərəf gəlməyə başladım. Aramızda beş-on addım məsafə qalanda dayandım və yazıq-yazıq onun üzünə baxmağa başladım. O da, əllərini belinə qoyub tərs-tərs məni süzürdü. Bir xeyli beləcə mənə baxdı və birdən bağırdı:
- Əyə, qurumsağ, nə quruyub qalmısan orda, bura gəl görüm!..
Qorxudan qıçlarım əsdi, nə edəcəyimi özüm də bilmirdim. Getməsəydim, onsuz da gəlib çırpacaqdı. Birdən nə fikirləşdimsə cibimdəki kanfetləri çıxarıb kağızlarını soydum və ikisini də ağzıma basdım ki, heç olmasa ciblərimi gəzəndə konfetləri götürməsin. Sonra ayaqlarımı sürüyə-sürüyə ona tərəf getməyə başladım.
Qəribəliyə bir-iki addım qalmış dayandım və istədim yalvar-yaxar edım ki, məni döyməsin. Amma o, ağzımı açmağa heç aman verməyib əl atıb köynəyimin yaxasından yapışdı və elə bərk dartdı ki, köynəyimin düymələri qopub başımın üstündən ətrafa səpələndi. Yaxamdan tutduğu əliylə sinəmə elə bir dürtmə vurdu ki, ürəyim bulandı. O isə düymələri qopmuş köynəyimin yaxasını əliylə bura-bura gətirib düz xirtdəyimə dirəmişdi. Nəfəsim kəsildikcə gözlərim bərəlirdi. Qorxudan qışqıra da bilmirdim ki, ağzımdakı konfetləri görə bilər. O isə get-gedə bir az da coşurdu:
- Əyə, düdük, hara qaçırdın?
Bir söz demədim. O mənim dinmədiyimi görüb, qoltuğumun altına qoyduğum papiros qutularını dartışdırıb aldı və o tərəf-bu tərəfə çevirib dedi:
- Dədən də birköpüklük papiros çəkmir ki, birini də biz yandırıb qoyaq damağımıza azarımızı öldürək. Yaxşıdır kiflənmiş ucuz papiroslardan fısqırda. - Hə? – deyə, bu dəfə çənəmdən yapışıb başımı yuxarı qovzadı ki, onun sözlərini təsdiqləyim.
Mən də qorxumdan ağzımı açıb bircə kəlmə;- “hə” - dedim.
Ağzım açılan kimi Qəribəlinin gözləri bərəldi və o bərəlmiş gözlər bir anlıq ağzımın içinə zillənib qaldı.
- Ağzındakı nədi, əəə? – deyə mal kimi böyürdü
Dinməyib başımı ağağı saldım. Susmağım onu bir az da şübhələndirdi.
- Ə, lotu, ağzını aç görüm! – deyib çənəmdən yapışdı onun dırnaqları qartal caynaqları kimi çənəmdə ilişib qaldı. Ağzım geniş açıldı. Qəribəli başını əyib ağzımın içinə baxdı və ağzımdakı konfetləri görüb qışqırdı:
- Bir buna bax... vay səni... Gör konfetləri harda gizlədib? – Demək, mənə üçlük gəlirsən, hə?!
O tez şəhadət barmağını qarmaq kimi edib ağzıma saldı və konfetlərin ikisini də çıxarıb ağzına atdı. Sonra qolumdan tutub var gücüylə kənara fırladıb dedi:
- Sən öləsən, bir də mənə kələk gələsən sənin boğazını quş boğazı kimi üzərəm. Buna bir bax, məndən konfet gizlədir... məndən ha... – deyə o, ağzındakı konfetləri at arpa gəmirən kimi xartıltıyla əzə-əzə dəli kimi gülməyə başladı.
Mən dala baxmadan oradan qaçıb uzaqlaşdım və indinin özündə də Qəribəliylə qarşılaşmaqdan qorxuram.


3 dəfə oxundu

Axtarış