Çəpər davası (hekayə)
Müəllif: Əhlim Sadıqbəy


12.02.2021


Nurcanın xiyar tağının arasında gizlənmiş Akifi görməyi ilə qışqırmağı bir oldu. Yazıq kişi ağlındakı fikrini də unutdu. Gəlinin çığırtısını eşidən Güləbəz ayaqlarını əlinə alıb düz gəlinin yanına qaçdı. Nurcan qayınanasını görüb özünü ələ aldı. Güləbəz elə bildi ki, gəlin yenə bostanda ilan görüb.
-Kül olsun mənim ağlıma, - deyib əlini başına vurdu, - guya, bura bir saxsı su qoyacaqdım ki, heyvan suyunu içib getsin.
Rəngi qaçmış gəlin daha da rəngizləşdi:
-Ay ana, saxsı nədir, su nədir? Hansı heyvan?
Güləbəz mat-mat gəlinin üzünə baxdı:
-Sən niyə anqırırdın ki?
Nurcan ağzını açıb danışmaq istəyəndə xiyar tağına tərəf baxdı. Akif yox idi. Aranı cırmışdı. Nurcanın ağzı açıq qaldı. Heç nə deyə bilmədi.
Güləbəz qaşlarını çatıb:
-Ağzını bağla, ay qız. Milçək girər, boğularsan, - dedi. Sonra o tərəfə, bu tərəfə baxıb evə sarı getdi. Yerində quruyub qalan ağzı açıq Nurcan birdən diksindi. Başa düşdü ki, bayaqdan ağzını açıq qoyub. Xiyar tağına baxıb heç kimin olmadığını dəqiqləşdirdikdən sonra qayınanasının arxasınca yürüdü.
Evə girən kimi Güləbəz televizoru qoşub qarşısında oturdu. Gəlininə də sifariş verdi ki, ona bir çay gətirsin. Hadisənin təsirindən hələ də çıxa bilməyən gəlin də yıxıb-töküb ona bir stəkan çay süzdü. Güləbəz çayın rənginə baxıb üz-gözünü turşutdu. Stəkanı ağzına aparıb bir qurtum içdi. Elə həmin dəqiqə ağzına aldığı qurtumu pısqırtı ilə havaya üfürdü:
-Bu nədir, az? Min dəfə demişəm ki, atavın evindəki kimi çay süzmə mənə. Elə bil, sidik süzmüsən. Heyif, yorğunam. Yoxsa, keçib qonşuda bir samavar çayı içərdim.
Qayıanası deyinə-deyinə qalmışdısa da, Nurcanın fikri havada uçurdu. Birdən ağlına düşdü ki, ərinə zəng eləsin. Tez telefonun üstünə cumdu. Nömrəni yığdı. Dəstəyin o biri başından əri Fərruxun səsini eşidən kimi doluxsundu. Fərrux qışqıra-qışqıra soruşdu ki, niyə zarıyır. Nurcan içini çəkə-çəkə:
-Bəsdir işlədin Rüsyətdə. Darıxıram. Sən mənim canım, qayıt gəl kəndə.
Fərrux da ürək-dirək verib dedi ki, işlərini qurtarmağa az qalıb. Tezlikə qayıdacaq. Sağollaşıb dəstəyi asdılar. Nurcan biraz da olsa, rahatlandı.
İkinci dəfə Nurcan Akifi xiyar tağlarının arasında gizlənib ona göz qoyan yerdə görəndə qışqırmadı. Gəlin şorgöz qonşusunun niyyəti başa düşmüşdü. Səsini çıxarmadı. Qorxurdu ki, dava-şava olar. Araya qan düşər. Səssiz-səmirsiz tez evə qaçdı. Qayınanası gördü ki, gəlinin rəngi yenə qaçıb. Heç nə soruşmadı. Öz-özünə fikirləşdi ki, yəqin bu qız anadan gəlmə rəngsizdir. Yoxsa, hər gün rəngini itirməzdi.
Məlum hadisə üçüncü dəfə təkrarlananda Nurcan yenə səs eləmədi. Akif də həvəsini artırıb hələ gəlinlə söhbətləşməyə macal tapdı.
Nurcan qaşlarını çatıb:
-Nə var, ay Akif dayı? Nə lazımdır? – soruşdu.
Akif birbaşa Nurcanın üzünə:
-Sən lazımsan mənə, - dedi. Hələ üstəlik hirişdi də. Nurcanın qorxudan əlləri əsdi. Qaça-qaça qayınanasının yanına gəlib hər şeyi bir-bir danışdı. Güləbəz bir qıçına, bir başına vurub Akifin ağına-qarasına söydü. Kəlağayısını başına sarıb düz getdi Akifin qapısına. Heç qapını döymədi də. Təpiklə vurub keçdi yuxarı başa. Akif məəttəl qaldı. Dəvətsiz qonağına xoş gəldin deyib yalandan üzünə güldü.
Güləbəz kətili çəkib oturdu:
-Belə xoş gəlmək olar?
Akif sırıta-sırıta:
-Sən gələndə həmişə xoşluq olar, Güləbəz.
-Adımı tutma. Bu elədiyinə nə ad qoyaq, ay qonşu? Həyətlərimizin arasında çəpər yoxdu deyə indi hər istədiyimizi etməliyik? Ayıb olsun sənə. Yaşından-başından utan.
-Güləbəz, niyə belə coşmusan, bilmirəm...
Güləbəz onun sözünü ağzında qoydu:
-Coşaram da. Gəlini niyə qorxudursan? Sənin bu vaxtlar xiyarlıqda nə işin var?
-Gəlini qorxutmuşam? Siz Allah, bağışlayın. Mən hardan bilim ki, gəlin qorxacaq. Mən xiyar dərəndə, yəqin, o da orda olub. Elə mənim özümə deyərdi də. Məndən əvvəldən xəbər edib sonra girərdim bostana. Biz neçə ildir, qonşuluq edirik. Can deyib, can eşitmişik həmişə. Mən ayıb iş tutmamışam, bacım.
Güləbəz kəlağayısını düzəltdi. Heç nə demədən çıxıb evə gəldi. Oturub bir xeyli fikirləşdi. Bir usta çağırdı. Oğlunun göndərdiyi pullardan beş-on manat götürüb qoydu ustanın cibinə. Yol tərəfə olan çəpəri uçurdub onun qalıqlarından Akifin bostanı ilə öz bostanı arasında bir çəpər hördürdü.
-Əsas bu fitnəni yola verək. Oğlum Rüsyətdən gələndə yol tərəfin çəpərini tezdən düzəldərik.
Bostanların arasında artıq çəpər vardı. Akif daha bu tərəfə keçə bilmirdi. Gəlini narahat etmirdi. İmtaası, yol tərəfdən keçənlər Nurcana bir baxış baxıb sonra keçirdilər.

Fevral, 2021



23 dəfə oxundu

Axtarış