Cəvahir Tanrıverdi - Şeirlər
Müəllif: YAZARLAR.AZ


10.03.2021


Cəvahir Tanrıverdi – şair, pedaqoq.
SÖZ İNCİSİ – LƏL-CƏVAHİRAT

QAZAXDADIR

Yenə ayaq basam o doğma elə,
Könlümü titrədən söz Qazaxdadır.
Xəyalım toxunur torpağa, yerə,
O isti ocağın, döz, Qazaxdadır.

Ürəyin qocalmaz bu yerdə sənin,
Sazın sədaları öldürər qəmi.
Şeirə çevrilər gözünün nəmi,
Sözü alışdıran köz Qazaxdadır.

Tarixin türk yurdu, qıpçaqlar eli,
Tarixdən söz salar Damcılı yeri.
Könül ülfətindən yaranan şeir,
Qələmin çəkdiyi naz Qazaxdadır.

Elmin yolu haqdır bu yerlər üçün,
Cehizi təhsildir köçən gəlinçün.
Tanrı ilham verib bu ellər üçün,
Hər sözə qafiyə söz Qazaxdadır.
Aprel, 2019.

* * *

BU TORPAQ SƏNİNDİR!

Bu torpaq sənindir, burda babanın
Zəhmətlə tökdüyü alın təri var.
Burda şir ürəkli nər oğulların
Şanlı döyüşlərdə axan qanı var.

Bu torpaq sənindir, burda ananın
Laylasından doğan həyat ritmi var.
Süfrəyə qoyduğu nazı-neməti,
İsti çörəyinin sevgi ətri var.

Bu torpaq sənindir, burda övladın
Daşı daş üstünə qoymağı gərək.
Babalarımızdan qalan mirası
Göz bəbəyi kimi qorumaq gərək.

Torpaq qürurundur, torpaq mənliyin,
Namusun, qeyrətin, heysiyyətindir.
Başını dik saxla, fəxrlə söylə:
“Bu torpaq mənimdir, bu el mənimdir!”

* * *

ÜÇRƏNGLİ BAYRAĞIM, ZƏFƏR BİZİMDİR!

Üçrəngli bayrağım, zəfər bizimdir!
Dalğalan, bələnsin dünya rənginə.
Hər ocaq başında yer alıb bu gün
Vətəni salmısan öz ahənginə.

Ey qürur mənbəyim, ey uca bayraq,
Qarabağ yolunu gözləyir sənin.
Dalğalandıqca sən yad gözü qorxar,
Bu torpaq zəfərlə süsləyir səni.

Xəzərdən Şuşaya, Kəlbəcərədək
Bu vətən bayraqdan bir don geyinsin.
Səndəki ulduzdan, Aydan nur alıb
Göydəki Ay , ulduz nura bələnsin.

Səni sancmaq üçün bu gün Şuşada
Ərənlər döyüşdə yarışa girib.
Dalğalan, dalğalan sən Qarabağda!
Sevin, ulu torpaq, bayrağın gəlir.

Gör necə bayrağı basıb köksünə
Bir körpə uşaq da qəlbinə sıxıb.
Bir həkim, müəllim şanlı əsgər tək
Bayrağı fərəhlə göyə qaldırıb.

Bayraq dalğalanır, qanadlanırıq
Yaşıl çəmənindən mavi səmaya.
Döyünən ürəkdir bayraqda al rəng,
Köksündə yer açıb ulduza, Aya.

Bu xalqın nəfəsi yaşadar səni,
Qırılmaz əzmlə ucalan bayraq!
Yaşa, bu torpağın köksündə yaşa,
Üstünə kimliyim yazılan bayraq!

Ey uca bayrağım, Qarabağda dur,
Qoy kölgən Xəzərin üstünə düşsün.
Sənin əzəmətin, sənin vüqarın
Bütün yer üzündə aydın görünsün!

Bayrağım, torpağım- and yerim mənim,
Şərəflə, fərəhlə yaşa hər zaman!
Bayrağın köksündə vuran ürəyim,
Şanım-şöhrətimsən, Can Azərbaycan!
2 oktyabr, 2020.

* * *

ADIN – TURAN

-Ey türk qızı, adın nədir,

Türk soyunun gözəli?

-Ey türk oğlu, adın nədir,

İgidliyin əzəli?

Eşidirsən diləyatmaz,

qəlbəyatmaz ad bəzən.

Avropasayağı sözlə övladına ad bəzə.

İzabella qoyur ana ad qızına filmdən,

Bir atanın diləuymaz ad səslənir dilindən.

Nə mənşəyi məlum olur,

Nə mənasın qanırsan.

Ey türk, söylə,

Adın nədir? Sən belə adlanırsan?

Mənsə susub dayanıram,

İçimdən hayqırır səs:

Ey türk qızı, sənin adın –

Bəy qadını Bəyimdir.

Sənin adın baxışından, duruşundan

Xanımlığı sezilən

Xan qadını Xanımdır,

Sənin adın Xatındır.

Sənin adın zəriflikdir, incəlikdir – İncidir.

Məğrurluğun, gözəlliyin,

Dəyanətin incidir.

Sənin adın Sevil, Sevinc,

Nurlandıran Şəfəqdir.

Səslənəndə güllər açıb göz oxşayan Çiçəkdir.

Sənin adın Burlaxatun,

Sənin adın Ayxatun.

Bu dünyaya həyat verən

Sənin Turan adındır.

Sənin adın türkçülüyün,

Yaddaşındır, yadındır.

Ey türk oğlu,

Böyük bəysən –

Sən qəhrəman Babəksən.

Sən igidsən, sən qorxmazsan,

Alp ərənsən – Alpərsən.

Sənin adın böyük qurddur –

Yol göstərən Aqşindir.

Qüdrətilə el içində

Ad qazanan Elçindir.

Qədim türkün yurd saldığı

Turan eli – Elturan.

Bir dünya yaranışıdır

Sənin adında duran.

Sən bu yurdun o tayında, bu tayında yanansan.

İki könül arzusunu birləşdirən Arazsan.

Rusun, farsın söz aldığı

Bir kitabdır türk dili.

Adından da, dadından da

Bəhrələnib yaddelli.

Rusların “geroy” dediyi

Sənin Gəray adındır.

Övladına ad qoyduğu Teymur –

Sənin adındır.

Sənin adında səslənir necə böyük mənalar :

Dəmir kimi möhkəmliyin,

Şahin tək ucalığın,

Dəniz kimi coşğunluğun,

Qoç kimi qoçaqlığın.

Aliliyin, məğrurluğun

Müdrikliyə yol alan

Sənin aqil düşüncəndir

Yüksəklən qocalığın.

Türkün sözündən qor alıb

Dünyanın söz ocağı.

Sevgi dolu beşik olub

Ulu türkün qucağı.

Adına dön, oduna dön,

Bozqurda dön, türk oğlu.

Ruhunda salınsın gərək

Şanlı ulu türk yolu.

Müəllif: Cəvahir TANRIVERDİ


YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

5 dəfə oxundu

Axtarış