Dəli dünyanın ağıllı adamı ...
Müəllif: Meyxoş Abdullah


02.11.2019



(hekayə)

… Günlər ötdükcə, şahidi olduğu hadisələrə dözə bilməyən Dəli Bəybalanın az qalırdı ki, başına hava gəlsin… O gecələr də yata bilmirdi yuxusu, elə bil ərşə çəkilmişdi. Səhərə kimi başında dolaşan qarmaqarışıq fikirlər, onun beyninin içini qurd kimi gəmirirdi. Özlərini ağıllı sayan, amma minhoqqadan çıxan bu dünyanın adamları onun əsəbləri ilə oynayırdılar. Darıxdırırdılar, yaşamağa qoymurdular onu. Adamların fikrini çəkməkdən Dəli Bəybala az qalırdı ki, havalansın.
Heç kəsdə insaf, mürvət qalmamışdı. Özlərini ağıllı sayan bu adamların gördükləri səfeh-səfeh işlər, tutduqları əməllər onu utandırırdı. O, xəcalət çəkirdi bu adamların yerinə. Geyim-kecimlərindən, sir-sifətlərindən adama oxşayan, amma adam hərəkətləri etməyən bu məxluqların gördükləri, pis-pis işlər, elə bil, bu məmləkətdə Bəybaladan başqa heç kəsin vecinə deyildi. Arada Dəli Bəybala fikirləşirdi, görəsən, onun cinlərini başından oynadan bu adamları Allah niyə yaradıbdır? Niyə bu pis adamlar yaxşı adamlara zülm edirlər? Məgər Allah bunları görmür? Əgər görürsə, onda bu adamları nə üçün yaradıbdır?
Başında dolaşan, onu narahat edən bu qarma-qarışıq suallara sonradan özü də cavab tapırdı: - Yəqin, Allah bu adamları dərə-təpə boş qalmasın deyə yaradıbdır!.. - düşünürdü. Tapdığı cavaba özü də sevinib, gülərdi.
Dəli Bəybalanı ən çox narahat edən o idi ki, elə bil, bu məmləkətdə yaşayan ağıllı adamlar yavaş-yavaş yoxa çıxırdılar, onları kimsə oğurlayıb aparırdı. O, özündən qorxurdu, qorxurdu ki, nə vaxtsa bir gün onu da oğurlayıb aparacaqlar. Əgər belə olsa onda bəs, bu məmləkətin, bu camaatın fikrini kim çəkəcəkdir? Kim onların halına yanacaqdır? - deyə o, fikirləşirdi.
Qabaqlar onun yaşadığı bu məmləkətdə ağıllı adamlar o qədər çox idi ki... Həmin adamlar yollar çəkər, körpülər salar, ağaclar əkərdilər... Şəhər tər-təmiz olardı. Hətta, ağacların dibindən su da axırdı. Ətraf elə gözəl görünərdi ki, adam elə bilərdi öz həyət-bacasidir, öz ev-eşiyidir bu məmləkət. Ayaqlarının altındakı torpaq elə doğma, elə şirin gəlirdi ki, adama onun üstünə ayaq basanda, sanki uçurdun, dabanın yerə dəymirdi. Adam istəmirdi ki, ayağının altında bir qarışqa belə qalıb əzilsin. Bir uşaq bir ağac budağını sındıranda yüz yerdən onu danlayıb, başına ağıl qoyardılar ki, bunu etmə. Sındırdığın o budaq bir quş yuvasının sığnacaq yeridir, quşları bu torpaqdan incik salma... Quşların da fikrini çəkirdi adamlar o vaxt. İndi isə başqa cür idi, hamı əlinə keçəni oğurlayırdı. Bu torpağın daşını, kəsəyini, nə vardısa gözgörəti oğurlayırdılar. Elə bil yarışa girmişdi adamlar, bir-birlərinin bəhsinə oğurlayıb, talan edirdilər bu məmləkətin var-yoxunu...
Dəli Bəybalaya qəribə gəlirdi, əgər bu adamlar bu torpaqda doğulub, bu torpağın övladlarıdırlarsa, onda niyə bu torpağa qənim kəsiliblər? Yox, bunlar gəlmələrdirlərsə, onda hardan gəliblər? Bəs, onda bu torpağın sahibləri kimlərdir? Adam da öz evinin oğrusu olar, adam da öz ev-eşiyindən oğurluq edər? - deyə o, heç nə başa düşməyərək bu adamların halına acıyırdı.
O vaxtlar vəzifədə işləyən böyük adamlar yolda rastlaşdıqları adamlara salam verərdilər, kef-əhval tutardılar... “Mənə görə nə qulluğun var?” - soruşardılar. Adamlar o vəzifə sahiblərindən heç nə istəməzdi, amma sevinərdilər ki, bu boyda adamlar onların qeydinə qalır, onlara salam verirlər.
Dəli Bəybalanın özünü görəndə necə dəfə o ağıllı və vəzifəli adamlar maşınlarını saxlayıb zarafatla: “- Ə, nə təhərsən, Bəybala? - Evlənib, eləmirsən? Əgər evlənmək fikrinə düşsən, bax, yaxşı taraz xalamız var, a...” – deyə, onunla zarafat edirdilər.
Bəybala bilirdi ki, həmin adamlar onun xatirini çox istəyirlər. Və onu da bilirdi ki, həmin adamlar ağıllı adamlardırlar, onlar həm də adama oxşayırdılar. Boy-buxunları da, görkəmləri də tutduqları vəzifəyə elə yaraşırdı ki, elə bil, hər şey onların boyuna biçilmişdi. Həmin adamlar o qədər ucaboy idilər ki, maşınlarına oturanda, əlləriylə başlarına qoyduqları “panamalarını” tutardılar ki, sürüşüb yerə düşməsin.
İndi isə Bəybala vəzifə başında olan elə adamlara rast gəlirdi ki, həmin adamlar maşının içində bapbalaca uşaq boyda görünürdülər. Bu sısqa, vəzifə sahibləri loğvalıqdan başlarına heç papaq da qoymurdular. Get-gedə cırlaşırdı, balacalaşırdı, elə bil, bu adamlar.
Yaxşı adamlar yoxa çıxdıqca, onların yerinə elə pisləri gəlirdi ki, Bəybala bunların hansı növ adam olduqlarını ayırd edə bilmirdi. Yayın cırrarmasında qırmızı qalustuqla özlərini boğmalayan, bəlkə arvadıyla gecə yatanda da, qalustuklarını boyunlarından sivirməyən, bu loğva vəzifə sahibləri, yolda rastlaşdıqları adamlara, nəinki, salam verər, hətta azqalırdı ki, adamları ayaqlarının altına qoyub tapdalayaraq üstlərindən keçsinlər. Bu “butulka balaqlı” şalvar, və dar pencək geyinən vəzifə sahiblərinin forsu, ədası adam yıxırdı.
Dəli Bəybala, onları onsuz da, adam yerinə qoymadığına görə, belələri ilə rastlaşmaq da istəmirdi. Həmişəki kimi yenə də, başını aşağı salıb öz yoluyla gedib, gələrdi. Amma ürəyi istəyirdi ki, həmin qırmızı qalustuqlu adamlar adam olsunlar. Onlardan biri maşınını saxlayıb ona desin: - “Ə, Bəybala, evlənmək istəyirsənsə xalamı verim sənə”.
Amma demirdilər. Çünki Bəybala bilirdi ki, həmin adamlar vəzifəyə gələndən sonra, onlarla qohum olmaq istəyən o qədər axmaq adamlar tapılırdı ki, yaşına-başına, duluna-muluna baxmayaraq, onların, nəinki qızlarını, baldızlarını, hətta, dul, qoca xalalarını da alıb evlənirdilər... Təki vəzifə adamıyla qohum olsunlar, təki desinlər ki, filankəs fiankəsin qohumudur, deyibən.
Bəybalanın yaşadığı şəhərə bir rəhbər göndərmişdilər. Adam olmağına adam idi, amma nə sort adam idi camaat məttəəl qalmışdı. Hamı ona “müəllim” deyirdi. Bu müəllim şəhərdə daşı daş üstə qoymurdu, qarşısına çıxan dəmiri, turbanı, betonu makaron kimi gəmirirdi. Gözünə harda nə tikli dəyirdisə, yaxşı, pis, köhnə, təzə söküb təzədən tikirdi. Əlinin papağını Vəlinin başına, Vəlinin də papağını Əlinin başına qoymaqdan bu şəhərdə yaşayanların çoxunun papaqları dəyiş-düyüş düşmüşdü. Deyilənə görə, bu rəhbər qabaqlar alverçi olub, “al-ver” məsələsini yaxşı bilirdi. O, rəhbər gələndən sonra vəzifədə nə qədər ağıllı, savadlı, bacarıqlı, işini bilən adam var idisə, hamısını çıxarıb, tökdü çölə və qıraq-bucaqda nə qədər alverçi var idi, qaloş satandan tutmuş, tiryək satana kimi yığdı başına. Bu barama qurduna oxşar adamlar da camaatın, xalqın sərvətini, var-yoxunu tut yarpağı kimi somurmağa başladılar.
Həmin rəhbər bircə, qapısının ağzında oturan qıyıqgöz oğlanı işdən çıxartmadı. Çünki bu oğlan şəhərin cikini də bilirdi, bökünü də. Hamını elə tanıyırdı ki, heç ata, qardaşını, qohum-əqrabasını belə tanımırdı. Səhərin gözü açılandan, gecə yarısına kimi, öz stoluna mıxlanan, bu oğlanın dünyanın hər yerindən xəbəri var idı. Kim hara getdi, kim kimlə oturdu, kim kimlə nə danışdı hamısını bilirdi. Hətta, gecə arvadıyla, uşağıyla dalaşanlardan da xəbəri vardı. Və bildiyi hər şeyi də gətirib qoyurdu müəllimin ovcuna.
Bəli, elə həmin gündən başladı “vəzifə alveri”. Elə bil, bu rəhbərin kabineti dövlət idarəsi yox, mal bazarı idi. Dəli Bəybala neçə dəfə fikir vermişdi, necə ki, axşam düşüb, şər qarışırdı adamlar hardansa peyda olub, bircə-bircə soxulurdular müəllimin kabinetinə. Pulu olan adam oradan əliboş dönməzdi. Hətta, deyilənə görə, meyidin cibinə pul qoyub, aparıb o müəllimin otağında tiri-şap uzatsaydılar belə, müəllim o meyid üçün qəbiristanlıqda yaxşı bir məzar yeri təşkil edəcəkdi.
Dəli Bəybalanın yolu həmin rəhbər oturan binanın yanından keçirdi. Hər dəfə oradan keçəndə bir maraqlı hadisənin şahidi olurdu. O, binaya girib, çıxan adamların çoxunu tanımırdı. Amma söyüş söyməklərindən, camaatın qız-gəlininin gözləri qarşısında utanmadan, əllərini şalvarlarının paçasına atıb, qotur itlər kimi bədənlərini didişdirmələrindən hiss edirdi ki, bunlar abır-həya qanmayan adamlardırlar. Amma bir şey vardı ki, bu abırsız adamların “abırlı pulları” vardı. Orada oturana da bunların pulu lazım idi, abırları yox. Çünki bu məmləkətdə abırı itə atsaydın it yeməzdi. Bəlkə də, həmin it qıçını qaldırıb, qabağına atılan o abırın üstünə çözgürüb keçərdi.
Yüz manatlıq, qonaqlıqla başa gələn vəzifələr, bu əziz, xələf məllimin vaxtında iyirmi, iyirmibeş min manata qalxmışdı. Rəhbərin köməkçisi bic adam idi. Bunu Bəybala adamların danışığından hiss edirdi. Adamlar danışırdılar ki, vəzifəni qumar oyununa çeviriblər, “seka” yaradırdılar. Yəni, bir vəzifəyə o qədər müştətri toplayırdılar ki, axırda min manatlıq vəzifə gəlib otuz, bəzən də əlli min manata durulurdu. Bunların hamısını müəlllimin o köməkçisi düzüb, qoşurdu. Zalımoğlu, o qədər bic adam idi ki, lap şeytanın özünə də papış tikirdi.
Bəybala hər gün gecə yarısı evlərinə gedəndə, o binanın qarşısına yığışan adamları görürdü. Doğurdan da, mal bazarına bənzəyən bu yer, hay-küylü olardı. Satan kim, alan kim, bir-birini “bağaja” qoyan kim... Hər kəs müəllimə yarınmaq üçün bura cibidolu, “ürəyidolu” gələrdi. Bir sot torpaqdan tutmuş, bir qırıq vicdana kimi hər şey hərraca qoyulardı burada.
Bu adamlar Bəybalaya tanış gəlmirdi. Çünki, bu adamların çoxu gündüzlər yatıb, gecələr hərəkətdə olan yarasalar kimiydilər. Gün işığı görən kimi yuxuya gedər, qaranlıq düşən kimi isə oyanıb daraşardılar bu məmləkətin canına. Bu adamların harda təhsil aldıqları, hansı peşənin sahibi olduqları da məlum deyildi. Çoxunun heç diplomları da yox idi. Onlara diplomu da, vəzifələri kimi müəllim özü təşkil edirdi, bir gecədə, bir saatın içində. Təki, pulları olsun.
Bir dəfə həmin binadan bayıra çıxanlardan birinin, həyətdə onu gözləyən dostuna danışdıqlarını Bəybala öz qulaqlarıyla eşitdi. Həmin adam dostuna deyirdi: - “Müəllimə nə qədər yalvardımsa, heç olmasa əlli min manatdan min manat mənə hörmət etsin, etmədi. Müəllimə dedim ki, evi girov qoyub, bankdan pul götürüb gətirmişəm. Yenə razı olmadı. Qayıdıb, bilirsən gülə-gülə mənə nə dedi? Dedi ki: - Ə, dılğır, məgər, mən səni yük daşımağa göndərirəm?! Səni vəzifəyə qoyuram da, get, pulunu çıxart...
Həmin adam söhbətinə davam edərək dedi: - Çarəsiz qalıb, müəllimin başının üstündəki şəkilə işarə edib dedim: - Müəllim, səni and verirəm o kişinin göruna, mənə mincə manat güzəşt et. Heç olmasa bankdan götürdüyüm əlli min manat puldan xarabama bir-iki manat pul aparım. Sabah bankın borcunui ödəyə bilməyəndə, arvad-uşaq dədəmin göruna söyüb deməsinlər ki, o qədər pulu neylədin? And içəndə heç olmasa deyim ki, sizə də xərcləmişəm.
Amma müəllim qayıdıb mənə nə desə yaxşıdır? Dedi ki, ə, mənə o kişinin göruna and vermə. Onun göruna dədəm-nənəm qurban olsun. O kişidir bizim əlimizi çörəyə çatdıran. O kişidir bizi dükan-bazardan, tozun-torpağın içindən yığıb, yığışdırıb gətirib bu kresloda oturdan. O olmasaydı, indi biz evimizin içində oturmuşduq. Qorxumuzdan eşiyə də çıxa bilmirdik. Arvadlarımız da altımıza “karişok” əvəzinə vedrə, ləyən gətirirdilər. - Sən öləsən, heç bir qara qəpik də çıxan deyiləm. Ona görə ki, bu puldan bizə tikə-para çatır... Hamısı o söz, - deyə, müəllim gözünü qıyaraq, başbarmağının işarəsiylə yuxarını göstərərək yavaş səslə: - Ə, elə bilirsən səndən aldığımız pulu dədəmizin ehsanına xərcləyirik? – dedi. Sənin bilmədiyin çox şeylər var e, vallah, birini sənə desəm, nəinki, başının tükü, hətta ayıb yerinin tükləri də biz-biz durar. Bu telefonları görürsən, - deyə müəllim, oturduğu stolun böyüründə, yan-yana düzülümüş telfonları göstərdi. Bunlar səhərdən axşamacan körpə uşaq kimi zır-zır zırıldayıb, mələşirlər. Bunları “əmizdirməsəm”- deyə müəllim iki barmağını bir-birinə sürtərək, pul işarəsini bildirdi, yoxsa mənim özümü əmizdirərlər. - Eşidirsən məni, pulu qoy, bura çıx bayıra. Sən ölmüyəsən, yoxsa, bu dəqiqə o qapıdakı qıyıqgöz oğlana deyərəm, səndən beşqat artıq pul verəni tapıb gətirər mənim yanıma. Səni mənə yuxarıdan tapşırıblar deyən, buraxmışam otağıma. Guya, mən bilmirəm sənin nəyin var, nəyin yoxdur? Tülkülük eləmə ə, istəsən bir gecədə o pulları qazanarsan. Guya, heç kəs bilmir sən nə işlərlə məşğul olursan? Bir gecədə o tərəfdən, - deyə müəllim yenə də gözünü qıyıb, bu dəfə baş barmağını yana əyərək, - ötürülən bir torba o, ağ şeyin qiymətidir də verdiyin. Guya bilmirəm?”
Həmin adam, dostuna müəllimlə olan haqq-hesablarını danışandan sonra, əlini-əlinə vurub əlavə etdi: - Pah, atonan, bu müəllim yerin altını da bilirmiş, üstünü də. Mən belə adama ömrümdə birinci dəfədir ki, rast gəlirəm. Analar belə oğul doğmayıb heç.
Dəli Bəybala onların söhbətlərini axıra kimi dinlədikdən sonra əlini əlinə vurub: - “Paaah... paahh... dədöözün.., dədöözün gorun...” – deyib, onları söyı-söyə oradan uzaqlaşdı.
Rəhbər təyin olunan müəllim şəhərin parkını, məktəblərin həyət-bacasını, futbol meydançalarını, mal-qaranın örüş yerlərini qarış-qarış imkanlı adamlara satıb, pul qazanırdı. Onun ətrafında işləyənlər isə, elə bil, bir-birləriylə bəhsə girmişdilər, kim hardan, hansı qonşunun evinin arxasından, hansı məktəbin və yaxud uşaq bağçasının həyətində bir sot artıq yer görürdüsə o dəqiqə müəllimə xəbər verirdi. Müəllim də, ona; - sən yaxşı, işçisən, “bişmiş kadrosan”, mənim dostumsan - deyib, tərifləyər, otağından çölə çıxandan sonra isə: - “ay sənin ananı...” - deyib, həmin adamın arxasıncan yeddimərtəbəli söyüş söyərdi. Bu müəllimin vərdiş etdiyi ən böyük şakəriydi. O hamını söyürdü...
Bəybala belə şeyləri görəndə, onsuz da bərəlmiş gözləri bir az da bərələr və bu adamların haradan gəldiyinə, bunların necə adam olduğuna təəccüb edirdi. Heç birinin də əlindən bir iş gəlməyən bu adamlar ancaq, bir-birlərini satmaqla, bir-birlərinə şər atmaqla məşğul idilər.
Belə adamların təmiz insanlardan xoşları gəlməzdi. Vicdanlı, təmiz adam görəndə beyinlərinin qurdları qaynaşardı. Sevməzdilər təmiz adamları. Sanki təmiz insanlara demək istəyirdilər ki, biz vicdansızıq, biz şərəfsizik, bizim ailə-uşağımız düz yolda deyil, bəs siz niyə təmizsiniz, sizinkilər niyə təmizdirlər?!.. Siz niyə yaltaq deyilsiniz?!.. Sizin üzünüzə niyə tüpürmürlər?!.. Sizin dədənizin gorunu niyə söymürlər?! Bu pis adamlar istəyirdilər ki, hamı onların günündə olsun, hamının ailəsi, uşağı pozulsun. Onlar istəyirdilər ki, belə olsun. Belə olanda, bu qatma-qarışıqlıqda onların eybləri it-bata düşüb görünməyəcəkdir... Onların məqsədi bu idi.
Şənbə, bazar günləri adət idi, müəllimin göstərişi ilə idarədə işləyən işçilərin əlinə süpürgə, vedrə verib salırdılar küçələrin canına. Yol süpürtdürərdilər, səkilərin toz-torpağını yuduzdurardılar, yol kənarlarında tökülüb qalmış əski-üskünü, uşaq bezlərini təmizlətdirərdilər. Adını da qoyardılar ki, guya, şəhərin təmizlik işləriylə məşğul olurlar.
Abırlı adamları, müəllimləri, şagirdləri, qız-gəlinləri, hətta kəndlərdə yaşayan adamları da küçələrə töküb abırdan, ismətdən salırdılar. Nədi, nədi bu küçələrə tökdükləri insanlar idarədə işləyirlər, dövlətdən maaş alırlar, balalarına bir tikə çörək pulu qazanırlar. Başqa iş yerləri olmadığına görə, bu abırlı adamlar da susaraq bir kəlmə belə danışmırdılar. Qorxurdular ki, işsiz qalarlar. Sabahkı işsizlik onlar üçün bugünkündən ikiqat ağır faciələrə səbəb olardı. Birtikə çörək zəhrimara dönüb, abırlı adamların boğazında ilişib qalmışdı. O, bir tikə çörək çox kişinin dilini gödək etmişdi, kişiliyini əlindən almışdı. İnsanlar susa-susa biqeytətləşirdi, şərəfsizləşirdi. Şərəfi olmayan adamın malı, mülkü, torpağı, hətta vicdanı da ayaqlar altında tapdağa dönürdü... Onlar zorən susmağa məcbur edilmişdilər... onlar belə yaşamağa məhkum edilmişdilər...
Əslinə qalsa, küçələrdə təmizlik işləri aparmaq üçün dövlət kifatət qədər vəsait ayırırdı. Amma müəllimin göstərişiylə həmin vəsait ayrı-ayrı adamların adına yazılmış kartlara vurularaq, onun özünə verilirdi. Yüzlərlə, minlərlə insanın işləmək ehtiyacları olduğu halda onların haqqları da belə yeyilirdi. Yeri-göyü basıb yeyən bu adamların gözləri doymayaraq, əlil və şikəst adamların gücləri çatacaq süpürgəçiliyin haqqın da onların əlindən alaraq, villalarinda saxladıqları məşuqələrinin naz-qəmzələrinə xərcləyirdilər. İşsizlik ücbatından insanlar baş götürüb başqa yerlərə gedirdilər. Gedirdilər ki, heç olmasa ailələrinə, balalarına bir tikə çörəkpulu qazansınlar. Torpaq, vətən unudulurdu yavaş-yavaş, elə unudulduğu kimi...
Bəybalanın idarədə müdir işləyən bir dostu vardı. Çoxdan idı ki, bu vəzifədə çalışırdı. Yaxşı adam idi, hamı onu tərifləyirdi. Arada maşınını saxlayıb, Bəybalayla zarafat edər, sonra da ona papirospulu, cib xərcliyi verərdi. Bəybala onu xatirini çox istəyirdi, ağıllı adam olduğu üçün.
Bir dəfə Bəybala yolda durub gedən-gələnə tamaşa edəndə baxıb gördü ki, dostunun maşını gəlir. Papirosu qurtarmışdı, bir qədər özünü yola tərəf verdi ki, dostu onu görə bilsin. Maşın ona yaxınlaşanda baxıb gördü ki, dostunun yerində, arxa oturacaqda, dodaqları qıp-qırmızı boyanmış, sifəti kündəyə bənzər bir arvad oturub. Əvvəlcə, elə bildi ki, maşını səhv salıb, bir də diqqətlə baxdı, gördü yox, həmin maşındır, hətta sürücü də həmin o, ordu-ordundan keçən qara oğlandır.
Dəli Bəybala o dəqiqə bildi ki, müəllim onun dostunu da işdən çıxarıbdır. Ürəyi ağrıdı, fikirləşdi ki, bu şəhərin camaatı nə edəcəkdir? Kim onların sözünü deyəcək, kim ağsaqqallıq edəcəkdir onlara? Hətta, Dəli Bəybala hölündən ağladı da.
O, əlini maşına tərəf uzadıb, üz-gözünü bayram yumurtası kimi boyayan arvada çəpəki nəzərlərlərlə baxdı, sonra ona barmaq silklədi.
Qadın isə acıqlı nəzərlərlə onu süzərək, şəhadət barmağını kicgahına dayayıb, bir-iki dəfə sağa-sola fırladaraq, Bəybalaya demək istədi ki, ay dəli, gicdəmə, çəkil yoldan.
Bu xanımı Bəybala yaxşı tanıyırdı. Onlardan beş-altı küçə o tərəfdə olurdu. Cavanlıqda “atmaralı” olmuşdu. İki dəfə nişanlansa da, sonradan nişanı qaytarılmışdı. Axırda özü kimi bir bambılıya ərə getdi. Onun toyunu Bəybala yaxşı xatırlayırdı. Ağ gəlinlik paltar geyinmişdi əyninə, abırlı, ismətli qızlar kimi... Özünü də elə sıxıb, boğmalamışdı ki, elə bil, ona heç əl dəyməmişdi. Başını aşağı dikərək, asta addımlarla, nazlana-nazlana bəyoğlanın yanında addımlayırdı.
Bəybalaya elə gəlirdi ki, o utandığından belə edir. Axı, necə olsa onun əmələrindən bütün şəhər xəbərdar idi. Amma, xanımın arada gözucu camaata baxıb qımışmağından hiss olunurdu ki, onda utanan üz nə gəzir. Onun üzü köhnə ayaqqabının altındakı “padoşdan” da çox sürtülübdür...
Hətta, toydakıların bəziləri, bu sifətini mərdəşür yumuş “gəlinin” şit-şit ədalarından utanıb, xəcəlat çəkərək, başlarını aşağı dikib, alınlarını ovuşdururdular.
“Gəlinin” qoluna girdiyi bəyoğlan isə, özündən razı halda elə şəstlə yeriyirdi ki, sanki toyxanadakı bəzi kişilərə yanmışlıq verərək demək istəyirdi: - Hə, nədi?!.. Deyirsiniz yəni, iyirmibeş ilin qəhbəsi qız ola bilməz?!..
Sonra həmin xanım işlədiyi yerdə nə qədər abırlı, savadlı adamlar var idısə, kişili, qadınlı hamısını şərləyib işdən qovdu. Onların yerinə, özü kimi bivec adamları yerləşdirdi...
Bu hadisənin üstündən bir müddət keçmişdi. Bəybala işdən çıxarılan dostunu axtarırdı. Bir gün onlar rastlaşdılar. Dostu çox sınıxmşdı. Çünki heç yerdə işləmirdi. Bəybala neçə gündənbəri cibində gəzdirdiyi bir qutu papirosu çıxardıb dostuna uzatdı. Dostu götürmək istəmədi. Bəybala papirosu zorla onun cibinə qoydu. Sonra kirli pencəyinin cibindən, kiminsə ona çörəkpulu verdiyi bir manat pulu da çıxardıb dostunun cibinə salmaq istədi. Dostu razılaşmadı. – Varımdı, özünə saxla, - dedi. Bəybala razılaşmadı, pulu da zorla dostunun şalvarının cibinə soxdu.
Dostu kövrəldi, onun göz yaşları yanağından süzülərək nimdaş pencəyinin qolunun üstünə töküldü.
Dəli Bəybala dostunun bu halına dözmədi. O da əlinin arxasıyla gözlərindən axan gözyaşlarını silə-silə kiminsə qarasınca söydü.
...Yol qıraqlarındakı neçə illik palıd ağacları, başı göylərə dirənən yam-yaşıl küknar ağacları köklü-köməcli yerdən çıxarılıb, doğranılanda, Dəli Bəybalanın ürəyi ağrıyırdı. Elə bil həmin ağacları köklü-köməcli onun ürəyindən zorla dartıb çıxardırdılar, yeri elə göynəyirdi ki... Axı o, yay vaxtları həmin ağacların kölgəsində oturar, bəzən də günortalar başını atıb, o kölgəlikdə yatardı. İndi o ağaclar yox idi. Həmin ağacların yerinə “dədəsi, nənəsi” bilinməyən, balaca-balaca, sarı yarpaqları olan “bic” ağaclar əkirdilər. Bu ağacların sir-sifətindən zəhrimar yağardı. Deyilənə görə, bu ağacları hardansa uzaqlardan pulla alıb gətirirdilər. Bəybala öz-özünə fikirləşərdi, vallah, bu adamlar doğurdan da, dəlidirlər. Dəli olmasaydılar o boyda yam-yaşıl ağacları çıxardıb yerinə bu cür zir-zibili əkməzdilər.
Şəhərdən əsər-əlamət qalmamışdı, hər tərəf xarabazara oxşayırdı. Yol kənarlarında, səkilərin qırağında xırda-xırda yöndəmsiz budkalar tikilmişdi. Bu budkalar o qədər səliqəsiz quraşdırılmışdı ki, adamlar səkilərlə gedib-gələ bilmirdilər. Hər tərəf qazılmış, kanalizasiyalardan axan çirkli sular şəhərin kücələriylə axıb gedirdi. Elə bil, burada müharibə olmuşdu. Yollar, səkilər elə vəziyyətdəydi ki, adamlar iş-güc dalısınca gedəndə əziyyət çəkirdilər. Uşaqlar məktəbə gedib-gələ bilmirdilər.
Bəybala bunları görəndə ürəyi ağrıyırdı. Məktəb uşaqları zığa, palçığa bata-bata, üst-başları it günündə evlərinə dönərdilər. Yolara, şəhərin səliqə-səhmanına ayrılan pulların hamısını basıb yeyirdilər. Bu işlərə cavabdeh olan adamlara da “qaşın üstə gözün var” deyən olmurdu. Onlar bahalı maşınlarıyla bu şəhərdə, xaraba qoyduqları yerlərdə arxayın-arxayın öz keflərini sürürdülər. Danışan, ora-bura şikayət edən adamları isə şərləyib tutdururdular.
Müəllimin əlinin altında əlliyə yaxın “ştatnı” adamları, elə o qədər də “yaltaq, qoçu” dəstəsi vardı ki, kimi istəsəydi üzünə durğuzub tutdururdu. Hətta, bir qadını da onlardan yuxarılara şikayət etdiyinə görə şərləyib tutdurmuşdu. Bu şəhərdə qadın xeylağının tutulması halı görünməmiş bir hadisə idi.
Müəllimin özüylə bu şəhərə gətirdiyi bir məhkəmə işçisi də var idı. Bu adam məhkəmə işçisindən çox, Qoçu Nəcəfqulunun keçisinə oxşayırdı. Hara gəldi soxular, kimə gəldi buynuz çalırdı. Səhərdən axşama kimi, müəllimin yan-yörəsində hərlənər, xoşu gəlmədiyi, ona aylıq verməkdən boyun qaçıran iş adamlarını, idarə rəhbərlərni hədələyrək müəllimin kabinetinə yönəldərdi.
Bu adamda neçə cür sifət desəydin vardı. Dişibatan, gücü çatan adamdan əl çəkməzdi. Qoca bilməzdi, qadın bilməzdi iş-gücü insanları ancaq təhqir etmək, onları alçatmaq idi. Amma üstünə kükrəyən, haqqını tələb edən adamlardan it kimi çəkinərdi. Onları görəndə gürzə ilan kimi fısıldayar, məqam gözlərdi ki, onları xəlvətə salıb çalsın.
Həmin məmur günün çox hissəsini sərxoş olardı, bu adam içki içməsəydi yaşaya biməzdi. Tədbirlərdə, iclaslarda qız-gəlin, böyük-kiçik bilməzdi, ağzını köndələn qoyub, səfeh-səfeh danışardı. Üst-başından çobana oxşayan, ağzıqatıq kəsməyən bu adamın bu boyda şəhərdə camaata ağalıq etməsi, insanların gününü göy əskiyə bükməsi, Dəli Bəybalanın cinlərini başından oynadırdı. Fikirləşirdi, görəsən, bu adamın yiyəsi, başına ağılqoyanı yoxdurmu? Bu adamı hansı ağılla adamların içinə buraxıblar? Bu adamı bu şəhərə göndərənin özü hansı ağıldadır? Bəybala bunları fikirləşə-fikirləşə gündə neçə yol dərddən ölüb, dirilirdi.
Bu şəhərdə nələr baş vermirdi? Elə qəribə hadisələr baş verirdi ki, Bəybala bunları eşidəndə az qalırdı ki, ağlı başından çıxsın. Özü də, bu pis-pis işləri cavanlar deyil, yaşı əllini, altımışı keçmiş yaşlı, adamar edirdilər. Onların birini Bəybala yaxşı tanıyırdı. Uzun müddətdi ki, həmin adam böyük vəzifələrdə işləyirdi. Çoxlu pulu vardı. Bu adam qızı yaşında olan öz işçisinə sataşmışdı. Bir-iki aydan sonra işçisi ona deyəndə ki, hamiləyəm, həmin müdir qorxusundan bilməmişdi ki, nə etsin. Camaat arasında biabır olmasından qorxan müdir, ismətini korladığı və ondan uşağa qalan işçisini, tezbazar öz doğmaca oğluna nişanlayıb, toy etmişdi. Danışırdılar ki, üç aylıq hamilə olan gəlin bəylə kürsüdə oturanda, qaynatası da arsız-arsız onların qabağında oynayıb, xeyir-dua verirmiş.
Dəli Bəybala belə hadisələrin şahidi olduqca, elə bil onun dünyası daralırdı. O, belə bir dünyada, belə bir adamlarla bir yerdə yaşamaq istəmirdi. Onun səbri get-gedə dükənirdi. O, bu adamların arasında nəfəs ala bilmirdi, boğulurdu. Ürəyi partlamaq dərəcəsinə çatmışdı. Onu ən çox incidən insanların gördükləri bu hadisələrə qarşı susması idi. Ağıllı adamlar, ziyalılar gözlərinin önündə baş verən bu haqsızlıqlara qarşı susaraq, özlərini görməməzliyə vururdular. Elə bil, bu talanan şəhər, oğurlanan sərvət, söyülən, təhqir olunan ar-namus onların deyildi...
Son günlər vəziyyəti ağırlaşdığından Bəybala evdən bayıra çıxa bilmirdi. Otağın bir küncündə, ikiqatlanmış yorğanın arasına girərək, əllərini qoynuna qoyub, büzüşmüş halda uzanıb qalardı. O, bu dəli dünyanın ağıllı adamı olmaqdan bezimişdi... Hiss edirdi ki, yaşaya bilmir.
... Gecədən bir xeyli keçmiş onun ürəyi birdən-birə bərk ağrıdı. Ağrı o qədər güclü idi ki, Dəli Bəybalanın, onsuz da böyüyüb, hədəqəsindən çıxmaq dərəcəsində olan gözləri bir az da bərələrək, onu qorxunc bir vəziyyətə salmışdı. Bədəni od içərisində yanırdı. Kürəyindən başlayan ağrılar bütün bədəninə yayılmışdı.
O, əlini ağrıyan ürəyinin üstünə qoyaraq zarıyırdı. Ürəyi isə get-gedə şiddətlə döyünür, az qalırdı ki, döş qəfəsini yarıb, bayıra çıxsın. Yerinin içində ilan kimi qıvrılan Dəli Bəybalanın bu halından heç kəsin xəbəri yox idi. O, dərdini çəkdiyi, hər gün fikirini etdiyi adamlardan heç olmasa birisini bu halında yanında görmək istəyirdi. İstəyirdi ki, kimsə bir nəfər otağa girsin və onun ağrıyan ürəyini ovuşdursun... Axı, onun ürəyi həmişə bu insanların dərd-səri üçün ağrımışdı. O, adamların dərdini çəkməkdən, onların halına yanmaqdan bu hala düşmüşdü. İndi isə onun öz dərdinə çarə qılan yox idi.
Bəybala gözlərini dolandırıb ətrafa baxdı. Yarımqaranlıq otaq ona elə qorxuc göründü ki, elə bil, bu dəqiqə dörd divarın dördü də onun üstünə uçacaqdı... Ömrünü bu hisli-paslı otaqda tək-tənha keçirmişdi o. Amma bir dəfə də olsun nə qorxu bilmişdi, nə də kimsədən çəkinmişdi. İndi, nədənsə o qorxurdu. Qorxduğundan gözlərini azacıq qapayaraq, bu müdhiş qaranlıqdan, cansığıcı boşluqdan canını qurtarmaq istəyirdi.
Canındakı ağrılar bir azca sakitləşən kimi Bəybalanı, elə bil xoş bir yuxu öz ağuşuna aldı. Onun gözlərinin önündən bütün həyatı kino lenti kimi gəlib keçdi. Atasını, anasını xatırladı... Uşaq ikən atasının ona: - “Mənim dəli balam, mənim Bəybala balam” deməsi yadına düşdü. Amma qonum-qonşu öz uşaqlarına “mənim ağıllı balam” deyərdilər. Bu ağıllı balalar, min hoqqadan çıxıb elə ağılsız işlər tuturdular ki, Bəybalanı öldürsəydin də belə işlərə qol qoymazdı.
Məhəllə uşaqları dilsiz-ağızsız pişik ballalrını diri-diri Sənəm arvadın quyusuna atıb, sonra da, o yazıq pişiklərin miyoltusu kəsilənə qədər onlara tamaşa edərdilər. Bir müddət keçəndən sonra ölmüş pişik balaları kiminsə su vedrəsindən çıxanda, bunu yazıq Bəybalanın boynuna atardılar. Məhəllə uşaqları ağız-ağıza verib; - “Pişikləri Dəli Bəybala öldürüb quyuya atıbdır!” - deyərək, hamını onun üstünə salardılar.
Bəybala belə vaxtlarda heç nə deməyib, susub qalar və bu axmaq uşaqların əməllərinə görə məhəllənin nadan adamları tərəfindən döyülərdi.
Gecələr nadinc uşaqlar qonum-qonşunun qapı, pəncərəsini daşlayıb, onların şüşələrini qırıq-qırıq edəndə, yenə də günahkar Bəybala olardı.
Ana-atalarının ağıllı balaları sayılan Cabbarla, Cəfər bazar günləri hökümət hamamının arxa pəncərəsindən orada çimən arvadlara baxıb, sonra məhəllə uşaqlarına gördüklərini danışanda, Dəli Bəybala onlara o qədər gülmüdü ki. Gülmüşdü, ona görə ki, Cabbarla, Cəlil bir gün səhv salıb hamamda çimən qadınların arasında öz analarının da lüt-üryan yerlərinə doyunca tamaşa etmişdilər. Dəli Bəybala bu əhvalatdan sonra Cabbarla, Cəlili harda görürdüsə əlini əlinə vurub, gülməkdən uğunub gedərdi.
Bəybala cavanlıqda sevdiyi Qəmzə adlı qızı yadına salıb dərindən bir ah çəkdi. Onun şişmiş, partlamaq dərəcəsinə çatan ürəyi elə bərk ağrıdı ki. O, Qəmzəni vaxtilə çox sevmişdi. Ömründə sevdiyi qız təkcə o olmuşdu. Qəmzənin gözəl sifəti, qırmızı dodaqları, yupyumuru döşləri onun heç yadından çıxmırdı. Ömründə bir dəfə də olsun Bəybalanın əli qadın əlinə dəyməmişdi. O, öpüşün, şəhvətin nə olduğunu bilmirdi.
Gecələr yatanda həmişə Qəmzəni yadına salardı. Çox vaxt Qəmzə onun yuxusuna da gələrdi. Onu qucaqlayardı, canında Qəmzənin isti bədəninin hərarətini hiss edərdi. Əlini qızın saçlarına toxundurar, çiyinlərində, bütün bədənində gəzdirərdi. Yuxudan ayılanda sonra isə, Bəybalanın qarnını sancı doğrayardı, qurşaqdan aşağı ətrafları od tutub yanardı, elə bil. Qıçlarında küt ağrılar baş qaldırardı. Bəybala hər dəfə Qəmzəni yuxusunda görəndə bu hala düşərdi. Əslində, onun Qəmzədən xoşu gəlməzdi. Çünki Qəmzənin anası Balaxanım arvad qızını sevdiyinə görə, Dəli Bəybalanın vaxtilə başını yabayla vurub yarmışdı. O vaxtdan Dəli Bəybala Qəmzəni də, onun anasına da görməyə gözü yox idi. Həm də, o bilirdi ki, Qəmzəni sevənlər çoxdur. Elə Qəmzənin özü də çox adamı sevirdi... Amma Bəybala Qəmzədən başqa heç kəsi sevmədiyinə görə, Qəmzə ona çox şirin gəlirdi.
Qəmzə öləndə Bəybala çox pis olmuşdu. Hətta, Qəmzənin yasına gələn onun “kişi dostlarının” bahalı maşınlarının təkərləri altına mıxdan, qadaqdan qoyub hamısıni partlatmışdı. Çünki, Bəybala onların hamısına nifrət edirdi.
Bəybala ağrıyan ürəyini ovuşdura-ovuşdura, olub-keçmişləri xatırlayırdı. Özü də bilmirdi ki, niyə bu olub, keçmişlər onun bu gün yadına düşür? Niyə bu keçmiş anları indi bir-bir xatırlayırdı? Bu qarma-qarışıq suallara cavab tapmaq ona necə də əzab verirdi.
İnsanların ona qarşı laqeydlikləri, onu inciddikləri yadına düşdükcə, ürəyinin ağrısı bir az da şiddətlənirdi. Bu dözülməz ağrılar az qalırdı ki, onun canını alsın.
Bu həyatda o hansı üzlərlə, hansı pisliklərlə, hansı axmaq adamlarla üzləşməmişdi? O, çox vaxt ac-susuz qalardı, amma heç vaxt kimsəyə əl açıb, mənə çörək ver deməzdi. Dəli Bəybala kiməsə əl açmağı öz kişiliyinə sığışdırmazdı... Amma imkanı ola-ola, onun-bunun qabağında it kimi quyruq bulayan, vəzifə üçün ar-namusunu satan adamları görəndə hirsindən az qalırdı ki, ürəyi partlasın.
Bəybala bu həyatda çox pisliklərlə rastlaşmışdı. Özlərini ağıllı sayan adamaların pis əməlləri yerə-göyə sığmırdı. Hər gün elə hadisələrlə rastlaşırdı ki, o, bu yerlərdən baş götürüb getmək istəyirdi. İstəyirdi ki, elə yerə çııxıb getsin ki, heç orada adam olmasın.
Bəybalanın canının bu ağrıyan vaxtı, yadına bir haisə də düşdü. O pis hadisəni Bəybala heç vaxt unuda bilmirdi. Bir dəfə səhər, sübh tezdən, həmişə olduğu kimi küçənin bu başından, o başına gedən zaman qulağına körpə uşaq səsi gəldi. O, bir anlıq ayaq saxlayıb səs gələn tərəfə baxdı. Uşaq səsi yaxınlıqdakı zibil qutusundan gəlirdi. Zibil qutusunun ətrafında isə bir neçə küçəiti dövrə vuraraq caynaqları ilə zibil qutusunu cırmaqlayırdılar. Bəybala yerdən əlinə bir daş alıb itlərə tərəf tolazladı. İtlər zingilti salaraq qaçıb uzaqlaşdılar. O zibil yeşiyinə yaxınlaşanda baxıb gördü ki, orada didilmiş, parçalanmış bir uşaq zarıyır. Bəybalanın gözləri doldu. O, uşağın didılmiş canını zibil yeşiyindən çıxarıb kardon kağızın üstünə qoydu. Uşaq ağzını açıb, yumaraq son anını yaşayırdı. Bəybala uşağa baxaraq hönkür-hönkür ağlamağa başladı...
Həmin gecə Bəybala qızdırmalı adamlar kimi yerinin içində çabalayaraq səhərə qədər yata bilmədi. Ona elə gəlirdi ki, bədəni itlər tərəfindən didik-didik edilmiş həmin o körpə uşaq ölməsəydi, böyüyüb onun kimi ağıllı adam olacaqdı, bu dünyanın dərdini çəkəcəkdi, elə onun özü kimi... Bəlkə də, o uşaq böyüyüb bu məmləkəti pis adamlardan xilas edəcəkdi.
Üstündən neçə müddət keçməsinə baxmayaraq Bəybala bu hadisəni yadından çıxara bilmirdi. Bu çətin vəziyyətində də o uşağın ölümü birdən-birə gəlib onun yadına düşdü. O uşaq ölməsəydi, yəqin ki, bu dünyanı o düzəldəcəkdi, Bəybala belə düşünürdü...
... Dəli Bəybala ömründə az-az hallarda ağlamışdı. Nə qədər çətinliklər çəksə də, həyatında çoxlu əzablı günlər görsə də, ağlamağı kişiliyinə sığışdırmamışdı. İndi isə o, özünü saxlaya bilməyib, hönkür-hönkür ağlayırdı...
Yadına onunla şəkil çəkdirən, arada rastlaşanda kef-əhval soruşan, cibinə papiros pulu qoyan o ağsaçlı müəllim düşdü. Birdən-birə Bəybala həmin müəllim üçün elə bərk darıxdı ki... Görəsən, indi o hardadır? - düşündü. Son vaxtlar Bəybalanın qanı ona yaman qaynayırdı. Bircə, o müəllimi özünə tay bilirdi. Ona elə gəlirdi ki, o ağsaçlı müəllimə də bu camaat dəli adı qoyubdur. Dəli Bəybala sevinirdi ki, onun dostu olan o müəllim də dəlidir.
Bu ağır vaxtında müəllimi görmək istədi. Ürəyində bir-iki sözü vardı, indiyə kimi bu sözləri heç kəsə deməmişdi, müəllimə demək istəyirdi. Gözləri yaşlı, ətrafa boylandı. Bir anlıq bu qaranlıq otaqda, canıyla çarpışan zaman o müəllimi görmək istədi. Amma görə bilmədi. Əsəbləşdi. Dişini dişinə sıxıb müəllimin dalısınca: - “ Sənin də dədöyün.., dədöyün...” söyüşünü verdi və için-için ağladı...
Bir az keçəndən sonra ağlamaq səsi xırıltılı səsiylə əvəz olundu... Sonra bu xırıltılı səs də kəsildi... Bəybalanın iriləşərək, hədəqəsindən çıxmaq dərəcəsində olan gözləri bir nöqtəyə zillənərək donub qaldı...
... İki gün sonra qonum-qonşular Bəybalanı evin bir küncündə, iki qatlanmış yorğanın arasında ölmüş vəziyyətdə tapdılar. Onun ağzından axan qan, çənəsindən süzülərək döşəmənin üstündə laxtalanmışdı.
Qonşular təcili yardıma zəng vurub, həkim çağırdılar.
Həkim, Dəli Bəybalanın cansız bədəninə, bir də onun ağzından süzülərək döşəmənin üstünə tökülüb, laxtalanan qana baxıb:
- Bu yazığın ürəyi partlayıb ki!.. - dedi.





7 dəfə oxundu

Axtarış