ƏBÜLFƏT HEYDƏRDƏN BİR ŞEİR
Müəllif: Yazarlar.AZ


11.10.2019



MƏN QƏRİBƏ BİR LAYLA DE AY ANA

“Ağbaba” deyəndə sızlayır yaram,
Mən qəribə bir layla de ay ana.
Qədirsiz-qiymətsiz bir sənətkaram,
Mən qəribə bir layla de ay ana.
—————
Anam “Qarabağı” vermişik yada,
Mərd yıxılıb, nəmərd yetib murada.
Mənim dərdim bir dağ olub dünyada,
Mən qəribə bir layla de ay ana.
————–
Hicran yolumuza çəkibdi hasar.
Döyür bizi çovğun, boran, şaxta, qar
Dərdi dağıtmağa demə ki, nə var
Mən qəribə bir layla de ay ana
————–
Hicran yeksanıyam, dərdim ozandı,
Qaranlıq zindanda başım qazandı,
Bu həsrət, bu niskil yaman uzandı,
Mən qəribə bir layla de ay ana.
————–
Köhlənib yorulub, yollarda qaldı,
Fələk başımıza boz torba saldı,
Yavaş-yavaş taleyimi çən aldı,
Mən qəribə bir layla de ay ana.
————–
Vətən deyə-deyə, el deyə-deyə,
Sərkəndar gəzirik qəm yeyə -yeyə,
Səxavət, mərhəmət çəkilib göyə,
Mən qəribə bir layla de ay ana.
————-
Çəmənin xətrinə, gülün xətrinə,
Bir qaçqın-didərgin elin xətrinə,
Əbülfət tək əhli dilin xətrinə,
Mən qəribə bir layla de ay ana
————-
09.10.2019.

Müəllif: ƏBÜLFƏT HEYDƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış