ƏJDƏR ƏLİZADƏ -DÜNYANIN
Müəllif: YAZARLAR.AZ


26.03.2021


DÜNYANIN...
Qəbrədək izləyir o insanları,
Mərhəmət tanımır gözü dünyanın.
Tezindən, gecindən alır canları,
Ölməyən «Koşşey»*-dir özü dünyanın...
* * *
Kimə dadızdırır cənnətin dadın,
Kimə qismət edir cəhənnəm odun.
Varlıya bəxş edir «hörmətli» adın,
Kasıba xəncərdir sözü dünyanın...
* * *
Yayında qar görür hal adamları,
Qışında bar görür «al» adamları.
Haldan-hala düşür yal adamları,
Qəlbimi yandırır közü dünyanın...
* * *
Dovşanı gizlədir, yuvalandırır,
Tazıya , qov deyir, qovalandırır.
Əjdərəm, dərd məni havalandırır,
Bilmədim sirrini, düzü, dünyanın...
* - əfsanəvi ölümsüz adam
15.02.2021.
Müəllif: Əjdər Əlizadə

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

7 dəfə oxundu

Axtarış