"EVCİK-EVCİK OYUNU" ŞEİRİ
Müəllif: Zaur USTAC


02.01.2020




Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

Yadımda, uşaq vaxtı evcik-evcik oynardıq,

Boyunbağı, gah təsbeh, hərdən muncuq olardıq,

Xəzəl pulla bazardan sucuq-mucuq alardıq,

Heç indiki uşaqlar oynamır evcik-evcik,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

* * *

Ata, ana olardıq, heç kim uşaq olmazdı,

Taxıl biçib, yığardıq, yerdə başaq qalmazdı,

Milis-milis olanda kimsə duşaq vurmazdı,

Baxıram uşaqlara, ruhları çilik-çilik,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

* * *

Hakim-hakim olanda, dustaq olmurdu, heç kim,

“Məllim-məllim” olanda şagird olmurdu, heç kim,

Kıx-kıx vaxtı gələndə, düşmən olmurdu, heç kim,

Eyni səfi tutardıq, durardıq, muncuq-muncuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

* * *

Arzular konsertinə hər gün bilet alardıq,

Nə vaxt, necə istəsək, vəzir, padşah olardıq,

Kimi hara istəsə vəzifəyə qoyardıq,

Səksənərdik yuxuda, dodaqlar uçuq-uçuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

* * *

Uşaq oynamır deyə böyüklər girib bəhsə,

Biri çıxır dam üstə, biri girir qəfəsə,

Yazı, yayı, payızı hamı nəfəs-nəfəsə,

Boyunlar yoğunayıb, əllərsə sucuq-sucuq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

* * *

Padşah-padşah oyunu dəb düşüb indi yaman,

Yekələrin hamısı istəyir olsun əyyan,

Sobaçı da olan var, odunçuya yox güman,

Cin gəzirlər odunu daşısın qucaq-qucaq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

* * *

Yaxşı ki, İvan dayı səsin çıxartmır hələ,

Həyətində böyüklər oynayırlar əl-ələ,

“Məhlədə” başqa qonşu onları sevmir belə,

Ustac da od daşıyır onlara sıcaq-sıcaq,

Qışın oğlan çağında bülbülər ötür, cik-cik,

İndi daha böyüklər oynayır evcik-evcik…

01.01.2020 (03:23 – 14’) Ümid qəsəbəsi.

Müəllif: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

23 dəfə oxundu

Axtarış