Fərqanə xanım - Zaur Ustac
Müəllif: Yazarlar.AZ


11.06.2020


“QIZLARI QOYMAYIN ŞEİR YAZMAĞA”

(Fərqanə Ananaın əziz xatirəsinə)

Salam olsun, çox dəyərli oxucum, əziz dostlar və tanışlar! İlk öncə təşəbbüskarı alqışlayır və böyük Allahdan hamı üçün belə xeyirli dostlar arzu edirəm. Xeyirli övladdan sonra, xeyirli dost Allahın ən böyük nemətlərindən biridir ki, hər adama qismət olmaz. Bu nemət ancaq seçilmiş bəndələrin qismətində var. O da məhz belə seçilmişlərdən idi. Allah yanında sevimli bəndələrdən, “…göylərdə yerini yazmış…” seçilmişlərdən biri, yeri lap ön sıralarda olanlardan… Məhz buna görə də Adil Allah onun bu rəzalət və zəlalət dolu dünyada daha çox əziyyət çəkməsini rəva bilmədi, xilas etdi bu məşəqqətlər diyarından, cəzasını əhv etdi… Günahını bağışlayaraq öz yerinə keçməsinə, layiq olduğu mərtəbəsinə yüksəlməsinə icazə verdi. Məqamın mübarək olsun, Allahın sevimli bəndəsi… Yerini aldığın kimi, hədiyyəni də alacaqsan İnşəAllah… Uca Rəbbimin rəhmət dənizinin ən səfalı guşəsindəki cənnət məkan adalardan biri məskənin olsun İnşəAllah…

Əlbəttə, bu tam subyektiv bir fikrdir, yəni hamının təbii olaraq əksini düşünmyə haqqı vardır. Və bu hüquqa sayğı duyuram. Məncə iki qrup yazı yazanlar var; birinci qrup nəyinsə xatirinə dəftər – qələmi qarşısına qoyub boğazadan yuxarı, mənim də bir yazım olsun deyə yazanlar, ikinci qrup isə məqamı gələndə dəftər – qələm axtarıb, bu yazını yazım məndən çıxsın, canım da bir rahatlaşsın, ruhum dinclik tapsın deyə içini boşaltmaq istəyənlər … Birinci qrup qələm adamlarını yazıçı, ikinci qrup qələm tutanları isə yazar adlandırıram öz – özlüyümdə həmişə… O mənim üçün yazarların önünündə gələnlərdən idi və bu belə olaraq qalacaq… Bu adı mənim qəlbimdə bircə şeiri ilə qazanmışdı (mən həm də ona Fərqanə Ana deyə müraciət edirdim) … O, bax elə adına, ruhuna istinad edib, yazmaq istədiyim bu yazının da yoluna çıraq tutan “QOYMAYIN QIZLARI ŞEİR YAZMAĞA” adlı şeiri idi. Bu şeiri ilk dəfə harada oxuduğum və ya hansı tədbirdə öz ağzından eşitdiyim yadımda deyil. Ancaq, sonuncu dəfə özünün içdən gələn ifasında dinlədiyim dəqiq yadımdadır. 28 fevral 2020 – ci il tarixində Bakı şəhəri, Xətai rayonunda yerləşən 64 saylı məktəbdə keçirilən Gülşən Mustafanın kitab təqdimatı zamanı ərəb-zəngi kimi tribunaya qalxması, mərdi – mərdanə ürəkli, xüsusi gümrahlıqla çıxışı və bu şeiri özünəməxsus bir əda ilə söyləməsi yəqin ki, ömrüm boyu xatirimdən silinməyəcək… Nə vaxtsa görüşəndə də söhbətə elə bu məqamdan başlayacağıq yəqin… Nəsə o səhnə dərin iz buraxaraq, xüsusi bir rənglə yaddaşıma həkk olunub. Şeirlə tanış olmayanlar müxtəlif axtarış sistemlərində adını yazıb sadəcə axtarış verərək çox asanlıqla tapıb oxuya bilərlər. Mən isə burada iki bəndi misal göstərmək istəyirəm (yarım misraya artıq yuxarıda istinad etmişəm):



Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Şeirin ilk sözündən son kəlməsinə qədər içdən gələn bir etiraf, bir hayqırtı, bir imdad, bir kövrək qəlbin yalvarışı duyulur. Və “…mən bilirəm, bu nə deməkdir…” onları qoruyun, onlara imkan verməyin, onları buna – şeir yazmağa vadar etməyin… Onları dəftər-qələmə möhtac etməyin… Onların yanında olun, onlarla söhbət edin, qoy dərdlərini sizə danışsınlar, sizinlə həmsöhbət olsunlar… Sirlərini təkcə siz bilin, hələ “beş dərdindən biri” olsa da, el-aləmə faş olmasın… Bu şeir heç vaxt boğazdan yuxarı, oturum bir şeir yazım ədası ilə kefdən yazılmış ola bilməz !!! Bu onun (şeir yazmağın) nə demək olduğunu çox gözəl bilən, bütün təfərrüatı ən xırda detalına qədər içindən keçirmiş, yaşamış insan, qadın, ana olaraq anlayan, məşəqqətlərinə qatlaşan, ancaq, bunları başqalarına rəva görməyən yazarın, seçilmiş müdrik bəndənin, ilahi məqamdan söz alan carçının çağırışıdır. Əks cinsin nümayəndəsi olaraq, çağdaş poeziyamızda sayı elə də çox olmayan (… Gülşən Mustafa, Solmaz Qəribel, Mərziyə Sarvan, Arzu Göytürk, Aysel Səfərli, Ülkər Nicatlı, Əfsanə Rəvan, Əsmər Hüseyn Xan və b. …) qadın müəlliflərin yazdıqları nümunələrə rast gəldikcə həmişə bu problem məni düşündürüb və indi də düşündürür. Deməzdim ki, bu yeni məsələdir. Məsələn yaxın keçmişdə Natəvanın yazıb-yaratdıqları, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın yanğılı, içdən gələn ifaları və ya Elza İbrahimovanın bəstələri də eyni qəbildən olan sənət əsərləridir. Bəlkə də mən və ya qeyri bir əks cinsin nümayəndələrindən olan qələm adamının bu məsələyə diqqət eləməsi, bu qadınları belə dərindən düşündüən, onları narahat edən, içdən parçalayan, ruhunu üşüdən nədir ? – deyə düşüncəyə qapılmasını hardasa normal və adi hal kimi qəbul etmək olardı. Ancaq, Fərqanə Ananın bir qadın olaraq bu problemi qəbul edərək, içindən keçirib, aləmə car çəkməsi xüsusi cəsarət tələb edən hadisədir. Hələlik bunu yalnız və yalnız o edib… Və ümumiyyətlə girişdə qeyd etdiyimiz iki qrup qələm əhlinin olmasını da elə bu məsələ şərtləndirir… Bu elə mövzudur ki, uzandıqca uzanır və hiss edirəm ki, artıq formatdan kənara çıxmaq üzrəyəm. Odur ki, Fərqanə Ananın bu məşhur şeirində qaldırdığı məsələni bir az da qabartmaq məqsədi ilə, onun sözünə qüvvət olaraq, daha dərin qatdan, problemin kökündən atalara, babalara, əmilərə, dayılara, qardaşlara, ərlərə, dostlara, sirdaşlara bir çağırış etmək istəyirəm. Və inanıram ki, o da məni dəstəkləyərdi – ruhu şad osun:

ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!!

Atalar, qızlara siz ad verəndə,

Elə ad vein ki, bəxti yar olsun!

Ya Humay çağırın, ya Sona deyin,

Elə ad verin ki, bəxti yar olsun!

* * *

Sükeydə, Fəğanə, adı verməyin,

Bəxtinin yoluna “cadu” hörməyin,

Uğurlu bir adı əsirgəməyin,

Elə ad verin ki, bəxti yar olsun!

* * *

Adı elə seçin, Aydan bac alsın,

Ayağı zəmində, göyə ucalsın,

Adıyla qarıyıb, xoşbəxt qocalsın,

Elə ad verin ki, bəxti yar olsun!

* * *

Əridib gözünün, nurun qarəsin,

Zaur “Ustac” ilə tapıb çarəsin,

Hamı xoşbəxt istər ciyərparəsin,

Elə ad verin ki, bəxti yar olsun!



Allah Fərqanə Anaya qəni-qəni rəhmət eləsin… Ruhu şad olsun…

Ruhuna sayğılarla: Zaur Ustac

04.05.2020 – Bakı ş.

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

9 dəfə oxundu

Axtarış