Gənc şair Əyyub Məmmədovun şeirləri
Müəllif: Əyyub Məmmədov


11.06.2019



Məzarlar da danışır

Məzarlar da zamanla
Dostlaşıb tanış olur
Bəzi daşlar orda da
Fəhləyə məmur olur

Məzar var ki, başında
Bir abidə ucalır
Məzar var ki, başında
Adi bir daş dayanır

Məzar var il boyu
Həmişə yada düşür
Məzar var tarix boyu
Heç ora yolun düşmür

Məzar var yanı hasar
Bir qoruğa bənzəyir
Məzar var kol-kos basır
Kim olduğu bilinmir

Adama elə gəlir
O daşlar da danışır
Ona yaxın məzarla
Öz dərdini paylaşır

Yarımçıq sevgilər

Məhəbbət yolunda yıxılmaq olar
Yetər ki, qalxmağa bir yolun olsun
Ayrılıb yenidən sevmək də olar
Yetər ki, sevməyə bir üzün olsun

Bir ürək nə qədər sevgi daşıyar
O olar, bu olar, o biri olar
Qəlb boxça deyil kim gəldi tuta
Axırda cırılıb, partlayıb daşa

Demə sevənlərim günahkar idi
Yarı yolda qoyub tərk etdi məni
De mən qəlbimi açıq qoymuşam
Hər gələn atını oynadıb getdi

Bir gün geriyə dönüb baxanda
Alnının qırışı çaşdırar səni
Yarımçıq sevgilər bir alov kimi
İçində qaynayıb yandırar səni

"Nənəmin təsəllisi"

Ört üstünü yat ay bala
Getmə dərin xəyala
Qış da bitir çox az qalıb
Gül-çiçəkli bahara

Bilirəm heç sevmirsən
Soyuq qışı, qarı sən
Ayaqqabın su buraxır
Dərsə gedə bilmirsən

Dua edib nənə-bala
Tapşırarıq yaradana
Çətin olmaz bu qışı da
Yetişərik bahara

Böyük oğlan olarsan
Sən də bir gün ucalarsan
Hər nə qədər imkan olsa
Keçmişini unutmazsan

Yağışlı gecələr

Yağır küçələrə payız yağışı
Sanki illərin həsrətin yuyur
Qatır qabağına torpağı, daşı
Bu gecə gözümdən yuxunu qovur

O vaxt səninlə yağan yağışda
Möhkəmcə islanıb çox üşümüşdük
Yadına gəlirmi soyuq ayazda
Titrəyə-titrəyə biz öpüşmüşdük

Bir dəfə yenə də yağışlı gündə
Tutub əl-ələ yaman qaçırdıq
Başdan ayağa suyun içində,
Adamsız küçədə at oynadırdıq

Hər gün yağırdı bizim şəhərə
Bəzən leysan, bəzən də çiskin
Bir gün zəng edib dedin ki, mənə
İmkan olsa çətir alarsan mənə

Gölməçə olardı hər tərəf,hər yan
Ara verməzdi burda yağışlar
Hər gün ayaqların su olduğundan
Demişdin xəstəyəm, donuram yaman

Sən demə çoxunun yağışlı gündə
Varmış xatirəsi bir ürək dolu
Bilməzdim mənim də yağışlı gündə,
Düşəcək yadıma bir sevgi yolu.

Gecikirsən ay ürək

Arzuları bir-bir gerçək etməyə
Vaxt azalıb, gecikirsən ay ürək
Bu həyatda əməl qoyub getməyə
Gecikirsən bir az tələs ay ürək

Çoxdandır heç yoxlamırsan özünü
Bəlkə sağlam, bəlkə xəstəsən bilək
Deyirdin ki, qəm bağlayıb üzünü
Gecikirsən sil dərdini ay ürək

Hiss edirəm içində bir boşluq var
Vaxt ötsə də dola bilmir bu ürək
Çox sakitsən blirəm ki,sözün var
Töküb, boşalt öz içini ay ürək

Pünhan tutmusan neçə sirrini
Bilirəm vəfada tayın yox ürək
Hərçənd bilməsələr bəzən qədrini
Gecikirsən üsyan elə ay ürək

Əvvəlkitək zövq almaqda acizsən
Əl-qolunu itirmiş bir əlilsən
Son mənzilin uzaq deyil bilirsən
Gecikirsən aman yoxdur ay ürək

Dostum badə
Badə gəl axşam birlikdə olaq
İkimiz danışaq, yanaq qovrulaq
Məst olsaq barmenə durub qışqıraq
Onsuz da öyrəşib qorxusu olmaz

Tək qoyma məni əzizim badə
Tez dol, boşal, bitmə nəbadə
Bilirsən olmuşam sənə amadə
Olmasan olmaz ki, sevimli badəm

İncimə səni, yerə bərk vursam
Stolda tək qoyub azacıq dursam
Bil ki, günahı o vəfasızdadır
Çəkinmə denən ki, şair haqlıdır

Bax təzə gündür durub yuyunaq
Şüşəni açıb, yenə də vuraq
Gecə bitənədək qalaq üz-üzə
Görsək səhər olur gedək evimizə

Bilirsən badə biz çox oxşarıq
Çün hər ikimiz dolub boşalırıq
Bir gün kafedə, bir gün bardayıq
Bir gün də birlikdə yox olacağıq...

11 dəfə oxundu

Axtarış