"GÜLÜNÜN ŞEİRLƏRİ" - SEHİRLİ KİTAB - TALEH XƏLİLOV
Müəllif: Yazarlar.AZ


08.11.2019


Bu gün Azərbaycanda başqa sahələrdə: sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda olduğu kimi, xalq maarifi sahəsində də ciddi inkişaf dövrü başlanmış, təhsilin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Ölkənin qabaqcıl ziyalı dəstəsini təmsil edən maarifpərvər ziyalıların regionda ictimai-mədəni mühitin inkişafına, xüsusən təhsilə həmişə diqqət yetirməyə və qayğı göstərməyə sövq etmişdir.

Bu baxımdan, tanınmış yazıçı Zaur Ustacın “Gülünün şeirləri” adlı sinifdənxaric əlavə tədris vəsaiti maraq doğurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

Elmi məsləhətçiləri Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilova, Əzizə Abdullayeva və Gözəl Quliyeva olan vəsaitdə hərf və rəqəmlər haqqında əyləncəli şeir və tapmacalar verilmişdir.

Qeyd edək ki, vəsait əsasən ümumi təhsil müəssisələrinin I sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Vəsaitdə Azərbaycan əlifbasının hər bir hərfi üçün tək-tək əyləncəli, uşaqların asan əzbərləyə biləcəyi dili asan, olduqca axıcı və yüngül hecalı şeirlər verilmişdir. Kitabda həmçinin hərflərlə yanaşı, kiçik məktəb yaşlı uşaqlarda riyazi bacarıqların inkişaf etdirilməsi üçün rəqəmlər haqqında da şeirlər yazılmışdır.

Həmçinin, bu vəsait dərnəklərdə və bədii qiraət klublarında kiçik yaşlı uşaqlara şeir öyrədən müəllimlər üçün də əlavə köməkçi vəsaitdir. Ona görə ki, azyaşlı uşaqlar hərfləri yaxşı tanıya bilmir, şeirləri oxuyub əzbərləməkdə çətinlik çəkirlər. Zaur Ustacın yazdığı bu şeirlər isə o qədər asan və yaddaqalandır ki, hər hansı hərfə və rəqəmə aid olan şeiri uşağa yalnız bir neçə dəfə təkrar etdirməklə əzbərlətmək olar.

Xüsusilə qeyd etmək istəyirəm ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş bu vəsait, eyni zamanda məktəbəqədər və ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər üçün də əvəzedilməzdir. İbtidai siniflərdə dərs deyən müəllimlər şagirdlərə əlifbanın hər hansı bir hərfini öyrədərkən bu vəsaitdən həmin hərf haqqında yazılmış şeiri də uşaqlara asan əzbərlədə bilərlər. Məsələn, müəllifin A hərfi ilə bağlı vəsaitin 4 səhifəsində yazdığı aşağıdakı şeirə diqqət yetirək:

A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünü,
A ilə başlayırıq.

Bu şeir vasitəsi ilə müəllim uşaqlara həm A hərfini öyrədə, həm də onlarda vətənpərvərlik hissi aşılaya bilər.

Təqdirəlayiq haldır ki, Zaur Ustac həmçinin vəsaitdə hərflərlə yanaşı, rəqəmlər haqqında da şeirlər yazmışdır. Həmin şeirlərdən 1 rəqəmi ilə bağlı yazılmış şeirə nəzər yetirək:

Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxanda
Söylə qalır, neçəsi?

Qeyd edək ki, müəllif bu şeir vasitəsilə uşaqlarda 1 rəqəmi və sadə riyazi əməllərlə (toplama və çıxma) bağlı təsəvvürlər və bacarıqlar formalaşdırmışdır.

Onu da qeyd edək ki, bu vəsait məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlarda məntiqi təfəkkürün və yaradıcılıq qabiliyyətinin formalaşmasına, həmçinin uşaqların asudə vaxtlarının səmərəli keçirmələrinə də köməklik edəcəkdir.

“Gülünün şeirləri” kitabı həm məktəbəqədər və kiçik məktəbyaşlı uşaqlar, həm də onların təhsili, təlim-tərbiyəsi ilə məşğul olanlar üçün çox qiymətli vəsaitdir, eləcə də böyük dəyərə malik mütaliə materialıdır. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev mütaliəyə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı və vasitəsi kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin son dərəcə vacib əhəmiyyət daşıdığını önə çəkərək demişdir: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.

Ulu öndər ölkənin və xalqın gələcəyinin yeni nəsilləri necə və hansı ruhda savada yiyələndirməkdən, tərbiyə etməkdən asılılığını məxsusi vurğulayırdı: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

Yenicə çapdan çıxmış “Gülünün şeirləri” kitabı məhz böyüməkdə olan nəsillərin layiqli vətəndaş kimi formalaşmasına xidmət göstərən materialları özündə cəmləşdirməklə yanaşı, geniş elmi-pedaqoji və didaktik imkanlara malikdir.

Uşaqlara təlim-tərbiyə vermək və onları maarifləndirmək baxımından da novator yazıçı Zaur Ustacın “Gülünün şeirləri” kitabı dəyərli bir vəsaitdir.

Onu da qeyd edək ki, vəsaitdə toplanılan şeir və tapmacalar müasir əhəmiyyətinə görə də qiymətlidir. Vəsait hər bir məktəbəqədər və kiçik məktəbyaşlı uşaqların bacarıqlı, yaradıcı və savadlı şəxsiyyət kimi inkişafına və gələcəkdə vətənpərvər bir gənc kimi formalaşmasına xidmət edəcək.

Ümid edirik ki, gələcəkdə bu vəsait daha da təkmilləşdiriləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şurasından keçərək sinifdənxaric tədris vəsaiti kimi ölkənin bütün ümumi təhsil müəssisələrində tədris olunan fənlərin siyahısına daxil ediləcək.

Taleh XƏLİLOV,
pedaqogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikası Təhsil Şurasının üzvü

4 dəfə oxundu

Axtarış