KAMAL CAMALOV - HÜSEYN CAVİD YARADICILIĞINDA UŞAQ PSİXOLOGİYASI
Müəllif: Yazarlar.AZ


25.10.2019


HÜSEYN CAVİD YARADICILIĞINDA UŞAQ PSİXOLOGİYASI

XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında xüsusi xidməti olan sə­nət­kar­lar­dan biri də Azərbaycan romantik şeirinin banisi Hüseyn Caviddir. Onun bu janrda fəa­liy­yə­ti təsadüfi olmamışdır. Yaradıcılığında uşaq əsərlərinə əhəmiyyət verməsi, XX əsrin əv­və­lində Azərbaycanda milli məktəblər şəbəkəsinin nisbətən genişlənməsi və ana dilində dərs­­liklərin uşaqlar üçün oxu materiallarının yoxluğu ilə əlaqədar idi. Təsadüfi deyildi ki, bu zəruriyyət üzündən Azərbaycanda bir çox mütərəqqi fikirli ziyalıların (M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, S.S.Axundov, M.Mahmudbəyov və b.) təşəbbüsü ilə uşaqlara məxsus mət­buat orqanları nəşrə başlayır, dərsliklər çap olunurdu. Yeni nəsli maraqlandıran, zöv­qü­nü oxşayan xüsusi əsərlər yazılır, tərcümələr edilir, mətbuat vasitəsilə uşaqlara çat­dı­rı­lır­dı. Bununla da Azərbaycanın görkəmli maarifpərvər şair və yazıçıları bir tərəfdən sə­ləf­lə­ri (N.Gəncəvi, M.Füzuli, Q.Zakir, S.Ə.Şirvani) tərəfindən əsası qoyulan milli uşaq ədə­biy­yatı sahəsindəki işi davam etdirirdi, digər tərəfdən, uşaqların təlim-tərbiyə və təhsil sa­hə­­sində ehtiyacını ödəməyə çalışırdılar. H.Cavid də məhz bu yolda əmək sərf etmiş, öz ya­ra­­dıcılığı ilə Azərbaycanda milli uşaq ədəbiyyatının xəzinəsinə töhfələr vermiş, onu yük­sək pilləyə qaldırmışdır.

Uşaq ədəbiyyatının tematikası H.Cavid yaradılılığında nə qədər müxtəlif olsa da, bu sa­­hədə onun əsərləri zahirən nə qədər dağınıq və sistemsiz görünsə də onlar öz məzmunu eti­barilə vahiddir, tərbiyəvi mənasına görə bir-birini tamamlayır və inkişaf etdirir, onlarda da­xili birlik və məqsəd aydınlığı vardır.

H.Cavidin bu sahədəki bütün səy və cəhdi bir məqsədə – ümumiyyətlə, adamların, xü­susən gənc nəslin əxlaqi cəhətdən yüksəlməsinə yönəldilmişdir; o, adamı həm özü üçün, həm də cəmiyyət üçün yararlı etməyə, onun zəkasını həyat təcrübəsi ilə, bəşəriyyətin əsrlər boyu yaratmış olduğu ən yaxşı sərvətlərlə zənginləşdirməyə çalışırdı. H.Cavid gənc nəsli elə silahlandırmaq istəyirdi ki, o, ictimai mühiti mümkün qədər dərin və ətraflı başa düş­sün, mövcud vəziyyətə düzgün qiymət verməyi bacarsın və hətta lazım gələrsə, onu də­yiş­di­­rə bilsin. Uşaq ədəbiyyatında H.Cavidin irəli sürdüyü məsələlər elə aktual və həyatidir ki, bir əsr bundan əvvəl yazılmasına baxmayaraq onlar hələ indi də öz əhəmiyyətini itir­mə­miş­dir. H.Cavidin əsərləri insan şəxsiyyətinin və cəmiyyətin inkişafına mane olan qa­ra­gü­ruh­­çu qüvvələrə qarşı mübarizə aparmaq üçün oxucunu mədəniyyətə, maarifə, in­san­pər­vər­­liyə, xeyirxahlığa, dostluğa, əməkdaşlığa çağırır. Həm də bütün bunlar oxuculara, bi­rin­ci növbədə uşaqlara elə məharətlə təqdim edilir ki, hətta kiçik yaşlı uşaqlar belə çətinlik çək­mədən onu oxuya və başa düşə bilir.

H.Cavidin uşaq və yeniyetmələr üçün yaratmış olduğu səmimi, sadə, təbii lirik şeir­lə­ri öz maraqlılığı, həyatiliyi, tərbiyə, təhsil nöqteyi-nəzərdən faydalılığı cəhətdən əha­tə­li­dir. Onun Azərbaycan uşaq ədəbiyyatının qızıl fonduna daxil edilmiş, indi də uşaqların dil­lər əzbəri olan «Qız məktəbində», «Sevinmə, gülmə quzum», «Öksüz Ənvər», «İlk bahar», «Çiçək sevgisi», «Qoca bir türkün vəsiyyəti», «Hərb və fəlakət», «Kiçik sərsəri» və s. ori­ji­nal şeirləri uşaq yaşına və psixologiyasına uyğun olaraq onlarda dünyagörüşünün, əq­lin, tə­fəkkürün, bədii zövqün və təxəyyülün formalaşmasına təsir edir. H.Cavidin uşaq ədə­biy­ya­tı sahəsində müvəffəqiyyətlə çıxış etməsi, onun uşaq əsərlərinin maraqlı, cəlbedici, uşa­ğın psixologiyasına uyğun olması ondan irəli gəlir ki, H.Cavid bir şair, dramaturq olaraq qal­ma­mış, həm də yüksək pedaqoji ustalığa malik bacarıqlı bir müəllim olmuşdur. Nakam öm­rünün axırına kimi müəllim işləyərək gənc nəslin təlim-tərbiyəsinə xidmət etdiyindən uşaq psixologiyasını daha dərindən öyrənmiş və onların yaşına müvafiq əsərlər ya­rat­mış­dır. Onun əsərlərinin tədqiqi və bu əsərlərdə irəli sürülən pedaqoji məsələlərin müəy­yən­ləş­­dirilməsi də H.Cavidin uşaq psixologiyasını incəliklərinə qədər bilən, uşaq aləmini ay­dın surətdə dərindən təsəvvür edən, əsl uşaq yazıçısına xas olan xüsusiyyətlərə malik «…nəcib, sevən, riqqətli, sakit, körpəcə sadədil bir qəlb, yüksək məlumatlı bir ağıl, şeylərə ay­dın bir baxış, yalnız canlı təsəvvür deyil, həm də canlı, şairanə bir xəyal, hər şeyi canlı, rəng­li surətlər halında təsəvvür etməyə qabil», uşaqları ata məhəbbəti ilə sevən şair-pe­da­qoq-psixoloq olduğunu təsdiq edir.

H.Cavidin şeirləri nəinki uşaqları, hətta böyükləri belə cəlb edir; bu şeirlər diqqəti cəlb edir, oxucunun qəlbinə daxil olur. H.Cavid öz yaradıcılığında belə tələbləri nəzərə al­mış­­dır; o öz şeirləri ilə uşaqları heyran edir, intizarda qoyur, sevindirir, ruh yüksəkliyi ya­ra­­dır və s. Elə buna görə də H.Cavid artıq romantik uşaq ədəbiyyatının yaradıcısı kimi yox, həqiqətən bədii realist uşaq ədəbiyyatının yaradıcısı olmağa çalışmışdır. H.Cavid Azər­­baycanda uşaq ədəbiyyatının sürətlə inkişafına ciddi təsir göstərmişdir. O, uşaqlar üçün yazılmış olan əsərlərdə yoruculuğa, darıxdırıcılığa, sıxıntılığa, səmərəsizliyə qarşı çıx­mış­dır. Öz uşaq ədəbiyyatı ilə H.Cavid uşaqlarda ideyalılıq, həyatilik, doğruçuluq, yük­sək bədiilik, zəngin bədii təxəyyül və s. kimi əxlaqi keyfiyyətlər tərbiyə etməyə ça­lış­mış­dır. Uşaqları yormadan, onları darıxdırmadan ədəbiyyat vasitəsilə onlara bilik vermək və tər­­biyə etmək Cavidin arzusu olmuşdur. Şair uşaqları uydurulmuş sayıqlamalarla al­dat­ma­ğın əleyhdarı, həyat həqiqətlərinin uşağa şərh edilməsinə tərəfdar idi.

Gözəl həyata çağırış, zülmkarlara qarşı amansız mübarizə aparmaq və insanın ya­ra­dı­cı qüvvəsinə inam H.Cavidin uşaq ədəbiyyatının əsas qayəsini təşkil edir. Həqiqət və xe­yir­xahlığın qələbəsinə inam onun bütün əsərlərinin tamlığını təşkil edir. Şairin əsərlərində hə­yat təcrübəsindən irəli gələn xalq müdrikliyi tərənnüm edilir; buna görə də onun ya­rat­mış olduğu uşaq ədəbiyyatı gənc nəslin tərbiyəsində böyük rol oynayır.

İlkin olaraq qeyd edək ki, H.Cavid pedaqoji-metodik fikir tariximizdə dərslik müəl­li­fi kimi də tanınır. Bildiyimiz kimi, XIX əsrin axırları – XX əsrin əvvəllərində milli dərs­lik kitablarımız yox dərəcəsində idi. Dərslik kitabları yazmağa təşəbbüs göstərən şair və ədib­­lərimiz Abdulla Şaiq və Hüseyn Cavid olmuşdur. Təsadüfi deyildi ki, 1919-cu ildə əməl dostları A. Şaiqlə H.Cavidin birgə yazdığı «Ədəbiyyat dərsləri» adlı dərslik ki­tab­ça­sı pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, müəllim və şagirdlərin istifadəsi üçün yararlı hesab edilmişdir. Bu tədris vəsaiti uğurlu nəşr idi. Müəlliflər Azərbaycan Xalq Cümhuriyyətinin «Hökumət mətbəəsi»ndə nəşr olunmuş dərslikdə dövrün ictimai si­fa­rişlərini və pedaqoji tələblərini gözləməyə çalışmış və demək olar ki, buna nail olmuşlar. Şüb­həsiz, belə debütün əsasında hər iki müəllifin çoxillik müəllimlik təcrübəsi, «uşaq ru­hu­nun mühəndisi» olmaq kimi psixoloq-pedaqoq keyfiyyətləri və ən başlıcası isə onların parlaq yazıçı istedadı dururdu. Məhz bunun nəticəsidir ki, H.Cavid uşaq şeirlərinin mahir ustası kimi tanınır və qiymətləndirilirdi.

Fikrimizcə, H.Cavidin uşaq şeirlərini məzmun-mündəricə baxımından iki qismə ayır­­maq olar: birinci qisim şeirlərində bu sahənin klassikləri kimi H.Cavid də uşaqların ətraf aləm haqqında tanışlığı, bilik və təsəvvürlərinin genişləndirilməsinə çalışır. Məsələn, «İlk bahar» və s. şeirlərində olduğu kimi. İkinci qisim şeirlərində isə daha çox özünün pe­da­­qoji baxışlarını – tərbiyə haqqında fikirlərini ön plana çəkir. Məsələn, «Öksüz Ənvər», «Qız məktəbində» və s. şeirlərində olduğu kimi.

«Kiçik bir məktəbliyə» həsr olunmuş «İlk bahar» şeirində şair ilk öncə baharın gəl­mə­si ilə təbiətdə baş verən canlanmanı qələmə alır. Cavid baharın gəlişi ilə insanların tut­qun qəlbinin açılmasını, məktəbli oğlan və qızların bir ağızdan oxuyub-oynamasını, qol-qo­­la gəzib təbiətin bu füsunkar gözəlliyinə heyran olmalarını pedaqoji ustalıqla təsvir etmişdir:

Bahar, bahar gəlmiş, yenə ilk bahar;

Güllər, çiçəklər gülər, quşlar oynar.

Göyün altın saçlı qızı nur saçar,

İnsanların tutqun gönlünü açar…

Bir yanda məktəbli bir çox qız, oğlan

Oynaşıb oquşur həp bir ağızdan.

Əl-ələ, qol-qola şadan olurlar,

Haqqın qüdrətinə heyran olurlar.

H.Cavid çılpaq nəsihətə, didaktizmə yol verməmək üçün şeirlərini həyati hadisələr əsa­sında yazmışdır. «Öksüz Ənvər» şeirində oxuyuruq: Budur, oxuduğu sinifdə həmişə dərs­də və əxlaqda birincilik qazanan doqquz yaşlı balaca Ənvər neçə gündür ki, dərsdə su­sur, danışmır: dindirəndə də sel kimi göz yaşları tökür, hıçqırıqlara boğulur. Ənvər çox­dan­­dır ki, atadan yetim qalmışdır. Üç ay var ki, yeganə ümidi olan anası da sönmək üz­rə­dir. Ənvər hər sabah dərsə davam edir, ancaq fikri, xəyalı anasının yanında qaldığından müəl­limin söylədiklərini eşitmir, «bir şey anlamayır»:

Dalıb, dalıb gediyor, dərs için, vəzifə için,

Toqat yeyirsə də biçarə susmuş, ağlamayır.

Artıq səkkiz gündür ki, Ənvər dərsə getməyir. Artıq anasını itirdiyindən hər gün mə­zarı üstündə ağlar, sonra bayğın hal keçirər. Müəllimə gəldikdə isə, Ənvər onu yalnız bir şagird kimi maraqlandırır. Əgər şagird verilən tapşırıqlara əməl etməyibsə, məlum sə­bəb­lər üzündən belə dərsə gəlməyibsə, müəllimin nəzərincə tənbehə layiqdir. Bəs bir in­san, canlı varlıq və psixoloji-ruhi orqanizm olaraq Ənvəri duymaq, onun pərişan əhval-ru­hiyyəsinə aşina olmaq, təsəlli etmək lazım deyilmi:

Sorar sinifdə müəllim o kimsəsiz cocuğu,

Qızar da söylənərək hər gün arxasınca onun;

«Aman, nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi

Nə bir xəbər, nə bir iz var? Demək o bir çapqın…»

Şair şeiri ürək yaxan, qəlb titrədən aşağıdakı sonluqla bitirir:

Yarınkı gün o soluq çöhrə pürməlali təb,

Sinifdə ərzi-vücud etdi. Dərsə başlanacaq

Müəllim əksi, çatıq üzlə püritabü qəzəb,

Görüncə Ənvəri, qaldırdı:

– Ey Cocuq, mənə bax!

Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin?

Düşünmə, söylə!

– Əfəndim, şey…

–Ah, dəni, yaramaz!

Nasıl da bax dalıyor, sanki tülküdür qurnaz!..

Cocuqcığazda cavab: iştə bir sükuti-həzin…

Gözündə dalğalanır incə bir bahar buludu,

O həp baxıb duruyor, yoxdur onda hiylə və suç…

Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç

Toqatlayınca, cocuq bircə kərrə hıçqırdı;

«Aman, vay, annəciyim!..», sonra qəşş olub getdi;

Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.

Göründüyü kimi, bu parçada təsvir olunan müəllim də, sinif də köhnə cəmiyyətin müəllimi, şagird kollektividir. Müsibətlərə düçar olmuş balaca Ənvərin dərdindən, ələ­min­dən nə müəllimi, nə də şagird yoldaşları xəbər tutur. Səkkiz gün dərsə gəlməyən Ənvərlə ma­raqlanmırlar. Onu heç kəs duymur, üstəlik, patriarxal rejimin sərt, kobud tərbiyə üsul­la­rın­dan əl çəkməyən müəllimin yaramaz hərəkətləri Ənvəri daha da sarsıdır. Bu cavablar, na­layiq sözlər, «toqatlar» məktəbli şagirdin ürəyinin dərinliklərindən gələn hıçqırıqlara, göz yaşlarına və nəhayətdə, «qəşş olub» getməsinə səbəb olur.

H.Cavidin bilavasitə məktəblə bağlı olan şeirləri içərisində «Qız məktəbində» adlı şeiri də diqqəti cəlb edir. Cavid Gülbahardan sorduğu suallara dəyərli və məntiqli cavablar alır. Şeirin məzmunundan aydın olur ki, Gülbaharın atası «bəyzadə»dir. Müəlliməsi tə­rə­fin­dən Gülbara elə aşılanıb ki, qızcığazın heç bir varda, dövlətdə, qızılda gözü yoxdur. Gül­­bahar müəlliməsinin söylədiyi kimi, «bir qızın, ancaq bilgidir, təmizlikdir ziynəti» söz­lə­rini şüar tutaraq məhəbbətinin allaha, onun göndərdiyi elçilərə, ata-anasına, müəl­li­mə­si­nə və ən nəhayətdə bütün insanlara olduğunu açıqlayır:

Müəlliməm hər gün söylər: «Onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti».

– Pək doğru söz. …Bu dünyada sənin ən çox sevdiyin

Kimdir, quzum, söylərmisin?

– Ən çox sevdiyim ilkin

O allah ki, yeri, göyü, insanları xəlq eylər.

– Sonra kimlər?

– Sonra onun göndərdiyi elçilər.

– Başqa sevdiklərin nasıl, yoxmu?

– Var…

– Kimdir onlar?

Anam, babam, müəlliməm, bir də bütün insanlar…

Qeyd etdiyimiz kimi, məktəblə valideynlər arasında bu kimi sıx əlaqə yaradılmalı, vahid tələblər sistemindən yanaşılmalıdır.

«Sevinmə, gülmə, quzum!» adlı şeirində isə H.Cavid insan şəxsiyyətinin tə­şək­kü­lün­də tərbiyənin rolunu yenə yüksək qiymətləndirir. Şeirdə qeyd edilir ki, birinə ağır fə­la­kət üz verərsə, belə hala sevinmək lazım deyildir. O, «zavallıların», «bikəslərin» qəlbinə to­xunmamağı məsləhət edir.

Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə;

Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!

Sevinmə başqasının hali-pürsəfalətinə,

Toxunma qəlbinə bikəslərin, zavallıların.

Toxunma ruhum! Əvət, kinlidir fələk, bir gün…

Qızar, həmən gücənib intiqam alar səndən.

Bu gün gülən yarın ağlar, saqın öyünmə, düşün!

Düşün də munis ol! İncitmə, qırma kimsəyi sən!..

Göründüyü kimi, şair-müəllim uşaqları yoldaşlıqda, dostluqda möhkəm olmağa, biri-birilərinin qəmlərinə, sevinclərinə şərik olmağı, tən olmağı məsləhət edir. H.Cavid bu cür hikmətamiz sözləri aydın, obrazlı, saf Azərbaycan milli koloritində, canlı təsvir olunan ha­disələr fonunda elə bacarıqla verir ki, şagirdlər bunu daha aydın başa düşür, ondan tə­sir­lənir, öz əməli işlərində və davranışlarında bu tələblərə əməl etməyə çalışırlar.

Şairin uşaq əsərlərinə xas olan xüsusiyyətlərdən biri də onun şeirlərinin konkretliyi, fikir aydınlığı ilə fərqlənməsidir. Cavidin yuxarıda adları qeyd olunan şeirləri məhz bu cə­hət­dən də maraqlıdır. Bu şeirlərdə artıq ifadə və sözlərə rast gəlmirik, hər sözün öz yeri, öz mə­nası vardır. Şair həmişə lakonik şəkildə sözlə çox məna və fikir ifadə etməyə çalışır ki, bu da uşaqlar üçün yazılan əsərlərə verilən mühüm tələblərdəndir.

H.Cavid əsərlərində irəli sürdüyü ideyanı, elmi məlumatları, həyat hadisələrini elə ma­raqla, elə real şəkildə ifadə edir ki, hər bir şagird, uşaq həmin məlumat və hadisələri ay­dın dərk edir, düşünür, müqayisə edir, müstəqil mühakimə yürüdə bilir. Cavid əsərlərində əsas ideyanı – şagirdlərə aşılanacaq əxlaqi keyfiyyətləri daha təsirli çatdırmaq üçün həmişə mən­fi və müsbət keyfiyyətləri – yaxşılıq-pislik, sadəlik-təkəbbürlülük, təvazökarlıq-lov­ğa­lıq, xeyirxahlıq-bədxahlıq, tənbəllik-işgüzarlıq və s. bir-biri ilə qarşılaşdırır. Bunlardan han­sının yaxşı keyfiyyət və hansının pis sifət olduğu uşaqlara əsaslı sübutlarla izah edilir. Bu da əsərdə irəli sürülən tərbiyəvi ideyanın şüurlu şəkildə mənimsənilməsini təmin et­mək­lə uşaqlarda müstəqilliyi, təşəbbüskarlığı və fikir fəallığını yüksəldir.

Qeyd etmək lazımdır ki, H.Cavidin uşaq şeirləri nəinki uşaqlar üçün tərbiyə mək­tə­bi­dir, eyni zamanda, yaşlı nəsli də dərindən düşündürməyə sövq edir, onların əxlaqına, mə­nəviyyatına qida verir. Heç təsadüfi deyildir ki, şair-müəllimin uşaq şeirləri dəfələrlə Abdulla Şaiqin hazırladığı milli uşaq dərsliklərində, o cümlədən «Türk çələngi», «Qiraət ki­tabı», «Türk ədəbiyyatı» kimi milli dərslik kitablarında nəşr edilmişdir.

Bütün bu deyilənlər göstərir ki, H.Cavidin gənc nəslin təlim və tərbiyəsində uşaq ədə­biyyatının əhəmiyyətini aydın dərk etdiyini, onun yaradılması üçün məhsuldar ça­lış­dı­ğı­na sübutdur.

Yekun nəticə olaraq qeyd edək ki, Hüseyn Cavid gənc nəslin tərbiyə olunmasında uşaq ədəbiyyatına böyük əhəmiyyət vermiş, nəinki sözdə, hətta pedaqoji fəaliyyəti illərində də uşaq­lar üçün necə yazmağın lazım olduğunu əyani olaraq göstərmişdir. H.Cavid tərəfindən yaradılmış uşaq ədəbiyyatı təsadüfi söylənilmiş fikirlər yığını deyil, mün­təzəm şəkildə şərh edilmiş pedaqoji ideyalar sistemidir. H.Cavidin uşaqlar üçün yazıb ya­ratmış olduğu əsərlər müəyyən bir məqsədə yönəldilmişdir. Həmin əsərlərin ya­zıl­ma­sın­da uşaq psixologiyasının xüsusiyyətləri nəzərə alınmışdır. Bildiyimiz kimi, XI sinif şa­gird­lə­rinin dərsliklərində Hüseyn Cavidin əsərləri tədris edilir. Arzu edərdik ki, ibtidai sinif şa­gird­lə­rinin də dərsliklərində böyük ideallar şairinin şeirləri öz əksini tapmış olsun.

Müəllif: Kamal Camalov

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

5 dəfə oxundu

Axtarış