Kişilik...
Müəllif: Meyxoş Abdullah


16.02.2021


(hekayə)

... Yay günlərindən biriydi. Həyətdəki tut ağacının altında oturub, çay içirdik. Elə bu vaxt, kiçik oğlum xəbər gətirdi ki, bəs, toyuqlarımız qonşunun həyətinə keçibdir.
Qonşunun həyətiylə bizim həyəti torməftil deyilən çəpər ayırırdı.
Ayağa qalxıb qonşunun həyətinə tərəf getdim və torməftili azacıq qovzayıb, altına daşparçası söykədim ki, toyuq-cücə rahat qayıdıb yerlərinə keçə bilsinlər.
Uşaqların anası da, mis kasada dən gətirib toyuqları tütülədi ki, heyvanlar dəni görüb həyətə qayıtsınlar.
Əvvəlcə, balaca cücələr, sonra isə toyuqlar qaqqıldaşa-qaqqıldaşa məftilin altından keçib həyətə cumdular. Qonşunun həyətində təkcə çil xoruzumuz qaldı. Onu da həyətə salmaq üçün, oğlum qollarını geniş açıb, xoruzu həyətə kişlədı. Amma xoruz torməftilin altından keçmək əvəzinə bir az da uzağa qaçdı.
Onu tərslik tutmuşdu, haray-həşir salaraq ora-bura vurxunurdu. Əsəblərimiz tarıma çəkilmişdi, xırda bir məsələ böyüyərək, artıq bizi hövsələdən çıxarmaq dərəcəsinə çatmışdı. Xoruz isə inadından dönüb, torməftilin altından keçmək istəmirdi.
Çarəsiz qalıb, uşaqlarla üçbiryandan onu açıq yerə tərəf qısnadıq. Geriyə yol yox idi, fikrimizcə, bu dəfə xoruz məcbur qalıb torməftilin altından keçməliydi.
Ona yaxınlaşdıqca dairə kiçilirdı. Xoruz isə başını aşağı əyib toyuqlar keçən yerdən keçməyə, elə bil can çəkirdi. Biz onu tutatutdaydıq. Bu vaxt xoruz qanad çalıb havaya qalxdı və çırpına-çırpına torməftilin üstündən özünü həyətə tolazladı.
Onun bu hərəkəti hamımızı təəccübləndirsə də, anladıq ki, toyuq-cücəsinin yanında başını aşağı əyib torməftilin altlndan keçməyi xoruz öz “kişiliyinə” sığişdırmadı...



7 dəfə oxundu

Axtarış