Lalə İsmayıl - Yalvarım
Müəllif: YAZARLAR.AZ


21.03.2021


Kədər yağıb göz-qaşına,
Üz çevirib sirdaşına,
Yenə çıxıb dağ başına
Enərmi düzə, yalvarım?!
* * *
Nazı kəsir nəfəsimi,
Gözdə qoyur həvəsimi,
Bir dinləyə haqq səsimi,
Baxmayır sözə, yalvarım.
* * *
Qoymayır inadın yerə,
Salıb məni dərdə-sərə.
İstəyirəm bircə kərə
Gələk göz-gözə, yalvarım.
* * *
Gecəm, günüm olub haram,
Sızıldayır könül yaram.
Zalım balasında param
Düşmüşəm dizə, yalvarım.
* * *
Öyrənib fələk felini,
Yamsılayır dağ selini.
Talan edib mən dəlini
Salmasın közə, yalvarım.
* * *
Yarım qalmasın arzumuz,
Barışsın bəxt ulduzumuz,
Qoşa yazılsın yazımlz
Gül açsın təzə, yalvarım.
* * *
Sədəfli saz dilə gəlsin,
Çal, Lalənin bağrın dəlsin,
Yarım gülə-gülə desin,
“Dur gedək bizə “, yalvarım.
20.06.2017.
Müəllif: Lalə İsmayıl

2 dəfə oxundu

Axtarış