Mariyan Şeyxova. Poetik tərcümələr
Müəllif: Firuz Mustafa


11.03.2019


Mariyan Şeyxova (Müslümova Miyasət Şeyxovna) 31 dekabr 1960-cı il tarixdə Dağıstanda, Lak rayonunun Ubra kəndində doğulub, milliyyətcə lakdır, rusca yazıb-yaradır. Dağıstan Dövlət Universitetinin filologiya və hüquq fakültələrini bitirib. Pedaqoji elmlər namizədidir. Maxaçqalada yaşayır. “Mələklər qan içində”, “Dənizlə birgə”, “Dante ilə dialoqlar” adlı poetik kitabların müəllifidir. Rusiya Yazıçılar Birliyinin, Beynəlxalq Yerusəlim Yazıçılar İttifaqının, Qafqaz Yazıçılar Klubunun üzvüdür.
R.Həmzətov adına Respublika mükafatı, “Rusiyanın qızıl qələmi” mükafatı laureatı, habelə “Zolotaya strofa-2010” müsabiqəsinin qalibidir.

Bu gün baxışların ağır, sürəkli

Bu gün ağaclardan töküldü sanki
Bu son ümidlər də
In memoriam Şnitke.

Bu gün baxışların ağır, sürəkli,
Volqanın sahilindəki
O gəmi kimi.

İlk dəfə gözümü çəkə bilmirəm,
Yad sahilə atılmış
Yarpaq kimiyəm.

İndi yük altında inləyib oxuyuram axı
Nə qədər dibsiz imiş
Susmaq günahı.

Sözdən qaçmaq üçün qalmadı heyim,
Yaddan çıxan yuxularla
Ödədim hər şeyi.

Bu gün baxışımı ayırmaq çətin,
Çəpəki qaçıram
Lap Şubert təki.

Bu gün ilk dəfə oxudum harayını
Çoxunun düşdüyü uçurum kimi
Bir adada yəni.

Dünən bacarmadım, bu gün bilmədim,
Özümə gəlmədim.
Sabahsa son ümidlərin sehrli seli
Axacaq göz yaşı kimi
In memoriam Şnitke.

Gözündə ayrılıq daha ağırdı,
Sanki qar, yorğunluq, həsrət yağırdı.


Bir söz bilmirdi...

Məhəbbət dağlarda çox söz bilməyir,
Bəlkə ona görə başqaydı yönü.
Məhəbbət bilmirdi məhəbbət nədir,
Atan da bilmirdi o zaman bunu.

Fermaya gəlmişdi, bəli, o, bir gün,
Dağlarda günlər də səs-küysüz keçir.
Onda süfrə açdım tək bir nəfərçün
Sakitcə əyləşib o, yeyib-içdi.

Hə, çıxıb gedərkən soruşdu birdən:
“Gələ bilərəmmi bura bir zaman?”
Elə bil od düşdü köksümə bu dəm,
Dedim: “Öz işindir. Fikirləş, oğlan.”

Təsadüfən gəlməmisən sən bura

Yoxuş ağır, qalxmaq çətin, qıy səsi,
Hava seyrək... Yaxına gəl, yad adam.
Qalxıb-enir bu yollar tək nəfəsim
Bu tərəfdə, bu yollarda mən yadam.

Təsadüfən gəlməmisən bu yerə,
Zəvvar, burda gözəllik yox bilirsən.
Burda Günəş nur çiləyir göylərə,
Burda şəfəq zülmət qovur əzəldən.

Danışma, sus... Təkcə dağlar danışsın,
Minillərin sirlərini izləyək.
Onlar quş tək qanad gərib uçuşsun,
Onlar bizi, biz onları səsləyək.

Tərcümə edəni: Firuz Mustafa


17 dəfə oxundu

Axtarış