Mayıl DOSTU - Dünya həmən dünyadı... - şeirlər
Müəllif: YAZARLAR.AZ


16.01.2021


DÜNYANIN GÜNAHI YOX
Döyürük, söyürük çox nahaq yerə,
Günahı nədir ki, fağır dünyanın.
İnsanın əməli göz görə -- görə,
Çəkisin azaldır ağır dünyanın.
***
İnsandır dünyanın gərdişin əyən,
Fitnəsi, fəsadı baş alıb gedir.
"Şeytan öz içində", yoxdu bir deyən,
Daşı daşlamağı - daş alıb gedir.
***
Əlinin papağın başından alıb,
Kələklə, Vəlinin başına qoyur.
Bu boyda cahanı insan kiçildib,
Az qala, üzüyün qaşına qoyur.
***
Tamah at oynadır, nəfis tüklənir,
Zənginlik, var-dövlət meydan sulayır.
Halallıq, ədalət, mərdlik təklənir,
Çaqqal nərə çəkir, aslan ulayır.
***
Dünyanı çürüdür şöhrət azarı,
"Mənəmlik" sevdası amala dönüb.
Dünyamız olubdu silah bazarı,
Qan tökmək istəyi kamala dönüb.
***
Bir tonqal qalayıb atıbdı ora,
Günahsız dünyanı qaynadır insan.
Axı, dünya hara, oynamaq hara?
Dünyanı "Yallı"ya oynadır insan.

==============================

B U R D A
Azərbaycan üzük, Şuşam qaşıdı,
Murov, Qırxqız tariximin yaşıdı,
Kəlbəcərim yaylaqların başıdı,
Təbiət dil açır, dillənir burda.
***
Çəmənlər elə bil, nazlı pəridi,
Talalar meşənin xallı zəridi,
Təbiət danışır, sanki diridi,
Yamaclar gül açır,güllənir burda.
***
Həkəri, Bərgüşad nəğməli dilim,
Tərtər Dəlidağa uzanan əlim,
Xaçınla Qabartı çağlayan selim,
Çaylar selə dönür,sellənir burda.
***
Azad Qarabağdan doğma səs gəlir,
Torpaqlar sevinir, əziz kəs gəlir,
Adamın canına xoş həvəs gəlir,
Arzular göylərə millənir burda.
12. 01. 2021.

==============================

KƏNDİMƏ GETMƏK İSTƏYİRƏM
İyirmi doqquz il həsrət çəkmişəm,
Ömürü şumlayıb sitəm əkmişəm,
Hər qarışa şəhid qanı tökmüşəm,
Haqqımdır yerimək doğma kəndimə.
***
İsti - isti dyülməli du dəmir,
Yoxsa,çox su aparacaq bu xəmir,
Gözləyirəm yuxarıdan gəlsin əmr,
Haqqımdır yerimək doğma kəndimə.
***
Silahlı erməni Yurdumda hələ,
Verməyək papağı ta günə, lələ,
Düşmənim qursa da yüz tor,yüz tələ,
Haqqımdır yerimək doğma kəndimə.
***
Gah Ağdərə, gah Ağdama baxırıq,
Sağa, sola, hər tərəfə axırıq,
Ta dözə bilmirik, yola çıxırıq,
Haqqımdır yerimək doğma kəndimə.
***
Üzü Sırxavəndə, baxıram Yurda,
Silahlı erməni hərlənir burda,
Dönmək istəyirəm yırtıcı Qurda,
Haqqımdır yerimək doğma kəndimə.
***
Qələbə çatmalı Sırxavəndimə,
Ağdərə ünvanlı hər bir kəndimə,
Tanrım, ucalıqdan bizi endirmə,
Haqqımdır yerimək doğma kəndimə.
13. 01. 2021.

==============================

YADIMDAN ÇIXMIR
Şimşəyin dağlara alov kötəyi,
Palıd gövdəsində arı pətəyi,
Yamyaşıl meşənin güllü ətəyi,
Dümağ quzey qarı yadımdan çıxmır.
***
Daş Bulağın nərgiz dolu yolları,
Nabatın meşəni qucan qolları,
Sızqanın döşündə moruq kolları,
Yurdun bulaqları yadımdan çıxmır.
***
Ballı Qaya zirvələrin tacıdı,
Sığnağın qardaşı, Şişə bacıdı,
Dəmirçi Güneyi müdrik qocadı,
Ulbabın vüqarı yadımdan çıxmır.
***
Qırxqız, Murov yaranışdan tamaşa,
Gül - çiçək Kar Daşı büküb qumaşa,
Xaçın çayla dar dərələr baş - başa,
Şahqulunun Darı yadımdan çıxmır.
***
Meşələri meyvə dolu bağçaydı,
Zoğal, əzgil, alma - armud, alçaydı,
Qoz, fındıqla naxışlanmış boğçaydı,
Meşənin bol barı yadımdan çıxmır.
***
TalalarI yaşıl rəngə bürünən,
Qırxbuğumu dar cığırla sürünən,
Kol dibində bənövşəsi görünən,
Baharın nübarı yadımdan çıxmır.
***
Ayların mələyi sevimli Maydır,
Çeşməli dərələr cənnətə taydır,
Buralar Tanrıdan ən gözəl paydır,
Yurdumun qübarı yadımdan çıxmır.

==============================

İNSAN OLSAM BƏSİMDİ
Güzarım çox düşdü çənə, dumana,
Büdrədim, yıxıldım, amma azmadım.
Məndən şit məddahlıq, tərif umana,
Bircə misralıq da tərif yazmadım.
***
Həyatım sığallı, hamar olmadı,
Ömür yollarına tufanlar əsdi.
Fərəhim boy atıb yaşa dolmamış,
Fələk sevincimin nəfəsin kəsdi.
***
Haqsız gördüm, əlim haqdan yapışdı,
Dürüstlük istəyim, məramım oldu.
Ömrüm taleyimlə küsdü, barışdı,
Ünsiyyət, mərhəmət qərarım oldu.
***
İnsan köçüb gedir, xatirə qalır,
Yaxşını, yamanı yazan özünsən..
Qismət də, tale də nahaq suçlanır,
Dərin də, dayaz da qazan özünsən
***
Uca tutdum sadəliyi, kamalı,
Ədalət, həqiqət aldığım dərsdi.
İstəmirəm nə dövləti, nə malı,
Desələr "insandı", bu mənə bəsdi.


Müəllif: Mayıl Dostu

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

==============================

7 dəfə oxundu
user profile image
YAZARLAR.AZ şərh etdi.
4 months ago

Mayıl DOSTU - Dünya həmən dünyadı... - şeirlər


Axtarış