Mini-şeirlər
Müəllif: Sima Ənnağı


12.03.2021


*
Biz sevmirdik.
Yorğun ürəklərimizlə sevişirdik.
Həyat
Cavabsız suallarla dolu,
Duyğular - qarşılıqsız.
Boşluq qalib gəlir.
Ağlama.
Gözəllərin
göz yaşına kimsə inanmaz.
*
Saçlarına günəş qonub.
Əllərində
yay ətri var.
Gözlərindəki sükutu
darmadağın etmək,
dilində gizlənmiş
sözləri
eşitmək üçün
neyləyim...
*
Səni
düşünməmək üçün
kağızları masaya töküb
yazıram.
Amma
hər sözdə
sən görünürsən...
*
Ürəyimi riqqətə gətirən
sözlər,
səslər,
hislər,
günümün hörüldüyü daha nələr...
Xoşbəxtəm, deyə bilərəm.
Zaman
gülür...
*
Neynirsiz başdaşılarında
adları, fotoları...
O dünyaya giriş üçün
ruhlara ad gərək deyil...
*
Gözlərini oxuduqca,
yadlaşırsan...
*
Adın şeirə bənzər,
xəfif külək kimi
dodaqlarıma toxunar,
hər dəfə
səni xatırlayarkən...

2011

7 dəfə oxundu

Axtarış