MÜQƏDDƏS QİSAS - ZAUR ƏRMUĞAN
Müəllif: YAZARLAR.AZ


12.10.2021


MÜQƏDDƏS QİSAS
Göylərə çəkilən şəhid ruhuna
Tanrı sığal çəkir öz əlləriylə.
Dünyanın göz açan al sabahına
Şəhid ətri dolur yurd yelləriylə.
* * *
Yer üzü, göy üzü sarınmış cəngə,
Torpağın qarası bir lalə rəngə.
Nərələr təbildir bir gur ahəngə,
Savaş meydanı da can çölləriylə...
* * *
Şəhid qanlarıyla yoğrulub torpaq,
Təzədən, təzədən doğulub torpaq.
Bir bax, məşəl olub, od olub torpaq,
Əbədi alovu qor dilləriylə.
* * *
Bil, adı mərdlikdir hər başdaşının,
Qəddi dağ qəddidir qəlb sirdaşının.
Gözlərdən süzülən o göz yaşının
Çeşməsi ürəkdir ah selləriylə.
* * *
Şəhidlər torpağı vətən eləmiş,
Bu çölü, bu dağı vətən eləmiş.
Şəhidlər bayrağı vətən eləmiş,
Gəlir səcdəsinə yurd elləriylə.
* * *
Oğullar zəfərlər çaldığı yerdə,
Müqəddəs bir qisas aldığı yerdə,
Şəhid məzarının olduğu yerdə
Vətən çiçək açıb tər gülləriylə.
1oktyabr 2021
Müəllif: Zaur Ərmuğan
YAZARLAR.AZ və BİTİK.AZ

12 dəfə oxundu

Axtarış