nağıl - şeirlər
Müəllif: Cəmilə Allahverdiyeva


28.03.2021



NAĞIL № 21

Damdabaca,
Qaranlıqda, işıqda gəl,
Gizlində yox, aşkarda gəl.
Mən gətirməyim özün gəl...
Sözümdə yox, fikrimdə yox,
Gözümdə gəl!..
Gəl,
Susqunluğun son həddində,
Hər gün bir günün cildində,
Canıma qəsd istəyəndə!..
Damdabacam,
Sönmüş ocağdandır
Tüstülənən bacam...
Nağıl dolu Damdabacam!..
Gələcəksən,
Səni nağıl danışmağa qoymayacağam!
Susacaqsan,
Çünki mən danışacağam...
Bilirsən,
Nə qədər nağıl qoşmuşam...
Deyəsən səni körpəlikdən
Mən hər yerdə
Uydurmuşam...
Hər yerdə,-
Mütəkkədə, evciklərdə,
Işıq gələn pəncərədə,
Tir-tir əsən cücərtidə,
“Ağac” adlı rəfiqəmdə,
Daha kimdə, daha nədə...
Damdabacam,
Sənə acam!..
Gələcəksən,
Əvvəlcə qollarımı boynuna sarıb
Süst dayanacağam...
Oturacaqsan,
Tez ayaqlarına sarılıb
Dizinə baş qoyacağam...
Saçıma əl gəzdirəndə,
Əlini tutub ovcumda sıxacağam...
Üzümü ovcunda gizlədib,
Öpəcəyəm, qoxlayacağam...
Damdabacam,
Səni getməyə qoymayacağam!
Səni ömürlük yaşadacağam.
Sənin üçün yaşayacağam!
Yaşa,
Mənim Üçün,
Damdabacam!

NAĞIL № 24

Uçuşa hazıram!
Yaşamadıqlarımdan
Hər şeydən
Dadmış kimi varam!
Ancaq,
Qəribə qəhər boğur məni...
Qərib qəhər əslində
Boğmamalıdır məni
Uçuşa hazırkən!
Amma boğur...
Deməli,
İ N S A N A M!
Nisgilim, umu-küsüm qalır...
Bir də,
Canımı qarşıma qoyub,
Tumarlamağım,
Haqqını aramağım...
Bacarsaydım, ona gördüyü,
Hiss elədiyi
Gözəllikdən
Ağrısız, əzabsız zövq alaraq
Yaşamağı verərdim!..
Ya - şa - ma - ğı!..
Yükdən azad,
Qəhərsiz,
Qəribsiz,
Uçuşu verərdim!..

NAĞIL № 36

Burda qalmaq istəmirəm!
Uzaqda,-
Lap uzaqda bir işıq yanır...
Deyəsən,
Bacasından tüstü də qalxır...
Yuxusuzam,
Yorğunam və
Acam.
Lakin sonsuz bəxtiyaram,
Çünki yanan işığa və
Tüstüyə boylanıram!

NAĞIL № 46

Axşam düşcək yuxusu varmış kimi
Yorğan altında yumaq kimi qıvrılan,
Yastığa qısılan və
Qaranlığın buz kimi soyuq,
Daş kimi lal yaxasından yapışan
Boğuq-boğuq hıçqıran!
Nə böyük səadətmiş
Yorğanın qucağı,
Qaranlığın kor ocağı?!
Orda,-
Lap orda,
-Sonsuz göylərdə,
“Ağacları altından çaylar axan yerlərdə”
Qaranlıq buz kimi qaralmayacaq,
Yaxasından da daş asılmayacaq!..
Deyin,
Amin, amin!..

NAĞIL № 51

Yumdum barmaqlarımı ki,
Qoruyum ovuclarımı...
Ovcumda da qoruyacağam
Barmaqlarımı...
Yumruqlu qollarım olacaq!
Kirpiklərimi sıxacağam ki,
D Ü N Y A – portağal rəngində!..
D Ü N Y A – masmavi rəngdə!..
Canı bağışlayacağam
Torpağa, ağaclara,
Budaqlara, buludlara ki,
Güclənib qaldıra bilsinlər məni
Portağal rəngində dünyama...
Mən alışdım bu dünyanı olduğu kimi görməyə...
Dünyama özüm rəng çəkməyə,
Sonsuzluğun rəngini çözməyə, görməyə...
Biz hamımız zamana sığışdırılmışıq!
Məkansızlıq, zamansızlıq arzusu ilə,
Vecimizə gəlməsə belə...
Günlər,
Aylar var,
Illər var.
Hiss azadlığı lazımdır!
Mənən ucalmaq,
“Yerdəykən” göy üzündə qanadlanmaq, uçmaq...
Maneə yaratmadan,
İ N S A N olmaq!..
D Ü N Y A olmaq!..
“P L A N E T” olmaq lazımdır!..

NAĞIL № 65 “SƏBRİN NAĞILI”

Mən HAQQ pəncərəsində
Oturmuşam HAQQ ilə!
Üzbəüzəm, göz-gözəyəm
-Qollar çiyindən kəsik,
Saç-saqqalı ağarmış,
Mavi gözlü SƏBR ilə...
Zaman gəzir ortalıqda
Uzun qara saçlarıyla
Sağa-sola dəli kimi ağlayaraq,
Gülərək...
Şəkillər çəkir havada, –
Qırmızı, narıncı gözlər...
Yarı yuxulu, yarı oyaq, yarı kor
Uzaqlara, sonsuzluğa dikilərək...
Sonra dərhal o gözləri göz önündən itirərək, –
Görmüşdün,
Baxmışdın
O göz kimi...
Çəkilmişdin “şəkil” kimi
Yaşanmışdın,
Soldun getdin kölgə kimi...
Danışacağın nağıl kimi...
Zaman ortalıqda dəniz kimi
Candan-cana doluşaraq,
SƏBRDƏN mənə, məndən SƏBRƏ
Dalğa kimi coşaraq,
Ömründən pay daşıyaraq...
SƏBRDƏN mənə, məndən SƏBRƏ
Bir addım var ilsizləşib...
Mənim iflic qollarımdan,
SƏBRİN kəsik qollarından,
Zamanın duzlu suyundan...
Gözlər, yollar, illər, izlər –
Ilsizləşib,
Izsizləşib!..

Nağıl № 67

İndi, bu saat, bu dəqiqə
Cumardım mən ağırlıqda,
Mən boyda “daxmamın” içərisinə…
Qapı-pəncərəmi bağlar,
Pərdəni azca aralı saxlar, –
Göy üzünü görməsəm ürəyim partlar, sıxılar deyə…
Hə, üzümü ovcuma alıb, nəfəsimi tutar,
Beləcə saniyələr azalar.
Hə, əlbəttə azalar…
Üzüntümün səssizlikdə, sükutda, nəhayət, –
Süqutunda
Boğulan ah-zarını
Çəkərdim ciyərimə!..
Dərd məni udunca
Mən onu udardım.
Gözlərim göy üzünə dikili donardım…
İlahi rəhmətinə sığınar,
Sığınar,
Ürəyimin döyüntüsü yayılar vücuduma, canıma…
Barmaqlarımdan OVCUMA!..
Ovcumda tutub saxladığım zamana!




5 dəfə oxundu

Axtarış