NURANƏ RAFAİLQIZININ ŞEİRLƏRİ
Müəllif: YAZARLAR.AZ


13.06.2021


NURANƏ RAFAİLQIZININ ŞEİRLƏRİ

Bir az səssizlik, bir az sənsizlik

Bir stəkan çay istəyirəm,

yanında da limonu.

Bir qırıq qənd parçası,

bir kağız, bir qələm

cızmaqara edim onu…

Vəssalam,

mənə bu da yetər hələlik!

Gün batar, ay doğar,

bir az səssizlik, bir az sənsizlik…

Soyuq istəyirəm,

sümüyümə işləsin, bürünüm şalıma.

İsidim sobanı, deyinim halıma:

-Lap üşüdüm,

xəstələnəcəm, Vallahi bərk!

Əynimi qalın geyinəydim gərək!

Danlayım, dansayım

sübhədək özümü,

Hesaba-kitaba calayım

əyrimi-düzümü…

Vəssalam,

mənə bu da yetər hələlik!

Gün batar, ay doğar,

bir az səssizlik, bir az sənsizlik…

Bir parça çörək də pis olmaz,

üstündə yağ-pendir.

Ey Fələk, bu gecə

könlümü gəl, dindir!

Bir sən ol, bir də mən,

bir də ki təkliyim,

Bitməsin sübhədək

əlindən çəkdiyim…

Durmadan özünə,

lap elə üzünə

eyləyim şikayət!

Ürəyim boşalsın nəhayət…

Vəssalam, mənə bu da yetər hələlik,

Gün batar, ay doğar,

bir az səssizlik, bir az sənsizlik…

14.11.2016.

Bircə sən yoxsan dünyamda

Hər şeyim var…

Atam, anam, bacım, qardaşım,

Sirrimi bölməyə dostum-sirdaşım.

Qohum-əqrəbam, yaxınım, yadım

Şərəfim, şöhrətim, izzətim, adım.

Bircə sən yoxsan dünyamda,

İlişib qalımsan röyamda…

Hər şeyim var..

Başımı salmağa evim-ocağım,

Qısılıb yatmağa küncüm-bucağım.

Halal zəhmət ilə rahat çörəyim,

Bir kitab yazacaq odlu ürəyim.

Bircə sən yoxsan dünyamda,

Yalnız arzumdasan, yalnız xülyamda…

Hər şeyim var…

Qızılım, mirvarim, incim-sədəfim,

Əqidəm, imanım, yönüm, hədəfim.

Başımın üstündə duran Allahım,

Xoşbəxt gələcəyə gedən sabahım.

Bircə sən yoxsan dünyamda,

Elə ona görə də

heç nə görünmür gözümə,

Bəzən, özüm də yad gəlirəm özümə…

Bircə sən yoxsan dünyamda,

Bircə sən yoxsan deyə

dağılır dünyam da…

03.09.2019.

Bulud qoymur səni görüm, ay Allah!..

Əzab çəkir içimdəki dəli ruh,

Biləmmirəm nə savabdı, nə günah.

Aç göylərin qaş-qabağın biryolluq,

Bulud qoymur səni görüm, ay Allah!…

Bulud qoymur səni görüm, ay Allah!

Göylər kimi içimiz də qapqara.

Ha yusaq da, ha sürtsək də xeyri yox,

Hisi-pası çətin bir də ağara.

Çətin yuyub təmizləyə bu yağış

Ruhumuzun palçığını-kirini.

Dünya özü yaranandan fırlanır

Bizim kimi o da tapmır yerini.

Nə yurdu var, nə heç kimin yuvası,

Hamımızın içi bulud havası…

Hamımızın içi bulud havası,

Şişir-şişir, dolur dərdi-qəmimiz,

Tapılmayır nə yönümüz-çəmimiz.

Tapılmayır qapımızın açarı,

Aç göylərin qaş-qabağın biryolluq,

Bulud getsin ömrümüzdən, ay Tanrı!

Bulud getsin ömrümüzdən, ay Tanrı!

Günəş gülsün, biz də gülək günəşə,

Ay-ulduz da gecələri boylanıb,

Dərgahından salam söyləsin bizə.

Seyr eyləyək üfüqü, dan yerini,

Dağ başında çəni, duman yerini,

Qürub çağı qürubdan da zövq alaq,

Aradabir dənizə də baş vuraq.

Dalğalansın yanımızdan ləpələr,

Könlümüzdən dolanır, daha nələr…

Bircə bulud tutmasın göy üzünü.

Aç göylərin qaş-qabağın biryolluq,

Tanrı, bizdən gizlətmə gəl üzünü!

Tanrı, bizdən gizlətmə gəl özünü!

16.04.2016.

Müəllif: Nuranə RAFAİLQIZI


NURANƏ RAFAİLQIZININ DİGƏR YAZILARI

NURANƏ RAFAİLQIZI DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

8 dəfə oxundu

Axtarış