Könül, qəm eləmə payız yetişdi,
Yaşıl yarpaqları soldurub gedər...
Süzər gül qoxulu şirin şərbəti,
Büllur badələrə doldurub gedər
Tənha cığırları alar duman, çən
İçdikcə şəbnəmi məst olar çəmən;
Xəfif səhər mehi əsdikcə hərdən,
Ağappaq örpəyi qaldırıb gedər.
Həzin layla çalar payız suları,
Oyadar könüldə xoş duyğyları;
Yığar cəvərənə heyvanı, narı,
Alma budaqların yoldurub gedər.
Qızıl libasını geyinər meşə,
Bənzəyər zirvəyə qonan Günəşə,
Köçən durnalardan yamaca, döşə
Bəmbəyaz lələklər saldırıb gedər.
Açılar al - əlvan payız gülləri,
Bəzəyər təzədən bəyaz əlləri,
Axıdar düzlərə coşqun selləri,
Vahidi ürəkdən güldüb gedər...