QƏLƏNDƏR XAÇINÇAYLIDAN BİR ŞEİR
Müəllif: Yazarlar.AZ


24.08.2019



Bu yaxınlarda Göygölə üz tutdum. Murova yaxınlaşdım. O güllü-çiçəkli oylaqları, ayrılıqdan cadar-cadar olmuş daşları, sal qayaları görəndə uşaqlıq illərində dağa getdiyim Kəlbəcərli günlər yadıma düşdü, bağrım başı şan-şan oldu…

Dağlar
Dərd gətirdin dərdim üstə,
Gecə-gündüz yandım, dağlar.
Başın üstə çəni gördüm,
Ah çəkdim, utandım, dağlar.

Gözü yaşlı Murova bax,
Başındakı qırova bax.
Necə dözüm Allah, Allah,
Keçən günü andım, dağlar.

Yaxşı-yaxşı üzümə bax,
Odu sönmüş közümə bax,
Məndə olan dözümə bax,
Boş vədə allandım, dağlar.

Qoynunda bir uşaq idim,
Yaman dəcəl, qoçaq idim.
Dəli Domrul, Qazan idim,
Sən demə yalandım, dağlar.

Düşmən gəzir başın üstə,
Başın qoyur daşın üstə.
Deyən yoxdur qaşım üstə,
Çox üzgün, dağlandım, dağlar.

Doğma yurda gedəmmirəm,
Şəmşirimi görəmmirəm,
Sücayəttək öləmmirəm,
Səhraya bağlandım, dağlar.

Qeyrətindən sən ver mənə,
Qılıncı alım əlimə,
Hücum çəkim düşmənimə,
Qisasımı alım, dağlar,
Qisasımı alım, dağlar!
19.08.2019.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

2 dəfə oxundu

Axtarış