Qızıl əhvalatı
Müəllif: Ülvi Hüseyn


07.12.2017


May, 1987-cı il.
24 №-li marşrut avtobusu “Əzizbəyov” metro stansiyasının yanındakı dayanacağa yan aldı. Bu marşrut Bakının ən nümunəvi marşrutlarından biri hesab olunurdu. Metro stansiyasını Mərdəkan qəsəbəsi ilə birləşdirən bu marşrutdan həmçinin Binə, Buzovna, Şüvəlan , Qala , Suraxanı qəsəbələrinin sakinləri də istifadə edirdilər. Sərnişinlərlə dolub-dolmamasına baxmayaraq hər 7 dəqiqədən bir yola düşür, sürücülərin əksəriyyəti sərnişinlərlə nəzakətli davranır, ən əsası isə avtobuslar çox rahat idi. Macarıstanın məşhur “İkarus” zavodunun ən son model avtobusları bu reysdə istifadə olunurdu. 25-27 dəqiqəyə mənzil başına çatan marşrutun əksər sürücüləri də Mərdəkan və Şüvəlan qəsəbələrinin sakinləri idilər. Bu yerin əhalisinə xas olan əsas xüsusiyyətlər böyüklərə, qadınlara hörmət, hər kəsə, xüsusən yad adamlara, qonaqlara nəzakətlə cavab vermək və doğru-dürüstlük idi. Dəfələrlə olmuşdu ki, kiminsə unudub avtobusda qoyduğu çantanı,sənədi soruşub soraqlaşıb, təbii ki, əgər yerli adam idisə, gətirib evlərinə vermişdilər.
Teymur da çantasını çiynində rahatlayaraq irəliə doğru addımladı. Uzun illər boyu bu marşrutdan istifadə etdiyindən bəzi məqamları bilirdi, basabasla avtobusa daxil olmağı sevmirdi. Avtobus 35-40 nəfər sərnişin tutduğundan ani olaraq dayanacaqda gözləyənlərin sayına göz gəzdirdi, 20 nəfər vardı. Tələsmədən arxa cərgələrdən birində əyləşəcəkdi, çünki sonuncu dayanacağa qədər gedəcəkdi.
Avtobusun qapıları açıldı, sərnişinlər minməyə başladılar. Elə bu anda əlində iri çamadan və kiçik əl çantası tutmuş gənc bir xanım da avtobusa yaxınlaşdı. Ətrafa boylanıb, Teymurdan rus dilində :
-Bağışlayın bu avtobus “Çiçəkli” sanatoriyasına kimi gedir ? –deyə soruşdu.
-Bəli, xanım, gedir, sonuncu dayanacağa qədər gedəcəksiniz. Mən də oraya gedirəm.
-Oy, nə yaxşı oldu, qorxurdum axtarım tapa bilməyim.
Teymur xanımın çamadanına kömək edib avtobusa qoydu. Arxa hissədə oturacaqların yanında boş yer çox olduğundan oraya keçdilər. Çamadanı yerləşdirib bərabər əyləşdilər.
-Hə, mən Estoniyadan gəlmişəm, adım Sofiyadır, 24 günlük müalicəyə gəlmişəm.
-Mənsə Teymuram, həmin sanatoriyada işləyirəm, həkiməm. Bu gün növbətçi olduğumdan bir az gec gedirəm. Elə sizi də sanatoriyamıza mən qəbul edəcəm.
-Oy, siz bir təsadüfə baxın. Mən çox yerlərdə sanatoriyalarda olmuşam, müalicə həkimim adətən 2 gündən sonra məni qəbul edib. Amma burda hələ yolda ona rast gəldim.
-Olur, belə təsadüflər olur.
Avtobus yola düşdü. Teymur gözaltı qonaq-müsahibini süzdü. 30-35 yaşlı , gülümsər çöhrəli, qonur gözlü bir xanım idi. Estoniyadan olduğunu desə də , üz çizgilərindən daha çox şərq xanımlarına bənzəyirdi. Şabalıdı saçlarını boynunun ardında topalayıb at quyruğu formasında bağlamışdı. Sadə, lakin çox zövqlü geyinmişdi. Danışığında Pribaltika ləhcəsi aşıq-aşkar sezilirdi.
-Dediniz ki, həkimsiniz? Bəs ixtisasınız nədir?
-Mən nevropatoloqam, sanatoriyamız da əsəb sistemi xəstəlikləri üçün nəzərdə tutulub.
-Çoxdan işləyirsiniz?
-Bu sanatoriyada bir ildir ki, çalışıram. Amma 3 il təcili yardımda çalışmışam, neyroreanimasiya briqadasında.Mən tələbə vaxtımdan işləyirəm bu sanatoriyada , onda orta tibb işçisi kimi işləyirdim. Sonra institutu bitirdim, təyinat üzrə başqa müəssisədə çalışdım, sonra sanatoriyanın baş həkimi yenidən məni dəvət etdi. Dedi tələbəlikdən işimizin bütün tərəflərini öyrənmisən, gəl bizdə çalış.
-Amma rusca gözəl bilirsiniz, heç aksent hiss olunmur. Mən nə qədər təmiz bilsəm də, Pribaltika aksentini dərhal hiss edirlər.
-Bəli mən də duydum. Bilirsiniz, mən Bakıda böyümüşəm. Uşaqlığım elə bir həyətdə keçib ki, orda hər millətdən olub. Bir-birimizlə daha çox rusca danışmışıq. Bayramlarımız isə çox vaxt ümumi olub. Yəqin eşitmisiniz biz Novruz bayramını, bahar bayramını çox geniş qeyd edirik.Novruzdan bir ay sonra da Pasxa gəlir. Biz Novruz bayramında hamını paxlava, şəkərburaya qonaq edirik, Pasxada isə qonşularımız bizə kuliç(Pasxa qoğalı) verirlər. Qaldı ki, 1 May, Yeni il, hamımızın bayramıdır bu bayramlar.
-Mən də beynəlmiləl bir mühitdə böyümüşəm. Babam şərqli olub, atam Polşada doğulub, nənələrim , anam isə yəhudi qızlarıdır.
-Babanız şərqli olub? Şərq geniş məfhumdur, Çindən, Yaponiyadan, Hindistandan, İrandan tutmuş, Qafqaza qədər hamı özünü şərqli sayır.
Bu yerdə Teymurun müsahibi Sofiya bir az duruxdu, Teymura bir az sınayıcı nəzərlərlə baxaraq,
-Bu haqda sonra danışaram, yəqin ki, sizinlə xəstəliklərdən başqa ayrı mövzuda da danışmaq mümkün olacaq.
-Əlbəttə, elə bizim müalicəmizin də bir tərəfi söhbət edib yüngülləşmək, təəssüratlarını paylaşmaqdır. Çünki, sevinci bölüşdükcə artır, kədəri, dərdi bölüşdükdə isə azalır.
-Siz artıq həkim yox, filosof kimi danışdınız.
-Hippokrat deyib ki, fəlsəfəni bilən həkim allahdır. Bunu bizə tələbəlikdə öyrədiblər. Hətta tibbi fəlsəfənin əsasları adlı predmet də öyrənmişik.
Avtobus Binə aeroportunun yaxınlığından ötürdü. Teymur Sofiyaya aeroport haqqında məlumat verdi.
-Bilirəm, eşitmişəm, hətta istəyirdim Moskvadan təyyarə ilə gəlim, sadəcə 1 həftə öncə evdən çıxdım. Tallindən Moskvaya gəldim qatarla, 1 gün də Moskvanı gəzdim. Qatarla gəldim, gedəndə yəqin ki, təyyarə ilə gedəcəm. Birbaşa Minskə reys olarsa, oradan bizə daha yaxındır.
-Bizdə elə aerokassa da var, öncədən bilet sifariş edərsiniz.
Avtobus Mərdəkan qəsəbəsinə daxil olurdu. Sofiya pəncərədən göz gəzdirərək dərindən nəfəs aldı:
-Nə gözəl ətir gəlir pəncərədən , bu deyəsən yasəməndir.
-Bəli, Mərdəkanın baharı çox gözəl olur, burda olduğunuz zamanda sizi yəqin ki, görməli yerlərə ekskursiyaya da aparacaqlar. Çox gözəl mənzərəli yerlər var. Bu yasəmən isə Mərdəkanda bir başqa aləmdir. Bax indi biz Sergey Yeseninin ev muzeyi olan nəbatat bağının yanından keçəcəyik. Siz bilirsinizmi, Yesenun məşhur “Fars motivləri” silsiləsini Mərdəkanda yaradıb?
-Nə danışırsınız, Sergey Yesenin mənim ən çox sevdiyim rus şairidir. Amma “Fars motivləri”ni Bakıda yazmağını bilmirdim.
-Vaxt olar, mən sizə ətraflı məlumat verərəm. İndi isə az qalıb, düşəcəyik.
Avtobus asta ləngərlə Mərdəkan avtobus dayanacağına daxil oldu. Teymur irəli keçməyə tələsmədi. Hamı düşdükdən sonra çamadanı arxa qapıdan düşürəcəkdi. Bu fikrini Sofiyaya da anlatdı.
-Yaxşı bəs gediş haqqı nə qədərdir? Mən ödəyim.
-Siz qonaqsınız, mən ödəyərəm, bir şey deyil, 35 qəpik.
-Xeyr, nə danışırsınız, əksinə mən sizi qonaq etməliyəm, bələdçilik edirsiniz, məlumat verirsiniz.
-Sofiya, bizim adət-ənənəmiz var, qonağın xərcini biz ödəməliyik, xüsusən xanım qonağın.
-Bizim də adətimiz var, almanlardan qalıb, alman hesabı.
-Anladım, hərə öz hesabını ödəyəcək.
Avtobus tamam boşaldı, sürücü geri boylanaraq Teymuru və Sofiyanı gördü.
-Hə, həkim, salam, deyəsən qonağınız var.
-Hə, Arif, salam. Pribaltikadan gəlib, bizim sanatoriyada dincələcək.
Arif də özünəməxsus bığaltı gülüşlə:
-Xoş gəlmisiniz! Bizim həkim əla həkimdir, yaxşı rast gəlmisiniz ona! –dedi.
-Oy, çox sağ olun! Hə, deyəsən həkim tərəfdən mənimki gətirdi, -Sofiya da təbəssümlə cavab verdi.
Teymur Sofiyanın çamadanına kömək edərək avtobusdan düşürdü və özü çamadanı götürərək “Buyurun, gedək, burda yaxınlıqdadır sanatoriya” – dedi.
-Rica edirəm, mən özüm götürərəm, çox ağır deyil, Tallindən buracan gətirmişəm.
-Bu da bir adətimizdir, Sofiya, siz yerli qanunlara öyrənməyə çalışın. Bizim kişilər heç vaxt imkan verməz ki, onların yanında xanımlar ağır şey götürsünlər, vəzifəsindən və kimliyindən asılı olmayaraq.
Xüsusən siz qonaqsınız.
-Ah, kaş bu dediyiniz adətlər bizdə də olardı. Şərqli kişilərin nəzakəti hamı üçün ibrət olasıdır.
Teymurla Sofiya bərabər sanatoriyanın alaqapısından içəri daxil oldular. Qapıçı Nadir kişi adəti üzrə “Avrora”sını tüstülədərək, -
-Hə, salam, cavan doktor, növbəyə gəldin? Mən də növbədəyəm səhərə qədər, vaxtın olsa gəl bir nərdi öyrədim sənə.
-Salam, Nadir dayı! Növbəyə gəldim. Vaxt olsa gələrəm, amma xəstələrim çox olacaq, növbəti qəbul mərhələsidir. Sən də əvvəlcə zər tutmağı tərgit, onda öyrənərəm.
-Kim zər tutur, stəkanla atarıq, baxarıq.
-Oldu, baxaram.
Onlar bərabər qəbul otağına daxil oldular. Teymuru görən hər kəs onu təbəssümlə, sevgi ilə qarşılayırdı. Teymur əvvəlcə burada tələbə vaxtı gecə növbələrində feldşer kimi işləmişdi, bir ildən artıq müddətdə həkim kimi çalışırdı. Tələbə vaxtı da sanatoriyanın yaxınlığında yaşadığından demək olar ki, hər kəs onu tanıyir, hörmət edirdilər.
-Salam, gözəl xanımlar! Tanış olun, bu bizim xəstəmizdir, Pribaltikadan gəlib. Sənədlərini qəbul edin, yerləşdirin, tibbi kitabçası ilə sonra mənim yanıma gələr, müayinə edib təyinat verərəm.
Qəbul şöbəsindəki qızlar bir ağızdan:
-Salam, Teymur həkim! Oldu , nə lazımdır edərik, narahat olmayın! - dedilər.
Teymur üzünü Sofiyaya tutaraq:
-Buyurun, biz burada müvəqqəti ayrılırıq. Mən də gedim növbəni təhvil alım, xəstələrimə baxım. Sonra görüşərik, qızlar hər şeyi sizə anladarlar, - dedi.
-Ooo, həkim, böyük təşəkkürlər. Çox razıyam sizdən, mən də yerləşim, dincəlim, əlbəttə sonra görüşərik.
Sofiya Teymur həkimin yanına şam yeməyindən sonra gəldi. Teymur xəstələrinin hamısını qəbul etmiş, təyinatlarını tənzimləmiş, şam yeməyinə nəzarət edərək, axşam təyinatlarına da tövsiyələrini vermişdi. Sofiyanı qapıda gördükdə:
-Hə, buyurun, bir daha xoş gəlmisiniz, əyləşin, deyin görək necə dincəldiniz?
-Əla dincəldim həkim, uzun yol səfərindən sonra duş qəbul etmək bütün yorğunluğumu çıxardı. Bir az da yatdım. Qatar taqqıltısı beynimə işləyirdi 3 gündür, elə sakitlikdir ki, buralar, anvaq quşların cəh-cəh səsi gəlir pəncərədən. Hava da ki, möcüzə.
-Unutmayın, siz Xəzərin sahilindəsiniz, həm də bu sanatoriyada çox gözəl ağaclar, ətirli bitkilər var.
Keçmişdə bu bağ Bakının neft milyonçularından birinin olub. Ətrafda belə çox bağ var, bir-birinin bəhsinə o qədər ağaclar, kollar, güllər əkiblər ki, cənnət olub buralar.
Sofiya nəsə yenə duruxdu, bir anlığa Teymuru süzərək:
-Bəs sonra nə olub, hara gediblər onlar?
-Sonra da buralar sizin kimi insanların dincəlməsi üçün sanatoriyalar olub. O milyonçular isə Sovet hökuməti gələndə qaçan qaçıb, ölən ölüb, bəzilərini həbs ediblər.
-Amma çox xoşum gəldi buralardan, şam yeməyindən öncə bir az gəzindim həyətdə, elə bil cənnətdir.
-Yesenin ona görə yazıb ki,
Zəfəran yurdunun fəcrinə bir bax,
Güllərlə örtülüb hər tərəf, hər yan.
Oxu bu nəğməni, əzizim mənə,
Xəyyam oxuyardı onu bir zaman,
Güllərlə örtülüb hər tərəf hər yan.
Elə sanatoriyamız da əbəs yerə “Çiçəkli” adlanmır.
-Həkim, siz lap şairlər kimi danışdınız. Mən də çox sevirəm belə gözəlliyi vəsf edənləri, baxmayaraq ki, işim ciddilik tələb edir, amma bəzən belə duyğular da insanı bürüyür.
-Amma gəlin indi biz də bir az ciddi işlərə başlayaq. Tibbi kitabçanızı verin və deyin görək sizi nə narahat edir, deyirsiniz ki, sanatoriyalarda çox olmusunuz, hansı müalicələr sizə faydalı olub?
-Həkim, əslində mən müalicədən daha çox profilaktika üçün gəlmişəm. Sənətim analitik-jurnalistdir. Qərb informasiya mərkəzlərinin birinin Pribaltikadakı nümayəndəsiyəm. Babayevskaya Sofiya Edvardovna. İşim oturaq işdir deyə, gün ərzində çox az hərəkət edirəm. Üstəlik axşamlar evdə də məşğul oluram. Elə olur bir gündə 100-lərlə səhifə oxuyuram. Oxumaq azdır, hətta əksəriyyətini dəyərləndirməli, şərhlərimi yazmalıyam. Ona görə istirahət müddətimi sanatoriyalara gəlirəm ki, bir sabit rejimlə yeyim, dincəlim, gəzim. Adətən istirahətə gələndə heç kimə yerimi demirəm. 24-30 gün məzuniyyət dövrümü ancaq özümə həsr edirəm. Mən buraya qədər Yaltada, Soçidə, Zakarpatyedə də olmuşam, hətta Bolqarıstanda, Yuqoslaviyada da dincəlmişəm. Amma sizin “Çiçəkli” heç birindən geri qalmır. Yəqin ki, müalicələriniz də elə olacaq.
Teymur Sofiyanın dediklərinə diqqətlə qulaq asırdı. Tibbi kitabçaya baxdı, diaqnoz elə deyilənlərə uyğun idi.
-Çox gözəl, Sofiya Edvardovna, mən sizə lazımi təyinatlar verəcəm. Ən əsası təmiz havada çox olun, düzdür dəniz hələ soyuqdur, amma dəniz havası almaq üçün gedə bilərsiniz. Sanatoriyamızın düz yanından elektrik qatarı gedir, 2 dayanacaq yol gedəcəksiniz. Hər gün vaxt eləsəniz, 1 saat dəniz kənarında gəzin.
-Həkim, əvvəla rica edirəm, mənə rəsmi müraciət etməyin, sadəcə Sofiya deyin. Dostlarım məni “Sonya” çağırır. Qaldı ki, dənizə, mən il boyu Baltik dənizində çimirəm. Özümlə çimərlik paltarları da götürmüşəm.Dənizi çox sevirəm. Henrix Heyne demişkən, dəniz mənim qəlbimdir.
-Gəlin onda müayinəyə başlayaq.
-Buyurun.
Teymurun müayinəsi 15 dəqiqə sürdü. Əlavə olaraq qalxanabənzər vəzin də müayinəsi haqda tövsiyə verdi.
-Bu qorxulu deyil, amma müayinə olunmaq məsləhətdir.
-Bunu mənə Soçidə də demişdilər, ciddi fikir vermədim, indi burada müayinə olunaram.
Müayinə zamanı Sofiya onu da dedi ki, həyat yoldaşından 2 ildir ayrılıb, 6 illik ailə həyatı dövründə övladları olmayıb, həm də Sofiyanın ağır iş rejiminə uyğunlaşa bilməyən həyat yoldaşı ayrılmaq qərarı verib.
Teymur tibbi kitabçada lazımi qeydləri etdikdən sonra onu Sofiyaya uzatdı:
-Buyurun, lazım olan hər şeyi yazmışam, sabahdan müalicələrinizə başlayarsınız. Nə lazım olsa , müraciət edə bilərsiniz. İndi isə gedin açıq havada klubumuzun önündə konsert-rəqs meydançası var, 9.00-da tədbir başlanır. Baxın bir az da orada zövq alarsınız.
-Ola bilər, amma çox qalmayacam, gedib dincəlmək istəyirəm. Sabahdan dedikləriniz müalicələrə başlayacam.
Teymur Sofiyanı yola saldıqdan sonra sanatoriyada axşam baxış-gəzintisinə başladı. Hər şey yerli yerində idi. Hava isə doğrudan da bir möcüzə idi. Müxtəlif ətirli bitkilərin rayihəsi, dənizdən gələn xəfif meh insanı az qala məst edirdi. Musiqi, rəqs gecəsi isə davam edirdi. Teymur öz otağna qayıdıb dincəlməyi qərara aldı. Yatmazdan öncə adəti üzrə kitab oxumağı sevirdi, ona görə otağındakı kitablardan birini açdı, bir neçə səhifə oxuduqdan sonra yatmağa uzandı.
Səhərisi və sonrakı günlərdə Teymur bir neçə dəfə Sofiya ilə rastlaşdı, hər dəfə də qısaca salamlaşaraq hal-əhval tutdu. Sofiya müalicəsindən də, sanatoriyadakı şəraitdən də hər dəfə razılıq edirdi.Amma hər dəfə sanki nəsə soruşmaq istəyirmiş kimi, bir anlıq Teymura baxır, elə bil söhbəti sonraya saxlayırdı. Növbəti müayinə vaxtını Teymur novbə zamanına salmışdı ki, Sofiya ilə bir az ətraflı söhbət eləsin, onun üçün də Sofiya ilə söhbət çox maraqlı gəlirdi.
Teymurun bu dəfəki növbəsi şənbə günüə düşürdü. Elə təkrar müayinə vaxtı da şənbə gününə planlaşdırılmışdı. Teymur Sofiya ilə görüşə hədiyyə hazırlamıdı, S.Yeseninin nəfis və miniatür şəkildə tərtib olunmuş “Fars motivləri” kitabını ona bağışlamaq istəyirdi.
-Salam, Teymur doktor!
-Salam, Sofiya Edvardovna, buyurun, keçin. Necəsiniz?
-Teymur, axı dedim ki, məni sadəcə Sonya çağıra bilərsiniz. Düzdür yaxın adamlar belə çağırırlar. Amma həkim xəstəsini də öz yaxını kimi bilməlidir, deyilmi?
-Doğrudur, razıyam, nəzərə alaram. Hə, necə keçir müalicəniz, istirahətiniz?
-Hər şey çox gözəldir, özümü əla hiss edirəm. Hətta dənizə də gedirəm, mənimlə eyni mərtəbədə Novosibirskdən də bir xanım dincəlir, Olqa Sergeyevna, idmançıdır, o da mənim kimi dənizi sevir, soyuq da olsa, bərabər hər gün gedib çimib gəlirik. Adətən nahardan sonra gedirik. Düzdür, bir az sizin cavanlar söz atırlar, amma Olqanın görünüşü hamını susdurur. Olqa ağır atletika üzrə məşqçidir.
-Aha , deməli sizin mühafizəçiniz də var artıq.
-Bəli, biz hətta bərabər Yeseninin ev-muzeyinə də getdik. Düzü, siz deyəndə inanmırdım ki, Yesenin burda yaşayıb, amma ev-muzeyini görəndə, həmin o bağı görəndə valeh oldum.
-Nəyə valeh oldunuz?
-Buranın iqliminə, o bağın gözəlliyinə, ən əsası sizin insanların səmimiliyinə və sadəliyinə.
-Minnətdaram dəyər verdiyiniz üçün, indisə gəlin müayinəyə başlayaq. Müayinədən sonra söhbət edərik.
Müayinə tez başa çatdı, Teymur təyinatları davam etdirməyi tapşırdı. Hər şey normal gedirdi.
-Sonya, mən sizə bir hədiyyə vermək istəyirəm, bu Yeseninin miniatür kitabıdır, əl boyda, özünüzlə hər yerə apara bilərsiniz.
-O, çox sağ olun, mən muzeydə bunun oxşarını gördüm, almaq istədim hətta , dedilər eksponatdır, şəhərdə tapa bilərsiniz satışda. Bu mənim üçün çox böyük bir hədiyyədir. Amma mənim də sizə bir hədiyyəm var.
Sofiya çantasından yaraşıqlı bir paket çıxardı, paketdə bir tünd rəngli şüşə var idi.
-Teymur, bu Riqa balzamıdır. Bilmirəm, siz spirtli içki içirsiniz, ya yox, adətən həkimlərin əksəriyyəti içən olurlar. Əgər bəyənsəniz yenə 2 şüşə də verərəm. Mən özümlə hər yerə bundan aparıram, başqa içkilərdən fərqli olaraq bu balzamı çay ilə də içmək olur.
-Bilirsiniz, mən çox içki həvəskarı deyiləm, amma yaxşı məclis olanda, dostlarla, tanışlarla, imtina etmirəm. Amma bəlkə özünüz istifadə edərsiniz, gərək deyil.
-Nə danışırsınız, mən də sevmirəm çox içki içməyi, bizim adamlar sevirlər arağı, pivəni, o qədər içirlər ki, lap ağıllarını itirirlər. Neçə istedadlı adamlar özlərini məhv ediblər.
-Bu bəla ölkədə hər yerdə var, indi mübarizə də gedir, bəlkə nəsə dəyişə.
-Xeyr, heç nə dəyişməyəcək, bu artıq başqa bir söhbətdir.
Sofiya əyləşdiyi stuldan ayağa qalxaraq, Teymura yaxınlaşdı, Teymur da ayağa qalxmaq istədi, lakin Sofiya əli ilə “Əyləşin” işarəsi verdi.
-Teymur, mənim sizinlə bir ciddi söhbətim var, amma istəyirəm məni düzgün başa düşəsiniz.
-Buyurun, eşidirəm sizi.
-Xeyr, belə asan razılıq veriləsi söhbət deyil.
Teymur bir az duruxdu. Adətən belə söhbətlərin sonu sevgi macəralarına gətirib çıxarırdı. Sözün açığı Sofiya yaşda bir az Teymurdan böyük olmasına baxmayaraq qadın kimi çox cəlbedici idi. Digər tərəfdən də kurort romanları hər zaman adi bir məsələ kimi qarşılanıb, hər yerdə bu belə olub. Sadəcə Teymurun özünə söz verdiyi həkim-xəstə münasibətlərini heç vaxt şəxsi istəklərlə qatmayacağı prinsiplər onu çox zaman belə situasiyalarda xilas edirdi.
Sofiya sanki Teymurun fikrini oxuyurmuş kimi,
-Həkim, əmin olun, mən hələ sizə vurulmamışam. Bu tamamilə başqa bir mövzudur. Sadəcə sizin ilk reaksiyanızı bilmək istəyirdim, yaxşı ki, elə belə, ən təbii variantını düşündünüz.
-Xeyr, xeyr, nə danışırsınız, mən ümumiyyətlə bilmirəm siz nə istəyirsiniz.
Amma gənc Teymurun qızarmağı Sofiyanınn diqqətindən yayınmadı.
-Teymur, olar mən sizə sən deyə müraciət edim?
-Olar, buyurun.
-Amma sən də məni elə çağırarsan, yaxşı?
-Bacardığım qədər, mən dərhal belə edə bilmərəm.
-Onda dinlə məni, amma əvvəlcə bir çay içsək olurmu, görürəm otağında çay dəstgahı üçün hər şey var.
-Mənim çayım həmişə var, bu çayı da mənə cənubdan bir xəstəm bağışlayıb, yerli istehsaldır, amma eksport üçün olandan. Çox ətirlidir.
Teymur elektrik çaydanını işə saldı, kiçik çaydana bir az çay atıb dəmlənməsini gözlədi.
Sofiya onu müşahidə edərək dilləndi:
-Bu da bir elmdir, çayı necə dəmləyib içmək. Mən dünən muzey olan bağın həyətində çay içdim, çox bəyəndim.
Çaylar süzüldü, Sofiya sözə başladı:
-Teymur, mən sənə əvvəlcə onu deyim ki, bu bir neçə gündə mən sənin kim olduğunu tam öyrənmişəm. Düzdür gəncsən, sənin üçün hər şey irəlidədir, amma mən sənin çox əxlaqlı, dürüst birisi olduğunu öyrəndim. Bunu təkcə xəstələrin deyil, işçilər deyil, hətta səni tanıyan yerli adamlar da dedilər.
-Sən yerli adamları nə tanıyırsan?
-Biz arada Olqa ilə bazara, dükana da getmişik. Hamı görür ki, yad adamlarıq, hiss edirlər ki, sanatoriyaya gəlmişik, əlüstü həkimimizin kim olduğunu soruşurlar. Sənin adını çəkəndə hamının üzü gülür.Amma deyirlər evlənmək istəmir.
-Sən indi məni evləndirmək istəyirsən, yəqin Tallində, Riqada subay qız tanışların var?
-Xeyr, xeyr, zarafatı burax. Mənim sözüm tamam başqa mövzudadır.
-Maraqlıdır.
-Teymur, mənim babam Bakı milyoneri olub, familiyası Babayev, adı Bababəy. Ona görə dedim ki, şərqliyəm bir tərəfdən. 1920-ci ildə Bakıda Sovet hakimiyyəti qurulan zaman o Varşavada olub, daha geri qayıtmaq istəməyib. Bir də hara qayıdacaqdı, ya ölüm, ya da Sibir gözləyirdi onu. O mənim ata babam olub. Atam da Babayevski familiyasını babamın tövsiyəsi ilə götürüb. Babam başqa milyonçulardan fərqli olaraq neft işi ilə məşğul olmayıb. O bank işi ilə məşğul olub. Cavanlığında elə Varşavada oxuyub, sonra tez-rez gəlib gedib, nənəmlə də Varşavada tanış olub evləniblər.
-Çox maraqlıdır.
-Maraqlı məsələlər hələ geridədir. Almanlar Polşanı işğal edəndə, babam ailəsi ilə Tallinə qaçıb. Buradakı köhnə dostları ona yardım ediblər. Nənəmiz yəhudi olduğundan Polşada, alman işğalında qalmaq çox təhlükəli olub. Atam babamın tək oğlu olub. Onu da deyim kimi, bizdə çox dil öyrənmək kimi bir ailə ənənəsi var. Babam alman, ingilis, polyak və rus dillərində , təbii ki, tatar dilində də sərbəst danışıb.
-Tatar?
-Babama həmişə deyirmişlər ki, bu tatar dilidir, sənin oxuduğun məktəb də rus-tatar məktəbi olub, gülüb deyirmiş ki, mən türkəm, dilim türk dilidir. Amma 38-ci ildən sonra hər yerdə azərbaycan dili sözü yazılıb, o da deyirmiş ki, bax bu düzdür. Atam da 4-5 dil bilirdi, hər zaman deyirdi ki, təəssüf babanız danışan dili öyrənə bilmədim, bu mənim əcdadlarımın dilidir.
-Sonya, onsuz da indi hər yerdə rus dilində danışırlar, bir-birini anlamaq olur.
-Davamını dinlə. Babam Tallinə gələndən 1 il sonra vəfat edib. Atam da o zaman çox gənc olub, az sonra da nənəm vəfat edib. Almanların Tallini işğalından sonra, onu da deyim ki, əvvəlcə Sovet İttifaqının tərkibinə daxil olub Pribaltika ölkələri, atamı əvvəlcə həbs ediblər, sonra görüblər ki, savadlı, bacarıqli cavan adamdır, həm tərcüməçi kimi, həm də maliyyə işlərinə cəlb ediblər. Həm də atamın gözləri zəif görürdü, eynəksiz demək olar ki, heç nə görmürdü, ona görə dəyib dolaşan olmayıb. Atam almanlarla çalışsa da gizli partizan təşkilatının üzvü olub, çox insanları ölümdən xilas edib. Müharibə bitdikdən sonra evlənib, düz on il sonra da mən doğulmuşam.
Teymur Sofiyanı diqqətlə dinləsə də, arada baxışları ilə çay içməyi təklif etdi. Sofiya çay içə-içə söhbəti davam etdirdi:
-Çay əladır, babam da atama öyrətmişdi, o da bizə hərdən belə çay dəmləyirdi.
-Bəs atanız indi sağdırmı, necədir?
-Atam 2 il öncə vəfat etdi, xərçəng xəstəliyindən. Heç ölümünə inanmaq istəmirdi, məndən müxtəlif dillərdə kitablar istədi, oxuyub dərdini bilmək istəyirdi. Amma biləndə ki, sağalmaz bir xəstəliyə düçar olub, yenə özünü sındırmadı, son günəcən zarafatlaşırdı. İndi anamla mən qalmışam, o da yaşlanıb, amma özünü idarə edir, çox gümrahdır.
Bu yerdə Sofiya bir az nəfəsini dərdi. Çayını axıra kimi içdi, bir daha Teymura sınayıcı nəzərlərlə baxıb, dedi:
-İndi gəlirəm əsas məsələyə. Atam ölümündən bir neçə ay qabaq, məni yanına çağırdı, əvvəl işlərimi soruşdu, həyat yoldaşımdan ayrılmağım da ona pis təsir etmişdi. Bir az mənə ordan-burdan danışandan sonra dedi ki, Sonya, sənin babanın Bakıda çox böyük mirası qalıb. Bababəy Babayev indi mənim istirahət etdiyim bu məkanda böyük bir bağ sahibi olub. Babam atama həmin bağın yerini təqribi izah edib, hətta sxemini də çəkibmiş, amma müharibə zamanı qaç-qovda həmin sxem itib. Atamın yaddaşında qalıb ki, babamın bağı çox gözəl ağaclar olan bir bağın yanında olub. Onu da deyim ki, babam böyük sərvət sahibi olsa da, çox dəbdəbəni sevməzmiş. Onun şəhərdəki evi də sadə bir ikimərtəbəli ev olub. Bankir olduğunda varidatını daha çox qızıla, daş-qaşa, qiymətli kağızlara sərf edirmiş. Elə həmin bağda da , atama deməsinə görə bir neçə yerdə 3 kilo -3 kilo qızıl basdırıb gizlədib.
Teymurun təəccübünün həddi-hüdudu yox idi. Sofiyanın dedikləri ona bir nağıl kimi gəlirdi. Yerli sakinlərdən keçmiş milyonerlərin varidatı haqqında, onların gizlətdikləri xəzinələr haqqında çox eşitmişdi.
-Yaxşı, bəs niyə hər yerdə 3 kilo?
-3 kilo 100 unsiyadır təqribən, babam dedim axı bankir idi, hər gördüyü işi özünəməxsus tərzdə rəqəmlərlə ifadə edirmiş. Atam danışırdı ki, hətta evə lazım olan hər şeyi ölçü ilə müəyyən edib, sonra alırdı. Məsələn deyirmiş ki, bu ay bizə 5 kq kartof lazım olacaq, həmin çəkini də bazardan alırmış.
Artıq izafi heç nəyə pul xərcləməyirmiş. Polşada varidatının bir hissəsini qoruya bilmişdi, atam da az-çox ehtiyatını saxlayan adm idi.
-Yaxşı bəs burda harda gizlədib öz sərvətini?
-Teymur, bax, indi gəlirəm mətləb üstünə. Babamın bu bizim dincəldiyimiz sanatoriyanın ətrafında, ya da ki, o getdiyim muzeyin ətrafında olan bağında, ən azı 10 yerdə gizli qızıl xəzinəsi var. Mənim buraya gəlməyimin də əsas səbəbi o xəzinənin axtarışıdır. Gəlməzdən öncə çox fikirləşdim, düşünüb daşındım, amma tək bu axtarışın öhdəsindən gələ biləcəyimə inanmırdım. Səninlə rastlaşanda əvvəlcə inanmadım, sonra isə səni bir qismət kimi mənim rastıma çıxmağıma bilsən necə sevindim. Mən bu sirrimi ancaq bir rəfiqəmə açmışam , o da indi Almaniyadadır, Berlində, sosialist Almaniyasında. O da təqribi bilir ki, belə bir məsələ var.
-Yaxşı, mən oldum ikinci sirdaş, indi nə etmək fikrindəsən?
-Bilirsən, Teymur, mənim indi pula ehtiyacım yoxdur, yəni ki, hər şeyim var, yəqin ki, yaxın vaxta yenidən ailə də quracam. Amma nə qədər olmasa da, 30 kq-lıq bir mirasın varisi olmaq onu sadəcə xatirədə yaşatmaqdan daha düzgündür, deyilmi?
-Bilisən, Sonya, çox maraqlı əhvalatdır danışdığın, əlbəttə, indi hərənin öz işi-gücü var, bir yerdə çalışıb maaş alıb yaşayırlar. Amma indiki dövrü bilirsən, lap o qızılı tapsan da, onu neyləyəcəksən? Necə xərcləyəcəksən ki, heç kimin xəbəri olmasın ki, sən xəzinə tapmısan. Ya da könüllü dövlətə verməlisən ki, 30-35%-ni versin sənə, açıq-aşkar xərcləyə biləsən.
-Teymur, əziz dostum, həkimim, yəqin sən partiyaçısan, deyilmi, komsomolda da olmusan yəqin ki,
bizdə Pribaltikada bu məsələlər bir az fərqlidir. Həm də indi 1987-ci ildir. Yeni ildən daha böyük dəyişiliklər olacaq ölkədə.
-Nə dəyişiliklər? Amma onu deyim ki, məni partiyaya qəbul edirdilər, dedim hələ tezdir, düzü bir az sərbəstliliyi daha çox sevirəm. Partiyaçı olsan , gərək ikiqat məsuliyyətin artsın.
-Düzdür, sən partiyaçı olsan gərək sabah gedib KQB-yə məlumat verəsən mənim haqqımda.
- Zarafatı burax, nə KQB, nə danışırsan.
-Teymur, mən analitikəm, bu gün dünyada vəziyyət sabit deyil. Elə SSRİ də sən görən kimi əmin-amanlıqda deyil. Sənə bir sirr də deyə bilərəm ki, bu qüdrətli dövlətimizin başı bəlalarda olacaq. Çox böyük planlar var, 10 ilə bu quruluşu dağıda bilərlər.
-Sofiya, mən həkim babayam, belə şeylərdən də ehtiyat edirəm, bu haqda mənə heç nə demə. Bir lətifə danışdığına görə babamın qardaşı 5 il həbsdə yatıb. Belə şeylərdən mən bir az ehtiyat edirəm.
-Yaxşı, belə çıxır ki, mən sənə güvənə bilmərəm? Axı mən o xəzinəni tapsam, səninlə bölüşəcəm, buna söz verirəm. Cavan həkimsən, evlənmək , mənzil almaq , oğul-uşaq sahibi olmaq istəyirsən. Hələ bəlkə könlündən avtomobil də keçir. Mən səni nəyəsə şirnikləndirmək istəmirəm, bilirəm, çox yaxşı bilirəm ki, gözütox adamsan. Amma mənim də yerimdə özünü hiss et, nə edərdin mənim yerimə olsan?
-Yaxşı, indi bu xəzinəni tapmaq üçün mən nə etməliyəm, axı sən özün də düz əməlli yerini bilmirsən?
-Bilirsən, mən belə qərara gəldim ki, bu ətrafda olan sakinlərdən Babayevin bağının hansı olduğunu soraqlaşım. Sadəcə bir jurnalist araşdırması kimi. Amma bilmirəm ki, hansı dildə, kiminlə nə cür danışacam. Ona görə də sənin mənə bu mərhələdə köməyin o ola bilər ki, əvvəlcə babamın bağının yerini müəyyən edək, əgər bağ evi qalıbsa, onu tapaq.
-Mən buraları yaxşı tanıyıram, üstəlik burdakı çox mənzillərin və idarələrin əksəriyyətinin köhnə tikililərdə olduğunu da bilirəm. Bax elə baş həkim oturan o bina hansısa bir ağanın evi olub. Alaqapının yanıdakı binalar isə həmin ağanın tövləsi olub. İşə bax ki, o tövlədə indi adamlar yaşayırlar. Amma o dövrü görən insanlardan da çox az adam qalıb axı. Zarafat deyil, 70 ilə yaxın bir vaxt keçib.
-Teymur, əzizim, gəl 2-3 gün soruşaq ətrafdan, deyirsən ki, ətrafda hamını tanıyırsan, yaşlı adamlardan bir neçəsi ilə söhbət edək, kimsə nəsə xatırlaya biləcək.
Teymurla Sofiyanın söhbəti o qədər sürdü ki, hətta saatın gecə 2 olduğunu da birdən duydular.
-Yaxşı, mən gedim yatım, sabah bazar günüdür, müalicə prosedurları yoxdur, yəqin ki, Olqa ilə gəzməyə gedəcəyik. Bir də axşam konsert və rəqs olacaq deyirlər. Vaxtın olsa sən də gəl.
-Mən də sabah elə burada dostlarımla olacam. Axşam da onlarla bərabər gələrik. Düzdür sanatoriyaya kənar adamları buraxmırlar, bəzən dava-dalaş olur rəqsdə, bizim oğlanlar emosional olurlar bir az. Amma milislər həmişə burdadırlar.
-Yaxşı, gecən xeyrə qalsın.
-Xeyrə qənşər, yuxun şirin olsun.
Teymur uzun müddət yuxuya gedə bilmədi. Sofiyanın danışdığı əhvalat, babasının mirasını axtarmaq üçün gəlməsi, dediyi sözlər onu xeyli düşündürdü. Nəhayət ki, yorğunluq və yuxu üstün gəldi.
Bazar günü Teymur növbəni təhvil verib çıxmaq istəyirdi ki, qapıçı Nadir kişinin oğlu ona yaxınlaşdı, həyəcanlı səslə:
-Teymur həkim, atamın yenə boğulma tutmaları başlayıb, təcili yardım çağırdıq, amma atam dedi sizi dəvət edim, o sizə daha çox güvənir.
-Evdədir? Evdə tutub onu, yoxsa işdə olanda?
-İşdə hələ sabah olacaq. Evdədir, axşamdan pis hiss edirdi özünü, bilirdik növbədəsən, dedi narahat etməyin. Amma səhər tezdən oyanıb, həmişəki dərmanlarını qəbul etdi, buraxmır onu.
-Gedək, sadəcə qoy çantamı götürüm.
Nadirin bronxial astması var idi. Hər il may ayında qovaq ağacı çiçəkləyəndə xəstəlik kəskinləşirdi. Çox vaxt bu aylarda məzuniyyət götürüb başqa yerlərə gedirdi. Boğulma tutmaları başlayanda axtarıb Teymuru tapırdılar. Teymura çox güvəndiyindən hətta təcili yardım da çağırmağa qoymurdu. Teymur isə həmişə yanında ilk yardım üçün lazım olan dərmanlar, iynələr saxlayırdı. Dəfələrlə yolda, izdə, nəqliyyatda çətin vəziyyətdə olan insanları xilas etmişdi. İndi də həmin çantasını alıb Nadirin oğlu ilə onlara tərəf getməyə başladı. Nadirin evi də sanatoriyanın həyətində idi. 10 ailə burada kommunal mənzildə yaşayırdılar. Amma çox mehriban, bir-birilə istiqanlı davranırdılar, hamısı da bu “Çiçəkli” sanatoriyasında müxtəlif işlərdə çalışırdılar. Nadirin deməsinə görə onların evləri keçmışdə Bakı milyonlarından birinin mühafizəçilərinin, yerli dillə desək qoçularının evi olmuşdu.
-Salam, Nadir kişi, olmasın azar, nə olub yenə? Deyirəm sənə az sümür bu “Avrora”nı...
-Hə, Teymur, bu dəfə bərk tutub deyəsən, o keçən dəfə vurduğun 3-4 dərmanın qarışığından vur birini yenə.
-Yadında yaxşı qalıb, indi vuraram.
15 dəqiqədən sonra Nadir kişinin vəziyyəti düzəldi. Bir az özünə gələndən sonra Teymurdan soruşdu:
-Danış görək sən necəsən? O günkü qonağın necədir, buraları bəyəndimi?
-Sağ ol, Nadir kişi. Hər şey normaldır. Qonağım da yaxşıdır, mənim xəstəmdir elə. Müalicələrini alır.
Elə yeri gəlmişkən bir şey də soruşum səndən. Mənim qonağım keçmış Bakı milyonçuları ilə maraqlanır, o gün Yeseninin muzeyinə də gedib, o evə baxıb, çox xoşu gəlib. Axı o jurnalistdir, belə tarixi məsələləri araşdırır.
-Əh, sən də başladın Yesenin, Yesenin. Yesenin o evdə cəmi 1-2 il qonaq olub, onu da yeyib-içib gəzib. Bəs heç o evi tikdirən kişinin adını çəkmirlər. O bağı neçə ilə salıb o kişi.
-Nadir kişi, yenə başlama də... De görüm Bababəy Babayev haqqında nə eşitmisən?
-Bankir Bababəy? O alayı kişi olub e... Ona cuhud Bababəy də deyiblər. Böyük bankı olub o vaxt. Hamı bəylər pullarını onun bankında saxlayırlarmış. Sovet hökuməti gələnə kimi aradan çıxıb.
-Bəs onun evi , bağı olub buralarda?
-Xeyir ola, indi də bəylərlə maraqlanırsan, əsər yazacaqsan, yoxsa qonağına danışıb lovğalanacaqsan ki, belə kişilər olub bizdə...
Teymur Sofiya ilə şərtləşmişdi ki, ki, özü razılıq verməyincə, Sofiyanin kimliyi haqda heç kimə heç nə deməməlidir. Odur ki, Nadirin sözlərini də zarafata çevirdi:
-Nadir kişi, görürsən ki, hər yerdən bura qonaqlar gəlir. Mən də istəyirəm ki, məlumatım çox olsun, hamıya danışım buralar haqqında, buraların adamlarının gözəlliyi haqqında. Bababəyin evi olub buralarda?
- Bababəyin evi və bağı bu sanatoriyanın arxasındadır. İndi oranı uşaq bağçası ediblər, yerli sakinlərin uşaqları üçün. Amma xəbərin var də, o ev və həyət bundan əvvəl bir nazirin idi.
-Nə nazir, hansı nazırdir elə?
-Həbs elədilər, sonradan da güllələnmə aldı.
-Güllələnmə? Niyə ki?
-Rüşvət üstündə. Evindən 3 kq qızıl çıxdı.
-Nə qədər?
-Düz 3 kq. Mən pulları, qab-qacaqları demirəm hələ.
-Bir az ətraflı danış görüm, nə vaxt olub bu?
-Bu olub bir on il əvvəl. Bir nazir var idi, a kişi, göynən gedirdi. Özü uşaq evində böyümüşdü, hökumət oxutmuşdu onu, ev vermişdi, yaxşı enerjili, bacarıqlı adam idi. Amma tamahı... Görməmiş idi, ya nə idi, bilmirəm, hər şeydə pul görürdü. Respublikanın rəhbərinə demişdilər onun haqqında, demişdi ki, adama mane olmayın, özü-özünə quyu qazır. Sən bilirsən ki, mənim atam kankandır, bu ətraflarda nə qədər şirin su quyusu varsa, hamısını atam qazıb. Hə, bax həmin nazir atamı tapıb demişdi ki, onun üçün həyətdə su quyusu qazsın. Mən də getdim atama kömək eləmək üçün, 1 həftəyə qazdıq. Nazir bağın həyətində elə bil cənnət yaratmışdı. O həyətdə əvvəllər 5 ailə qalırdı. Hamısına ev verib bir-bir köçürtmüşdü ordan, sonra oranı özü üçün bağ evi eləmişdi. Heç şəhərdəki evində qalmırdı, qış-yay burada qalırdı. Axırda gördülər lap ağ eləyib, rəhbər göstəriş vermişdı, basdılar içəri. Şəhərdəki evində axtarış aparmışdılar, sonra da kimsə satmışdı ki, o hər şeyi bağa daşıyır. Gəldilər bağı da axtardılar, evdən seyfdən xeyli pul, bahalı xəzlər, qab-qacaqlar, zinət əşyaları çıxmışdı. Aparatla axtarış edəndə divardan 3 kq qızıl çıxdı. Deyirdilər ki, and-aman edirmiş ki, qızıldan xəbəri yoxdur, bahalı şeylər də arvadının cehizidir, kim inanacaq. Müsadirə etdilər hər şeyi, özünə də güllələnmə verdilər. Heç hökmü də yerinə yetirə bilmədilər, ürəyi partladı. Sonra da qərar verdilər ki, o bağı uşaq bağçası eləsinlər.
-Yaxşı, Nadir dayı, bütün bunları sən haradan bilirsən?
-Adə, bunu bilməyən var, bir il hamı danışırdı. Qəzetlərdə də yazılmışdı. Bir də axı biz qonşuyuq buralarda, hamı gələni-gedəni görür axı.
Birdən Teymurun ağlına bir fikir gəldi:
-Nadir dayı, o su quyusu durur, ona baxmaq olarmı, qonağımıza da göstərərdim. Çox maraqlanır belə şeylərlə.
-Adə, o səninlə maraqlanır e, cavan oğlansan, maşallah şəkil kimi, sən də başlamısan ki, quyu belə gəldi, bağ belə getdi.
-Nadir dayı, bəsdir də, az sataş mənə. Mənim hələ evlənmək fikrim yoxdur.
-Ay həkim, kim deyir ki, evlən? Bu istirahətə gələnlər ki var, uzaqdan, elə sənin kimi cavan oğlanların yanına gəlirlər də...Yoxsa nə müalicə, nə filan.
-Yaxşı Nadir dayı, vəziyyətin yaxşıdırsa, mən gedim daha.
-Hə, çox sağ ol, həkim, özümü artıq yaxşı hiss edirəm.
-Maraqlı söhbət üçün də çox sağ ol. Bu gün bəlkə getdik o bağa baş çəkdik.
-Bu gün bağça işləmir, amma gözətçi mənim dostumdur, bir az düzəlsəm, gələcəyin vaxtı de mənə, aparım göstərim, başqa maraqlı şeylər də deyərəm sizə. Bəzi şeyləri indi demək olar, aşkarlıqdır deyirlər .
Teymur sağollaşıb çıxdı. Nadir kişinin danışdıqları bir tərəfdən çox maraqlı olsa da, digər tərəfdən həm də Sofiya deyənləri təsdiqləyirdi. Əvvəlan Babayevin bağının yerini artıq müəyyən etmişdi. İkincisi də bağda qızıl olması məsələsi də təsdiq olunurdu. Deməli, həqiqətən bağda qızıl xəzinəsi var. Hətta birinin yerini təsadüfən tapıblar, elə biliblər nazirin varidatındandır. Qalanları yəqin ki, qalıb. Amma harada, necə gizlədilib, necə tapmaq olar? Artıq Teymuru qızıllardan daha çox onların axtarışı ehtirası bürümüşdü.
Teymur üçün indi vacib məsələ eşitdiyi məlumatları Sofiya ilə bölüşmək idi. Görüş vaxtına isə hələ çox vardı, dostları ilə haraya gedəcəklərini öncədən müəyyənləşdirməmişdilər. Yəqin ki, onlar da toplanıb bir tərəfə yığışmışdılar. Şəhərə evə gedib gəlmək vaxt itkisi olacaqdı. Üstəlik hiss etdi ki, acıb.
Odur ki, yavaş-yavaş dayanacağa tərəf addımladı. İki dayanacaq gedib Adil əminin restotanında nahar etməyi qərara aldı. Adil əmi də aləm kişi idi. Onun restoranını Bakıda tanımayan yox idi. Bütün məşhur adamlar, sənət xadimləri dadlı nəsə yemək istəyəndə Adil əminin yanına gəlirdilər. Dəfələrlə olmuşdu ki, pulu az olan, ya heç olmayan da bura gəlir, Adil əmini kənara çəkib vəziyyəti başa salırdılar. Heç kimə də yox deməzdi. Məşhur şairlərdən biri onun haqqında şeir yazmışdı ki, hamının ona borcu var, görəsən Adil əminin kimə borcu var?
Həmişəki kim, Adil əmi restoranın girəcəyindəki masada öz yerində oturub hündürdə qoyulmuş televizora tamaşa edirdi. Teymuru görən kimi ayağa qalxdı, əl tutub görüşdü:
-Xoş gəlmisən, cavan həkim. Nə əcəb təksən?
-Adil əmi, məni həmişə sizin restorana dəvət edib gətiriblər, amma indi özüm gəlmişəm.
-Əcəb eləmisən, elə indi də mən səni qonaq edə bilərəm. Ürəyin nə istəyir de, hazırlatdırım, hər şey varımızdır.
- Yox, Adil əmi, çox sağ ol, elə nahar edəcəm, bir yarım boşqab şorba olsa içərəm, dalınca da lüləkabab yeyərdim. Sənin lüləkababından yoxdur də Bakıda.
-Mən yox e, o bizim Etibarın(kababçını nəzərdə tuturdu) məharətidir. Deyir ki, əti və quyruğu yarı-yarıya şişdə saxlayıram. İkinci belə kababçı varsa , gəlsin.
-Yox, o çox yağlı olar, biz həkimlər o cür yağlını məsləhət bilmərik. Elə adi qaydada eləsin, bir az da söhbət edək , çay içək, vaxtım keçsin.
Adil dayı xörəkpaylayan Hikməti yanına çağırdı, Teymurun sifarişlərini ona tapşırdı.
-Hə, cavan həkim, söhbət elə görək nə var, nə yox?
-Çox sağ ol, Adil əmi, salamatlıqdır. İşləyirik, yavaş-yavaş yay gəlir, xəstələrimiz çoxalır.
-Yaxşı, de görüm haçan evlənirsən?
-Adil əmi, hələ tezdir, cəmi 27 yaşım var. 30 olsun baxaram.
- Mənim 27 yaşım olanda, Vaqifin 7 yaşı var idi. (Oğlunu nəzərdə tuturdu).Sən hələ 30-da evlən, bir uşaqların da ərsəyə gəlsinlər.
Bu zaman Hikmət kasada Teymurun sifariş verdiyi şorbanı gətirdi. Bakılıların xəmiraşı dedikləri bu şorba əriştədən və ağ qaragöz lobyadan hazırlanırdı, tərkibinə müxtəlif ədvalar və tərəvəzlər də qatılırdı, üstəlik ət suyunda hazırlandığından çox dadlı olurdu. Hikmət sinidən müxtəlif məzələri və göyərtiləri də süfrəyə düzdü və dedi:
-Adil əmi, Etibar deyir ki, həkim şorbanı içənəcən lüləkabab da hazır olacaq.
-Oldu, amma ötürməsin vaxtını, həkim bir az sütül istəyir. Teymur oğlum, içməyə də bir şey gətirsinlər?
-Yox, çox sağ ol Adil əmi. Dayan, mənim çantamda əntiqə bir şey var, istəsən birlikdə dadına baxaraq. Bunu mənə Pribaltikadan gələn bir xəstəm gətirib, Riqa balzamıdır.
-Hə, Teymur, bu mənə tanışdır, mənmuniyyətlə bir də dadına baxaram.
Teymur Sofiya verdiyi balzamlardan birini özü ilə götürmüşdü ki, dostlarını qonaq etsin. Amma deyəsən Adil əminin qisməti idi.
Balzamın dadına baxaraq, yeməkdən zövq ala-ala yeyərək, Teymur Adil əmidən soruşdu:
-Adil əmi, bu Bakı milyonçuları haqqında nə eşitmisən, sən axı köhnə kişilərdənsən?
-Hə, oğlum, köhnə olmağına köhnəyəm, onlardan da çox şey danışa bilərəm. İndi aşkarlıqdır, hər şeyi deyə bilərsən. Amma vaxtilə belə söhbətləri edə bilməzdin. O kişilər ayrı aləm olublar. Sən axı bilirsən, mənim atam da , babam da aşpaz olublar, babamın kababı, plovu Bakıda adla olub. Elə bu xəmiraşını da , canım sənə desin, küftəni də onun kimi bişirən olmayıb. Bütün o Bakı milyonerləri babamı tez-tez dəvət edərlərmiş tədbirlərinə ki, onlar üçün yeməyi babam hazırlasın. Hətta əcnəbi qonaqları olanda da babamın bişirdiklərini onlara fəxrlə təqdim edərlərmiş.
-Adil əmi, bəs onlardan Bababəy Babayev haqqında nə eşitmisən?
-Cuhud Bababəy? O da bir özünəməxsus adam olub. Bu milyonerlərin içində tək-tükü ali təhsilli olub. Amma Bababəy Polşada təhsil alıb, bank işi ilə məşğul olurmuş. Sovet hökuməti gələn ərəfədə elə Polşada imiş. Eşidib hadisəni, heç gəlməyib buralara. Niyə də gəlsin, burda ancaq uzaq qohumları var idi. Onu da deyim ki, onun da bağı burda, Mərdəkandadır. İndi uşaq bağçasıdır. Əvvəl nazirin idi.
-Adil əmi, bu nə nazir idi belə? Nəsə eşitmişəm elə-bil onun haqqında, deyəsən həbs ediblər niyəsə.
-O da mənim müştərim olub. Qışda həmişə xaşa, yayda isə küküyə gəlirdi. Yeyib-içən adam idi, amma bir az lovğalığı, bir az da simicliyi var idi. Həmişə böyük-böyük danışırdı, əlbəttə nazir idi, danışa bilərdi. Amma bir dəfə də olsun, bu ofisiantlara 1 manat da çay pulu verməmişdi. Özün bilirsən ki, mən imkan vermərəm bunların gözü kiminsə əlində qalsın. Amma həmişə olub də,kimsə qalığını almayıb, kimsə əvvəldə 1-2 manat verib bunlara ki yaxşı xidmət etsinlər. Şükür allaha, hələ burdan narazı gedən olmayıb.
-Adil əmi, bəs o qızıl əhvalatı nədir , deyir həbs olunanda nazirin bağından neçəsə kiloqram qızıl çıxıb?
-Teymur, mən müştərilərimi yaxşı tanıyıram. Onun pulu-filanı ola bilərdi. Amma qızıl məsələsi bir az maraqlı idi. Həmin evdə axtarış aparan operativ qrupun rəhbəri də mənim müştərimdir. O bir dəfə mənə danışdı ki, həmin nazirin bağ evinin cəmi bir divarını axtardıq, adətən arxa divarda gizlədirlər qiymətli əşyaları. Axtarış zamanı qızıl çıxanda nazir özü də mat qalıbmış. Müstəntiqə deyib ki, mənim bundan xəbərim yoxdur. Amma nə bilim, insandır də, hər şey ola bilər.
-Adil əmi, qızıl Bababəy Babayevdən həmin bağda qalmış ola bilərdimi?
-Nə bilim, ay oğul, tək Bababəy yox e, o milyonerlərin nə qədər var-dövlətləri qalıb, allah bilir.
Bu məqamda lülə-kabab da yanında sumağı, soğanı süfrəyə gəldi. Adil əmi :
-Teymur, sənə nuş olsun, rahat yeməyini ye, mən də bir mətbəxə baş çəkim, bazar günüdür, bir azdan qonaqlarım çox olacaq. Bu balzama görə də təşəkkürlər, aləm şeydir.
“Halal olsun aşpaz Etibara, lüləkabab çox dadlı oldu” –deyə Teymur ləzzətlə yeməyini yedi. Arada Riqa balzamından da az-az içirdi. Yeməkdən sonra samovar çayı sifariş verdi. Meyvə ağaclarından hazırlanan xüsusi kömürlə qaynadılan və müxtəlif otlarla bərabər dəmlənən Lənkəran çayının ətri uzaqdan hiss olunurdu. “Gərək Sofiyanı da buraya bir dəfə dəvət edim, çox maraqlı olacaq onun üçün” –düşünərək ayağa qalxdı, Hikməti çağırıb hesabı istədi.
-Həkim, Adil dayı deyib ki, qonağım olsun, hesab lazım deyil.
-Xeyr, xeyr, elə olsa bir də gəlmərəm. Zəhmət olmasa, hesabı gətir.
Teymur hesabı ödəyib sağollaşıb çıxdı. Axşama hələ 4-5 saat vardı. Yenidən sanatoriyaya qayıdıb bir az dincəlməyi, sonra da Sofiyanı tapıb eşitdiklərini ona danışmaq qərarına gəldi. Saat 17.00-da sanatoriyada qəlyanaltı çay-peçenye verilirdi. Çox güman ki, Sofiya da dənizdən qayıdıb orda olacaqdı.
Zənnində yanılmamışdı. Çay dəstgahına az qalmış Sofiya iri cüssəli sarışın bir xanımla (yəqin ki, dediyi ağır atletika məşqçisi idi), Teymuru gördükdə, əvvəl təəccübləndi:
-Salamlar, mənim əziz həkimim! Biz axı axşam rəqsdə görüşəcəkdik.Deyəsən səbrin çatmadı. Tanış ol, bu da Olqadır.
-Çox gözəl, çox şadam. Haralarda oldunuz, haraları gəzdiniz?
-Dediyimiz kimi dənizə getdik, sonra gəlib bir az qəsəbəni gəzdik, qədim qala vardı, getdik ona baxdıq. Maraqlı məlumatlar öyrəndik.
-Elə mən də də maraqlı məlumatlar var.
Sofiya işarəni dərhal anladı.
-Həkim, olarmı çaydan sonra bir az mənə vaxt ayırasan, müalicəmlə bağlı bir neçə məsələləri soruşmaq istərdim.
-Gələrsiniz otağa , orda nə istəsəniz soruşarsınız, mən indi öz otağıma gedirəm.
-Həkim, açıq havada daha yaxşı olmazmı, sadəcə 1-2 müalicəni dəqiqləşdirmək istəyirəm. Olqa onsuz da çaydan sonra otağına gedəcək. Elə bu gözəl havada gəzə-gəzə söhbət edərik.
Çay dəstgahı 10 dəqiqə sürmədi. Sofiya yeməkxanadan çıxıb Teymura yaxınlaşdı.
-Buyur, Teymur, eşidirəm, de görək nə eşitmisən.
-Sonya, məsələ belədir. Baban Bababəy Babayevin bağı bu sanatoriyanın arxasındadır. Ora indi uşaq bağçasıdır. Amma 10 il öncə bir nazirin olub. Rüşvətxorluq və yeyinti üstündə həbs ediblər, güllələnmə veriblər, ürəyi partlayıb, ölüb. Maraqlı burasındadır ki, evindən pul və başqa şeylərlə yanaşı 3 kq –da qızıl çıxıb.
-Nə qədər, 3 kq?
-Bəli, düz eşitdin. Babanın gizli xəzinəsinin biri artıq yoxdur. Mən əminəm ki, bu nazirin qızılları olmayıb. Çünki, özü də qızıl tapılanda təəccüb edib ki, bu hardan çıxdı, mənim xəbərim yoxdur.
-Bunu kim dedi?
-Dinlə axıra qədər, özün biləcəksən.
Sanatoriyanın həyətində gəzişən hər kəs Teymurgillə rastlaşdıqca salam verir, hal-əhval tuturdular, ona görə də tez-tez söhbət yarımçıq kəsilirdi. Sofiya Teymura təklif etdi ki, içəri keçsinlər, ya hollda oturub danışsınlar, ya da Teymurun otağında.
-Teymur, indi verdikləri çay da dadlı idi, amma sənin gecə verdiyin çaya çatmazdı. Məni yenə qonaq edərsənmi?
-Gedək, böyük məmnuniyyətlə.
Çay süfrəsi ətrafında Teymur bu gün Nadir kişidən və Adil əmidən eşitdikləri hər şeyi tam təfsilatı ilə Sofiyaya danışdı. Sofiya diqqətlə dinləyərək, dərin fikirlərə qərq oldu.
-Çayını iç, Sonya xanım, soyuq çay sadəcə qırmızı su deməkdir, çay yox.
-Hə, Teymur, çox sağ ol. İndi içərəm.
Sofiya çayını içə-içə sözə başladı:
-Sənin danışdıqlarından mənim ilkin nəticəm budur ki, babamın 30 kq yox, daha çox varidatı qalıb. Ola bilsin yaddaşında qalan bu olub, ola bilsin də atama çox şeyləri danışmağın mənasız olduğunu hiss edib. Çünki, o zaman dünyanın belə dəyişəcəyini heç kim düşünməzdi. Elə indi də heç kim bilmir ki, 5-10 il sonra nə olacaq. Sonra onu sənə deyim ki, biz mütləq o bağa gedib baxmalıyıq. Mənim üçün bir dəfə o bağı gəzməyim kifayət edəcək ki, nəyin harada ola biləcəyini müəyyənləşdirim.
-Yəqin ki, sonra uşaq bağçasını söküb-dağıtmaq istəməzsən, deyilmi?
-Sən nə danışırsan? Amma mənim sənin yumorundan xoşum gəlir. Sonra onu sənə deyim ki, Adil əminin dediyi o nazirin bağında axtarış aparan operativ qrupun rəhbəri ilə söhbət etmək istərdim. Bilirəm bu bəlkə də mümkün deyil, amma bir şey fikirləşmək olar. Hələ uzun müddət burdayam. Birdə ki, o evdə nazirdən öncə yaşayanlarla da bir söhbət etmək istərdim.
-Bu dediklərini həyata keçirtmək olar, amma o axtarış qrupunun rəhbəri məsələsini necə həll edəcəyik?
-Teymur, sən bilirsən ki, mən analitikəm. Sənin söhbətlərindən artıq mən bu gün gördüyün bütün adamlarım psixoloji portretlərini çizmişəm. Adil əmi və Nadirdə hələ çox informasiya var. Amma mən sizin dili bilmirəm. Ona görə sənin vasitənlə mən onlardan yenə nəsə öyrənməyə çalışacam. Bu adamlar heç özləri də bilmədən bizə çox şey deyəcəklər. Onlar üçün bu söhbətlər gündəlik adi söhbətlərdir. Amma hər bir danışığın arxaslnda çox qiymətli məlumatlar durur.
-O zaman gedək Nadir dayıya bir baş çəkək, mümkün olsa gedib bağı da görərik. Amma öncədən bu dərmanı verim sənə, ya da balzamdan bir az iç ki, həyəcanlanmayasan.
-Balzam yox, amma nə dərmandır, içərəm ver.
-Buyur, 5 ml-lik 1 ampul kifayətdir, suya qatıb verəcəm.
Teymur Sofiya ilə bərabər həyətə çıxdılar. Birdən Sofiya Teymura tərəf dönərək,
-Məni gözlə gedim fotoaparatımı götürüm, bir neçə rəsm çəkim, sonra rəsmləri də araşdıracam, -dedi.
-Oldu, get gətir.
Fotoaparat kiçik ölçülü miniatür bir formada idi.
-Bunu mənə yapon dostlarım hədiyyə ediblər. Bu fotoaparat üçün KQB-dən xüsusi icazə almışam. Fotoaparatı, diktofonu olmayan jurnalist gülləsiz əsgər kimi bir şeydir.
-Əşi, sənin əlin hər yerə çatır ki...
Nadir kişi həyətdə zolaqlı pijamada oturmuşdu, Teymuru görən kimi əlindəki siqareti gizləmək istədi, amma Teymurun gülümsədiyin görüb:
-Olmur, e ay həkim, hərdən bir dənə istəyirəm. Bu 1-ci siqaretdir bu gün. Elə indi yandırdım.
-Nə deyim ay Nadir dayı, belə getsə dostluğumuz pozulacaq. Yaxşı tanış ol, bu mənim dediyim xəstəmdir, o gün görmüsən, jurnalistdir, həmin bağa baxmaq istəyirik, olarmı?
Nadir dayı Sofiyanın təəcübünə səbəb olsa da, təmiz rus dilində salamlaışıb hal-əhval tutdu.
- Gedək, amma bir zəng edim dostuma indi, bağçada telefon var, ordadırsa xəbərdar edim gedək. Yoxsa hərdən onun da başına nərd həvəskarları toplaşır, mərcə nərd oynayırlar.
Nadir dayı içəri keçdi, az sonra yeni geyimlə:
-Ordadır, dedi elə darıxıram, gəlin söhbətləşək, -dedi.
Hər üçü bərabər sanatoriyanın çıxış qapısına tərf addımladılar.
-Hə, Sofiya, qızım, bizim həkim necə baxır sənə, müalcələri necədir?
-Təşəkkürlər Nadir dayı, razıyam. Axı o həm də məni təkcə müalicə etmir, məlumat da verir, bax indi də istirahət vaxtını mənə sərf eləyir, görür maraqlanıram hər şeylə həvəslə danışır.
-Subaydır də, evləndirə bilmirik onu, evlənsin, saatı tamam olan kimi, evə qaçacaq.
-Özü evlənmir bəyəm, niyə siz evləndirirsiniz?
-Sofiya , sənin ağlın oralara getməsin, 13-14 yaşdan sonra hamı qızlar-oğlanlar bir-birilə tanış olur, uzun müddət bərabər gəzirlər, yaşayırlar, bir-birlərinə bələd olurlar, sonra da ya evlənirlər, ya evlənmirlər. Burada bizdə bəzən ancaq toy günündə bir-birinin üzünü yaxından görürlər.
-Bunu eşitmişəm. Bəs sonra sevgisiz necə yaşayırlar?
-Sofiya, bu sevgisiz olsa da, nəsiz olsa da bizdə boşanma halları çox azdır, ailə sistemi var.
Teymur da söhbətə qoşuldu:
-Yəqin elə dəyərlər var ki, bu qadın-kişi sevgisindən daha üstündür.
-Bu sözünlə şərikəm, sevgi hər zaman xoşbəxtlik, səadət gətirmir.
Uşaq bağçası sanatoriyanın həyətinə tam bitişik idi. Onları Mürvət(Nadir dayı onu belə təqdim etdi) qapıda qarşıladı.
-Salam, ay qoca! Xoş gəlmisiniz!
-Əh, qoca sənin atandur, neynirsən, nesəsən?
-Sizin sağlığınıza, günlər keçir, əkin-biçinim var, istirahət günləri də burada vaxtımı keçirirəm.
-Bu bizim Teymur həkimdir, yəqin ki, tanıyırsan, bu da onun xəstəsidir, adı Sofiya xanımdır, buralarla cox maraqlanır, ələlxüsus da köhnə Bakı milyonerləri, onların həyatı ilə, tikdikləri binalarla, gördükləri işlərlə.
-Teymur həkimi tanıyıram, mənim qaynanamı hələ tələbə olanda ölümdən qurtarıb, həmişə dua edirik ona. Qaldı ki, qonağa əlbəttə, canla-başla danışaram, indi hamı maraqlanır, aşkarlıqdır də, elə bu bağa nə qədər adam gəlib, jurnalist, yazıçı, mən də elə bildiyimdən, eşitdiyimdən danışmışam onlara.
Teymur Mürvəti şəxsən tanımasa da, evlərində olmuşdu, doğrudan da onun qaynanasını ağır vəziyyətdən xilas etmişdi. Yolda-izdə görüşəndə Mürvətlə salamlaşırdılar. Amma indi şəxsən tanış oldular.
-Yaxşı, Mürvət, sən nə bilirsən bu bağ haqqında, kim olub bunun sahibi, nə var burada, nə deyə bilərsən. Amma yəqin sən də rusca bilirsən, elə danış ki, Sofiya da başa düşsün, bilmədiyin söz olanda de mənə, tərcümə edək.
-Oldu, həkim, bildiyimi deyərəm. Deməli, bu bağ məşhur Bakı milyonçusu Bababəy Babayevin olub. O neftlə-filanla məşğul olmayıb. Onun bankları olub. Çar hökumətinin vaxtlnda yerli xalqdan olan bir adamın bank sahibi olması ağlabatan deyildi. Amma bu Bababəy çox savadlı adam olub, özü Polşada təhsil alıb bank-maliyyə işləri üzrə. Bir bankir kimi nə qədər varlı olsa da, çox qənaətcil və yığcam bir adam olub. Bu bağ da gördüyünüz kimi, çox böyük və dəbdəbəli deyil. Bir də fikir verdinizsə, burda böyük alaqapı deyil, sadəcə 2 adam boyu bir tikili var. Adətən varlılar öz alaqapılarını hündür tikirlərmiş və üstünə də mütləq ya öz ad-familiyalarının baş hərflərini, ya gerblərini, ya da Qurani-kərimdən ayələr həkk etdirərlərmiş. Amma bu alaqapı çox da hündür tikilməsə də, gördüyünüz kimi, enli tikilib, ən azı iki divar qalınlığında. Ev isə cəmi ikimərtəbəlidir, hər mərtəbədə 3 yataq otağı, mətbəx, zal və yardımçı otaqlar olub. Burda gəzib baxarsınız, bütün o milyonerlərin bağlarında 3-4 mərtəbəli mülkləri olub. Hətta qulluqçular üçün də hündür evlər tikiblər, faytonçunun evi ayrı, aşpazın evi ayrı, bağbanın evi ayrı. Bababəyin isə elə çox qulluqçusu-filanı da olmayıb. Bağa da özü qulluq edirmiş. Göründüyü kimi həyəti də çox böyük olmayıb. Amma o vaxtdan hamı danışırmış ki, Bababəyin kalan qızılı olub. Amma hara gizlədib, hara aparıb, bilən olmayıb. Bu evdən də, yəqin eşitmisiniz, bir dəfə qızıl çıxıb, o da həmin o tutulan nazirin vaxtında. Onu da deyirlər guya o nazirin olub, bəziləri deyirlər ki, nazirin olmayıb, ona görə deyirmiş ki, mənim xəbərim yoxdur.
-Hə, nazir haqqında eşitmişik, amma bizi daha çox elə evin tikilş forması, quruluşu maraqlandırır.
-Doğrudur, mən də onu deyəcəkdim, - Sofiya da Teymurun dediklərini təsdiqləyərək söhbətin səmtini başqa yerə yönəltməyə çalışdı.
-Buyurun baxın, görürəm fotoaparatınız da var, şəkillər də çəkə bilərsiniz. Amma məni çəkməyin, bağça müdiri bir dəfə qəzetdə mənim şəklimi görmüşdü, acıqlandı dedi ki, mənim icazəm olmasa, heç kimi buraya buraxma. Nadir dedi, daha etiraz edə bilmədim. Həm də Teymurun xətrini çox istəyirəm.
Onlar bərabər həyəti dolaşmağa başladılar. Sofiya ara-sıra fotoaparatını işə salır, bəzi yerləri çəkirdi. Teymur fikir verdi ki, Sofiya fotoaparatla çox ustalıqla , professional bir şəkildə çalışır. Sofiya daha çox alaqapının şəklini çəkirdi, əslində bu alaqapı deyil, bir tağ şəkilli hündür tikili idi. Uzunluğu 10 metr olardı, sonra isə hasar başlayırdı, hündürlüyü isə 3 metr olardı. Tən ortada qövsvari qalın taxtalardan iki böyük qapı qoyulmuşdu, qapının birinin içərisində adamlar keçməsi üçün xırda qapı vardı. Evin isə çox maraqlı arxitekturası vardı, kənardan baxanda o qədər böyük görünməsə də, içəri keçəndə əslində rahat və geniş bir mülk olduğu hiss olunurdu. Mürvət evin giriş qapısını açıb balaca izahat verdi:
-Baxın bura dəhlizdir, sol tərəfdə mətbəx olub, sağda isə böyük zal. Deyilənə görə Bababəy də bahalı qabları sevirmiş, amma o vaxt ara qarışanda, ozü gedəndən sonra bu evi bir neçə dəfə talan ediblər. İkinci mərtəbədə də eyni belə bir plandır, amma orada bir neçə yataq otağı var. Bir də xahiş edirəm ki, həkim, içəridə çox ləngiməyin, birdən gələn-gedən olar, nə lazımdır foto çəkin. Lazım olar sonra gələrsiniz yenə, gələn bazar növbədə olacam. Əvvəlcə zəng edərsiniz, sonra gələrsiniz.
Teymur Sofiyaya baxdı, hələ ki fotoaparatını şaqqıldadırdı, lakin Teymurun ona baxdığını görüb, getmək lazım olduğunu anladı. Sofiya əslində çox qəribə hallar keçirirdi. Tamamilə yad bir məkanda , yad adamların əhatəsində olsa da, qəribə bir doğmalıq hiss edirdi. Düzdür, heç vaxt üzünü görməsə də, doğma babasına vaxtilə mənsub olan bu evdə canına qəribə bir istilik gəlmişdi.
-Mən bitirdim işimi, lazım olan şəkilləri çəkdim. Gedə bilərik.
Nadir kişi onları həyətdə çözləyirdi.
-Teymur həkim, nə oldu, nəyə baxdınız, xoşunuza gəldimi, Sofiya nə deyir, belə evlər yəqin onlarda da olub. Gəl indi mən sizə söz verdiyim quyunu göstərim.
-Nadir, mən sizin atanızın adını bilmirəm, ona görə belə müraciət edəcəm, belə evlər bizdə də tikilib, amma bizdə əsasən kilsələr, bələdiyyə binaları geniş və bəzəkli arxitekturaları ilə seçilir. Şəxsi evlər daha çox sadə və yiğcam olur, elə bu ev kimi, - deyə Sofiya Nadir kişinin sualını özü cavablandırdı.
-Qaldı ki, Nadir dayı, o tərəflərdə də belə su quyuları çox olur yəqin, ola bilsin onun üçün adi bir quyudur.
Sofiya Nadir kişiyə tərəf dönərək dedi:
-Məmnuniyyətlə baxaram quyuya, hətta suyunu da dadmaq istərdim. Mən hər ölkədə olduqca onların sularından dadıb hətta özüm üçün qeydlər də eləmişəm. Deməli bu bağda quyudan başqa hər şey köhnədir.
Mürvət dilləndi:
-Onu məndən soruşun. Bu həyətdə sonradan bu qarajlar tikilib. Bir də o balaca tikililər ərzaq anbarlarıdır indi. Onu da nazir tikdiribmiş elə belə yardımçı binalar, anbarlar kimi ki, evə hər şeyi yığmasınlar.
Sofiya quyudan çıxan suyun dadına baxdı:
-Tam səmimi deyirəm, çox gözəl sudur. Çay üçün də əladır, xörəyə də gedər.
Mürvətlə sağollaşıb ayrıldılar. Amma Nadir kişi də Mürvətin yanında qaldı, bir az nərd oynayıb sonra gələcəyini bildirdi.
-İndi qaldı bu fotoların aşkarlanması, burada fotoatelye varmı? İcazə versələr, mən özüm də laboratoriyada bunları aşkarlayaram.
-İstəyirsən indi gedək, mənim dostum fotoqraf Fəxri dayının yanına, amma sən az rəsm çəkmisən axı, lentin dolmasını gözləmirsən?
-Yox əvvəldə də vardı, Moskvada da, buraya gələndə də dənizdə, muzeydə də rəsmlər çəkmişəm, bircə sənin rəsmin yoxdur.
-Sözün açığı mən sevmirəm çox foto çəkdirməyi, məni çəkməsən də olar.
-Xeyr, 1-2 rəsm edəcəm, həm qoy xatirə qalsın, həm də mən fotolar ilə işləyib insanların psixoloji portretlərini daha da geniş öyrənirəm.
-Məni hələ öyrənib qurtarmadın?
-Teymur, insanı ömür boyu öyrənsən də, naməlum qalacaq. Sən axı həkimsən, özü də nevropatoloq, yaxşı bilirsən ki, insanın hərəkətləri çox zaman qeyri-iradi baş verir, nə qədər özünü çilovlasa da instinktlər bəzən üstün gəlir. Bax elə bu qızıl, var-dövlət hərisliyi, şöhrət iddiaları hamısı heç də bilə-bilə yaranmır. İnsan bilə-bilə ki, bunlar həyatda sonda mənasız şeylərdir, yenə də nəsə əldə etməyə çalışır.
-Yaxşı bunları bilə-bilə axı sən də babanın xəzinəsini tapmağa can atırsan?
-Teymur, mənim arzularım var. Pul mənim üçün həmin arzuları yerinə yetirmək üçün olan vasitələrdən biridir. Bir də dedim axı, dəyişiliklər olacaq dünyada, pulun rolu daha çox artacaq çox təəssüf ki. İnsanlar mənəviyyatdan uzaqlaşacaqlar, bax o günə indidən hazırlaşmaq lazımdır. Sənə də məsləhət görürəm.
-Sən lap qədim dövrdəki münəccimlər kimi danışdın. Gedək Fəxri dayının yanına.
Sofiya Teymurun da bir neçə şəklini çəkdi. Fotoqraf Fəxri dayının atelyesi sanatoriyanı yaxınlığında idi. Təsadüfdən Fəxri dayı evdə yox idi, oğlu ilə danışdılar, şəkillərin aşkarlanmasını sabaha saxladılar.Teymur Sofiyaya dedi:
-İndisə gedək şam yeməyinə, ordan da rəqs gecəsinə, bir az da istirahət lazımdır. Bizim rəqs axşamları maraqlı olur, yəqin olmusan.
-Əlbəttə, elə birinci gündən görmüşəm. Maraqlı odur ki, həm canlı musiqilər olur, həm də səs yazıları. Bir də ondan xoşum gəldi ki, hər cür musiqi olur, həm milli rəqslər , musiqilər səslənir, həm də estrada.
-O rəqs gecələrinin aparıcısı ki, var, bizim bütün toyların tamadasıdır. Fərqi yoxdur, istənilən millətin toyunu apara bilir. Ad günləri, bayramlar, dövlət tədbirləri, hamısının aparıcısıdır. İstedaddır da bu adam. Bir nəfəsə 100 lətifə danışır. Bizim raykom katibi onu tez-tez dəvət edir yığıncaqlara, bir dəfə bir siyasi lətifə də danışmışdı. Az qaldılar kişini damlasınlar, katib bərk hirslənmişdi. Söz verdi ki, bir də danışmayacaq. Amma aşkarlıq dövrüdür. Daha icazə verərlər nə istəsə danışmağa.
-Oldu, mən də gedim paltarlarımı dəyişim, fotoaparatımı qoyum, gəlirəm.

...Ещё не вечер, ещё не вечер, ещё в запасе время есть у нас с тобой.
Ещё не вечер, ещё не вечер, ещё открыты двери надежде и доверью.
Пусть говорят, что стал с годами труден путь,
Пусть говорят, былое счастье не вернуть.
Только не буду верить я таким словам.
Никому тебя я не отдам.
Sözləri İlya Reznikə, musiqisi Raymond Paulsa məxsus olan, məşhur latış müğənnisi Layma Vaykulenin ifasında səslənən bu mahnı rəqs gecəsində bir neçə dəfə təkrar-təkrar səsləndi. Hər dəfə də bu mahnının sədaları altında Teymurla Sofiya rəqs etdilər. Arada milli musiqi səslənəndə də Teymur Sofiyanı dəvət etmək istədi, amma Sofiya bu rəqsləri bacarmadığını deyib nəzakətlə imtina etdi. Milli rəqslər səslənəndə Sofiya diqqətlə rəqqaslara baxır, onların hərəkətlərini xüsusi bir maraqla izləyir, sanki yaddaşına yazmaq istəyirdi. Sanatoriyanın qonşuluğunda yaşayan, özü də sanatoriyada aşpaz işləyən Fikrətin rəqsləri isə aləm idi. Hər rəqsi ilə sanki yeni bir tamaşa , yeni bir səhnə yaradırdı. Teymur bütün rəqs axşamı boyu Sofiyaya səslənən milli musiqilər haqda məlumat verdi. Xüsusən “Qoçəli” rəqsi haqda daha çox ətraflı danışdı.
-Bax bu rəqs qoçu Əliyə aid olub, deyirlər. Qoçular həmin Bakı milyonerlərinin mühafizəçiləri olublar. Həmişə milyonerlərin yanında silahla gəzib onları müşayiət ediblər.
-Mən Qafqaz rəqslərini çox görmüşəm. Gürcülərin rəqs ansamblları var, qastrolları tez-tez olur Moskvada, Minskdə. Mən gəlib tamaşa edirəm. Amma bu musiqilərin də başqa zövqü var.
Rəqs axşamı başa çatdı. Teymur Sofiyanı yaşadığı korpusa qədər ötürdü, ayrılarkən belə qərara gəldilər ki, Sofiya sabah dəniz gəzintisini təxirə salaraq nahardan sonra Teymurla bərabər fotoatelyeyə gedəcəklər. Teymur sonra öz otağına qayıtdı. Daha şəhərə evə gedib, yenidən işə dönməyin heç bir mənası yox idi. Arada valideynlərinə zəng edib işdə qalacağı haqqında məlumat vermişdi. Belə hallar onlar üçün təbii idi. Tələbəlik vaxtından ayın çox günlərini növbədə keçirən Teymur təcili yardımda da çalışarkən evdə az-az olurdu. Artıq buna hamı adət etmişdi.
Yatmazdan öncə bir daha baş verənləri götür-qoy etməyə çalışdı. Hadisələr ona çox maraqlı gəlsə də, davamının necə olacağını duya bilmirdi. “Lap tutaq ki, hardansa öyrəndik ki, Bababəy Babayevin həyətində qızıllar var, ancaq bunu nə cür əldə etmək olar, bağçanı söküb dağıdası deyilik ki? Lap deyək ki, tapdıq qızılları, bəs sonra nə edəcəyik? Sofiya onu hansı yolla aparacaq, aparmaq istəyəcəkmi? Lap deyək ki, təyyarədən imtina etdi, orada yoxlamalar çox olur, qatarla getdi, hansı təminat var ki, o qədər qızılla gedib mənzil başına çıxacaq?” Bu fikirləri düşünə-düşünə Teymuru yuxu apardı.
Ertəsi gün günorta yeməyindən sonra Sofiya Teymurun otağına gəldi. Fotoaparatı da əlində idi. Teymur da artıq işlərini tamamlamışdı. Baş həkimə zəng vurub işdən bir az tez çıxacağını söylədi. Razılıq alıb Sofiya ilə bərabər fotoqraf Fəxri dayının yanına yollandılar. Fəxri dayı onları gülərüzlə qarşıladı.
-Ay Teymur həkim, çoxdandır gəlmirsən biz tərəflərə, nə olub, işlərin çoxdur?
-Bəli, Fəxri dayı, amma sən də hərdən sanatoriyaya gələndə bir qonağım ol də... Yaxşı çayım var, qonaq edərəm səni, bir az söhbətləşərik, onsuz da axşam tərəfi gəlirsən.
Fəxri kişi doğrudan da həftədə 2 dəfə sanatoriyaya fotoqraf kimi gəlirdi, istirahət edənlərin şəklini çəkirdi. Bu dəfə çəkib, növbəti görüşündə şəkilləri gətirirdi. Çox zarafatcıl, şən, deyib-gülən bir adam idi.
-Buyurun, eşidirəm, oğlum dedi, şəkilləri aydınlatmaq istəyirsiniz.
-Hə, Fəxri dayı, bu mənim qonağımdır, həm də onun müalicə həkimiyəm. Özü öz aparatı ilə şəkillər çəkib, indi onları aydınlatmaq istəyir.
-Nolar, çox gözəl, elə məhlulları təzə hazırlamışam, indi nə lazımdır edərik.
Sofiya özünü təqdim edib tanış olduqdan sonra, aparatı çixartdı.
-Ooo, bu əntiqə aparatdır ki, qiyməti neçəyədir bunun? Mən də belə bir aparat axtarıram.
-Mənə hədiyyə ediblər, yapon jurnalist dostlarım. Amma bu aparatdan ötrü lazımi orqanlara neçə dəfə izahat vermişəm.
-Ona görə deyirəm də... Həm texniki imkanları çoxdur, həm də işləmək çox rahatdır.
-İstəyirsiniz verin mən məşğul olum, istəyirsiniz də özünüz keçin bu otağa, hər şey hazırdır.
-Özüm olsam daha yaxşı olar. Siz mənə bircə qabların necə yerləşdiyini deyin.
-Çox sadəcə, hamısını yazmışam üstündə, özü də rusca da yazmışam.
-Oldu, təşəkkürlər, Teymur həkim yəqin ki məni gözləyər. Azından 1 saat vaxt gedəcək. Amma yaxşı kağızınız varmı, şəkilləri çap eləmək üçün.
-Əlbəttə, çoxdan burada bir nəfər dincəlirdi, həmin fotokağızlar fabrikində baş mühəndis işləyir. Mənim üçün hər şey oradan gəlir birbaşa. Ona görə də mənim şəkillərimin keyfiyyətinə söz ola bilməz. Nə qədər istəsəniz , işlədin .
-Oldu, nə qədər xərci olsa odəyəcəm.
Sofiya Fəfri dayının göstərdiyi otağa keçdi, qapını örtüb şəkilləri aşkarlamaqla məşğul oldu. Teymur isə bu zaman ərzində Fəxri dayının müxtəlif zamanlarda çəkdiyi, divardan asılmış şəkillərə baxmaq istəyirdi. Fəxri dayının foto atelyesinin qəbul otağı çox genış idi. Böyük bir divara illərin xroniki ardıcıllığı ilə şəkillər düzülmüşdü. Teymur bir neçə dəfə bu şəkillərə ötəri nəzər salsa da, indi onun diqqətini cəlb edən müxtəlif binaların, divarların rəsmləri oldu.Hətta dünən Sofiya ilə bərabər gəzdikləri Babayevin bağının da həm alaqapısının, həm də evin şəkilləri vardı. Teymurun ev şəkillərinə diqqətlə baxdığını görən Fəxri dayı dilləndi:
-Teymur, mənim foto sərgimdə buralarda olan hər gözəllik əks olunub. Nəsə maraqlıdırsa, danışım sənin üçün.
-Fəxri dayı, məni bu keçmiş Bakı milyonçularının həyatı maraqlandırır, onların tikdikləri, gördükləri işlər.
-Hə də, indi olar, aşkarlıqdır axı, əvvəllər məni hər ay qonşularım dəvət edirdilər ki, çox danışırsan.
Qonşuları dedikdə Fəxri dayı KQB idarəsini nəzərdə tuturdu.
-Fəxri dayı, o zaman dövr başqa idi. İndi dünya dəyişir yavaş-yavaş, görürsən ki, 37-ci ilin də çox sirləri üzə çıxır.
-Mən də bilirəm, heç vaxt mən antisovet heç nə deməmişəm. Sadəcə demişəm ki, bu kişilər hamısı mənfur kapitalistlər olmayıblar, kasıb-kusuba əl tutanı da olub, məktəb, teatr açanı da olub. Tağıyev kimi kişi olub. Nə qədər işlər görüb. Sən ona olan hörmətə bax ki, dəyib dolaşmayıblar, Nərimanov özü ona qulluqçu ayırıb, deyib qoyun öz bağında qalsın, qoca kişidir incitməyin. Çünki vaxtilə Nərimanovun da təhsilinə o pul verib. Nə qədər xeyriyyə işlərinə pul xərcləyib. Mən elə qonaqlara bunu danışırdım, qonşularım deyirdi ki, çox danışırsan.
-Fəxri dayı, bəs Babayevdən nə bilirsən?
- Bababəy Babayev? Cuhud Bababəy? Çox ağıllı kişi olub. Amma burdakı var-dövlətini tarmar elədilər, o özü 1918-dən Polşaya getdi , daha qayıtmadı. Onun bağının da şəkli var məndə. Çox maraqlı bir şəkil var, o da alaqapının tağının şəklidir, budur bax bu şəkildir.
Teymur diqqətlə şəklə baxıb, dünən gəzdikləri bağın təsvirlərini gördü. Foto sənətində maraqlı bir məsələ var ki, ətrafında gördüyün şeyləri ayrı-ayrı kadrlara, çərçivəyə salanda tamam başqa cür görünür. Dünən adi bir hasar , adi bir tikili kimi görünən alaqapı tağı rəsmdə tamam başqa cür görünürdü.
-Bax, fikir ver, bu cərgədəki daşlar elə yonulub ki, sanki hər daşın üstündə “Z” hərfi yazılıb. Deyilənə görə atası Zeynal kişinin adını tarixdə yaşatmaq üçün belə edib. Bababəy Babayev dəbdəbəni sevməyən adam olsa da , atasının adını tarixə daşlarla yazdırıb. Cəmi 8 şaquli belə cərgə olub, 4-ü sağda 4-ü solda.
-Doğrudan da çox maraqlıdır. İndi mənim qonağım işini qurtarıb çıxar, ona da deyərəm bunları. Biz də dünən bu hasarın şəklini çəkmişik. Bababəydən daha nə bilirsən, Fəxri dayı?
-Eh, ay oğul, yadıma sala bilmirəm. Evdə dəftərim var, gərək baxım , orada eşitdikərimi qələmə almışam. Ən çox Tağıyev haqqında xatirələrim olub. Moskvadan buraya bir rus yazıçı gəlmişdi, o da bərk foto həvəskarı idi, həm də gözəl şəkillər çəkirdi, ona danışdlm Tağıyev haqqında, dedi ki, bu bizim Savva Morozov kimi, Tretyakov kimi bir adam olub.
Bu anda Sofiya içəridən başını uzadıb şəkilləri qurutmaq üçün olan cihazın yerini soruşdu. Fəxri dayı içəri keçib izahat verdi.
30 dəqiqə sonra Sofiyanın bütün rəsmləri hazır idi. Fəxri dayı, Teymur və Sofiya hər üçü bərabər şəkillərə baxmağa başladılar. Sofiyanın Tallin vağzalından tutmuş, Moskvada Qızıl meydanda , Böyük Teatrın önündə, qatarda, Bakıda vağzalda, daha sonra sanatoriyanın həyətində, dənizdə, Yeseninin ev muzeyi olan bağda və ən nəhayət dünən Teymurla bərabər Bababəy Babayevin bağında olan zaman çəkdiyi şəkillər gözəl alınmışdı. Sofiyanın professionallığı hiss olunurdu. Fəxri dayı bir peşəkar kimi hisslərini gözlədə bilməyərək,
-Əhsən, qızım, çox xoşum gəldi bu şəkillərindən –dedi.
Teymur da Sofiyaya Fəxri dayının çəkdiyi şəkillərə baxmağı məsləhət gördü.
-Bax, Sonya, burda həmin divarların şəklini Fəxri dayı da çəkib. Özü də maraqlı bir fakt deyir, fikir ver, bir neçə cərgədə «Z» hərflərini görürsənmi?
-Aha , doğrudan da , bu nə bildirir ki?
- Bu Bababəy Babayevin atasının adının baş hərfidir. Adı Zeynal olub.
Sofiya bir az duruxdu, nəsə demək istədi, sonra susdu.
Fəxri dayı dilləndi:
-Bəziləri ancaq 1 daşın üstdə ad-familiyalarını yazdırıblar. Bu isə bir neçə cərgədə yazdırıb. Evin fasad hissəsində də bir neçə daşda bu hərf yazılıb.
Divardakı rəsmlərə göz gəzdirən Sofiya heyrətini gizlədə bilmirdi. Bu balaca bir qəsəbədə nə qədər gözəllik və əsrarəngizlik olarmış...
Fəxri dayı ilə sağollaşdılar, amma qərara aldılar ki, arada bir gəlib, onun dəftərindəki qeydlərlə tanış olsunlar. Sofiya bir az sakit, düçüncəli halda yol gedə-gedə Teymura tərəf döndü:
-Hə, əziz həkimim və dostum, sən mənim üçün çox böyük , dünyalar qədər iş gördün. Amma indi evdə bir də bu şəkilləri araşdıracam, sənin dediklərini də . Yəqin ki, bu həftə sonu yenidən sənə suallarım olacaq. Bir şeyi də deyim. O daşda yazılan “Z” hərfi başqa mənanı da verə bilər.
-Nə mənanı?
-Zoloto, qızıl mənasını. Mənim babam onu da deyim ki, çox maraqlı bir adam olub, nə etmək istədiyini, planını heç kimə deməzmiş. İşini ancaq başa çatdırandan sonra danışarmış.
-Anladım, demək istəyirsən ki, o daşların hər birinin altında xəzinə ola bilər?
-Bilirsən, indi bizə çox maraqlı olacaq o milisdə işləyən Adil əminin dostu olan adam. Hər halda tapılan qızıl hardan çıxıb, hansı daşın altında , o daha yaxşı bilir.
-Aha, aydın oldu, bu həftəni başa vuraq, gedərik Adil əminin yanına , mən elə səni öz milli mətbəximizlə tanış etmək istəyirəm, Adil əminin yanında. Orda yenə söz salarıq, həmin adamın koordinatlarını istəyərik.
-Deməli, həkimim məni restorana dəvət edir?
-Bəli, Sofiya xanım. Həm də istəyirəm ki, bir sanatoriyanın pəhrizindən çıxasan.
-Amma bir şərtlə gedərəm, Teymur. Hesabı mən ödəyəcəm, mən sənə çox borcluyam hər mənada. Üstəlik səni bir az da xərcə salmaq vicdanıma sığışmır. Hətta alman hesabını da burda unudacayıq. 100% mənim hesabıma gedəcəyik.
-Yaxşı, Sofiya xanım, baxarıq.
-Baxarıq yox, indi söz verməlisən.
-Olsun də, söz verirəm. Deyim ki, mənim də marağım artdı bu məsələyə. Məsələ təkcə qızılı axtarıb tapmaqda deyil, həm də bir tarixi miras da üzə çıxır, bu da mənə bir həvəs verir.
Teymur Sofiyanı sanatoriyanın qapısına qədər ötürdü, sonra isə dayanacağa tərəf addımladı. İki günün təəssüratı kifayət qədər idi. Amma indi evə çatıb, valideynləri ilə bir az söhbətləşib dincəlmək lazım idi. Anası bir azdan yenə də evlənmək söhbəti salıb, Teymurun fikrini öyrənmək istəyəcəkdi.
Teymur da həmişəki kimi ”Anacan, hələ vaxtı deyil!” deyəcəkdi.
-Həkim, şəhərə gedirsən? Əyləş, apararıq səni də.
Səsə dönən Teymur, qarşısında dayanmış qara rəngli “Volqa” maşınını gördü, arxa oturacaqdan onu səsləyən adamın keçmiş xəstəsi Mansur müəllim olduğunu gördü.
-Gəl görək, gəl görək, çoxdandır görmürəm səni.
-Hə, salam, Mansur müəllim. Bəli, şəhərə gedirəm. Məmnuniyyətlə, yol yoldaşı olaram sizinlə.
Teymur arxada Mansur müəllimlə bərabər əyləşdi. Bir-birindən hal-əhval tutdular, Mansur müəllim böyük vəzifə sahibi idi, şəhər partiya komitəsində katib idi. Teymur təcili yardımda işləyərkən onu neyroreanimasiya briqadasında ağır avtomobil qəzasına yaralananlara yardıma çağırmışdılar. Mansur müəlimin xidməti avtomobili ağır qəzaya düşmüşdü, kişi özü isə kəllə-beyin travması almışdı. Teymur çox mükəmməl və professional bir şəkildə ilk yardım göstərmiş, sonra isə Mansur müəllimi neyrocərrahlıq mərkəzinə çatdırmışdı. Mərkəzin baş həkimi Rüfət Həsənov Teymurun vaxtılə sevimli müəllimlərindən biri olmuşdu. Xüsusi ratsiya vasitəsilə mərkəzə yoldan xəbər verib, Rüfət müəllimdən təcili əməliyyata hazırlıq görmələrini xahiş etmişdi. Çoxlarının belə əməliyyatları şanssız hesab etdiyi bir halda, işlər çox uğurlu alınmışdı. Əməliiyat briqadası başda Rüfət müəllim olmaqla 7 saat çalışmışdılar, hematomanı təmizləyib, qanaxmaı saxlamışdılar. Mansur müəllim 10 gündən sonra özünə gəlmişdi. Bu zaman ərzində Moskvadan, Leninqraddan gələn professorlar, neyrocərrahlar hər şeyin çox professional şəkildə aparıldığını demişdilər. Təbii ki, tələbəsinin də professionalığı ilə öyünən Rüfət həkim də Mansur müəllimə sağalandan sonra hər şeyi danışmışdı. Sağalandan sonra dostlarını , qohumlarını və həkimlərini banketə dəvət edən Mansur müəllim Teymuru da axtarıb tapmışdı, hətta banket zamanı onun şərəfinə tost da demişdi. Partiyaya keçmək təklifini də Teymura o demışdi.
-Hə de görək neynirsən, buralarda xeyir ola?
-Mansur müəllim, mən bir ildir bu “Çiçəkli” sanatoriyasında işləyirəm. Baş həkim dəvət etdi, axı tələbəlik vaxtı burda işləmişdim.
-Teymur, sən sanatoriyaya rahatlığa gəlmisən, sənin kimi mütəxəssislər gərək daha çox tələbat olan yerdə çalışsınlar. De görüm evləndinmi?
-Xeyr, Mansur müəllim. Hələ bir az da işləyim, sonra baxarıq 1 ilə, 2 ilə. Sizin səhhətiniz necədir?
-Hər şey əladır, mən onsuz da qazanca yaşayıram, bir dəfə o dünyanı gördüm qayıtdım. Sizin sayənizdə. Yaxşı, yenə partiyaya keçmək istəmirsən? Cavan oğlansan, gələcəyini fikirləş, gözəl mütəxəssissən, sonra da irəli çəkərik səni.
-Mansur müəllim, mən əslində həkimlikdən başqa bir iş bacaracağımı güman etmirəm. Təklifinizdən də imtina etmək mənim üçün çox çətindir. Amma yenə də deyirəm, cavanam, bir az da təcrübəm artsın, sonra mütləq özüm gələcəm yanınıza.
-İndi aşkarlıqdır, yeni siyasət hazırlanır, milli kadrlara ehtiyacımız var, sən ruscanı da yaxşı bilirsən, ən əsası vicdanlı və dürüst oğlansan. Sənin kimi kadrlara bizim ehtiyacımız var.
-Oldu, Mansur müəllim, söz verirəm payıza gələcəm yanınıza.
Mansur müəllim sürücüyə tərəf dönüb dilləndi:
-Şərəf, unutma, yəqin ki, Teymur tələsmir, 5 dəqiqəyə dəniz yoluna dön, bir baxım görüm abidənin təmiri necə gedir.
Sonra Teymura üzünü tutub:
-Yəqin Tağıyev haqqında eşitmisən, keçmiş Bakı milyonçusu olub. Onun məzarı burda dənizə gedən yolun yaxınlığındadır. Qəbirüstü abidəsi vardı, dağıtmışdılar, indi bərpa edirik, mən təşəbbüs qaldırdım, özüm də rəhbərlik edirəm. İstəyirəm bir baş çəkim yolüstü, cəmi 5 dəqiqə çəkəcək. Onsuz da sənin avtobusundan şəhərə tez çatacayıq.
-Əlbəttə, o nə sözdür, necə deyirsiniz.
-Bilirsən, Teymur, oğlum, vaxtilə mən də bir kommunist kimi bu milyonçuların, burjuyların əleyhinə olmuşuq. Amma indi bu aşkarlıq dövrü gəlib, Moskvadan da belə tövsiyə gəlir, milli dəyərlərə qayıtmaq, repressiyaya məruz qalanları bərpa etmək. Biz də müzakirə elədik, çox şeyləri xalqa deməyin vaxtı çatıb.
Maşın dənizə gedən yola tərəf döndü, sonra bir də sağa dönərək irəlilədi.
-Tağıyevin məzarı burdadır. Onu Bakıda keçmışdə çox məşhur din xadimi olmuş axund Əbuturabın məzarının yanında dəfn ediblər. Deyirlər özü vəsiyyət edib. Bir dəfə bağa gəlirmiş, Mərdəkana, yolda Axund Əbuturaba rast gəlib, başlayıb yeni işlərindən, yeni qazanc gətirən danışıqlarından danışmağa. Axund da deyib ki, ay hacı, çox qürrələnmə, allahın lütfüdür, bir gün vurub əlindən alar, heç bir manatın da qalmaz. Nə isə axundun bu sözləri Tağıyevə çox pis təsir edir, kişini daha dindirmir. Faytondan düşəndə heç sağollaşmır da onunla. Amma sonradan həqiqətən də bütün var-dövlətini Sovet hökuməti əlindən alanda axund yadına düşür, vəsiyyət edir ki, onun məzarını axundun məzarının ayaq tərəfində qazsınlar. Belə kişilər olub. Həm də bilirsən ki, indi dinə qarşı da münasibət dəyişib. O gün mən də bizim şeyxülislamı qəbul etdim, düzdür, çoxdan tanıyırdım onu. Bir xeyli söhbətimiz oldu, çox mütərəqqi və lazımlı şeyləri müzakirə etdik.
-Mən də maraqlanıram bu məsələlərlə, Mansur müəllim, hətta uzaqdan gələn xəstələrimə də bəzən söhbət edirəm .
Mansur müəllimin təklifi ilə Teymur da maşından düşdü.
-Bax, Teymur, bura vaxtilə uşaq qəbristanlığı olub, deyilənə görə uzaq keçmişdə pir olub. Xalqın başını aldadıb guya cin çıxardıb, dua yazıb, çildağ eləyirlərmiş. Buranın adına da Pir Həsən deyirlər. Amma buranın havasına fikir ver, bax bu meh ki var, ən isti qızmar günlərdə belə burada bu meh əsir. Burada elə 10 dəqiqə qalsan kifayət edir ki, canına bir rahatlıq gəlsin. İndi bu qəbrin üstündə bərpa işləri gördürürəm, 1 ilə hazır olacaq yəqin ki.
-Bu çox gözəl oldu, Mansur müəllim. Mən buraya tez-tez gələcəm. Çox maraqlı gəldi mənə, bir müddət buralarda yaşasam da bu şeyləri bilmirdim.
-İndi 5 dəqiqə məni gözlə , bir iş icraçısına sözümü deyim.
Mansur müəllim bir az işçilərlə söhbət edib avtomobilə tərəf qayıtdı.
-Əyləş, Teymur gedək. Səni ləngitdiyim üçün Şərəfə deyəcəm düz evə qədər aparsın. Haraya gedəcəksən?
-Mən Nərimanov metrosunun yaxınlığında oluram.
-Tam oraya qədər gedəcəyik.
Mansur müəllimin sadəliyi Teymuru həmişə valeh edirdi. O boyda vəzifə sahibi olmağına baxmayaraq, adi bir həkimlə, tikintidə çalışan fəhlələrlə, hətta öz sürücüsü ilə çox sadə və səmimi bir yaxın adam kim danışırdı. Teymur yol boyu Mansur müəllimə Sofiya haqqında danışmaq istədi, amma söz verdiyi üçün susdu.
Mansur müəllim ayrılanda Teymura iş və ev telefonlarını verdi, nə vaxt istəsə ona zəng edə biləcəyini dedi. Sürücü Şərəfə tapşırdı ki, maşının yük yerindəki güllərdən Teymur üçün bir dəstə ayırsın və Teymura dedi ki, “bu gülləri anana verərsən, deyərsən ki, Mansur müəllim şəxsən göndərib, belə oğul böyütdüyü üçün”.
Güllərlə içəri daxil olan Teymura anası da , atası da salamlaşıb bir sınayıcı nəzərlə baxdılar. Atası ağır-ağır dilləndi:
-Teymur, bala, işdə qalmağına nigaran deyiləm, öyrənmişik onsuz da. Amma birdən xəbərsiz evlənmək filan istəyərsən, anan dəli olar . Onun arzuları var.
-Ata, nə danışırsan, Mansur müəllim də belə deyirdi, xəbərsiz evlənmə. Amma ona da söz verdim ki, nəzərə alacam. Bu gülləri də ana üçün göndərdi.
-Mansur müəllim yaxşı kişidir, çox bacarıqlı adamdır.
Teymur yuyunub ust-başını dəyışdi, ata-anası ilə bərabər şam elədilər. Sonra atası ilə bərabər televizora baxa-baxa bir az söhbət elədilər və sonra da hər ikisi dincəlməyə getdilər.
Həftə tez gəlib keçdi. Yenə də şənbə gününə növbədə qalan Teymur bu dəfə Sofiyanı çox gözləmədi.
-Salam, mənim əziz həkimim, necəsən? Bu həftəni də başa vurduq, bu gün bilet sifariş vermişəm, gələn həftə uçuram. Getdim poçtdan anama zəng elədim, dedi işdən soruşublar, harda dincəldiyimi deməyib, özüm tapşırmışdım. Deyiblər bacarsa işə bir az tez çıxsın, mənsiz qala bilmirlər. Anam da darıxır, amma dedim ki, buraları çox bəyənmişəm, imkan olsa heç getmərəm.
-Bəs anan nə dedi?
-Anam dedi ki, mən bilirəm sən əvvəl axır babanın yurduna dönəcəksən. Əlbəttə bunlar bir zarafatdır, de görüm yeni nə xəbər var?
-İndi danışaram, sən nə etdin, nə araşdırdın?
-Mən bütün şəkillərə bir-bir yenidən baxdım. Güman edirəm ki, qızıllar “Z” hərfinin altındadır. Amma nə qədərdir, nədə və necə qoyulub saxlanılır deyə bilmirəm. Sonra arada bir dəfə də Fəxri dayının yanına getdim . Maraqlı bir şey də tapdım.
-Nə tapdın?
-Babamın bir evi də olub burda, daha doğrusu bank binası olub. Həmin binanı elə sonradan da maliyyə idarəsi ediblər, indi də maliyyə və statistika idarələri orda yerləşir. O binanın da üstündə “Z” hərfi olan daşlar var. Amma 2 cərgədə, giriş qapısının yanında. O divarlar da çox qalındır.
-Bu da maraqlı oldu mənim üçün. Mən də Mansur müəllimlə təsadüfən görüşdüm.
-Mansur müəllim kimdir?
-Mansur müəllim indi vəzifə sahibidir, şəhər partiya komitəsinin katibidir, vaxtilə tikinti işləri üzrə böyük mütəxəssis olub. Hal-hazırda da o, Bakı milyonçularından ən məşhuru Hacı Zeynalabdın Tağıyevin məzarüstü abidəsini bərpa edir, özü də keçmiş bəy nəslindədndir. Onun da babası repressiyaya məruz qalıb, amma atası müharibədə qəhrəmancasına həlak olub, Sovet İttifaqı Qəhrəmanı olub. Ağır avtomobil qəzasına düşmüşdü, mən ilk yardım göstərib xəstəxanaya çatdırdım, sağalmağı bir möcüzə oldu. Sonra elə vaxtaşırı xəbər göndərir, hal-əhval tutur, partiyaya keçməyimi də o istəyir.
-Teymur, deyirsən ki, o bərpa işləri ilə məşğuldur?
-Əslində o vəzifə sahibidir, amma keçmişdə tikinti işləri ilə məşğul olduğu üçün ən çətin yeni tikintiləri, mürəkkəb bərpa işlərini onun rəhbərliyi altında görürlər. Dövlət saraylarını, inzibati binaları, Mərkəzi Komitənin rayonlardakı iqamətgahlarını, hamısının layihəsini də o verib, özü də işlərə rəhbərlik edib.
-Bax o bizim adamdır, mən axtaran adamdır. Mən bir daha əmin oldum ki, səninlə tanış olmaq mənim üçün necə də qiymətlidir.
-Bilirsən sən nə danışırsan, Mansur müəllim respublikada 3-cü – 4-cü adamdır, indi deyirsən biz bu adama deyək ki, gəl bərabər qızıl axtaraq? Mən onunla danışanda özümə yer tapa bilmirəm, düzdür çox sadə adamdır, hətta sürücüsü ilə də bir dost, həmkar kimi danışır. Onu əslində mühafizəçılər dəstəsi müşayiət etməlidir, amma özü belə şeyləri sevmir, çox zaman ancaq sürücü ilə gəzir.
-Teymur, mən sənə əvvəldə dedim ki, insanlar bizə bilməyə-bilməyə kömək edəcəklər. Nadir dayı da, Mürvət də, fotoqraf da, Adil əmi də heç bilirsən bizə nə qədər kömək ediblər? İndi Mansur müəllim də həmçinin. Deyəsən bir fikir gəlir ağlıma, amma gərək əvvəlcə o Adil əmi haqqında danışdığı adamla görüşək , nazirin evini axtaran adamla. Ondan nigaranam ki, o dövləq qulluqçusudur, orqanlarda çalışır, duyuq düşsə bizə heç nə deməz.
-Bəlkə Mansur müəllimə də, o insana da sənin kim olduğunu deyək? Bəlkə onda daha münasib olar?
-Həmin adama yox, Mansur müəllimə inanıram. Qoy fikirləşim, sən də bir ağlını işə sal.
-Mənə elə gəlir ki, Mansur müəllimin məsləhəti bizə hər mənada lazım olacaq.
-Gəl əvvəlcə o adamla görüşək, Adil əmi deyən adamla. Biz restorana nə vaxt gedəcəyik?
-Yəqin ki, sabah gedəcəyik, ya nahara, ya da şam yeməyinə. Məncə nahar daha münasib olar, vaxtımız da çox olar Adil əmi ilə söhbət etmək üçün.
-Oldu, əziz həkimim. Sən də dincəl, mən də istirahət edim. Beynimdə o qədər yeni informasiya var ki, onları araşdırmağa gücüm çatmır, gərək yaxşı-yaxşı dincəlim.
-Olqa gedib, yoxsa hələ burdadır?
-Yox, burdadır hələ. Mənimlə bərabər gəzdi bütün bu getdiyim yerləri. Hərdən soruşur ki, bunları öyrənmək nəyinə lazımdır,dərhal özü də özünə cavab verir ki, əlbəttə peşə marağı. Deyir bunlar haqqında bir şeylər yazsan, mənim də adımı çək.
-Şirin yuxu arzulayıram, sabah görüşənədək.
-Gecən xeyrə, əziz həkimim.
Teymur səhər yeməyi zamanı yeməkxanada Sofiya ilə Olqanı gördü, salamlaşdılar, Sofiya bildirdi ki, nahar yeməyinə Olqa da onlarla bərabər getmək istəyir, Teymur etiraz etməsə o da gedər. Onu da bildirdi ki, şərt unudulmayıb, qonaqlığı Sofiya verir.
Teymur səhər yeməyindən sonra qəsəbədə yaşayan dostlarına baş çəkməli idi. Dostlarının içərisində ağsaqqal sayılan Murad dünən zəng edib demişdi ki, dostların hamısı onlara yığışacaqlar, Teymur da gəlsin onlara . Teymurun dostları arasında ən müxtəlif sənət sahibləri var idi. Amma onlar hamısı orta məktəbdə eyni sinifdə oxumuşdular. Hərəsi bir sənət sahibi olsalar da, uzun illərin dostluğu onları birləşdirirdi. Hətta ailələri də bir-birlərinə artıq çox doğmalaşmışdılar. Teymur indi Muradın qızları üçün şirniyyat alıb, onlar “Nağıl” tortunu çox sevirdilər, Muradgil tərəfə yollandı. Murad həyət evində yaşayırdı, həyətdə çoxlu ağaclar əkmişdi. Həyətdə həmçinin çoxlu qızılgüllər və yasəmən kolları da var idi. Qapını Muradın xanımı İlhamə açdı.
-Xoş gəlmisən, ay Teymur, üzünü görək. Keçən həftə də gəlmədin. Birdən evlənərsən, xəbərimiz olmaz.
-İlhamə xanım, sizdən xəbərsiz heç nə olmaz. Çünki, elçiliyi də, toy danışıqlarını da siz aparacaqsınız. Bunu biz çoxdan qərara almışıq.
Murad da içəri otaqdan çıxıb Teymurla görüşdü, hal-əhval tutdu.
-Deyirəm həyətdə oturaq. Əvvəlcə bir samovar çayı, İlhamə xanım dünən paxlava bişirib, sonra da hamı yığışanda kabab çəkərik, tezdən gedib Qaladan əntiqə quzu əti almışam.
-Çaya sözüm yoxdur, amma mən nahar üçün restorana gedəcəm, ona görə də kabab mənsiz olacaq.
-Keçən dəfə də olmadın, onda da kabab elədik, amma balıqdan, indi nə vacib işin var yenə? Bizdən əziz adamlardır səni restorana aparanlar?
-Əziz məsələsi deyil, artıq söz vermişəm, ona görə tez gedəcəm. Hanı uşaqlar, bir az onlarla oynayım, söhbət edim.
Muradın uşaqları Teymuru çox sevirdilər. Hər dəfə gələndə Teymur əmiləri onlar üçün dadlı şirniyyatlar gətirir, üstəlik də onlara maraqlı nağıllar danışırdı.Indi də onu görən kimi dərhal yanına yüyürdülər. Teymur uşaqlarla bir az əyləndi, o vaxta kimi samovar çayı da hazır oldu. Çay süfrəsi ətrafında bir az söhbət etdilər. Teymur Muradın işləri ilə maraqlandı. Murad təmir-tikinti briqadasının rəhbəri idi. Çox hərtərəfli , əlindən hər iş gələn və ifrat dərəcədə səliqəli bir adam idi. Həyətində hətta artıq bir dənə çöp də tapa bilməzdin. Hər şey bir riyazi dəqiqliklə düzəldilmişdi, hətta əkilən ağaclar, kollar belə bir-birindən eyni məsafədə yerləşirdi.
-Hə, Teymur, işləyirik, sifarişlərimiz çoxdur, amma öhdəsindən gəlirik. İndi yeni tikintilərlə yanaşı, bərpa işlərini də tapşırırlar bizlərə. Bu da bir az çətindir.
-Murad, sənin üçün çətin heç nə yoxdur. Hər şeyin öhdəsindən gələcəksən.
-Yaxşı demədin, hansı restorana gedirsən, kiminlə gedirsən, yenə xəstələrin qonaq edirlər?
-Elə bir sirrim yoxdur, Estoniyadan bir xəstəm var, jurnalistdir, Sofiya Babayevskaya, həm bizim mətbəxlə tanış olmaq istəyir, həm də Adil əmidən bir az keçmiş dövrlərə aid məlumat almaq istəyir.
Bu yerdə İlhamə söhbətə qarışdı:
-Teymur, bura sənin öz evindir, nə vaxt istəsən qonağını bura gətirə bilərsən, milli mətbəx haqqında nə desən məlumat verim, bişirim-düşürüm. Mənim problemim bu uşaqlardır, onlar da sən gələndə mənim üstümə gün doğur, 2 saat elə bil azadlığa çıxıram.
-Çox sağ ol, İlhamə xanım, gələn dəfə nəzərə alaram. Hər adam da tanımadığı evə qonaq getmək istəmir. Mən bütün xəstələrimi sizə qonaq çağırsam, gərək Murad həyətin bir tərəfində restoran açsın.
-Lap hər gün gəlin, qonaqlı ev bərəkətli olar, qonağın ruzisi özündən qabaq gələr.
İlhamənin paxlavaları aləm idi. Hər dəfə Teymur lhamədən bu paxlavaların dadlı olmağının sirrini soruşurdu. Hər dəfə də eyni cavab alırdı: ”Nə vaxt evlənərsən, xanımına deyəcəm, sənin nəyinə lazımdır” . Ona görə də daha soruşmadı, saata baxıb getmək vaxtı olduğunu gördü. Bu vaxt ərzində dostlardan yalnız Ənuşirəvan gəlib çıxdı. O da Teymur kimi həkim işləyirdi, növbədən çıxmışdı, təcili yardımda çalışırdı. Teymurun qala bilməyəcəyindən təəssüfləndi. İlhamə Teymuru yola salarkən paxlavalardan bir neçə dənə onun çantasına qoydu, dedi ki, qoy qonaqlar paxlavanın da dadına baxsınlar.
Teymur sanatoriyanın qapısından içəri daxil olanda Sofiya ilə Olqa artıq onu gözləyirdilər. Hər ikisi gözəl axşam paltarı geyinmişdilər, hətta saclarını da yəqin ki, usta yanında bəzəyib düzəltmişdilər.
-Hə, gözəl həkimim, iki gözəl xanım sizi gözləyir, bəzənib-düzənib, ətirlənib hazırdırlar.
-Doğrudan da, hər ikisi bir-birindən gözəl. Amma belə geyimlə avtobusa minmək olmaz, gərək taksi ilə gedək. Burada dayanacaqda taksilər dayanıb, biri ilə gedərik.
Adil əmi həmişəki yerində idi, Teymuru xanımlarla görən kimi, adəti üzrə ayağa durdu, xoş gəldin elədi.
-Adil əmi, bunlar mənim qonaqlarımdır, həm nahar etmək, səninlə söhbətləşmək, həm də mətbəximizlə bir az tanış olmaq istəyirlər.
-Buyurun, məmnuniyyətlə, nə maraqlandırır onları, əvvəlcə əyləşin sizi bir çaya qonaq edim.
Sofiya və Olqa özlərini təqdim etdilər.
-Adil əmi, bu Sofiya xanım jurnalistdir, Bakının yaxın keçmişi ilə, xüsusən də Baki milyonçuları ilə maraqlanır, mən keçən dəfə sizdən soruşduqlarımı da ona danışdım. Amma yenə də bəzi sualları var. Bu da Olqa xanımdır, idmançıdır. Eşitdiyindən, bildiyindən nə deyə bilərsən?
-Nə maraqlandırsa sizi deyə bilərəm. Sən keçən dəfə məndən Bababəy haqqında soruşdun. Sonra yadıma düşdü ki, Bababəyin burda bağdan savayı bank idarəsi də olub. İndi maliyyə və statistika idarələri yerləşir orada.
-Hə, doğru deyirsən, onu biz də öyrəndik.
Hikmət keramik bəzəkli çaydanda çay və 4 armudu stəkan gətirdi. Çayın yanında mürəbbə, meyvə quruları, doğranmış xırda kəllə qənd və limon da vardı.
-Bax elə çaydan başlayaq, bu çaya mənim tapşırığımla hil əlavə ediblər. Hər adam zəncəfili sevmir, yoxsa zəncəfil də deyərdim qatsınlar.
Xanımlar çayın soyumasını gözləyirdilər. Amma ətri ətrafı bürümüşdü.
-Əsil çayın ətri otağı doldurmalıdır. Bu ədviyyat da ona başqa rayihə verir, üstəlik müalicəvi təsirləri də var. Yaxşı, xanımlar üçün nə sifariş edək, nə istəyirlər? Sulu yemək, yoxsa kabablar, ya qazan yeməkləri? Salatlar da varımızdır.
Teymur xanımlara tərəf döndü:
-Ürəyiniz nə istəyir, Adil əminin menyusu zəngindir, nə istəsəniz hazır edəcəklər.
-Mən məmnuniyyətlə əvvəlcə bir şorba içərdim, hansı şorbalar var?
-Elə mən də , -deyə Olqa da Sofiyanın sözlərinə qüvvət verdi.
-Elə isə gedək mətbəxə, özünüz baxın qazanlara, hansını bəyənsəniz, ondan da yeyərsiniz. Kabab isə mənim məsləhətimdir, Etibarın assortisinin dadına baxın, orada hər şey var.
Qonaqlar Adil əminin təkidi ilə mətbəxə keçdilər, onların qəfildən xəbərsiz gəlmələrinə baxmayaraq, hər şey yerli yerində idi.
-Adil əmi, Siz borş da bişirirsiniz?
-Əlbəttə, borş bəlkə də sizlərdən çox bizdə yeyilir.
-Baxıram axı, bir böyük qazan bişirmisiniz, deməli borş sevən müştəriləriniz də az deyil.
-Mən elə məmnuniyətlə yarım kasa borş içərdim, - Olqa dilləndi.
-Yox, mən başqa bir şey istəyirəm, öz mətbəxinizə aid olan nə var?
-Bax, qızım, burda küftə də var, piti də , amma bunları yesən kababa yer qalmayacaq.
-Baxıram, küftə tanış gəlir mənə, tefteliyə oxşayır, amma bir az iridir ətləri. Bəs piti nədir?
-Bu qablarda olan da pitidir.
-Anladım, biz də də güvəclərdə yeməkilər bişirilir. Aha deyəsən tapdım, mən bu xırda pelmenlərdən yeyəcəm.
-Bu düşbərə adlanır, amma xirda-xırda bükülür.
Xanımlar mətbəxdən çıxdılar, yenidən masanın ətrafında əyləşdilər.
-Teymur, doğru deyirmişsiniz, çox zəngin mətbəxiniz var. Amma yeməkləriniz çox yağlı və kalorilidir, görünür. Yaxşı bəs plov haqqında nə məlumat almaq olar, axı Azərbaycan plovu da məni çox maraqlandırır.
Bu yerdə Olqa da dilləndi:
-Mən özbək plovu çox yemişəm, yəqin sizin də plov o cür dadlı olur.
Adil əmi dilləndi:
-Mən plov hazırlayıram, amma əvvəlcədən sifarişlə, bir də həftənin 5-ci günləri plov veririk, müştərilərimiz bilirlər artıq. Bizim plovun özbək plovundan fərqi odur ki, biz düyünü ayrıca bişiririk, əti, toyuğu, balığı isə ayrıca.
-Yəni balıqla da plov olur?
-Əlbəttə, bizdə plovun 200-dən artıq növü var. Ən məşhur plov növlərindən biri elə keçmiş Bakı milyonçularının sevdiyi fisincan-plovdur.
-Yaxşı, Adil əmi, bəs Bababəy Babayev hansı yeməyi çox sevirmiş? – deyə Teymur da söhbətə qoşuldu.
-Babam danışırmış ki, Bababəyə yemək bəyəndirmək çox çətin imiş. Hətta duzu, istiotu bir az artıq- əskik olmağını o dəqiqə hiss edərmiş. Onun üçün həmişə bibisi yemək bişirərmiş.
-Babayevin qohumları da olub, kimi isə tanıyırsınız?
-Əlbəttə qohumları da olub, Babayev göydən düşməyib ki? Amma əsasən uzaq qohumları olub. O bibinin də övladları olmayıb. Sovet hökuməti əvvəldə onları bir az sorğu-suala çəkibmiş, sonradan hamısı hətta familiyalarını da dəyişdilər ki, onları incitməsinlər.
-Yəni onların heç birinin Babayevin mirasından, var dövlətindən xəbərləri olmayıb?
-Dedim axı, Bababəy çox maraqlı adam olub. Yaxın qohumlarını da bacarığına görə işə götürürmüş. Hətta deyirmiş ki, bilsəm ki, iki nəfərin bacarığı eynidir, birisi doğma qardaşım da olsa , o birisini işə götürərərəm. Qohumlardan ancaq onun bankında 1-2 nəfər işləyib, onlar da adi sıravi işlərdə.
Bu zaman yeməklər süfrəyə verildi. Söhbətə bir az ara verib yeməyə başladılar, Adil əmi də ozü üçün borş istədi, onlarla bərabər nahar etməyə başladı. Yeməklər xanımların çox xoşlarına gəldi, razılıqlarını bildirdilər.
-Hələ bu harasıdır, indi kabab gələcək, əsil kababın necə olduğunu onda biləcəksiniz. Məmnuniyyətlə Etibara ən yaxşı kababçı adı verərdim.
-Kabab hamının bacardığı bir yeməkdir, sadəcə hərə öz zövqü üzrə bişirir.
-Olqa Sergeyevna, indi siz baxarsınız, lap istəyirsiniz tapşırım donuz ətindən də bir şiş bişirsin, onun da biz də öz həvəskarları var. Bilirəm sizdə çox yeyilir, müqayisə etmək üçün deyirəm.
-Xeyr, xeyr, ehtiyac yoxdur, bu qədər yeməkləri kim yeyəcək.
-Necə bilirsiniz, Teymur, nə soruşmaq istərdin, Sofiya nəyi öyrənmək istəyir?
-Adil dayı, siz dediniz ki, Babayevin bağında axtarış aparan əməliyyatçı sizin müştərinizdir. Onunla bir söhbət etmək istərdik, Sofiya üçün maraqlıdır.
-Teymur, düzü uzun müddətdir ki, həmin adam buraya gəlmir. Amma onun bir dostu var, o, hərdən gəlir, onlar həmişı bərabər gəlirdilər. Elə bu günlərdə gəlməlidir. Xeyir ola, o adam niyə sizi maraqlandırır?
Sofiya söhbətə qarışdı:
-Adil əmi, Teymura siz danışmısınız ki, o qrupun rəhbəri nazirin bağından, daha doğrusu Babayevin bağından qızıl tapıb, yəni axtarış ediblər, yəqin ki, aparat vasitəsilə, bir divardan qızıl tapılıb. Mənim üçün çox maraqlıdır ki, niyə hər yeri axtarmayıblar, bəlkə elə başqa yerlərdə də qızıl varmış? Həm də nazir deyib ki, bu mənim qızılım deyil, deyirəm bəlkə elə Babayevdən qalan təkcə o qızıl deyil?
-Sofiya, qızım, bu sualı ona çox adam verib, özü dedi ki, sonra idarədə əməliyyat müşavirəsində prokuror, müstəntiq, hətta işə nəzarət edən daxili işlər nazirinin müavini də bu haqda ondan soruşublar. Adam deyir ki, arxa divardan başqa, o birisi divarları səthi, elə-belə axtardıq. Çünki adətən xəzinəni arxada gizlədirlər. Başqa divarlarda isə heç nə tapılmadı.
-Aydındır. Bir qadın və bir jurnalist marağı bu sualı verməyə məcbur etdi məni, Adil əmi. Teymur danışanda mənə elə gəldi ki, bütün divarlarda Babayev qızıl gizlədib.
-Sofiya, qızım, qızıl çoxlarını həvəsə salır. Ümumiyyətlə pul, var-dövlət toplamaq insanın bir arzusudur. Amma baxır hansı yolla. Və bir də onu sənə deyim ki, qazanmaqdan daha çox xərcləməyi bacarmaq lazımdır. Mənim uşaqlıq dostlarımın bir çoxu neftçi fəhlə işləyirlər, maaşa baxırlar. Bəzən mənim bir həftədə qazandığım onların bir aylıq maaşı qədər olur. Amma onlardan heç birinin nədənsə ehtiyacı olduqlarını hiss etməmişəm. Dövlət hamısına ev verib, bəzilərinə hətta bağ yeri də ayırıb. Daha başqa nəyə pul lazımdır ki? Gərək gözütoxluğu da bacarasan, tamahını üstələmək hər adamın işi deyil. Qaldı ki, toplamaq, gizləmək, atalar deyir ki, yedin dadındır, verdin adındır, yığdın yadındır. Bax gördüyün Adil əmin də birinci iki prinsiplə gedir.
Bu yerdə söhbətə Olqa da qoşuldu.
-Mən də razıyam Adil əminin dediyi ilə. Mənə də dövlət ev verib, maaşım da pis deyil, arada mükafat da alıram, pulu yığıram ildə bir dəfə məzuniyyət götürüb gəzmək üçün. 1-2 dənə qızıl əşyam var, o da bəsimdir.
Teymur dilləndi:
-Yaxşı, Hikmət kababı gətirir, gəlin dadına baxaq, sonra fəlsəfi söhbətimizi davam edək.
Kabab iri buludda gəldi, burda həm tikə, həm lülə, həm də ciyər, toyuq da vardı. Yanında badımcandan, pomidordan, bibərdən, kartofdan və göbələkdən də kabab düzülmüşdü.
-Bəh-bəh, doğrudan da gözəllikdir ki, elə yeməsən də doymaq olur.
Adil əmi fəxrlə süfrəyə baxaraq,
-Teymur düzü təklif eləmədim, bəlkə xanımlara şərabdan-filandan nəsə lazımdır?
-Hə, doğrudan da, nəyin var?
-Yaxşı şərabım var, “Çinar” şərabı, istərsiniz versinlər, yerli istehsaldır, çox bəyənirlər. Düzdür bizim kişilər daha çox araq və konyak içirlər, amma xanımlar da hərdənbir gəlirlər restorana, ona görə də az da olsa ehtiyatda saxlayıram.
Sofiya və Olqa etiraz etmədilər. Tünq qırmızı qan rəngli sərin “Çinar” şərabı da onların çox xoşuna gəldi. Kababa isə söz ola bilməzdi.
-Adil əmi, yenə çay istəyirik. Üstəlik mənim üçün paxlava qoyublar. Bayaq çıxarmadım ki, paxlava yesələr yemək yeyə bilməyəcəklər. Amma indi dadına baxmaq olaq.
-Oldu, tapşıraram indi.
Bu ərəfədə Adil əmini mətbəxə çağırdılar. Bu zaman Sofiya çantasını açdı, 50 manat çıxarıb Teymura uzatdı.
-Xahiş edirəm, hesabı ödə. Heç bir fokus da lazım deyil. Amma mənə de görüm çatacaq yoxsa yox.
-Əlbəttə çatacaq. Narahat olma, amma düz eləmirsən, bizim bütün qayda-qanunları pozursan.
-Teymur, əzizim , mənim əziz həkimim, mən ümumbəşəri qaydalara riayət edirəm. Onlar milli qaydalardan daha üstündür.
Çay dəstgahı da bitdikdən sonra Adil əmi ilə sağollaşıb restorandan çıxdılar. Teymur təklif etdi ki, sanatoriyaya qədər gəzə-gəzə getsinlər. Xanımlar məmnuniyyətlə razılaşdılar.
Yol gedə-gedə Sofiya əvvəlcə bir müddət susdu, sonra isə Teymurun qoluna girərək,
-Olar sənin qoluna girim, bir az söhbət etmək istəyirəm. – dedi.
-Təəssüf ki, yox, bizim adətlər buna imkan verməyəcək. Amma söhbət nə qədər istəsən edə bilərsən.
-Bir tərəfdən çox xoşum gəlir sizin bu adət-ənənələrdən, bir tərəfdən də çox məhdudiyyət var. Axı burda nə var ki, bərabər qol-qola getsək?
-Sonya, sən 2-3 günə çıxıb gedəcəksən, amma mən daim burda yaşayıram, sonra deyəcəklər ki, həkim hər gün bir xanımla qəsəbədə qol-qola gəzirdi. Axı sənin səmimiyyətini hər kəs anlamır.
-Anladım, bəs Olqa da bir tərəfdən qoluna girsə necə? Deyəcəklər ki, bu lap əsil Don Juandır ki?
-Yaxşı zarafata salma. Buyur danış görüm fikrin nədir? Nə qərara gəldin? Adil əminin deməsinə görə həmin operativ qrupun rəhbərini tapmaq hələ mümkün deyil.
-Doğrudur, hələ ki, ondan ala biləcəyimiz informasiya da məncə bir əhəmiyyət verməyəcək. 10 il əvvəl olmuş bir hadisədən nəsə bir epizod bilmirəm bizə nəsə verəcəkmi.
-Sən ondan nə öyrənmək istərdin?
-Mən sadəcə bilmək istərdim ki, qızıl tapılan divarda xəzinə hansı daşın altından çıxib?
Bu yerdə Olqa da söhbətə qoşuldu:
-Sonya, nə xəzinə, nə haqda danışırsınız, bütün günü qızıldan, xəzinədən bəhs edirsiniz, nə qızıldır bu belə?
Sofiya söhbəti dəyişdi:
-Olya, dedim axı sənə, bu keçmiş milyonçuların qoyub getdikləri evlər, bağlar məni çox maraqlandırır. Teymura deyirəm ki, yəqin onların mirasları da qalıb, xəzinələri-filanı. Deyirəm bəlkə axtaraq?
-Eh, mən də dedim bir ağıllı söhbət edirsən, indiyə qızıl qalar, tapan tapıb, aparan aparıb.
Teymur da Olqanın dediklərinə qüvvət verdi:
-Bizim işimiz tapanların sevincinə şərik olmaqdır. Tapmaq da asan deyil a, bilirsinz yəqin ki...
Sofiya Teymura tərəf döndü:
-Teymur, sən bir Mansur müəllimlə əlaqə saxla, mümkün olsa görüşək onunla.
-Mansur müəllimlə? Xeyir ola, onu neynirsən?
-Səbəbini sonra deyəcəm, bax, gör, mümkündür?
-Elə bu gün danışaram, yəqin ki, yox deməz.

Elə də oldu. Mansur müəllimlə danışıq zamanı heç bir söz soruşmadan çərşənbə gününə, günortadan sonra vaxt təyin etdi. Teymurun bir gün öncə növbəsi olduğundan həmin gün işdən tez çıxacaqdı. Qərara aldı ki, həmin gün Sofiya ilə bərabər görüşdən ya əvvəl, ya da sonra Bakını da gəzsinlər. Elə Mansur müəllimin iş yeri də məşhur Bakı filarmoniyasının yanında idi. Həftənin ikinci günü Teymur növbədə olarkən yenə Sofiya onun yanına gəldi.
-Salam, mənim gözəl həkimim, necəsən?
-Təşəkkürlər, Sonya. Biz sabah Mansur müəllimin yanında olmalıyıq, saat 15.00-dan sonra.
-Bu çox gözəl oldu, bəs sən işdə olmayacaqsan?
-Xeyr, sabah növbədən çıxıram deyə, tez gedə bilərəm. Səni saat 1-də gözləyəcəm, yəqin ki, görüşdən sonra da Bakının görməli yerlərini gəzərik.
-Bu lap əla olar. Mən Qız qalası haqda çox eşitmişəm, onu da mənə göstərərsən. Bir də, Teymur, mən istəyirəm Mansur müəllimə hər şeyi danışım. Eyni zamanda ondan bir məsləhət də alım. Sən onun haqqında danışanda ağlıma gəldi ki, biz heç cür qanundankənar bir yolla bu xəzinəni əldə edə bilmərik. Çünki hər cür söz-söhbətlər yayıla bilər. Bir də onu deyim ki, ikimiz birlikdə nə bağçanı, nə də maliyyə idarəsini söküb qızıl axtara bilmərik. Lap mənim bir varis kimi halal mirasım olsa belə, dövlətin bir təminatı olmalıdır. Deyirsən ki, Mansur müəllim özü də bəy nəslindəndir. O məni daha yaxşı başa düşər. Bir də səndən bir xahişim də var. Mansur müəllimdən bir məsləhət alandan sonra, məni apararsan notariusa.
-Haraya, notariusa? Niyə?
-Mən bu həftə gedirəm , istirahət müddətim başa çatır. Mən səni özümün tam səlahiyyətli vəkilim olmağını istəyirəm ki, sabah birdən nəsə bir xoş xəbər olsa, mənim əvəzimdən hər şeyi sən həll edəsən. Hər şeyi bilirsən. Mən sənə hər həftə zəng edəcəyəm. Birdən lazım olsa öz hesabıma məzuniyyət götürüb gələ də bilərəm. Eyni zamanda səni də Tallinə dəvət edirəm , burda Bakıda yeri-göyü gün yandıranda Tallində sərin olacaq. Mən sənə olan bu borcumu qaytarmaq istəyirəm.
-Bu haqda danışmaq hələ tezdir. Nə borc , nə filan , hər şey qaydasındadır.
Bakı şəhər partiya komitəsinin binası filarmoniyanın yanında yerləşirdi. Bir az yuxarıda isə Mərkəzi Komitənin yeni istifadəyə verilmiş əzəmətli və möhtəşəm binası ucalmışdı. Teymurgili çox gözlətmədilər. Mansur müəllim binanın mühafizəçilərinə öncədən xəbərdarlıq etmişdi. Hər ikisi sənədlərini təqdim edib, buraxılış vərəqəsi aldılar, mühafizəçinin müşayiəti ilə ikinci mərtəbəyə qalxdılar. Mansur müəllim Teymurgili otağın otasınd qarşıladı.
-Nə əcəb səndən, Teymur, yoxsa partiya məsələsi burdən beyninə batdı? Bəs dedin payızda gələcəksən.
-Yox, Mansur müəllim, gəlməyimin səbəbi başqadır. Bu xanım Sofiya Babayevskayadır, bizim sanatoriyaya istirahətə gəlb, Tallindən, bu həftə sonu vaxtı bitir, gedir. Xahış edirəm, özünü dinləyəsiniz.
-Buyurun, əyləşin, çox şadam tanışlığımıza, mən Tallində çox olmuşam. Çox gözəl şəhərdir. Əvvəl deyin görüm çay yoxsa qəhvə içəcəksiniz?
Sofiya qəhvə istədiyini bildirdi, Mansur müəllim ona və özü üçün qəhvə siasriş verdi, Teymur isə çay istədi. Hər üçü otağın küncündə olan balaca stolun ətrafındakı kreslolarda əyləşdilər. Sofiya qəhvənin gəlişini gözləmədən sözə başladı. Teymura danışdığı kimi, Babayev haqqında bütün bildiklərini , eşitdiklərini və məqsədini Mansur müəllimə danışdı. Arada Teymur haqqında da danışmağı unutmadı. Sofiyanın hekayəsi nə qədər uzun çəksə də, Mansur müəllim gözünü belə qırpmadan onu çox böyük diqqətlə dinlədi. Sofya söhbətini bitirəndə bir dərindən nəfəs aldı, sınayıcı nəzərlə Mansur müəllimin üzünə baxdı.
-Mansur müəllim, mən bilmək istəyirəm ki, indi o qızıllar tapılsa, mənə varis kimi nə miras düşür? Hamısını ya da bir qismini almaq olarmı?
Mansur müəllim dərin fikrə getdi, sağ əli ilə gicgahını asta-asta ovuşduraraq heç bir söz demədən Sofiyanı süzürdü. Sofiya bu baxışlardan özünü bir az narahat hiss etdi, yerində qurcalanmağa başladı. Onun narahatlığını hiss edən Mansur müəllim indi də nəzərlərini Teymura yönəltdi. Teymur isə sakitcə oturmuşdu, armudu çay stəkanını əlində sıxıb durmuşdu. Nəhayət Mansur müəllim sükuta ara verdi, ağır-ağır dilləndi:
-Uşaqlar, siz bilirsiniz içərisində oturduğumuz nə binadır? Bu da həmin milyonçulardan birinindir. Bəlkə bunun da divarlarında kilolarla qızıl , var-dövlət, xəzinə gizlədilib. Amma indi nə edək, binanı sökək?
-Xeyr, xeyr, biz heç bir yeri sökdürmək istəmirik. Sadəcə sizin yanınıza da həm bir rəhbər kimi, həm də bir o nəslin nümayəndəsi, varisi kimi gəlmişik. Teymur dediyi kimi, mən bu həftə sonu gedirəm. Amma bir varis kimi bilmək istərdim,əgər babamın mirası tapılsa, mənə ondan nə çata bilər, lap elə miras tapılmasa da, mən babalarımım mülklərinə hər hansı bir sahiblik iddiası qaldıra bilərəmmi?
-Sofiya, qızım, bunlar hamısı yeni məsələlərdir, hələ qanunlar da yeni işlənir, ola bilsin sizi rəsmi şəkildə varis elan edəcəklər. Bilirsiniz, ölkədə yeni dəyişiliklər gözlənir, yenidənqurma siyasəti elan olunub. Amma nə necə olacaq, deyə bilmirəm, çünki mənə də çox şey aydın deyil. Məsləhət görərdim ki, ya bizim Mərkəzi Komitəyə, ya da Nazirlər Sovetinə bir ərizə ilə müraciət edəsən, ola bilər bu məhkəmə yolu ilə olsun, hər halda sənin də hüquqşünas dostların yəqin ki, çoxdur. Sənin varislik hüququn tanınmalıdır. SSRİ-nin hər yerində eyni qanunlar işləyir, bu işin bir hüquqi bazası olar yəqin ki. Qaldı ki, qızıl məsələsinə, zaman-zaman bu məsələnin ardınca çoxları düşüb. Sonunda həbsə də düşən olub, əlii-ayaqlı itən də olub. Çoxları heç bilmədən kor-koranə oranı-buranı qazıblar ki, nə isə tapacaqlar. Mən söz verirəm ki, bu məsələ ilə ciddi məşğul olacam. İlk növbədə həmin bağçanın mühafizəsini gücləndirəcəm. Ola bilər bəlkə də sizdən kimsə nəsə eşidər, ola bilər kiminsə sadəcə marağı olar, hər halda bu məsələyə nəzarətim olacaq. Qaldı ki, mənə müraciət etməyinizə, mən sizin bu hərəkətinizi çox dəyərləndirirəm. Bu təkcə mənə etimad yox, həm də sizin hər ikinizin qanuna , dövlətə hörmətinizdir. Fərqi yoxdur, harda , hansı quruluşda yaşamasından asılı olmayaraq, hər kəs öz istəyini bir qanun çərçivəsində reallaşdırmalıdır.
Mansur müəllim sonra üzünü Teymura tərəf tutdu:
-Hə, partiyaya verirsən namizədliyini?
-Mansur müəllim, payızda dedim gələcəm.
-Qonağını şəhərlə tanış etmisən, yoxsa yox, indi vaxt var, gözəl də havadır, gedin gəzin, istəyirsiniz Şərəfə deyim aparsın sizi.
-Yox, yox, Mansur müəllim, elə bu ətraflardan başlayacağıq gəzintiyə, Filarmoniyanı, İsmailiyyəni, İçərişəhəri göstərib , oradan da Qız qalasına gedəcəyik. Bir az da bulvarı gəzəcəyik.
-Çox gözəl, amma Sofiya xanım, dediyim müraciəti unutmayın, həm Mərkəzi Komitəyə, həm Nazirlər Sovetinə, həm də Ali Məhkəməyə məktubla müraciət edin. Əminəm ki, müraciətinizə müsbət cavab alacaqsınız. Məktuba babanızla bağlı əlinizdə olan bütün sənədləri də əlavə edin , yaxşı olar ki, notariusda təsdiqlənmiş olsun.
Sofiya və Teymur Mansur müəllimlə sağıllaşıb ayrıldılar. Həyətə düşəndə Sofiya üzünü Teymura tutaraq dedi:
-İnanırsan, Teymur , mən inana bilmirəm ki, biz belə bir vəzifə sahibi ilə bu cür səmimi və aydın danışdıq. Mən çox vəzifə sahibləri ilə təmasda olmuşam, amma bu cür ağıllı, məntiqli və ən əsası səmimi bir insan görməmişəm. Onun dedikləri tam həqiqətdir. Xəzinəni əldə etməyin yolu ancaq hüquqi yoldur, o zaman heç bir qorxum, hürküm də olmayacaq. Mən əminəm ki, babamın mirasından nələrə isə sahib olacam, bunu gün kimi aydın görürəm, sadəcə bir az uzun vaxt aparacaq. Mən bu gün bütün məktubları və sənədləri hazırlayacam, amma notarius mütləq mənə lazımdır, söz verdiyim kimi, mənim əvəzimdən müvəkkilim kimi sən burda bütün məsələlərə cavab verə biləcəksən, birdən nə lazım olsa dərhal mənə xəbər edəcəksən, mən də dərhal gələcəyəm. Yazdığım məktublara cavab almaq üçün həm özümün yaşadığım Tallin şəhərini, həm də sənin ünvanını göstərəcəm.
-Sofiya, düzü səninlə tanışlıq mənim üçün çox maraqlı oldu. Qızıl tapmasaq da, sənin kimi bir insanla tanış olmaq mənə çox xoş oldu.
-Teymur, əslində mən qızılı tapdım, özü də canlı qızılı, adı da Teymurdur o qızılın. Mübaliğəsiz deyirəm, sən mənim həyatımda rast gəldiyim ən ideal bir insansan. Bəlkə bir az cavan olsam, səndən əl çəkməzdim, amma ağlım hisslərimə qalib gəlməyi bacarır. Bizim dostluğumuz mənim üçün bir xəzinədən də dəyərli olacaq.
-Yaxşı, yaxşı, bu etirafları çox ağartma, birdən mən də çevrədən çıxa bilərəm. İndi isə gəl səni bu Filarmoniya ilə tanış edim.
Teymur axşama qədər Sofiyanı Bakının maraqlı görməli yerləri ilə tanış etdi, arada gənclərin sevimli yeri olan “Nərgiz” kafesində nahar da etdilər. Teymur Sofiyanı yenidən sanatoriyaya qədər ötürmək istədi, lakin Sofiya razılaşmadı.
-Məni avtobusa mindir, kifayətdir, yadındadır 20 gün əvvəl ilk tanışlığımız?
-Əlbəttə , yadımdadır.
-Bax orayacan gedək, sonra qayıt evə. Bir də mənim sənin anan üçün bir hədiyyəm də var, rica edirəm imtina etməyəsən. Bu bizim Pribaltikada çox məşhur olan kəhrəbadan düzəldilmiş boyunbağıdır. Sən həkimsən, yaxşı bilərsən, deyilənə görə müalicəvi təsiri də var.
Sofiya çantasından balaca bir qutu çıxartdı, açıb boyunbağını göstərdi. Doğrudan da, sadə bir boyunbağı olsa da çox gözəl idi.
Teymur Sofiyanı yola salıb evə qayıtdı. Hədiyyə anasının çox xoşuna gəldi, amma yenə də öz sözünü dedi:
-Teymur bunu sənin xanımına bağışlayacam, ilk uşağınız olanda , daha tərpən də.
-Oldu , ana, söz verirəm artıq, yəqin ki, bu payız bir qərara gələcəm.
Bir neçə gün sonra Teymur Sofiyanı aeroportdan yola saldı . Ötən müddət ərzində nəzərdə tutduqları bütün işləri görmüşdülər, Sofiya məktubları göndərmişdi, Teymurla bərabər notariusa gedib ona vəkalətnamə vermişdi. Ayrılarkən bir daha Mansur müəllimim yanından çıxandan sonra dediyi sözləri təkrar etdi:
-Mən axtardığım qızılı tapdım, düzdür tam mənim deyil, amma mənə kömək olacaq.
Epiloq
Bir aydan sonra Bakı şəhər partiya komitəsinin qərarı bütün qəzetlərdə dərc olundu. Bu qərarla mədəni-tarixi irsin araşdırılması və qorunması məqsədilə komissiya yaradılmışdı. Komissiyanın rəhbəri Mansur müəllim təyin edilmişdi. Komissiyaya Mansur müəllimin təklifi ilə ictimaiyyətin nümayəndəsi kimi gənc həkim Teymur Məmmədov da daxil edilmişdi. Komissiya bir il ərzində bütün tarixi binaların qeydiyyatını aparmalı, lazım olan binalarda bərpa işləri aparmalı idi. Gələcəkdə bu binalardan ancaq muzey və kitabxana kimi istifadə etmək komissiyanın qərarında nəzərdə tutulurdu.
Bərpa işləri Teymurun dostu Muradın rəhbərlik etdiyi təmir-tikinti idarəsinə tapşırılırdı.



31 dəfə oxundu

Axtarış