Rəfail Tağızadə - Uzundərə
Müəllif: YAZARLAR.AZ


19.03.2021


İki gün öncə bir qrup Ağdama səfər etmişdi, bu gün də bir qrup gedir. Bir gün biz də həmin Uzundərədən keçib Ağdama həmişəlik gedəcəyik. Tarixlər yatan Uzundərədən...
Uzundərə
Ağdamda Uzundərə deyilən bir yer var. “Uzundərə” oyun havası da həmin yerin adıyla bağlıdır. İşğal altında olan Uzundərədə ermənilər tez-tez hərbi təlimlər keçirirlər.
Bu nə toydu, Uzundərə-
tar-qavalın qırıq-qırıq,
çadırların cırıq-cırıq,
qəlblər ölü, sınıq-sınıq.
Havana tanklar oynayır,
toyunda mərmi partlayır,
bu nə toydu, Uzundərə?
Dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.
Gəlinlər getməz bu yolu,
gül bitirməz sağı-solu,
kim qaldırar burda qolu,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.
Nələr çəkər başın hələ,
bu dərd sığmaz göyə, yerə,
oynayırıq sənsiz yenə:
bir hava çal, “Uzundərə”
çal, kəsik qolum oynasın,
yox olan yolum oynasın,
boş qalan solum oynasın,
qoy durub ölüm oynasın.
Ürəksiz oğlun oynasın
ağrıları kürəyində,
qovruluram ürəyimdə,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.
Yolun hara-Şuşayamı,
sağın-solun şiş qayamı,
yaylağa köçlər daşıyan
karvanlar düşdü "hay"amı?
Mərmi dolu maşın gedir
faytonlar gedən yolları,
içində ölüm aparır,
toyların fəryad qoparır,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.
dərd ağlayar beləsinə,
sel yeriyər dərəsinə,
əlim çatmır bərəsinə,
qaralı-ağlı dərəmin,
sinəsi dağlı dərəmin,
yolları bağlı dərəmin
sevinci sönüb gedib,
gülüşü dönüb gedib,
durnası çönüb gedib,
qolları bağlı dərəmin
nə vaxtdı bağlıdı qolu,
sinəsi dərdlərlə dolu,
qoynuna aldığı yolu
mənsiz ağlayan dərəmin...
09.12.2012.
Müəllif: Rəfail Tağızadə

2 dəfə oxundu

Axtarış