SABİR RÜSTƏMXANLININ “ORXONLA GÖRÜŞ” POEMASINDA TÜRKÇÜLÜYÜN TƏRƏNNÜMÜ
Müəllif: Vüsal Şabizadə


09.10.2017


Azərbaycan ədəbiyyatında S.Vurğun, B.Vahabzadə, N.Xəzri, Qabil, N.Həsənzadə və s. kimi söz ustadları milli soykökümüzlə-türkçülüklə bağlı maraqlı və orijinal əsərlər yazmışlar. Türkçülüyün tərənnümü bütün dövrlərdə aktual səciyyə daşımışdır. Bu baxımdan xalq şairi Sabir Rüstəmxanlının “Orxonla görüş” poemasını xüsusi qeyd etmək lazımdır. Poema bir sıra keyfiyyətləri ilə diqqət çəksə də, tarixilik baxımından daha dəyərlidir. Burada tarixin məhz türklərdən bəhs edən səhnələri canlandırılmışdır.
Türkçülüyün hazırki dövrdə gənclər arasında təbliği vətənə, millətə bağlılıq prizmasından daha dəyərlidir. Şair poemada Vətən məvhumunu daha geniş çərçivədə təqdim etmişdir. Prof.Rafiq Yusifoğlunun belə bir fikrini yada salmaq gərəkli olar. O yazır “Ədəbiyyat həyatdan qidalanır, ancaq eyni zamanda həyatın bədii dərkinə yardımçı olur, insanların dünyagörüşünün, həyat təcrübəsinin, estetik zövqünün formalaşmasında son dərəcə mühüm rol oynayır”.(2.227)
Bu fikirlə müəyyən dərəcədə razılaşmaq olar. Lakin bəzi detalları da gözdən qaçırmaq olmaz. Axı ədəbiyyat təkcə həyatdan yox, həmçinin tarixdən, folklordan, mifdən və s. mənbələrdən qidalanır.
Orxona gedirəm, doğma bir haray,
Çağırır əlyetməz bir məsafədən.
Orxona gedirəm, bələdçim kimi,
Ruhumdu, qanımdı qabaqda gedən.(1.519)
Sabir Rüstəmxanlının “Orxonla görüş” poemasından nümunə gətirilən bənddə səyahətə yollanacağı məkanın onu əlyetməz məsafədən çağırdığını deyir. Bu hiss şairin özünə çox doğmadır. Bənddə “doğma bir haray” göz işlədikcə uzanan monqol çöllərinin, yiyəsiz qalan qıpçaq yaylalarının, türk tayfalarının yaşadıqları ərazilərdə sıxışdırılması, kompakt yaşadığı yerli əhali içərisində əridilməsinin harayıdır. Hal-hazırda uyğurların Çində, kərküklərin İraqda, Gürcüstan azərbaycanlılarının Gürcüstanda milli, dini, irqi ayrıseçkiliyə məruz qalması bir daha sübut edir ki, tendensiya hələ də davam etməkdədir. Müəllif bu cür aktual problemlərə həssaslıqla yanaşır və bu mözudakı təssübkeşliyini qələmə alır. S.Rüstəmxanlı hətta dünyanın bir çox ölkələrində yaşayan türk tayfalarının həyatı ilə yaxından maraqlanmış, həmin ərazilərə (Mosul, Suriya, İraq-Kərkük, Borçalı) səyahət etmiş və bilavasitə gördüklərini poetik dillə oxucularına çatdırmışdır.
Şair poemanın digər misralarında minillər əvvələ qayıdıb, türk tarixinin qaranlıq, üstü tozlanmış səhifələrini vərəqləyir. Bu fikiləri ilə o, oxucu ilə tarix arasında körpü yaradır. Poemada təkcə tarixi yaddaş deyil, həm də etnoqrafik yaddaş yenilənir.
Min ilin odu var bəlkə içimdə,
Niyə boz çöllərə bir çınqı düşməz.
Ötüken dünyası ayrı biçimdə
Adı dəyişsə də, özü dəyişməz.(1.519)
Digər bir bənddə türklərin mifik ana yurdlarından biri olan Ötükən(əski türklərin Tenqriçiliklə əlaqədar olaraq Torpaq Anaya verdikləri ad) şəhərinin adı çəkilir. Ötükəni “mənəvi dünya” adlandıran şair adı dəyişsə də özü dəyişməyən bu tarixi torpağın türklər üçün nə qədər önəm kəsb etdiyi fikrini poetikləşdirir. Şair digər bir bənddə Tonyuquqdan bəhs edir. Müəllif belə qənaətə gəlir ki, uzaqgörən dövlət xadimi kimi dediyi sözlər əsrlər keçsə də qüvvədən düşməyən Tonyuququn qəbri, məqbərəsi dağılsa da “sözününün heykəli” hələ də yaşayır.
Çoxdan dağılıbdı öz məqbərəsi,
Sözünün heykəli yaşayır ancaq.(1.527)
Şair digər bəndlərdə ilxıçı ailənin məişətini işıqlandırıb. Poemada “at” motivinin qabardılması heç də təsadüfi deyil. At qədim türk mifologiyasında ən geniş yayılmış kultlardan biri olduğu üçün sakral mahiyyət daşıyıb. Atın türklərin yaşayışının əsas tərkib hissəsi olmasını nəzərə alaraq demək olar ki, onun tərənnümü türk məişət ədəbiyyatında önəmli yeri tutur.
Atını səyirdir cavan ilxıçı,
On arşın ağacı özündən öndə.
Qabaqda göy ürgə dəlisov qaçır.
Bilmir ki, yanılır öyünməyində. (1.525)
Digər bir bənddə monqolların qonaqpərvərliyi, gündəlik yaşam tərzi işıqlandırılmışdır. Hadisə və detalların bu qədər dəqiqliyi təsadüfi deyil. Sabir Rüstəmxanlı monqol və digər türk tayfalarının taleyi ilə yaxından maraqlanmış, onların yaşadığı mühitlə dərindən tanış olmaq üçün dəfələrlə həmin ərazilərə səfər etmişdir
Poemanın ana xəttini, fikrimizcə, ulu türk sərkərdəsi Bilgə Xaqanın məqbərəsi üzərində yazılan- “…Türk-oğuz bəyləri, milləti eşidin: Üstdə göy çəkməsə, altda yer dəlinməsə Türk milləti elini törəni poza biləcəkti? Türk milləti titrə və kəndinə dön!” cümlələri təşkil edir. Poemanın yaranması əvvəlcə şairin şəxsi istəyi olsa da, bununla bərabər onun türkə, türk tarixinə və mənəviyyatına olan hörmətilə əlaqdədardır.
Müəllifin poemanın finalında gəldiyi qənaət fəxriyyə səciyyəsi daşıyır. Şair özünü ümumtürk dünyasının, Azərbaycan xalqının, gələcəyinin keçmişi kimi parlaq olacağına ümid edən xalqın ziyalısı kimi görür.
Yaddaşıyam vuruşlarda ölən nəslin,
Ölə-ölə ölümünə gələn nəslin,
Şükür, sabah yer üzünə gələn nəslin
Hər sözümdən qeyrət odu əmməyi var.(1.538)
Sabir Rüstəmxanlı hər sözü gələcək nəsil üçün ərmağan olabiləcək nadir sənətkarlardandır.. Onun “Əbədi sevda” adlı şeirlər kitabında yer alan bu poema fikrimizcə tarixi poemanın ən gözəl nümunələrindədir.

Ədəbiyyat siyahısı:
1.Rüstəmxanlı Sabir. Əbədi sevda. Şeirlər və poemalar, Bakı, “Təhsil”, 2012, 576 səh.
2.Yusifoğlu Rafiq.Müasir ədəbi proses və ədəbi tənqid. ADPU nəşriiyyatı, Bakı, 2014, 344 səh.

16 dəfə oxundu

Axtarış