SADIQ QARAYEV - MÖVCUDLUQ ŞÜKRANLIĞI
Müəllif: Yazarlar.AZ


27.04.2020




İLAHİ, sənin əzəli və əbədi mövcudluğun var olub, olan və olacaqların yeganə səbəbidir. Şüurlu mövcud etdiklərindən biri kimi, sənə şükür edə bilməyimə sonsuz şükürlər edirəm…
İLAHİ, sənə sonsuz şükürlər olsun ki, zaman xəttinin milyardlarla nöqtələrinin birində, mənə oxşar milyonların içindən birini- məni seçdin, mövcud etdin. Bu insan idrakına sığmaycaq ehtimallar çoxluğundan bir şans deməkdir…
İLAHİ, sənə sonsuz şükürlər olsun ki, məni canlı mahiyyətində mövcud etməyi qərar verdin. Mən su olsam neylərdim…? Canlılar məndən ötrü bir- birlərini öldürərdi, məni çirkləndirərdilər… Mikroblardan balinalara qədər olanları yaşada bilməzdim, hüceyrələrdə, kapilliyarlarda, borularda axa bilməzdim… Soyuq qar olub, kimsəsiz zirvələrdə mənasız dayana bilməzdim. Və mən sərinlədib, sonra boğa bilməzdim, ruzi verib, sonra hamısını bütövlükdə uda bilməzdim… Ayna kimi təmiz, gah bulanıq, hərdən səsli, birdən lal ola bilməzdim. Özümə möhtac olanları qurudub, nəfəsini kəsə bilməzdim. Gah dərin, gah dayaz ola, hər yerə axa bilməzdim… Mən su olsam neylərdim İLAHİ?? Su ola bilməzdim…
Mən torpaq olsam neylərdim…? Bərəkət verib, ruzi verib, böyüdüb, gəzdirib, sonra uda bilməzdim… Günahsız insanların, körpə mələklərin üzərinə tökülüb, onları vaxtsız bu dünyadan ayıra bilməzdim.. Bitkilərin, heyvanların üstümdə mübarizəsinə aşağıdan yuxarı baxa bilməzdim. Tarix boyu insanların müharibə səbəbi olub, üzərimdən axan qanlarını özümə hopdura bilməzdim. Üstümdə yeriyən tanklar əzərdi məni. Çəkilən kəmərlər boğardı məni. Varlının beton divarları, kasıbın yamaqlı çəpəri məni hissələrə bölərdi, göydələnlər altında nəfəsim kəsilərdi, qürurum ölərdi… Bərələ baxardım sinəmdəki səngərlərə, üşütmə tutardım insan udduğum zəlzələ, ləngərlərlə. Dözməzdim torpaq olmağa, tapdaq olmağa, bu gün birinə, sabah başqasına bostan olmağa… Dəyişkən- qara, qonur, boz, sarımtıl, özündən qırmızı, Qarışıq- gilli, qumlu, şoran, duzlu, şit. ..ola bilməzdi. İLAHİ, sənə sonsuz şükürlər olsun ki, məni torpaqdan yaratdın, torpağa qaytaracaqsan, ancaq torpaq kimi mövcud etmədin. Gücüm, özüm yetməzdi torpaq olmağa, mən torpaq ola bilməzdim…
İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni cansız yaratmadın. Kəssək olsam, tez əzilərdim, daş olsam, başlar qırardım… Məni şeytana atardılar, onu əzə bilməzdim, yalançı olardım… Qaya olsam soyuq, biganə, dəmir olsam kəsən, betonlar arasında boğulan, kükürd olsam böğan olardım, keçmişdən gəlib, ciyərlərə dolardım… Qızıl olsam gah parıldayıb, gah küsən, öz- özündən itən olardım. Mən heç bir cansız ola bilməzdim, bacarmazdın, mövcudluqdan qaçardım…
İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni canlı yaratmağa qərar verdin! Ancaq məni bitki yaratmadın… Mən ot olub vaxtsız biçilərdim, ayaqlanardım… İnsan ümidinə qalıb susuz quruyardım, heyvanlar üçün üst- üstə, taya yığılardım. Meyvə olsaydım, bazarlarda satılardım, mənə qiymət qoyardılar, əzib- sıxıb, istədikləri maye halına salardılar… Kasıb baxıb, şişərdi, varlılar kom- kom alardılar… Mən ot, tərvəz, meyvə ola bilməzdi, insan ümidinə, tamahına dözməzdim. Ağac da ola bilməzdim, qolumu kəsərdilər, yarpaqlarımı, çiçəklərimi vaxtsız dərərdilər… Məndən gəmi, qapı, ən pisi isə döşəmə düzəldərdilər… Pis otaqlara açılan, pusulan qapı, döşəmə ola bilməzdim… İLAHİ, mən bitki ola bilməzdim…
İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni heyvan kimi canlı mövcud etmədi.! Balina, akula olsam neylərdim? doymazdım, nə qədər çeynəmədən udsaydım… İstəməzdim yaşamaq naminə doymadan udmağı. Xırdaları udub, böyük mövcudluq kimi qalmağı.. Balıq olsam qarmaqlara keçərdim, yaşamağın eşqiylə hara gəldi üzərdim??…Balina, balıq ola bilməzdim… İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni sürünən yaratmadın…Mən ilan ola bilməzdim… Zəhərli olduğumu bilmədən necə yaşayardım? gözüm zəif görərdi, soyuqqanlı olardım, ya qorxudan, ya tamahdan sarılardım, sancardım… Yox, ilan ola bilməzdim, dar, qaranlıq yollarda sürünə bilməzdim…
İLAHİ, sənə sonsuz şükürlər olsun ki, qartal, bayquş, nə də sərçə kimi xəlq etmədin… Gözüm çox iti olardı, caynaqlarım güclü, tez görərdim, parçalayardım… Xarabalıqlar arzu edərdim… quş ürəkli olardım, bir dən üçün həyacandan əsərdim… Mən yırtıcı, qarğışçı, həyacanlı ola bilməzdim…
İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni dördayaqlı yaratmadın! mən çaqqal ola bilməzdim, pələnglərin artığını gözləyəm. Pələng ola bilməzdim, parçalayam, hökm sürəm. İt ola bilməzdim.. Hürümək yorardı məni… yal üçün yaltaqlana, sümsüklüyü bacarmazdım.. küçələrdə, qapılarda azardım.. mən it ola bilməzdim… Canavar kimi yaxşılıq edəni, yediyimdən artığını xain olub parçalaya bilməzdim… Tülkü kimi bic- bic baxardım, hiylə qurardım??? mən tülkü ola bilməzdim… Eşşək yükü də götürə bilməzdim… həm işləyib, həm təhqirə dözə bilməzdim, ən gözəl gözlə, incə su içməklə bərabər , şıllaq ata, anqıra bilməzdim… Ayı olub qanmazlığı, porsuq olub yeyib- yatmağı bacarmazdım…mən heyvan ola bilməzdim! Bacarmazdın. . Yaşamaq üçün vəhşiliklər. oyunlar edə bilməzdim. Meymun da ola bilməzdim ! Yersiz gülüş, mənasız əsəbləşmək yorardı məni.. Nə insana, nə heyvana bənzəməyən meymun mahiyyətinə dözə bilməzdim, yerləşməzdim. Bacarmazdım . Yaşamaq üçün alçalmazdım, yüngülləşməzdim… qürurumla güləşməzdim..
İLAHİ, zərrədən kainata qədər olanları qüdrəti, hikməti , elmi ilə mövcud edən, zamanın insan ağlına sğmayan ən kiçik anında, mövcud olmuşları, olanları, olacaqlar nəzarətdə, nizamda saxlayan, zaman və məkanı vəhdətdə, tam görən ALLAH, Sənə sonsuz şükürlər olsun ki, məni insan formasında su, torpaq, bitki və heyvan mahiyyətində yaratmadın!!
İLAHİ, Sənə sonsuz şükürlər olsun ki, məni nə keçmişdə, nə gələcəkdə, səhralarda, tropiklərdə, buzlu, qarlı yerlərdə deyil, indikj zamanda, cənnətin əkizi- AZƏRBAYCANDA , azərbaycanlı yaratdın. İnsan mahiyyətində, İNSAN kimi mövcud etdi.
Bakı. 20-22 iyul, 2019.
Müəllif: Sadıq Qarayev
YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ


3 dəfə oxundu

Axtarış