Şahmar Əkbərzadəni xatırlayarkən
Müəllif: Firuz Mustafa


29.12.2021





“O dünyaya köçən dünyam...”
“Məni şah elədi həsrətə dünya...”
Şahmar Əkbərzadəni xatırlayarkən

Sərlövhəyə çıxarılan, ayrı-ayrı şeirlərdən misal gətirilən misraların müəllifi şair Şahmar Əkbərzadədir.

Mən Şahmarı ilk dəfə harada görmüşəm?

Xatırlayıram, ötən əsrin 70-ci illərinin əvvəllərində böyük şairin adını daşıyan bağda ənənəvi Sabir poeziya bayramının keçirildiyi günəşli bir yaz günü idi. Vaxtilə mənimlə BEMZ zavodunda birgə çalışmış, ixtisasca energetik-mühəndis olan, maraqlı şeirlər müəllifi, ciddi ədəbiyyat həvəskarı Lətif Quliyev bizə yaxınlaşan ucaboy, qaraşın, qıvrımsaç adamı mənimlə tanış etdi:
-Bir-birinizlə yaxından tanış olun. Gələcəkdə bu tanışlıq dostluğa çevrilə bilər.
Biz əl verib tanış olduq:
-Firuz.
-Şahmar.
Lətif ümumi tanışlıq üçün bizim “yaradıcılığımız” barədə müxtəsər məlumat da verdi. Mən o vaxtacan Şahmarın bir neçə şeirini oxumuşdum.
Yeni tanışım diqqətlə üzümə baxıb soruşdu:
-Bəs sənin ədəbi imzan, familiyan necədir, dədə?
-Sadəcə Firuz Mustafayev, -deyə, cavab verdim.
O, yenə israrla soruşdu:
-Firuz Mustafazadə sən deyilsən ki?
Ümumi dostumuz Lətif gülə-gülə söhbətə qarışdı:
-Şahmar, düz tapmısan, elə həmin imzanın sahibi bu oğlanın özüdür ki var. Firuz hərdən öz yazılarını “Mustafazadə” imzası ilə çap etdirir. Yəni biləsən ki, sizin hər ikiniz “zadə”siz.
Şahmar da güldü və böyük Sabirə, daha doğrusu onun qarşımızdakı heykəlinə işarə ilə dedi:
-“Bəyzadələriz, xanzadələriz, qafqazlılarız”... -Və sonra əlavə etdi: -Dədə, Firuz Mustafazadə imzası mənə çıx yaxşı tanışdır. Hətta, bu yaxınlarda “Bakı” qəzetində Mustafazadənin bir “podporka”sını oxumuşdum. Çox bəyənmişdim. Nüsrət Kəsəmənlidən müəllifin kimliyini soruşanda demişdi ki, cavan bir oğlandır... Tanışlıqdan çox məmnun oldum. Lətif, sən də sağ ol ki, məni belə bir istedadlı qardaşla tanış elədin.
Doğrudan da bu tanışlıq, zaman keçdikcə möhkəm dostluğa çevrilməyə başladı.
Biz sonra elə Sabir bağındakı məşhur çayxanada pürrəngi çay içə-içə müxtəlif mövzularda, ən çox da ədəbiyyat, habelə işığına toplaşdığımız Sabir və onun dərd dolu poeziyası barədə bir xeyli söhbət etdik. Sanki öz poetik günlərinin, öz bayramının iştirakçısı olan, bizdən beş-altı addım kənarda “dayanmış” böyük Sabir də o günkü söhbətimizi dinləyirdi...
Mən tələbə olarkən arada Şahmarla onun çalışdığı “Azərbaycan gəncləri” qəzetində görüşürdüm. Sonra iş elə gətirdi ki, təyinatla əvvəlcə Saatlı rayonuna müəllim işləməyə göndərildim, bir müddət sonra isə ərizə yazıb könüllü hərbi xidmətə getdim.
Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakıda uzun müddət özümə iş yeri tapa bilmədim. Həmin dövrdə radio, televiziya və qəzetlərə əməkdaşlıq edir, qonorar hesabına dolanırdım. Yalnız iki-üç ildən sonra vaxtilə Az.Tv-dən tanış olduğumuz yazıçı-publisist Yusif Kərimovun təklifi ilə “Azərbaycan gəncləri” qəzetinin “ədəbiyyat və incəsənət” şöbəsində ədəbi işçi kimi fəaliyyətə başladım. Şöbə müdirimiz şair Tofiq Mütəllibov idi. Az sonra həmin şöbə iki yerə bölündü. Publisistika şöbəsinə Şahmar, ədəbiyyat şöbəsinə Tofiq rəhbərlik edirdi. Hər iki şöbə iri bir otaqda yerləşirdi ki, orada da cəmi dörd əməkdaşı əyləşirdi- adını çəkdiyim şöbə müdirləri və həmin şöbələrin ədəbi işçiləri. Axırıncı “vəzifənin” daşıyıcıları, yəni ədəbi işçi Hidayət Elvüsal (Nağıyev) və mən idim. Hidayətlə mən maaş almırdıq, qonorarla kifayətlənməli olurduq.
İndi biz Şahmarla hər gün görüşürdük. Elə o vaxtdan etibarən bir-birimizə “dədə”- deyə, müraciət edərdik.
Bizim redaksiyadakı otağımıza kimlər gəlmirdi? Bəxtiya Vahabzadə, Hüseyn Arif, Arif Məlikov, Tofiq Bakıxanov, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Nəriman Həsənzadə, Əlfi Qasımov, Nahid Hacızadə, Həsən Turabov, Zəlimxan Yaqub, ...
Mən elə qəzetdə işlədiyim ilk ildə aspiranturaya daxil oldum. Rəsmən işimdən azad olunsam da redaksiyadakı masam uzun müddət, yəni 90-cı illərdə qəzet bağlanana qədər öz “nəzarətimdə” qaldı. Hətta Elmlər Akademiyasında istədiyim vaxtlarda belə, gedib orada yazı-pozumla məşğul olmaq imkanım öz “qüvvəsini” saxlamaqda idi.
Redaksiyada mənim bir xeyli dost-tanışım çalıçırdı. Amma Şahmarla dostluğumuzun xüsusi yeri vardı. Bizi bir-birimizə daha çox yaradıcılıq telləri bağlayırdı. Bir də görürdün ki, Şahmar cibindən çıxartdığı bir qalaq kağızı stolun üstünə səpələyib, eynəyini gözünə yaxınlaşdırdı, qələmini əlinə alıb gur səslə yeni yazdığı şeirlərdən birini oxumağa başladı.
O, demək olar ki, həmişə şeir oxumağa hazırlaşanda belə deyərdi:
-Dədə, bax bu şeirin siftəsini sənə oxuyuram. Sən nə düzəliş etsən, mən ikiəlli razı olacam.
Poeziyada Şahmarın orijinal üslubu, dəst-xətti vardı. Onun ünvanına kənd və şəhərlərdən, cavan və qocalardan çoxlu məktublar gələrdi. Oxucular ondan şeir istəyirdilər. Hətta, o da yadımdadır ki, Bəxtiya Vahabzadə öz dostunun bir neçə şeirini, o cümlədən “Dünya” şeirini əzbərdən deyərdi.

Şahmaram, qüdrətim şahmar olmadı,
Müşküllər qarşımda naçar olmadı,
Zillətim zillətə düçar olmadı,
Tac qoydu içimdə zillətə dünya.

O zamanlar Şahmarın “Mərkəzi poçtxana”, “48 ölçülü qadın paltarı” şeirləri poeziyasevərlərin dilinin əzbəri idi.

Geyimlər görəndə, ana, hər dənə
48 ölçüdə qalar gözlərim.
Cibim pullarımın qəbrinə dönər,
Titrəyər dizlərim, dolar gözlərim.

Onun vətənpərvərlik hissi ilə yoğrulmuş misraları da tez-tez ekran və efirdə, gur məclislərdə səslənərdi. Onun ilham mənbəyi bu Vətən idi, təbii ki, bir dəboya-başa çatdığı Qarabağ tirpağı...
Şahmarın dostlarının əksəriyyəti özündən böyük, yaşlı adamlar idi: Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Xudu Məmmədov... Onun böyük qırğız yazıçısı Çingiz Aytmatovla da yaxın, doğma münasibəti vardı. Onu da xatırlayıram ki, 80-ci illərin ortasında Çingiz ağa Bakıya, Bəxtiyar müəllimin yubileyinə məhz Şahmarın təklifi, təkidi və təşəbbüsü ilə gəlmişdi.
Bizim Şahmarla bir neçə “şərikli”, qoşa imza ilə yazılmış publisistik yazımız da çıxmışdı qəzetlərdə. Onun xüsusən xalq yaradıcılığı, el sənəti ilə bağlı yazıları geniş əks-səda doğururdu.
Bir dəfə Az.Tv-də ədəbi-dram verilişləri Baş redaksiyasının rəhbəri Nadid Hacızadə söhbət əsnasında mənə dedi:
-Sənin tələbə dostun Tofiq Xəlilovun şöbəsində təzə veriliş açmışıq. Verilişin adı “Politra” olacaq. Sən öz yaşıdlarını, nisbətən cavan, istedadlı qələm sahiblərini məndən daha yaxşı tanıyarsan. O verilişi aparmaq üçün kimin namizədliyini təklif edərdin?
Mən fikirləşmədən Şahmar Əkbərzadənin adını çəkdim. Nahid müəllim əlini ürəyinin üstünə qoyub ürəkdən güldü və dedi:
-Hə, pis “kandidatura” deyil. Mən də Şahmarın şeirlərini çox bəyənirəm. Yəqin ki, gülməyimin də səbəbini özün yaxşı bildin.
Əlbəttə, “səbəb” mənə də, (hətta, bildiyim qədər Şahmarın özünə də) yaxşı məlum idi. Bu barədə Nahid Hacızadə sonralar qələmə aldığı xatirələrdə yazırdı ki, bir dəfə çəkilişdən sonra çay içmək qərarına gəldik. Qonşu stolda çay dəsgahı qurulmuşdu. Oradakıların çoxu yazı-pozu adamları idi. Bizi də öz stollarına dəvət etdilər. Etiraz etmədik. Söhbət müasir poeziyadan düşdü. Oradakılardan biri dedi ki, indi yaxşı şeir, yaxşı şair yoxdur. Nahid müəllim sözünə davam edərək yazır: “Mənimlə üzbəüz oturmuş qıvrım saçlı, qaynar baxışlı kişi bu sözləri deyən adama çevrilib əsəbi : -Dədə,-dedi, -gərək insafı itirməyək. Söz deyəndə ehtiyatlı olaq...” Və qarşımdakı adam müasir poeziya haqda ətraflı, maraqlı bir söhbət elədi. Nahid Hacızadə daha sonra söhbətə qoşulduğunu, qarşısında əyləşmiş tanımadığı adamın çıxışına dəstək verdiyini vurğulayaraq yazır: “Xahişim budur ki, “Mərkəzi poçtxana” və “48 ölçülü qadın paltarı” şeirlərini tapıb oxuyun. Necə gözəl şeirlərdir. Adam qibtə edir o şeirlərin müəllifinə. O köpəkoğlu (bu ifadəyə görə Şahmarın ruhundan və oxuculardan dönə-dönə üzr istəyirəm-N.H.) gör necə incilər yaradıb. Məncə o şeirlərin hər ikisi şedevrdir...
Qarşımdakı adamdan gözlədiyimdən tam fərqli sözlər eşitdim:
-Nahid müəllim, sizə böyük hörmətim var,-dedi. - Başqası olsaydı, bəlkə də onunla ayrı cür danışardım. Sizin bacıoğlunuz Firuzla dostluğum da qabağımı kəsir...” Sən demə, təriflənən, həm də yaxşı mənada “Söyülən” şeirlərin müəllifi qarşıdakı adamın özü, yəni Şahmar imiş.
Nahid müəllim məhz bu söhbəti xatırlayıb belə ürəkdən gülürdü.
Mən elə həmin anlarda Şahmarın hələ 1977-ci ildə yazdığı “Mərkəzi poçtxana” şeirindəki bu misraları xatırladım:
İndeksi olmayan bu məktubları
Yalqız yuvalara çatdır bir təhər.
Həsrətim oranı isitsin barı,
Sahibi qürbətdən gələnə qədər.
“Politra” verilişi ilə bağlı söhbət əsnasında Nahid Hacızadə ciddiləşib dedi:
-Bilirsən ki, elə mən də Şahmarın yaradıcılığını bəyənirəm. Tez-tez onu verilişlərə dəvət edirik. Amma bu veriliş elə adından göründüyü kimi, rəssamlar, heykəltəraşlar haqda olacaq. Axı Şahmar...
Bildim ki, nə deyəcək. Ona görə də tez müdaxilə elədim:
-Əvvəla, Şahmar rəssamlığı sevən, duyan adamdır. İkincisi də, o, sözlə rəsm çəkir, heykəl yapır...
Tezliklə Şahmar “Politra” verilişinin aparıcısı oldu. Hətta, arada bir-birimizə zarafatla deyərdik: “Dədə, “Politra”dan “pollitrə” keçmək pis olmazdı...” Bu söhbətdən çox-çox sonralar Nahid müəllim mərhum dostumuz Şahmar haqda yazdığı xatirələrə belə bir başlıq qoymuşdu: “O, sözdən heykəl yonurdu...”
Şahmar gur səsə, aydın nitqə, maraqlı jestikulyasiyaya malik bir adam idi. Ehtirasla şeir deməyi, gözəl rəqs etməyi vardı. Biz dostlar adətən məclislərdə, yığıncaqlarda Şahmarı masabəyi seçərdik.
Şahmar mənim toyumun da tamadası, daha doğrusu yüksək səviyyəli “aparıcısı” olmuşdu. Yadımdadır, qohum-qardaşın çoxu sonralar söhbət düşəndə deyərdilər ki, görəsən, Şahmar müəllim bizim toyun da tamadası olmağa razılıq verərmi? Mən gülüb deyərdim ki, axı o kişi siz deyən tamadalardan deyil, şairdir, yalnız dost toyunun aparıcısı ola bilər.
“Məclis aparıcısı” demişkən, bu sətirləri yazarkən bir az gülməli, bir az da kədərli bir hadisəni də xatırlayıram. Bir dəfə redaksiyamıza bir qadın gəldi. Mənimlə əl verib görüşdü, Şahmarla öpüşdü. Az sonra Şahmar həmin xanımla bizi tanış etdi. Əvvəlcə məni özünəməxsus təntənəli qaydada, tərif dolu ibarələrlə xanıma təqdim etdi. Sonra üzünü mənə tutub bir qədər rəsmi tonda dedi:
-Firuz müəllim, indi də sizə bu xanımın kim olduğunu deyim. Nərgiz xanım Üzeyir Hacıbəyov muzeyinin yeni direktorudur, mərhum dostumuz Ramazan Xəlilovun qızıdır... Bəlkə də haqqında eşitmisiz.
Ta artıq təqdimata ehtiyac yox idi. Mən hələ 70-ci illərdə Nərgiz, onun gözəlliyi, riskli hərəkətləri, o dövr üçün qeyri-ari olan ekstravaqant geyimləri haqda çox eşitmişdim. Hətta, indiki “Fontanlar meydanındakı” gözəl “Nərgiz” yay kafesinin belə onun adını daşıdığını bilirdim. Artıq aradan illər keçmişdi. Nərgiz paiız çiçəyi kimi bir qədər solsa da hələ təravətini itirməmişdi. O, nikbin bir qadın təsiri bağışlayırdı. Nəhayət, xanım redaksiyaya gəlişinin məqsədini bildirdi. O, bizi atasının xatirə gününə, daha doğrusu, vəfatının ildönümünə dəvət etməyə gəlibmiş. Biz razılıq verdik. Axşam Şahmarla hotellərdən birində (səhv etmirəmsə “Bakı” mehmanxanasında) keçirilən mərasimə getdik. Məclisdəkilərin əksəriyyəti ruslar və yəhudilər idi. Və təbii ki, həm mərasim iştirakçıları, həm də o mərasimi idarə edənlər rus dilində danışırdılar. Şahmar da mərhum haqqında rus dilində bir neçə kəlmə söz dedi. Yeri gəlmişkən, onu da qeyd edim ki, Şahmar Əkbərzadə Rus dili universitetini bitirmişdi, bu dili də çox yaxşı bilirdi. Danışanların hamısı Ramazan müəllimin hörmət-izzətindən, əsl müsəlman olmağından söz açırdılar... Məclis yekunlaşmaq üzrə idi. Dilim dinc durmadı. Üzümü Şahmara sarı tutub dedim:
-Dədə, burada hamı mərhum Ramazan kişinin müsəlmanlığından danışır. Amma... Bu necə müsəlmanlıq oldu ki, məclisdə Qurandan bir ayə belə səslənmədi?
Şahmar mənim nə dediyimi tezcə anlayıb məclis aparıcısından söz istədi. Onun uca, gur səslə dediyi “Yasin” surəsi hamını ovsunlamışdı. Hətta, Şahmar sözünü bitirəndən sonra bir neçə adam yaxınlaşıb ona öz təçəkkürünü izhar etdi...
Şahmar uşaqla uşaq, böyüklə böyük idi. Redaksiyaya şikayətə gələn yaşlı adamları ən çox o qəbul edər, onların dərdinə nə vasitə ilə olursa-olsun kömək etməyə çalışardı.
Xatırlatma. Bir dəfə Şahmarın yanına bir şikayətçi kişi gəlmişdi. Bu adamın şikayəti özünün dediyi kimi “ad qoyan” idarədən idi. Məsələ burasındadır ki, şikayətşi öz oğluna babasının adını qoymaq istəyirmiş, amma idarədə buna razılıq verməyiblər. Səbəb də bu olub ki, kişinin babasının adı adlar üçün nəzərdə tutulmuş kitabçada tapiımayıb.
Kişi dərdini danışaraq deyirdi:
-Mənim babamın adı Əliş olub. Onlarsa mənə dedilər ki, “bu kitabda Əliş adı yoxdur, bəlkə Əli, Vəli, lap elə Alik adını seçəsən”. Axı bu necə ola bilər? Bəyəm mən öz oğluma öz babamın adını verə bilmərəm?
Şahmar dəstəyi götürüb zəng vurdu. İdarənin müdirinə şikayətçinin arzusunu bildirdi. Deyəsən, müdir deyilənlə razılaşmadı. Belə olan təqdirdə Şahmar əsəbi şəkildə dəstəyin o başındakı adama dedi:
-Bura bax, siz Ləmbəranski familiyalı adam eşitmisiz? Ay sağ olun... Düz deyirsiz, vaxtilə Bakının rəhbəri olub. Bəli, məşhur adamdır. Deməli, hətta onunla görüşmüsüz də. Nə gözəl. Bəs o kişinin adı nə olub? Maraqlanmamısız? Ay yoldaş müdir, bilin və agah olun ki, Ləmbəranskinin adı Əlişdir. Allah o kişiyə ömür versin. Bəli, bax mənim yanımdakı bu şikayətçi də öz övladına öz babasının adını vermək istəyir... Yox ey, bunun babası o Əliş yox, başqa Əliş olub. İndi necə danışaq, razılıq verirsiz, ya qəzetdə bu barədə bir felyoton hazırlayaq?
Müdir şikayətçinin tələbini yerinə yetirdi. Amma şahmar özünəməxsus qayğı hissilə şikayətçiyə üz tutub dedi:
-İşin düzəldi. Əliş, əlbəttə ki, yaxşı addır. Amma gələcəkdə o biri nəvənə daha müasir ad qoy. Ad tapa bilməsən gələrsən yanıma.
Doğrudan da tanış bilişləri yeni doğulan uşaqlarına ad qoymaqda tez-tez Şahmara müraciət edərdilər...
Yeri gəlmişkən, Şahmar bir çox şairlərin götürdüyü təxəllüslərə xüsusi diqqət yetirərdi: “Dədə, ədəbiyyatımızda ən uğurlu təxəllüs Səməd Vurğunundur. “Vurğun...” Fikir verirsən, necə gözəl səslənir. Həm də təmiz türkcəmizdədir... Bəxtiyar müəllimə hərdən zarafatla deyirəm ki, gəl bu “zadə”ləri ataq... Bəzi cavan şairlərimizin götürdüyü təxəllüs də mənim çox xoşuma gəlir. Bax, məsələn, Əlisəmid Kür, Murad Köhnəqala, Ayaz Arabaçı, Akif Əhmədgil, Qulu Ağsəs... Hamısı yenidir, təzədir... Əslində bunlar heç təxəllüs də deyil, yurd-yuva adlarıdır... Arabaçı kəndi Gədəbəydə, Köhnəqala kəndi Tovuzdadır. Elə deyilmi, dədə? Mən əvvəllər elə bilirdim ki, “Ağsəs” Qulunun götürdüyü təxəllüsdür. Sən demə, bu, mənim yerlimin doğmaca atasının adı imiş... Xoşbəxtlikdən bu uşaqların çoxu istedadlıdır...”
Şahmar övladlarını çox sevərdi. Üç oğlu, bir qızı vardı. Onun qəlbində nəvəsinin öz yeri vardı. Mən Şahmarın oğlu Əkbərin və qızının toyunda iştirak etdiyimi, Bəxtiyar Vahabzadə ilə “əlli-əlli vurduğumuzu” indi də xatırlayıram...
Şahmar “Azərbaycan gəncləri” qəzetindən sonra bir müddət “Kommunist” (sonralar “Xalq qəzeti” adlandırılan) qəzetində çalışdı. Biz yenə mütəmadi görüşür, dərdləşir, fikir mübadiləsi aparırdıq.
Bir dəfə Şahmar söhbət əsnasında dedi:
-Polad Bülbüloğlu ilə bir tədbirdə görüşdük. Mənə təklif etdi ki, gəl Mədəniyyət Nazirliyinin nəzdində bir qəzet yaradaq, sən də ol Baş redaktor. Dədə, bilmirəm bu təklifə nə cavab verim? Qalmışam odla su arasında...
Gülüb dedim:
-“Hə” de, qurtarsın getsin. Ta niyə özünə dərd edirsən ki?
Şahmar diqqətlə üzümə baxıb dedi:
-Yaxşı, dədə, onda belə edək... Mən Polada razılıq versəm, gərək sən də mənim təklifimə razılıq vetəsən.
-O nə təklifdir elə?
-Yeni qəzetdə birlikdə işləyək.
Mən dedim:
-Mənim burada, Akademiyadakı işlərim pis deyil. Elmi tədqiqatla məşğul olur, aspirantlara, tələbələrə dərs deyirəm, radio-televiziyada verilişlər aparıram...
Şahmar dilləndi:
-Yaxşı, onda əməkdaşlıq edəcəyinə söz ver. Qəzetin qonorarı da olacaq.
-Hə, ona baxarıq,-deyə cavab verdim...
Mən təzə nəşrə başlayan “Mədəniyyət” qəzetinə tez-tez məqalələr yazmağa başladım.
Sonralar, aradan bir xeyli müddət keçəndən sonra Şahmar mənə dedi:
-Dədə, onsuz da vaxtın boldur. Özün də maşallah, enrjili adamsan. Bir də görürsən mən günlərlə buralarda olmuram, qəzetin çapı ləngiyir. Gəl bu qəzetdə əl-ələ verib içləyək.
Beləliklə, mən bir müddət qəzetdə Baş redaktorun müavini, sonralarsa Baş redaktor vəzifəsinin icraçısı oldum...
Günlərin bir günü səhər tezdən redaksiyaya gələrkən eşitdiyim xəbər məni sarsıtdı: “Şahmar dünən axşam vəfat edib...”
Budur, indi gündəliyimin və “Mədəniyyət” qəzetinin saralmış səhifələrini vərəqləyirəm. Həmin günlərin acı təəssüratı Şahmarın ömrü kimi saralıb-solmuş vərəqlərdə və yaddaşımda yaşayır.

1 Sentyabr 2000-ci il. “Gündəlikdən” sətirlər.
Sentyabr ayının 1-dir. Bu gün Şahmarın sevimli nəvəsinin ad günü olmalıdır.
Amma Şahmar daha yoxdur.
Səhər tezdən radaksiyaya gələrkən əməkdaşların üzündəki qəribə, hüznlü ifadənin səbəbini öyrənməyə çox vaxt tələb olunmadı. Kimsə astadan dedi: “Şahmar müəllim dünyasını dəyişib”. Sanki dünya başıma hərləndi...
Şahmarın mənzili redaksiyanın yerləşdiyi binanın yaxınlığındadır. Bu beşaddımlıq yolu getmək mənə dağlar aşmaq, yoxuşlar qalxmaq qədər çətindir.
“ƏCƏL YAMAN QOVUR MƏNİ...”
Onunla görüşüb ayrılmağımızdan cəmi bir gün keçib. Belə götürəndə bizi ayıran zamanın məsafəsi günlə yox, saatlarla, dəqiqələrlə hesablana bilər.
Bu söhbət, bu dialoq da dünən olmuşdu:
- Salam.
- Salam, dədə! Necəsən?
- Babat...
Bəli, dünənki, yəni avqustun son günündəki səhərimiz də həmişə olduğu kimi, bu cür “ənənəvi” mükalimlələrlə açıldı.
Bir az ordan- burdan söhbət etdik.
Dedi:
- Maşallah, gözümə yaxşı dəyirsən, dədə...
- Dünənkinə baxanda, sən də bu gün qıvraq görünürsən.
Ürəkdən güldü:
- Elədir... Dədə, evdəkilərə bildirmədim, dünən halım lap xarab idi... Az qala keçinmişdim...
- Allah eləməsin. Niyə? Nə olmuşdu ki?..
-Əşi, bütün gecəni futbola baxmışam... Qapı-pəncərələr də açıq... Sonra özüm-özümü danlamışam ki, bu nə cavanlıqdı edirəm... Ta qoca kişiyəm... Niyə özündən muğayat olmursan, ay qoca Şahmar? Düz demirəm?...
...Budur, indi həmin günün, yən 30 avqustun təəssüratı maqnitofon lenti kimi qulaqlarımda səslənir, kino lenti kimi gözlərim önündən gəlib keçir... Biz o gün nələrdən, kimlərdən danışdıq?.. Hansı mövzulardan söhbət açdıq?.. Onu nəsə incidən bir hadisə baş vermişdi ki?.. Bəlkə kiməsə hirslənmiş, əsəbləşmişdi?..
Şahmar Əkbərzadəni tanıyanlar yaxşı bilir ki, o təbiətən coşğun, çılğın, emosional adam idi. Bəzən adi bir sözdən alınar, əsəbiləşər, tez reaksiya verərdi... Amma həmin gün onun ovqatı yaxşı idi. Deyib-gülürdü. Bir-iki gündən sonra Kiprə - poeziya festivalına gecədək...
30 avqustda biz onunla yenə ədəbiyyat, poeziya barədə söhbətləşdik. Yeni əsərlərdən danışdıq...
...Onun öz təkidi ilə “Mədəniyyət”ə təqdim etdiyim, hissə-hissə çap olunan “Müqəvva” pyesini təriflədi.
...Hər gün olduğu kimi yenə Qarabağdan söhbət düşdü. Kimlərisə qınadıq, kimlərisə söydük...
...Evinə zəng vurdu – nəvəsinin 4 yaşı tamam olurdu, axşamı “yubileyə” getməyə hazırlaşırdı...
...Qəzetdə gedəcək materiallara göz gəzdirdik...
...Qonorar və maaş cədvəlini nəzərdən keçirdik...
...Bəstəkar Rəşid Şəfəq gəldi; yeni mahnılardan söhbət düşdü...
... Və nəhayət, saat dörd radələrində görüşüb-öpüşüb ayrıldıq. Mən hələ redaksiyada qalıb işləmək istəyirdim... Həmin günün olaylarını yada salanda qəribə bir epizodu da xatırlayıram: arada Şahmar söhbət edə-edə açıq pəncərəyə yaxınlaşaraq yaxınlıqda yerləşən “Yasamal qəbristanlığına” sarı boylanıb dedi:
- Dədə, dünən bir şeir yazmişam. Özü də deyəsən, şedevr alınıb.
- Sənin yazdığın şeir başqa cür ola bilməz ki... İstəyirsən, oxu. Qoy qulağımız təzə bir söz eşitsin...
- Yox, dədə, qalsın sonraya... Bir də ki, o şeir oxumaq üçün deyil.
Mənim təəccübümü görüb gülümsədi:
- Sinə daşına yazılacaq... Bir yaxın adamın xahişi ilə düzüb-qoşmuşam...
Mən tutuldum:
- Epitafiya da şeir formasıdır... Nə olar ki...
O, mənim nəyə işarə etdiyimi duyubmuş kimi qəhqəhə çəkib güldü. Bunun da öz səbəbi vardı: iki-üç gün əvvəl tez-tez ithaf şeirləri yazan bir şair dostumuz yaxın vaxtlarda rəhmətə getmiş tanışına həst etdiyi təzə şeiri redaksiyaya gətirmişdi. Şahmar şeiri oxuyub müəllifə demişdi:
- Sən canın, rəhmətə gedənlərə az şeir yaz...
İndi hər ikimiz həmin hadisəni xatırlamışdıq. Şahmar mənə baxıb gülümsədi:
- İnnən belə ölənlər haqda şeir yazmayacağam, dədə...
Görəsən bu, nə idi? Alın yazısı, yoxsa ürəydamma? Tale, yoxsa qəzavü-qədər?.. Bilmirəm. Bircə onu bilirəm ki, hər təzə şeirini sevinə-sevinə oxuyan Şahmar həmin gün sinədaşına yazdığı misraları – epitafiyanı oxumadı, bunu sonraya saxladı.
...Və mən indi bu sətirləri yazarkən bir neçə gün öncə “Haqqa pəncərə” kitabını vərəqləyə-vərəqləyə arabir öz şeirlərinin şah misralarını oxuyan Şahmar Əkbərzadənin gur səsini yenidən eşidirəm:

Ovut bircə hovur məni,
Əcəl yaman qovur məni...

Şahmar Qarabağ faciəsindən dolayı çox dərd çəkirdi. “Dərd çəkir” ifadəsi onun keçirdiyi ağrılarla müqayisədə əlbəttə, çox yumşaq səslənir. O, baş verənlərlə heç cür razılaşa, barışa bilmirdi:
-Dədə, mən palıd kimi sağlam adamam. Məni öldürsə Qarabağın dərdi öldürəcək. Xudu da o dərddən öldü… Amma istəyirəm ki, Qarabağ azad olandan sonra ölüm…
Gündəlikdən sətirlər.
“SƏNİ HARDAN ALIM İNDİ?”
Dostumun yoxluğu ilə heç cür barışa bilmirəm...
Hüzr məclisiniə gələnlərin hüznlü üzlərinə baxıram. Bu dərd hamını yandırıb-yaxır, qovurur. Hamı Şahmarın taleyindən, poeziyasından, dostluğundan təəssübkeşliyindən danışır.
...Şahmarın yaxın dostlarından Bəxtiyar Vahabzadənin, Nurəddin Rzanın gözlərində yaş gilələnir. Şahmar öz dostları ilə öyünərdi həmişə. Özü demişkən Xudunu, Zeynalı itirəndən sonra Bəxtiyarla, Nurəddinlə nəfəs alardı...
...Adətən şux görünən Polad Bülbüloğlunun baxışlarından kədər süzülür...
...Şəmsəddin Axundov qəmli-qəmli susur...
...Nəbi Xəzri Şahmar Əkbərzadənin poeziyasından danışır...
Şahmarın ruhuna, poeziyasına sayğı göstərən həmkarlarını şair və yazıçıları görürəm: Cəmil Əlibəyov, Anar, Elçin, Əlibala Hacızadə, İlyas Tapdıq, Nahid Hacızadə, Famil Mehdi, Əli Səmədli, Xalid Əlimirzəyev, Yusif Kərimov, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Aqil Abbas, Hidayət Elvüsal, Ağacəfər Həsənli, Mustafa Çəmənli... Yas məclisində bir neçə siyasi partiya rəhbərləri də gözə dəyir. Bu vaxtsız itki hamını göynədir... Dostları, tanışları, doğmaları Şahmarın ömür-gün yoldaşı Mələk xanıma, qızı Zöhrəyə, oğlanları Əkbərə, Elşənə, Elturana başsağlığı verir: “Başınız sağ olsun...” “Şahmarın adını, ocağını qoruyun”...
Sanki bu anlarda Şahmarın gur səsini eşidirəm:

Əllərimdən uçan dünyam,
Baş götürüb qaçan dünyam,
O dünyaya köçən dünyam,
Səni hardan alım indi?

“AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA...”
Gündəlikdən sətirlər.
“Özündən çox özgələrə yananlar, el-obalarımızı düşünənlər haqqında fikirləşəndə Şahmarı anıram”. Şahmarın dostu Çingiz Aytmatovun Şahmarı yaxın dostu Bəxtiyar Vahabzadəyə yazdığı məktubdan götürülmüş bu sətrlərdə böyük məna var. “Özgələrə yanan Şahmar”. Mən onu əzəldən elə bu cür – dost yolunda pərvanə kimi yanan görmüşəm. Dost sevincinə dostdan çox sevinən, dost kədərinə dostdan çox kədərlənən Şahmar...
Mədəniyyət Nazirliyinə və “Mədəniyyət” qəzetinin ünvanına Şahmarın ölümü ilə bağlı məktub və teleqramlar gəlir. Çoxu da tanınmış isimlərdən. Aytmatov, Süleymenov, Baküler...
Odlu-alovlu. Emosional, çılğın, həssas Şahmar... Biz bu son illərdə onunla demək olar ki, hər gün görüşərdik. “Mədəniyyət” qəzeti redaksiyasının soyuq divarları onun odlu nəfəsi ilə qızınardı... Məclislərdə şeir deyərdi – salon səsindən titrəyərdi... Şaqraq gülüşü uzaqdan eşidilərdi.
Yalnız istirahət günləri görüşməzdik. Onda da çox vaxt axşamlar zəng vurardı: “Dədə, niyaran oldum, necəsən?.. Özündən muğayat ol”. Arabir də zarafatla deyərdi: “Heç demirsən Əkbərzadə hardadır?”
Sinədəftər idi Şahmar: klassik və müasir şeirimizin canlı ensiklopediyası idi. Saatlarla əzbərdən şeir deyərdi.
Bəli, biz onunla sonuncu dəfə avqustun 30-da son dəfə görüşdük. Üz-gözündən işıq yağırdı. Dedi ki, bilirsən niyə sevinirəm? Bu gün nəvəmin – Səmanın ad günüdür, dörd yaşı olur, ora tələsirəm. Sonra özünəməxsus şirin bir ləhcədə uşağın dilindən eşitdiklərini danışdı. Axırda “Nəvə ayrı şeydir... Dövlətdə dəvə, övladda nəvə” – dedi. Mən onu təbrik etdim: “Nəvə toyu görəsən”. Görüşüb-öpüşüb ayrıldıq. Səhər qəzet çıxan günü idi. Vədələşdik ki, tezdən görüşək. Sözünün üstündə durmadı, gəlmədi Şahmar...
O, iki gündən sonra Kiprə, Uluslararası Poeziya Festivalına gedəcəkdi. Getmədi. Gedə bilmədi.

Ovut bircə hovur məni,
Əcəl yaman qovur məni,
Mən öləndə çevir məni
Üzü dağlara-dağlara

Bu Şahmarın şeiridir.

Zəkana möhtacam, ey ulu Sinam,
Yatan cürətimi yataqdan qurtar.
Qoyma qiyamətdə imansız yanam,
Vətən qeyrətimi infarktdan qurtar.

Bu misralar da Şahmarındır.

Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, gözün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.

Dünya dostları, doğmaları bir-birindən ayırır... təzədən görüşdürmək üçün.
Əlvida, Şahmar.
Görüşənədək, Şahmar.
“OLUB” DEYİRƏM, “ÖLÜB” DEYƏMMİRƏM…
Gündəlikdən sətirlər. Sentyabr havası özüylə bir bozluq gətirib.
Necə deyərlər, həyat öz axarıyla gedir… Şahmarın şəkli onun masasının üstündədir. Qara lent və qırmızı qərənfillərin əhatəsində. Redaksiya əməkdaşlarının hamsı qəmlidir. Dos-tanışlar hələ şokdadır. Bu, necə inanılmaz bir ölüm oldu.
Arabir redaksiyanın telefonu zəng çalır. Diksinirəm. Götürməyə əlim gəlmir. Hələ də onu soruşan var – Şahmar Əkbərzadənin: “Şahmar müəllimi olar?” Duruxuram. Handan-hana cavab verməli oluram: “Şahmar müəllim yoxdur”. Soruşurlar: “Bəs nə vaxt olacaq?” Mən nə deyim? Deyim ki, heç vaxt?.. Deyə bilmirəm. Susuram. Xəttin o başındakı adam sualı yenə təkrar edir. Mənsə yenə susuram. Görünür, müsahibim dilxor olur: “Şahmar müəllim bu gün işdə olacaq?!” Mənim səsimdən və sükutumdan şübhələnən müsahibim öz-özünə deyir: “Deyəsən, nəsə olub…”. “Olub” deyirəm, “ölüb” deyəmmirəm.
Şahmarın gur səsi qulağımdan getmir:
-Dədə, mənim uğaqlığımın, gəncliyimin çox hissəsi Şuşada keçib. Mən Şuşada texnikum bitirmişəm, orada müəllimlik təcrübəsi keçmişəm. Əgər Şuşa yerində olsaydı, yayın bu çırhacırında mənim bu şəhərdə nə işim vardı. Məni yandırır Şuşa…

Gündəlikdən sətirlər.
Şahmarın böyük sənətkarımız Bəxtiyar Vahabzadə və görkəmli alimimiz Nurəddin Rza ilə dostluğunun yaşı bir qərinədən çoxdur. Mən şahidi olmuşam ki, Şahmar öz dostları haqqında necə şövqlə, fəxrlə danışırdı.
Dəfndən sonar Nurəddin Rza ilə görüşüb söhbətləşirik.
-Nurəddin müəllim, Şahmarla bağlı xüsusi buraxılış hazırlayırıq. Bəlkə siz də öz dostunuzla bağlı nəsə yazasız.
Nurəddin müəllim dərindən köks ötürüb deyir:
- Mən Şahmar barədə böyük bir yazı ilə çıxış edəcəyəm. Mənə elə gəlir ki, o, lirikamızın Sabiri idi. Biz əvəzsiz bir şairi və insanı itirdik.
GÜL, AY ŞAHNAR...
Saralmış gündəlik vərəqlərində əyri-üyrü xəttlə yazılmış sətirlər diqqətimi cəlb edir:

Ömür- Tanrı göyərçini,
Uçar bir gün bil, ay Şahmar!
Göz yaşını dəsmalla yox,
Sən qılıncla sil, ay Şahmar.

Araz olub çağlayarsan...
Dərddən qurşaq bağlayarsan...
Sən güləndə ağlayırsan,
Ağlayanda gül, ay Şahmar.

Tale sənə ağıl verib,
Ömür adlı nağıl verib,
Nəvə verib, oğul verib,
Gəl şax dayan, gəl, ay Şahmar.

Dostla böldün son tikəni,
Sinən üstü-dərd əkini,
Mən bilirəm, sən çəkəni
Çəkə bilməz fil, ay Şahmar.

Firuz, sənin üzün haqda
Möhkəm dayan bərk ayaqda.
İzin qalsın bu torpaqda –
Nə usan, nə öl, ay Şahmar…

Bizim arabir Şahmarla “deyişmələrimiz, “şeirləşmələrimiz” olardı. Bu da onlardan biridir. Mən bu şeiri 1997-ci ilin oktyabrında, dostumun vəfatından iki-üç il öncə yazmışdım. Nəsə, nəzirəfason bir şeirdi. Təzədən oxuyub kövrəldim. Ötən anları xatırladım. Şeirin sonu iki variantda idi. Şahmar özü “El yolunda öl, ay Şahmar” – misrasını bəyənmişdi. Və əlavə edib demişdi: “Dədə, biz gəldi-gedərik, öləriyik. Qoy bizi biz öləndən sonra el soruşsun”. Amma mən dostumun nə vaxtsa öləcəyinə belə, inanmaq istəməzdim və buna görə də şeirdəki “alternativ variantı” saxladım:
İzin qalsın bu torpaqda
Nə usan, nə öl, ay Şahmar.
Sentyabr 2000-ci il

“MƏNİ ŞAH ELƏDİ HƏSRƏTƏ DÜNYA...”
Şahmar Əkbərzadənin vəfatından sonra bir müddət “Mədəniyyət” qəzetində Baş redaktor vəzifəsini icra edəsi oldum. Bir xeyli vaxt Şahmarın yazı masasının üstündə onun portreti və o portretin qarşısında təzə-tər güllər qalmaqda idi... Həmin vaxt kimlərsə haqqımda “xəbərçilik” məqsədilə Mədəniyyət Nazirliyinə məktub yazdı. Nazir Polad Bülbüloğlu məni kabinetinə dəvət etdi. Bir xeyli söhbət etdik. Məktubda mənim qəzetin səhifəsində daha çox sərt yazılara meydan verdiyim, habelə başqa bir təşkilatda da (yəni EA-da) işlədiyim vurğulanırdı. Mən elə həmin an ərizə yazıb çıxmaq istədiyimi bildirsəm də, Polad Bülbüloğlu etiraz etdi, qalıb işləməyimi arzuladığını bildirdi. Tezliklə başqa bir adam Baş redaktor təyin olundu. Mənsə bir müddət qəzetdə Baş redaktorun 1-ci müavini vəzifəsində çalışdım. Amma təzə təyin olunan adamın bir çox hərəkətləri məni təmin etmədiyinə görə, ərizə yazıb işdən çıxdım. Çıxmağımın səbəbi MN-nə təqdim etdiyim ərizədə göstərilmişdi. Nə isə...
...Şahmarla bağlı xatirələrim, qeydlərim burada başa çatır. Amma xoşbəxtlikdən dostumun vəfatından sonra da onun adı unudulmadı. Şeirlərinə maraq daha da artdı. Elçin İsgəndərzadənin təşəbbüsü ilə Beynəlxalq Şahmar Əkbərzadə mükafatı təsis edildi. Şairin adını daşıyan poeziya məclisi yaradıldı. Haqqında məqalələr yazıldı. Dostları ona şeirlər həsr etdilər, xatirələr qələmə alındı..
Budur, gündəliyimdə 2003-cü ilin aprel ayında qələmə alınmış qeydlərə baxıram. Şairin vəfatından üç il ötür. Şahmar Əkbərzadənin xatirəsi yad edilir.
“Cıdır düzü...” Amma bu, Şuşadakı Cıdır düzü deyil, Bakıdakı yaraşıqlı şadlıq saraylarından birinin adıdır.
Şeir məclisi...
Amma bu məclisdə “səbəbkarın” özü iştirak etmir...
Həmin gün dünyadan vaxtsız köçmüş şair dostum Şahmar anıldı. Onun xatirəsinə həsr edilmiş musiqili-ədəbi məclis “Xarı bülbülün nəğmələri” adlanırdı.
Amma xarı bülbül təkcə Şuşada olur. İndi Şuşa yad əllərdədir, deməli, xarı bülbül də əsir düşüb, yağı tapdağı altında əzilməkdədir.
Məclisdəki hər stolun üstündə iki qom bənövşə var. Mən istər-istəməz Şahmarın Azərbaycana həsr etdiyi kövrək misraları xatırlayıram:

Ölüm ayağının altında,
İtim ayağının altında.
Bir qom bənövşə olub
Bitim ayağının altında.

Qulağımda Şahmarın gur səsi əks-səda verir: “Dədə, qulaq as, təzə bir cızmaqaram var, oxuyun, fikrini de”. Artıq dediyim kimi, “Azərbaycan gəncləri” və “Mədəniyyət” qəzetlərində bir yerdə işlədiyimiz, bir otaqda əyləşib dərdləşdiyimiz günlərdə Şahmarın bir çox şeirlərinin ilk oxucusu olmuşam və arabir “deyişmələrmiz” də olub...
Şairə həsr olunmuş tədbirində çıxış edən natiqlər bir-birini əvəz edir, söz deyir, şeir söyləyir – amma mənim qulaqlarımda, beynimdə Şahmarın öz səsi əks-səda verir:

Allah, bu torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur.
Kəfən axtarmağa qohum-qardaşı,
Şivən qoparmağa anası yoxdur.

Məclisdə Şahmarın ömür-gün yoldaşı Mələk xanım, övladları, dostları, qohumları, oxucuları, pərəstişkarları iştirak edirdi. Tədbirin araya-ərsəyə gətirilməsində Elçin İsgəndərzadə və Tahir Aydının xüsusi rolunu qeyd etmək gərəkdir.
Yazıçı Aqil Abbas öz rəssam dostu tərəfindən çəkilmiş portreti Mələk xanıma bağışlayır. İri çərçivənin arasından sanki öz məclisinə baxir Şahmar. Halbuki o, heç bir çərçivəyə sığmazdı...
Gözlərim önündə təkrar-təkrar əziz dostumun nurlu çöhrəsi canlanır, onun dağ çayları kimi çoşqun səsini eşidir, dağ mehri kimi xəfif nəfəsini dinşəyirəm. Və bu anlarda onun dünya ilə həsb-halını xatırlayıram:

Şahmaram, qüdrətim şahmar olmadı,
Müşgüllər qarşımda naçar olmadı,
Zillətim zillətə düçar olmadı,
Tac qoydu içimdə zillətə dünya.

Bəli, həzin bir yaz günü “Cıdır düzünə” toplaşmışdıq – şeir-sənət məclisinə. Hamının ürəyində bir bahar arzusu puçurlamışdı: təki bu görüş Şuşada – Cıdır düzündə keçiriləydi... Onda Şahmarın da ruhu şah olardı...
Qulağımda Şahmarın gur səsi əks-səda verir:
“Məni şah elədi həsrətə dünya...”


Firuz Mustafa


2 dəfə oxundu

Axtarış