ŞAHNAZ ŞAHİN - ŞEİRLƏR
Müəllif: YAZARLAR.AZ


09.04.2021




ŞƏKİL ÇƏKİRƏM
Mən də bir cürə şairəm.
“Ah”la şəkil çəkirəm.
İnanmırsan gəl otur
Yoxla,şəkil çəkirəm..
****
Qoy qırağa kətanı,
Gey ruhuna butanı.
Ağrıyanda sağ yanım,
“Sol”la şəkil çəkirəm.
****
Bir az rəng qoy saçına,
Həmrəng olsun acına.
Bir söz qoy bəxt ucuna
Yolla,şəkil çəkirəm...
****
Hər yazılan söz deyil,
Hər görənə göz deyəm!..
Min üzü var dözməyin
Allah,şəkil çəkirəm...
****
Çıx işıqlı talaya,
Bax o müdrik qalaya.
Öd yalaya-yalaya
Odla şəkil çəkirəm!
****
Buraxdım qəmi getdi,
Azadlıq dəmi getdi..
Ürəyim məni satdı...
Baxma şəkil çəkirəm...


KİMSƏSİZ ÇÖLLƏRDƏN FİT SƏSİ GƏLİR
Duzu yuyulub getdi yağışla...
Şitləşdi bu gecə.
Əlinə alırsan sürüşüb düşür,
Yemək istəyirsən
çiydi bu gecə...
****
Ruhumu ürpərdir qurd ulartısı,
Yaxından,uzaqdan it səsi gəlir.
Yanımdan sürünüb gedən qatarın,
Kimsəsiz çöllərdən fit səsi gəlir.
****
Dolanıb qayıdır üstümə gecə,
Dayanıb elə bil qəsdimə gecə.
Nəfəsim havada quş tək uçuşur,
Bənzəyir yöndəmsiz bəstəyə gecə..
****
Allah,bu gecəyə yazığın gəlsin,
Allah,bu gecənin üzünə xoş bax..
Uzat qollarını al qucağına,
Bu dərdin içindən salamat çıxar..
****
Allah, mən kiməm ki,bir qarışqanın
Ovcunun içinə batır bu gecə.
Bir qadın ömrünü gorov götürüb,
Bir şair başını qatır bu gecə...


HAVAYA OYNAYAN QADIN
Ilahi,bir hava göndər,
Havaya oynayır bu qadın.
Yel vurur əsir ətəyi,
Davaya oynayır bu qadın.
****
Üzündən şəkli sürüşüb,
Ayaqlarından yerişi.
Ovcundan tikəsi düşüb,
Bəbəklərindən baxışı..
****
İzn ver əlini tutsun,
İzn ver oxşasın səni.
O ki,çoxdan unudub
Cavanlıq hikkəsinbi..
****
Soruş,adını da bilmir,
Soruş,gör haçandan gülmür..
Soruş gör kim öldürüb axı,
Qadınlar ölümlə ölmür..!
****
Oxşa bəyaz tellərini,
Bəlkə dərdi dağılar.
Bir gün tapıb səadəti
O yenidən doğular...

XATİRƏ AXTARIŞI
Bu dünyada heç nə təzə qalmır..
Köhnəlir əyin-başın kimi
görkəmin də..
İşıqlarını söndürüb
enir yerə xəyalların,
Dua kimi qalxır göyə ahın..
İçindən qurd tapırsan
Bakirə arzuların...
Tıxanır boğazına
Bircə parça ümidin,
nə uda,nə də tüpürə bilirsən..
Yoldan keçənlər baxıb
elə köksünü ötürür.
Yanır dəli qürurun..
Eşib kül topasını xatırə axtarırsan...


TAPMACA
Məni bənd-bənd elə sonra
Gəl aç tapmaca-tapmaca.
Dər-divanə olan dərdə
Əlac tapmaca-tapmaca.
****
Külək yenə dən sovurur,
Ruhu ruha tən sovurur.
Yenə nə tapıb sevinir,
Bu ac tapmaca,tapmaca..
****
Yeni-yeni divlər doğur,
Söylə cırtdanlar qalırmı..
Şeytan gəlin aparırmı
De heç tapmaca-tapmaca..?
****
Son da sona çatmaq deyil,
Sevmək,qəlbə yatmaq deyil?!
Bu insan yaratmaq deyil-
Allah,..
Tapmaca..,tapmaca...

OTURUM BİR ŞEİR YAZIM
Əriyib axdı ağrılar,
Qışa qələbə çaldı yaz..
Görüb cuşa gəldi könül.
Naz üstünə qalandı naz-
Oturum bir şeir yazım...
****
Qayıdıb gəldi qaranquş,
Sevindi yurdu,yuvası...
Açıb sapsarı ağzını
Görüm nə deyir balaquş..-
Oturum bir şeir yazım..
****
Keçim şehli biçənəkdən,
Ot üstə düşsün təzə iz.
Tutsun tumurcuq-tumurcuq.
Qoy çatlasın ürək söz-söz..-
Oturum bir şeir yazım...
****
Fəsillərin tacı bahar,
Bayramların şahı Novruz.
Çöldə utancaq Laləyə.
Könül açsın sədəfli saz-
Oturum bir şeir yazım..
****
Hələ əsirdi Qarabağ,
Qan qoxur gülü-çiçəyi..
Qoy səngəri masam olsun
Bir daşı altıma çəkim-
Oturum bir şeir yazım...
Oturum bir şeir yazım!

ƏN UZUN AYRILIQ
....Axır məni stacaq gözlərim..
Uzaqdan behişti vəd edən baxışların
Cəhənnəm yağdırır indi...
Surətin göy üzünün nəfəsini təntidir!
....Bilirsən,hələ də düşünürəm
kədər ən böyük müəllimdir...
Əminəm ki,ən uzun ayrılıqdır
sevgi...
Ən qısa yoludur məhəbbətin
vüsal...

DÜNYA DAĞILA BİLƏR...
Bir azca uzaq düşür,
Dərdlər daşımır bizi.
Gecənin bir aləmi
Balaca komamıza
Dərdlər ağappaq düşür..
****
Düşür dərdi dizəcən...
Çatarammı yazacan?
Boylanıb ulduzlara
Indi ha say yüzəcən..-
Yerə son yarpaq düşür!..
****
Yayda qar yağa bilər..!
Gecə Gün doğa bilər..!
Mininci mərtəbədən
Atıb özünü yerə-...
Dünya dağıla bilər...
Amma,
sappasağ düşür....
Müəllif: Şahnaz Şahin


YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

1 dəfə oxundu

Axtarış