Salam, payız! - Aytac İbrahim
Müəllif: YAZARLAR.AZ


27.11.2021


SALAM, PAYIZ!
Salam, payız!
Yenə bizə xoş gəlmisən!
İstin yoxdur,
Soyuqlarla bol gəlmisən!
Mənə danış,
Sarı, ölmüş yarpaqlardan.
Xəzəl olub,
Ayaq altda qalanlardan.
Külək vurub,
Sındırılmış budaqlardan,
Canı yanmış,
Tənha qalan qadınlardan!
Danış mənə, şairlərdən,
Gecəyarı sərxoş olub,
Yuxarıya deyənlərdən.
Əcəl olub yuvamızda,
Şirin-şirin gülənlərdən!
Söylə mənə kimliklərdən,
Beş köpüklük mütilərdən!
Səsin yoxdur, a payız,
Bilirəm ki, gəlməyəcək.
Sənə yazdım gördüyümdən,
Ölə-ölə, bilə-bilə
Damarıma gömdüyümdən...
Di gəl, payız,
Ağrın alım...
Onsuz sən də gedəcəksən!
Salamat ol, qal hələlik
Bir gün sən də bezəcəksən...

ƏZİZİM
Daha yazılmır, əzizim,
o çiçəkli, böcəkli şeirlər ...
Daha göylər də ağlamır,
quruyur həyətimizdəki güllər.
Mürəkkəb əvəzinə qan axır,
tökülür asta-asta mərmilər..
Söz deməyə dil axtarır,
bir busəyə ad axtarır.
Xoş görməyə göz axtarır,
ölür burda nakam şeirlər...
Yarısı yazılır, başdan pozulur
cırılıb atılır, qələm yorulur.
Hisslər donur, qəm sovrulur
doğulmadan ölür körpə şeirlər....
Kimlər ölmür ki, gün işığım,
kimlər getmir ki, bircəciyim ...
Hamı gedir, sən getmə,
Hamı bitir, sən bitmə
Hamı ölür, sən ölmə...
Qoy sağalmasın şairlər,
Heç tükənməsin şeirlər...

KİM
İndi kimsəsizəm,bir az da cəllad,
İçimdəki fəryadı boğmağım gəlir.
Gözlərim kövrəlib,damlalar durğun,
Çıxıb hər kəsimdən getməyim gəlir.
* * *
Əllərim boş qalıb,gözlərim sərxoş,
Güzgüdən əksimə gülməyim gəlir.
Nə pismiş fələyin qisas oyunu,
Torpaqla qol-boyun yatmağım gəlir.

ELƏ BİL Kİ...
Elə bil ki,
Milyon ilin ölüsü uyuyub içimdə,
Paltarlarım təptəzə, asılqandan asılmış
Geyinməyim yox,
Nemətlər düzülmüş sıra ilə önümdə,
Yeyib-içməyim yox.
Ayaqqablarım gəzilməyə hazır,
Düz pilləkənin dibində,
Getməyim yox.
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.
* * *
Hardan gəlib tapdı məni bu mirət
Tank kimi üstündən keçdi ömrümün
İliklərimə qatışıb, qandı bu mirət
Axır ki sonuna çıxdı ömrümün.
* * *
Tənhalığın ipin çəkdim, atdım ocağa
Ki bəlkə şadlığımı mənə qaytara
Bəlkə sıxıntıdan yaxam qurtara
Döndüm ki,çarə yox, döz, a bəxti qara!
* * *
Yarımadım dostumdan,nə tanışımdan
Bezmişəm dünyanın pis axışından.
Hər kəsimin yerinə utanıram yaşımdan
Neçə zillət çəkmiş bu səbirsiz başımdan.
* * *
Gəl,
Gəl dəymə bu bəndənin xətrinə
Səndən ömür istəmirəm,gün istəmirəm
Bircə harayına yetiş duamın
Ruhumdan nigaranam,
Qaytar onu özümə, Allah.
Müəllif: Aytac İBRAHİM


YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış