ŞƏHİDLƏR- ƏSGƏR ORDUBADLI
Müəllif: YAZARLAR.AZ


30.10.2021


Tarix yazan qəhrəmanım

(Ölməz şəhidimiz Abdullayev İntiqamın əziz xatirəsinə)

Tarix yazan qəhrəmanım
Tarixini yazıb gəlir.
"Köçkün" adın, "qaçqın" adın
Adımızdan pozub gəlir.
* * *
Milyonların sevgisindən,
inamından güc alıb o.
Ucalardan uca olan
Pak məqama ucalıb o.
* * *
O can verib, O qan verib
Qoy yaşasın ana torpaq.
Ana torpaq yaşadıqca
Öz oğlun da yaşadacaq!
* * *
Yox, İntiqam ölməmisən
Ürəklərdə adın sağdır.
Şəhidliyə ucalanlar
Daima sağ qalacaqdır!

Qürurla oxu

(Ölməz qəhrəman şəhidimiz Xudayar Yusifzadənin doğma vətən torpağında oxuduğu nəğmədən təsirlənərək)

Oxu, mərd döyüşçüm, qürurla oxu!
Ana vətən gur səsini eşitsin.
Vətənin yol çəkən aranı, dağı
Qoy Xudayar nəğməsini eşitsin.
* * *
Bitsin bu gün həsrət adlı dünənin.
Yadın deyil, bu mənimdir, bu sənin.
Xəbər yayın hər yanına vətənin
Öz oğlunun gəlməsini eşitsin.
* * *
Yağı düşmən qaça bilməz əlindən.
Hamımıza əziz olan bu vətən
Sizin kimi oğulların dilindən
"Sən azadsan! " kəlməsini eşitsin.

Qəhrəman oğlum

(Ana vətənin dilindən qəhraman şəhidimiz Qənbərli Vüsal İlkin oğlunun əziz xatirəsinə)

Uyu məzarında nurlar içində
Ey vətən sevdalı qəhrəman oğlum.
Xalqın ürəyində, xalqın dilində
Adın yaşayacaq hər zaman, oğlum.
* * *
Tarix oxumadın, yazdın bir başa.
Yeni həyat verdin torpağa, daşa.
Dedin:- Azərbaycan müstəqil yaşa!
Ey vətən eşqindən yaranan oğlum.
* * *
Düşmənin başına odlar ələdin.
Məhv etdin yağını, qana bələdin.
Yalandan vətənə canım demədin,
Sən onun yolunda verdin can, oğlum.
Müəllif, Əsgər ORDUBADLI
YAZARLAR.AZ və BİTİK.AZ

4 dəfə oxundu

Axtarış