Sona Abbasəliqızı - NOVRUZ OVQATI
Müəllif: YAZARLAR.AZ


21.03.2021



(NƏĞMƏ)
Könlü çiçəkləyir dağın, dərənin,
Üzündən nur yağır hər mənzərənin.
Gözü gülümsəyir xatirələrin,
Döyür qapıları Novruz bayramı.
* * *
Quş tək qanadlanır arzum, xəyalım,
Silinir ürəkdən dərdim, məlalım.
Bəzənir sevgiylə cahi-cəlalım,
Döyür qapıları Novruz bayramı.
* * *
Gözəl süfrələrdə alışır şamlar,
Ulduz tonqalına dönür axşamlar.
Gülür xonça-xonça toylar, nişanlar,
Döyür qapıları Novruz bayramı.
* * *
Bahar məhəbbətlə açıb qucağın,
Yaşıllıq bəzəyir sevgi ocağın.
Burda ləzzəti var sevdalı çağın,
Döyür qapıları Novruz bayramı.
* * *
Səpilir ocağa şirin nağıllar,
Dinləyir sevgiylə qızlar, oğullar.
Sevinc köynəyini geyinir yollar,
Döyür qapıları Novruz bayramı.
Müəllif: Sona Abbasəliqızı

4 dəfə oxundu

Axtarış